Gözəl İslam / Abdullah ibn Rəvaha

Abdullah ibn Rəvaha

Rəsulullahın şairi

Hicrətin yeddinci ili idi… Sevgili Peyğəmbərimiz və Əshabı hamısı birlikdə  Mədinədən hərəkət etdilər. Niyyətləri Məkkəyə çatıb “mübarək” Kəbəyə üzlərini sürmək idi.  Çünki keçən il müşriklər, buna mane olmuşdular.  Ancaq bu il üçün razılaşmaları vardı.

Beləliklə, Rəsulullah əfəndimiz və yoldaşları ümrə ibadətlərini də etmiş, yerinə yetirmiş olacaqdılar.

Məkkəyə yaxınlaşarkən Rəsulullah əfəndimiz Kusva adlı dəvəsinin üzərində və dəvənin yüyəni də Abdullah ibn Rəvahanın əlində idi. Abdullah ibn Rəvaha həm şeirlər söyləyir, həm irəliləyirdi.

Burax ya Ömər

Bu şeirləri eşidən Həzrəti Ömər hirsləndi və:

— Ey Abdullah! Beytullahın qarşısında və Peyğəmbər əfəndimizin hüzurunda necə belə şeir söyləyə bilirsən, dedi.

Ancaq sevgili Peyğəmbərimiz:

— Burax Ya Ömər! Allaha and içirəm ki,  Abdullahın sözləri,  düşmənə ox batmasından çox təsir edər. Ey Rəvahanın oğlu davam et!”  buyurdular.

Peyğəmbər əfəndimiz az sonra Həzrəti Abdullah ibn Rəvahaya;

— Allahu təaladan başqa ilah yoxdur! Bir olan Odur. Vədini gerçəkləşdirən Odur! Bir quluna kömək edən Odur! Əsgərlərini gücləndirən Odur! Toplanmış olan qəbilələri,  təxribata uğradan da yalnız Odur, de! buyurdu. Və xeyir-dua etdi.

Abdullah ibn Rəvaha da söyləməyə davam etdi. Digər Əshabı-kiram da onun  söylədiklərini təkrar edirdilər.

Həqiqətən o zamanlar şairlərin əhəmiyyəti çox idi. Çünki radio, qəzet, tv. kimi təbliğat vasitələri  mövcud deyildi. Buna görə hər kəs öz fikirlərini, şeirlə bəyəndirməyə çalışırdı. Yaxud, əksinə bəyənmədiklərini də, ancaq o yolla tənqid edə bilirdi. Şairlər bu səbəbdən çox əhəmiyyətli idilər…

Din düşmənləri də eyni yolu, mərhəmətsizcə istifadə edirdilər. Bütə tapınan və kafir şairlər, alçaqca İslamiyyətə hücum edirdilər. Dinimiz və Peyğəmbər əfəndimizlə utanmadan lağ edirdilər.

İslamın böyük şairləri

Budur, bu xain təbliğata qarşı, İslamin ilk böyük şairləri üç nəfərdilər: Həsən ibn Səbit,  Kəb ibn Züheyr və  Abdullah ibn Rəvaha həzrətləridir.

Bunların yazdığı beyt və qitələr, dərhal əzbərlənərdi.  Hər yerdə təkrarlanan bu şeirlər, kafir qəlblərinə ox kimi batırdı.

Amma günün birində, şairlər üçün ayəti-kərimə endi. Cənabi Haqq kəlamında məalən  buyurdu ki:

“… Onlara, şairlərə ancaq, azğınlar uyar…”

Bu şiddətli xitab qarşısında, Həzrəti Abdullah və  yoldaşları ağlamağa başladılar.  Bunu görən Peyğəmbər əfəndimiz,  ayənin davamını oxudular:

“… Ancaq iman edib,  yaxşı işlər edənlər və Allahı çox xatırlayanlar müstəsnadır,  Onlar o biri şairlər kimi deyildirlər…”

Həzrəti Abdullah və yoldaşları da başqa cür deyildilər. Ancaq dinimizi tərifləyir, din düşmənlərini pisləyirdilər. Ayəti-kərimənin davamı gəlincə, kədərləri sevincə çevrildi.

Mübarək bir cümə günü sevgili Peyğəmbərimiz məsciddə xütbəyə çıxdılar.

Həzrəti Abdullah da təlaşla cüməyə çatmağa çalışırdı. Hələ çox irəlidə, “Məni Qanm”da idi. Tam o sırada Peyğəmbər əfəndimizin:

— Oturun! buyurduqlarını eşitdi.

Dərhal olduğu yerə oturdu. İki Cahan Günəşinin xütbələri bitənə qədər də yerindən qalxmadı. Bu halı görən Müsəlmanlar vəziyyəti Peyğəmbər əfəndimizə ərz etdilər:

Rəsulullaha itaət

— Ya Rəsulallah!  Rəvahanın oğlunun harada oturduğunu görürsünüz?

Sevgili Peyğəmbərimiz o tərəfə doğru baxdılar.

—  Çünki sizin “oturun” əmrinizi orada eşitdi və  dərhal oturdu!.. dedilər.

Peyğəmbər əfəndimiz bu hərəkətdən çox xoşlanıb Həzrəti Abdullaha:

— Cənabı Haqq sənin  uca Allaha və Rəsuluna olan  itaətdə həvəsini artırsın, deyə dua buyurdu.

Həzrəti Abdullahın şairliyi qədər, cəngavərliyi də (döyüşçülüyü) məşhur idi. Peyğəmbər əfəndimizlə birlikdə bütün hərblərə qatıldı.  Hamısında böyük qəhrəmanlıq göstərdi.

Budur, bunlardan biri də Hicrətin 8-ci ilindəki Mutə döyüşüdür. Səfərə çıxılmasının səbəbi bir İslam elçisinin öldürülməsidir.

Rəsulullah əfəndimiz Bizans İmperatoruna bağlı Busra əmirinə də bir məktub göndərdi.  Lakin həyasız əmir, aldığı İslama dəvət məktubunu cırdı. Üstəlik İslam elçisini də, xaincə şəhid etdi. Bu alçaqlığa kədərlənən Allahu təalanın Rəsulu,  o zalımlar üzərinə ordu göndərməyə qərar verdi.

Hamısı da könüllü olan 3.000  nəfərlik mücahid ordusu qısa zamanda hazırlandı.

İki cahan sultanı Peyğəmbər əfəndimiz zöhr namazını qıldırdıqdan sonra bu mübarək ordunu  şəxsən yola salmağa çıxdılar. Sancağı-şəriflərini Həzrəti Zeydə təslim etdilər. Sonra da buyurdular ki:

— Cihad üçün hazırlanan bu ordunun başına Zeyd ibn Harisəni sərkərdə təyin etdim. Əgər Zeyd şəhid olarsa, bayrağı Cəfər alsın. O da şəhid düşsə, Abdullah ibn Rəvaha alsın. O da şəhid  olsa sizlər, istədiyiniz birini sərkərdə seçərsiniz.

Nə üçün ağlayırsan?

Hər kəs bir-biri ilə qucaqlaşır, halallaşırdı. Bu sırada yoldaşları Həzrəti Abdullahın ağladığını gördülər:

— Nə üçün ağlayırsan, ey Rəvahanın Oğlu, deyə soruşdular. Cavab verdi ki:

— Vallah, dünyanı sevdiyim üçün ağlamıram. Sizlərdən ayrılacağım üçün də deyil.

— Yaxşı, nə üçün ağlayırsan?

— Peyğəmbər əfəndimizdən eşitdim, Allahın kəlamını xatırladım: “… İçinizdən heç biriniz xaric olmamaqla hamınız Cəhənnəmə gedəcəksiniz…” deyilirdi. Ona görə də oraya Cəhənnəmə getdiyim zaman halım nə olacaq deyə ağlayıram, dedi. Yoldaşları Onu təsəlli etdilər.

Zeyd ibn Harisənin başçılığındakı ordu hərəkət etdiyi zaman Abdullah ibn Rəvaha  Peyğəmbər əfəndimizin hüzuruna gələrək:

— Ya Rəsulallah! Mənə əzbərləyəcəyim və yadımdan heç çıxarmayacağım bir tövsiyə verərsinizmi, dedi. Rəsulullah əfəndimiz buyurdular ki:

— Sən, sabah Allaha çox az səcdə edilən bir ölkəyə çatacaqsan. Orada səcdələri çoxalt!

— Ya Rəsulallah! Mənə nəsihətlərinizi artırarsınızmı?

— Allahu təalanı zikr et, çünki, Allahu təalanı zikr, ümid etdiyinə qovuşmaqda sənə köməkçi olar.

Uşaqları öldürməyin!

Ordu Mədinə xaricindəki xurmalıqlara gəlincə, sevgili Peyğəmbərimiz orduya əmrlərini verdilər:

— Uşaqları, qadınları, korları əsla öldürməyin. Evləri yıxıb, ağacları yandırıb xarab etməyin.

Zeyd ibn Ərkam deyir ki:

Mən Abdullah ibn Rəvahanın tərbiyəsi altında yetişmiş bir yetim idim. Mutə səfərinə çıxdığımız zaman məni də yanına mindirmişdi. Gecə bir az gedincə dodaqlarından şəhidliyi istədiyini və buna qovuşmaq üçün yandığını ifadə edən şeirlər söyləyirdi. Bu beytləri eşidəndə ağladım.  Bunu anlayan  Abdullah ibn Rəvaha mənə dedi ki:

— Sənə nə olur! Şəhid olmamın sənə nə zərəri var? Haqq təala mənə şəhidliyi nəsib edərsə,  sən də heyvanıma minər, qayıdar, yerinə çatarsan. Mən isə dünyanın dərd, kədər və hadisələrindən qurtularaq arzu etdiyim şəhidlik mərtəbəsinə qovuşaram.

Abdullah ibn Rəvaha gecə enib iki rükət namaz qıldı və  uzun bir dua etdi. Sonra Zeydə dönüb dedi ki:

— Ey uşaq! İnşallah bu dəfə şəhidlik nəsib olacaq.

İslam ordusu Şam torpaqlarında olan Maan şəhərinə qədər heç dayanmadı. Ancaq orada Bizans imperatorunun özlərinə qarşı 100.000 nəfərlik böyük bir ordu yolladığını xəbər aldılar.  Dərhal müşavirə görüşməsi edildi. Bəziləri bu fikri irəli sürdülər:

— Peyğəmbər əfəndimizə yazaq. Düşmən sayının çox olduğunu ərz edək. Ya bizə köməkçi qüvvə göndərərlər və ya nə edəcəyimizi əmr edərlər. Biz də, o şəkildə hərəkət edərik.

Zəfər qazanacağıq!

Başqa fikirlər də irəli sürülərkən Həzrəti Abdullah ayağa qalxdı:

— Ey Mücahidlər! Bu səfərə nə üçün çıxdığımızı, xatırlamır kimisiniz! Çünki hamınız bilirsiniz ki, ya qəhrəmanca döyüşüb zəfər qazanacağıq və ya Allah rizası üçün ölüb, şəhid olacağıq…  bu mərtəbələrin ikisi də hər Müsəlman üçün ən böyük şərəfdir.

Müsəlmanlar həyəcanla qulas asırdı. O davam etdi:

— Qardaşlarım. Unutmayın ki, biz düşmənə qarşı sayı və silah çoxluğu ilə döyüşmürük. Cənabi Haqqın lütf etdiyi, İslam dini və iman gücümüzlə, ər meydanına çıxdıq. Hamımız uca Allahdan iki şey diləyirik:  Ya qazilik, ya şəhidlik, deyərək sözlərini tamamladı. Oradakılar:

— Vallah, “Rəvahanın Oğlu” doğru söyləyir, dedilər. Sonra da hamısı birlikdə irəliləməyə başladılar.

Həzrəti Cəfər Mutə hərbində vuruşarkən belə deyirdi:

“Cənnətdə yaşamaq nə gözəldir! Onun şərbətləri dadlı və soyuqdur. Yunanlara gəlincə, yunanların aqibətləri yaxındır, kafir və cəhənnəmlikdirlər. Mənə düşən onlardan  qarşılaşdığıma qılınc vurmaqdır.”

Həzrəti Cəfər belə söyləyərək qılınc yelləyirdi, amma, kafirlərin sürüsü tükənəcək kimi deyildi. Yüzlərlə insan birdən, Həzrəti Cəfərə hücum etdilər. Əvvəl, sağ qolunu qılıncladılar. Bayrağı, o biri əlinə aldı. Sol qolunu da kəsdilər. Mübarək sancağı-şərifi, mübarək bədəninə  sarıdı. O halıyla  döyüşə davam etdi.

Bu inanılmaz qəhrəmanlığa Bizans cəngavərləri heyrət edirdilər. Bu cür yerə yıxa bilmədikləri o böyük mücahidə, yüzlərlə ox və mizraq batırdılar.

Cənnətə uçdu

Artıq o, Həzrəti “Cəfəri Təyyar” oldu.  Cənnətə uçarkən Həzrəti Abdullah qaçdı,yerə endi,bayrağı aldı.  Göylərə doğru yüksəltdi.

Mutədə Cəfəri-Təyyarın şəhid düşməsi ilə bayrağı alıb göylərə yüksəldən Abdullah ibn Rəvaha bu anda ən son şeirini ona söylədi və  kafirlər üzərinə bir ox kimi atıldı.

Abdullah ibn Rəvaha döyüşərkən bir ara barmağı ağır yaralandı. Qopmaq üzrə idi.

Bundan sonra atından endi.  Yaralı barmağını ayağının altına qoyub:

“Sən sadəcə yaralı barmaq deyilsənmi? Onsuz da o qəzaya da Allahu təalanın yolunda can atmısan” deyərək çəkib qopardı.

Sonra yenidən atına minib bütün gücüylə döyüşməyə davam etdi.

Döyüşün bir anında  Abdullah ibn Rəvaha atından enmişdi.  Əmisi oğlu ona bir az  bişmiş ət  gətirdi və :

— Al bunu ye də  bir az güclən, dedi.

Abdullah ibn Rəvaha üç gündən bəri bir şey yeməmişdi. Ətdən ağzına bir tikə aldığı sırada, Müsəlmanların olduğu yerdə bir qarışıqlıq gördü.  Ona görə:

“Yoldaşların bu halda ikən sən hələ bu dünyadasan və yeyib-içməklə məşğulsan” deyərək nəfsini qınadı  və əlindəki  əti ataraq yenidən döyüşə başladı.

Mələklər Onunla öyünərdilər

Çox keçmədən sevgili Peyğəmbərimizin mübarək sözləri gerçəkləşirdi. Həzrəti Abdullah da əvvəlki komandirlər kimi şəhid oldu, muradına çatdı.

Bundan sonra bayraq Xalid ibn Vəlid həzrətlərinə verildi. Xalid ibn Vəlidin əmri və  bayrağı altında hücuma keçən  mücahidlər düşməni qarışıqlığa salıb məğlubiyyətə uğratdılar.  Xalid ibn Vəlid:

— O gün mənim əlimdə doqquz qılınc parçalandı. Əlimdə geniş üzlü bir Yəmən qılıncından başqa bir şey qalmamışdı, deyərək  o zamanı dilə gətirmişdir.

Bu əsnada Mədinədə Məscidi Nəbidə olan Allahu təalanın Rəsulu şəhidlərin Ərşi alaya yüksəldiklərini xəbər verdilər.

Abdullah ibn Rəvaha Peyğəmbər əfəndimizin vəhy katibləri arasındadır. Onun haqqında buyurdular ki:

— Cənabı Haqq Abdullah ibn Rəvahaya rəhmət etsin. Mələklər onun məclisiylə  öyünərdilər…

 

24-07-2018, 15:19
Geri