Gözəl İslam / Nəfsin həvasına aldanmaq

Nəfsin həvasına aldanmaq

Sual: Nəfsin həvasına aldanmamaq üçün nə etmək lazımdır?
CAVAB
Nəfsin sevdiyi, istədiyi şeylərə həva deyilir. Nəfsin həvasına, şəhvətlərinə, istəklərinə, ləzzətlərinə tabe olmaq pis əxlaqların başında gəlir. Nəfsin arzularının insanı Allah yolundan azdırdığı Qurani-kərimdə xəbər verilmişdir. Çünki nəfs daima Allahü təalanı inkar edir, Ona inad, üsyan etmək istəyir. Hər işdə nəfsin arzularına aldanmaq, nəfsə tapınmaqdır. Nəfsinə tabe olan küfrə və ya bidət sahibi olmağa, yaxud fisqə [haram işləməyə] başlayar. Alimlər, “Nəfsə aldanmaqdan qurtulmaq dünya nemətlərinin ən böyüyüdür. Çünki nəfs, Allahü təala ilə qul arasındakı əngəllərin ən təhlükəlisidir. İbadətlərin ən qiymətlisi, nəfsə tabe olmamaqdır” buyurmuşdurlar. Qurani-kərimdə məalən buyurulur ki:
Rəbbinin əzəmətindən qorxub, özünə nəfsinin arzularını qadağan edənin gedəcəyi yer, əlbəttə, Cənnətdir.” [Naziət 40,41]
Hədisi-şəriflərdə də buyuruldu ki:
“Bu üç şey insanı fəlakətə sürükləyir: Xəsislik, nəfsə tabe olmaq, özünü bəyənmək.” [Əbu Nəsr, Hakimi Tirmizi]
“Bu dörd şey kimdə varsa ona Cəhənnəm haramdır, şeytan və nəfsindən də qorunar. Nəfsi bir şeyə həvəs etsə, nəfsin şəhvət və qəzəbinə hakim olar. Nəfsi bir şeydən nifrət etsə də onu edər. Bu dörd şey bunlardır: Bir miskinə qalmağa yer vermək, gücsüzə rəhm etmək, xidmətçiyə qarşı mülayim olmaq, ana-ataya infaq (ehtiyaclarını qarşılamaq).” [Deyləmi]
“Ağlın əlaməti, nəfsə hakim olub, öldükdən sonra lazım olacaqları hazırlamaqdır. Axmaqlıq əlaməti nəfsə uyub, Allahdan əfv və mərhəmət gözləməkdir.” [Tirmizi]
Nəfsə tabe olaraq, tövbə və istiğfar etmədən, əfv və Cənnət gözləmək axmaqlıqdır. Nəfs, yaradılışında pislikləri, zərərli şeyləri sevən və istəyəndir. “Nəfsindən çəkin daim. Ona güvənmə əsla. Yetmiş şeytandan daha çox düşməndir sənə”
Nəfsin, insanı haramlara və məkruhlara sürükləməsinin zərərləri meydandadır. İstəkləri hər zaman heyvani arzulardır. Heyvani arzular isə, daima dünyadakı ehtiyaclardır. İnsan bu arzuların arxasınca qaçsa, axirət ehtiyaclarını hazırlamaqdan geri qalacaq.
Çox önəmli bir şey də, nəfs mübahlarla doymaz. Mübahları istifadə etməyi artırdıqca, istəklərini də artırır. Yenə də doymaz. İnsanı haramlara sürükləyər. Haramlara düşənin də küfrə girməsi asanlaşır. Mübahları həddindən artıq istifadə etmək dərdlərə, xəstəliklərə səbəb olur. Belə insan, daima mədəsini, həzzini düşünür. Xəsis və rəzil olur.
Nəfsin İslamiyyətdən kənara çıxmasının qarşısını almaq üçün onunla iki cihad vardır:
1- Nəfsə aldanmayıb, onun arzularını yerinə yetirməməkdir. Buna “Riyazət” deyilir. Riyazət, təqva və vəra ilə olur. Təqva, haramlardan uzaq durmaqdır. Vəra, haramlardan qaçıb, mübahları da ehtiyacdan artıq istifadə etməkdən çəkinməkdir.
2- Nəfsin istəmədiyi şeyləri etməkdir. Buna “Mücahidə” deyilir. Bütün ibadətlər mücahidədir.
Bu iki cihad nəfsi tərbiyə edir. İnsanı müdrikləşdirir, ruhları qüvvətləndirir. Siddiqlərin, şəhidlərin və salehlərin yoluna qovuşdurur. Allahü təala qullarının ibadətlərinə möhtac deyil. Qullarının günah işləməsi də Ona zərər verməz. Qulun nəfsini tərbiyə etmək, nəfslə cihad etmək üçün bunları əmr etmişdir.

Sual: Bəzi ibadətləri etmək nəfsimə çətin gəlir, nə edim?
CAVAB

Nəfsimizə çətin gəlsə də, dinimizin əmrlərinə əməl etməyə çalışmaq lazımdır. Hədisi-şərifdə buyuruldu ki:
“Nəfsini xor görən, dininə dəyər verər, nəfsini əziz görən dinini xorlamış olar. Din isə əziz olmalıdır. Nəfsini bəsləyən, dinini zəiflətmiş, dinini bəsləyən, dinini də nəfsini də bəsləmiş sayılır.” [Əbu Nuaym]

15-12-2022, 14:36
Geri