Gözəl İslam / Muhamməd Baqibillah

Muhamməd Baqibillah

Muhamməd Baqibillah həzrətləri, silsiləyi-aliyyənin iyirmi ikincisidir. İmam Rabbani həzrətlərinin xocasıdır. 1563-cü ildə Kabildə doğuldu. Kabildən Səmərqəndə gedib, zamanın ən böyük alimlərindən olan Mövlana Sadiqi-Xulvanidən gərəkli elmləri öyrəndi. Yüksək yaradılışı və qabiliyyəti ilə qısa zamanda, tələbələr arasında ən yüksək səviyyəyə çatdı. Sonra təsəvvüfə yönəlib, bu yolun böyük alimlərindən batini elmləri öyrənərək yüksək dərəcəyə çatdı. Xacəgi Əmkənəgi həzrətlərinin söhbətləri, Bəhaəddin Buxari və xəlifələrinin ruhaniyyətlərinin köməyi ilə, bu böyüklər silsiləsinə daxil oldu.

Muhamməd Baqibillah həzrətləri xocasının əmrilə Hindistana gedib, bir il Lahorda qaldı. Oradakı alimlər onun söhbətinə gəlib, istifadə etdilər. Sonra Dehliyə gedib, vəfatına qədər orada qalaraq, insanlara doğru yolu anlatdı. İki-üç il kimi qısa bir müddətdə olduqca çox alim və vəli yetişdirdi. Onun yetişdirdiyi böyüklərin başında, özündən sonra xəlifəsi olan, ikinci min ilin mücəddidi, İslam alimlərinin göz bəbəyi İmam Rabbani gəlir. İmam Rabbani həzrətləri yetişib kamala çatdıqda, Muhamməd Baqibillah həzrətləri bütün tələbələrinin yetişdirilməsini ona buraxdı.

Əmri-məruf və nəhyi-münkər edərkən, şiddət və sərtlik göstərməzdi. Bir kimsə dinə uyğun olmayan bir iş etsə və ya söz söyləsə, yumşaqlıqla, kinayə və eyham ilə çəkindirər, qəlb qırmaq istəməzdi. Əmri-məruf edərkən, özünü digər insanlardan ayırmamaq və üstün görməmək üçün çox səy sərf edərdi. Söhbətlərində heç bir müsəlman pislənməzdi. Əgər birinin qəlbindən bir müsəlman haqqında pis bir düşüncə keçsə, dərhal haqqında pis düşünülən kimsəni tərifləyici sözlər söyləyərək danışmağa başlayardı.

Xanı-Xanan adıyla məşhur olan padşah Əbdürrahim Xan onu sevənlərdən biri idi. Baqibillah həzrətlərinin həccə gedəcəyini eşidəndə, yolpulu olaraq bol miqdarda pul göndərdi. “Bu hədiyyəmi, lütf edərək qəbul buyurun əfəndim” dedi. O isə, “Müsəlmanların pullarını xərcləyərək həccə getməyimiz uyğun olmaz” deyərək qəbul etmədi və həccə də getmədi.

Yemək bişirənin dəstəmazlı olmasını, yemək bişirərkən dünya kəlamı söylənməməsini tapşırardı. “Saleh olmayanın yeməkləri feyzin gəlməsinə mane olar” buyurardı. Övliyadan bir şəxs gəlib; “Halımda bir bağlanma, qəlbimdə bir sıxıntı hiss edirəm, amma qəbahətimin nə olduğunu anlaya bilmirəm” dedi. Xacə həzrətləri, “Yeməyində ehtiyatsızlıq vaqe olub” buyurdu. “Hər gün eyni yeməkləri yeyirəm” dedi. Xacə həzrətləri, “Yaxşı fikirləş” dedi. Yaxşıca fikirləşdikdə, “Bəli əfəndim indi xatırladım, yemək bişərkən, halal olduğu sübhəli iki-üç odun yandırılmışdı” dedi.

Bir gün Xacə Hüsaməddinin xəbər verməsilə, məmurlar içki içən və başqa pisliklər edən bir gənci tutub həbsə atdılar. Xacə həzrətləri bunu eşidəndə, Xacə Hüsaməddinə giley etdi. O da: “Çox pis bir gəncdir” deyincə, kədərli bir şəkildə, dərin bir ah çəkib buyurdu ki: “Sən özünü yaxşı gördüyün üçün o sənə pis görünür. Fəqət biz özümüzü ondan fərqli görmürük. Necə olar ki, onu pisləyərik?”
Sonra o gənci, həbsdən çıxardılar. O gənc, qonşusu Xacə həzrətlərinin yaxın diqqəti qarşısında son dərəcə məmnun olub, günahlarına tövbə edərək salehlərdən oldu.

22-02-2023, 19:14
Geri