Gözəl İslam / Nəfsi təmizləmək və həqiqi iman

Nəfsi təmizləmək və həqiqi iman

Sual: Nəfsimizi necə təmizləyə bilərik?
CAVAB
İmam Rabbani həzrətləri buyurur ki:
Nəfsi-əmmarə dinə inanmaz. Buna görə nəfsi təzkiyə etmək, pisliklərdən təmizləmək və fəzilətlərlə doldurmaq lazımdır. “Şəms” surəsində, “Nəfsini təzkiyə edən qurtuldu. Nəfsini günahda, cəhalətdə, zəlalətdə qoyan zərər etdi” buyuruldu. “Bəqərə” surəsinin “Qəlblərində xəstəlik vardır” ayəti-kəriməsi ilə bildirilən xəstəlik müalicə edilmədikcə, həqiqi iman ələ keçməz. Qəlbi xəstə olanın imanı, imanın surətidir (şəkli). Nəfsini təmizləyən həqiqi imana qovuşur. “Yunus” surəsinin, “Allahü təalanın övliyası üçün əzab qorxusu, nemətlərə qovuşmamaq üzüntüsü yoxdur” məalindəki ayəti-kəriməsindəki müjdə həqiqi imana qovuşanlar üçündür.
Hər kəsin nəfsi baş olmaq sevdasındadır. Başqasının əmri altına girməyi qətiyyən istəməz. Nəfsin bu arzusu ilah olmaq, hər kəsin ona tapınmasını istəməkdir. Allaha ortaq olmaq istər. Daha da irəli gedərək özü ilah olmaq istəyir. Hədisi-qüdsidə Allahü təala, “Nəfsinə düşmənlik et, çünki nəfsin mənim düşmənimdir” buyurur. Deməli nəfsin istəklərinə boyun əymək, Allahü təalanın bu düşməninə yardım etmək sayılır. Bu isə necə qorxunc bir afətdir. Dinin bütün əmr və qadağaları nəfsi əzmək, həddi aşan istəklərinin qarşısını almaq üçündür. Dinə uyğun əməl etdikcə nəfsin istəkləri azalır. Nəfs təmizlənmədikcə, üstünlük sevdasından əl çəkməz.
Nəfsi təmizləmək üçün ən təsirli dərman kəlməyi-təvhidi təkrar etməkdir. Kənardan gələn pis istəklər, şeytandan gəlməsilə yanaşı, yoluxucu xəstəliklərdir. Kiçik bir dərmanla asanlıqla keçə bilər:
“Şeytanın aldadması, əlbəttə, zəifdir.” [Nisə 76]
Nəfsi pisliklərdən təmizləmək lazımdır. Hədisi-şərifdə buyuruldu ki:
“Ən üstün cihad, nəfs ilə olan cihaddır.” [İ.Nəccar]
Muhamməd Məsum həzrətləri buyurur ki:
Gənclik, ömrün ən qiymətli dövrüdür. İnsanın sağlam, qüvvətli olduğu zamandır. Bu zaman hər gün keçir, azalır, qocalıq yaxınlaşır. Heyfslər olsun ki, ən şərəfli, ən vacib iş olan mərifətullahı qazanmağı, xəyal olan ömrümüzün sonuna saxlayırıq. Ən şərəfli zamanlarını ən zərərli, ən pis şey olan nəfsin arzularına qovuşmaq üçün sərf edirik. Peyğəmbər əfəndimiz, “Sabah edərəm deyən, aldandı” buyurdu. Allahü təala insanları və cinləri mərifətullaha, Allahü təalanın rizasına, sevgisinə qovuşmaq üçün yaratdı. Nəfslərimizin arzularının arxasınca qaçan bizlər nə vaxt ağlımızı başımıza yığacağıq? İnsanın Allahü təalanın mərifətinə qovuşmasına mane olan ən güclü düşmən nəfsin arzularıdır. Bu arzular bitib-tükənməz. Hamısı da çox zərərlidir. Məqsudun, məbudundur buyurulur. Məqsədin, arzun nədirsə, ilahın odur. “Nəfslərinin arzularını ilah edənlər” ayəti-kəriməsi, bunun sübutudur.
[Mərifətullah, Allahü təalanın zatını və sifətlərini tanımaqdır. Zatını tanımaq, anlaşılmayacağını anlamaqdır.]
Nəfsə tabe olmaqdan qurtulmaq dünya nemətlərinin ən böyüyüdür. Çünki nəfs Allahü təala ilə qul arasında ən böyük pərdədir. (Əbu Bəkr Tamsitani)
İbadətlərin ən qiymətlisi nəfsə aldanmamaqdır. (Sehl bin Ab. Tüstəri)
Hər işdə nəfsin arzularına aldanmaq nəfsə tapınmaq sayılır. Nəfsinə tabe olan küfrə girər və ya haram işləməyə başlayır. Hədisi-şəriflərdə buyuruldu ki:
“Xəsislik, nəfsə tabe olmaq və özünü bəyənmək insanı fəlakətə sürükləyir.” [Tabərani]
“Ağlın əlaməti, nəfsə hakim olmaq və öldükdən sonra lazım olacaqları hazırlamaqdır. Axmaqlıq əlaməti, nəfsə aldanıb, Allahdan əfv və mərhəmət gözləməkdir.” [Tirmizi]
Təfsiri-Əzizidə buyurulur ki:
Allahü təalanın mərhəməti sonsuz olduğundan, nəfsin fəlakətə sürüklənməsinə mane olmaq istədi. Həm nəfsin arzularına tabe olmağa sərhəd çəkən, həm də nəfsi təmizləyib əmmarəlikdən, yəni həddi aşmaqdan qurtaran əmrlər və qadağalar göndərdi. Bir insan işlərini görərkən, İslam dininə tabe olsa, nəfsi əmmarəlikdən qurtulub mütməinnə olar. Bu halda şəhvətini və qəzəbini faydalı yolda istifadə edər. Bu cəhətdən nəfsə tabe olmaq insana şirin gəlir. Dinə əməl etmək isə, bu arzuları durdurduğu üçün acı və çətin gəlir. Səlim ağıl sahibi olan, nəfsinə aldanmaz, İslam dininə əməl edər. Ağlını dinləməyən insan isə, nəfsini dinləyər.
Şərəfüddin Əhməd ibn Yəhya Müniri həzrətləri buyurur ki:
İslamiyyət, nəfsin arzusu olan şəhvət və qəzəbin yox edilməsini deyil, hər ikisinə hakim olub, dinə uyğun işlətməsini əmr edir. Süvarinin atını və ovçunun köpəyini məhv etməsi deyil, onları tərbiyə edərək, onlardan faydalanması kimidir. Yəni, şəhvət və qəzəb ovçunun köpəyi və süvarinin atı kimidir. Bu ikisi olmadıqca, axirət nemətləri ovlana bilməz. Lakin, bunlardan faydalanmaq üçün tərbiyə edərək, dinə uyğun istifadə etmək lazımdır. Riyazət, bu iki sifəti yox etmək üçün deyil, tərbiyə edib dinə tabe olmağı təmin etmək üçündür.

12-11-2022, 16:04
Geri