Gözəl İslam / Seyid Əmir Gilal

Seyid Əmir Gilal

Seyid Əmir Gilal həzrətləri, Silsiləyi-aliyyənin on dördüncüsüdür. Həzrəti Hüseynin soyundandır. Övliyanın məşhurlarından olan Muhamməd Baba Səmmasinin tələbəsi və Bəhaəddini Buxari həzrətlərinin xocasıdır. Dulusçuluq ilə məşğul olduğu üçün “Gilal” və ya “Külal” adıyla məşhur olmuşdur.

Hər anını İslamiyyətə uyğun olaraq keçirmiş, bir çox kimsə onun söhbət və dərslərində kamala çatmışdır. Anası belə anladır: “Əmir Gilala hamilə ikən, şübhəli bir loğma yesəm, qarın ağrısına tutulardım. O loğmanı mədəmdən geri çıxarmadıqca, qarın ağrısından qurtula bilməzdim. Bu hal başımdan üç dəfə keçdi. Sonra xeyirli bir uşağa hamilə olduğumu anladım. Bunun üzərinə yediyim loğmaların halaldan olmasına çox diqqət edib, ehtiyatlı davrandım.”

Saleh şəxslərdən biri vəfat edəcəyi sırada, cənazə namazını Əmir Gilal həzrətlərinin qıldırmasını vəsiyyət etmişdi. Lakin o, uzaq bir yerdə idi. O şəxs vəfat edəndə, o diyarın alimləri toplandı. Onun çağırılması üçün, olduğu yerə bir nəfər göndərək dedilər. Bunun üzərinə orada olan Şeyx Sufi; “Xəbərçiyə ehtiyac yoxdur, özünə məlum ola bilər” dedi. Hər ehtimala qarşı, iki nəfər gedib, xəbər vermək üçün hazırlanmışdı. Tam gedəcəkləri sırada, Əmir Gilal həzrətləri birdən qarşıdan göründü. Bundan sonra vəfat edən şəxsin cənazə namazını qıldırdı. Oradakı alimlər, bu iş üçün ona necə məlum olduğunu soruşdular. O da bu hədisi-şərifləri bildirdi:
(Qəlb, qəlbə qarşıdır.)

(Mömin, möminin aynasıdır.)

(Hər qabdan içindəki sızar.)

Kəramətdən soruşdular. Buyurdu ki: “Övliyanın kəraməti haqdır. Ağıl və nəql etibarilə caizdir. Bu barədə çox nəqllər vardır. Süleyman əleyhissəlamın vəziri Asafın, Bəlqısın taxtını bir anda Sənadan Qüdsə gətirməsi kimi. Bir başqa misal; Həzrəti Ömər, bir dəfə Mədinədə, xütbə oxuyarkən, İrandakı İslam ordusunu görüb, ordu komandirinə; “Ya Sariyə, dağa yanaş dağa!” buyurdu. Uzaqda olan komandir Sariyə və ordunun nəfərləri, bu səsi eşidib dağa çəkildi. Düşmənin təhlükəli hücumundan qorundu. Övliyadan meydana gələn kəramət, Peyğəmbər əfəndimizin möcüzəsi səbəbilədir.

Ölüm xəstəliyində, tələbələrinə belə vəsiyyət etdi:
“Elm öyrənərək Muhamməd əleyhissəlamın yoluna tabe olmaqdan əsla ayrılmayın. Bu, mömin üçün bütün səadətlərin vasitəsidir. Hər Müsəlman kişinin və qadının, özünə lazım olan din bilgilərini öyrənməsi fərzdir. Bunlar, sırayla bu bilgilərdir: İman, Namaz, Oruc, Zəngin isə, zəkat və həcc, ana-ata haqqını öyrənmək.

Allahu təalanın özündən razı olmasını istəyən, ana və atasının rizasını qazanar. Rəsulullah əfəndimiz; “Allahu təalanın rizası, ana atanın rizasını qazanmaqla əldə edilər” buyurdu. Bu baxımdan, ana atanın haqqını gözləmək mühümdür. Sılayi-rəhm (qohumu ziyarət), qonşu haqqını gözləmək, lazım olan alış-veriş bilgilərini öyrənmək, halalı və haramları öyrənmək lazımdır.

Yenə buyurdu ki:
“İxlaslı olun. Hər işinizi Allah rizası üçün etsəniz, qurtularsınız. İxlassız edilən əməl, üzərində padşahın möhrü olmayan keçməz pul kimidir. Üzərində padşahın sikkəsi olmayan pulu heç kim almaz. Üzərinə möhür vurulanı isə hər kəs alar. İxlas ilə edilən az əməl, Allahu təala qatında çox əməl kimidir. İxlassız edilən çox əməlin isə, Haqq qatında qiyməti yoxdur. Etdiyiniz hər ibadəti və işi, ixlas ilə edin. Beləcə Allahu təalanın rizasını qazananlardan olarsınız.”

 

19-10-2022, 17:10
Geri