Gözəl İslam / Qədir gecəsi haqqında

Qədir gecəsi haqqında

Sual: Qədir gecəsinin əhəmiyyəti nədir?
CAVAB
Ramazanı-şərif ayı içərisində olan ən qiymətli gecədir. Bəzi alimlərə görə, Mövlud gecəsindən sonra ən qiymətli gecədir. Qədir gecəsi, bu ümmətə məxsusdur. Başqa peyğəmbərlərə belə fəzilətli bir gecə bəxş edilməmişdi. Bir hədisi-şərif məalı belədir:
Allahü təala, Qədir gecəsini ümmətimə hədiyyə etdi, başqa ümmətə vermədi.” [Dəyləmi]

Rəsulullaha “sallallahü aleyhi və səlləm”, özündən əvvəlki insanların ömürlərinin nə qədər olduğu bildirildikdə, öz ümmətinin ömürlərinin qısa olduğunu gördü. Uzun ömürlü olan digərlərinin işlədikləri saleh əməlləri edə bilməyəcəklərini düşündükdə, Allahü təala ona min aydan xeyirli olan Qədir gecəsini ehsan etdi. Allahü təala, “Qədir gecəsi sənin və ümmətinindir” buyurub, Həbibini fərəhləndirdi. (İ. Malik)

Rəsulullah əfəndimiz, “Bəni İsrail peyğəmbərlərindən 80 il davamlı ibadət edən olmuşdu” buyurduqda, Əshabı-kiram heyrətləndi. Cəbrayıl əleyhissalam gəlib, “Ya Rəsulallah, ümmətin o peyğəmbərlərin, [digər işlərdən başqa] 80 il davamlı ibadət etməsinə təəccüblənirlər. Allah sənə ondan yaxşısını verdi” deyərək, “Qədir gecəsi, min aydan xeyirlidir” məalındakı ayəni oxudu. (Rıyadün-nasıhin)

Baliğ olaraq 50 il yaşayan insan, 50 dəfə Qədir gecəsi keçirir. Bir gecə, 80 il dəyərində olduqda, 50x80=4000 il edir. 4 min il ibadət etmiş kimi savaba qovuşur. Qədir gecəsi haqqındakı hədisi-şəriflərdə buyuruldu ki:
“Dörd gecənin gündüzü də gecəsi kimi fəzilətlidir. Allahü təala, o günlərdə dua edənin istəyini geri çevirməz, onları məğfirət edər və onlar bu günlərdə bol ehsana nail olarlar. Bunlar, Qədir gecəsi, Ərəfə gecəsi, Bərat gecəsi, Cümə gecəsi və günləridir.” [Dəyləmi]

“Savabını Allahdan umaraq, Qədir gecəsini əhya edənin keçmiş günahları əfv olar.” [Buxari]

“Qədir gecəsində, bir dəfə Qədir surəsini oxumaq, başqa zamanda Qurani-kərimi xətm etməkdən daha savabdır. Qədir gecəsində bir Sübhanallah, bir Əlhamdülillah, bir La ilahə illallah söyləmək 700 min təsbeh, təhmid və təhlildən qiymətlidir. Bu gecə qoyun sağımı müddəti qədər [az bir zaman] namaz qılmaq, ibadət etmək, bir ay bütün gecələri səhərə qədər ibadət etməkdən daha qiymətlidir.” [Təfsiri-Muqni]

“Qədir gecəsi üç dəfə “La ilahə illallah” söyləyən müsəlmanın, birincisində bütün günahları bağışlanar. İkincisində Cəhənnəmdən qurtular, üçüncüsündə Cənnətə girər.” [Təfsiri- Muqni]

Rəsulullah, Qədir gecəsində, “Allahümmə innəkə afüvvün kərimün tühıbbül afvə fa-fü anni” duasını oxuyardı. “Ya Rəbb, Sən əfv edənsən, kərimsən, əfvi sevirsən, məni də əfv et” deməkdir.

Ramazan ayının 27-ci gecəsi
Sual: Qədir gecəsinin 27-ci gecə olduğu dəqiqdirmi?
CAVAB
Xeyr, dəqiq deyildir. Qədir gecəsi Ramazan ayı içərisindədir. Qədir gecəsinin hansı gecə olduğu, dəqiq bilinmir. Alimlərimiz, “Allahü təala, rizasını taətdə, qəzəbini günahlarda, orta namazı beş vaxt namazda, övliyasını xalq arasında, Qədir gecəsini Ramazan ayı içərisində gizləmişdir” buyururlar.

O halda, Allahü təalanın rizasına nail olmaq üçün, heç bir yaxşılığı kiçik görməməliyik! Qəzəbi günahlar içində gizli olduğu üçün heç bir günahı kiçik görməməli, orta namazı ötürməmək üçün beş vaxt namazı vaxtında qılmalı, övliya zalq arasında gizli olduğu üçün hər kəsə yaxşı davranmalıyıq. Hər gələni Xızır, hər gecəni Qədir bilməliyik.

Ramazanı-şərif ayının 27-ci gecəsini əhya etmək çox savabdır. Bir neçə hədisi-şərif məalı belədir:
“Qədir gecəsini Ramazanın son on günündə axtarın!” [Müslim]

“Qədir gecəsini, Ramazanın son on gününün 21, 23, 25, 27 və 29 kimi tək gecələrində və ya Ramazanın son gecəsində axtarın! Savabını umaraq Qədir gecəsini ibadətlə keçirənin günahları əfv olar.” [İ. Əhməd]

“Qədir gecəsi Ramazanın 27-ci gecəsidir.” [Əbu Davud]

İmam Azam həzrətləri, Qədir gecəsinin, Ramazanın 27-ci gecəsinə çox təsadüf etdiyini bildirmişdir. “Qədir gecəsinə təsadüf etmiş bir gecəni əhya edən, Qədir gecəsini əhya etmiş kimi savab qazanır” hədisi-şərifini düşünərək, tez-tez vaqe olan 27-ci gecə əhya edilərsə, o gecə Qədir gecəsi olmasa belə, böyük savaba qovuşular. Qədir gecəsini soruşan bir şəxsə, Peyğəmbər əfəndimiz, “Bu il Qədir gecəsi Ramazanın ilk gecəsi idi, artıq keçdi. 27-ci gecəni əhya et! Ramazanın 27-ci gecəsini əhya edənə, bədənindəki tük sayı qədər, həcc, ümrə, şəhid və qazi savabı verilər” buyurdu. Başqa birinə də, “Bu il Qədir gecəsi keçdi, ancaq Ramazanın 27-ci gecəsini əhya et! Qədir gecəsi savabına qovuşarsan. Şəfaətdən nəsibsiz qalmazsan” buyurdu. Həzrəti Aişə validəmizə də, “13-cü gecə idi, keçdi. Qədir gecəsini ötürdünsə, 27-ci gecəyə qovuşarsan. O gecəni əhya etsən, axirət səfəri üçün azıq kimi, o gecəki ibadət sənə yetər” buyurdu. Həzrəti Aişə validəmiz də, “Rəsulullah, Ramazanın son on günündə çox ibadət edərdi” buyurur. [V. Nəcat]

Mübarək vaxtlarda, günahlardan titizliklə uzaq durmalı, taətləri, ibadətləri və hər növ xeyriyyəni artırmalıyıq. Çünki Allahü təala, tərəfindən sevilən kimsə, fəzilətli vaxtlarda fəzilətli əməllərlə məşğul olur. Buğz etdiyi(qəzəbləndiyi) qul isə fəzilətli vaxtlarda pis işlərlə məşğul olur. Pis işlərlə məşğul olanın bu hərəkəti əzabının daha şiddətli olmasına və Allahü təalanın, ona daha çox buğz etməsinə səbəb olur. Çünki o, belə etməklə vaxtın bərəkətindən məhrum qalır, onun hörmət və şərəfini tapdalamış olur.

Bu gecəni əhya etmək üçün elm öyrənməli, məsələn, elmihal oxumalı, qəza namazı qılmalı, Qurani-kərim oxumalı, dua, tövbə etməli, sədəqə verməli, Müsəlmanları sevindirməli, bunların savablarını ölü-diri bütün möminlərə göndərməliyik! Qədir gecəsini əhya edənin, Ramazan orucunu tutanın, həcci qəbul olanın, bütün günahları əfv olsa da, namaz, oruc və qul borcları ödənmiş sayılmaz. Bunları qəza edərək, ödəyərək borcdan qurtulmaq lazımdır.

Min aydan fəzilətli, nə qədər qədri uca!
Saysız günahkar qul, əfvə gedər bu gecə.


Sual: Qədir gecəsində bir günlük qəza namazı qılanın min aylıq qəza namazı borcunun ödənəcəyini deyirlər. Heç namaz qılmayıb sadəcə Ramazanda hər gecə bir günlük qəza qılan, Qədir gecəsinə təsadüf edə bilər. Min aylıq [83 illik] namaz borcu ödənmiş olacaqmı?
CAVAB
Merac gecəsində yüz rükət nafilə namaz qılanın bütün namaz borclarının ödənəcəyini də deyirlər. Mötəbər kitablardan nəql edilməzsə, belə böyük xətalara düşmək olar. Hədisi-şərifdə də buyuruldu ki:
“Qəbul olan həcc, keçmiş günahları yox edər.” [Bəyhəki]

Qədir gecəsini əhya edənin, Ramazan orucunu tutanın, həcci qəbul olanın, bütün günahları əfv olsa da, namaz, oruc və qul borcları ödənmiş olmaz. Bunları qəza edərək, ödəyərək borcdan qurtulmaq lazımdır. (Hadika)

Günahların əfv olması üçün Əhli-sünnət etiqadına sahib olmaq, bidət işləməmək lazımdır. Bu gecəni əhya üçün qəza namazı qılmalı, Qurani-kərim oxumalı, dua, tövbə etməli, sədəqə verməli, müsəlmanları sevindirməli, bunların savablarını ölü-diri bütün müsəlmanlara göndərməliyik!

Sual: Qədir gecəsinin əlamətləri nələrdir? Xüsusilə də, Qədir gecəsinə təsadüf etmək üçün Ramazanın gecələrini necə dəyərləndirməliyik?
CAVAB
Ramazanın hər gecəsini Qədir gecəsi bilərək əməl edilsə, Qədir gecəsinə təsadüf etmək olar. Hər gün ən az bunları etmək lazımdır:
1- Gecə hər hansı bir namaz qılarkən zammı-surə olaraq və ya namaz xaricində Qədir surəsini oxumalı.
2- Bu duanı oxumalı: “Allahümmə innəkə afüvvün kərimün tühıbbül afvə fa-fü anni.”
3- Bir neçə səhifə Qurani-kərim oxumalı(orginal ərəbcədən).
4- Elmihaldan bir neçə səhifə oxumalı.
5- Az da olsa İslamiyyəti doğru yayan qurumlara yardım göstərməli və ya sədəqə verməli.
6- Gecə səhər vaxtı, iki rükət namaz qılıb, silsiləyi-aliyyəni oxuyaraq, o alimlərin hörmətinə dua etməli.
7- Gündüzü də gecəsi kimi qiymətli olduğu üçün gündüzləri də dəyərləndirilməlidir.

Qədir gecəsinin əlamətləri
Qədir gecəsi, açıq və sakit olur, nə isti, nə də soyuq olur. Ertəsi səhər günəş, qırmızı olub, şüasız doğulur. Qədir gecəsində it səsi eşidilməz deyən alimlər də olmuşdu. Ubeyd ibn Ömər həzrətləri rəvayət edir: Qədir gecəsi dənizdə idim, dənizin suyunu içdim, duzlu deyildi, şirin və xoş idi.
Hədisi-şəriflərdə buyurulur ki:
“Qədir gecəsi açıq və mülayim olur. Soyuq və isti olmur, səhərində də günəş zəif və qırmızı olaraq çıxar.” [Tabərani]

“Qədir gecəsi hava açıq olur, isti və soyuq olmur. Bulud olmur. Yağış və külək olmur. O gecənin səhərinin əlaməti, günəşin şüasız çıxmasıdır.” [Tabərani]

“Qədir gecəsi səhəri günəş şüasız çıxar. Yüksələnə qədər sanki böyük bir boşqab kimi olur.” [Müslim]

Sual: Qurani-kərimin Qədir gecəsində endirildiyi Qədir surəsində bildirilir. İndi, bu gecə niyə hər il eyni günə düşmür ki, Ramazan ayı içərisində fərqli günlərə düşür? Niyə həmişə eyni gecə olmur? Məsələn, Qurani-kərimin endirilməyə başlanması, Ramazanın 26-sını 27-nə bağlayan gecə vaqe oldusa, Qədir gecəsinin həmişə bu gecə olması gərəkməzmi? Bir də qəməri aylar da belədir. Ramazan yaya düşdüyü kimi, qışa da düşür. Niyə həmişə eyni vaxtda olmur ilin bütün aylarını dövr edir?
CAVAB
Biri digərindən fərqli sualdır. Allahü təala, qəməri [göydəki ayı] bütün ili dövr edəcək şəkildə yaratmışdır. Qəməri il 354 gündür. Şəmsi ilə görə 10 və ya 11 gün azdır. Ona görə, hər il qəməri ay, 10 gün əvvəl gəlir. Beləliklə, bütün ilin aylarını dövr edir. Allahü təala belə istəmişdir. Ramazan orucu, beləcə ilin ən uzun və ən qısa, ən soyuq və ən isti günlərinə düşür.

İslamiyyət, bir bölgəyə deyil, bütün dünyaya gəlmişdir. Hər coğrafiyadakı, hər mövsümdəki insanlara xitab edir. İsti və soyuq ölkələr var. Gündüzləri və ya gecələri qısa və uzun yerlər var. Hamısı üçün tək və eyni tarix olsaydı müsəlmanların işi çətin olardı. Bunun kimi daha bir çox hikməti ola bilər.

Allahü təala, Qədir gecəsini gizləyir, yəni Ramazan ayının müxtəlif günlərinə qoyur. Bu il Ramazanın birinə qoysa gələn il Ramazanın yeddisinə qoya bilər, Qədir gecəsi o gecə olar. Digər gecələr kimi filan ayın müəyyən bir günü etməyərək, bu gecəni gizləmişdir. Bu gecənin aylarla əlaqəsi yox, gecə ilə əlaqəsi vardır. Qədir gecəsi Ramazanın 27-ci gecəsində Qurani-kərim enmiş, bu il də Qədir gecəsi Ramazanın üçünə keçirilmiş ola bilər. Deməli, bu mübarək gecə Ramazanın üçünə düşdü. Ay məfhumundan uzaqlaşmaq lazımdır. Digər gecələr ayla əlaqəlidir, amma Qədir gecəsi ayla deyil, gecə ilə əlaqəlidir. Allahü təala diləsəydi hər aya birini qoyardı və hər ayda Qədir gecəsi ola bilərdi. Qurani-kərimin endiyi bu gecəni də hər ay qeyd edərdik.

İlk dəfə Qurani-kərimin nazil olduğu gecənin xüsusiyyətini, fəzilətini və bərəkətini Allahü təala hər il başqa bir gecəyə verir. Yəni hər il fərqli bir gecənin o qiymət və fəziləti daşımasını iradə buyurur. Qurani-kərimin nazil olduğu o mübarək gecənin hər ilki dövriyyəsində eyni gecənin o fəziləti daşımasını lazım bilmir. Başqa bir gecə o fəziləti daşıya bilər.

Qədir gecəsi nə vaxtdır?
Sual:
 İmam Şarani həzrətlərinə görə, Qədir gecəsi hansı günə təsadüf edir?

CAVAB
İmam Şarani həzrətləri, öz kəşfini bildirmişdir: “Ramazan, bazar günü başlayarsa, Qədir gecəsi 29-cu gecədir. Çərşənbə axşamı başlayarsa 27-ci gecə, Cümə axşamı başlayarsa 25-ci, Şənbə günü başlayarsa 23-cü, Bazar ertəsi başlayarsa 21-ci, Çərşəmbə başlayarsa 19-cu, Cümə başlayarsa 17-ci gecədir” buyurmuşdur.

Əbül Həsən Harkani həzrətləri də buyurur ki: Həddi büluğa çatdığımdan bəri Qədir gecəsini heç ötürmədim. Ramazan ayının ilk günü Bazar günü başladığında, Qədir gecəsi 29-cu gecə olurdu. Bazar ertəsi günü başladığında, 21-ci gecə olurdu. Çərşənbə axşamı başladığında, 27-ci gecə, Çərşəmbə günü başladığında, 19-cu gecə, Cümə axşamı başladığında, 25-ci gecə, Cümə günü başladığında, 17-ci gecə, Şənbə günü başladığında, 23-cü gecə olurdu. (Mişkatül-ənvar, Şiratül-İslam)

Göründüyü kimi, iki böyük alim də, eyni şeyi kəşflərilə bildirirlər.

Qədir gecəsini necə əhya etməliyik?
Hikmət əhli, Qədir gecəsi haqqında buyurur ki:

Qurani-kərim Lövhi-məhfuza, Bərat gecəsində bir dəfədə enmişdir. Lövhi-məhfuz 7-ci qat səmada, Cənnət 6-cı qat səmadadır. 1-ci qat səmaya Qədir gecəsi enməyə başladı. 20 ildə endi. İlk “İkra” ayəsi ilə 23 il sürdü. İlk ayəti-kərimədən sonra 3 il ayə gəlmədi.

Bu gecə bütün möminlər əfv olur, yalnız bu beş sinif insan əfv olmaz:
1- Falçılar, kahinlər, ulduznamə kimi kitablara baxıb gələcəkdən xəbər verənlər;
2- Cadu edənlər və etdirənlər;
3- Ana-ataya asi olanlar;
4- Alkoqollu içkiyə davam edənlər;
5- Zina edənlər, naməhrəm qadınlarla oturub-duranlar.

Bunlardan, yalnız bu günahına tövbə edənlər əfv olur.

Bir Ramazanı-şərif daha gəldi və keçir. Qədir gecəsi bir fürsətdir, onu yaxşı dəyərləndirmək lazımdır. Hənəfi məzhəbində bir gecəni əhya etməyin ən yaxşı yolu, elm öyrənməkdir, yəni elmihalı oxumaqdır. İkinci önəmli cəhət də, bu gecədə günah işləməməkdir.

Bir kimsə Qədir gecəsini ibadətlə keçirərsə qəlbi ölməz və o gecəni əhya edəni Allahü təala əfv edər. Qədir gecəsində və gündüzündə çox ibadət etməliyik, çünki gündüzündə olan ibadətə də gecə edilmiş kimi savab verilir. Bu gecənin, Ramazanı-şərifdə olduğu dəqiqdir. Bunu Allahü təala bu ayda gizləmişdir və hər il dəyişir. Qüvvətli ehtimal, 20-sindən sonradır. Gizlənməsində məqsəd də, sadəcə o gecə deyil, bütün ay ibadət edilməsi üçündür. Bu gecə belə dua edilməlidir:
  Ya Rəbb, Sən bizi şeytan şərindən, düşmənin şərindən və nəfsi-əmmarəmizin şərindən mühafizə eylə, evlərimizə yaxşılıq ver, halal və xeyirli ruzilər ehsan eylə. Xəstələrimizə şəfa, dərdli olanlarımıza dəva, borclularımıza əda ehsan eylə. Bizi Cümə gününün və Qədir gecəsinin şəfaətinə, bərəkətinə nail eylə. Cümə günü və Qədir gecəsi hörmətinə günahlarımızı bağışla, Cənnətdə də Cəmalınla müşərrəf eylə, qüsurlarımızı əfv et!

Rəsulullah əfəndimiz, Qədir gecəsində, “Allahümmə innəkə afüvvün kərimün tühıbbül afvə fa-fü anni” duasını da çox oxuyardı. “Ya Rəbb, Sən bağışlayansan, kərimsən, əfvi sevirsən, məni də əfv et” deməkdir. Bu gecə Qədir surəsi və Qurani-kərim də oxunmalıdır. “Qədir gecəsinə təsadüf edən bir gecəni əhya edən, Qədir gecəsini əhya etmiş kimi savab qazanır” hədisi- şərifini düşünərək, tez-tez təsadüf edilən 27-ci gecə əhya edilərsə, o gecə Qədir gecəsi olmasa belə, böyük savaba qovuşmaq olar.

Qədir gecəsi
Sual: Qədir gecəsi, nə üçün dəyərlidir, qiymətlidir, digər gecələrdən fərqi, özəlliyi nədir?
Cavab:
 Qiymətsiz, dəyəri olmayan bir şey, qiymətli bir kimsənin verməsi ilə dəyərli olur. Qədir gecəsi bütün gecələr kimi bir gecə olmasına baxmayaraq, Allahü təala qiymət verdiyi üçün min aydan daha qiymətli olmuşdur. Belə ki, Qədir surəsində məalən;

“Biz Quranı sənə Qədir gecəsində endirdik. Qədir gecəsi min aydan daha xeyirlidir” buyurulmuşdur.

Qurani-kərim, Ramazanda endi. Qədir gecəsi, bu aydadır. Qurani- kərimdə bütün üstünlüklər vardır. Bu ayda da, o üstünlüklərdən əmələ gələn bütün yaxşılıqlar yer almaqdadır. Bu bağlılıqdan ötrü, Qurani-kərim bu ayda nazil oldu. Bəqərə surəsinin 185-ci ayəsində məalən;
“Qurani-kərim, Ramazan ayında endirildi” buyuruldu. Qədir gecəsi bu aydadır. Bu ayın özüdür. Qədir gecəsi, çəyirdəyin içi kimidir. Ramazan ayı da, qabığı kimidir. Buna görə, bir kimsə, bu ayı hörmətlə, yaxşı keçirərək bu ayın yaxşılıqlarına, bərəkətlərinə qovuşarsa, bu ili yaxşı keçirərək, xeyirli və bərəkətli olar. Allahü təala, hamımızı bu mübarək ayın yaxşılıqlarına, bərəkətlərinə qovuşdursun.

Qədir gecəsi – Ramazanı-şərif ayı içərisində olan bir gecədir. İmam Şafii həzrətləri 17-ci, İmam Azam Əbu Hənifə həzrətləri isə, 27-ci gecəsi olması çox vaqe olur, buyurmuşlar. İyirmi ilə otuzuncu gecələri arasında axtarın, deyildi. Qurani-kərimdə təriflənən ən qiymətli gecədir. Qurani-kərim, Rəsulullah əfəndimizə bu gecə gəlməyə başladı. “Ravdatül-üləma” kitabında, Qədir gecəsinin fəziləti izah edilərkən qeyd olunur ki:
“Allahü təala, Muhamməd əleyhissalamın ümmətinə Ramazan ayında beş şey verir ki, onlardan başqa heç kimə verməmişdir. Beş şeydən beşincisi - Allahü təala, onlara Qədir gecəsini verir. Hətta əgər bir kimsə, o gecədə Allahü təalaya ibadət etsə, günahlarını əfv edər. O gecədə Cəhənnəmdən azad olar. O gecədə bütün Ramazan ayı müddətində azad olanlar qədər mömin azad olar.”

Bu gecəni, Qurani-kərim oxuyaraq, təravih və qəza namazı qılaraq, istiğfar edərək keçirməli, axirətə gedən yaxınlarımızı da xatırlayaraq onlara da dua etməliyik. Peyğəmbər əfəndimizin həzrəti Aişə validəmizə tövsiyə etdiyi bu duanı da çox oxumaq lazımdır:
“Allahümmə innəkə afüvvün kərimün tühıbbül afvə fa-fü anni.”

8-05-2021, 16:30
Geri