Gözəl İslam / İblisin mələklərdən soruşduğu suallar

İblisin mələklərdən soruşduğu suallar

Sual: İblisin mələklərdən soruşduğu suallar hansılardır?
CAVAB
Şeytanın, mələklərdən soruşduğu sualları Abdülqəni Nablusi həzrətləri bildirmişdir.

Şeytan dedi ki:
Qulun ibadətinin Allaha heç bir faydası olmadığı kimi, üsyanının da heç bir zərəri yoxdur. Allah, niyə əmrinin yerinə yetirilməsini, qadağasından çəkinməyi istəyərək qullarını mükəlləf tutmuşdur?
CAVAB
İmam Rabbani həzrətləri buyurur ki:
“İnsanlara ibadətlər faydalı, haramlar da zərərlidir. Allahü təala heç bir şeyə möhtac olmadığı halda əmr və qadağalar qoymaqla qullarını şərəfləndirmişdir.” [73-cü Məktub]

Şeytan dedi ki:
Kafirin günah işləyəcəyi mütləqdirsə, onu yaratmasındakı hikmət nədir? Səcdə Ona edildiyi halda, Allah nə üçün Adəmə səcdə etməyimi əmr etdi?
CAVAB
İmam Rabbani həzrətləri buyurur ki:
“Qulun, sahibinin işlərinin səbəbini soruşmağa ixtiyarı yoxdur! Allahü təala bütün insanları Cəhənnəmə qoyub, sonsuz əzab etsəydi, heç kimin bir şey söyləməyə haqqı olmazdı. Çünki yaratdığı öz mülkünü istifadə edir. Başqasının mülkünə təcavüz yoxdur ki, zülüm hesab edilsin?”[266-ci Məktub]

Əbdülqəni Nablusi həzrətləri də nəqllə buyurur ki: “Allahü təala İblisə, “Ey İblis, sən Məni tanımadın. Əgər tanısaydın, Mənə heç bir işimdə qarşı gəlinməyəcəyini, etiraz edilməyəcəyini bilərdin. Məndən başqa ilah yoxdur. Etdiklərimdən heç  kimə hesab vermirəm” buyurdu. (Hadiqa)
Bəli, kafirin günah işləyəcəyi mütləqdir. Ancaq Cənab Haqqın adəti belədir ki, üsyan etmədən heç kimi Cəhənnəmə salmaz. Bunun üçün iman və üsyan imkanı verdiyi qullarını imtahandan keçirdikdən sonra mükafat və ya cəza verir. Beləliklə, qullar üçün bir bəhanə qalmır. İblisə də, “Səcdə et” əmrini verərək imtahan etmişdir.

Şeytan dedi ki:

Mən Allaha deyil, Adəmə səcdə etmədiyim üçün niyə lənətləndim?
CAVAB
Şeytan, “Mənim Adəmə səcdə etməməyimlə, Allaha üsyanın nə əlaqəsi var?” demək istəyir. Şeytan, üsyanını Adəm əleyhissalama qarşı etdiyini zənn edir. Halbuki, Həzrəti Adəmin önündə “Səcdə et!” əmrini Allahü təala verir. Bu əmri dinləməmək, Adəm əleyhissalama deyil, Haqq təalaya üsyandır.

Şeytan dedi ki:
Lənətlik olduğum halda, nə üçün insanları azdırmağım üçün mənə imkan və uzun bir möhlət verildi?
CAVAB
Allahü təala, üsyan edənlə itaət edənin bəlli olması üçün “Donuz əti yeməyin, alkoqollu içki içməyin” kimi bəzi qadağalar qoydu. Donuzu və içkini yaradıb, qadağan etməsi kimi, şeytanı yaradaraq insanları azdırması üçün ona uzun bir möhlət verməsi də insanlar üçün bir imtahandır. Bu imtahanı keçmələri üçün Allahü təala qurtuluş yolunu da göstərmişdir. Elə bir imtahan edir ki, sual və cavabların hamısı bəllidir. “Bunları etsəniz imtahandan keçməyəcəksiniz, bunları etsəniz keçəcəksiniz” buyurmuşdur. İmtahandan keçməyənləri də Cənnətə qoya bilərdi. Ancaq mülk Onun olduğu üçün, iman etməyənlərə Cənnətini haram qılmışdır. Heç kimi də gücünün çatmayacağı işlərlə mükəlləf qılmamışdır. Hər kəsə ağıl və imkan vermiş, edəcəyi işlərdə sərbəst buraxmışdır. Artıq insanlar üçün heç bir bəhanə qalmamışdır.

24-03-2021, 16:18
Geri