Gözəl İslam / Səlmanı Farisi

Səlmanı Farisi

Səlmanı Farisi həzrətləri, əshabı-kiramın böyüklərindən və məşhurlarındandır. Əhli-beytdən sayılmışdır. İnsanları Haqqa dəvət edən, doğru yolu göstərərək səadətə qovuşduran və özlərinə Silsiləyi-aliyyə deyilən böyük alim və vəlilərin ikinci halqasıdır.

Xəndək döyüşündən etibarən bütün qəzvələrə qatıldı. Bədir və Uhud döyüşündən sonra, Mədinə üzərinə üçüncü dəfə yeriyən müşriklərə qarşı necə bir müdafiənin edilməsi gərəkdiyi məşvərət edilirdi. Bütün müşriklərin birləşərək hücum etdiyi bu döyüşdə Səlmanı Farisi, Rəsulullaha xəndək qazmaq surətilə müdafiə etməyi söylədi. Onun bu təklifi qəbul edilib, xəndək qazıldı. Bu səbəblə bu döyüşə Xəndək Döyüşü deyildi. Səlmanı Farisi, içlərində Əmr ibn Əvf, Huzeyfə ibn Yəman, Numan ibn Muqarrin ilə Ənsardan altı nəfərin olduğu bir qrupla birlikdə idi. Özü güclü və qüvvətli bir şəxs idi. Xəndək qazma işində olduqca mahir və bacarıqlı idi. Tək başına on nəfərin qazdığı yeri qazardı. Cabir ibn Abdullah: “Səlmanın özünə ayrılan beş arşın uzunluğunda, beş arşın dərinliyində yeri vaxtında qazıb bitirdiyini gördüm” buyurmuşdur.

Xəndək döyüşündəki səy və xidmətindən ötrü ona Peyğəmbər əfəndimiz “Səlmanül-Xayr” “Xeyirli Səlman” buyurdu.

Əshabı-kiram tərəfindən də çox sevilib hörmət görərdi. Səlmanı Farisi həzrətləri dünyaya heç rəğbət etməzdi. Özünə gələn bütün dünya malını Allah rizası üçün dağıdardı. Ayaqda dayana bilməyəcək hala gələnə qədər namaz qılar, sonra bədəni yorulanda oturar dili ilə zikr edərdi. Dili yorulduğu zaman da Allahu təalanın yaratdığı şeylərdəki hikmətləri düşünərdi ki, bu təfəkkürü Peyğəmbər əfəndimizin “Bir saat təfəkkür min il ibadətdən xeyirlidir” buyurduqları təfəkkür idi. Bir az dincəldikdə “Ey nəfsim sən yaxşı dincəldin. İndi qalx Allahu təalaya ibadət et.” Dilinə də “Ey lisanım, sən də Allahu təalanın zikrinə başla” deyərdi.

Səlmanı Farisi həzrətləri zatən Əshabı-Suffə deyilən və Peyğəmbər əfəndimizin özlərini şəxsən elm öyrənməklə vəzifəli qıldıqları və Peyğəmbərimizidən müqim ikən və səfərdə bir an ayrılmayan kimsələrdən idi. Bəzi gecələr Rəsulullahın hüzurunda olaraq baş-başa saatlarca söhbətində qalardı.

Əlində mal saxlamazdı. Kində qəbiləsindən bir xanım ilə evlənmişdi. Evləndiyi qadının evinə girdiyi vaxt divarlarına bəzək əşyalarının asılmış olduğunu gördü.

Zinətli, bəzək örtülərin Kəbəyi-Müəzzəməyə yaraşacağını söylədi və evə girmədi. Qapının örtüsü xaric bütün örtülər qaldırıldı. Evə girdiyi vaxt bir xeyli mal gördü. “Bunlar kimin üçündür?” deyə soruşdu. Dedilər ki, “Sənin və xanımının malıdır.” Buyurdu ki: “Rəsulullah mənə bunu tövsiyə etmədi. Mənə bir yolçunun malından və ehtiyacından artıq bir şey saxlamamağımı tövsiyə etdi.” Bir az sonra bir xidmətçi gördü. “Bu xidmətçi kimindir?” deyə soruşdu. “Sənin və əhlinindir” dedilər. Buyurdu ki: “Xəlilim (sallallahü aleyhi və səlləm) mənə bunu tövsiyə etmədi və evində nikahlı zövcəndən başqa kimsə saxlama, buyurdu. Əgər saxlasam onlar qadınların etməsi lazım gələn şeyləri (yalanı, yola getməməyi, dedi-qodunu) edərlər deyə tövsiyə etdi.” Bunun üzərinə xidmətçi qadını da göndərdi. Daha sonra xanımının yanına girdi və ona “Sən mənə əmr etdiyim şeylərdə itaət edəcəksənmi?” deyə soruşdu.

Xanımı, “Sənin məclisinə itaət etmək üzrə oturdum.” Yəni sənə itaət etmək üzrə gəldim, evləndim dedi. Bunun üzərinə Xəlilim (sallallahü aleyhi və səlləm) mənə buyurdu ki, “Sən əhlinlə Allahu təalanın əmrlərini yerinə yetirmək üzrə bir araya gəl” dedi.

Bundan sonra namaz qılmaq üçün qalxdı və əhlinə də namaz qılmasını əmr etdi. Çox ibadət edib gözyaşı tökdü və bərəkətli qılması üçün Allahu təalaya dua etdi. Səlmanı Farisi həzrətləri xanımı ilə də çox zahidanə bir həyat sürdülər. Əshabı-Suffə içərisində Rəsulullahın qarşısında, İslam elmlərini öyrənirdi. Həzrəti Səlman (radıyallahü anh) illərcə kasıblıq və köləlik içərisində çəkdiyi çətinlikləri, vəhy bulağının duru sularından, bol-bol içib bərtərəf edirdi. Əhli Suffə içərisində Rəsulullah əfəndimizə ən yaxın olan Səlmanı-Farisi həzrətləri idi. Həzrəti Aişə anamız buyurdu ki: “Səlmanı Farisi gecələri uzun zaman Rəsulullah ilə birlikdə qalardı və söhbətində olardı. Az qala Rəsulullahın yanında bizdən çox qalardı. Peyğəmbər əfəndimiz: “Allahu təalanın mənə sevdiyini bildirdiyi, mənim də sevməyimi əmr etdiyi dörd nəfərdən biri Səlmandır” buyurdu.

Həzrəti Əbu Bəkr dövründə Mədinədən və Həzrəti Əbu Bəkrin söhbətindən bir an ayrılmayan Həzrəti Səlman, Həzrəti Ömər zamanında İran fəthinə qatılmışdır. İslam ordusunun böyük zəfərlərə qovuşduğu bu səfərlərdə çox böyük xidmətləri olmuşdur, İranlılar haqqında böyük məlumat sahibi idi. Çünki özü İranlı idi. İranlıları öz dilləri ilə dinə dəvət edir, onlara İslamiyyəti anladırdı. İranlılar döyüşlərində fil istifadə edirdilər. Müsəlmanlar o zamana qədər fil görmədikləri üçün çaşıb-qaldılar. Həzrəti Səlman fillərlə necə döyüşüləcəyini və necə öldürüləcəyini İslam əsgərlərinə göstərdi. İranın Mədayin şəhəri alınınca onu Həzrəti Ömər şəhərə vali təyin etdi. Elmi, bəsirəti, vəzifəsindəki ədaləti və nəzakəti ilə Mədayin xalqı tərəfindən çox sevilib sayıldı. Beləcə İslamiyyət orada sürətlə yayıldı.

Səlmanı Farisi həzrətləri Həzrəti Ömər zamanında Mədayin valisi ikən otuz min nəfərə xütbə oxuduğu zaman yanında da iki parçadan ibarət bir aba vardı. Abasının bir parçasını namazlıq olaraq sərib namaz qılar, digər parçasını da geyərdi. Ondan başqa heç bir paltarı yox idi. Vali olduğu üçün özünə maaş verildi. Maaşını aldığı vaxt ondan heç bir şey xərcləməz hamısını kasıblara dağıdardı. Öz əməyi ilə dolanardı. Torpaqdan qab-qacaq düzəldər üç dirhəmə satardı. Onun bir dirhəmi ilə bir daha qab düzəltmək üçün ləvazimat alar, bir dirhəmini sədəqə verər, bir dirhəmilə də evinin ehtiyacı olan şeylər alardı.

Mədayində vali ikən Şamdan bir kimsə gəldi. Yanında bir çuval əncir vardı. Səlmanı Farisi həzrətlərini tək bir aba ilə görüncə işçi zənn etdi. “Gəl bunu daşı” dedi. O da çuvalı yükləndi və yeriməyə başladı. Bunu görənlər, adama, “Sən nə edirsən bu validir” dedilər. Adam, “Qüsurumu bağışlayın, sizi tanıya bilmədim. Çuvalı endirin” dedi. Həzrəti Səlman; “Xeyr niyyət etdim gedəcəyin yerə qədər aparacağam” dedi və adamın evinə qədər apardı.

Çox sadə bir həyat yaşayan Səlmanı Farisi həzrətləri, Həzrəti Osman dövründə xəstələndi. Bu sırada özünü ziyarətə gələn Sad ibn Əbi Vəqqasa artıq dünyadan ayrılacağam və bütün sərvətinin bir kasa (tas), bir ləyən, bir kilim və bir həsirdən ibarət olduğunu söylədi. Özünü ziyarətə gələn Əshabı-kiram nəsihət istəyincə, onlara xəstə olduğu halda davamlı nəsihət edirdi. Bu xəstəliyi nəticəsində Mədayində vəfat etdi.

Elm öyrətməyi çox sevərdi. Çox alim yetişdirmişdir. Əbu Said əl-Hudri, İbni Abbas, Evs ibn Malik, onun tələbələri arasında idi. Tabiinin böyüklərindən və o zaman Mədinədə Füqəhayı-Səba deyilən, yeddi böyük alimdən biri olan, Qasım ibn Muhamməd də Səlmanı Farisinin tələbələrindəndir. Onun dərslərində və söhbətlərində kamala yetmişdir.

Səlmanı Farisi həzrətləri, Rəsulullah əfəndimizin hüzurunda və söhbətlərində kamala çatdı. Zahir və batin elmlərində çox yüksək dərəcələrə qovuşdu. Əshabı-kiramın hamısı da belə olmuşdu. Fəqət Rəsulullahdan hərkəs, öz qabiliyyəti və gücü qədər feyz alardı. Həzrəti Əbu Bəkrin qovuşduğu dərəcələrə heç bir Səhabə qovuşa bilmədi. Səlmanı Farisi həzrətləri, Rəsulullahdan sonra Həzrəti Əbu Bəkrin söhbətində və xidmətində də çox bulunaraq, ondan da feyz aldı.

Xanımı anladır:
Vəfatına yaxın mənə: “Evdə bir az müşk olmalıdır, onu suya qoy və başımın ətrafına saç, insan və cin olmayan kimsələr (mələklər) yanıma gələcəklər” dedi. Söylədiyi kimi etdim. Çölə çıxdım. Otaqdan, “Əssəlamü aleykə, ey Allahın vəlisi və Rəsulullahın yoldaşı” deyən bir səs eşitdim, içəri girəndə ruhunu təslim etmişdi. Yatağında yuxuda kimiydi.

Said ibn Müsəyyəb, Abdullah ibn Səlmandan nəqlən anladır:
“Səlmanı Farisi mənə: “Ey qardaşım, hansımız əvvəl vəfat etsək, vəfat edən özünü, həyatda olana göstərsin” dedi, mən də bu mümkündürmü? dedim. “Bəli, mümkündür. Çünki möminin ruhu bədənindən ayrılınca, istədiyi yerə gedə bilər; kafirin ruhu Siccində həbs edilmişdir” dedi. Səlman vəfat etdi. Bir gün qaylulə edərkən (gün ortasında yatarkən) Səlmanın gəldiyini gördüm. Salam verdi. Salamına cavab verdim. Yerindən razısanmı deyə soruşdum, “Yaxşıdır. Təvəkkül et. Təvəkkül nə yaxşı şeydir” dedi və üç dəfə təkrarladı.”

Səlmanı Farisi həzrətlərinin elmi ilə fəziləti olduqca çox idi. Hər elmdə alim idi. Həzrəti Əli, “Səlmanı-Farisi əvvəlkilərin və sonrakıların elmini öyrənmiş bitməz tükənməz bir dənizdir” buyurmuşlardır. Rəsulullaha sidq və məhəbbəti səbəbilə Əshabı-kiramın güzidələri arasına Rəsulullah tərəfindən daxil edildi. Mühacirlərlə Ənsar arasında, Mühacirlərdənmi yoxsa Ənsardanmı olması məsələsində ixtilaf çıxınca Peyğəmbər əfəndimiz, “Səlman bizdəndir, əhli-beytdəndir” buyurdu.

Səlmanı Farisi həzrətlərinin qiymətli nəsihətlərindən bəziləri belədir:
“Mömin, təbibi yanında olan xəstəyə bənzər. Təbibi, ona yarayan və yaramayanı bilər. Xəstə, özünə zərərli bir şeyi istəyərsə, mane olar və yesən ölərsən dəyər. Möminin halı budur. O bir çox şeyləri arzulayar, amma Allahu təala mane olar, ta ölənə qədər. Sonra Cənnətə gedər.”

“Təəccüb edilər o kimsəyə ki, dünyaya hərisliklə sarılar, amma ölüm onu aramaqdadır. Unutmuş amma unudulmuş deyildir. Gülər, amma bilməz ki, Rəbbi ondan razıdırmı, yoxsa deyildirmi?”

“Üç şey məni heyrətə düşürdü. Bunlar; ölüm özünü yaxalamaq üzrə olduğu halda, dünyalıq ardında olan kimsələrin halı, özü qəflətə dalıb, özünü unutduğu halda unudulmamış olub, həsaba çəkiləcək olan kimsələr və Rəbbinin özündən razı olub-olmadığını bilmədiyi halda, ağız dolusu gülən kimsələrin halı.”

“Elm çoxdur fəqət ömür qısadır. O halda əvvəlcə dində zəruri lazım olan elmləri öyrən!”

“Qəlb ilə bədənin halı kor və topal bir kimsənin halı kimidir. Kor bir ağacın altına gedər, amma onda meyvə olduğunu görə bilməz. Topal, ağacdaki meyvəni görər amma ala bilməz. İlahi nemətləri qəlb bilməli, inanmalı, bədən də onunla əməl etməlidir ki, axirətdəki sonsuz nemətlərə qovuşmaq nəsib olsun.”

“Sizlər mümkün olduğu qədər səhər bazara ilk çıxan və axşam ən son qayıdan olmayın. Çünki bu iki vaxt şeytanların hərb etdikləri zamanlardır.”

“Bir kimsə Allahu təalaya açıq günah işləyərsə; tövbəsi açıq, gizli olaraq günah işləyərsə tövbəsi gizli olar. Tövbə etdikdən sonra “Ya Rəbbi bu tövbə ilə günahımı əfv et” deyə dua etsin.”

“Bir zənginlə yoldaş oluğun vaxt, onun yanında dərəcəni aşağı salmaq istəmirsənsə ondan bir şey istəmə. Çünki istəmək insanoğlunun üzündə qara bir ləkədir. Veriləni rədd edən kimsə isə, verənin gözündə böyük və ona qarşı məqamını qorumuş olar.”

“Fərzləri tam yerinə yetirmədiyi halda, nafilələrlə dərəcəsini yüksəltməyə çalışan kimsənin halı, sərmayəsi əlindən çıxdığı (iflas etdiyi) halda mənfəət ardınca qaçan bir tacirin halına bənzər.”

“Möminin ölüm zamanında alnının tərləməsi, gözləri yaşarıb, burun dəliklərinin qabarması, Allahu təalanın rəhmətinə nail olduğunun əlamətidir.”

“Namaz bir ölçəndir. Kim dolu-dolu ölçər, onu lazım olduğu kimi qılarsa, böyük əcr və mükafata qovuşar. Kim ki, əskik ölçərsə (ədəb-ərkanına uyğun qılmazsa) Allahu təalanın buyurduğu Veyli (Cəhənnəmi) xatırlasın.”

Əbu Vail deyir ki:
Bir yoldaşımla Səlmanın ziyarətinə getdim. Bizə bir miqdar arpa çörəyi ilə bir az da duz gətirdi. Yoldaşım “Bu duzun yanında bir az da satər (kəklikotu kimi bir ot) olsaydı” dedi. Bunun üzərinə Səlman mətərəsini girov qoyaraq o otu aldı gəldi. Yeməyi bitirincə yoldaşım, “Bizə verdiyi nemətə qənaət etdiyimiz, Allahu təalaya həmd edirik” dedi. Səlman: “Əgər qənaət etsəydin, mətərə girov olmazdı” buyurdu.

Olduqca az yeyərdi. Bir süfrədə ona daha çox yeməsi üçün israr edilincə, Peyğəmbər əfəndimizin özünə; “İnsanların axirətdə çox aclıq çəkəcək olanları, dünyada doyana qədər yemək yeyənlərdir” buyurduğunu xəbər verdi. Çox səxavətli olan Səlman həzrətləri gündəlik gəlirinin çoxunu dağıdardı və əl əməyi ilə dolanardı. Kasıbları daim doyurar, onlarla birlikdə yeyərdi. Özü çox qoca olduğu halda öz işini, özü görərdi. Bir şey daşıyarkən əlləri titrəyərdi. Xalq ətrafında toplanar, əşyalarını biz daşıyaq deyərlər, onlara; “Xeyr, yerinə qədər özüm aparacağam” deyərdi. Halbuki əmrində minlərlə adam vardı.

Buyurdu ki:
“Dünyada Allah üçün təvazö edin. Dünyada təvazö sahibi olanları Allahu təala qiyamət günü ucaldar.”

“Əlinə keçmədiyi halda keçmiş kimi nemətlərə şükr edib razı olan, əlinə keçmiş hökmündədir.”

“Cəhənnəmin zülməti və əzabı, dünyada ikən insanların özlərinə və başqalarına etdikləri zülmdür.”

“Allahu təala möminin xəstəliyini ona kəffarə edər və günahlarının əfvinə səbəb olar. Fasiqin xəstəliyi isə, sahibi tərəfindən bağlanan dəvənin halı kimidir. Daha sonra buraxılanda nə üçün bağlandığını və niyə buraxıldığını bilməz.”

“Rəsuli-Əkrəm, bizdə olmayan şeyi qonaq üçün almaq surətilə külfətə girməməyimizi və mövcud ilə kifayətlənməyimizi bizlərə əmr etdi.”

Səlmanı Farisi həzrətləri ölüm döşəyinə yatdığı zaman ağladı. Səbənini soruşanlara “Dünyadan ayrıldığım üçün ağlamıram. Ancaq Rəsuli-Əkrəm Əfəndimiz; “Dünyadan ayrılarkən sərmayəniz bir yolçunun yol azuqəsindən artıq olmasın” buyurmuşdu, iştə buna ağlayıram” dedi. Halbuki öldüyü vaxt geridə qoyduğu malın qiyməti on dirhəmə yaxın idi.

Bir gün yanında qonağı olduğu halda Mədayindən çıxıb bir yerə gedirdilər. Yolda acdılar, yeyəcək bir şeyləri də yox idi. Orada marallar və quşlar var idi. Səlmanı-Farisi həzrətləri bir maral ilə bir quşu yanına çağırdı, ikisi də yanlarına gəldi. Onlara “Bu kimsə mənim qonağımdır. Sizi ona pay etmək istəyirəm” dedi. Maral və quş heç etiraz etmədilər. Onları kəsib yedilər. O şəxs bu işə çox heyrət etdi və “Ey əfəndim, maral və quşu çağırdınız heç qaçmadan yanınıza gəldilər, mən buna heyrət etdim” dedi. Həzrəti Səlman buyurdu ki: “Bunda heyrət ediləsi bir şey yoxdur. Bir kimsə Allahu təalaya itaət edər və Ona heç günah işləməsə, hər şey ona itaət edər.”

31-01-2022, 15:57
Geri