Gözəl İslam / Əbu Zərr Qifari

Əbu Zərr Qifari

Qifari qəbiləsinin rəisi idi.

Əbu Zərr Qifari, Məkkənin ticarət yolu üzərində yaşayan olan Bəni Qıfar  qəbiləsindəndir. Bunlar Ərəbistanda olan digər qəbilələr kimi cahiliyyə dövrünün hər növ pisliyini edir və bütlərə tapınırdı. Ticarət karvanlarını soyub talan etmələriylə tanınmışdılar.

Əbu Zərr Qifari də ətrafının təsiri ilə bir müddət karvan soyğunlarına qatılmışdı.  Qövmü arasında cəsurluğu və cəsarəti ilə şöhrət tapmış, gücü, qüvvəti və igidliyi ilə o ətrafda çox məşhur olmuşdu.

Bütlərdən nifrət edirdi

Ancaq o, bütün bunlardan bir dad almır, yazıq insanların əlləri ilə yonduğu bütlərə ilah deyərək tapınmasına təəccüb edir, bütlərdən nifrət edirdi.

Nəhayət bir gün hər şeyin tək bir yaradıcısı olduğuna inanaraq yol kəsmə işindən imtina etdi. İnsanlardan uzaq bir həyat yaşamağa və Allahu təalanın rizasına qovuşmaq üçün  özünə yol göstərəcək bir rəhbərin axtarışına başladı. Üç il beləcə davam etdi.

Əbu Zərr Qifari hidayətə addım-addım yaxınlaşmaqda ikən Muhamməd əleyhissəlama Allahu təala tərəfindən peyğəmbərliyi bildirilmişdi. Artıq insanlar bir-bir Müsəlman olmaqla şərəflənir, İslam nuru aləmi işıqlandırmağa başlayırdı. İslamın doğuş xəbəri gün keçdikcə ətrafda yayılır, müşriklər isə mane olmaq üçün çarələr axtarırdılar.

Nəhayət bu xəbər Bəni Qıfar qəbiləsinin yurduna da çatdı. Məkkədən gələn bir nəfər Əbu Zərr Qifarinin “La ilahə illəllah” dediyini eşidəndə dedi ki:

— Məkkədə bir şəxs var sənin söylədiyin kimi “La ilahə illəllah” deyir və  Peyğəmbər olduğunu bildirir.

Əbu Zərr həyəcanla soruşdu:

— Hansı qəbilədəndir?

— Qureyşdəndir.

Nə xəbər gətirdin?

Əbu Zərr Qifari bu xəbəri eşidər-eşitməz qardaşı Üneysə dedi ki:

— Heyvanına min, Məkkəyə get, özünə vəhy gəldiyini söyləyən şəxslə görüş, söylədiklərini dinlə, mənim üçün məlumat topla və mənə gətir.

Üneys Məkkəyə gedib Peyğəmbər əfəndimizin mübarək camalı, söhbəti və ehsanları ilə şərəfləndi. Heyran qaldı. Sonra təkrar məmləkətinə qayıtdı. Qardaşı Əbu Zərr ondan soruşdu:

— Nə xəbər gətirdin?

— Vallah elə uca bir şəxsi gördüm ki, həmişə xeyiri, yaxşılığı əmr edib, pisliklərdən çəkindirir.

— Yaxşı insanlar onun  haqqında nə deyirlər?

Zamanın məşhur şairlərindən olan qardaşı Üneys belə cavab verdi:

— Şair, kahin, sehrbaz deyirlər. Lakin, onun söylədikləri nə kahinlərin sözünə,  nə sehrbazların sözünə bənzəyir. Onun söylədiklərini şairlərin hər növ şeirləri ilə müqayisə etdim. Onlara heç bənzəmir, heç kimin sözü ilə ölçülə bilməz. Vallah o şəxs haqqı bildirir, doğrunu söyləyir.  Ona inanmayanlar yalançı və azğınlıq içindədirlər. Bu şəxs yaxşılığı, əxlaqi dəyərləri əmr edir, pislikdən də çəkindirir.

Əbu Zərr Qifari həzrətləri qardaşının bu sözü üzərinə:

— Sən mənə bu barədə arzu etdiyim, könlümə şəfa verən, müşküllərimi aradan qaldıran bir xəbər gətirmədin. Özüm gedib onu görəcəm, dedi.

Qardaşı Ünəys dedi ki:

— Yaxşı olar, ancaq, sən Məkkə xalqından qorun! Çünki Məkkəlilər ona qarşı son dərəcə kin bəsləyirlər və onunla görüşənləri təqib edirlər.

Əbu Zərr dərhal Məkkəyə getməyə və Peyğəmbərimizi görüb Müsəlman olmağa qərar verdi. Əlinə bir əsa və bir az da azuqə alaraq böyük bir şövqlə Məkkə yoluna düşdü.

Heç kimdən soruşmadı

Məkkəyə çatanda halını heç kimə danışmadı. Çünki bu sırada müşriklər Peyğəmbərimizə və yeni Müsəlman olanlara şiddətli düşmənlik edirlər və bu düşmənçilikləri gün keçdikcə artırdı. Xüsusilə Müsəlman olub kimsəsiz və qərib olanlara işgəncə edirdilər.

Əbu Zərr Qifari də Məkkədə heç kimi tanımırdı. Qərib və yad idi. Bu baxımdan kimsədən bir şey soruşmadan Kəbənin yanına  gəlib oturmuşdu.  Peyğəmbərimizi görmək üçün fürsət gözləyir, harada olduğunu öyrənmək üçün işarə axtarırdı. Burada Zəmzəmdən başqa bir şey yeyib içmirdi.

Axşam üstü bir küçənin küncünə çəkildi. Həzrəti Əli, Əbu Zərri gördü. Qərib olduğunu anlayaraq, dəvət edib evinə apardı. Halından bir şey soruşmadığı kimi Həzrəti Əbu Zərr də ona sirrini açmadı.

Səhər olanda təkrar Kəbəyə getdi. Axşama qədər gəzdiyi halda heç bir ip ucu əldə edə bilmədi.  Əvvəlki oturduğu yerə gəlib oturdu.  Həzrəti Əli o gecə yenə oradan keçərkən Əbu Zərri görüncə:

— Bu biçarə hələ axtardığını tapa bilməmiş, deyərək  təkrar evinə apardı.

Səhər olanda yenə Beytullaha getdi, sonra oturduğu küncə çəkildi. Həzrəti Əli təkrar dəvət edib evinə apardı və ondan soruşdu:

— Sənin işin nədir?  Bu şəhərə nə üçün gəldin?

— Əgər mənə doğru bilgi verəcəyinə qəti söz verərsənsə, söyləyərəm.

— Söylə, halını heç kimə açmaram.

Ağıllı iş gördün

— Eşitdim ki, burada bir Peyğəmbər çıxıb. Onunla görüşmək, ondan eşitdiklərini əzbərləyib mənə nəql etməsi üçün qardaşımı göndərmişdim. Qardaşım könlümə dəva verəcək bir xəbər gətirmədi. Onun üçün şəxsən özüm onunla görüşmək və ona qovuşmaq üçün buraya gəldim.

— Sən doğrunu tapdın, ağıllı iş etdin. Bu şəxs Allahın Rəsuludur, haqq Peyğəmbərdir. Səhər olanda mən o şəxsin yanına gedirəm. Məni təqib et, sənin üçün təhlükəli bir şey görsəm, ayaqqabımı düzəldirmiş kimi edəcəm. Sən gözləmədən gedərsən. Mən keçib getsəm, arxamdan gəl və mənim girdiyim evə sən də arxamdan gir!

Əbu Zərr Qifari, Həzrəti Əlini təqib edib onunla birlikdə Peyğəmbərimizin mübarək üzünü görməklə şərəfləndi və dərhal:

— Əssəlamu əleykum, deyərək salam verdi.  Bu salam  İslamda bu şəkildə verilən ilk salam  və Əbu Zərr Qifari də ilk salamlayan şəxs oldu.

Peyğəmbər əfəndimizin salamını aldıqdan sonra aralarında bu söhbət keçdi:

— Sən kimsən?

— Qıfar qəbiləsindənəm.

— Nə vaxtdan bəri buradasan?

— Üç gün üç gecədən bəri buradayam.

— Səni kim doyurdu?

— Zəmzəmdən başqa  bir yemək, içmək tapa bilmədim.  Zəmzəmi içdikcə heç aclıq və susuzluq hiss etmədim.

— Zəmzəm mübarəkdir! Ac olanı doyurar.

— Ya Muhamməd! İnsanları nəyə dəvət edirsən?

— Bir olan və ortağı olmayan Allaha iman etməyə və bütləri tərk etməyə, mənim də Allahın Rəsulu olduğuma şəhadət etməyə dəvət edirəm.

Mənə İslamı bildir

Bunun üzərinə Əbu Zərr Qifari həzrətləri:

— Mənə İslamı öyrət, dedi.

Peyğəmbər əfəndimiz ona Kəlimeyi-şəhadəti oxudu.  O da söyləyib, Müsəlman oldu.  Əbu Zərr Müsəlman olmanın verdiyi böyük bir şövqlə dedi ki:

— Ya Rəsulallah! Allahu təalaya and içərəm ki, Müsəlman olduğumu Kəbədə müşriklər arasında qışqırmadıqca  məmləkətimə qayıtmayacağam.

Bundan sonra Əbu Zərr Qifari Kəbə yanına gedib, yüksək səslə:

— Əşhədu ən la  ilahə illəllah  və əşhədu ənnə Muhammədən  abduhu və Rəsuluh, deyə qışqırdı.

Bunu eşidən müşriklər dərhal üzərinə hücum etdilər.  Daş, dəyənək və sümük parçaları ilə elə döydülər ki, qanlar içində qaldı.

Bu halı görən Həzrəti Abbas səsləndi:

— Buraxın bu adamı, öldürəcəksiniz! O sizin ticarət karvanınızın keçdiyi yol üzərində oturan bir qəbilədəndir. Bir daha oradan necə keçəcəksiniz?

Beləcə Əbu Zərr həzrətlərini müşriklərin əlindən qurtardı.

Qövmünün yanına qayıt!

Müsəlman olmaqla şərəflənmənin verdiyi şövqlə elə sevinir və coşurdu ki, ertəsi gün yenə Kəbənin yanında Kəlmeyi-şəhadəti yüksək səslə qışqıra-qışqıra söylədi. Bu səfər də üzərinə hücum edən müşriklər yerə yıxılana qədər döydülər. Yenə Həzrəti Abbas yetişib əllərindən qurtardı.

Bundan sonra Peyğəmbər əfəndimiz Əbu Zərr Qifari həzrətlərinə buyurdu ki:

— İndi qövmünün yanına qayıt! Əmrim sənə çatınca onu qövmünə xəbər ver! Ortaya çıxdığımızın xəbəri sənə gəldiyi vaxt  yanımıza qayıt!

Bu əmr üzərinə Əbu Zərr Qifari  öz qəbiləsinin arasına qayıdıb, onlara İslamiyyəti başa salmağa başladı. Hicrətə qədər bu xidmətə davam etdi.

Əbu Zərr Qifari həzrətləri qövmünü İslamiyyətə dəvət edirdi. Bir gün qəbiləsinə Allahın bir və Muhammədin onun Rəsulu olduğunu və bildirdiklərinin haqq və tapınmaqda olduqları bütlərin batil, boş və mənasız olduğunu söyləmişdi. Özünü dinləyən izdihamdan bir qismi, “Ola bilməz” deyə qışqırmağa başladılar. Bu əsnada qəbilənin rəisi Xaffaf  qışqıranları susdurdu və dedi ki:

— Dayanın, dinləyək görək nə danışacaq!

Budur sizin tapındığınız şey

Bunun üzərinə Əbu Zərr həzrətləri belə davam etdi:

— Mən Müsəlman olmadan əvvəl bir gün Nuhəm bütünün yanına gedib önünə süd qoymuşdum. Bir də baxdım ki, bir it yaxınlaşıb, südü içdi.  Sonra da bütün üstünü murdarladı. Görürsünüz ki, büt itin üstünü murdarlamasına mane olacaq gücdə belə olmayan bir daşdır! Budur sizin tapındığınız şey!  İtin belə təhqir etdiyi bütə tapınmaq xoşunuza gəlirsə, buna çox təəccüb edilir.

Hər kəs başını əymiş dayanırdı. Aralarından  biri cavab verdi:

— Yaxşı sənin bəhs etdiyin Peyğəmbər nəyi bildirir. Onun doğru söylədiyini necə anladın?

Bunun üzərinə Əbu Zərr həzrətləri yüksək səslə izdihama belə xitab etdi:

— O, Allahın bir olduğunu, Ondan başqa ilah olmadığını, hər şeyi yaradan və hər şeyin maliki, sahibi olduğunu bildirir. İnsanları Allaha iman etməyə dəvət edir. Yaxşılığa, gözəl əxlaqa və köməkləşməyə dəvət edir. Qız uşaqlarının diri-diri basdırmağın və etdiyiniz digər hər cür pisliyin, haqsızlığın, zülmün  çirkinliyini və bunlardan çəkinməyi əmr edir.

Əbu Zərr Qifari həzrətləri İslamiyyəti uzun-uzun açıqladı. Qəbiləsinin içində olduğu pozğunluğu bir-bir  sayıb  bunların zərərlərini və pisliyini  çox açıq bir şəkildə izah etdi. Onu dinləyənlər arasında başqa qəbilə rəisi Xaffaf öz qardaşı Ünəys olmaqla çoxu Müsəlman oldu.  Digərləri isə daha sonra Peyğəmbərimizi görərək Müsəlmanlığı qəbul etdilər.

Əbu Zərr Qifari həzrətləri bu xidmətləri etdiyi sırada İslamiyyət Məkkədə və ətrafında olduqca yayılmışdı. Müşriklərin zülmü də o dərəcə artmış, İslam üçün qanlar tökülmüş, ilk şəhidlər  verilmişdi. İlk dəfə Həbəşistana, daha sonra Mədinəyi-münəvvərəyə hicrət edildi.

Hər şeyi soruşardı

Əbu Zərr həzrətləri də Mədinəyə hicrət etdi. Peyğəmbər əfəndimiz hicrətdən sonra Əshabı-kiram arasında qurduğu qardaşlıqda Əbu Zərr həzrətlərini də Münzir ibn Amr həzrətləri ilə qardaş etdi. Daha sonra İslamı başa salması üçün təkrar qəbiləsinin arasına göndərdi.

Əbu Zərr Qifari həzrətləri Xəndək hərbindən sonra Mədinəyə gəldi və yerləşdi.  Bundan sonra Peyğəmbər əfəndimizin yanından ayrılmadı.

Bütün zamanını dini öyrənməyə ayırdı. Elm öyrənmək barəsində böyük səy sahibi idi.  Hər şeyi Peyğəmbərimizdən soruşardı. İman, ehsan, əmr və qadağanlar xüsusunda, Qədr gecəsi və daha bir çox xüsusların sirrlərini, izahını, namaza dair incə məsələləri və neçə-neçə mövzuları Rəsulullahdan şəxsən soruşaraq öyrənmişdir.

Rəsuli-əkrəm əfəndimiz Əbu Zərri çox sevər, ona xüsusi iltifat buyurardı. Çox zaman gecə gec vaxta qədər Rəsulullahın hüzurunda qalardı. Peyğəmbərimizin məhrəmi, sirr dostu idi. Onunla məhrəm məsələləri danışardı.

Həmçinin, Əbu Zərr həzrətləri Peyğəmbərimizin mübarək əlini öpmək səadətinə qovuşmuşdur. Rəsulullah əfəndimizə biyət edərkən də,  “Haqq təalanın yolunda heç bir pisləyənin pisləməsinə fikir verməyəcəyinə, nə qədər acı olarsa olsun daim doğru sözlü olacağına” söz  vermişdi.  Ömrünün sonuna qədər həmişə belə qaldı.  Bu barədə Rəsulullah əfəndimiz buyurdu ki:

— Dünyaya Əbu Zərrdən daha sadiq kimsə gəlmədi.

Təbuq səfəri

Rəsulullaha izah edilə bilməyəcək dərəcədə məhəbbəti və bağlılığı var idi. Bir dəfə belə demişdir:

— Ya Rəsulallah, mənim qəlbim tək Allahu təala və sizin məhəbbətinizlə doludur. Bu məhəbbət o dərəcədədir ki, bir insanın qəlbi ancaq bu qədər məhəbbətlə dolu olar.

Təbuq müharibəsində Əbu Zərr Qifari həzrətlərinin dəvəsi çox zəif və xəstə olduğu üçün geridə qalmışdı. Yolun ortasında dəvəsi çöküb qalınca, dəvəsindən düşdü. Əşyasını kürəyinə yükləyərək orduya çatmaq üçün piyada getməyə başladı. Şiddətli isti yeri qovururdu. Bir günorta vaxtı Əbu Zərr orduya çatdı. Rəsulullahın yanında olan Əshabı-kiram dedilər ki:

— Ya Rəsulallah! Tək başına bir adam gəlir.

Rəsulullah əfəndimiz:

— Əbu Zərr ola bilərmi? Onun olmasını istəyirəm, buyurdular.

Əshabı-kiram diqqətlə baxıb Rəsulullaha dedilər ki:

— Ya Rəsulallah, gələn Əbu Zərrdir.

— Allah Əbu Zərrə rəhmət etsin! O tək yaşayır, tək gedər, tək başına vəfat edər və tək başına həşr olunar.

Daha sonra Əbu Zərrə:

— Ey Əbu Zərr! Nə üçün geridə qaldın, buyurdular.

Hər addımına qarşılıq

Əbu Zərr dəvəsinin vəziyyətini danışdı və bu səbəblə geridə qaldığını söylədi. Bunun üzərinə Rəsulullah əfəndimiz:

—  Mənə gəlib qovuşana qədər atdığın hər addımına qarşılıq Allahu təala bir günahını bağışlasın, deyə dua buyurdu.

Əbu Zərri Qifarı dünyaya heç dəyər verməzdi. Son dərəcə qənaətcil, kasıb və tək yaşayardı. Peyğəmbər əfəndimiz bu səbəblə ona, “Məsih-ül-İslam” ləqəbini vermişdi.

Əbu Zərri Qifarı həzrətləri Məkkənin fəthinə də öz qəbiləsinin bayrağını daşıyaraq qatılmışdır.

Peyğəmbərimizə tam bağlanıb onun sevib bəyəndiyini sevən, sevmədiyini və bəyənmədiyini sevməyən Əbu Zərr Rəsulullahın vəfatında da yanında olmuşdur. Peyğəmbərimizin vəfatından sonra bir küncə çəkilib son dərəcə qəmli və tək yaşadı. Həzrəti Əbu Bəkirin xəlifəliyi dövründə də belə yaşayıb onun vəfatından sonra Şama getdi və oraya yerləşdi.

Bir gün Əbu Zərri Qifarı həzrətləri Kəbənin yanında dayanaraq belə dedi:

— Ey əhali, sizdən biri bir səfərə çıxacaq olsa, azuqəsiz əsla çıxmaz, mütləq bir yol hazırlığı edər. Yanında yemək, içmək, pul və s. götürər. Dünya həyatında bir səfərə çıxan bir insan azuqə götürmədən çıxmazsa, axirət səfərinə çıxacaq biri azuqəsiz necə çıxar?

Axirət azuqəsi

Orada toplanan əhali soruşdu:

— Bizim axirət azuqəmiz nədir, ya Əba Zərr?

— Dünyanı iki hissəyə ayırın. Birini dünyalıq əldə etməyə, digərini də axirət hazırlığı etməyə həsr edin. Üçüncüsü sizə zərərli olar fayda verməz.

Əbu Zərri Qifarı həzrətləri, Həzrəti Osmanın xəlifəliyinə qədər Şamda qaldı. Şam xalqına din bilgiləri öyrətməklə məşğul oldu. Şübhəlilərdən və haramlardan son dərəcə çəkinərdi. Evində bir gündəlik ehtiyacdan artığını saxlamaz, həmişə kasıblara paylayardı.

Bir dəfə Şam valisi təcrübə etmək üçün xidmətçisi ilə axşam on min dirhəm qızıl göndərmişdi. Əbu Zərr həzrətləri qızılları alınca yuxusu qaçdı, yata bilmədi. Dərhal qalxdı və kasıblara payladı. Yanında tək qızıl belə saxlamadı.

Ertəsi gün valinin xidmətçisi gəlib dedi ki:

— Aman əfəndim, dünən axşam sənə gətirdiyim qızıllar məgər başqasına gedəcəkmiş. Səhvən sənə gətirmişəm. Mümkün isə qızılları geri alım, yoxsa vali məndən hesab soruşar.

Bunun üzərinə Əbu Zərri Qifarı həzrətləri buyurdu ki:

— Oğlum, onları kasıblara payladım. Sən validən iki-üç gün möhlət istə, mən bu pulu hazırlayaram, o zaman geri verərik.

Valinin adamı vəziyyəti valiyə izah etdi. Vali, Əbu Zərin, sözünün əri olduğunu anladı.

Ancaq, Əbu Zərrin bir gündəlik ehtiyacdan çoxunu saxlamayıb paylamasını və xalqı buna təşviq etməsini, xalqın anlaya bilməyəcəyini anlayan vali vəziyyəti xəlifə Həzrəti Osmana məktub ilə bildirdi.

Mədinədən ayrıl!

Bunun üzərinə xəlifə Əbu Zərri Mədinəyə dəvət etdi. Əbu Zərr Mədinəyə gəldiyi zaman evlərin Sel Dağına söykəndiyini və rifahın artdığını gördü. Xəlifənin hüzuruna çıxınca Həzrəti Osmana, nə üçün insanların topladıqları malları paylatmırsan, deyə soruşdu. Bunun üzərinə Həzrəti Osman buyurdu ki:

— Ya Əba Zərr, xalqı zühd yoluna məcburən soxmaq qeyri-mümkündür. Onlar zəkatlarını verdikdən sonra mənim vəzifəm onlar arasında Haqq təala həzrətlərinin əmri ilə hökm etmək və onları iş, güc tərəfinə təşviq etməkdir.

Bunun üzərinə Əbu Zərr dedi ki:

— Rəsulullah mənə “Binalar Sel Dağına çatdığı vaxt, sən Mədinədən ayrıl!” deyə əmr etmişdilər. İcazə verərsəniz, mən Mədinədən gedim.

Həzrəti Osman icazə buyurdu. Bir neçə qoyun və keçi, çatacaq miqdarda yemək verərək, Mədinəyi-münəvvərə yaxınlarındakı Rəbəzə adındakı kəndə getməsini söylədi. Ailəsi də Şamdan bura göndərildi.

Əbu Zərri Qifarı həzrətləri Rəbəzədə kiçik bir daxmaya yerləşdi. Gəlib keçənlərə hədisi-şərif və dini bilgilər öyrətməyə başladı. Xəlifənin hədiyyə etdiyi bir neçə qoyun və keçisi var idi. Onlarla həyatını davam etdirir, daim Allaha şükür edirdi.

Paltarın köhnə oldu

Bir gün möhtərəm xanımı xatırlatdı:

— Paltarın çox köhnə oldu, bir yenisini tapa bilmərikmi?

— Bizə artıq paltar deyil, kəfən lazımdır! Üstəlik sənə yaxşı xəbərlərim var.

— Xeyirdir İnşallah əfəndim …

— İnşallah yaxında Allahın sevgilisi Peyğəmbər əfəndimizə qovuşacağam. Ey ölüm tez gəl, ruhum Rəbbimə qovuşmaq sevgisi ilə çırpınır.

Xanımı ağlamağa başladı.

— Nə üçün ağlayırsan xanım?

Qadıncığaz bir şeylər söyləmək üçün dedi ki:

—  Necə ağlamayım! Həqiqətən bir əmri-Haqq vaqe olsa, vəfat etsən, mən buralarda tək başıma nə edərəm? Sonra bir kəfən parçamız belə yoxdur. Həm tək başıma səni necə dəfn edə bilərəm?

— İndi bunları burax, qapıya çıx! Gələn gedən, varmı?

Xanımı gözlərini sildi. Qapı önünə çıxdı. Uzaqlara, üfüqlərə baxdı, baxdı. Tənha səhra küləklərindən başqa, nə gələn var idi, nə gedən! Kədərlə içəri döndü. Başını yellədi:

—  Bilirsən ki, həcc mövsümü keçdi. Bu günlərdə, bu kimsəsiz səhraya kimin yolu düşə bilər?

— Gəlirlər! Gəlirlər! Sən indi qalx! Bir keçi kəs, bişirməyə başla! Yaxşı ürəkli Müsəlman camaatı gəlincə, onları qonaq edərsən. Əsla, yemədən onları göndərmə!

Xanımı, təkrar çölə çıxdı. Gözləri nəmli, əfəndisinin əmrlərini yerinə yetirməyə başladı. Yemək bişirərkən yolu da müşahidə edirdi. Bu sırada üfüqdə bir toz buludu meydana çıxdı. Bulud yaxınlaşdı, yaxınlaşdı.

Gələnlər var!

Nəhayət atlılar və dəvəlilər açıq şəkildə göründülər. O zaman qadıncığaz sevinclə içəri qaçdı:

— Müjdə əfəndi! Söylədiyin kimi, gələnlər var!

Qoca səhabənin gözləri parladı və dedi ki:

— Əlhamdülillah! Çox şükür, gəldilər demək. Elə isə, gəl bu yaşlı bədənimi, Qibləyə doğru çevirək.

Sonra Kəlmeyi-şəhadət gətirib vəfat etdi. Xanımı əfəndisinin dediklərini etdi. Sonra təkrar qapı önünə çıxdı. Yolçular gəlmişdilər.

Bunlar Abdullah ibn Məsud, Malik ibn Əştər və bəzi Müsəlmanlar idi. Qadıncığaz əliylə, gələnlərə evi göstərib soruşdu:

—  Əbu Zər içəridə, vəfat etdi. Onu kəfənləyib, əcrə, savaba nail olmaq istəməzsinizmi?

Bu adı eşidən karvan mənsubları hamısı birlikdə Əbu Zərr həzrətlərinin xidmətinə qaçdılar.

Abdullah ibn Məsudun verdiyi kəfənlə kəfənləndi və cənazə namazını da Abdullah ibn Məsud qıldırdı. Hazırlanan ətdən də yeyərək hamısı birlikdə Mədinəyə qayıtdılar. Uşaqlarını Həzrəti Osman himayəsinə aldı.

Həzrəti Ömər xəlifəliyi zamanında bir gün yoldaşları ilə oturub söhbət edirdi. Bu sırada iki gənc hüzuruna gəldi. Yanlarında qollarından möhkəmcə tutduqları bir gənc vardı. Qollarından tutulan gənc təmiz geyimli mərd birinə bənzəyirdi. Biri gəliş səbəblərini belə izah etdi:

— Bu gənc atamızı öldürdü. Bunun mühakimə edilməsini istəyirik.

Üç gün möhlət ver

Həzrəti Ömər, hər iki tərəfin də ifadələrini aldı. Hadisənin necə cərəyan etdiyini yaxşıca öyrənildikdən sonra qatil gənc təqsirkar görülərək edama məhkum edildi.

Cavan qərarı sükunətlə dinlədikdən sonra dedi ki:

— Siz, möminlərin əmirisiniz. Əmriniz başımızın üzərinədir. Qərarın yerinə yetirilməsinə hazıram. Ancaq, atam vəfat etməzdən əvvəl pullarını ayırmış, mənə, “Oğlum, bunlar sənin, bunlar da qardaşınındır. Böyüyənə qədər sən mühafizə et! Böyüyüncə ona verərsən.” deyə vəsiyyət etmişdi. Mən də bu pulları bir yerə basdırdım. İndi qərar edam edilsə, bu pullar orada qalar. Çünki məndən başqa yerini bilən yoxdur. Yetim haqqı hədər olar. Mənə üç gün icazə versəniz, gedər əmanəti layiq birinə təslim edərəm. Sonra da gələr təslim olaram.

Həzrəti Ömər:

— Yerinə bir zamin qoymağın lazımdır, buyurdu.

— Burada olanlardan biri mənə zamin olar.

-Zaminini göstər!

Gənc, orada olanların üzünə diqqətlə baxdı. Sonra Əbu Zərr Qifari həzrətlərini göstərərək:

— Bu şəxs zamin olar, dedi.

Həzrəti Ömər:

— Ey Əbu Zərr, zamin olarsanmı?

— Bəli, üç günə qədər qayıdacağına mən zamin olaram.

Aradan üç gün keçdi. Möhlət bitmək üzrə idi. İddia edən gənclər gəlmiş, ancaq günahkar gənc gəlməmişdi. İddia edən gənclər dedi ki:

— Ey Əbu Zərr, zamin olduğun gənc gəlmədi. Madam o gəlmədi, sən onun zamini olaraq, onun cəzasını çəkmədikcə buradan ayrılmarıq.

Əbu Zərr həzrətləri çox sakit bir şəkildə:

— Daha vaxt var müddətin sonuna qədər gözləyin baxaq. Əgər gəlməzsə, mən hazıram.

Sözündə dayandı

Nəhayət bildirilən vaxt doldu. Əbu Zərr həzrətləri də ortaya çıxıb cəzasının edamını istədi. Tam bu sırada toz duman içində birinin gəlməkdə olduğunu gördülər. Gələn o gəncdən başqası deyildi.

Gənc gecikdiyi üçün üzr istəyərək:

— Pulu tapıb dayıma təslim etdim. Qardaşımı da ona əmanət etdim. Dayımın yeri xeyli uzaq olduğu üçün ancaq bu vaxtda gələ bildim.

Orada olanlar gəncin sözündə dayanmasına heyran qaldılar. Bu xüsusu ondan soruşduqda:

— Mərd olan həqiqi Müsəlman sözündə dayanar. Arxamdan, “Artıq dünyada sözündə dayanan qalmadı” deməsinlər.

Əbu Zərr həzrətlərinə gənci tanımadığı halda niyə zamin olduğunu soruşduqları zaman:

— Gənc mənə güvənərək, “Bu mənə zamin olar” dedi. Bunu rədd etməyi mürüvvətə, insanlığa sığdıra bilmədim. Aləmdə fəzilət, yaxşılıq qalmamış, deməsinlər.

Bu vəziyyəti görən iddiaçılar:

— Biz də bu dünyada kərəm sahibi, səxavətli qalmadı dedirtmərik. Allah rizası üçün iddiamızdan imtina etdik, ölənin varisləri olaraq əfv etdik, dedilər.

Peyğəmbər əfəndimiz Əbu Zərr həzrətləri haqqında buyurdu ki:

— Mənim ümmətimdə Əbu Zərr, Məryəm oğlu İsanın zühdünə malikdir. Bu fitrət üzrə yaradılmışdır.

— İsa əleyhissalamın təvazösünə baxmaq özünü məsrur ​​edən kimsə Əbu Zərrə nəzər etsin.

Əbu Zərr-il Qifari Peyğəmbərimizdən şəxsən eşidərək 281 hədisi-şərif rəvayət etmişdir. Özündən Ənəs ibn Malik, İbni Abbas, Xalid ibn Vəhba, Zeyd ibn Vəhb, Hurşe ibn Hürr, Cübeyr ibn Nüfeyr, Ahnəf ibn Qays, Abdullah ibn Samit, Amr ibn Məymun və daha çox sayda hədis alimi, hədisi-şərif rəvayət etmişdir. Ondan rəvayət edilən bu hədisi-şəriflər Qütbü sittə deyilən məşhur altı hədis kitabında yer almışdır.

Əbu Zərr həzrətlərinin rəvayət etdiyi bir hədisi-qüdsi belədir:

Allahu Təbarəkə və təala həzrətləri buyurdu ki:

Ey qullarım! Şübhəsiz ki, zülmü özümə haram etdim. Yəni zülmdən münəzzəhəm. Bunu sizə də haram qıldım. Əsla heç kimə zülm etməyin.

Ey qullarım! Hamınız dəlalət, pozğunluq üzrə yaradıldınız. Yəni din bilgilərini bilmirdiniz. Ancaq sizdən haqq yoluna hidayət və iman etməyə müvəffəq eylədiyim kimsələr hidayətə qovuşdu, zəlalətdən xilas oldu. Məndən hidayət istəyin, sizi hidayətə qovuşdurum.

Ey mənim qullarım, hamınız ac idiniz. Fəzl və kərəmimlə sizləri yedirib, içirib, doyurdum. Məndən yemək, içmək tələb edin ki, sizə bunun səbəblərini və yolunu asanlaşdırım.

Ey mənim qullarım, hamınız çılpaq idiniz, hamınızı mən geyindirdim. Məndən geyim tələb edin ki, sizi geyindirim.

Ey mənim qullarım! Şübhəsiz ki, siz mənə heç bir zərər verə bilməzsiniz və mənə heç bir fayda təmin edə bilməzsiniz. Mən bunlardan uzaq və mübərrayam. Mən qaniyyi mütləqəm siz də kasıbı mütləqsiniz.

Ey mənim qullarım! Əgər sizin əvvəlkiləriniz və sonrakılarınız, insanlarınız, cinləriniz, təqvanın ən yüksək dərəcəsində olsa, mənim mülkümdə zərrəcə artım olmaz. Zühd və təqvanızın faydası yenə sizədir.

Ey mənim qullarım! Sizin əvvəlkiləriniz və sonrakılarınız insan və cinləriniz, yəni hamınız ən üsyankar bir kimsə kimi həmişə, üsyankar və günahkar olsanız, mənim mülkümdən zərrə azalmaz. Bunların zərəri, ziyanı sizə olar.

Ey qullarım! Əvvəlkiləriniz və sonrakılarınız, insanlarınız və cinləriniz, yer üzündə bir yerdə əl qaldırıb məndən istəsəniz, (Mən də diləyərsəm), hər istədiyinizi verərəm. Beləcə mənim mülkümdən bir şey azalmış olmaz. İynə dənizə düşdüyü vaxt iynə dənizdən bir şey azaldarmı? Ucunda qiymətsiz bir yaşlıq qalar.

Ey qullarım! Sizin əməl və ibadətlərinizi, hər işinizi, elmi əzəlim və hafaza mələklərim ilə zəbt və hifz edirəm. Sonra işlərinizin qarşılığını axirətdə nöqsansız verərəm. İşdə bu şəkildə hər kim bir xeyir işləsə mənə həmd-səna etsin. Bu da mənim ehsanımdır. Bundan başqa iş görənlər də məni deyil, öz nəfslərini pisləsinlər. Çünki pislik edənlər iradəyi-cüziyyələri ilə öz nəfslərinə uyğun gələrək günah edirlər.

Əbu Zərril-Qifari belə rəvayət etmişdir:

Bir gün məscidə girdim. Rəsulullah əfəndimiz tək otururdu. Mən də yanına oturdum, buyurdu ki:

Ya Əbu Zərr, məscidə girincə iki rükət namaz (tahıyyət-ül məscid) qılmaq lazımdır. Qalx qıl.

Qalxdım, iki rükət tahıyyət-ül məscid namazı qıldım, sonra yenə Rəsulullahın yanına gəlib oturdum. Dedim ki,

- Ya Rəsulallah, mənə namaz qılmağı əmr buyurdunuz. Bu namaz nədir?

-Azı və çoxu Allahu təalanın qoyduğu bir ibadətdir.

- Ya Rəsulallah hansı əməl daha üstündür?

- Allahu təalaya iman etmək və onun yolunda cihad etmək.

-Ya Rəsulallah iman baxımından ən kamil mömin hansıdır?

- Əxlaqı ən gözəl olanıdır.

- Ya Rəsulallah möminlərin ən əmini kimdir?

- İnsanlara əlindən və dilindən zərər gəlməyən kimsədir.

- Ya Rəsulullah ən üstün hicrət hansıdır?

- Günahlardan uzaqlaşmaqdır.

- Ya Rəsulallah ən üstün namaz hansıdır?

- Ən uzun qılınan namazdır.

- Ya Rəsulallah, oruc nədir?

— Əcrini, mükafatını şəxsən Allahu təalanın qat-qat verəcəyi bir fərzdir, ibadətdir.

- Ya Rəsulallah hansı cihad daha üstündür?

-Mal və canı ilə edilən cihaddır.

- Ya Rəsulullah hansı köləni azad etmək daha üstündür?

- Maddi və mənəvi cəhətdən qiymətli olanıdır.

- Sədəqənin ən üstünü hansıdır?

- Az da olsa kasıbın könlünü almaq üçün verilənlərdir.

- Ya Rəsulallah, Allahu təalanın nazil etdiyi ayələr içində ən fəzilətlisi hansıdır?

- Ayət-əl kürsidir…

Əbu Zərr həzrətləri davam edərək,

— Ya Rəsulallah mənə nəsihət et!

- Sənə Allahdan qorxmağı tövsiyə edirəm. İşin başı budur.

- Ya Rəsulallah bir az daha!..

- Sənə Qurani-Kərim oxumağı tövsiyə edirəm. O sənin üçün yer üzündə nur, göydə mələklərin tərifidir.

-Bir az daha …

- Çox gülməyi tərk et, çox gülmək ürəyi öldürür, üzün nurunu aparır.

- Bir az daha nəsihət buyur, Ya Rəsulallah!

- Susmağı seç, yalnız xeyir söylə, bu şeytanı səndən uzaqlaşdırar, dinə tabe olmaqda sənə köməkçi olar.

- Bir az daha, Ya Rəsulallah!

- Cihad et, çünki cihad ümmətimin zühdüdür.

- Bir az daha …

- Miskinləri, kasıbları sev, onlarla ol.

- Bir az daha, Ya Rəsulallah!

- Özündən aşağı olanlara bax, səndən üstün olanlara baxma, çünki içində olduğun hal sənin üçün nemətdir.

- Bir az daha, Ya Rəsulallah dedim!

- Qohumu ziyarət et, onlar səni ziyarət etməsələr də.

- Bir az daha, Ya Rəsulallah dedim.

- Allahu təalaya itaət et, qınayanların qınamasına fikir vermə.

- Bir az daha nəsihət et, Ya Rəsulallah!

- Acı da olsa haqqı söylə!

- Bir az daha istədim.

- Tədbir almaq kimi ağıllı iş yoxdur. Haramlardan əl çəkmək kimi vəra yoxdur. Gözəl əxlaq kimi də soyluluq yoxdur.

 

 

1-06-2018, 15:01
Geri