Gözəl İslam / Qulluq belə olar

Qulluq belə olar

Bölgəsində sevilən-sayılan bir Mürşidi-kamilin yüzlərlə tələbəsi vardı, onları yetişdirirdi. Tələbələrindən bəziləri övliyalıq məqamında yüksəlib, Lövhi-Mahfuzu görməyə başlamışlar. Qəribə olan da bu idi ki, Lövhi-Mahfuzu görən tələbə, bu Mürşidi-kamildən bir bəhanə ilə uzaqlaşırdı. O mübarək şəxs də onlara heç bir şey demirdi. [İnsanların başına gələcək hadisələr, doğulacaqları, öləcəkləri və nə iş edəcəkləri kimi bütün məlumatlar Lövhi-Mahfuz deyilən bir kitabdadır.]

Qalan tələbələrdən biri də bu dərəcəyə yüksəlmiş, Lövhi-mahfuzu görməyə başlamışdı, amma müəllimini tərk etmədi. Ancaq əvvəlki sevinci getmiş, həmişə kədərli görünürdü. Bir gün müəllimiylə yalnız ikən, müəllimi, kədərinin səbəbini soruşdu. Tələbə susdu. Bunun üzərinə müəllimi, “Bəzi yoldaşların bizi tərk etdi, sən niyə tərk etmədin?” deyə soruşdu. Tələbə yenə susdu. Müəllimi, “O yoldaşlarının bizi niyə tərk etdiklərini bilirsənmi?” deyə soruşdu. Tələbə yenə cavab vermədi. Müəllimi, “Bax övladım, əhdə vəfa göstərib tərk etmədiyin üçün sənə izah edim” deyərək bunları söylədi:

“O yoldaşların və sən, Allahu Təalanın izni və ehsanı ilə övliyalıq yolunda çox məsafə qət etdiniz. Lövhi-mahfuzu görər hala gəldiniz. O yoldaşların Lövhi-Məhfuza baxanda mənim Cəhənnəmlik olduğumu gördülər, o, heç bir şey də deməyib məndən qaçdılar. Övladım, sizin bir səfər gördüyünüzü mən qırx ildir görürəm. Amma nə edim? Uca Rəbbim elə təqdir buyurmuş. Mən Ona və aləmlərə rəhmət olaraq göndərdiyi sevgili Peyğəmbər əfəndimizə iman etdim, O nə gətirmişsə, hamısına inandım, hamısını bəyəndim, qəbul etdim. Əmr etdiklərini yerinə yetirir, qadağan edilənlərdən çəkinirəm. Mənim üzərimə düşən vəzifə, iman etmək, vəzifəmi yerinə yetirmək. Rəbbim istəsə qəbul edər, istəsə qəbul etməz. Bizim vəzifəmiz iradələrimizi Onun iradəsinə tabe etdirməkdir. Qulluq belə olar, qul isək belə olmalıyıq. Təqdir Rəbbimizindir.”

Sonra ağlamağa başladı. Tələbəsi də ağlayırdı. Bir müddət ağlaşdılar.

Tələbənin birdən üzü dəyişdi, “Müəllimim, müəllimim, baxın, Lövhi-Məhfuza baxın, adınız yerini dəyişdirdi, Cənnətliklər qisminə keçdi” deyə sevinclə qışqırdı. Müəllimi, gözyaşlarını silib baxanda eyni şeyi gördü, “Əlhəmdülillah” deyərək, şükür səcdəsinə getdi.

12-05-2018, 15:36
Geri