Gözəl İslam / Bilali Həbəşi

Bilali Həbəşi

Peyğəmbər əfəndimizin müəzzini olmuşdur.

Bilali Həbəşi Həzrətləri, ilk iman edənlərdən olub, müşriklərə qarşı Müsəlman olduğunu açıqca bildirən yeddi adamdan biridir. Müsəlman olmadan əvvəl, Məkkə müşriklərinin məşhurlarından olan Ümeyyənin köləsi idi.

O zamanlar hər yerdə olduğu kimi Ərəbistanda da qorxunc bir cahiliyyət vardı. İçki, qumar, zina, oğurluq, zəifləri əzmək, zülm və əxlaqsızlıq adına nə varsa hamısı edilirdi.

Güclü kimsələr zəif kimsələrdən kölə olaraq istifadə edirdilər. Bu kölələrdən biri də Bilali Həbəşi idi. Ancaq onun digərlərindən fərqli bir halı vardı. Son dərəcə mərd və dürüst idi. Bunun üçün Ümeyyə onu karvanının başına qoyar, mallarını onun vasitəsilə uzaq yerlərə göndərərdi.

Bilali Həbəşi həzrətlərinin digər bir xüsusiyyəti də səsinin çox gözəl olması idi. Bunun üçün toy və şənliklərdə axtarılan bir kimsə idi.

Azad insan kimi yaşayardı

Ticarət üçün uzun yol gedən karvan yorğunluqdan gedə bilməyəndə, onun namələri ilə canlanar, dəvələr belə onun gözəl səsini eşidincə, coşub yol alardılar. Onun bu xüsusiyyətlərini bilən sahibi Ümeyyə, onunla digər kölələrdən ayrı rəftar edərdi. Sanki kölə deyil azad bir insan kimi yaşayardı.

Bilali Həbəşi yenə bir gün bir karvanla Şama getmişdi. Bu karvanda Həzrəti Əbu Bəkir də var idi. İkisi arasındakı dostluq bu səfərdə meydana gəlmişdi. Bu sırada Məkkəlilərin tək gəlir qaynağı ticarət idi.

İslam günəşinin doğulmasına və aləmi işıqlandırmasına çox az bir zaman var ikən,həmin bu səfər baş tutmuşdu. Həzrəti Əbu Bəkir bu səfərdə gördüyü bir yuxu ilə səfərdən qayıtdıqdan sonra iman nuru ilə şərəflənmişdi.

Bir gecə Bilali Həbəşi həzrətlərinin qapısı döyüldü. Oyandığı zaman qapıdan pıçıltı  səsi eşitdi:

— Bilal! Bilal!

“Gecənin bu saatında bu səs nədir” deyə düşünərkən, eyni səs təkrar etdi:

— Bilal! Bilal!

Qaranlıqda qorxuyla səsin gəldiyi tərəfə yönəldi. Səsin gəldiyi  tərəfə yaxınlaşıb soruşdu:

— Sən kimsən?

— Mən Əbu Bəkir.

— Gecənin bu saatında nə istəyirsən? Söyləyəcəklərini səhər söyləyə bilməzdinmi? Dərdin nədir?

— Səhəri gözləmədən, sahibinin də oyanmadan deyəcəyim var, onun üçün gəldim.

— Məni maraqlandırdın. Söyləyəcəyini dərhal söylə!

— Ya Bilal! Bu ümmətin peyğəmbəri gəldi.

— Kimdir?

— Əbul Qasım.

— Yaxşı peyğəmbər olduğunu necə anladın?

Bunun üzərinə Həzrəti Əbu Bəkir belə cavab verdi:

— Şam səfərində gördüyüm yuxunu danışdıqdan sonra ondan, “Ya Əbəl Qasım, sən Allahın Rəsulu olduğunu söyləyir, imana dəvət edirmişsən, eləmi?” deyə soruşdum. O da, “Bəli ya Əbu Bəkir! Rəbbim insanlara müjdələyici və qorxudan olaraq Həzrəti İbrahimi göndərdiyi kimi məni də bütün insanlara peyğəmbər olaraq göndərdi” dedi. Mən də, “Sən bu günə qədər yalan söyləmədin. İnanıram ki, sən Allahın Rəsulusan” deyib hüzurunda Müsəlman oldum. Sənin də Müsəlman olmağını, əbədi səadətə qovuşmağını istəyirəm.

Həzrəti Əbu Bəkirin bu cavabı üzərinə onu yaxından tanıyan, səmimiyyətindən heç şübhəsi olmayan Bilali Həbəşi həzrətləri,  Kəlmeyi-şəhadəti gətirib Müsəlman oldu.

Bilali Həbəşi, Müsəlman olduqdan sonra həyatında tam fərqli bir mərhələ başladı.  Artıq o, haqq ilə batil arasında olan çətin bir mübarizənin əzmli bir qəhrəmanı, tək bir mücahidi olmuşdu.

Zalım Ümeyyə; Onun Müsəlman olduğunu anladığı vaxt daha çox xainləşdi.

Çarəsiz köləsini arxası üstə və ya  üzü aşağı, qızğın qumun üstünə yatırardı. Sonra da çılpaq bədəninə böyük qaya parçalarını qoyar və Peyğəmbər əfəndimizi inkar etməsini əmr edərdi.

Daş ürəklilər

Amma o Həbəşli Mömin, alnındakı muncuq-muncuq tərlərlə inləyərək deyərdi:

— Allah birdir, Allah birdir.  Muhamməd Onun elçisidir. Ey torpaqlar, ey daşlar, ey daş ürəklilər! Allah birdir və Ondan böyük yoxdur.

Bütün bu işgəncələrlə hirsi soyumayan Ümeyyə, onu beləcə yorğun vəziyyətdə də boynuna bir ip taxıb uşaqların əlində Məkkə küçələrində gəzdirərdi. Müşriklər onunla lağ edərdilər.

Bilali Həbəşi qərib və kimsəsiz olduğu üçün digər müşriklərdən də işgəncə görərdi.  Ona ağır işgəncə edənlərdən biri də Əbu Cəhildir. Bilali Həbəşi onun ağır işgəncələri qarşısında da, “Allah birdir, Allah birdir” deyərək, dinindəki səbatını göstərərdi.

Ümeyyə ibn Xələf yenə bir gün Bilali Həbəşiyə işgəncə etmək üçün çölə çıxarmışdı.  Üzərindəki paltarlarını çıxardıb tək bir alt paltarı ilə yandırıcı istidə qızğın qumlar üzərinə yatırıb, üzərinə daşlar yığmışdı. Müşriklər toplanıb ağır işgəncələr edirlər, “Ya dinindən dönərsən və ya səni öldürəcəyik” deyirdilər.

Bilali Həbəşi bu dözümü çətin işgəncələr altında yenə, “Allah birdir, Allah birdir” deyir, başqa bir şey söyləmirdi. Bu sırada sevgili Peyğəmbərimiz oradan keçirdi. Bilali Həbəşinin halını gördü, kədərlənərək buyurdu ki:

— Allahu təalanın adını söyləmək səni qurtarar.

Evinə qayıtdıqdan bir az sonra da Həzrəti Əbu Bəkir yanına gəldi. Peyğəmbərimiz, Bilali Həbəşinin çəkdiyi işgəncəni Həzrəti Əbu Bəkirə söyləyib, “Çox kədərləndim”buyurdu.

Həzrəti Əbu Bəkir dərhal Bilali Həbəşiyə işgəncə edilən yerə getdi. Müşriklərə dedi ki:

— Bilala belə etməklə əlinizə nə keçər? Bunu mənə satın!

Müşriklər cavab verdilər:

— Dünya dolusu qızıl versən satmarıq. Lakin, sənin kölən Amir ilə dəyişərik.

Bilal üçün sizə verdim

Həzrəti Əbu Bəkirin köləsi Amir onun ticarət işlərini görərdi. Çox pul qazanardı.  Yanında şəxsi malından başqa on min qızılı vardı. Əbu Bəkiri Siddiqin əhəmiyyətli bir köməkçisi olub, hər işini idarə edərdi. Amma, kafir idi. İman etmirdi.  Bunun üzərinə Həzrəti Əbu Bəkir buyurdu ki:

— Amiri bütün malı və pulları ilə Bilal üçün sizə verdim.

Ümeyyə ibn Xələf və digər müşriklər çox sevinib, “Əbu Bəkiri aldatdıq” dedilər.

Həzrəti Əbu Bəkir dərhal Bilali Həbəşinin üzərinə qoyduqları ağır daşları götürüb ayağa qaldırdı. Ağır işgəncələr səbəbi ilə çox halsızlaşmışdı. Əlindən tutub düz sevgili Peyğəmbərimizin yanına gətirərək dedi ki:

— Ya Rəsulallah! Bilali bu gün Allah rizası üçün azad etdim.

Rəsulullah əfəndimiz çox sevindi.  Əbu Bəkir Siddiqə çox dua buyurdu.

Azadlığına qovuşan Bilali Həbəşi həzrətləri dərhal Allahu təalanın Rəsulunun xidmətinə sarıldı. Vəfatlarına qədər də xidmətlərindən ayrılmadı. İcazə verildiyi halda  Həbəşistana getmədi. Ancaq sevgili Peyğəmbərimizlə birlikdə Mədinəyə hicrət (köç) etdilər.

Hicrətdən sonra Bilali Həbəşi həzrətləri bir gün Məscidi Nəbidə ikən böyük bir nəşə içində coşur, yerində dayana bilmir, oynayırdı.  Həzrəti Ömər bu halı görüncə soruşdu:

— Ya Bilal, bu halın nədir?  Buranın məscid olduğunu unutdunmu?

— Mənim halımda nə var ki? İstəsən gedib halımı Rəsulullaha ərz edək, səhvim varsa tövbə edərəm və bir daha etmərəm.

Mən oynamayım da…

Birlikdə Rəsulullahın hüzuruna getdilər. Həzrəti Ömər, Peyğəmbərimizə vəziyyəti ərz etdi:

— Ya Rəsulallah, Bilal məscidin ədəbini pozur. Burada sevinib, coşur, oynayır.

Peyğəmbər əfəndimiz Həzrəti Bilaldan soruşdu:

— Ya Bilal belə nəşəli olmanın səbəbi nədir?

— Ya Rəsulallah, Cənabi Haqq mənə hidayət nəsib etdi. Mən bir kölə idim. Məkkənin məşhurlarından çox kimsə bu səadətə qovuşa bilmədilər. Əbədi səadətdən məhrum qaldılar.  Onlara hidayət nəsib olmadı. Mən nəşələnməyim də kim nəşələnsin? Mən oynamayım da kim oynasın?

— Bilala toxunmayın! Sevinib nəşələnsin.

Azandan narahat olan Yəhudilər.

Həzrəti Bilalın oxuduğu azanı eşidən Müsəlmanlar nə qədər eşqə, şövqə gəlirlərsə, Mədinədəki Yəhudilər o qədər kədərlənirdilər. Azanı dinləməmək üçün çalışırdılar, ancaq buna müvəffəq ola bilmirdilər. İstər-istəməz, dayanıb dinləyirdilər. Dinlədikcə də kədərlənirdilər. Buna  mane olmaq üçün çarə axtarmağa başladılar.

Yəhudinin biri bir gün Həzrəti Bilalı çətinlik içində görüncə dedi ki:

— Ya Bilal, mən sənə istədiyin qədər pul verərəm, yetər ki, sən çətinlik çəkmə.

Məqsədi başqa idi.  Həzrəti Bilal da çətinlikdə olduğu üçün ondan çox borc aldı. Yəhudi pulu verərkən əlavə etdi:

— Əgər bu pulu ödəyə bilməzsən, səni kölə olaraq alacam.

Aradan bir zaman keçdikdən sonra, Yəhudi gəlib pulunu istədi. Bilali Həbəşi həzrətləri üzr istəyib dedi ki:

— Mənə bir ay daha möhlət ver, yenə ödəyə bilməsəm, məni kölə olaraq alıb apararsan.

Son günü gəldiyi halda borcunu ödəyə bilməyən Həzrəti Bilal, çarəsiz qalıb Rəsulullahın hüzuruna gedib vəziyyəti ərz etdi. Peyğəmbər əfəndimiz bir şey buyurmadı. Ümidsiz bir şəkildə evinə dönən Həzrəti Bilal o gecə yata bilmədi.

Artıq azan oxuya bilməyəcəyəm

Öz-özünə, “Artıq bundan sonra azan oxuya bilməyəcəyəm” deyə dərin-dərin düşünürdü. Bu düşüncələr içində özündən keçmiş halda ikən qapı döyüldü. Gələn kimsə səsləndi:

— Rəsulullah səni çağırır, tələsik gəl!

Dərhal yığışıb hüzura getdi. Peyğəmbər əfəndimiz buyurdu ki:

— Ya Bilal ticarətdən qayıdan bir karvan var. Karvana get, onların arasında üzərindəki yükləriylə birlikdə mənə hədiyyə edilmiş olan üç dəvə var, onları al sənin olsun! Borcunu ödə!

Həzrəti Bilal əmr edilən şeyi yerinə yetirdi. Rahat və hüzur içində gedib sübh azanını oxudu. Namazdan sonra məscidin kənarında onu kölə olaraq alıb götürmək üçün gözləyən Yəhudini gördü. Namazdan çıxınca yüksək səslə danışdı:

— Məndə alacağı olan kimsələr gəlsin, borcumu ödəyəcəyəm!

Bunun üzərinə Yəhudinin bütün xəyalları puç oldu. Pərişan oldu. Pulunu alan kimi oradan uzaqlaşdı.

Bilal Həbəşi həzrətləri Peyğəmbər əfəndimizin vəfatından sonra ayrılıq acısına dözə bilməyəcək hala gəldi. Rəsulullaha olan məhəbbətiylə yanır, davamlı göz yaşı tökürdü.

Mədinədə qaldığı müddətcə bu acının daha çox artacağını bilirdi. Çünki, gördüyü hər şey Rəsulullahı xatırladır, özünü tuta bilməyib ağlayırdı. Bu səbəblə Şama getməyə qərar verdi. Həzrəti Əbu Bəkirdən icazə aldı. Mədinədən ayrılıb Şama yerləşdi. Həzrəti Ömərin xilafətinə qədər orada qaldı. Həzrəti Ömər ordusuyla Şama gələndə onlara qatılıb orduyla birlikdə Qüdsə getdi.

Ayrılıq yetmədimi?

Bir gecə yuxusunda Rəsulullah əfəndimizi gördü. Sevgili Peyğəmbərimiz ona giley etdilər:

— Bu qədər ayrılıq yetmədimi, ya Bilal? Hələ qəbirimi ziyarət etməyəcəksənmi?

Zəif ürəyi dayanacaq hala gəldi. Həyəcan və tər içində oyandı. Dərhal hazırlığa başladı. Şəfəq sökülərkən incə, uzun və qərib dəvəsiylə mübarək Mədinə yollarına düşdü. Yeganə Əfəndisinə yaxınlaşdıqca havanı iyləyir, daşları torpaqları oxşayır və göz yaşı tökürdü. Tənha çölləri yara-yara Mədinəyə çatdı…

Ona rast gələnlər salam verirdilər.  Sonra da yanındakılara deyirdilər ki:

— Budur Bilal, Bilali Həbəşi həzrətləri, Peyğəmbərimizin Müəzzinidir. Onun kimi azan oxuyan bu dünyaya gəlməmişdir.

Ancaq O, heç birini eşitmir, görmürdü. Sanki çox qüvvətli bir maqnit onu özünə çəkirdi.  Peyğəmbər əfəndimizin mübarək qəbirlərinə doğru irəlilədi. Uca məqama çatarkən Qurani-kərimi oxudu, oxudu, oxudu… Ən sonunda sevgilisinin qəbrinə sarıldı, huşunu itirdi.

Gözəl ətri, gül qoxusunu hiss etdiyi zaman ayıldı, baş ucunda, sevgilisinin  sevgililərini görməzmi? Peyğəmbər əfəndimizin nəvələri, Həsən və Hüseyn həzrətləri saçlarını oxşayırdılar.  Sanki dünyalar onun oldu. Sarıldılar, qucaqlaşdılar.

— Ah balalarım! Nə qədər də Babanız kimi gözəl qoxu verirsiniz, deyə inlədi.

Sonra bir az özünə gəlib:

— Atanız (Həzrəti Əli) necədir?

— Atamız səni görmək istəyir, dedilər.

Sonra Həzrəti Həsən soruşdu:

— Babamız səni də çox sevərdi. Görəsən Onun xətri üçün bir şey istəsək edərsənmi?

Həzrəti Bilal çox təəccübləndi:

— Bu necə sözdü! Bu kölənizdən nə əmr etsəniz, yerinə yetirərəm!

— Min dəfə əstağfirullah! Ancaq bütün Mədinəlilər kimi biz də səndən bir dəfə də olsa azan dinləmək istəyirik.  Xahişimiz yalnız budur.

— Anam, atam sizlərə fəda olsun!  Başım, gözüm üstünə!

Mədinəlilər ayağa qalxdı

            Ertəsi səhər Bilali Həbəşi, son azanını Məscidi Nəbəvidə oxudu. Yanıq və həsrət dolu səsiylə:

“Allahu əkbər! Allahu  əkbər!”  dediyi vaxt  bütün Mədinə xalqı ayağa qalxdı.  

“Əşhədu ən la ilahə illəllah!” və “Əşhədu ənnə Muhammədən Rəsulullah!” dəyincə qadın-kişi, gənc-qoca, oğul-uşaq, hətta yataqlarındakı xəstələr belə küçələrə atıldılar.  Sanki, Peyğəmbər əfəndimiz yaşayır zənn etdilər.

O gündən bəri dünyada, bir daha  belə bir azan oxunmadı.  Bilali Həbəşi həzrətləri də bir daha azan  oxumadı. 641-ci ildə  Şamda vəfat etdi.

 

27-06-2018, 15:53
Geri