Gözəl İslam / Amr ibn As

Amr ibn As

Məşhur Ərəb dahilərindəndir.

Əvvəllər qəbiləsinə tabe olaraq İslam əleyhinə çalışan Amr ibn As sonra əməllərinə peşman olaraq Müsəlman oldu. Etdiklərini və Müsəlman olmasını özü belə danışır:

Xəndək döyüşündən qayıtdıqdan sonra bəzi adlı-sanlı kimsələri topladım. Onlara dedim ki:

— Muhamməd əleyhissəlam gün keçdikcə qüvvətlənir. Qısa zamanda Məkkəni ələ keçirəcək.  Bu səbəblə sizlərlə Həbəş hökmdarı Nəcaşiyə sığınmağı təklif edirəm. Biz Nəcaşinin yanında olduğumuz vaxt Muhamməd əleyhissəlam qövmümüzə qalib gələrsə, bizim Nəcaşinin yanında olmağımız Onun tabeçiliyi altında olmamızdan daha yaxşıdır. Əgər qövmümüz döyüşdə qalib gələrsə qayıdarıq.

Nəcaşidən onu istəyəcəyəm

            Bu təklifimi bəyəndilər və Nəcaşiyə hədiyyələr hazırladıq. Nəcaşinin hüzuruna çatdığımız vaxt bizdən əvvəl Nəcaşinin yanına Rəsuli-əkrəmin elçisi Amr ibn Ümeyyə girdi. Rəsuli-əkrəmin Ümmü Həbibə binti Əbu Süfyanı özünə kəbinləməsi üçün göndərdiyi məktubu təqdim etdi.

Amr ibn Ümeyyə çıxdıqdan sonra Nəcaşinin yanına girdim. Nəcaşi mənə dedi ki:

— Salam! Xoş gəldin ey dostum! Mənə məmləkətindən bir şeylər hədiyyə edəcəksən?

— Ey Hökmdar! Sənə çoxlu miqdarda dəri gətirdim, deyərək hədiyyələri önünə qoydum. Dərilər Nəcaşinin çox xoşuna gəldi. Bu vəziyyətdən  faydalanaraq dedim ki:

— Ey Hökmdar! Hüzurundan çıxan birini gördüm. Onu təslim et, öldürüm. O, bizə düşmən birinin elçisidir və ətrafımızdan bəzi kimsələri öldürmüşdür.

Nəcaşi mənim bu sözümə çox hirsləndi. Əliylə burnuma elə bir vurdu ki, burnum qırıldı deyə sandım və fışqıran qan üstümü batırdı. Zillət və xəcalət içində qaldım. O an yer yarılsaydı utandığımdan yerin dibinə girərdim. Daha sonra özümü toplayaraq:

— Ey Hökmdar! Hirslənəcəyini bilsəydim belə söyləməzdim, dedim.

O zaman mənə dedi ki:

— Ey Amr! Sən, Musa və İsa əleyhissəlama gəlmiş olan Cəbrayılın gəldiyi bir şəxsin elçisini öldürmək üçün sənə verməyimi istəyirsən? Əgər onu öldürsəydin vallah sizdən heç kimi sağ buraxmazdım.  Heç Rəsuli-əkrəmin elçisi öldürülərmi?

Qəlbimi İslamiyyətə açdı

O anda Allahu təala qəlbimi İslamiyyətə açdı. Öz-özümə, “Ərəblər və Ərəb olmayanlar bu həqiqəti qəbul etdiyi halda sən hələ qarşı çıxmaqdasan. Hayıflar olsun sənə” dedim.  Sonra da Nəcaşidən soruşdum:

— Ey Hökmdar! O həqiqətən bir peyğəmbər ola bilərmi?  Onun peyğəmbər olduğuna şəhadət edirsənmi?

— Ey Amr! Sənə hayıflar olsun. Mən Onun Allahu təala tərəfindən göndərilmiş bir Rəsul olduğuna şəhadət edirəm. Sən sözümü dinlə, dərhal Ona tabe ol! Çünki O, vallah haqq üzrədir və Musa əleyhissəlam Firona və ordusuna qalib gəldiyi kimi, ona qarşı çıxan hər kəsə qalib gələcəkdir.

— Elə isə, mənim Ona biyətimi qəbul edərsənmi?

Bu sualım üzərinə “Bəli” deyəndə, əlimi əlinin üzərinə uzatdım və Kəlmeyi-şəhadət gətirərək Müsəlman oldum.

Müsəlman olmağın verdiyi həzz ilə özümü quş kimi yüngül hiss edərək oradan ayrıldım. Yoldaşlarımın yanına qayıtdım və Müsəlman olduğumu gizlədim. Onlar məndən soruşdular:

— Dostun Nəcaşidən istədiyini ala bildinmi?

— Onunla ilk görüşümdə bunu dilə gətirməyi uyğun görmədim. Daha sonra getdiyim zaman  söyləyəcəyəm.

Müsəlman olmayan qalmadı

Sonra Amr ibn Ümeyyənin yanına getdim və onunla qucaqlaşdım. Bir işimi bəhanə edərək gəldiyim insanlardan ayrıldım. Limana gedərək Şuaybəyə gedən taxta yüklü bir gəmiyə mindim. Şuaybəyə gələndə gəmidən enib bir dəvə satın alaraq Mədinəyə getmək üçün yola düşdüm. Mərruzzahranı keçdikdən bir müddət sonra yolda Xalid ibn Vəlid və Osman ibn Talha ilə qarşılaşdım.  Xalid ibn Vəliddən soruşdum:

— Ey Əbu Süleyman! Hara gedirsən?

— Ey Amr! Tutulacaq yol bəlli oldu. İş işıqlandı. Bu şəxs şübhəsiz Allahın rəsuludur. Mən dərhal gedib Müsəlman olacağam. Bunun üzərinə:

— Mən də Onun yanına gedirəm, dedim.

Hamımız birlikdə orada qaldıq. Səhər olanda Mədinəyə getmək üzrə yola çıxdıq. Əbu İnabə quyusunda olan bir şəxs:

— Ya Rəbah!  Ya Rəbah! deyə qışqırdı.

O şəxsin bu sözlərini xeyrə yozaraq yolumuza davam etdik. O şəxs bizə təkrar baxaraq:

— Məkkə artıq bu ikisindən sonra hakimiyyətini itirdi, dedi.

O şəxsin bu sözü ilə məni və  Xalid ibn Vəlidi nəzərdə tutduğunu anladım.

Şərtin nədir?

            Xarrə bölgəsində dəvələrimizi çökdürdük. Üzərimizə təmiz paltarlar geyindik. O vaxt ikindi azanı oxundu. Rəsulullahın yanına getdik. Üzü ayın on dördü kimi parlayırdı.  Möminlər ətrafını mühasirəyə almışdılar. Əvvəl Xalid ibn Vəlid biyət edərək Müsəlman oldu. Sonra Osman ibn Talha biyət edərək Müsəlman oldu. O sırada özümü birdən Rəsuli əkrəmin önündə oturmuş gördüm.  Utandığımdan üzünə baxa bilmirdim.

— Ya Rəsulallah! Sağ əlinizi açın da sizə biyət edim, dedim.

Sərvəri aləm əlini açanda mən əlimi çəkdim. Bunun üzərinə buyurdular ki:

— Ya Amr, sənə nə oldu?

— Biyət üçün şərt qoşmaq istəyirəm.

— Şərtin nədir?

— Ya Rəsulallah!  Mən keçmişdə olan günahlarım əfv olunma şərti ilə sizə biyət  edəcəyəm.

Gələcək günahlarım üçün məğfirət tələb etmək ağlıma gəlmədi. Bunun üzərinə Fəxri-aləm əfəndimiz buyurdu ki:

— Ey Amr! Biyət et! Heç şübhəsiz ki, Müsəlman olmaqla İslamiyyətdən əvvəl etdiklərinin hesabı soruşulmaz.

Biyət etdiyim anda insanlardan heç biri mənə Rəsuli əkrəmdən daha sevgili və Ondan daha uca olmamışdı. Vallah, Müsəlman olduqdan sonra əhəmiyyətli işlərdə Sərvəri aləm məni və  Xalid ibn Vəlidi  digər Əshabından ayırmadı.

Bir gün Amr ibn As, Peyğəmbər əfəndimizə ərz etdi ki:

— Ya Rəsulallah, nə qədər müddətdir İslamiyyət sarayını yıxmağı qəsd etdim. İndi muradım odur ki, İslama gəldiyim bəlli olsun.

Ağ bayraq bağladı

Həbibi Kibriya buyurdu ki:

— Yaxında səni bir xidmətə göndərəcəyəm.

Bir müddət sonra Rəsuli əkrəm, Amr ibn Asa:

— Paltarını geyin, silahını al və yanıma gəl, dərhal bu əmri yerinə yetirərək hüzuruna gəldi.  Rəsulullah əfəndimiz buyurdu ki:

— Ey Amr! Səni ordunun başında hərbə göndərəcəyəm. Allahu təala sənə salamatlıq və  qənimət versin və çoxlu saleh mal ilə qayıt.

— Ya Rəsulallah! Mən mal qazanmaq üçün Müsəlman olmadım. İslama olan sevgimdən Müsəlman oldum.

— Ey Amr!  Saleh mal, saleh kimsədə nə gözəldir.

Sərvəri aləm Amr ibn As üçün ağ bir bayraq bağladı və ayrıca qara bir bayraq verdi.  Atasının dayıları olan Beli ibn Ömər ibn Lihaf qəbiləsini İslama dəvət etməsini, Müsəlmanlığı qəbul etmədikləri təqdirdə döyüşmələrini əmr buyurdu.

Amr ibn Ası Sühəyb ibn Sinan, Səid ibn Zeyd,  Sad ibn Əbi Vaqqas və  Sad ibn Ubadə kimi Mühacir və Ənsarın məşhurlarından üç yüz səhabəyə başçı etdirdi. Hərbi hissədə otuz at vardı. Gündüzləri gizlənərək, gecələri isə hədəfə doğru irəliləyərək, Zat-ül Səlasilə  yaxınlaşdılar. Burada, kafirlərin başqa qəbilələrlə birləşdiyini xəbər alan Amr ibn As  vəziyyəti Rəsulullah əfəndimizə bildirdi.

Fəxri-aləm əfəndimiz,  Əbu Ubeydə ibn Cərrahın əmri altında Həzrəti Əbu Bəkir və  Həzrəti Ömərin olduğu bir dəstəni Amr ibn Asa kömək üçün  göndərdi. Əbu Ubeydə ibn Cərrah, Amr ibn Asın yanına çatanda ona tabe oldu.

Mücahidlərin getdiyi bölgə çox soyuq idi. İsinmək üçün atəş yandırmaq istədilər.  Amr ibn As qarşı çıxaraq dedi ki:

— Kim atəş yandırarsa, onu yandırdığı atəşin içinə atacam.

Onun bu sözləri Əshaba çox toxundu. Həzrəti Ömər onun bu sözlərini eşidincə çox kədərləndi və  yanına getmək istədi. Həzrəti Əbu Bəkir ona mane oldu:

— Onu öz halına burax. Rəsuli əkrəm onu döyüşdəki üstün bilgisi səbəbi ilə bizə sərkərdə təyin etdi.

Bol qənimət topladılar

Bu sözlər üzərinə Həzrəti Ömər sükut etdi. Amr ibn As gecə və gündüz irəliləyib,  Beli qəbiləsinə basqın və hücumlar etdi. Əvvəllər güclü bir ordu ilə qarşılaşmadı. Beli torpaqlarında bir müddət irəlilədikdən sonra, düşmən ordusu ilə qarşılaşan Amr ibn Asın dəstəsi döyüşə başladı. Təkbir səsləri ilə hücuma keçən mücahidlər qarşısında kafirlər çox az dayana bildilər və qaçmağa başladılar. Mücahidlər onları təqib etmək istədi isə də Amr ibn As icazə vermədi və döyüşdə çox sayda əsir və qənimət ələ keçirildi.

Məkkəyə qayıtdıqdan sonra mücahidlərə atəş yandırmamaq mövzusu Rəsuli-əkrəmə intiqal etmişdi. Bunun üzərinə Amr ibn As dedi ki:

— Ey Allahın Rəsulu! Müsəlmanların sayı az idi. Düşmənin yanan atəşə baxaraq, onları az görməsindən qorxdum. Kafirləri təqib etməkdən onları çəkindirdim. Çünki pusu qurulmasından,  pusquya düşürülməkdən ehtiyyat etdim.

Amr ibn Asın bu davranışı Rəsuli əkrəmin xoşuna gəldi.

Məkkənin fəthindən sonra Rəsuli-əkrəm bəzi hökmdarlara İslama dəvət edən məktublar göndərdi. Ummana,  Amr ibn Ası və  onlarla birlikdə  Quranı-kərimi çox gözəl oxuyan  hafizlərdən  Əbu Zeyd-ül-Ənsarini göndərdi.

Amr ibn As ilə Əbu Zeyd, Umman sultanı Cəyfər ilə  qardaşı  Abdini, dəniz sahilində Suharda tapdılar.  Amr ibn As, Cəyfər və qardaşı Abdi ilə görüşməsindən belə danışır:

Nələrə dəvət edirsən?

Ummana çatdığım vaxt əvvəl Abdi ilə görüşmək istədim. Çünki o, böyük qardaşından daha çox istiqanlı idi. Ona dedim ki:

— Mən, Allahu təalanın qulu və rəsulu olan Muhamməd əleyhissəlamın sənə və qardaşına göndərdiyi elçiyəm.

— Böyük qardaşım yaş və səltənət baxımından məndən öndə gəlir. Mən səni ona apararam.  Gətirdiyin məktubu o oxusun, dedi.  Sonra aramızda bu söhbət oldu:

— Ey Amr!  Sən qövmünün böyüyü olan bir şəxsin oğlusan. Atan bu barədə nə dedi? Şübhəsiz, o bizə bu yolda örnək ola bilər?

— Mən, onun da Müsəlman olmasını və  Muhamməd əleyhissəlama tabe olmasını çox arzu edərdim. Mən də əvvəllər Ona qarşı idim. Nəhayət, Allahu təala mənim qəlbimə iman nurunu yerləşdirdi.

— Nə zaman və harada Müsəlman oldun?

— Qısa bir zaman əvvəl Nəcaşinin hüzurunda Müsəlman oldum. Nəcaşi də Müsəlman oldu.

— Peyğəmbəriniz nələri əmr edir, nələrdən çəkindirir? Onları mənə bildir.

— Allahu təalanın əmrlərinə tabe olmağı əmr edir. Ona qarşı gəlməkdən və üsyankar olmaqdan çəkindirir. Yaxşılığı, qohumluq haqqlarına riayəti əmr edir. Zülmü, haqsızlığı, zinanı, daşlara, bütlərə tapınmağı qadağan edir.

— Onun dəvət etdiyi şeylər nə qədər gözəldir!  Böyük qardaşım məni dinləsəydi, mənə tabe olsaydı,  gedib Muhamməd əleyhissəlama iman etsəydik nə qədər gözəl olardı. Ancaq o, səltənətə düşkündür.

— Əgər o Müsəlman olsa,  Rəsuli-əkrəm yenə onun qövmünə sultan edər. Zənginlərdən zəkat alar, kasıblara və yoxsullara verər.

— Heç şübhəsiz, bu da gözəl əxlaqdır!

Ayaqları altında tapdalanarsan

Bu görüşməmizdən sonra Ceyfərin hüzuruna girmək üçün günlərlə gözlədim. Abdi  məndən öyrəndiklərini böyük qardaşına çatdırırdı. Bir müddət sonra Ceyfər məni yanına çağırdı. Hüzuruna girəndə, Rəsuli-əkrəmin möhürünü daşıyan məktubu verdim. Məktubu oxuyan Ceyfər, daha sonra oxuması üçün qardaşına verdi. Abdi də məktubu oxudu. Ceyfər,  Qureyşlilərin bu vəziyyət qarşısında nə etdiyini və Onun yanında kimlərin olduğunu soruşdu. Mən də dedim ki:

— Bir qismi İslamiyyətə sahib çıxaraq, bir qismi də cizyə verərək qılınc zoru ilə Ona tabe oldular. Allahu təalanın hidayəti ilə ağılları başlarına gəlib, dəlalət içində olduqlarını anlamış,  İslamiyyətə könül vermiş və Rəsulullahı başqa şeylərə dəyişməyənlər, Onun yanında olurlar.

Əgər sən bu gün İslamiyyəti qəbul etməz, Rəsuli-əkrəmə  tabe olmazsan, mücahid orduların ayaqları altında tapdalanarsan. Xalqın dağılar. İslamiyyəti qəbul edərək səlamətə çat!  Yenə qövmünün hökmdarı olarsan. İslam orduları sənin torpaqlarına gəlməz.

Ceyfər belə cavab verdi:

— Sən bu gün məni öz halıma burax, sabah yenə yanıma gəl.

Bir müddət sonra Ceyfərin hüzuruna qardaşı vasitəsi ilə təkrar qəbul edildim. Ceyfər mənə dedi ki:

— Dəvətini düşündüm. Əgər səltənətimi başqa birinə buraxsam, Ərəblərin ən zəifi və düşkünü olaram.

— O zaman  sabah mən məmləkətimə qayıdıram.

Gedəcəyimi anlayan Abdi böyük qardaşına dedi ki:

— Biz bu  mövzuda Ona üstün gələ bilmərik. Elçi göndərdikləri hökmdarların çoxu Onun dəvətini qəbul etdi.

Allahu təaladan uzaq deyilsən

Ertəsi gün Ceyfər məni təkrar hüzuruna dəvət etdi. Hüzuruna girincə aramızda belə bir söhbət oldu:

— Ey Ceyfər! Sən bizdən uzaqsan, amma Allahu təaladan uzaq deyilsən. Səni yaradan Allahu təala yalnız özünə ibadət etmənə, ibadət edərkən Ona şərik qoşmamağa layiqdir. Bunu bil ki,  sən ölü bir halda ikən, O səni diri etdi. Səni təkrar köhnə halına qaytaracaq və qiyamət günü yenidən dirildəcəkdir.

Muhamməd əleyhissəlam dünya və axirət səadətinə qovuşduracaq bir din gətirdi.  Axirətdə mükafat istəyən, Onun yoluna sarılar. Nəfsinin arzu və istəklərinə tabe olan isə bu yoldan ayrılar. Yaxşı düşün ki,  Onun gətirdikləri,  heç insanların söylədiklərinə bənzəyirmi?  Əgər bənzəsə idi açıqca görülərdi. Sən bu barədə sərbəstsən.

— Vallah, mən Muhamməd əleyhissəlamın xeyir və yaxşılıq adıyla əmr edəcəyi şeyləri edəcək,  yerinə yetirəcək olanların ilki olacağam. Onun qadağan edəcəyi şeyləri tərk edəcək olanların başında yenə mən gələcəyəm. Verilən söz yerinə yetiriləcək. Mən şəhadət edirəm ki,  Allahu təala birdir və Muhamməd əleyhissəlam  Onun qulu və Rəsuludur.

Ceyfər belə deyərək Müsəlman oldu.

Yanında olan qardaşı Abdi də dərhal Müsəlman oldu. Sonra orada olan bütün Ərəbləri İslamiyyətə dəvət etdilər. Onlar da bu dəvəti sevə-sevə qəbul etdilər.

Umman xalqı Müsəlman olanda, Rəsulullah əfəndimiz Amr ibn Ası Ummana vali təyin etdi.  Rəsuli-əkrəmin vəfatına qədər vəzifədə qaldı.

Siz ağıllı adam idiniz

Amr ibn As, İslamiyyəti qəbul etdikdən sonra köhnə səhvlərinə çox peşman oldu. İslama xidmət etməyi, müşriklərə qarşı döyüşməyi şiddətlə arzu etdi. Beləliklə, İslam dininin igid bir mücahidi oldu.  Bir nəfər, Amr ibn Asdan soruşdu:

— Siz ağıllı adam idiniz. Nə üçün İslama girməkdə gecikdiniz?

— Biz yaş və bilgi baxımından bizdən üstün qəbul edilən insanlarla bərabər idik. Rəsulullah əfəndimiz Peyğəmbər olaraq göndərilincə, onlar  Onu qəbul etmədilər. Biz də onlara tabe olduq.

Onlar gedib, sıra bizə gələndə, düşündük,  araşdırdıq, haqqın çox açıq olduğunu gördük.  Beləcə İslamiyyət qəlbimə yerləşdi. Rəsulullah əfəndimizin yaxşılıq edənə öldükdən sonra yaxşılıq, pislik edənə pislik ediləcəyi sözünü içimdə doğru gördüm. Yalnış və batil olan bir şeydə heç bir  fayda görmədim.

Amr ibn As, Həzrəti Əbu Bəkirin xilafəti zamanında, əvvəl Ummandakı mürtədləri, sonra Bəni Kudaa mürtədlərini yola gətirdi. Bundan sonra Həzrəti Əbu Bəkir tərəfindən Şamın fəthinə göndərildi. Baş sərkərdə Xalid ibn Vəlid idarəsində cərəyan edən Yərmuk müharibəsində böyük qəhrəmanlıqlar göstərdi və  Şrahbil ibn Həsənə ilə bərabər  ordunun sağ qanadını idarə etdi.

Əcnadin zəfəri  

Yərmuk müharibəsi İslam ordusunun zəfəri ilə bitdi. Bu döyüşdə Müsəlmanlar 250 min nəfərlik yunan ordusunu böyük bir məğlubiyyətə uğratdı.

Amr ibn As, Əcnadində böyük bir yunan ordusunu məğlubiyyətə uğratdı. Bütöv Fələstin və Ürdünü ələ keçirdi. Həzrəti Ömərin xəlifəliyi zamanında Fələstin valiliyinə təyin edildi.

Bir müddət sonra Amr ibn As, xəlifə Həzrəti Ömərdən Misirin fəthi üçün icazə istədi.  İcazə verilməsi üzərinə hazırlıqlar başladı. Yezid ibn Əbu Süfyan, Amr ibn Rebia və Müsəlman olan  Hələbin keçmiş valisi Yuqanna da 4.000 nəfərlik ordu ilə İslam ordusuna qoşulmuşdı.

Amr ibn As ordusuyla əvvəl Fərəma şəhərini fəth etdi. Sonra Bilbisi ələ keçirdi.  Sonra, Təndonyas şəhərinə getdi. Şəhərin yaxınlığına çatdıqları zaman, Misir vəliəhdindən elçi gəldiyini gördülər. Gələn elçi, vəliəhdin özünə elçi göndərilməsini, beləcə sülh əldə edə biləcəyini söyləyincə, Amr ibn As bir neçə dil bilən Vərdan  adındakı Rəmləli xidmətçisini götürərək yola çıxdı. Saraya çatanda  zirehli və silahlı əsgərlərin saf tutduqlarını gördü.

Amr ibn As qılıncını almış və at üzərində içəri girmək istəyincə, keşikçilər mane olmağa cəhd etdilər. Bu vəziyyət qarşısında Amr ibn As dedi ki:

— Vəliəhdiniz bu şəkildə qəbul edərsə nə yaxşı, yoxsa qayıdaram. Biz Müsəlmanlar müşriklər üçün atımızdan enmərik. Bura gəlməmizi vəliəhd istədi. Yoxsa, bizim hər hansı bir istəyimiz yox idi.

Əsgərlər, Amr ibn Asın  sözlərini xəbər verincə Vəliəhd  Arsütalis əmr verdi:

— Buraxın, istədiyi kimi girsin!

Bir neçə dünya mənfəəti

Keşikçilər, Amr ibn Asa, nə şəkildə istəyərsə elə girə biləcəyini söylədilər. Amr ibn As vəliəhdin olduğu həyətə at üstündə girdi. Burada nəzarətçilərin, sərkərdələrin və vəliəhdin taxtının olduğunu gördü. Hamısı çox gözəl və zinətli geyinmişdilər. Amr ibn As onları belə görəndə təbəssüm etdi:

“Sizə dünyada verilən şeylər, təkrar geri alınacaq bir neçə dünya mənfəətidir.  Halbuki, Allahu təalanın vəhdəniyyətinə iman edib işlərində Ona təvəkkül edənlər üçün,  Allahu təala qatında olan şeylər  daha xeyirli və baki, daimidir.” (Şura:36) məalindəki  ayəti-kəriməni oxudu və atından endi.

Bir əli atının düzümündə, digəri də qılıncında idi. Yanlarına gedərək dörd bir tərəfdəki bəzəklərə baxıb:

“Əgər insanlar kafirlərin dünyadakı rifahına baxaraq hirslənməsələr və bu səbəblə küfrə rəğbət etməsələr və beləcə tək bir ümmət halına gəlməyəcək olsaydılar, biz O  Rəhmanı inkar edən  kimsələrin evlərinə  gümüşdən tavanlar və üzərində çıxacaqları nərdivanlar  edərdik.” (Zuhruf :33)  məalində ki ayəti-kəriməni oxudu.

Amr ibn As vəliəhdin hüzuruna girincə, vəliəhd dedi ki:

— Ey Ərəb qardaş! Siz bizdən nə istəyirsiniz? Bizə qəsd edənlər daim əlləri boş olaraq, məğlubiyyətə  uğrayaraq dönüblər. Həm bizə başqa yerlərdən də kömək gələcəkdir.

Biz ordulardan qorxmarıq

Amr ibn As  buna qarşı bu cavabı verdi:

— Bizlər, çoxsaylı ordulardan qorxmarıq. Çünki, Allahu təala bizə köməyini, zəfəri və bizi yer üzünün varisləri edəcəyini vəd etdi. İndi sizi bu üç şeyə dəvət edirik: Ya İslamı qəbul edərsiniz, ya cizyə verərsiniz, yaxud müharibə edərik.

— Biz məlik Muqavqısla məşvərət etmədikcə bir işə qərar vermərik. Lakin, ey Ərəb qardaş! Sənin yoldaşların arasında səndən daha cəsur və dili daha fəsih birinin olacağını zənn etmirik.

— Yoldaşların arasında ən fəsih danışa bilməyən mənəm. Əgər onlardan birinin çıxışını görsəydiniz, mənimlə əsla müqayisə edilməyəcək qədər məndən üstün olduğunu görərdiniz.

— Bu mümkün deyil. Onlar arasında sənin kimi biri ola bilməz.

— Mən məlikə, onlardan onunu gətirə bilərəm. Ancaq onlar məktubla gəlməzlər. Məlik istəsə, mən gedib onları gətirərəm.

Vəliəhd, Amr ibn Asın bu sözləri üzərinə yanındakılara dönərək Kıpti dili ilə dedi ki:

— Onlar gəldikləri zaman hamısını tutarıq. Beləcə on bir adam tutmaq, bir adamı tutmaqdan  daha yaxşıdır.

Amr ibn Asın xidmətçisi Vərdan, başqa bir dil ilə danışılanları Amr ibn Asa dedi.  Bu arada vəziyyət  məlikə  bildirildi.  Məlik Amr ibn Asa dedi ki:

— Get, gecikmədən gəl.

Amr ibn As atına mindi və sürətlə şəhərdən çıxdı. Amr ibn Asın salamatlıqla qayıtması səbəbilə mücahidlər Allahu təalaya həmd etdilər.

Ertəsi səhər vəliəhdin elçisi gəlib:

— Səni və digər on adamı vəliəhd gözləyir, dedi.

Bunun üzərinə Amr ibn As həzrətləri buyurdu ki:

— Xainlik,  onu və əhlini məhv edəcəkdir. Azğınların və həddini aşanların başına çox bəla və müsibət gələr. Məlikinizə hayıflar olsun. Həm bizdən elçi istədi, həm də yanına gedəndə, məni öldürmək istəyir. Haqqımda belə-belə şeylər dedi. İndi səni öldürmək istəsəm, öldürərəm. Lakin biz xainlərdən deyilik. Sahibinə qayıt. Ona haqqımda danışdıqlarının hamısından xəbərdar olduğumu söylə. Artıq aramızda hərbdən başqa ediləcək bir şey qalmadı.

Ən üstün və qiymətli şey

Elçi məlikin yanına qayıtdı.  Amr ibn Asın dediklərini olduğu kimi danışdı.

Bundan sonra edilən döyüşlər nəticəsində bütün Misir İslam torpaqlarına qatıldı. Sonra,  Şimali Afrikaya yönələrək, Trablusqarbı ,Siyrəni  fəth etdi və Misir valisi təyin edildi. Həzrəti Osman  zamanına qədər bu vəziyyətdə qalan Amr ibn As, sonunda  xəlifənin müşaviri oldu.

Amr ibn As həzrətlərinin,  664-cü ildə, ölüm döşəyində son sözləri bunlar oldu:

“Allahım! Sən əmr etdin, biz əmrinə üsyan etdik. Sən qadağan etdin, biz tərsini etdik.  Əfvinə sığınarıq.  Allahım!  Sən bizə kömək et.  Günahkaram. Üzrümü qəbul et.  Səndən  əfv diləyirəm. Səndən başqa  ilah yoxdur”.

 

 

27-06-2018, 15:55
Geri