Gözəl İslam / Nəfs nədir?

Nəfs nədir?

Sual: Qəlb, ürək, könül, nəfs haqqında məlumat verə bilərsinizmi?
CAVAB
Qəlb, sinəmizin sol tərəfində yerləşən ət parçası deyildir. Buna ürək deyilir. Ürək heyvanlarda da olur. Qəlb, ürəkdə olan bir qüvvədir, gözlə görünməz. Lampada olan elektrik cərəyanı kimidir. Buna könül deyirik. Lampa ürək olsa, işığı da qəlbdir, buna könül də deyilir.

Könül insanlarda olur, heyvanlarda olmaz. Bədənin bütün əzaları qəlbin əmrindədir. Duyğu orqanlarımızın qəbul etdikləri bütün məlumatlar qəlbdə toplanır. İnsanın inanmaq, sevmək, qorxmaq hisləri qəlbdədir. Etiqadı olan, yəni iman edən, kafir olan qəlbdir. Qəlbi təmiz olan dinə tabe olur. Qəlbi pis olan dindən qaçar. Gözəl, yaxşı əxlaqın və pis xasiyyətlərin yeri qəlbdir. Allahü təala dinlərini, Peyğəmbərləri qəlbi təmizləmək üçün göndərdi. Qəlbi təmiz olan hər kəsə yaxşılıq edir. Dünyada rahat, hüzur içində yaşayar, axirətdə də əbədi, sonsuz səadətə qovuşarlar.
Ürəkli cəsur deməkdir, qəlbi var və ya qəlbli demək, ürəyi xəstə deməkdir. Ürəksiz cəsarətsiz, qorxaq, yəni qəlbsiz mərhəmətsiz deməkdir. Könül qəlb mənasında işlənsə də, könülsüz, qəlbsiz demək deyildir. Könülsüz, yəni istəksiz mənasındadır. Dilimizdən başqa dilə tərcümə edilərkən, qəlblə ürək eyni tərcümə edildikdə uyğunsuzluqlar olur. Bu səbəbdən ərəb dilindən və ya başqa dillərdən dilimizə tərcümə edildikdə bu incəliklər bilinməsə, qəribəliklər meydana çıxır.
Könül bir də nəfs mənasında istifadə olunur. Nəfs kəlməsi iyirmidən çox mənada istifadə olunur. Məsələn, ruh, can, qan, mənlik, iç, qəlb, böyüklük, ucalıq, iradə kimi mənalarda işlənir. Lakin daha çox iki mənası vardır:
Birincisi, bir şeyin özü, fərd, şəxs. Məsələn, Qurani-kərimdə, Hər nəfs ölümü dadacaqdır buyurulur.
İkincisi, dinə uyğun gəlməyən istəklərin qaynağı kimi istifadə olunur. Buna nəfsi-əmmarə də deyilir. Bu nəfs Allahü təalanın düşmənidir. Məsələn, hədisi-qüdsidə Nəfsinə düşmənlik et, çünki o mənim düşmənimdir buyurulmuşdur.
Sual: Nəfsimizin mahiyyəti nədir?
CAVAB
Allahü təala insanda üç şey yaratdı: Ağıl, qəlb və nəfs. Bunların heç biri gözlə görülməz. Varlıqlarını əsərləri ilə, etdikləri işlərlə və dinimizin bildirməsi ilə anlayırıq. Ağıl və nəfs beynimizdə, qəlb ürəyimizdədir. Bunlar maddə deyildir, yer tutmazlar. Buralarda yerləşmələri, elektrikin lampada olması kimidir. Peyğəmbərlər və vəlilər istisna olmaqla hər kəsin nəfsi çox pisdir. Bu pis nəfsə, nəfsimmarə” deyilir, hansı ki bu, pisliklərə sürükləyən nəfs deməkdir.

İnsanın ən böyük düşməni nəfsidir. Daha sonra pis yoldaş və şeytan gəlir. Pis yoldaş və şeytan da nəfsə təsir edərək insana zərər verməyə çalışırlar. Ona görə nəfsin, əmmarəlikdən təmizlənməsi lazımdır. Çünki nəfs kafirdir, daim Allahü təalaya üsyan etmək istəyir.
Şeytan verdiyi vəsvəsəyə insanın uymadığını gördükdə, bundan bezir, başqa bir vəsvəsə verir. Alimlər şeytanı köpəyə bənzədiblər. Köpəyi qovduqda qaçsa da, başqa tərəfdən yenə gəlir. Nəfsi-əmmarə isə pələng kimidir, hücum etsə ancaq öldürməklə nəticələnər. Nəfsimiz də ölənə qədər yaxamızı buraxmaz. Buna görə nəfsi tanımaq və zərərlərindən qorunmaq lazımdır.
İmam Maverdi həzrətləri buyurur ki:
“Nəfsin tərbiyəsi zəruridir. Hədisi-şərifdə, “İnsanın ən güclü düşməni nəfsidir, sonra ailəsi, övladıdır buyuruldu”. Qurani-kərimdə də məalən, Nəfsimmarə, əlbəttə, günahları, pislikləri əmr edir buyurulur. (Yusif 53)
Nəfsini tərbiyə edə bilməyən, ona tabe olan adam acizdir, axmaqdır. Hədisi- şəriflərdə, “Əsl qəhrəman nəfsinə qalib gələndir”, “Ağlın əlaməti, nəfsə qalib və hakim olmaq, öldükdən sonra lazım olanları hazırlamaqdır. Axmaqlıq əlaməti nəfsə uyub, Allahdan əfv və mərhəmət gözləməkdir buyuruldu. Həzrəti Aişə validəmiz, “İnsan Rəbbini nə zaman tanıyır?” deyə soruşduqda, Peyğəmbər əfəndimiz, Nəfsini tanıdığı zaman buyurdu.. (Ədəbüd-dünya)
Nəfsi-əmmarə ilə cihad, iki yolla olur:
1- Riyazət,
2- Mücahidə.
Riyazət - nəfsin arzularını etməməkdir. Nəfs axmaq olduğu üçün hər istədiyi öz zərərinədir. Nəfs daim haramları istəyir. Mücahidə isə, nəfsin istəmədiyi şeyləri etməkdir. Nəfsimiz yaxşılıq və ibadət etməyi istəməz. Nəfsə günahlardan çəkinmək, ibadət etməkdən daha çətin gəlir. Ona görə günahdan qaçmaq daha savabdır.
Nəfs dünyanın həzlərinə, ləzzətlərinə düşkündür. Bunların yaxşı, pis, faydalı, zərərli olduqlarını düşünməz. Arzuları dinimizin əmrlərinə uyğun olmaz. Dinimizin qadağan etdiyi şeyləri etmək nəfsi qüvvətləndirir. Daha betərini etdirmək istəyir. Pis, zərərli şeyləri yaxşı göstərib, qəlbi aldadır. Qəlbə bunları etdirərək, istəklərinə qovuşmaq üçün çalışır. Qəlbin nəfsə aldanmaması üçün qəlbi qüvvətləndirmək və nəfsi zəiflətmək lazımdır.
Ağlı qüvvətləndirməklə, İslam biliklərini oxuyub öyrənməklə yanaşı, qəlbin qüvvətlənməsi, yəni təmizlənməsi də, dinimizə əməl etməklə olur. Dinimizə əməl etmək üçün ixlas lazımdır. İxlas, işləri, ibadətləri Allahü təalanın əmri olduğu üçün etməkdir. Qəlbin zikr etməsi ilə, yəni Allah adını çox təkrarlamaqla ixlas əmələ gəlir.
Dinimizə tabe olmaq qəlbi gücləndirdiyi kimi, nəfsi də zəiflədir. Bu səbəblə nəfs qəlbin dinimizə tabe olmasını istəmir. Dinsiz, imansız olmasını istəyir. Ağlına uymayıb, nəfsinə tabe olan, buna görə dinsiz olur. Allahü təalanın qullarının ibadətlərinə ehtiyacı olmadığı üçün qulların işləyəcəyi günahlar da Ona zərər verməz. Nəfslərini tərbiyə etmələri, nəfslə cihad etmələri və beləliklə Cənnətə girmələri üçün qullarına bunları əmr edir:
Cənab Haqdan qorxub, nəfsini pis arzulardan uzaqlaşdıranların getdikləri yer mütləq ki, Cənnətdir.” [Naziət 40, 41]
Dinə tabe olan arzusuna qovuşar. Qurani-kərimdə məalən, “Nəfsinə tabe olanlardan, doğru yolu axtaranları, səadətə aparan yollara qovuşduracağıq” buyuruldu. (Ənkəbut 69 Təfsiri-Əzizi)
İmam Qazali həzrətləri buyurur ki:
İnsanda pis vəsfləri toplayan nəfslə cihad etmək, onu qırmaq lazımdır. Hədisi-şərifdə, “Sənin ən böyük düşmənin, səni tamamilə mühasirəyə alan nəfsindir” buyuruldu. Peyğəmbər əfəndimiz bir döyüşdən qayıtdıqdan sonra, “Kiçik cihaddan böyük cihada gəldik” buyurdu. Əshabı-kiram, “Ya Rəsulallah böyük cihad nədir?” deyə soruşduqda, Peyğəmbər əfəndimiz, “Nəfslə cihaddır” buyurdu. [Deyləmi, Beyhəqı, Xatibi Bağdadi, İ. Qazali, İ. Süyuti]
Nəfsi həmişə alçaltmaq lazımdır. Hədisi-şərifdə buyuruldu ki:
“Nəfsini zəlil edən, dinini əziz edir, nəfsini əziz edən də dinini alçaldır.” [Əbu Nuaym]
Sual: Cənnətdə nəfs olmadığını bildirirlər. Halbuki, “Ey mutmainə olan nəfs! Sən Ondan, O da səndən razı olaraq rəbbinə qayıt! Mənim qullarımın arasına qatıl, Cənnətimə gir!” [Fəcr 27–30] məalindəki ayələr, nəfsin də Cənnətə girəcəyini göstərmir? Bir də Allah nə üçün mənim qullarım deyir? Allahdan başqasının da qulu var? Nəfsin Allahdan razı olması nə deməkdir?
CAVAB
Nəfs kəlməsinin bir çox mənası var. Burada ruh, can, insan mənasındadır. Bildiyimiz nəfs deyildir. Buna görə doğru mənası belədir:

“Ey rahatlığa qovuşan ruh, sən Ondan, O da səndən razı olaraq rəbbinə qayıt! Mənim [saleh] qullarımın arasına qatılıb Cənnətimə gir!” [Fəcr 27-30]
“Sən Ondan, O da səndən razı olaraq” yəni, imanlı olduğun üçün Allah səndən razıdır. Sənə də Cənnətdə elə nemətlər verəcək ki, sən də Allahdan razı olacaqsan deməkdir.
Mənim qullarım ifadəsi bir təbirdir. Mənim adamım, mənim sağ qolum kimi nəzərdə tutulur. Cənab Haqq şeytana deyir ki: “Mənim qullarıma sənin hakimiyyətin yoxdur.” [İsra–65]
Yaxşılar da, pislər də Allahü təalanın qulu olduğu halda saleh insanlara xitabən “Mənim qulum” buyurur. Deməli, Rəbbimizin “Mənim qulum” dediyi saleh insanlardır. Pula, pis arzularına qul olanlar üçün də buyurur ki: “Həvasını ilah edənlər...” [Casiyə 23]
Cənab haqq bunlar üçün mənim qulum buyurmur, bunlara həvasının qulu buyurur. Onları Allah yaratdığı halda başqalarını ilah ediblər, onlara sitayiş edirlər. Bunlar nəfsi-mutmainə deyildir.

Sual: Bir Müsəlman, nəfsinin İslamiyyətdən kənara çıxmaması, azğınlıq etməməsi üçün nə etməlidir?
Cavab: Nəfsin İslamiyyətdən kənara çıxmasının, həddi aşmasının qarşısını almaq üçün onunla iki cihad vardır:
Birincisi, ona aldanmayıb, onun arzularını etməməkdir. Buna, riyazət çəkmək deyilir. Riyazət, vəra və təqva ilə olur. Təqva, haramlardan çəkinməkdir. Vəra, haramlardan və mübahları ehtiyacdan artıq istifadə etməkdən də çəkinməkdir.

Cihadın ikincisi, nəfsin istəmədiyi şeyləri etməkdir. Buna mücahidə deyilir. Bütün ibadətlər mücahidədir. Bu iki cihad nəfsi tərbiyə edir. İnsanı müdrikləşdirir, ruhları qüvvətləndirir. Siddiqlərin, şəhidlərin və salehlerin yoluna qovuşdurur. Allahü təala qullarının ibadətlərinə möhtac deyil. Qullarının günah işləməsi Ona heç vaxt zərər verə bilməz. Qullarının nəfslərini tərbiyə etmək, nəfslə cihad etmək üçün bunları əmr etmişdir.

 

Sual: Bir Müsəlmana nafilə oruc tutmaq, yoxsa İslamiyyətin əmrlərini öyrənib əməl etməkmi daha faydalıdır?
Cavab: Bu mövzu haqqında İmam Rabbani həzrətləri buyurur ki:
“İnsanlar, riyazət çəkmək dedikdə aclıq çəkməyi və oruc tutmağı zənn etdilər. Halbuki, dinimizin əmr etdiyi qədər yemək üçün diqqət etmək, min il nafilə oruc tutmaqdan daha çətin və daha faydalıdır. Bir insanın qarşısındakı yeməklərdən dinimizin əmr etdiyi qədər yeməsi, artığını saxlaması, şiddətli bir riyazətdir və digər riyazətlərdən çox üstündür.”

20-11-2022, 15:17
Geri