Gözəl İslam / Dihyəyi-Kəlbi

Dihyəyi-Kəlbi

Cəbrayıl əleyhissəlamın şəklinə girdiyi səhabədir.

Dihyəyi-Kəlbi ticarətlə məşğul olub çox zəngin idi. Qəbiləsinin rəisi idi. Müsəlman olmadan əvvəl də Rəsulullah əfəndimizi sevərdi. Ticarət üçün Mədinədən ayrılar, hər dönüşündə Rəsulullahı ziyarət edər və  hədiyyələr gətirərdi. Ancaq Peyğəmbərimiz bunlara qiymət verməz və,

— Ya Dihyə, əgər məni məmnun etmək istəyirsənsə iman et! Cəhənnəm atəşindən xilas ol, buyurar, onun iman etməsini istəyərdi. Dihyə isə zamanı olduğunu söyləyərdi.  Peyğəmbərimiz onun hidayət tapması üçün dua edərdi.

Üzünə gözünə sürtdü

Bədir qəzasından sonra bir gün Cəbrayıl əleyhissəlam Dihyənin iman edəcəyini Rəsulullaha xəbər vermişdi. İmanla şərəflənmək üçün hüzuru səadətlərinə gəlincə  Rəsulullah əfəndimiz üzərindəki əbasını Dihyənin oturması üçün yerə sərdi.

Dihyəyi-Kəlbi Rəsulullah əfəndimizə hörmətdən əbayı-səadəti qaldırıb üzünə gözünə sürtdükdən sonra başının üzərinə qoydu. Rəsulullahın duaları bərəkətiylə qəlbində iman nuru doğulmuş və eləcə Rəsulullaha gəlmişdi.

Cəbrayıl əleyhissəlam çox vaxt Rəsulullahın hüzuruna onun surətində gələrdi.  Rəsulullah əfəndimiz  Ümeyyəoğullarından üç kimsəni üç kimsəyə bənzətdi və buyurdu ki:

— Dihyəyi-Kəlbi Cəbrayıla, Urvə ibn Məsud-əs-Səkafi  İsaya, Abdülüzzi isə Dəccala bənzəyər.

Yenə bir gün Cəbrayıl əleyhissəlam Həzrəti Dihyə surətində Məscidi Nəbiyə, Rəsulullah əfəndimizin yanına gəldi. Bu sırada daha uşaq yaşda olan Həzrəti Həsən ilə Həzrəti Hüseyn də  məsciddə oynayırdılar. Cəbrayıl əleyhissəlamı Dihyə zənn edib  dərhal ona doğru qaçdılar və ciblərinə əllərini soxub, bir şeylər axtarmağa başladılar. Rəsulullah əfəndimiz buyurdu ki:

— Ey qardaşım Cəbrayıl! Sən mənim bu nəvələrimi ədəbsiz zənn etmə! Onlar səni Dihyə zənn etdilər. Dihyə nə vaxt gəlsə hədiyyə gətirərdi. Bunlar da hədiyyələrini alardılar.  Bunları elə alışdırdı. 

Cəbrayıl əleyhissəlam bunu eşidincə kədərləndi. “Dihyə bunların yanına hədiyyəsiz gəlmir, mən necə gəlirəm” dedi. Əlini uzadıb Cənnətdən bir salxım üzüm qopardı və Həzrəti Həsənə verdi. Bir daha uzatdı və bir nar qoparıb, onu da Həzrəti Hüseynə verdi.

Həzrəti Həsən və Hüseyn hədiyyələrini alanda, Dihyə zənn etdikləri Cəbrayıl əleyhissəlamın yanından uzaqlaşdılar və Məscidi Nəbəvidə oynamağa davam etdilər. Bu sırada məscidin qapısına ağ saqqallı, əlində çəlik, toz-torpaq içərisində, beli bükülmüş qoca bir kimsə gəlib dedi ki:

— Balalarım, günlərdir acam, Allah rizası üçün yeyəcək bir şeylər verin.

Ona haramdır

            Həzrəti Həsən və Hüseyn biri üzümü, digəri də narı yeyəcəkləri sırada bir qocanı belə görüncə, dərhal yeməkdən imtina edib qocaya vermək üçün  məscidin qapısına doğru getdilər.  Tam verəcəkləri sırada Cəbrayıl əleyhissəlam gördü:

— Durun, verməyin o məluna! O şeytandır. Cənnət nemətləri ona haramdır, buyuraraq şeytanı qovdu.

Hicrətin beşinci ilində Rəsulullah Bəni Qureyza səfərinə getmədən əvvəl Mədinə yaxınlığında bir bölgə olan Savreyndə Əshabı-kiramdan bir camaata rast gəldi və onlardan soruşdular:

— Kimsəyə rast gəlmədinizmi?

— Ya Rəsulallah, biz Dihyəyi-Kəlbiyə rast gəldik. Yəhərli ağ bir qatır üzərinə minmişdi. O qatırın  üzərində qalın ipəkdən olan bir məxmər var idi.

Bunu eşidincə, Rəsulullah əfəndimiz buyurdu ki:

— O Cəbrayıldır. Qalalarını sarsıtmaq və qəlblərinə qorxu vermək üçün Bəni Qureyzəyə göndərilib. 

Möhürsüz məktubu oxumazlar

Dihyəyi-Kəlbi yunanca yaxşı bilirdi. Rəsulullah əfəndimiz onu Bizansa səfir olaraq göndərdi. Rəsulullah əfəndimiz Bizans kralı Herakliusu İslama dəvət üçün bir məktub yazdırdı. Bu məktubu yazdırdığı vaxt Əshabı-kiramdan bəziləri dedilər ki:

— Ya Rəsulallah! Yunan tayfası möhürlü olmayan bir məktubu oxumazlar.

Bunun üzərinə Rəsulullah əfəndimiz əmr verdi, gümüşdən bir möhür düzəldildi. Möhürün üzərində birinci sətirdə Muhamməd, ikincidə Rəsul, üçüncü  sətirdə Allah yazılı idi. Məktubu bu möhürlə möhürlədi və Dihyəyə verdi.

Həzrəti Dihyə məktubu Bizans kralına təqdim etməsi üçün  Busradakı Qassan əmiri Harisə müraciət etdi. Haris də Dihyəni Herakliusa aparmaq üçün Adiy ibn Xatəmi vəzifələndirdi.

Adiy ibn Xatəm də Dihyəni Qüdsə apardı. Bu sırada Heraklius da Qüdsdə idi.  Hüraklius, əgər İranlılar üzərində qalib olsalar, Xumustan Qüdsə qədər gedəcəyini niyyət etmişdi. Heraklius, İran ordularını məğlub edincə əhdini yerinə yetirmək üçün Xumustan piyada olaraq yola çıxmış, yoluna xalçalar sərilmiş, qoxular səpilmiş və bu hal ilə Qüdsə çatmış, əhdini yerinə yetirmişdi.

Dihyə  Herakliustan sonra Qüdsə çatdı və  Heraklius ilə görüşmək üçün təmaslarda oldu.  İmperatorun adamları ona dedilər ki:

— Qayserin hüzuruna çıxdığın zaman başını əyib gedəcəksən və yaxınlaşdığın zaman yerə sərilib səcdə edəcəksən. Səcdədən qalxmana icazə vermədikcə də əsla başını yerdən qaldırmayacaqsan.

Bu sözlər Dihyəyə ağır gəldi və onlara bunları söylədi:

— Biz Müsəlmanlar Allahu təaladan başqa heç kimsəyə səcdə etmərik. Həm insanın insana səcdə etməsi,  insanın yaradılışına ziddir.

Dərdini dinləyər, sıxıntısından qurtarar

Bunun üzərinə Qayserin adamları dedilər ki:

— O halda Qayser gətirdiyin məktubu heç bir zaman qəbul etməz və səni hüzurundan qovar.

— Bizim Peyğəmbərimiz Muhamməd əleyhissəlam başqasının özünə səcdə etməsindən əlavə önündə əyilməsinə belə icazə vermir. Özüylə görüşmək istəyən kölə belə olsa onunla maraqlanar, hüzuruna qəbul edər, dərdini dinləyər, sıxıntısını aparar, könlünü alar. Bunun üçün Ona tabe olanların hamısı azaddır, şərəflidir.

Dihyəyi-Kəlbi, Yunan Qayserinin hüzurunda əyilməyəcəyini ifadə etməsi üzərinə orada olanlardan  biri dedi ki:

— Madam ki, Qayserə səcdə etməyəcəksən, o halda üzərinə aldığın vəzifəni yerinə yetirə bilməyin üçün  sənə başqa bir yol göstərim.  Qayserin sarayının önündə istirahət etdiyi bir yer var. Hər gün  günortadan sonra bu həyətə çıxar, oraları gəzər.  Orada bir minbər vardır.  Onun üzərində hər hansı bir şikayət və ya yazı varsa, əvvəl onu alar oxuyar, sonra istirahət edər.

Sən də indi get, dərhal məktubu o minbərə qoy və kənarda gözlə. Məktubu görəndə, səni çağırar. O zaman vəzifəni yerinə yetirərsən.

Hökmdarları deyiləm

            Bunun üzərinə Həzrəti Dihyə məktubu söylənən yerə qoydu. Heraklius məktubu götürdü.  Tərcüməçi Rəsulullahın məktubunu oxumağa başladı.

            “Bismillahirrahmanirrahim. Allahın Rəsulu Muhamməddən  Yunanların böyüyü Herakliusa”  deyə başladığını görüncə,  Herakliusun qardaşının oğlu  Yənnak, qəzəbləndi  və tərcüməçinin sinəsinə şiddətli bir yumruq vurdu və adam yerə düşdü. Bu sırada Rəsulullahın məktubu da tərcüməçinin əlindən düşdü.  Heraklius, qardaşının oğlundan nə etdiyini soruşdu. O da dedi ki:

— Görmürsənmi? Məktuba həm sənin adından əvvəl öz adı ilə başlamış, həm də sənin hökmdar  olduğunu söyləməyib, “Yunanların böyüyü Herakliusa” demiş.  Nə üçün “Yunanların hökmdarı” deyə yazmamış və sənin adınla başlamamış? Onun məktubu bu gün oxunmaz.  Bunun üzərinə Heraklius belə cavab verdi:

— Vallah sən, ya çox ağılsızsan və ya böyük bir dəlisən. Sənin belə olduğunu bilmirdim. Mən daha məktubun içində nə olduğuna baxmadan, cırıb atmaq istəyirsən? Həyatıma and içərəm ki, əgər O, söylədiyi kimi Rəsulullah isə, məktubuna mənim adımdan əvvəl öz adını yazmaqda və məni Yunanların böyüyü deyə yad etməkdə haqlıdır. Mən ancaq onların sahibiyəm, hökmdarları deyiləm.

Sonra Yənnağı yanından qovdu.

İslama dəvət edirəm

Xristian alimlərinin rəisi və  özünün müşaviri olan Usquf adlı şəxsi çağırtdı və  məktubu oxutdurdu.  Məktubun davamı belə idi:

“Allahu təalanın hidayətinə tabe olana salam olsun. Bundan sonra mən səni İslama dəvət edirəm. Müsəlman ol ki, salamatlıq tapasan! Allahu təala sənə iki qat mükafat versin.  Əgər üz döndərsən bütün Xristianların günahı sənin üzərindədir. Ey  kitab əhli,  sizin və bizim aramızda bir olan sözə gəlin, Allahu təaladan başqasına ibadət  etməyək və Ona heç bir şeyi ortaq  qoşmayaq. Allahu təalanı buraxıb bəzilərimiz bəzilərini Rəbb etməsinlər. Əgər bu sözdən üz döndərsələr “Şahid olsun, biz Müsəlmanıq!” deyin.”

Rəsulullahın məktubu oxunarkən Herakliusun alnından tər damcıları tökülürdü.  Məktub bitincə dedi ki:

— Həzrəti Süleymandan sonra mən belə “Bismillahirrahmanirrahim” deyə başlayan bir məktub  görməmişdim.

Onun gəlməsini gözləyirdi

Heraklius, Usqufdan bu məsələdəki fikrini soruşdu. O da dedi ki:

— Vallah O,  Musa və İsa əleyhissəlamın bizə gələcəyini müjdələdiyi Peyğəmbərdir. Onsuz da biz Onun gəlməsini gözləyirdik.

— Sən bu barədə nə etməyimi tövsiyə edirsən, nəyi uyğun görürsən?

— Ona tabe olmağını uyğun görürəm.

— Mən sənin dediyin şeyi çox yaxşı bilirəm. Lakin Ona tabe olub, Müsəlman olmağa gücüm çatmaz.  Çünki həm hökmdarlığım gedər, həm də məni öldürərlər.

Bundan sonra Dihyə və Adiy ibn Xatəmini çağırtdı.  Adiy dedi ki:

— Ey hökmdar, qoyun-keçi və dəvələr sahibi Ərəblərdən olan bu yanımdakı şəxs məmləkətində baş verən  təəccüblü bir hadisədən bəhs edir.

— Məmləkətlərindəki hadisə nə imiş, soruş baxaq.

Həzrəti Dihyə bu sual  üzərinə dedi ki:

— Aramızda bir şəxs zühur etdi. Peyğəmbər olduğunu bəyan etdi. Xalqın bir qismi Ona tabe olmuşdur.  Bir qismi də qarşı çıxmışdır. Aralarında savaşlar baş vermişdir.

Bundan sonra Heraklius Peyğəmbər əfəndimiz haqqında araşdırma etməyə başladı. Şam valisinə əmr verib Peyğəmbər əfəndimizin nəslindən bir adamı mütləq tapmalarını əmr etdi.

Bu arada özünün dostu olan və  ibranicə bilən  Romadakı bir alimə də məktub yazıb  bu məsələni soruşdu.

Romadakı dostundan bəhs etdiyi şəxsin axır zaman Peyğəmbəri olduğunu  bildirən  bir məktub gəldi. Bu arada Şam valisi ticarət üçün Şama gedən bir Qureyş karvanını tapdı.  Bunların içində Əbu Süfyan da vardı. Vali Əbu Süfyanla yanındakıları Şama, Herakliusun yanına apardı.

Doğru olmağı əmr edir

             Bu sırada Heraklius Qüdsdə bir kilsədə idi. Vəzirləriylə birlikdə oturmuş və başına tacını geymişdi. Heraklius, Əbu Süfyan və  yanındakı otuza qədər Məkkəlini burada qəbul etdi. Peyğəmbər əfəndimiz haqqında bəzi suallar soruşub cavabını aldıqdan sonra, təkrar soruşdu:

— O sizə nəyi əmr edir?

Əbu  Süfyan heç gizlətmədən bu cavabı verdi:

— Tək bir Allaha ibadət etməyi, Ona heç bir şeyi şərik qoşmamağı əmr edir, atalarımızın tapındığı bütlərə tapınmaqdan bizi  çəkindirir. Namaz qılmağı, doğru olmağı, kasıblara kömək etməyi, haramlardan çəkinməyi, əhdə vəfanı, əmanətə xəyanət etməməyi, qohumu ziyarət etməyi əmr edir.

Heraklius kilsədə Əbu Süfyana suallar verib və cavablarını almışdı. Rəsulullahın mübarək məktubu oxunmuş, Yunan keşişləri arasında küylər artmışdı. Çünki Qayserin İslamiyyətə meyl etməsindən qorxurdular. Qayser, Əbu Süfyan və Qureyşlilərin yanından çıxarılmasını əmr etdi.

O hamınızdan xeyirlidir!

Daha Müsəlman olmamış olan Əbu Süfyan, Peyğəmbərimizin mübarizəsinin müvəffəqiyyətlə nəticələndirəcəyinə  inandığını, burada andla söyləmişdir. Həzrəti Dihyə, o mübarək gözəl üzü ilə  Herakliusun qarşısına keçib,  şirin səsi ilə dedi ki:

— Ey Qayser, məni sənə Xumusdan Haris adlı bir kimsə göndərdi ki, o səndən xeyirlidir.  Allahu təalaya and içirəm ki, məni ona göndərən şəxs, yəni Rəsulullah isə, həm ondan, həm də səndən daha xeyirlidir.

— Sözlərimi təvazökarlıqla dinləyib, verilən nəsihətləri qəbul et! Çünki, təvazökarlıq etsən nəsihətləri  anlayarsan.  Nəsihətləri qəbul etməsən insaflı ola bilməzsən.

Heraklius dedi ki:

— Davam et!

— Elə isə mən səni, Məsihin namaz qılmış olduğu Allaha dəvət edirəm.  Səni, əvvəl  Musanın, ondan sonra İsanın gələcəyini müjdələyib, xəbər verdiyi bu Ümmi  Peyğəmbərə imana dəvət edirəm. Əgər bu barədə bir şey bilir,  dünya və axirət səadətini qazanmaq istəyirsənsə, onları gözlərinin önünə gətir. Yoxsa axirət səadətini əlindən qaçırar, dünyada küfr və şirk içində qalarsan. Bunu da yaxşı bil ki, sənin Rəbbin olan Allah,  zalımları həlak edici və  nemətləri dəyişdiricidir.

Heraklius Peyğəmbərimizin məktubunu oxuyanda, öpüb gözlərinə sürtdü və başına qoydu.  Sonra da belə dedi:

— Mən, nə əlimə keçən bir yazını oxumadan, nə də yanıma gələn bir alimdən bilmədiklərimi soruşub öyrənmədən buraxmaram. Beləcə xeyir və yaxşılıq görərəm. Sən mənə həqiqəti   düşünüb tapana qədər möhlət ver.

O iman edərsə

            Heraklius daha sonra Həzrəti Dihyəni yanına çağırıb üz-üzə söhbət etdi. Qəlbində olanı göstərdi.  Dedi ki:

— Mən bilirəm ki, səni göndərən şəxs, kitablarda gələcəyi müjdələnən və gəlməsi gözlənilən  axır zaman Peyğəmbəridir. Yalnız, mən Ona tabe olsam, yunanların məni öldürməsindən qorxuram.

Onların içində ən böyük alimləri və məndən daha çox etibar göstərdikləri bir kimsə vardır ki, ona Dağatır deyirlər. Səni ona göndərim. Bütün xristianlar ona tabedir. Əgər o iman etsə, bütün hamısı ona tabe olub iman edərlər. Mən də o zaman qəlbimdə olanı və etiqadımı bildirərəm.

Bundan sonra Heraklius bir məktub yazdı və Həzrəti Dihyəyə verib Dağatıra göndərdi.

Həzrəti Dihyə Herakliusun məktubu ilə bərabər Rəsulullahın da bir məktubunu Dağatıra apardı. Onsuz da Rəsulullah əfəndimiz Dağatıra ayrıca məktub yazmışdı. Dağatır,  Peyğəmbərimizin məktubunu oxuyub, xüsusiyyətlərini eşidincə:

— Vallah sənin sahibin, Allah tərəfindən göndərilmiş bir Peyğəmbərdir. Biz Onun xüsusiyyətlərini tanıyırıq.  Adını da kitablarımızda yazılı gördük, dedi və iman etdi.

Bundan sonra Dağatır evinə getdi və hər bazar etdiyi moizələrə üç həftə çıxmadı. Xristianlar qışqırışdılar:

— Dağatıra nə olub, o Ərəblə görüşəndən bəri evdən çıxmır, onu istəyirik!

Əhməddən məktub gəldi

Dağatır üzərindəki qara keşiş paltarını çıxardı. Ağ bir paltar geyindi və əlinə əsasını alıb kilsəyə gəldi.  Xristianlar yığıldı.  Ayağa qalxıb dedi ki:

— Ey Xristianlar! Bilin ki, bizə Əhməddən məktub gəldi. Bizi haqq dinə dəvət etmiş. Mən açıqca bilir və inanıram ki, O,  Allahu təalanın haqq peyğəmbəridir.

Xristianlar bunu eşidincə, hamısı Dağatırın üzərinə hücum etdilər və onu döyərək şəhid etdilər.

Həzrəti Dihyə gəlib vəziyyəti Herakliusa xəbər verdi. Heraklius da bunun üzərinə dedi ki:

— Mən sənə söyləmədimmi? Dağatır Xristianlar qatında məndən daha sevgili və əzizdir. Əgər eşitsələr məni də onun kimi qətl edərlər. Heraklius Xumusdakı sarayında yunanların böyüklərini çağırtdırıb qapıların bağlanmasını əmr etdi.  Sonra yüksək bir yerə çıxdı və onlara dedi ki:

— Ey Yunan camaatı! Sizlər səadətə,  huzura qovuşmağı və  hakimiyyətinizin əsaslı qalmasını, Həzrəti İsanın söylədiyinə tabe olmaq istəyərsinizmi?

— Ey bizim hökmdarımız, bunlara qovuşmaq üçün nə edək?

— Ey yunan camaatı, mən sizləri xeyirli bir iş üçün topladım. Mənə Muhammədin məktubu gəldi. Məni İslam dininə dəvət edir. Vallah O, gəlməsini gözlədiyimiz, kitablarımızda yazılı görüdüyümüz və əlamətlərini bildiyimiz Peyğəmbərdir. Gəlin Ona tabe olaq ki, dünya və  axirətdə salamatlıq tapaq.

Öldürülməsindən qorxdu

            Bunun üzərinə hər kəs pis sözlər söyləyib donquldanaraq çıxmaq üçün qapılara tərəf qaçdılar. Ancaq qapılar bağlı olduğu üçün bir yerə gedə bilmədilər. Heraklius yunanların bu hərəkətlərini görüb, İslamiyyətdən belə qaçdıqlarını anlayanda öldürülməsindən qorxdu və:

— Ey Yunan camaatı, mənim bir az əvvəl söylədiyim sözlər sizlərin dininizə olan bağlılığınızı ölçmək üçün idi. Dininizə bağlılığınızı və məni  sevindirən davranışınızı indi gözlərimlə gördüm, dedi.

Bunun üzərinə yunanlar Herakliusa səcdə etdilər. Sarayın qapıları açıldı və çıxıb getdilər.  Heraklius Həzrəti Dihyəni çağırıb olanları danışdı. Bəxşişlər, hədiyyələr verdi.  Peyğəmbərimizə bir məktub yazdı. Məktubu və hazırlatdığı hədiyyələri Həzrəti Dihyə ilə  Peyğəmbərimizə göndərdi.

Heraklius Müsəlman olmaq istəmişsə də hakimiyyət və ölüm qorxusundan iman etmədi.  Peyğəmbərimizə yazdığı məktubda belə deyirdi:

“Həzrəti İsanın müjdələdiyi Allahın Rəsulu Muhammədə Yunan hökmdarı  Qayserdən,  elçin məktubunla birlikdə mənə gəldi.  Mən şəhadət edirəm ki, sən Allahın haqq Rəsulusan. Onsuz da biz səni İncildə gördük və Həzrəti İsa səni bizə müjdələmişdi. Yunanları sənə iman etməyə dəvət etdim. Lakin iman etməyə yanaşmadılar.

Məni dinləsəydi

Onlar məni dinləyəydi, mütləq  ki, bu onlar üçün xeyirli olardı. Mən sənin yanında olub, sənə xidmət etməyi və ayaqlarını yumağı çox arzu edirəm.”

Həzrəti Dihyə Herakliusdan ayrılıb Hismaya gəldi. Yolda Sənar vadisində Huneyd ibn  Us, oğlu və adamları Həzrəti Dihyəni soydular. Köhnə paltarlarından başqa hər şeyini aldılar.  Bu bölgədə  Dübəy ibn Rifaə ibn Zeyd və qövmü, İslamiyyəti qəbul etmişdilər.

Həzrəti Dihyə bunlara gəldi. Bunlar Hüneyd ibn Us və qəbiləsinin üzərinə gedib Dihyədən aldıqları şeylərin hamısını  qurtardılar.

Daha sonra Əfəndimiz Zeyd ibn Harisi Hüneyd ibn Us və adamlarının üzərinə göndərdi. O diyarda olanların hamısı iman etdi.  Bu məsələ beləcə bağlandı.

Həzrəti Dihyə Mədinəyə gəlincə, evinə uğramadan dərhal Rəsulullahın qapısına getdi.  İçəri girdi və bütün olanları xəbər verdi. Peyğəmbərimizə Herakliusun məktubunu oxudu.

— Onun üçün bir müddət daha səltənətdə qalmaq vardır. Məktubum yanlarında olduqca,  onların səltənəti davam edəcəkdir, buyurdu.

Heraklius daha sonra da Peyğəmbərimizə iman etdiyini bildirən məktub yazmış isə də Rəsulullah əfəndimiz;

— Yalan deyir. Dinindən dönməmişdir, buyurdu.

Məktubu mühafizə etdilər

Heraklius Peyğəmbərimizin məktubunu ipəkdən bir atlasa büküb, qızıldan yumru bir qutunun içərisində mühafizə etdi. Heraklius ailəsi bu məktubu saxlamışlar və bunu da hər kəsdən gizli tutmuşlar. Bu məktub əllərində olduğu müddətcə səltənətlərinin davam edəcəyini  söyləyərlər və buna inanardılar. Həqiqətən də elə olmuşdur. İslam sərkərdələrindən onu görmək istəyənlərə:

“Bizə ata və babalarımız, “Bu məktub əlimizdə qaldıqca səltənət bizdən getməyəcək” deyə tənbeh etmişdirlər” demişdilər.

Dihyəyi-Kəlbi Əshabı-kiramın böyüklərindən və sima olaraq ən gözəllərindəndir. Adı Dihyə ibn Xəlifə ibn Fərvə ibn Fədalə ibn Zeyd İmrül-Qays ibn Həzrəc olub, Dihyət-ül Kəlbi  deyə məşhur olmuşdur. Doğum yeri və tarixi bilinmir.

Bədir hərbi xaricindəki Rəsulullahın bütün döyüşlərində iştirak edən Həzrəti Dihyə, Həzrəti Əbu Bəkirin xilafəti zamanında Suriya səfərinə qatıldı. Həzrəti Ömər zamanında Yərmuk döyüşündə iştirak etdi.  Şam səfərinə də qatıldı.  Şamın fəthindən sonra oraya yerləşdi və Muzzədə  qaldı.  Həzrəti Müaviyə (radıyallahu anh) dövründə Şamda 672-ci ildə vəfat etdi.

 

20-06-2018, 14:28
Geri