Gözəl İslam / Maliki məzhəbini təqlid edən nələrə diqqət etməlidir

Maliki məzhəbini təqlid edən nələrə diqqət etməlidir

Sual: Diş dolğusu, əldə olmadan qaz və sidik qaçırma, qan, irin kimi hər hansı bir axıntı səbəbilə Malikini təqlid edən müsəlman nələrə diqqət etməlidir?
CAVAB
Maliki məzhəbini təqlid edən Hənəfi, sadəcə qüsldə, dəstəmazda və namazda, öz məzhəbinin şərtlərinə əlavə olaraq Malikinin fərzlərinə uyub müfsidlərindən çəkinməlidir. Digər xüsusları eynilə Hənəfi kimi edər. Sünnət və məkruhlarda öz məzhəbinə uymalıdır.

Hənəfidən fərqli halllar bunlardır:
1- Qüsldə niyyət, müvalat (ara verməmək) və dəlk (ovmaq)  fərzdir.

a) Qüsl, dəstəmaz və namaza başlayarkən niyyətdə Maliki məzhəbinə uymağa niyyət etmək lazımdır. [Dəstəmaz və ya qüsl aldıqdan, yaxud namaz qıldıqdan sonra Malikiyə uymağa niyyət etmədiyini xatırlayanın, “Bu dəstəmazı və ya qüslu Malikiyə görə aldım, namazı Malikiyə görə qıldım” desə, yenidən dəstəmaz, qüsl alması və ya namaz qılması lazım deyil.]

Niyyət, qüslə başlayarkən edilir. Yaddan çıxarsa qüsldən sonra xatırladığı zaman niyyət etmək də səhihdir. Qüslə başlayarkən cənabətlikdən təmizlənməyə niyyət edilir; cənabət olduğunu bilərək qüsl edən, buna niyyət etmiş sayılır.

Müvalat, üzvləri ara vermədən ardıcıllıqla yumaqdır.

Dəlk, yuyulan yerləri əl və ya dəsmal ilə yüngül ovmaqdır. Toxunmaq da dəlk yerinə keçir.

b) Qüsldə saçı hilallamaq, [saç arasına iki əlin barmaqlarını salıb çəkmək] fərzdir. [Hilallamaq, daraqla da ola bilər.]

c) Qadın, qüsldə saçların dibinə, yəni başındakı dəriyə su dəydirə bilirsə, saçındakı hörüyü açmaz. Yəni, hörüklü saçın dibi islanırsa, açmadan hörüyün üstünü islatmaq kifayətdir. Saçın dibi islanmazsa, hörüyü açmaq lazımdır. Hörülməmiş saçların hər tərəfini yumaq fərzdir. [Hənəfidə də belədir.]

d) Qüsldə yuyulmamış yer qaldığını bir ay sonra belə xatırlayan, yalnız o hissəni dərhal yumalıdır. Yuyulmazsa qüsl batil olur.

2- Dəstəmazda; niyyət, müvalat, dəlk, başın hər tərəfini məsh etmək fərzdir. Niyyəti əlləri, ağzı, burnu və ya üzü yuyarkən etmək lazımdır.

a) Dəstəmazda qaşların və kipriklərin altındakı dərini yumaq, qulaq arxasıyla saç arasındakı dərini və qulaq yumşağının önündəki saç və dərini məsh etmək fərzdir.

b) Altında dəri görünən seyrək saqqalı məsh etmək, sıx saqqalı isə yumaq fərzdir.

c) Qadın, saçının hər tərəfini məsh etməlidir. Hörüklü saçını açmaz. Hörüyün üstündən məsh edər.

d) Ayaq barmaqlarını hilallamaq müstəhəbdir. Dəstəmaz alarkən əl barmaqları açılıb bağlandığı üçün təbii olaraq dəlk əmələ gəlir, ayrıca hilallamağa ehtiyac yoxdur. Amma hilallamağın da zərəri yoxdur.

3- a) Oğlana, xanımına və ya yad qadına [Dərisinə və ya saçlarına] şəhvətlə toxunan kişinin, kişilərə şəhvətlə toxunan qadının dəstəmazı pozulur. Şəhvətsiz toxunarsa dəstəmaz pozulmaz. [Özünün ön ədəb yerinə, əlinin içi ilə və ya barmaqların içi ilə toxunan kişinin dəstəmazı pozulur.]

b) Qan, irin, sarı su xəstəlik səbəbilə çıxarsa, qaz əldə olmadan çıxarsa, yəni tutmaq mümkün olmasa, sidiyi saxlamaq mümkün olmasa, bunlar dəstəmazı pozmaz. Həmçinin, qadınlardakı axıntı da dəstəmazı pozmaz.

c) Saç təraşı olduqda, dırnaq kəsildikdə dəstəmaz pozulmaz. Saqqal təraşı olduqda pozar deyən alimlər də olduğu üçün, jiletlə və ya ülgüclə saqqal təraşı olduqda, dəstəmaz almaq yaxşı olar.

d) Dəstəmazının pozulduğunu bilib, sonra dəstəmaz aldığında şübhə edən, dəstəmaz almalıdır. Dəstəmaz aldım yoxsa almadım, dəstəmazım pozuldu, yoxsa pozulmadı deyə şübhə edənin dəstəmazı pozulmuş sayılır. Əgər, dəstəmaz aldığını və pozulmadığını xatırlayarsa dəstəmazı pozulmuş olmaz.

e) Hənəfidə, namazda yatmaq dəstəmazı pozmaz. Namaz xaricində, yəni hündürdə uzanaraq, bir şeyə söykənərək yatmaq dəstəmazı pozar, amma Malikidə, namazda da, namaz xaricində də olsa, yuxu ağır deyilsə pozmaz. Ağır olsa pozar. Məsələn, əttəhıyyatuda yatıb qalanda dəstəmaz pozulur, amma yüngül şəkildə yatmaq, dəstəmazı pozmaz.

f) Yatsı (İşa) namazının vaxtı, İmameynə görə, işayi-əvvəldən, yəni qərbdə zahiri üfüq xətti üzərində qırmızılıq itdikdən sonra başlayır. Digər üç məzhəbdə də belədir. İmam azama görə, işayi-sanidən, yəni ağartı itdikdən sonra başlayır. Hənəfidə, şəri gecənin sonuna, yəni fəcri-sadiqin ağarmasına qədərdir. Qırmızılığın itməsi, günəşin üst kənarının, üfüqi səthinin altında, 17 dərəcə irtifaya endiyi vaxtdır. Bundan sonra, yəni 19 dərəcə irtifaya endikdə, ağartı gözdən itir. Şafii məzhəbində yatsı namazının son vaxtı, şəri gecənin yarısına qədərdir, deyən alimlər vardır. Yatsını, şəri gecənin yarısından sonra qılmaq, onlara görə caiz deyildir. Hənəfidə isə, məkruhdur. Malikidə şəri gecənin sonuna qədər qılmaq səhih olsa da, üçdə birindən sonra qılmaq günahdır.

4- Təyəmmüm, namaz vaxtı girdikdən sonra edilir.

5- a) Məstin üst və altı tamam məsh edilir. Məsti, ayağı yumaq çətinliyinə görə geyinmək səhih olmaz. Sünnətə uymaq və ya soyuqdan qorunmaq niyyətilə geyinmək lazımdır. Heç niyyət etmədən geyilsə, sonra bu məsti sünnətə uymaq niyyətilə geyindim deyilsə yenə niyyət səhih olur.

b) Məst üzərində heç bir nəcasət olmamalıdır . Məstin təmiz olması fərzdir.

c) Məst dəridən olur, yundan olmaz.

d) Malikidə məstin məsh müddəti yoxdur. Cünub olana qədər çıxarmağa ehtiyac yoxdur. Sadəcə Cümə günləri qüsl üçün çıxarmaq sünnətdir. Malikini təqlid edən, 24 saatdan artıq geyinə bilməz. Çünki öz məzhəbi olan Hənəfidən çıxılmış sayılmaz.

6- Namazda hər rükətdə Fatihə oxumaq, iki səcdə arasında oturmaq, rükuda, səcdələrdə tumaninət, yəni sakit durmaq və namazın sonunda salam vermək fərzdir. [Camaat, imamın arxasında Fatihə oxumaz. Eynilə Hənəfilər kimi əməl olunsa bu fərzlər də yerinə yetirilmiş olar.]

7- Əl üzərinə səcdə səhih deyildir. Şafii və Hənbəlidə də belədir. Hənəfidə tənzihən məkruhdur.

8- Fasiq və ya bidət əhli imama uymaq səhih deyildir.

9- Malikini təqlid edən, bir ehtiyac olduğunda səfərdə Malikini təqlid edərək iki namazı cəm edə bilər.

10- Səfərdə giriş - çıxış günləri xaric, 4 gün və ya daha çox qalmağa niyyət edən, mükimdir. 4 gündən əvvəl bitəcəyini zənn etdiyi işi üçün getdiyi yerdə, bəlkə sabah qayıdaram deyib 18 gündən çox qalanda mükim olur.

11- Səfərdə 10 gün qalan 15 gündən az qaldığı üçün Hənəfiyə görə qonaq sayılsa da, Malikiyə görə mükim sayılır. Çünki giriş-çıxış günləri xaric, 4 gün və ya daha çox qalmağa niyyət edən, Malikidə mükim olur. 3 gün və ya daha az qalarsa səfəri olar. Əgər Hənəfiyə uyub, 3 gündən çox qaldığı yerdə 2 rükət qılarsa, namaz səhih olmaz. Çünki Malikidə mükim olanın 4 rükət qılması fərzdir. Hənəfidə isə səfərdə 4 rükət qılmaq məkruhdur. Maliki fərz dediyi üçün fərzə uyulub, 4 rükət qılınır.

Giriş-çıxış günündə ölçü imsaq vaxtıdır. Gün, orucda olduğu kimi imsaq vaxtında başlayır, ertəsi günü imsaq vaxtına qədər davam edir.

Məsələn, Bakıya imsaq vaxtından sonra, sübh azanı oxunarkən girən kimsə, giriş günü olduğu üçün o günü saymaz. Əgər imsaq vaxtından əvvəl girərsə, imsaq vaxtından sonrakı gün giriş günü olmaz. İmsaq vaxtından sonra çıxarsa, o gün çıxış günüdür.

Deməli, bir kimsə, bir yerə günəş doğarkən girsə, o gün giriş günü olduğu üçün hesab edilmir. Üç gün qaldıqdan sonra, dördüncü günü imsaq vaxtından sonra, məsələn, günəş doğarkən oradan çıxsa, giriş-çıxış günləri sayılmadığı üçün o kimsə, üç gün o yerdə qalmışdır və səfəridir. (Mənahicül-ibad)

80 km-lik məsafəyə getdikdə Malikidə səfəri olsa da, Hənəfidə səfəri olmaz. Burada Malikiyə uyub 2 rükət qılınarsa, Hənəfiyə görə namaz səhih olmaz, 4 rükət qılmaq fərzdir.

Bir məzhəbi təqlid, öz məzhəbindən çıxıb, o məzhəbə girmək demək deyildir. O məzhəbdəki təqlid edilən məsələnin yalnız fərzlərinə və müfsidlərinə uyulur. Hənəfidə sünnət olan bir şey, Malikidə məkruh olsa da o iş görülür. Məsələn:

a) Hənəfi məzhəbində, namaz qılarkən, Fatihədən əvvəl, Əuzü Bəsmələ çəkmək sünnət, Malikidə məkruhdur. Malikini təqlid edən, Əuzü Bəsmələ oxumalıdır.

b) Malikidə Sübhanəkə oxumaq məkruh, Hənəfidə sünnətdir. Malikini təqlid edən Sübhanəkə oxumalıdır.

c) Bir qadının üzrlü halı 13 gün davam edirsə, bu qadının Hənəfiyə görə 10 gündən sonrakı günləri üzrlü olduğu üçün qüsl alıb namazlarını qılar. Malikidə, üzrlü hal 15 günə qədərdir. 15 günə qədər qan kəsilmədən namaz qılmaq olmaz. Belə qadın, 15 günə qədər qan kəsilməzsə, gözləməlidir. 16-cı günü qüsl alıb namaza başlamalıdır. Hənəfinin fərz dediyi 10 gündən sonrakıları da qəza etməlidir. Nifasda da vəziyyət eynidir. Yəni Malikiyə görə nifas olan, amma Hənəfiyə görə nifas olmayan günlərdə qılınmayan namazlar sonradan qəza edilməlidir. Beləliklə, hər iki məzhəbin fərzlərinə uyulmuş, müfsidlərindən çəkinmiş olur.


29-11-2020, 17:30
Geri