Gözəl İslam / İnsanın nəfsi kafirdir

İnsanın nəfsi kafirdir

Sual: İnsan haqqında “Nankor, mala düşkün, simic, zalım olduğu kimi, nəfsi kafir və qəlbi də xəstədir” deyirlər. O zaman insan, Allah düşməni olan kafir nəfsiylə, xəstə qəlbiylə, nankor və simic kimi pis xüsusiyyətlərlə necə doğru yolu tapıb Cənnətə gedə bilər?

CAVAB
Deyilənlərin hamısı Qurani-kərimdə vardır. İnsan bu deyilənlər kimidir. Nəfsimiz kafir yaradılıb və Allahü təalanın düşmənidir, daima haramlardan həzz alır. Bir hədisi-şərif:
“Haqq təala, “Nəfsinə düşmənlik et, çünki o Mənim düşmənimdir” buyurdu.” Mək. Rabbani]

Bir ayəti-kərimə məali:

“Nəfsi-əmmarə, əlbəttə, günahları, pislikləri əmr edir.” [Yusif 53]
Allahü təala kafir nəfsi yaratdığı kimi, ağlı da yaratdı. Ağıl, doğrunu səhvdən, haqqı batildən ayıran bir qüvvədir. Qəlb ağlı dinləsə, nəfs tərbiyə edilsə, zərərin qarşısı alınar. Qəlbin nəfsə aldanmaması, ona baş əyməməsi, nəfsimizlə cihadı-əkbərdir. Allahü təala cihad edənlərə Cənnətdə yüksək dərəcələr vəd edir. Nəfsimiz, insanların cihad savabına qovuşmalarına, mələklərdən üstün olmalarına səbəb olur. Göründüyü kimi nəfsimiz iki tərəfi kəskin bıçaq kimidir. Günah da işləyə bilər, cihad da edə bilər. Həmçinin zəhərli dərman kimidir. Həkimin tövsiyəsilə istifadə edilsə, bundan fayda qazanır. İstifadəsində həddi aşarsa həlak olur. İslamiyyət, nəfsin həlak edilməsini, yox edilməsini deyil, tərbiyə edilməsini, ondan istifadə edilməsini əmr edir. Tərbiyə edilərək istifadə olunsa, bu xoşagəlməz halları yox etmək olar.

İmam Rabbani həzrətləri buyurur ki: Təsəvvüf yolunda olmaqdan məqsəd, nəfsi təzkiyə və qəlbi təsfiyə etmək, yəni nəfsi və qəlbi xəstəliklərdən xilas etməkdir. Bəqərə surəsində, “Qəlblərində xəstəlik vardır” məalindəki 10-cu ayəti-kərimədə bildirilən xəstəlik müalicə edilmədikcə, həqiqi imana qovuşmaq mümkün olmaz.
Yer üzündə, yer altında və göydə olan hər şey insan övladı üçün yaradılmışdır. Tənəffüs etdiyimiz havanın belə şükrünü əda etməkdən acizik. İnsan, ona sayılmayacaq qədər nemət verdiyi halda, Allaha qarşı nankorluq edir. Bir ayəti-kərimə məali:

“Allahın [bu qədər] nemətini saymağa cəhd etsəniz saya bilməzsiniz. Doğrusu insan çox zalım, çox nankordur!” [İbrahim 34]

Daha bir çox ayəti-kərimədə insanın nankor olduğu bildirilmişdir.
“Adiyat” surəsinin 8-ci ayəsində bildirildiyi kimi insan, mala-mülkə çox düşkündür. Üstəlik də simicdir. “İsra” surəsinin 100-cü ayəsində, Allahü təalanın rəhmət xəzinələri verilsə belə insanın yenə simiclik edəcəyi bildirilir. İnsan özünü ehtiyacsız hiss etdikdə azğınlıq edir, bu da “Ələq” surəsinin 6-cı və 7-ci ayəsində bildirilmişdir.
Bizi yaradan Rəbbimiz, əlbəttə bizi bizdən daha yaxşı tanıyır. Yuxarıda insanın bəzi pis vəsflərindən bəhs edilmişdir. Xəstəliyi verən Allahü təala, bunların dəvasını da yaratmışdır. Allahü təalanın əmr və qadağalarına riayət etdikdə, qurtuluş ümidi artır. İnsan sadəcə namazı doğru qılsa, yuxarıda bildirilən bütün pisliklərdən qurtular. Bir ayəti-kərimə məali:

“Namaz, münkər və fəhşədən [ədəbsizlikdən, ağla və dinə uyğun gəlməyən hər cür pislikdən, hər cür günahdan] uzaqlaşdırır.” [Ənkəbut 45]
Bu halda əsas iş nəfsə tabe olmamaq, günahlardan çəkinmək və namazı doğru qılmaqdır.

23-10-2022, 18:54
Geri