Gözəl İslam / Çox dəyərli nəsihətlər

Çox dəyərli nəsihətlər

İmam Rabbani həzrətləri buyurur ki:

Fürsət qənimətdir. Bütün ömrü faydasız işlərlə tələf etməməli, Haqq təalanın rızasına uyğun şeylərə sərf etməliyik! Beş vaxt namazı tədili-ərkan və camaat ilə qılmalı, təhəccüd namazı əldən qaçırmamalı, səhər vaxtları istiğfarsız keçirməməli, qəflət yuxusunda olmamalı, ölümü və axirət hallarını düşünməli, fani dünyanın haram olan işlərindən üz çevirib, baki olan axirət işlərinə dönməliyik. Dünya işləri ilə zərurət qədər məşğul olmalı, başqa vaxtlarda axirəti abad etməklə məşğul olmalıyıq. Sözün qısası, Allahdan qeyri şeylərin sevgisindən qorunmalı və vücudumuzu dinin hökmlərinə tabe etməklə bəzəyib, onunla məşğul olmalıyıq. İş budur, bundan qeyrisi heçdir.

 

Əbdül Quddüs həzrətləri də buyurur ki:

Vaxtın qiymətini bil! Gecə-gündüz elm öyrənməyə çalış! Həmişə dəstəmazlı ol! Beş vaxt namazı sünnətləri ilə və tədili-ərkanla, rahat və huşu ilə qılmağa çalış! Əgər bunlara riayət etsən, dünyada və axirətdə saysız nemətlərə qovuşarsan. Elm öyrənmək ibadət üçündür. Qiyamətdə işdən soruşacaqlar, çox elm öyrəndinmi deyə soruşmayacaqlar. İş də, ibadət də ixlas əldə etmək üçündür. İxlas da həqiqi məbud və qeydsiz-şərtsiz var olan sevgilini [Allahü təalanı] sevmək üçündür.

İbrahim Ədhəm həzrətləri buyurur ki:

1- Günah işləyəcəksənsə, Allahın verdiyi ruzini yemə! Ruzisini yeyib, heç Ona üsyan etmək olarmı?

2- Günah işlədikdə, mülkündən çıx! Onun mülkündə Ona üsyan etmək olarmı?
3- Günah işləyərkən Onun görmədiyi bir yerdə et! Onun mülkündə, ruzisini yeyib, gördüyü yerdə günah işləmək olarmı?

4- Can alan mələk ruhunu almağa gəldikdə, bir müddət izn istəyə bilərsənmi və ya o mələyi qova bilərsənmi? O zaman dərhal tövbə et! Çünki o mələk anidən gələcək.
5- Məzarda mələklər sual soruşduqda, “məni imtahan etməyin” deyərək onları qova bilərsənmi? Elə isə indidən onlara cavab hazırla!

6- Qiyamətdə “Günahkarlar Cəhənnəmə…” deyildikdə, mən getmirəm deyə biləcəksənmi?

Allahü təala, “Ey qullarım! Məndən istəyin! Qəbul edərəm, verərəm” buyurur. Amma verilməyənlər də olur. Çünki Ona dua edirlər, ancaq itaət etmirlər. Peyğəmbərini tanıyırlar, amma Ona tabe olmurlar. Quranı oxuyurlar, amma göstərdiyi yolda getmirlər. Nemətlərindən faydalanırlar, amma şükür etmirlər. Cənnətin ibadət edənlər üçün olduğunu bilirlər, amma buna heç hazırlaşmırlar. Cəhənnəmi asilər üçün yaratdığını bilirlər, ancaq ondan çəkinmirlər. Əcdadının necə olduqlarını görürlər, amma ibrət almırlar. Öz ayıblarına baxmayıb, başqalarının ayıblarını araşdırırlar. Belə insanlar başlarına daş yağmadığına, yerə batmadıqlarına şükür etsinlər! Dualarının nəticəsi yalnız bu olsa belə, yetməzmi?

İmam Rabbani həzrətləri buyurur ki:

Ölmək fəlakət deyil, öldükdən sonra başa gələcəkləri düşünməmək fəlakətdir. Məzhəbsizlik ilhaddır. Əhli-sünnət alimlərinə tabe olanlara müjdələr olsun.

İmam Rabbani həzrətləri yenə buyurur ki:

Bu zamanınız fürsətdir. Fürsət də, böyük nemətdir. Sağlıqla  və kədərsiz keçən vaxtlar, tapılmaz qənimətdir. Hər saatı Allahü təalanı zikr etməklə keçirmək lazımdır. Rəsulullahın bildirdiyinə uyğun olan hər iş, hətta alış-veriş belə zikir sayılır. O halda, hər hərəkətin, hər duruşun Rəsulullahın bildirdiyinə uyğun olmalıdır. Beləcə, hamısı zikr olar. Zikr, qəflətdən uzaqlaşmaq, yəni Allahü təalanı xatırlamaqdır. İnsan hər hərəkətində, hər işində Allahü təalanın əmrinə və qadağasına riayət etdikdə, əmr və qadağaların sahibini unutmaqdan qurtulur və daima zikr etmiş sayılır.

Hədisi-şərifdə də buyuruldu ki:

“Yeməyi Allahın zikri ilə [İbadət edərək və Allah yolunda çalışaraq] həzm edin. Yeyər-yeməz yatmayın, qəlbiniz qatılaşar.” [Əbu Nuaym]
Haramlardan və şübhəli şeylərdən qaçaraq halal qazanmaq lazımdır. Axır zamanda bunlara diqqət edən az olar.

Dinə xidmət etmək çox savabdır. Bunu hər kəs gücü nisbətində edə bilər. Öyrəndiyi gözəl bir sözü başqasına eşitdirmək belə savabdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Eşitdiyi haqq sözü bir müsəlman qardaşına söyləmək necə də gözəl hədiyyədir.” [Tabərani]
“Allah qatında ən yaxşı qul insanlara ən çox nəsihət edəndir.” [İ. Əhməd]

17-12-2022, 11:51
Geri