Gözəl İslam / Əbu Bəkri Sıddıq

Əbu Bəkri Sıddıq

Əbu Bəkri Sıddıq həzrətləri Peyğəmbərlərdən sonra, insanların ən üstünüdür.

Əşəreyi-Mübəşşərənin yəni Cənnətlə müjdələnən on səhabənin birincisidir. Peyğəmbər əfəndimizin qayınatası, Həzrəti Aişənin atasıdır. Həzrəti Əbu Bəkrin Rəsulullah əfəndimizə fövqəladə sədaqət və sevgisi vardı. Vəfatına, Peyğəmbərimizdən ayrıldığından hiss etdiyi hədsiz kədəri, qəmi və həsrəti səbəb olmuşdur. Çünki Ona qarşı olan, sevgisi və bağlılığı kəlmələrlə təsvir edilə bilməyəcək qədər çoxdur. Peyğəmbər əfəndimiz də onu çox sevərdi.

Peyğəmbər əfəndimizin vəfat etdiyi gün xəlifə seçildi. Xilafəti 2 il 3 ay 10 gün davam etdi. 63 yaşında ikən hicrətin 13-cü ilində (Miladi 634) Cəmadiyəlaxir ayının yeddisində Bazar ertəsi günü xəstələndi, 15 gün xəstə olaraq yatdıqdan sonra vəfat etdi. Cənazə namazını Həzrəti Ömər qıldırdı. Peyğəmbər əfəndimizin qəbrinin olduğu Hücrəyi-Səadətə dəfn edildi.

Həzrəti Əbu Bəkr, Rəsulullahın ən yaxın dostu idi. Ondan heç ayrılmazdı. Onların bu birliyi Məkkədən Mədinəyə hicrətdə də davam etdi. Ona mağara yoldaşı oldu. Mağarada üç gün qaldıqdan sonra, ikisi bir dəvəyə minərək səfər etdilər. Mədinəyə çatana qədər Rəsulullahın bütün xidmətini O etdi. Mədinədəki məscid tikilərkən Onunla birlikdə çalışdı. Heç bir xidmətdən, fədakarlıqdan geri qalmadı. Həzrəti Əbu Bəkr, Rəsulullah əfəndimizlə birlikdə bütün döyüşlərdə olmuş, bir qismində ordu komandirliyi vəzifəsi özünə verilmişdir. Çox şiddətli müharibələrdə, Peyğəmbər əfəndimizin mühafizliyini etmiş, Əfəndimizə qarşı bədənini sipər etmişdir. Bədirdə, Uhudda, Xəndəkdə müşriklərə qarşı böyük qəhramanlıqlar göstərmişdir. Təbuk döyüşündə, bayraqdarlıq vəzifəsini icra etmişdir.

Peyğəmbər əfəndimizin; son xəstəliklərində üç gün imamlıq vəzifəsində olub, on yeddi vaxt namaz qıldırmış, üç vaxtında da Peyğəmbərimiz, Həzrəti Əbu Bəkrə uyaraq arxasında namaz qılmışdır.

Hicri 10-cu ildə (Miladi 632), Peyğəmbərimizin vəfatından sonra Əshabı-kiramın söz birliyi ilə xəlifə seçilmişdir. Peyğəmbərlərin sonuncusu olan Muhamməd əleyhissəlamdan sonra müsəlmanların xəlifəsi, yəni Peyğəmbərimizin vəkili və müsəlmanların rəisi, Həzrəti Əbu Bəkri Sıddıq olmuşdur.

Əshabı-kiramın ən çox elm sahibi olanlarındandır. Hər elmdə müraciət qaynağı olmuşdur. İslami elmlərin bütün məsələlərini bilərdi. Necə ki, Rəsulullah əfəndimiz Onun haqqında “Köksümdəki mərifətlərin, biliklərin hamısını, Əbu Bəkrin köksünə axıtdım” buyurmuşdur. Beləcə O, Muhamməd əleyhissəlamdan sonra insanların ən üstünü oldu. Hicrətdə Onun yol yoldaşı idi. Mağarada birlikdə idilər. Həyatı boyunca Peyğəmbər əfəndimizin yanından heç ayrılmadı.  Hər işində Onun vəziri oldu. Bir məsələdə Əshabı-kiram ilə müşavirə edərkən Həzrəti Əbu Bəkri sağına, Həzrəti Öməri də soluna oturdardı. Görüləcək məsələ barəsində, əvvəl bu ikisinin rəyini, fikrini soruşar, sonra da digər səhabələrin fikirlərinə yer verərdi.

Rəsulullahdan çox feyzlərə qovuşmuş, Qurani-kərimin mənasına və həqiqətinə aid bütün bilikləri şəxsən Ondan almışdır. Qurani-kərimdən hökm çıxarmaq xüsusunda üstün bir qüdrət və məharət sahibi idi. Ayəti-kərimələrin və hədisi-şəriflərin məna və həqiqətlərinə haqqıyla agah (öyrənmiş) idi. Əshabı-kiram və Tabiinin alimləri, bir çox ayəti-kərimə təfsirini Ondan alıb bildirmişlərdir.

Həzrəti Əbu Bəkri-Sıddıq, təsəvvüf elminin bütün yüksək mərifətlərinə qovuşmuşdu. Rəsulullahın qəlbinə axıdılan feyzlərin, mərifətlərin hamısı Ona da verilmişdi. Rəsulullahdan sonra Allahu təalanı ən yaxşı tanıyan və ən çox ibadət edən Odur. Təsəvvüf, Rəsulullahın izində olmaq, Onun göstərdiyi yoldan ayrılmamaqdır, insanların yaradılışları ayrı-ayrı olduğu üçün təsəvvüf yolları da ayrılmışdır. Bu ümmətin sonra gələn övliyası Rəsulullahdan gələn feyzlərə, nurlara iki yoldan qovuşmuşdur. Birisi nübüvvət yolu, digəri də vilayət (övliyalıq) yoludur. Müsəlmanlar, nübüvvət yolunun bütün mərifətlərinə, Həzrəti Əbu Bəkr vasitəsi ilə qovuşmuşlardır. Əshabı-kiramın hamısı, Allahu təalaya bu yoldan qovuşdular.

Həzrəti Əbu Bəkrin fəzilətləri, üstünlükləri çoxdur. Bunların hər biri, Qurani-kərimin, hədisi-şəriflərin və Əshabı-kiram ilə digər din alimlərinin xəbər verməsilə aydın olmuşdur. Bu ümmət içində, Peyğəmbərimizdən sonra olma səadətinin sahibi Həzrəti Əbu Bəkrdir. Çünki dini qüvvətləndirmək və Peyğəmbərlərin əfəndisinə kömək etmək üçün, malını paylamaqda, cihad etməkdə, yəni düşmənlərlə şiddətli mübarizə etmək və şanını, şərəfini itirməkdə, əvvəllərin əvvəli odur. Həzrəti Əbu Bəkrin digər müsəlmanların ən üstünü olmasının səbəbi, imana gəlməkdə, malının çoxunu və canını fəda etməkdə və hər cür xidmətdə, başqalarının önündə olmasıdır.

Rəsulullah insanları imana dəvət etdi. Əbu Bəkri Sıddıq iman edənlərin birincisi oldu. Beləcə imanda Onun ikincisi oldu. Sonra Həzrəti Əbu Bəkr insanları Allaha və Rəsuluna imana çağırdı. Bir çoxları bu dəvəti qəbul etdi. Beləcə dəvətdə də ikincisi oldu. Hər döyüşdə Rəsulullahın yanında idi. Bədirdə də Onun ikincisidir. Rəsulullah xəstələnincə, Onun yerinə insanlara imam olub, önə keçdi. Bu xüsusda da ikinci oldu. Rəsulullahdan sonra Onun türbəsinə dəfn olunmada da ikincisi oldu. Bunlar hamısı Ona ən yaxın olma dəlilləridir. Allahu təala, Rəsulunun yoldaşı olaraq, Həzrəti Əbu Bəkri Qurani-kərimdə xüsusilə bildirir və, “O vaxt Rəsulum yoldaşına, məhzun olma deyirdi” buyurur. Üçüncüləri Allahu təala idi. Allahu təalanın özüylə olduğu bir kimsə isə, şübhəsiz, şərəf və fəzilət cəhətdən digərlərindən üstündür.

Həzrəti Əbu Bəkrin adı keçincə, Həzrəti Ömər belə dedi: “Ömrümdəki bütün əməlimin Əbu Bəkrin, bir gün və gecəlik əməli kimi olmasını istəyərdim. Onun o məsud gecəsi ki, Rəsulullah ilə birlikdə mağaraya getdi. Mağaraya çatanda, “Allah üçün, ya Rəsulallah içəri girməyin! Mən girim, içəridə zərərli bir şey varsa mənə gəlsin, mübarək şəxsinizə bir kədər, bir ələm gəlməsin” dedi və içəri girdi, içərini süpürüb təmizlədi. Sağında solunda bir çox irili-xırdalı dəliklər gördü. Əbasını parçalayıb dəlikləri bağladı. Sonra Rəsulullaha, içəri girməsini söylədi. Rəsulullah içəri girdi və mübarək başını Həzrəti Əbu Bəkrin qucağına qoyub yatdı.”

Rəsulullah əfəndimiz buyurdu ki:

(Bizə hər neməti verən və yaxşılıq edən kimsəyə qarşılığını verdik. Əbu Bəkrin yaxşılıq və yardımının, ikramının qarşılığını verə bilmədik. Haqq təala qiyamətdə ona qarşılığını verər. Əbu Bəkrin malının fayda verdiyi kimi, bir kimsənin malı mənə fayda vermədi. Əgər mən dost seçsəydim, Əbu Bəkri dost seçərdim. Fəqət bilmiş olun, sizin sahibiniz, Allahu təalanın dostudur.) (Məsabih)

(Allah, İbrahim əleyhissəlamı xəlil (dost) seçdiyi kimi, məni də xəlil seçdi. Ümmətimdən birini özümə xəlil seçsəydim, Əbu Bəkri seçərdim.) (Müslim, Tirmizi)

Həzrəti Ömər buyurdu ki:

Əbu Bəkr bizim seyyidimiz, xeyirlimizdir ki, Allah Rəsuluna hamımızdan daha sevgilidir.

Həzrəti Əbu Bəkr, Rəsulullahın vəfatından sonra, hər keçen gün bir az daha zəifləyirdi. Bir gün qızı Aişəyi-Sıddıqa anamız bu zəifləmənin səbəbini soruşdu. Cavabında, Rəsulullahın ayrılığı belə zəiflətdi buyurdu.

Həzrəti Əbu Bəkrin qiymətli nəsihətlərindən:

Təqva ağıllıca edilən işlərin ən gözəlidir. Haqqa asi olmaq axmaqca edilən işlərin ən çirkinidir. Verilən əmanəti yerinə yetirmək ən üstün doğruluq sayılar. Xəyanət olaraq da, ən öndə yalan gələr.”

“Ölümü özünə sevdir. Əvvəl-axır gələcək.”

“Ömrünü faydasız, boş şeylərlə keçirən, tarlaya toxum əkmə vaxtını qaçırmış olar. Vaxtında toxum əkməyən isə, biçin zamanında peşman olar.”

“Nə söyləyəcəyinə və nə vaxt söyləyəcəyinə diqqət et!”

Ordu komandirlərini bir yerə göndərdiyi vaxt, onlara:
“Qadınları öldürməyin, uşaqlara, qocalara toxunmayın, meyvə ağacı kəsməyin, abad yerləri dağıtmayın, həddi təcavüz etməyin, qorxmayın və qidadan başqa bir məqsədlə qoyun və dəvə kəsməyin və monastırlarına çəkilmiş insanlara zərər verməyin” deyə əmrlər və nəsihətlər verərdi.

Bir xütbəsində buyurdu ki:
“Ey insanlar, Allahdan əfv və afiyət istəyin. Çünki möminə, İslamdan sonra əfv və afiyətdən daha xeyirli bir şey verilməmişdir.”

“Müsəlmanlardan heç biri digərini aşağı görməsin! Çünki müsəlmanların kiçiyi, Allahın yanında böyükdür.”

“Allahu təaladan, özünü, qiyamət günündə Cəhənnəm odundan qorumasını istəyən bir kimsə, möminlərə qarşı çox mərhəmətli və incə qəlbli davransın!”

Bir gün Əshabı-kirama xitabən buyurdu ki:
“Allahu təala sizə dünyanı fəth etdirəcək, qapılarını açacaqdır. Siz, ehtiyacınızdan artığını almayın!”

“Bilmiş ol ki, sübh namazını qılan kimsə, Allahın himayəsindədir. Allahın haqqını kiçik görmə, çünki üzüstə səni Cəhənnəmə atar.”

“Allahu təalaya olan xalis sevginin zövqünə vasil olan, dünyalıqdan vaz keçər və bütün insanlardan üz çevirər.”

“Adamın kəlamı, ağlının bəyanı, fəzilətinin tərcümanıdır.”

Bir xütbəsində buyurdu ki:
Bütün həmd və sənalar Allahu təalaya məxsusdur. Ona həmd edər, Ondan kömək dilərəm. Ondan əfv niyaz edər, Ona inanar, Ona güvənərəm. Hidayəti Allahdan gözləyər, sapqınlıq düşüklük, şübhə və korluqdan Ona sığınaram. Allahın dürüst getməyi nəsib etdiyi adam dümdüz yol alar, Onun sapdırdığı isə nə bir dost, nə də bir mürşid tapa bilər... Bütün varlığımla inanıram ki, Allahdan başqa ilah yoxdur. O təkdir və şəriki yoxdur. Mülk və səltənət Onundur, həmd Onadır. Dirildən də öldürən də Odur. Və O, heç ölməyən diridir. Dilədiyini yüksəldər, dilədiyini alçaldar. Bütün xeyrlər Onun əlindədir, O, hər şeyə gücü çatandır.

Bütün varlığımla inanıram ki, Muhamməd əleyhissəlam Onun qulu və Peyğəmbəridir. Onu bütün insanlığa bir rəhmət və bütün insanlıq üçün bir dayanaq və dəlil olaraq göndərmişdir. O göndərildiği vaxt insanlar, ola biləcəkləri halların ən pisi içində idilər. Bilgisizlik qaranlıqlarına gömülmüş vəziyyətdə idilər. Dinləri uydurma, dəvətləri yalan və saxta idi. Allahu təala həqiqət dinini Peyğəmbərimiz Muhamməd əleyhissəlam ilə əziz qıldı.

Ey möminlər, Allah sizin qəlblərinizi bir-birinizə isindirdi. Onun neməti sayəsində sizlər qardaş halına gəldiniz. Daha əvvəllər bir atəş çuxurunun düz kənarında idiniz. Sizi oradan çıxaran O oldu. O halda ey iman gətirənlər! Allaha və Onun Rəsuluna tam tabe olun! Allahu təala, “Rəsula tabe olan, Allaha tabe olmuş deməkdir.” buyurmaqdadır. (Nisa, 3)

Ey iman gətirənlər! Sizə hər işdə, hər vəziyyətdə Allahu təaladan qorxmanızı nəsihət edərəm. Xoşunuza gələn işlər qədər, sizə çətin gələn vəziyyətlərdə də həqiqətə sarılın. Bunu bilin ki, doğru söz xaricində heç bir kəlam xeyir və fayda gətirməz. Yalan danışan, yaradılış hikmətini sapdırmış, bunu edən isə, həlak olmuşdur. Ey insanlar! Böyüklənməkdən qaçının. Torpaqdan yaradılıb, yenə torpağa dönəcək olan bir varlığın təkəbbürlənməsi də, nə deməkdir? Bugün var, sabah yox olan bir varlığın özünü bəyənməsi nə qədər mənasızdır!..

Ey insanlar! Çalışın və nəfslərinizi, içində yer tutacaqları axirət üçün hazırlayın. Önünüzdə həll edilməsi çətinləşən şeyləri Allahın elminə həvalə edin. Digər aləmə keçmədən əvvəl bir şey hazırlayın ki, ora çatdığınız zaman qarşınıza çıxsın.

Allahdan qorxun, Onun əmr və qadağanlarına qulaq verin. Sizdən əvvəl gəlib keçənlərdən də ibrət alın. Və unutamyın ki, Rəbbinizin hüzuruna mütləq çıxarılacaq və kiçik-böyük bütün davranışlarınızın qarşılığını tapacaqsınız.

Bununla birlikdə, Allah dilədiyini bağışlaya bilər. O bağışlayıcı və əfv edicidir.

Özünüzü yaxşı tanıyın, yalnız öz nöqsanlarınızla məşğul olun. Kömək istəniləcək tək qüdrət sahibi Allahu təaladır. Onun xaricində heç bir güc nə edə bilər, nə poza bilər.”

Həzrəti Əbu Bəkrin fəzilətini bildirən hədisi-şəriflərdən bir neçəsi belədir:

(Əbu Bəkr, insanların ən üstünüdür. Yalnız Peyğəmbər deyildir.) (Deyləmi)

(Əbu Bəkri sevmək və ona şükür etmək hər möminə vacibdir.) (Deyləmi)

(Allahu təala, Əbu Bəkrə “Sıddıq” adını verdi.) (Deyləmi)

(Qiyamətdə, Əbu Bəkrdən başqa hərkəslə hesab çəkilər.) (Hatib)

(Əbu Bəkrin imanı, hərkəsin imanları cəmi ilə ölçülsə, hamısından ağır gələr.) (M.Ç.Güzin)

(Köksümdəki mərifətlərin, biliklərin hamısını, Əbu Bəkrin köksünə axıtdım.) (Rəddi rəvafıd)

(Hər Peyğəmbərin xəlili vardır. Mənim xəlilim Əbu Bəkrdir.) (Deyləmi)

(Cəbrayıl mənə gəldi. Əlimdən tutdu. Ümmətimdən birinin, Cənnət qapısından içəri girdiyini, mənə göstərdi. Əbu Bəkr dedi ki, (Ya Rəsulallah! Orada, səninlə birlikdə olmaq istəyərəm). Ya Əba Bəkr! Ümmətim içindən Cənnətə ən əvvəl sən girəcəksən, buyurdu.) (Tirmizi)

Sevgi, bağlılıq çox olduqca, faydalanmaq da o qədər çox olar. Bunun üçündür ki, Həzrəti Əbu Bəkr bütün Əshabın ən üstünü oldu. Rəsulullaha bağlılığı da, hər kəsdən çox idi. (Əbu Bəkrin üstünlüyü, namaz və orucunun çoxluğu ilə deyil, onun qəlbində olan bir şey ilədir) hədisi-şərifində bildirilən şey, Rəsulullahın sevgisidir. (İ. Qəzali)

8-12-2021, 12:26
Geri