Gözəl İslam / Uğurlu rəhbər

Uğurlu rəhbər

Müvəffəq olmaq üçün bunlar mühümdür:
1- Hər kəsin fərqli xüsusiyyəti vardır. Bir cihazın istifadəsini, quraşdırılmasını və təmirini bildirən bir “təlimat kitabçası” olur. İnsan isə cihazdan daha mükəmməldir. Hər işçi üçün şəxsi məlumat kartı açılmalı, tərcüməyi-halı, təcrübəsi, əmək qabiliyyəti, sağlamlıq vəziyyəti, xasiyyəti, əqidəsi və s. müəyyən edilməlidir.

2- 
Hər işçı müdirindən anlayış gözləyir. İşi çətin, maaşı az da olsa, müdirim anlayışlıdır deyirsə, o işçi çalışmağa davam edər. İşçiyə unudulmuş deyil, daim axtarılan bir kadr statusunda olduğunu hiss etdirmək lazımdır! Onun da arzuları, istəkləri, işindən əlavə həvəs duyduğu mövzular vardır. Bunlarla da maraqlanmaq lazımdır.


İşçilərin çoxu özünü əvəzolunmaz hesab edir. Hər kəsin də belə düşünməsini istəyir. “Qədrimi bilmirlər” deyib şikayət edir. Hər kəsin iltifatdan xoşu gəlir. Həddi aşmamaq şərtilə fürsət düşdükcə tərifləmək lazımdır. “Vəzifəsidir, təşəkkürə ehtiyac yoxdur” deyilməməlidir. Onu qazanmağın yolu, təqdirəlayiq işçi olduğunu hiss etdirməkdir.

3- 
İşçiləri yaxşı tanımaq lazımdır! Beləcə onların problemlərini həll etmək daha da asanlaşar. Yəni diaqnoz düzgün olarsa, müalicə də çətin olmaz. İşçilər də müdiri yaxşı tanımalıdır!


Müdir hər kəsə özünü sevdirməli və hər kəsi sevməyə çalışmalıdır! Hər işçiyə qarşı səmimi diqqət göstərməlidir.

Peyğəmbər əfəndimiz, şərəfli yoldaşlarına o qədər diqqət göstərirdi ki, hər səhabə, “Rəsulullah məni hər kəsdən daha çox sevir” deyə düşünürdü. Məşhur bir iş adamı da, “Mən işçilərimin pis tərəflərini görmürəm. Həmişə yaxşı tərəflərini görürəm və təqdir edirəm” deyirdi.

4- 
Dürüst olmalıdır. Rəhbərin adil davranışı işçiləri məmnun edər. Hər şərti hər kəsə eyni şəkildə tətbiq etməlidir, ayrıseçkilik etməməlidir.


5- 
Verilən sözü mütləq yerinə yetirməyə çalışmalıdır! Siyasətçilər kimi icrası çətin olan vədlər verməməlidir! On yaxşılıq unudular, amma bir pislik unudulmaz.


6- 
Verilən təkliflər yararsız olsa belə, təqdirlə qarşılamağa çalışmalıdır! Fikirlərinə dəyər verilən işçi, təşvik edilər, çalışma əzmi artdırılar, yeni ideya formalaşdırmağa çalışar.


7-
Rəhbər etdiyi səhvi qəbul etməli, qəbahəti başqasına yükləməyə çalışmamalı, işçilərin etimadını sarsmamalıdır! Xətanı etiraf etmək etibarı zədələməz.


8- 
İşçilərin bacarıqlı olmaları üçün idarəçi də bacarıqlı olmalıdır. İş yerinin prinsiplərini yaxşı bilməli və riayət etməlidir. İdarəçi prinsiplərə riayət etməsə, başqalarının əməl etməsini necə gözləyə bilər?


9- 
Vərdişlər asanlıqla tərk edilmir. Bir işçi, yeni işin göstərişini anlamadıqca və ya özü üçün faydalı olacağına inanmadıqca, vərdişlərindən imtina etməz. Ümumiyyətlə, yeniliklərə qarşı çıxılır. Buna görə də tətbiq olunacaq yeniliklərin səbəblərini işçilərə əvvəldən izah etmək lazımdır.

Heç bir məlumat verilməsə və ya əksik verilərsə səhv nəticələr və müxtəlif problemlər ortaya çıxa bilər. İşin əhəmiyyəti izah edilməsə, işçidə ona əhəmiyyət verilmədiyi düşüncəsi əmələ gələr  və bu düşüncə istehsalın və keyfiyyətin aşağı düşməsinə yol açar.

Dedi-qodu işçinin əhval-ruhiyyəsini pozar. Dedi-qodulara fürsət verilmədən işçilərə görüləcək işlər haqqında dəqiq məlumatlar vaxtında çatdırılmalı, əvvəlcədən xəbərdar edilməlidir.

10- 
Heç bir işçi başqalarıyla müqayisə edilməyi sevməz. Başqasının işinə görə deyil, müəyyən standartlara görə müqayisələr olmalıdır. Tənqidlər konstruktiv olmalıdır. Dağıdıcı tənqid həvəsi öldürür. İşçinin bir səhvini düzəltdikdən sonra, artıq o mövzu bağlanmalıdır. İşarə ilə də olsa, o mövzunu xatırlatmamalıdır!


11- 
Hər kəs təqdir gözləyir. Müsbət cəhətlərini qeyd edib təqdir etməlidir. İşçi təkcə artıq maaş gözləməz, həmçinin təqdir də gözləyir. Gördüyü işlərin təqdir edildiyini görən işçi daha artıq çalışar. Haqlı tərif, işçiyə cəsarət verər və onun güvənini artırar. İşçinin müvəffəqiyyəti yüksək müdirlərə də bildirilməlidir.


12- 
Şikayətə qarşı bir meyil olur. Şikayətləri anlayışla qarşılamalıdır. Şikayəti olan işçiylə özəl danışmalı, diqqətlə və sözünü kəsmədən dinləməlidir. İşçinin fikrinin nə olduğu bilinmədikcə onun probleminə qarşı lazımi anlayış göstərilə bilməz. Bu səbəbdən, açıq fikirlə və istəklə dinləmək lazımdır. Şikayəti dinlənilməyən işçi, müdirinin ədalətsiz olduğuna qərar verəcək. Həmin mövzuda kifayət qədər məlumat almadan və şikayət ediləni dinləmədən qərar vermək olmaz.


Şikayətlərin bir problemə çevrilmədən, işin əvvəlində qarşısı alınmalıdır.
İşçinin küskün olub-olmadığına baxılmalıdır. Məsələn, işə qarşı istəksizdirmi, hörmətsiz, yoxsa hirslidirmi? Bunları təyin etməli, şikayətin özəl olaraq açıqlanmasına imkan verməlidir. Şikayət həll edilməmişsə, məsələni araşdırmaq üçün möhlət istəməli, bu müddət ərzində hadisə sakitləşə bilər və ya yaxşıca dəqiqləşə bilər.

13- 
İşçiylə münaqişəyə girməməlidir. İşçi məyus halda uzaqlaşsa deyinərək çıxıb gedər. Diqqətlə dinləndiyi halda, o da müdiri dinləməyə məcbur qalar. Müdirin səs tonu və davranışı sakit olmalı, anlayışlı görünməyə çalışmalıdır.


14- 
Bir işçiyə aşina olduğu işlər haqqında suallar vermək, ona müdirin yanında əhəmiyyətli bir insan olduğu hissini verir. Sual vermək yoluyla işçi yumşala bilər. Satış üzrə mütəxəssislər adətən “bəli” şəklində cavablandırılmalı suallar verirlər.


15- 
İşçi, adətən müdiri nümunə götürür. Müdir, qəbuluna gec gəlsə, verdiyi sözü tutmasa, eyni davranışlar işçidə də müşahidə edilə bilər. Bu səbəbdən işçilərə doğru nümunə olmalıdır.


İşçiyə güvənildiyi və vəzifəsini yerinə yetirəcəyindən əmin olunduğu söylənib hiss etdirilsə, o işçidə işinə qarşı həyəcan oyanar. Ümumiyyətlə, rəhbərlik işçilərin əmək və səylərinə istiqamət vermə işidir. İşçilərə qarşı səmimi və dürüst davranmalı, şəxsiyyətlərinə dəyər verməli, qabiliyyət, bilik və təcrübəsindən tam faydalanmağa çalışılmalıdır.

 

19-12-2022, 16:24
Geri