Gözəl İslam / Məkkə dövrü

Məkkə dövrü

Muhamməd əleyhissəlam vəhyin bir müddət kəsilməsindən sonra yenə Hira Dağına çıxmışdı. Dağdan aşağı enərkən bir səs eşitdi. Başını qaldırıb baxanda Cəbrayıl əleyhissəlamı gördü. Mübarək ürəyi döyünərək və ürpərərək evinə qayıdıb; “Məni örtün.” dedi və örtündü. Bu sırada Cəbrayıl əleyhissəlam Muddəssir surəsinin; “Ey örtüyə bürünən (Muhamməd əleyhissəlam)! Qalx da (kafirləri Allahu təalanın əzabı ilə) qorxut. Rəbbini təkbir et, təzim et! Geydiklərini təmiz saxla! Haram edəcəyim şeylərdən uzaq dur! Etdiyin yaxşılıqları çox görərək başa qaxma! Rəbbin üçün səbir et! Sura üfürüldüyü vaxt kafirlərə çox sıxıntılı bir gündür. Onlara asanlıq yoxdur...” məalındakı ilk ayələrini gətirdi. Bundan sonra vəhy fasiləsiz davam etdi. Qurani-kərim ayələri, 22 il 2 ay 22 gün davam edən bir müddət içərisində vəhy edilib tamamlandı.

 

Muhamməd əleyhissəlam, “ümmi” idi. Yəni kitab oxumamış, yazı yazmamış, kimsədən dərs görməmişdi. Məkkədə doğulub böyüyüb, müəyyən kimsələr arasında yetişib, səyahət etməmişkən, Tövratda və İncildə, Yunan və Roma dövrlərində yazılmış kitablarda olan bilgilərdən, hadisələrdən xəbər verdi. İslamiyyəti bildirmək üçün, hicrətin altıncı ilində Rum, İran və Həbəş hökmdarlarına və digər Ərəb padşahlarına məktublar göndərdi. Xidmətinə altmışdan çox xarici elçi gəlmişdir. Bu xüsusu Allahu təala Qurani-kərimdə məalən belə bildirir: “Sən bu Qurani-kərim gəlməzdən əvvəl, bir kitab oxumadın. Yazı yazmadın. Oxuyub-yazan olsaydın, başqalarından öyrəndin deyə bilərdilər.” (Ənkəbut surəsi: 48). Hədisi-şərifdə də: “Mən ümmi peyğəmbər Muhammədəm... Məndən sonra peyğəmbər yoxdur.” buyuruldu. Yenə Qurani-kərimdə belə buyurulmaqdadır:

O (Muhamməd əleyhissəlam) özbaşına danışmamaqdadır. Onun sözləri, Ona bir vəhy ilə bildirilməkdə, öyrədilməkdədir. (Nəcm surəsi: 3-4)

 

Peyğəmbər əfəndimizə vəhyin gəlməsindən sonra ilk iman edən həzrəti Xədicə oldu. Cəbrayıl əleyhissəlam ilk vəhy gətirdiyi sıralarda Peyğəmbərimizə dəstəmazın necə alınacağını öyrətdi. Sonra da Onunla birlikdə iki rükət namaz qıldı. Muhamməd əleyhissəlam Cəbrayıl əleyhissəlamdan öyrəndiyi kimi dəstəmaz almağı və qıldıqları iki rükət namazı həzrəti Xədicəyə də öyrətdi. Ona imam olub bu iki rükət namazı qıldırdı. Bu zaman hələ beş vaxt namaz əmr edilməmişdi. Yalnız səhər və ilkindidə iki vaxt namaz qılınırdı. Onları bu şəkildə namaz qılarkən görən həzrəti Əli də Müsəlman oldu. Peyğəmbər əfəndimiz insanları İslama dəvət işinə əvvəlcə yaxınlarından və səmimi dostlarından başladı. Həzrəti Xədicədən və həzrəti Əlidən sonra azad etdiyi köləsi Zeyd ibn Harisə, köhnə dostu və yaxın yoldaşı həzrəti Əbu Bəkr, həzrəti Osman, Əbdurrahman ibn Əvf, Sad ibn Əbi Vəqqas, Zübeyr ibn Əvvam, Talha ibn Ubeydullah Müsəlman oldular. Həzrəti Xədicədən sonra Müsəlman olan bu səkkiz adama “Sabıquni İslam”, yəni ilk Müsəlmanlar deyilir.

 

Muhamməd əleyhissəlam, insanları İslama dəvət et əmrindən sonra xalqı gizlicə İslama dəvət etdi. İnsanlar birər-ikişər Müsəlman olurdu. Bu ilk illərdə Müsəlmanların sayı ancaq otuza çatmışdı.

 

Bir müddət sonra; “Yaxın qohumlarını Allahın əzabı ilə qorxudaraq, onları haqq dinə çağır.” ayəti-kəriməsi gəlincə, Muhamməd əleyhissəlam qohumlarını dinə dəvət etmək üzrə həzrəti Əli vasitəsilə onları Əbu Talibin evinə çağırdı. Önlərinə, bir adama yetəcək qədər bir qab yemək və bir tas süd qoydu. Əvvəl özü bəsmələ ilə başlayıb, gələn qohumlarını buyur etdi. Gələnlər qırx nəfər qədər olmağına baxmayaraq o yemək və süd Muhamməd əleyhissəlamın möcüzəsi olaraq hamısını doyurdu və heç əskilmədi. Gələnlər bu möcüzə qarşısında çaşıb-qalmışdılar. Yeməkdən sonra Muhamməd əleyhissəlam, qohumlarını İslama dəvət etmək üçün sözə başlamaq üzrəykən əmisi Əbu Ləhəb düşmənlik edərək; “Biz bugünkü kimi bir sehr görmədik. Qohumunuz sizi bir sehrlə ovsunladı.” dedi. Sözlərinə təhqirlə davam edincə, dəvətlilər dağılışdılar.

 

Bu hadisədən qısa bir müddət sonra qohumlarını təkrar dəvət etdi. Əli radıyallahu anh yenə hamısını çağırdı. Əvvəlki kimi yenə önlərinə yemək qoyuldu. Muhamməd əleyhissəlam yeməkdən sonra ayağa qalxıb; “Həmd, yalnız Allaha məxsusdur. Köməyi ancaq Ondan istəyərəm. Ona inanar, Ona güvənərəm. Şübhəsiz bilir və bildirirəm ki, Allahdan başqa tanrı yoxdur. O birdir, Onun bənzəri və ortağı yoxdur.” dedikdən sonra sözlərinə belə davam etdi: “Sizə əsla yalan söyləmirəm və doğrunu bildirirəm... Sizi bir olan və Ondan başqa ilah olmayan Allaha iman etməyə dəvət edirəm. Mən Onun sizə və bütün insanlığa göndərdiyi peyğəmbəriyəm. Vallah siz, yuxuya getdiyiniz kimi, öləcəksiniz. Yuxudan oyandığınız kimi də dirildiləcəksiniz və bütün etdiklərinizdən sorğu-sual olunacaqsınız. Yaxşılıqlarınızın qarşılığında mükafat, pisliklərinizin qarşılığında da cəza görəcəksiniz. Bunlar da ya Cənnətdə əbədi qalmaq və ya Cəhənnəmdə əbədi qalmaqdır. İnsanlardan, axirət əzabı ilə ilk qorxutduğum kimsələr sizlərsiniz.”

 

Əbu Talib bu sözləri dinlədikdən sonra; “Sən əmr edildiyin şeyə davam et! Səni qorumaqdan geri durmayacağam. Fəqət köhnə dinimdən ayrılmaq xüsusunda nəfsimi mənə boyun əyər tapmadım.” dedi. Əbu Ləhəbdən başqa, orada olan digər əmiləri və qohumlarının hamısı yumşaq danışdılar. Lakin Əbu Ləhəb; “Ey Əbdülmuttaliboğulları, başqaları Onun əlini tutub mane olmazdan əvvəl siz Ona mane olun!” kimi daha bir çox çirkin sözlər söylədi. Onun bu sözləri üzərinə Muhamməd əleyhissəlamın bibisi, Əbu Ləhəbə; “Ey qardaşım! Qardaşımın oğlunu və Onun dinini köməksiz buraxmaq sənə yaraşarmı? Vallah bugün yaşayan alimlər, Əbdülmuttalibin nəslindən bir peyğəmbərin gələcəyini bildirirlər. İştə, O peyğəmbər, budur!” dedi. Əbu Ləhəb, bu sözlər qarşısında çirkin danışıqlarına davam edincə, Əbu Talib, hirslənərək; “Ey qorxaq! Vallah biz sağ olduqca, Ona köməkçi və qoruyucuyuq!” dedi. Muhamməd əleyhissəlama da; “Ey qardaşımın oğlu! İnsanları Rəbbinə imana dəvət etmək istədiyin vaxtı bilək, silahlanıb səninlə birlikdə yola çıxarıq!” dedi. Sonra Muhamməd əleyhissəlam təkrar sözə başlayıb; “Ey Əbdülmuttaliboğulları! Vallah, Ərəblər içində, mənim sizə gətirdiyim, dünya və axirətiniz üçün xeyirli olan şeydən (yəni bu dindən) daha üstününü və daha xeyirlisini qövmünə gətirmiş bir kimsə yoxdur. Mən sizi dilə asan gələn, mizanda (tərəzidə) ağır basan iki kəlməni söyləməyə dəvət edirəm ki, o da: Allahdan başqa ilah olmadığına və mənim Onun qulu və rəsulu olduğuma şahidlik etmənizdir. Allahu təala sizi buna dəvət etməmi əmr etdi.” buyurub; “O halda hansınız mənim bu dəvətimi qəbul edər və bu yolda köməkçim olar?” dedi.

 

Kimsədən səs çıxmadı, başlarını önlərinə əydilər. Muhamməd əleyhissəlam bu sözlərini üç dəfə təkrarladı. Hər söyləyişində həzrəti Əli ayağa qalxıb; “Ya Rəsulallah, hər nə qədər bunların yaşca ən kiçiyi isəm də sənə mən kömək edərəm!” dedi. Bunun üzərinə Muhamməd əleyhissəlam həzrəti Əlinin əlindən tutdu. Digərlərisə heyrət içində və istehzalı-istehzalı gülərək dağılışdılar.

 

Peyğəmbərliyin dördüncü ilində: “Sənə əmr olunan şeyi açıqla, baş ağrıdarcasına anlat, müşriklərə məhəl qoyma.” (Hicr surəsi: 4) məalındakı ilahi əmr gəlincə, Məkkəliləri açıqdan-açığa İslama dəvət etməyə başladı. Vəhy olunan ayələri açıqca oxuyur və hər kəsə, haqq din olan İslamı qəbul etmələrini söyləyirdi. İlk zamanlar iman edənlər az oldu. İman etməyənlər də əvvəl Ondan əlaqələrini kəsmədilər. Allahu təalaya ibadət edilməsini əmr edən ayələr gəlincə, bunları eşidən Qureyş qövmü Muhamməd əleyhissəlamın doğru sözlü və yüksək əxlaq sahibi olduğunu bildikləri halda Ondan üz çevirdilər və düşmən kəsildilər.

 

Muhamməd əleyhissəlam insanların bu inkarçı davranışları qarşısında onları daim imana dəvət edirdi və Məkkəlilərdən bir qismi imanla şərəflənirdi. Yenə bir gün Səfa Təpəsi üzərinə çıxdı. Yüksək və gur bir səda ilə; “Ey Qureyş camaatı buraya gəliniz, toplanınız, sizə mühüm bir xəbərim var.” deyə səsləndi. Bunun üzərinə qəbilələr maraqla qaçıb orada toplandılar. Heyrətlə baxmağa, maraqla gözləməyə başladılar. “Ey Muhammədül-əmin! Bizi bura nə üçün yığdın, nəyi xəbər verəcəksən?” deyə soruşdular. Muhamməd əleyhissəlam; “Ey Qureyş qəbilələri!” xitabıyla danışmağa başlayınca hərkəs böyük bir diqqətlə dinləməyə başladı. Onlara; “Mənimlə sizin halınız, düşməni görüncə, ailəsinə xəbər vermək üzrə qaçan və düşmənin özündən əvvəl ailəsinə çatıb zərər verməsindən qorxaraq; “Ya sabahah (ey birliklər).” deyə hayqıran bir kimsənin halına bənzəyər. Ey Qureyş camaatı mən sizə bu dağın ardında bir düşmən ordusu var, üzərinizə hücum etmək üzrədir desəm mənə inanarsanızmı?” dedi. “Bəli, inanarıq, çünki səndə indiyə qədər doğruluqdan başqa bir şey görmədik. Sənin yalan danışdığını heç görmədik!” dedilər.

 

Muhamməd əleyhissəlam bu ümumi xitabdan sonra, bütün Qureyş qəbilələrinin adını; “Ey Haşimoğulları! Ey Əbdümənafoğulları! Ey Əbdülmuttaliboğulları!...” şəklində sayaraq; “Mən sizə önümüzdəki şiddətli əzabın bildiricisiyəm. Allahu təala mənə; “Ən yaxın qohumlarını axirət əzabı ilə qorxut!” əmrini verdi. Sizi La ilahə illəllah vahdəhu lə şərikə ləh (Allah birdir, Ondan başqa heç bir ilah yoxdur) deyərək iman etməyə dəvət edirəm. Mən də Onun qulu və rəsuluyam. Əgər buna iman etsəniz Cənnətə gedəcəksiniz. Siz La ilahə illəllah demədikcə mən sizə nə dünyada bir fayda, nə də axirətdə bir nəsib təmin edə bilərəm!” dedi. Dinləyən qəbilələr arasında Əbu Ləhəb; “Bizi bura bunun üçünmü yığdın?” deyərək, yerdən aldığı daşı Muhamməd əleyhissəlama atdı. Digərlərindən o anda belə bir müxalifət gəlmədi. Aralarında danışaraq dağılışdılar. Əbu Ləhəbin göstərdiyi inkar və düşmənlik üzərinə daha sonra; “Əbu Ləhəbin əlləri qurusun, zatən qurudu...” deyə başlayan Təbbət surəsi nazil oldu.

 

Muhamməd əleyhissəlam bütün insanlara və cinlərə peyğəmbər olaraq göndərildiyi, insanları açıqca İslama dəvət etməsi əmr edildiyi zaman, bütün insanlıq aləmi dini, ruhi, ictimai və siyasi baxımlardan yayğın bir qaranlıq, tam bir cahiliyyət, ifratçılıq, azğınlıq və əxlaqsızlıq içərisində idi. O zaman dünya üzərində gözə dəyən başlıca dövlətlərdən Bizans, İran, Misir, Hindistan, İsgəndəriyyə, Mesopotamiya, Çin və bənzərlərində yaşayan insanlar inancsızlığın və ya batil inancların içində çırpınan və nə etdiyini bilməyən azğınlar halına gəlmişdi. Aləm elə qaralmış və zülmət elə kəsifləşmişdi ki, insanlar; hər şeyin yaradıcısı olan Allaha iman və ibadət etmək yerinə, kainatda cərəyan edən hadisələrə və Allahu təalanın yaratdığı əşyaya ibadət edirdilər. Zavallı insanlıq ulduzlara, atəşə, əllərilə yonduqları daşdan və taxtadan bütlərə “ilah” deyə səcdə edirdi... Siniflərə ayrılan insanlardan qüvvətlilər zəifləri qorxunc bir istibdadla əzirdi.

 

Dünya üzərində siyasi, cağrafi və ticari baxımdan mühüm bir yer tutan Ərəbistanda da vəziyyət digər yerlərdən fərqsiz idi. O zaman Ərəbistanda insanlar inanc baxımından bəzi müxtəlifliklər göstərirdi. Bir qismi tamamilə inancsız idi və dünya həyatından başqa bir şey qəbul etmirdi. Bir qismi də Allaha və axirət gününə inanır, lakin insandan bir peyğəmbərin gələcəyini qəbul etmirdi. Bir qismi də Allaha inanır axirətə inanmırdı. Digər böyük bir qismi də Allaha şirk qoşaraq bütlərə tapınırdı. Müşriklərin hər birinin evində bir büt var idi. Kəbəyə də 360 büt qoyulmuşdu. Bütün bunlardan başqa İbrahimin (əleyhissəlam) bildirdiyi din üzrə olan və “Həniflər” deyilən və bütlərdən uzaq duran kimsələr də var idi.

 

Cahiliyyə dövrü deyilən bu zamanda Ərəbistanda insanlar adətən köçəri həyatı yaşayırdılar və qəbilələrə bölünmüşdülər. Davamlı çəkişmə halında olan bu qəbilələr, basqın və qarətgərliyi sanki özləri üçün bir dolanışıq vasitəsi qəbul etmişdilər. Aralarında zülmün və qarətgərliyin yayıldığı qəbilələrdən meydana gələn Ərəbistanda siyasi bir nizam, ictimai bir intizam da yox idi. Yenə bu sırada, dünyanın digər yerlərində olduğu kimi, Ərəbistanda da əxlaqsızlıq son həddinə çatmışdı. İçki, qumar, zina , oğurluq, zülm, yalan və əxlaqsızlıq adına nə varsa hədsiz yayılmışdı. Zülmə, güclünün gücsüzə qarşı istifadə etdiyi ən amansız və tükürpədici bir vasitə olaraq müraciət edilir, qadın adi bir mal kimi alınıb satılırdı. Bir qismi də qız uşaqlarının doğulmasını bir fəlakət və üz qarası sayırdılar. Bu qorxunc fikir o dərəcəyə çıxmışdı ki, kiçik qız uşaqlarını, qumlar üzərində açdıqları çuxurlara diri-diri yatırıb; “Atacan! Atacan!” deyərək boyunlarına sarılmalarına və acı-acı fəryad etmələrinə heç qulaq asmadan üzərlərini torpaqla bağlayaraq ölümə tərk etməkdə ən kiçik bir vicdan əzabı hiss etmirdilər. Nəticə etibarilə o zamanın insanları arasında şəfqət, mərhəmət, yaxşılıq və ədalət kimi gözəl xislətlər yox olmuş kimi idi.

 

Qorxunc bir cahiliyyə dövrü yaşayan Ərəblər arasında diqqətə dəyər bir xüsus vardı. O da; ədəbiyyatın, bəlağətin və fəsahətin yayğın hal alaraq zirvəyə çatmış olması idi. Şairə və şeirə çox əhəmiyyət verərlər, bunu böyük bir iftixar vəsiləsi sayardılar. Güclü bir şair özü və qəbiləsi üçün etibar qazandırardı. Müəyyən zamanlarda bazarlar qurular, şeir və xitabət yarışları keçirilərdi. Birinci seçilənlərin şeirləri və ya xitabları Kəbə divarına asılardı. Cahiliyyə dövründə Kəbə divarına asılan ən məşhur şeirlərə “Müəlləqatı-Səba” (yeddi asqı) deyilmişdir. Qurani-kərim ayələri enməyə başlayınca Ondakı bənzərsiz bəlağəti görən çox kimsələr də bu səbəblə Müsəlman oldular.

 

Muhamməd əleyhissəlamın insanlara əbədi səadəti, sonsuz qurtuluşu bildirmək, onları dəlalətdən hidayətə qovuşdurmaq üzrə peyğəmbər olaraq göndərildiyi sırada cahiliyyə dövrü yaşayan Məkkəlilər, iman etməyə dəvət edilincə, əvvəllər etinasız davrandı. Sonra açıqca düşmənlik göstərməyə başladılar. Müşriklərin bu düşmənlikləri əvvəl lağ tərzində olub, sonra təhqir şəklinə, daha sonra işgəncə mərhələsinə keçdi. Bunlardan sonra ticari və digər bütün münasibətləri kəsmə və şiddət göstərmə müddəti başladı.

 

Müşriklərdən xüsusilə azğın beş nəfər, Sevgili Peyğəmbərimiz Muhamməd əleyhissəlamı çox üzüb lağ edirdilər. Bunların arasında, As ibn Vail, Əsvəd ibn Muttalib, Əsvəd ibn Əbdi Yağvəs, Vəlid ibn Muğirə və Haris ibn Qays vardı. Bir dəfə Peyğəmbər əfəndimiz Kəbənin yanında oturarkən Cəbrayıl əleyhissəlam da gəlmişdi. Müşriklərdən bu beş nəfər önlərindən keçərkən Cəbrayıl əleyhissəlam, As ibn Vailin ayağının dabanına, Əsvəd ibn Muttalibin gözünə, Əsvəd ibn Əbdi Yağvəsin başına, Vəlid ibn Muğirənin inciyinə, Harisin qarnına birər işarə qoydu və: “Ya Muhamməd! Allahu təala bunların şərindən səni xilas etdi. Yaxında bunların hər biri bir bəlaya uğrayıb həlak olacaqlar.” dedi. Bu beş müşrikdən As ibn Vail bir gün eşşəyə minmişdi. Məkkənin xaricində bir yerdə eşşəyindən enincə ayağına tikan batdı. Tikanın batdığı yer şişdi, nə qədər dərman edildi isə də çarə tapa bilmədilər. Nəhayət ayağı dəvə boynu kimi şişib; “Muhammədin Allahı məni öldürdü.” deyə fəryad edə-edə öldü. Əsvəd ibn Muttalib, Məkkənin xaricində bir ağac altında oturarkən birdən-birə gözləri kor oldu. Cəbrayıl əleyhissəlam da başını tutub altında oturduğu ağaca çırparaq həlak etdi. Əsvəd ibn Əbdi Yağvəs Məkkədən çıxıb Badı Səmum deyilən yerə getmişdi. Burada ikən üzü və gövdəsi qapqara oldu. Evinə gəlib qapısını çalanda ailəsi onu tanıya bilmədi və içəri almadı. Qəhrindən başını evinin qapısına vura-vura öldü. Haris ibn Qays da duzlu balıq yemişdi. Elə bir hərarətə tutuldu ki, nə qədər su içdisə də doymadı. Su içə-içə çatladı. Vəlid ibn Muğirənin isə baldırına bir oxçu dükanı önündə dəmir parçası batdı. Yarasından çox qan axdı və; “Muhammədin Allahı məni öldürdü.” deyə fəryad edərək öldü.

 

Müşriklərin zülm və təzyiqi artırması üzərinə Muhamməd əleyhissəlam, Əshabı-kiramdan Ərqam ibn Əbil Ərqamın evini təhlükəsiz bir yer olaraq seçdi. Dar bir küçə içində, Səfa Təpəsinin şərqində olan bu ev giriş-çıxış üçün və gəlib gedənləri nəzarət etməyə əlverişli bir yer idi. Peyğəmbər əfəndimiz İslamiyyəti burada anladır və Müsəlmanlar orada toplanırdı. Bir çox Məkkəli bu evdə Müsəlman oldu. Bir mərkəz olaraq seçilən bu evə “Darul-İslam” adı verildi.

 

İnsanları əbədi səadətə qouvuşdurmaq üçün və rəhmət olaraq göndərilən Muhamməd əleyhissəlam, Məkkədə cahiliyyə dövrü yaşamaqda olan insanları açıqca İslama çağırdı. Həqiqi qurtuluşun Allahu təalaya iman etməkdə, nəfsə tabe olmaqdan, zülmdən, haqsızlıqdan və bütün çirkin işlərdən uzaqlaşmaqda olduğunu bildirincə, nəfslərinin istəklərinə, şəhvətlərinə uyanlar, zəifləri əzənlər və çox azğınlaşmış olanlar bütün bu pis işlərinə son veriləcəyini görərək Muhamməd əleyhissəlamın bildirdiklərini inkar etdilər və Ona düşmən kəsildilər. Bir qismi də özləri kimi aciz və fani insanların ayıblamalarından çəkinərək iman etmədilər. Nəfslərinə, şeytana və şəhvətlərinə uyaraq səadətdən məhrum qaldılar.

 

Muhamməd əleyhissəlamın bildirdiklərinə iman etməyən və Ona düşmənlik göstərən müşriklər, əvvəl lağ etməyə başladılar. Bir yerə toplanıb Ona; kahin, məcnun, şair, dəli, sehrbaz deyək şəklində qərar almaq istədikləri zaman, bunların heç birinin Muhamməd əleyhissəlamda olmadığını yenə özləri etiraf edirdilər. Ona bir şeylər söyləmək üçün toplaşanda müşriklərdən Vəlid ibn Muğirə belə deyirdi: “Xeyr, o kahin deyil. Biz, kahinləri gördük. Onun oxuduğu nə kahin pıçıltısı, nə də uydurma şeylərdir. Kahinlər həm doğru həm yalan danışar. Biz Muhamməddə heç bir yalan görmədik. O məcnun, dəli də deyil. Dəliliyin nə olduğunu bilirik, Onda belə bir hal yoxdur. O şair də deyil. Biz şeirin hər növünü yaxşı bilirik. Onun oxuduqları bunlardan heç birinə bənzəməz. O, sehrbaz da deyil! Biz sehrbazları gördük. Onun oxuduqları sehrbazların oxuyub üfürmələrinə və düyümləyib bağlamalarına heç bənzəmir.”

 

Müxtəlif hiylələrlə və zülmlə insanların iman etməsinə mane olmağa cəhd edən müşriklərin tanınmışları, insanları Muhamməd əleyhissəlamın oxuduğu ayələri dinləməyə qoymazdılar. Özləri isə gecələr gizlicə Muhamməd əleyhissəlamın olduğu evin yanına gələrək bir küncə gizlənib dinləyərdilər. Səhər olub ətraf işıqlanmağa başlayınca, bir-birindən xəbərsiz gecə Qurani-kərimi dinləməyə gəldiklərini görən müşriklərin tanınmışları bir-birlərini ayıblayar, bir daha belə etməyək deyərdilər. Ancaq ertəsi gecə yenə bir-birindən xəbərsiz gedib bir küncə gizlənərək təkrar dinləyərdilər. Səhər olanda da bir-birlərini görüb çaşardılar. Bir daha belə etməmək üzrə and içərək ayrılar, lakin bundan əl çəkə bilməzdilər. Ancaq nəfslərinə uyub, özlərini üstün sayaraq və digər müşriklərin özlərini ayıblamalarından çəkinərək və daha bir çox boş düşüncələrə qapılaraq iman etmədilər. Üstəlik başqalarına da mane oldular. Küçələrdə, “Muhamməd sehrbazdır.” deyə qışqırdılar.

 

İslam nurunun günü-gündən yayılması üzərinə daha çox azğınlaşan müşriklər, artıq lağ etməkdən də ötə, Müsəlmanlara işgəncə etməyə başladılar. Muhamməd əleyhissəlamın qapısının önünə nəcis tökməyə, qapısına qan sürtməyə, keçəcəyi yollara tikan tökməyə başladılar. Sevgili Peyğəmbərimiz, Məkkəyə xaricdən gələnlərə İslamı anladaraq dəvət edərkən, ardınca gəzib; “Yalan deyir, inanmayın.” deyərək hay-küy salardılar. İlk Müsəlman olanlardan, əvvəl zəif və kimsəsizlərə sonra da hamısına ağır işgəncələr etməyə başladılar. Bütün bunlarla insanların iman etmələrinə mane ola bilmədiklərini, əksinə, İslamın gündən-günə yayıldığını görən müşriklər hər yola əl atdılar.

 

Mənfəətləri səbəbilə bütlərə tapınan və İslamiyyətin, zülmlərinə, haqsızlıq və əxlaqsızlıqlarına qətiyyətlə son verəcəyini görən müşriklər, buna mane olmaq üçün ilk mərhələdə müraciət etdikləri şeylərin nəticə vermədiyini gördülər. Hətta başda gələnləri toplanıb Peyğəmbər əfəndimizin əmisi Əbu Talibin yanına gedərək; “Ey Əbu Talib! Biz səndən qardaşının oğlunu susdurmağını, Ona mane olmağını istəyirik. Ya Onu bildirdiyi şeylərdən vaz keçirərsən və ya iki tərəfdən biri yox olana qədər Onunla da səninlə də vuruşarıq... Bundan əl çəksin, nə istəsə verəcəyik...” dedilər. Əbu Talib, müşriklərin söylədiklərini Muhamməd əleyhissəlama nəql etdi. Bunun üzərinə Muhamməd əleyhissəlam; “Ey əmi! Bunu bil ki, günəşi sağ, ayı da sol əlimə versələr (hər nə vəd edirlər etsinlər) mən əsla bu dindən və onu insanlara təbliğ etməkdən, bildirməkdən vaz keçmərəm. Ya Allahu təala bu dini bütün cahana yayar, vəzifəm bitər və ya bu yolda canımı fəda edərəm.” dedi. Bu sözləri dinləyən Əbu Talib Sevgili Peyğəmbərimizin boynuna sarılaraq; “İşinə davam et, istədiyini et! Vallah, səni əsla hər hansı bir şeydən ötrü heç kimə təslim etməyəcəyəm...” dedi. Əbu Talibin, qardaşı oğlunu hər şeyə baxmayaraq qoruyacağını və əsla tək buraxmayacağını anlayan müşriklər, bundan da bir nəticə ala bilmədiklərini görərək şəxsən Muhamməd əleyhissəlamı çağırıb belə dedilər: “Əgər mal yığmaq istəyirsənsə sənə istədiyin qədər verək. Hökmdar olmaq istəyirsənsə səni özümüzə hökmdar edək. Daha hər nə istəyirsən edək, verək. Təki bu iddiadan əl çək.” Peyğəmbər əfəndimiz müşriklərə belə cavab verdi: “Sizin dediyiniz şeylərin heç biri məndə yoxdur. Mən, sizə mallarınızı istəmək, içinizdə şərəf və şan qazanmaq, üzərinizə hökmdar olmaq üçün gəlmədim. Fəqət Allah, məni sizə peyğəmbər olaraq göndərdi. Mənə bir kitab da endirdi. İman etsəniz Cənnətlə müjdələyici, üsyanınızdan ötrü də əzabla qorxuducu olmağımı Allah mənə əmr etdi. Mən də Rəbbimin mənə əmrlərini sizə təbliğ etdim. Sizə nəsihət də verdim. Sizə gətirib təbliğ etdiyim şeyi alıb qəbul etsəniz o, dünyada və axirətdə nəsibiniz və səadətiniz olar. Onu rədd etsəniz Uca Allah aramızda hökmü verənə qədər təbliğ etmək, səbr etmək və buna dözmək mənim vəzifəmdir.”

 

İnkarlarında israr edən müşriklər bu təşəbbüslərindən də nəticə ala bilməyincə işi zülm və işgəncə mərhələsinə apardılar. Muhamməd əleyhissəlama qəsd etməyə qərar verdilər. Başları Əbu Cəhil belə dedi: “Sabah qaldıra biləcəyim qədər böyük bir daşı götürüb, O səcdəyə getdiyi zaman başının üzərinə buraxacağam.” Digər müşriklər də “Sən istədiyini et, səni dəstəkləyəcəyik” dedilər. Ertəsi günü gözlədilər və Muhamməd əleyhissəlam Kəbəyə gələrək namaza durdu. Səcdəyə getdiyi sırada Əbu Cəhil çox iri bir daşı götürüb yanına yaxınlaşdı. Fəqət yaxınlaşar-yaxınlaşmaz, böyük bir qorxuyla, pərişan bir halda, geri qaçdı. Əllərinin canı kəsildi və daş yerə düşdü. Bu halı görən və maraqla seyr edən müşriklər; “Nə oldu sənə?” dedikləri zaman Əbu Cəhil; “Bir bənzərini görmədiyim öhdəsindən gəlinməz bir aslan məni parçalamaq üzrə üstümə yeridi.” dedi. Əbu Cəhil bir neçə dəfə belə etmək istəmişsə də eyni vəziyyətlə qarşılaşmışdı.

 

Bu və buna bənzər möcüzələri görənlərdən bir qismi iman edir, bir qismi də düşmənlikdə israr edirdi. Bundan başqa müşriklərin Muhamməd əleyhissəlama hücum etdikləri, bəzən də mübarək üzünü, başını yaraladıqları vaxtlar olardı. Digər tərəfdən Müsəlman olanlara etdikləri işgəncələr görülməmiş bir vəhşilik halını almışdı. Edilən işgəncələrə dözə bilməyərək vəfat edən Yasir radıyallahu anh və Əbu Cəhil tərəfindən qarnına mizraq batırılaraq şəhid edilən Yasirin (radiyallahu anh) xanımı Süməyyə Xatun İslamda ilk şəhidlər oldular.

 

Peyğəmbər əfəndimiz ilk Müsəlmanların ağır işgəncələrə məruz qalmaları və zülm altında çətin vəziyyətə düşmələri üzərinə; “Siz Həbəş ölkəsinə gedin, Allah sizi orada asudəliyə qovuşdurar və sizi yenə toplayar.” buyurdu. Bisətin (Peyğəmbərliyin) beşinci ilində (M. 615) Əshabı-kiramdan 10-u kişi, 5-i qadın olmaq üzrə 15 nəfərlik bir karvan Məkkədən Həbəşistana hicrət etdilər. Bisətin altıncı ilində həzrəti Həmzənin, sonra da həzrəti Ömərin iman etməsi üzərinə Müsəlmanların vəziyyəti bir qədər qüvvətləndi.

 

Həbəşistana hicrət edən ilk karvannın, hökmdar Nəcaşi tərəfindən yaxşı qarşılanması üzərinə, Peyğəmbərimiz, müşriklərin təzyiq və işgəncələrinə məruz qalan Müsəlmanlardan ikinci bir karvanı da bisətin yeddinci ilində (M. 617) Həbəşistana göndərdi. 80-i kişi, 10-u qadından meydana gələn bu karvan da Həbəşistana hicrət etdi. Bu sırada İslamiyyətin yayılmasına mane olmaq üçün hər yola əl atan müşriklər, Peyğəmbər əfəndimizdən müxtəlif şeylər soruşurlar, nazil olan ayələr oxunduqca aldıqları cavablar və gördükləri möcüzələr qarşısında çaşırdılar.

 

Hər şeyə baxmayaraq Müsəlmanların sayı artırdı. Buna mane olmaq üçün müxtəlif yollar sınayan müşriklər, Müsəlmanları mühasirə altına almaq, başda ticari olmaqla onlarla olan bütün münasibətlərini kəsmək üzrə qərar aldılar. Müsəlmanlara heç bir şey satmamağa və onlardan heç bir şey satın almamağa and içdilər. Bu müqavilələrini bir kağıza da yazaraq Kəbə içinə asdılar. Müsəlmanlar isə Şibi Əbi Talib (Əbu Talib məhəlləsi) deyilən yerdə toplanmışdılar. Müşriklər bu məhəlləyə yeyəcək, içəcək də daxil olmaqla, heç bir şey soxmurdular. Oradan, bir şey satın almaq üzrə çıxmaq istəyənə və oraya qida satmaq üçün getmək istəyən heç bir satıcıya fürsət vermirdilər. Bu məhəllədə mühasirəyə alınan Müsəlmanlar isə çöldən çox bir şey satın ala bilmədikləri üçün şiddətli qıtlıqla qarşı-qarşıya qalmışdılar. Yalnız həcc mövsümündə çölə çıxa bilirdilər. Ancaq Məkkəyə gələn tacirlərdən bir şey satın almaq istədikləri zaman müşriklər, tacirlərdən, qiymətlərini çox yüksək tutmalarını istəyirdilər. Bu səbəblə Müsəlmanlar çox bir şey satın ala bilmirdilər. Bəziləri yemək tapa bilmədikləri üçün ağac yarpaqları ilə aclıqlarını aradan götürməyə çalışır, kiçik uşaqlar aclıqdan fəryad edirdi. Müsəlmanlar içində zəngin olanlar çətinliyə düşənlərin ehtiyaclarını qarşılamaq üçün bütün mallarını xərcləmişdilər. Ancaq bu da kafi gəlməmişdi.

 

Üç il boyunca davam etdirdikləri bu zülmlə Müsəlmanlara yaxşı bir dərs verdiklərini zənn edib İslamiyyətin yayılmasının dayanacağını ümid edən müşriklər, İslamın sürətlə yayıldığını görərək lap özlərindən çıxdılar. Allahu təala, müşriklərin müqavilələrini yazaraq Kəbə içinə asdıqları səhifəyə bir güvə qurdu saldı. Güvə, o səhifədə olan; “Bismikə Allahummə” ibarəsi xaric olmaqla digər qismini tamamilə yeyib bitirdi. Bu xüsus Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) vəhylə bildirildi. Muhamməd əleyhissəlam bu vəziyyəti əmisi Əbu Talibə bildirincə, Əbu Talib müşriklərə gedib; “Qardaşımın oğlunun mənə xəbər verdiyinə görə, Allah sizin Kəbədə asdığınız səhifəyə bir qurd salmış və (Allah) ləfzi xaric olmaqla o səhifədə zülm, qohumlarla münasibəti kəsmə və böhtan olaraq yazılı digər qismi yeyib bitirmişdir. Kəbəyə gedib baxın. Bu zülm və pis davranışınızdan əl çəkin.” dedi. Kəbəyə gedib asdıqları səhifəni həqiqətən bir güvə qurdunun yeyib bitirdiyini gördülər. Bu hadisə qarşısında çaşıb-qalan müşriklər bəzi başda gələn kimsələrin də belə bir əməldən vaz keçdiklərini bildirmələri üzərinə bisətin onuncu ilində bundan tamamilə əl çəkmək məcburiyyətində qaldılar. Lakin düşmənliklərini gündən-günə şiddətləndirib, İslamiyyətin yayılmasına mane olmaq üçün hər cür yola müraciət etdilər. Halbuki İslamiyyət sürətlə yayılır, Sevgili Peyğəmbərimiz Muhamməd əleyhissəlam cahiliyyə dövrünün zülmətində olan insanları həqiqi səadətə qovuşdururdu. Bu səadətlə şərəflənən insanlar da qovuşduqları böyük nemətə şükr edir, müşriklərin təhqir və işgəncələri qarşısında əsla gözləri qorxmurdu. Muhamməd əleyhissəlamın möcüzələrini və Müsəlmanların dinlərindəki səbatını görən neçə-neçə könüllər İslam nuru ilə aydınlanırdı.

 

Müşriklərin Müsəlmanlara tətbiq etdikləri üç illik mühasirə sona çatanda Həbəşistandan iyirmi nəfər qədər Xristian Rahib Məkkəyə gəldi. Bunlar daha əvvəl Həbəşistana hicrət edən Müsəlmanlardan İslamiyyətlə əlaqədar eşitdikləri şeyləri şəxsən yerində görmək və araşdırmaq üçün Məkkəyə gəlmişdilər. Kəbə yanında Peyğəmbər əfəndimizlə görüşən bu Xristian karvanı, Quran ayələrini dinləyib çox ağladılar. O qədər ki, saqqalları göz yaşları ilə islandı. Soruşduqları hər suala verilən cavablar qarşısında son dərəcə məmnun qalıb, Sevgili Peyğəmbərimizin onları İslama dəvət etməsi üzərinə böyük bir şövqlə sevinc göz yaşları tökərək Müsəlman oldular. Bu hallarını görərək onlara müxtəlif təhqirlər yağdıran Əbu Cəhilə və digər müşriklərə əsla məhəl qoymadılar; “Bizə etdiyiniz cahilliyi biz sizə edə bilmərik və bizə nəsib olan haqq dindən əsla dönmərik.” dedilər.

 

Muhamməd əleyhissəlamın peyğəmbərliyinin onuncu ilində böyük oğlu Qasım və bir müddət sonra da digər oğlu Abdullah, kiçik yaşda, vəfat etdilər. Yenə bisətin onuncu ilində Peyğəmbər əfəndimizin əmisi Əbu Talib və ondan bir neçə gün sonra da xanımı həzrəti Xədicə vəfat etdi. Arxa-arxaya ortaya çıxan bu ölüm hadisələrindən ötrü bu ilə Sənətül-hüzn (hüzn ili) deyildi. Bu vəfat hadisələrinə çox sevinən müşriklər, sevgili Peyğəmbərimiz və Müsəlmanlara qarşı əvvəlkindən daha şiddətli davranmağa başladılar. Əbu Talib həyatda ikən onun himayəsindən çəkinən müşriklər, o vəfat edincə, Muhamməd əleyhissəlama və Müsəlmanlara etdikləri təcavüzləri qat-qat artırdılar.

 

Məkkə əhalisi iman etmir və Müsəlmanlara çox sıxıntı verirdi. İşgəncəni artırıb, həddi lap aşmışdılar. Rəsulullah çox kədərləndi. Hicrətdən bir il əvvəl, əlli iki yaşında idi. Zeyd ibn Harisəni yanına alaraq Taifə getdi. Taif xalqına bir ay nəsihət etdi. Heç kim iman etməməklə yanaşı lağ etdilər, işgəncə etdilər, fitə basdılar. Uşaqlar daşa tutdular. Kədərli və yorğun bir şəkildə qayıdarkən mübarək ayaqları yaralandı. Zeydin başı qan içində qaldı. Çox isti bir saatda, yol kənarında, əldən düşmüş halda istirahət edib yaralarını, qanlarını sildilər. Muhamməd əleyhissəlam daha sonra Məkkəyə doğru getməkdə ikən, başının üzərində Onu kölgələyən bir buludu və bir az sonra da Cəbrayıl əleyhissəlamı gördü. Cəbrayıl ələyhissəlam; “Ya Muhamməd, şübhəsiz ki, Allahu təala qövmünün sənə nə söylədiklərini eşitdi. (Bir mələk göstərərək) Bu mələk, Allahu təalanın dağları əmrinə verdiyi mələkdir. Qövmün haqqında nə diləsən ona əmr edə bilərsən.” dedi. Dağlara müvəkkil mələk (Məkkənin iki tərəfində olan Əbu Qubeys və Kuaykıan dağlarını göstərərk); “Ya Muhamməd! Əgər bu iki sarp dağın Məkkəlilər üzərinə qapanıb bir-birinə qovuşmasını istəsən, əmr et, qovuşdurum!” dedi. Aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbər əfəndimiz; “Xeyr! Mən insanlara rəhmət olaraq göndərildim. Allahu təalanın, bu müşriklərin nəslindən, iman edəcək, Allaha şirk qoşmayacaq, bir nəsil çıxarması üçün dua edərəm.” buyurdu.

 

Peyğəmbər əfəndimiz Taifdən Məkkəyə qayıtdığı sırada Məkkəyə çatmazdan əvvəl Nəhlə adında bir yerdə bir müddət istirahət etdi. Bu əsnada namaza durmuşdu. Nusaybin cinlərindən bir qrup oradan keçərkən Onun oxuduğu Quran ayələrini eşitdilər və dayanıb dinlədilər. Sonra Peyğəmbər əfəndimizlə görüşüb Müsəlman oldular. Muhamməd əleyhissəlam onlara; “Qövmünüzün yanına çatanda mənim imana dəvətimi onlara da söyləyin, onları imana dəvət edin.” buyurdu. O cinnilər qövmlərinə gedib bunu bildirincə, eşidən cinnilərin hamısı iman etdilər. Bu xüsus Qurani-kərimdə Cin surəsində bildirilməkdədir.

 

Rəsuli-əkrəm əfəndimizlə Zeyd ibn Harisə bu hadisədən sonra Məkkəyə getdilər. Qaranlıqda şəhərə girdilər. Bir neçə ay Məkkədə çox sıxıntılı keçdi. Hər tərəf düşmən idi. Gedəcək yer yox idi. Doğruca əmisi Əbu Talibin qızı Ümmü Haninin Əbu Talib məhəlləsində olan evinə gəldi. Ümmü Hani, o vaxt iman etməmişdi.

 

Rəsulullah, o gün çox incinmişdi. Dəstəmaz alıb, Rəbbinə yalvarmağa, əfv diləməyə, qulların imana gəlməsi, səadətə qovuşmaları üçün duaya başladı. Çox yorğun, ac, kədərli idi. Həsir üzərində uzanıb yatdı.

 

O anda, Cəbrayıl əleyhissəlam gəlib, Allahu təalanın dəvəti üzərinə Muhamməd əleyhissəlamı Meraca apardı. Göyləri aşdı, bilinməyən, anlaşılmayan, anladıla bilməyən bir şəkildə Cənnəti, Cəhənnəmi, Ərşi, Kürsini gördü. Məkansız, zamansız, cəhətsiz, təsvir edilə bilməyən bir şəkildə Allahu təalanı görüb danışdı.

 

Hicrətdən bir il əvvəl 13 İyulda Cümə gecəsi vaqe olan bu möcüzəyə “Peyğəmbərimizin Meracı” deyilir. Rəsulullah Meraca ruh və bədənilə oyaqkən çıxdı. “Bədən ilə getdim.” buyurdu. Peyğəmbər əfəndimizə Merac gecəsində neçə-neçə ilahi həqiqətlər göstərildi və beş vaxt namaz bu gecədə fərz qılındı. Merac Qurani-kərimdə İsra surəsində və hədisi-şəriflərdə bildirilməkdədir.

 

Peyğəmbər əfəndimiz, müşriklərin şiddətlə qarşı çıxmalarına və istəməmələrinə baxmayarak, bütün çətinliklərə və sıxıntılara dözərək insanları İslama dəvət etdi. Məkkə hər il həcc mövsümündə uzaqdan, yaxından gələnlərlə dolub-daşardı. Peyğəmbərimiz bu mövsümdə qurulan bazarlara gedər, Məkkəyə gələn Ərəb qəbilələrinə İslamı anladar və onları imana dəvət edərdi. Müşriklər isə həmişə mane olmaq üçün uğraşardılar.

 

Peyğəmbər əfəndimiz bisətin (peyğəmbərliyin) on birinci ilində həcc mövsümündə Məkkənin yaxınında olan Əqabədə Mədinədən gələn altı nəfərlə qarşılaşdı, onlarla görüşdü. Onlara Qurani-kərim oxudu və İslama dəvət etdi. Mədinədəki Həzrəc qəbiləsindən olan bu altı nəfər Peyğəmbərimizi dinlədikdən sonra dərhal iman etdilər. Bu altı nəfər ilk Mədinəli Müsəlmanlardır. Bundan bir il sonra bisətin on ikinci ilində yenə həcc mövsümündə 12 Mədinəli, Peyğəmbər əfəndimizin dəvətini qəbul edərək Müsəlman oldular. Allaha şirk qoşmayacaqlarına, zinadan, oğurluqdan qaçınacaqlarına, kimsəyə böhtan etməyəcəklərinə, qız uşaqlarını öldürməyəcəklərinə, Allaha və Rəsuluna itaət edəcəklərinə dair qətiyyətlə söz verdilər. Bu hadisələrə ilk Əqabə beyətləri deyilmişdir. Mədinəlilərin etdikləri beyət böyük bir əhəmiyyət daşıyırdı. Peyğəmbərimiz bu beyətlərdə iştirak edənlərə İslamı anlatmaq və Qurani-kərimi öyrətmək üzrə Əshabı-kiramdan Musab ibn Umeyri, müəllim olaraq onlarla birlikdə Mədinəyə göndərdi. Bu sıralarda Mədinədəki Müsəlmanların sayı qırxa çatmışdı. Musab ibn Umeyrin üstün səylərilə Mədinədə olan Evs və Həzrəc qəbilələrindən demək olar ki, Müsəlman olmayan qalmamışdı. Az vaxtda İslamiyyət Mədinədə yayıldı. Peyğəmbər əfəndimiz Mədinədə İslamın bu şəkildə sürətlə yayıldığını xəbər alınca çox sevinib bu ilə Sevinc İli deyildi. Bu ildən sonra peyğəmbərliyin on üçüncü ilində yenə həcc mövsümündə Mədinədən 73 kişi, 2 qadın olmaqla 75 nəfər Əqabədə gecəyarısı Sevgili Peyğəmbərimizlə görüşdülər. Rəsulullah əfəndimiz onlara; “Allahdan başqa ilah olmadığına, mənim Onun Rəsulu olduğuma iman edərək dinin əmrlərini yerinə gətirəcəyinizə, mənə itaət edəcəyinizə, heç bir şeydən çəkinmədən Allah yolunda Allah üçün haqqı söyləyəcəyinizə, öz nəfsinizi və namusunuzu qoruduğunuz kimi mənə köməkçi olacağınıza söz verirsinizmi?” buyurdu. Bunu sevə-sevə qəbul etdiklərini bildirən Mədinəlilər; “Ya Rəsulallah, sənin yolunda ölərsək bizə nə var?” deyə soruşdular. “Cənnət var.” buyurunca, Rəsulullah əfəndimizin əlini tutaraq beyət etdilər. Peyğəmbərimiz bunların içindən Mədinənin başda gələnlərindən, oxuyub-yazma bilən 12 nəfəri nümayəndə olaraq seçdi. Bu nümayəndələr; “Allaha həmd olsun ki, bizi Muhamməd əleyhissəlamın sevgisilə və Ona iman etməklə şərəfləndirdi. Allahın və Rəsulunun dəvətini qəbul etdik, dinlədik və boyun əydik.” deyərək sevinclərini və təslimiyyətlərini ifadə etdilər.

 

İkinci Əqabə beyətilə Mədinə, Müsəlmanların rahatlana biləcəkləri və sığınacaqları bir yer olmuşdu. İkinci Əqabə beyətini eşidən Məkkəli müşriklərin Müsəlmanlara qarşı rəftarları çox şiddətli və çox təhlükəli bir hal aldı. Müsəlmanlar vəziyyətlərini ərz edib hicrət üçün icazə istədilər. Peyğəmbər əfəndimizin; “Sizin hicrət edəcəyiniz yurdun, iki qara daşlıq arasında xurmalıq bir şəhər olduğu mənə göstərildi və bildirildi. Ora Yesrib (Mədinə)dir. Oraya hicrət edin. Orada Müsəlman qardaşlarınızla birləşin. Uca Allah onları sizə qardaş etdi və Mədinəni sizə əmniyyət və dinclik tapacağınız bir yurd etdi.” buyuraraq Məkkədəki Müsəlmanların Mədinəyə hicrət etmələrinə icazə verməsi üzərinə, dəstə-dəstə Mədinəyə hicrət etdilər.

 

Məkkədə həbs edilən və ya işgəncə altında tutulan yaxud da xəstəlik kimi səbəblərdən ötrü yola çıxa bilməyənlər, sevgili Peyğəmbərimiz, həzrəti Əbu Bəkr və həzrəti Əlidən başqa Müsəlmanlardan heç kim qalmayıb Mədinəyə hicrət etdilər.

 

Müsəlmanların Məkkədən hicrət etməsi üzərinə müşriklər hərəkətə keçib nə edəcəklərini qərarlaşdırmaq üzrə, özlərinə görə əhəmiyyətli saydıqları işləri görüşdükləri Darün-Nədvə deyilən yerdə toplandılar. Bu sırada şeytan Nəcdli bir qoca görkəmində yanlarına gəldi. Əbu Cəhil; “Muhammədi öldürək” deyincə; “İştə bu adamın dediyini edin” dedi. Bunun üzərinə müşriklər bu qərarda birləşdilər. Hər qəbilədən bir nəfər olmaqla 40 nəfər seçdilər. Bunlar gecə vaxtı evini mühasirə edib səhər olunca evdən çıxarkən Sevgili Peyğəmbərimizi öldürmək üçün hərəkətə keçdilər. Cəbrayıl əleyhissəlam gəlib Sevgili Peyğəmbərimizə bu vəziyyəti və hicrət etməsi üçün icazə verildiyini bildirdi. Rəsulullah əfəndimiz o gecə həzrəti Əliyə yatağına yatmasını və ona buraxılan əmanətləri sahiblərinə vermək üçün Məkkədə qalmasını söylədi.

 

Rəsulullah, müşriklərin əllərində qılınclarla gecə evinin ətrafını bürüdüyü sırada, üzərlərinə bir ovuc torpaq səpdi və Yasin surəsinin ilk ayələrini oxuyaraq evdən çıxıb müşriklərin arasından keçdi. Gözləyənlərin heç birisi onu görə bilmədi. Əbu Bəkr ilə Sevr Dağına çıxıb üç gün orada bir mağarada gizlənib sonra Mədinəyə hicrət etdilər. O gecə evinin ətrafında gözləyən müşriklər səhərə doğru evə girincə Əli radıyallahu anh ilə qarşılaşdılar. Muhamməd əleyhissəlamın Məkkədən ayrıldığını anlayaraq təqibə başladılar. Ancaq Rəsulullahın möcüzələri qarşısında aciz qalıb tapa bilmədilər.

 

Peyğəmbər əfəndimizin bisətin on üçüncü ilində 12 Rəbiüləvvəldə, Miladi 622-ci ildə Mədinəyə hicrətilə on il davam edən Mədinə dövrü başladı.

1-04-2021, 17:18
Geri