Gözəl İslam / İnsanda olan üç qüvvə

İnsanda olan üç qüvvə

Sual: Bütün heyvanlarda həyatlarını davam etdirəcək şeylərə qarşı istək və özlərini qorumaq üçün qəzəb qüvvəsi vardır. Bunlar insanda da var. Bəs heyvanlardan fərqli olaraq insana başqa hansı qüvvə verilmişdir?
Cavab: “Təfsiri-Əzizi”də mövzu haqqında “Fatihə” surəsini izah edərək buyurulur ki:
“Allahü təala insanların və heyvanların yaşaya bilmələri və çoxalmaları üçün onlarda iki qüvvə yaratdı.

Birincisi, möhtac olduqları, ləzzət aldıqları şeyləri istəmək, onlara qovuşmaq qüvvəsidir ki, bu qüvvəyə Şəhvət deyilir.

İkincisi, yaşamalarına zərərli olan, canlarını incidən şeylərdən qaçmaq, bunlara qarşı qorunma qüvvəsidir ki, bu qüvvəyə də Qəzəb deyilir. Allahü təala insanlarda şəhvət və qəzəb qüvvələrini yaratmış, insanların möhtac olduqları şeylərə qovuşmaları, tapdıqlarını istifadə edə bilmələri və qorxduqlarına qarşı qoruna bilmələri üçün bu iki qüvvəni ehsan etmişdir.

Allahü təala insanlara mərhəmət edərək, sevə-sevə çalışa bilmələri, çalışmaqdan yorulmamaları üçün insanlarda üçüncü bir qüvvə daha yaratmışdır ki, bu qüvvə də Nəfsi-əmmarə qüvvəsidir. Bu qüvvə şəhvətlərə qovuşmaq və qəzəbləndikləri ilə döyüşmək üçün insanı məcbur edir. Ancaq insanın nəfsi bu işdə bir sərhəd tanımır. Gördüyü işlər daima həddi aşır, həmişə zərərli olur. Məsələn, heyvan susadıqda təmiz suyu asanlıqla tapır, içir, doyduqda daha içməz. İnsanın nəfsi doyduqdan sonra da içirdir. İnək ac olduqda çəmənlikdə otlayır, doyduqda uzanır yatır. İnsan acdıqda çəmənlikdə otlaya bilməz. Tapdığı otlar arasında seçim etməlidir, seçdiyini soyub, təmizləyib, bişirməlidir. Nəfs bu yorucu, usandırıcı işləri sevə-sevə etdirir. Lakin xoşuna gələni doyduqdan sonra da yedirdir. Allahü təalanın mərhəməti sonsuz olduğundan, nəfsin insanı fəlakətə sürükləməsinə mane olmaq üçün nəfsin arzularına aldanmağın qarşısını alan, nəfsi təmizləyib həddi aşmaqdan, azğın olmaqdan qurtaran əmrlər və qadağalar göndərdi. Peyğəmbərləri vasitəsilə göndərdiyi bu əmr və qadağaların cəminə İslamiyyət deyilir. Bir insan hər işində İslam dininə tabe olarsa, nəfsi azğınlıqdan, həddi aşmaqdan qurtular, şəhvəti və qəzəbi öz faydası üçün istifadə edə bilər.”

26-12-2022, 15:07
Geri