Gözəl İslam / Şeytanla bir alimin müzakirəsi

Şeytanla bir alimin müzakirəsi

Sual: Şeytan hansı yolla insana vəsvəsə verir?
CAVAB
Aşağıdakı dialoqda şeytanın verdiyi vəsvəsələr haqqında kifayət qədər məlumat verilmişdir.

Şeytan, alim bir şəxs olan Saleh əfəndiyə deyir ki:
- Saleh əfəndi, sən nə qədər çox ibadət edirsən? Sanki Allahın ibadətə ehtiyacı var?
- Bəli, Allahü təala hər ehtiyacdan münəzzəhdir. Heç kimin ibadətinə ehtiyacı yoxdur. Ancaq bizim ibadətə ehtiyacımız vardır. Qurani-kərimdə, “Saleh əməlin faydası bunu edənədir” buyurulur. (Fussilət 46)

- Saleh əfəndi, çox ibadət etmək üçün tələsirsən. Tələsik işlərdə xeyir olmaz. İşlərini əvvəlcə bir yoluna qoy, bir rahatlığa çıx, ondan sonra bol-bol ibadət edərsən. Dünyanı qazanmadan axirətini necə qazanacaqsan?
- Əcəl mənim əlimdə deyil... Sonra bu günün işini sabaha qoysam, sabahın işini nə zaman edəcəyəm? Hədisi-şərifdə, “Sabah edərəm deyənlər həlak oldular” buyurulur. İbadətlər vaxtladır. Hər ibadəti vaxtında etmək lazımdır.

- Bəli, Saleh əfəndi, xeyirli işdə tələsmək gərəkdir. Xeyirli iş olan ibadətləri tez et ki, qısa zamanda daha çox ibadət etmiş olarsan.
- Cənab Haqq, çox ibadəti deyil, ixlaslı ibadəti qəbul edir. Xətasız olunan az iş, xətalı olunan çox işdən xeyirlidir.

- Nə xoşbəxt adamsan sən, Saleh əfəndi, deməli, az da olsa xətasız ibadət edirsən. Cəmiyyətdə düzgün ibadət etməyən çox adam vardır. İbadətinlə onlara nümunə olmaq üçün onların görəcəyi yerlərdə ibadət etsən, daha çox savab qazanarsan. Çünki hədisdə “Bir xeyrə dəlalət edən, onu edən kimidir” buyurulur. (İ. Əhməd)
Nümunə olmamaqla əmri-mərufu tərk etmiş olursan.
- Allahu təalanın məni görməsi kafidir. İnsanların da görməsini istəsəm, ibadətə riya qarışdırmış olaram. Riya ilə olunan əməl qəbul olmaz.

Şeytanın taktikaları
[Şeytan, Saleh əfəndiyə ibadətlərini bəyəndirib ucba sürükləmək üçün vəsvəsə verməyə davam edərək deyir ki:]
- Saleh əfəndi, həqiqətən böyük insansan. Etdiklərin adına layiq saleh işlərdir. Hər kəs qəflətdə üzərkən sənin şüurlu şəkildə, ağılla ibadət etməyin hər cür təqdirə layiqdir. Dünyada bu dərəcəyə neçə nəfər nail ola bilmişdir ki?
- Əgər söylədiklərin məndə varsa, hamısı Rəbbimin ehsanıdır. Hər nemətin sahibi yalnız Allahü təaladır.

[Şeytan, Saleh əfəndini gizli riyaya sürükləmək üçün deyir ki:]
- Əvvəlcə “Allahın məni görməsi kafidir” demişdin. O halda riyadan qurtulmaq üçün insanların gözündən uzaq yerlərdə ibadət etsən, yenə Allah sənin sevgini insanların qəlbinə yerləşdirər.
- Başqalarına, “Saleh əfəndi ibadətlərini daima gizli edir” dedizdirərək məni ucba, təkəbbürə və riyaya sürükləmək istəyirsən. Mən qulam, Rəbbim mənim ibadətimi diləsə açığa çıxarar, diləsə gizləyər. Gizli olacaq işlər var, açıq olanları var. İnsanlardan gizləməklə və ya onlara göstərməklə əlimə nə keçəcək?

İbadəti tərk etdirmək istəyir.
[Şeytan, ibadəti tərk etdirmək üçün bu dəfə də tənqid yoluna baş vuraraq deyir ki:]
- Saleh əfəndi, ibadətlərin qüsurludur, yoxsa mükəmməldir?
- Çox qüsurludur.
- Hər bir halda gizləməyin mümkün deyildir. Namaz qılarkən bədənin namazda, qəlbin dünya işlərindədir. İşlədiyin günahları mən bilirəm. Bu halınla təqva əhli ola bilməzsən. Halbuki Rəbbimiz, “Allah, sadəcə təqva əhlinin ibadətlərini qəbul edir” buyurur. Təqva əhli olmadığına görə, əyilib-qalxmağın əbəsdir.
- Mənim vəzifəm Rəbbimin əmrinə tabe olmaqdır. Şərtlərinə uyğun olan hər ibadət səhihdir. Lakin şərtlərinə uyğun bir ibadəti də qəbul edib-etməyəcəyi Onun biləcəyi bir işdir. Fərz olan ibadətləri tərk etmək böyük günahdır. Bu günahlardan qurtulmaq üçün fərzlərə əməl etmək şərtdir. İbadət etmədən Cənnətə girmək üçün dua etmək günahdır. Hədisi-şərifdə, “Ağıllı insan nəfsinə uymaz, ibadətlərini edər, axmaq olan da nəfsinə uyar, sonra Allahın rəhmətini gözləyər” buyurulur. Dünyada nə əkərsən, axirətdə onu biçərsən. Axirət üçün lazım olan şeyləri bu dünyada hazırlamaq lazımdır. Bu da Rəbbimizin əmrlərinə tabe olub, qadağan etdiklərindən çəkinməklə olur.

[Şeytan, bir çox kimsənin ayağının sürüşdüyü qəza-qədər mövzusunda Saleh əfəndini aldadmaq istəyir. Deyir ki:]
- Sən etiqadı düzgün bir insansan, xeyrin və şərin Allahdan olduğunu bilirsən. Cənnətlik və ya Cəhənnəmlik olduğun əzəldə təqdir edilmişdir. Cəhənnəmliksənsə, edəcəyin ibadətlərin hamısı boşdur. Cənnətliksən, ibadətə nə gərək var ki?
- Bir kimsə Cənnətlikdirsə, dünyada Cənnətə aparan əməlləri edər, Cəhənnəmlikdirsə, günah olan işləri edər. Qulun vəzifəsi Allahü təalanın əmrinə tabe olub, Cənnətlik əməlləri işləməkdir. Mən əzəldə təqdir edildiyi üçün ibadət edirəm.

- “Əzəldə Allahın təqdir etdiyi olacaq” deyirsən. Saleh əfəndi, o halda bu minarəyə çıx, özünü aşağı at, əgər əzəldə salamatlığın təqdir edilibsə, sənə bir şey olmaz.
- Allah qullarını imtahan edir. Qulun, Allahı imtahan etməyə haqqı yoxdur. Cənab Haqq, “Özünüzü təhlükəyə atmayın” buyurur. Əmr etmədiyi, üstəlik qadağan etdiyi bir işi necə görmək olar? Minarədən özünü atmaq intihardır. Heç Onun əmrinə üsyan edib, intihara təşəbbüs etmək olarmı?

- Saleh əfəndi, mövzunu dəyişdirmə! Mənim sualıma cavab vermədin. Cənnətliksənsə ibadətə nə gərək var deyirəm?
- Əgər Cənnətliksəm, ibadət etməklə dərəcələrim yüksələcək. Haqq təala ibadət edənləri Cənnətə, ibadət etməyənləri də Cəhənnəmə qoyacağını vəd edir. Rəbbimiz vədində sadiqdir, iman edib saleh əməl işləyənləri Cənnətə qoyacağına söz vermişdir.

- Saleh əfəndi, “Cənnətlik olan Cənnətə aparan, Cəhənnəmlik olan da Cəhənnəmə aparan əməlləri işləyir” dedin. Yəni “Allah təqdir etdiyi üçün ibadət edirəm” demək istəyirsən. Bəs, əzəldə Cəhənnəmlik olaraq təqdir edilən adamın günahı nədir ki, ona pis işlər işlədilir?
- İnsanlarda “İradəyi-cüziyyə” adlanan bir qüvvə vardır ki, bir şeyi etmək və etməməkdə istifadə edir. İradəyi-cüziyyəni istifadə etməkdə məcbur deyil, sərbəstdir. Allahü təala, qul iradəsini yaxşıya istifadə etsə yaxşılıq, pisliyə istifadə etsə pislik yaradacağını bildirir. Qul ibadət etməkdə və günah işləməkdə sərbəst olmasa, axirətdə yaxşılığa mükafat, pisliyə cəza verilməz. O halda iradəmizi yaxşı yolda istifadə etməliyik. (Bəriqa)

9-03-2021, 14:43
Geri