Gözəl İslam / İnsanlarda nəfs yaradılmasaydı

İnsanlarda nəfs yaradılmasaydı

Sual: Allahü təala pisliklərin kaynağı olan nəfsi yaratmasaydı, insanlar onun aldatmasından qurtulardılar, heç kim pislik etməzdi, hamı Cənnətə gedərdi. Belə olsaydı daha yaxşı olmazdımı?
Cavab: Bu dünyada yaradılan hər şeydə Allahü təalanın həm rəhmət sifəti, həm də qəzəb sifəti zühur edir. Su insanların, heyvanların və bitkilərin yaşamaları üçün lazım olduğu kimi, dənizdə minlərlə insan boğulur, sel suları evləri dağıdır... Atəş, çörək, yemək bişirmək, qışda isinmək üçün lazım olduğu kimi, içinə düşəni yandırır... Elektrik cərəyanı, çox yerdə işimizə yaradığı halda, yanğına səbəb olur, insanı vurduqda, dərhal öldürür. Hər şey də belədir. Nəfs də bunlar kimidir. Həm faydalı, həm zərərli tərəfləri var. Nəfsin yaradılması, insanların yaşaması, çoxalması və dünya üçün çalışmaları, axirət üçün cihad savabı qazanmaları üçündür. Allahü təala nəfsi belə neçə-neçə faydaları üçün yaratdı...

Allahü təala bütün insanlara rəhm edərək, nəfsə hakim olub, zərərli arzularının qarşısını almaq üçün ağıl da yaratdı. Ağıl, insan beyni vasitəsilə, duyğu orqanlarından, şeytandan və nəfsdən qəlbə gələn arzuları araşdıraraq, yaxşılarını pislərindən ayıran bir qüvvədir. Həmçinin, Allahü təala Peyğəmbərlər göndərərək, nəyin faydalı, nəyin zərərli olduğunu və nəfsin bütün arzularının pis olduğunu bildirdi. Ağıl, nəfsin istəklərini, Peyğəmbərlərin doğrudur dedikləri şeylərdən ayırıb, qəlbə bildirir, qəlb də ağlın bildirdiyini seçərsə, nəfsin arzularını etməyi iradə etməz, beyin vasitəsilə, hərəkət üzvlərinə bunu etdirməz. Qəlb, İslamiyyətin doğru dediklərini, seçsə və etdirsə, insan səadətə qovuşar.

Qəlbin yaxşıdan, pisdən birini seçməsinə Kəsb deyilir. İnsanın hərəkət orqanları beyninə, beyin də qəlbinə tabedir. Qəlb, beyin vasitəsilə duyğu orqanlarından və ruh vasitəsilə tərəfi-ilahidən, ağıldan, mələkdən, hafızədən, nəfsdən və şeytandan gələn təsirlərin toplandığı bir mərkəzdir.
Qəlb ağla tabe olduqda, nəfsin yaradılması, insanların sonsuz nemətlərə qovuşmalarına mane olmur. Qəlbin nəfsə aldanmaması, ona tabe olmaması, nəfs ilə cihadı-əkbər olur. Allahü təala cihad edənlərə, Cənnətdə yüksək dərəcələr verəcəyini vəd edir. Nəfs insanların cihad savabına qovuşmalarına, mələklərdən üstün olmalarına səbəbdir.

 

Nəfs, iki tərəfi kəskin bıçaq kimidir

Sual: İnsanlarda pisliklər deposu kimi bildirilən nəfs yaradılmasaydı, insanlar üçün daha faydalı olmazdımı?
Cavab: İslam dini insana rahatlıq içində yaşamaq üçün lazım olan şeylərdən və dünya ləzzətlərindən faydalı olanları qadağan etmir. Bunların əldə edilməsində, istifadəsində, ağla və dinə tabe olmağı əmr edir. İslam dini insanların dünyada da, axirətdə də rahat və hüzur içində yaşamasını istəyir. Bunun üçün ağla tabe olmağı əmr edir, nəfsə tabe olmağı isə qadağan edir. Ağıl yaradılmasaydı, insan həmişə nəfsinə aldanardı, fəlakətlərə sürüklənərdi. Nəfs olmasaydı, insan yaşaması, çoxalması, mədəni bir həyat üçün lazım olan şeyləri qazanmaq üçün çalışmasında qüsur edərdi və nəfslə cihad savabından məhrum qalardı. Mələklərdən daha üstün olmaq yolu bağlı qalardı. Hədisi-şərifdə buyuruldu ki:
Axirətdə olacaqlardan sizin bildiklərinizi heyvanlar bilsəydilər, yemək üçün ət tapa bilməzdiniz!” Yəni heyvanlar axirətdəki əzabların qorxusundan, yeməkdən, içməkdən kəsilərdilər. Bir dəri, bir sümük qalardılar. İnsanlarda nəfs olmasaydı, heyvanlar kimi qorxudan, yeməz-içməz, yaşaya bilməzdilər. İnsanların yaşaya bilmələri nəfslərinin qəfləti və dünya ləzzətlərinə düşkün olmasına bağlıdır. Nəfs, iki tərəfi kəskin bıçaq kimidir. Həm də, zəhərli dərman kimidir. Təbibin, həkimin tövsiyyəsinə uyğun istifadə edən bundan fayda qazanar. Doza həddini aşarsa həlak olar. İslamiyyət nəfsin məhv edilməsini deyil, tərbiyə edilməsini, ondan düzgün istifadə edilməsini əmr edir.

4-12-2022, 17:49
Geri