Gözəl İslam / Sən qəlbimə bax, qəlbim təmizdir

Sən qəlbimə bax, qəlbim təmizdir

Sual: Günah işləyənlərin, “Sən qəlbimə bax, qəlbim təmizdir. Allah qəlbə baxar” demələri nə dərəcə düzgündür?
Bədənin pozulması, yəni günah işləmək, qəlbin pozulmasının əlamətidir.

Açıq gəzənlərin, içki içənlərin və ya başqa günah işləyənlərin, ibadət etməyənlərin müsəlmanlara qarşı, “Sən, qəlbimə bax, qəlbim təmizdir. Allah qəlbə baxar” demələrinin yanlış və səhv olduğunu, bu ayəti-kərimə sübut edir. Hədisi-şərifdə də, “Qəlb pozulduqda, bədənin işləri də pozulur” buyuruldu. (Beyhəqı)
Bu hədisi-şərif də, günah işləyənlərin bu kimi sözlərini yalanlayır. “Allahü təala, sizin xarici görünüşünüzə, malınıza [rütbənizə, yaxşı işlərinizə] baxmaz, bunları nə niyyətlə etdiyinizə baxar” hədisi-şərifi ibadət edənlər, xeyir iş görənlər üçündür. Yəni, ibadətin qəbul olması, Allahü təalanın rızası üçün niyyət etməyə bağlıdır.

Sual: Bəziləri heç ibadət etmədikləri və hər cür günahı işlədikləri halda, “Mənim qəlbim təmizdir, sən qəlbimə bax” deyirlər. Qəlb necə kirlənir, necə təmizlənir?
CAVAB
Namaz qılmayan və fərz olan digər ibadətləri yerinə yetirməyən insanın qəlbi təmiz olmaz. Günah işləyənlərin qəlbi təmiz olmaz. Günah qəlbi qaraldır. Namaz qılmamaq ən böyük günahlardan biridir. Hətta namaz qılmayana kafir deyən alimlər belə olmuşdur. Namaz qılmayanın, içki içənin qəlbi çox qaralmış deməkdir. Hər cür rəzillik edib, sonra da, “Sən qəlbimə bax” demək, dinsizlərin və ya din cahillərinin sözüdür. Bir yazıçı kitabında bir fasiqi tərifləyərkən, “Çox içki içərdi. Şərabı hamam çanağına qoyar, oradan içərdi, ancaq tərtəmiz, qızıl kimi bir qəlbi vardı” deyir. Allahü təala və Peyğəmbər əfəndimiz, namaz qılmayanın və içki içənin qəlbi təmiz olmaz buyurarkən, cahil yazıçı belə söyləməklə Allahı və Rəsulullahı yalançı çıxarmağa çalışır. Hədisi-şərifdə buyuruldu ki:

“İnsan günah işlədikdə qəlbində qara bir nöqtə əmələ gəlir. Əgər tövbə etsə, o ləkə silinir. Tövbə etməyib təkrar günah işləsə, o ləkə böyüyür və qəlbin hər yerini bürüyür, qəlb qapqara olur.” [Haraiti]
Möminin qəlbi təmizdir. Fasiqlərin qəlbi kirlidir, qaradır. Kafirlərin qəlbi isə qapqaradır. Hədisi-şərifdə buyuruldu ki:
“Möminin qəlbi təmizdir, orada parlayan bir işıq var. Kafirin qəlbi qapqaradır və tərsdir.” [Təbərani]
İmam Rabbani həzrətləri buyurur ki:
Allahü təalanın əmrlərini yerinə yetirməməyin səbəbi qəlbin pozulmasıdır. Qəlbin pozulması, dinə tam inanmamaqdır. İmanın əlaməti, dinin əmrlərini məmnuniyyətlə yerinə yetirməkdir. [Namaz qılmayıb günah işləyənin, “Mənim qəlbim təmizdir, sən qəlbimə bax” deməsinin nə qədər cahil sözü olduğu buradan da aydın olur.]
Qəlb, sevgi yeridir. Sevgi olmayan qəlb ölmüş deməkdir. Qəlbdə ya dünya sevgisi və ya Allah sevgisi olur. Allahı anaraq, ibadət edərək, qəlbdən dünya sevgisi çıxarılsa, qəlb təmiz olur. Bu təmiz qəlbə Allah sevgisi öz-özünə dolar. Günah işlədikdə qəlb qaralır, xəstələnir, dünya sevgisi yerləşir və Allah sevgisi çıxır. Qəlbin bu halı stəkana bənzəyir. Su doldurduqda havası çıxır. Suyu boşaltdıqda, hava öz-özünə dolur.
Stəkandakı hava çıxmadıqca içinə su girməz. İçinə su qoyduqda da, bu suyu çıxarmadan başqa şey qoymaq mümkün olmaz. Qəlb də stəkan kimidir. Qəlbi Allah sevgisiylə doldurmaq üçün başqa hər şeyi təmizləmək lazımdır. Bir qəlbdə iki və ya daha çox sevgi ola bilməz. Qurani-kərimdə məalən, “Allah, insanın daxilində iki qəlb yaratmamışdır” buyurulur. (Əhzab 4)
Nəfsi-əmmarə dinə inanmır. Buna görə, nəfsi təzkiyə etmək, pisliklərdən təmizləmək və fəzilətlərlə doldurmaq lazımdır. “Şəms” surəsində məalən, “Nəfsini təzkiyə edən qurtuldu. Nəfsini günahda, cəhalətdə, dəlalətdə qoyan ziyana düşdü” buyuruldu.
“Hadiqa”da buyurulur ki:
Haram işləyənlərin, sən qəlbimə bax, qəlbim təmizdir demələri boşdur, Müsəlmanları aldadmaqdır. Ancaq dinin əmr və qadağalarına əməl edənin qəlbi təmiz olur. Peyğəmbər əfəndimiz, “Günaha davam edənlərin zamanla qəlbi möhürlənir. O, artıq savab iş görə bilmir” buyurur. (Bəzzar)
“La ilahə illəllah” kəlməsini çox söyləmək, qəlbi təmizləməkdə çox təsirlidir. Hər gün, müəyyən miqdarda oxumaq çox yaxşı olar. Dəstəmazlı və dəstəmazsız demək olar. (Qəyyumi-Rabbani c.1, m.14)
Rəbbimizin qəzəbini söndürmək üçün “La ilahə illəllah Muhammədün Rəsulullah” gözəl kəlməsindən daha faydalı bir şey yoxdur. Bu gözəl kəlimə, Cəhənnəmə aparan qəzəbi söndürürsə, daha kiçik olan başqa qəzəblərini də əlbəttə söndürər. Bu gözəl kəlimə, Qiyamət üçün ayrılmış 99 rəhmət xəzinəsinin açarıdır. Küfür qaranlıqlarını, şirk çirkablarını təmizləmək üçün bu gözəl kəlmədən daha qüvvətli heç bir köməkçi yoxdur. İnsan bu kəlməyə inandıqda, imanın zərrəsi əmələ gəlir. (c.2, m.37)
Allahı anmağın, La ilahə illəllah deməyin faydalı ola bilməsi üçün dinimizə tabe olmaq şərti var. Fərzləri və sünnətləri etmək, haramlardan, şübhəlilərdən çəkinmək lazımdır. (m.190)
Qəlbin Allahü təaladan başqa şeyləri sevməsi onu qaraldır, paslandırır. Bu pası təmizləmək lazımdır. Təmizləyicilərin ən yaxşısı sünnəti-səniyyəyə əməl etməkdir. Sünnəti-səniyyəyə əməl etmək, nəfsin qəlbi qaraldan istəklərini yox edir.

16-01-2023, 12:46
Geri