Gözəl İslam / İnsanlara yaxşılıq etmək

İnsanlara yaxşılıq etmək

Sual: Yaxşılıq etməyin dindəki yeri nədir?

CAVAB

Muhamməd Məsum həzrətləri buyurur ki:

Ömür qısadır. Sonsuz olan axirət həyatında insanın qarşılaşacağı şeylər, dünyada yaşadığı vəziyyətə bağlıdır. Ağıllı olan, irəlini görə bilən bir şəxs qısa olan dünyada həmişə axirətdə yaxşı və rahat yaşamağa səbəb olan şeyləri edər. İnsanlara xidmət etmək üçün çalışar. İnsanlara yaxşılıq etmək, axirətdə əzabdan xilas olmağa və Cənnət nemətlərinin artmasına səbəb olar. Hədisi-şəriflərdə  buyuruldu ki:

“Müsəlman, müsəlmanın qardaşıdır. Onu incitməz, üzməz. Bir kimsə bir müsəlmanın ayıbını, qüsurunu örtərsə, Allahu təala qiyamətdə onun ayıblarını, qəbahətlərini örtər.” (Buxari)

“Bəzi kəslər başqalarının ehtiyaclarını qarşılamaq, onlara köməkçi olmaq üçün yaradılmışdır. Ehtiyac sahibləri bunlara müraciət edər. Bunlar üçün axirətdə əzab qorxusu olmaz.” (Tabərani)

“Allahu təala bəzilərinə çox nemət vermişdir. Bunları hər kəsə faydalı olmaq üçün yaratmışdır. Bu nemətləri paylayarlarsa azalmaz, paylamazlarsa bunlardan alıb başqalarına verər.” (Tabərani)

“Bir müsəlmanın din qardaşının bir ehtiyacını qarşılaması on il itikafdan (bir yerə bağlanıb ibadətlə vaxt keçirmə) yaxşıdır. Allah rizası üçün bir gün itikaf isə, insanı Cəhənnəm atəşindən çox uzaqlaşdırar.” (Tabərani)

“Din qardaşının bir işini görənə mələklər dua edər. O işi etməyə gedərkən, hər adımı üçün bir günahı əfv olar və qiyamətdə müxtəlif nemətlərə qovuşar.” (İbni Macə)

“Din qardaşının rahata qovuşması və çətinlikdən xilas olması üçün idarəçilərə gedib məşğul olana sırat körpüsündən hər kəsin ayağı sürüşdüyü vaxt Allahu təala ona kömək edər.” (Tabərani)

“Allahu təalnın ən sevdiyi iş paltar verərək və ya yedirib içirərək yaxud başqa bir ehtiyacını qarşılayaraq, bir mömini sevindirməkdir.” (Tabərani)

“Hörmətsizlik edənə mülayim davranan, zülm edəni əfv edən, verməyənə verən, özünü axtarıb soruşmayan dostunu, qohumunu axtaran Cənnətdə yüksək dərəcələrə qovuşar.” (Tabərani)

“Din qardaşına gülər üz göstərmək, yaxşı şeylər öyrətmək, pislik etməsinə mane olmaq, soruşana yol göstərmək, küçədəki pis və zərərli şeyləri təmizləmək, hamısı bir sədəqədir.” (Tirmizi)

“Salam verərkən gülümsəyən, sədəqə savabına qovuşar.” (İ. Ə.Dünya)

“Səfərdə camaatın əfəndisi onlara xidmət edəndir. Şəhidlik xaric, heç bir əməl onun savabına  çata bilməz.” (Hakim)

“Kim, bir müsəlmanın çətinliyini aradan qaldırıb onu sevindirərsə, Allahu təala qiyamətdə ən çətin anlarda onu çətinliklərdən xilas edər.” (Buxari)

“Din qardaşlarına kömək edənin köməkçisi Allahu təaladır.” (Müslim)

“İnsanların ən yaxşısı onlara faydası çox olandır.” (Qudai)

“Allahu təalanın fərzlərdən sonra ən sevdiyi iş, bir mömini sevindirməkdir.” (Tabərani)

“İmanı ən qüvvətli olan, əxlaqı ən gözəl və xanımına qarşı ən mülayim olandır.” (Tirmizi)

“Söz verirəm ki, münaqişə etməyən, haqlı da olsa heç kimi incitməyən, Cənnətə girər.” (Tirmizi)

“Möminlər, bir-birinə qarşı sevgi və mərhəmətdə bir bədən kimidir. Bədənin bir yeri narahat olanda, bütün bədən narahat olar. Oranın müalicəsi ilə məşğul olarlar. Müsəlmanlar da belə bir-birinə köməyə etməyə can atar.” (Buxari)

“Ətrafındakılarla gözəl qonşuluq et, özün üçün sevdiyini, başqaları üçün də sev ki, müsəlman olasan.” (Haraiti)

Yaxşılığı sayaraq deyil saçaraq etmək lazımdır

İslam alimləri buyurur ki:

“Allahu təalanın sizə necə rəftar etməsini istəyirsənizsə, Onun qullarına da elə rəftar edin.”

“Yaxşılığı sayaraq deyil, saçaraq edin.”

“Comərd verənə deyil, verdiyinə sevinənə deyilir.”

“Bütün pisliklər, davalar almaq üzərindədir. Bütün yaxşılıqlar, vermək üzərindədir.”

Hər kəsə yaxşılıq etmək, borc və ya sədəqə vermək çox savabdır. Qohuma edilən yaxşılıq daha savabdır. Bir qadın Rəsulullah əfəndimizə, “Kasıb ərimə kömək etsəm, sədəqə yerinə keçər?” deyə sual etdiyində Peyğəmbər əfəndimiz, “İki savab vardır. Biri səqədə, digəri də silai-rəhm (yaxın qohuma yaxşılıq) savabı” buyurdu.

Hədisi-şəriflərdə buyuruldu ki:

“Səndən üz çevirən qohumuna verilən sədəqə daha fəzilətlidir.” (Tabərani)

“Yaxın qohum və ya qonşuya verilən sədəqənin savabı iki qat çoxdur.”(Tabərani)

“Pulunuzu əvvəl öz ehtiyaclarınıza, artarsa ailənizin ehtiyaclarına sərf edin! Bundan da artarsa qohumlarınıza kömək edin!” (Müslim)

“Bir kimsədən əmisinin oğlu kömək istəyərsə, o da gücü çatdığı halda verməzsə, qiyamət günü Allahu təalanın fəzlindən məhrum qalar.” (Tabərani)

“Bir müsəlmana borc verən iki qat sədəqə savabı qazanar.” (İbni Macə)

“Müsəlman qardaşını sevindirmək məğfirətə səbəb olar.” (Tabərani)

“Bir müsəlmanın çətinliyini aradan qaldırana, Allahu təala iki nur verər. Bu iki nurla Sıratda o qədər çox kimsə işıqlanar ki, sayısını ancaq Allahu təala bilər.” (Tabərani)

“Duasının qəbul, kədərinin yox olmasını istəyən, darda qalanı sevindirsin.” (İbni Əbiddünya)

“Kim, yoldaşının ehtiyacını görərsə Allahu təala da onun ehtiyacını qarşılayar.”(Tabərani)

“Xeyrə vəsilə olan, xeyir işləmiş kimidir. Allahu təala, çətinliyə düşənə kömək edəni sevər.” (İbni Nəccar)

“Cəhənnəmlik biri, Cənnətlik birinə rast gəlincə ona deyir ki:

- Məni tanıdın?

- Sən kimsən?

- Məndən dəstəmaz suyu istəmişdin, mən də onu sənə hədiyyə etmişdim.

Cənnətlik olan, ona şəfaət edər. Yenə Cəhənnəmlik biri Cənnətlik birinə belə deyər:

- Məni tanıdın?

- Sən kimsən?

- Mənə bir iş söyləmişdin, mən də o işi etmişdim.

- Bunun üzərinə ona şəfaət edər və şəfaəti qəbul edilər.” (İbni Macə)

“Kasıba verilən bir tikə, sahibinə beş şeyi müjdələyər:

1- Bir dənə ikən məni çoxaltdın.

2- Kiçik idim, böyütdün.

3- Düşmən ikən, məni dost etdin.

4- Fani, yox olmaq üzrə ikən, məni sonsuz etdin.

5- Bu günə qədər sən məni mühafizə etdin, artıq mən səni mühafizə edəcəm.” (Ey Oğul Elmihalı)

Müsəlmana kömək etməyin fəziləti

Sual: Müsəlmana kömək etməyin, onu sevindirməyin fəziləti nədir?

CAVAB

Yaxşı kimsə, həm özü yaxşı olan, həm də başqalarının yaxşı olması üçün çalışan kimsədir. Bu xüsusdakı hədisi-şəriflərdən bəziləri belə:

“Bir mömini sevindirən məni sevindirmiş olar.” (Əbuşşeyx)

“Müsəlmana sözlə kömək edən və ya onun üçün bir addım gedən, qiyamətdə Peyğəmbərlərlə əmin olaraq həşr olar və 70 şəhid savabına qovuşar.” (Hatib)

“Kim bir mömini fərəhləndirərsə, Allahu təala da qiyamətdə onu fərəhləndirər.” (İ. Mübarək)

“Allahın qullarını üzməyin. Onları ayıblamayın, gizli qüsurlarını araşdırmayın. Kim müsəlman qardaşının ayıbını axtararsa Allahu təala da onun ayıbını axtarar. Hətta elə ki, evindən çıxmasa da onu rəzil edər.” (İ.Əhməd)

“Ən yaxşı insan, özü ilə əlaqəsini kəsənlə maraqlanar, özünü məhrum edənə verər və özünə zülm edəni də əfv edər.”(Bəqavi)

“Müsəlman müsəlmanın qardaşıdır, onu üzməz, onu çətinlikdə buraxmaz. Qardaşına kömək edənə Allahu təala kömək edər. Qardaşının çətinliyini aradan qaldıranın, Allahu təala qiyamət çətinliyini aradan qaldırar. Bir müsəlmanı sevindirəni Allahu təala qiyamətdə sevindirər.” (Nəsai)

“İki şey var ki, ondan daha yaxşısı yoxdur: Allahu təalaya iman və Onun qullarına yaxşılıq etmək, şəfqətli olmaq. İki şey var ki, ondan daha pis iki şey yoxdur: Şirk və insanlara pislik etmək.” (İ.Asqalani)

“Yaxşılıq edəndə sevinən, pislik  edəndə kədərlənən mömindir.” (Əbu Yala)

“Yaxşılığın səni sevindirir, pisliyin də səni kədərləndirirsə, sən möminsən.” (Diya)

Layiq olana da, olmayana da yaxşılıq et!

Sual: Yaxşılıq etdiyin kimsənin şərindən çəkin” buyurulur. Dinimiz isə, hər kəsə yaxşılıq etməyi əmr edir. Bu hədisi-şərifin şərhi necədir?

CAVAB

Ümumiyyətlə pis insanlar qədirbilən deyildir, nankordur. Necə ki, Qurani-kərimdə məalən, “Allah və Rəsulu öz lütflərindən onları (pisləri) zənginləşdirdiyi üçün qisas almağa cəhd etdilər” buyurulur. (Tövbə 74). Demək ki pis insanların özlərinə yaxşılıq edənlərə zərəri toxuna bilər. Bunun üçün atalarımız belə demişdirlər:

  1. “Yaxşılıqdan dərd doğar.”

“Yaxşılıq et keçələ, eşitdirsin səni elə.”

“Yaxşılığa yaxşılıq olsaydı, qara öküzə bıçaq vurmazdılar.” 

Bu sözlər yaxşılığın mütləq zərərli olduğunu göstərmir. Bəzi pis insanlara yaxşılıq edəndə onlardan bəzi uyğunsuz hərəkətlərin, zərərlərin gələ biləcəyini göstərir. Ən yüngül və ləziz quş ətinin belə bəzi xəstələrə zərər toxunması kimidir. Bu mənada hədisi-şəriflər hətta ayəti-kərimə belə vardır. Həzrəti Əli, “Pis insana yaxşılıq edəndə qatılaşar, yaxşılıq edənə bir zərər verə bilər” buyurur. Yenə böyük bir şəxs, “Pis adama yaxşılıq edəndə, axmağa acıyanda, onlardan gələcək pislikdən çəkinin!” buyurur.

Demək ki, birinə yaxşılıq etdik, ondan pislik gələrsə, o kimsənin pis birini olduğu aydın olur. Məsələn, bayramlaşmaya gələn bir şəkər xəstəsinə, onun xəstəliyini bilmədən paxlava versək, onun xəstəliyi artar. Qəbahət paxlavada və ya paxlava ikram edəndə deyildir. Pis kimsə də yaxşılığa cavab olaraq pislik edirsə, qəbahət yaxşılıqda deyildir. Pis kəslərin insaniyyəti yoxdur, qədirbilən deyildir, nankordur.

Allahu təalanın, “Ona yaxşılıq edənə pislik edən, mənim nemətimə nankorluq etmiş olar, ona pislik edənə yaxşılıq edən də, mənə şükr etmiş olar” buyurduğu bildirilmişdir. Bir mənfəət əldə etmək üçün səninlə yoldaşlıq edənin şərindən çəkin! Çünki, gözlədiyi şey kəsiləndə, üzr qəbul etməz. (Şuab-ül-iman)

Yenə ümumiyyətlə bir kimsə, heç bir mənfəət gözləmədən Allah rizası üçün, pis birinə də yaxşılıq edərsə, ondan zərər gəlməz. Əgər, bir mənfəət qarşılığı yaxşılıq edirsə, yaxşılıq etdiyi kimsədən zərər gələ bilər. Heç bir mənfəət gözləmədən, sırf Allah rizası üçün yaxşılıq etməkdən qorxmamaq lazımdır. Pis kimsə, buna zərər verməyə qalxsa da, çox müvəffəqiyyətli ola bilməz. Yaxşılıq edən, özünə yaxşılıq etmiş olar.  Onun üçün atalarımız, “Yaxşılıqdan pislik gəlməz”, “Yaxşılıq edən yaxşılıq tapar”, “Yaxşılıq et, dənizə at, balıq bilməzsə, Xaliq bilər” demişdir. Demək ki, yaxşılıq balıq üçün deyil, Xaliq üçün, yəni Allah rizası üçün edilərsə zərəri olmaz. 

Muhamməd Məsum həzrətləri buyurur ki:

Ehsan edən, yaxşılıq edən sevilər. Hədisi-şərifdə, “Ehsan sahibi şəxsi sevmək, insanların fitrətində vardır” buyuruldu. (Deyləmi)

İnsan ehsanın, yaxşılığın köləsidir. Könül, özünə yaxşılıq edəni sevər, pislik edəndən nifrət edər. İnsan, istər-istəməz yaxşılıq edənə qarşı sevgi hiss edər. Bunun üçün Peyğəmbər əfəndimiz belə dua edərdi:

“Ya Rəbbi, pis birinin mənə yaxşılıq etməsini nəsib etmə!” (Deyləmi)

Allahu təalanın qullarına xidmət etməklə, dünya və axirətdə müxtəlif nemətlərə qovuşulur. İnsanlara yaxşılıq etmək, onların işlərini gülər üzlə və şirin dillə və asanlıqla etmək, insanı Allah sevgisinə qovuşdurar. Axirət əzablarından xilas olmağa və Cənnət nemətlərinin artmasına səbəb olar. Hədisi-şəriflərdə buyuruldu ki:

“Allahu təalanın ən çox sevdiyi qulu, Onun nemətlərinin qullarına çatmasına vasitə olandır.” (Deyləmi)

“Hər yaxşılıq sədəqədir.”(Tirmizi)

“İnsanların yaxşısı, insanlara yaxşılıq edən kimsədir.” (İ.Əhməd)

“Yoldaşın yaxşısı yoldaşına, qonşunun yaxşısı qonşusuna yaxşılıq edən kimsədir.” (Tirmizi)

“Ən yaxşınız, özündən həmişə yaxşılıq gözlənilən və şərindən əmin olunandır. Ən pisiniz, özündən yaxşılıq gözlənilməyən və şərindən əmin olunmayandır.” (Tirmizi)

“İnsan, özünə yaxşılıq edənə sevgi, pislik edənə də nifrət hiss edəcək şəkildə yaradılmışdır.” (Əbu Nuaym)

“Yaxşılıqlar pislikləri aradan qaldırar.” (Əbu Nuaym)

“Yaxşılıq zay olmaz, pislik unudulmaz, hər kəs etdiyini tapar.” (Beyhəqı)

O halda, maddi bir mənfəət gözləmədən hər kəsə yaxşılıq etməyə çalışmaq lazımdır.

Yaxşılıqda yarış

Sual: Xidmət edən insanlara qibtə edərək, onlarla yarışmaq olar?

CAVAB

Yarış, köməkləşmədə, yaxşılıqda olur. Pislikdə, bölücülükdə köməkləşmə, yarışmaq olmaz. Qurani-kərimdə məalən buyurulur ki:

“Yaxşılıq etməkdə, pisliyə mane olmaqda bir-birinizlə köməkləşin! Günah işləməkdə, zülmdə, həddi aşmaqda köməkləşməyin!” (Maidə 2)

“Yaxşı işlər üçün yarışanlar bunun (yaxşılığa qaçmaq, pisliyə mane olmaq, ibadətə davam etmək) üçün yarışsınlar.”(Mutaffifin 26)

Hədisi-şərifdə buyuruldu ki:

“Bu iki adama qibtə edilər: Bunlardan biri elmi ilə əməl edən və başqalarına da öyrədən, digəri də halal yolla qazandığını, halal yolda sərf edən.” (Müslim)

“Ani ölüm, möminə rəhmət, günahkara peşmanlıqdır.” (İ.Əhməd)

Süfyan Sevri həzrətləri, “Ani ölümü istəməzdim. Amma fitnələrdən qorxduğum üçün ani ölümü istəyirəm” buyurdu. Orada olan Yusif ibn Əsbat həzrətləri, “Xeyr, mən ani ölümü istəmirəm. Hətta çox yaşamağı istəyirəm. Bəlkə günahlarıma tövbə edər, saleh əməllər işləyərəm” buyurdu. Orada olan Həzrəti Vüheyb də, “Mən hər ikisini də istəmirəm. Çünki hansının haqqımda xeyirli olduğunu bilə bilmərəm. Allahu təala haqqımda nəyi təqdir etdi isə, onu sevər, onu qəbul edərəm” buyurdu. Süfyan Servi həzrətləri bu sözü eşidəndə, “Kəbənin Rəbbinə and olsun ki, bu Allah adamlarındandır. Doğrusunu bu söylədi” deyərək onu alnından öpdü. Bəyazidi Bistami həzrətləri də, “Ya Rəbbi sənin gözəl gördüyün şeyi səndən istəyirəm” deyə dua edərdi.

İnsanlığa xidmət necə olur

Sual: Kimi qumarxana açır. Bunu bir xidmət olaraq göstərir. Hətta dini yıxıcı fəaliyyətlərinə “insanlığa xidmət” deyirlər. İnsanlığa xidmət necə olar?

CAVAB

Hər kəs insanlığa xidmət etməyin ən şərəfli vəzifə olduğunu və bunun üçün çalışdığını söyləyir. Öz kefi, zövqü üçün və pul qazanmaq üçün olan çalışmalarını, bu xidmət maskası ilə örtənlər çoxdur. İnsanlara xidmət, onları dünyada və axirətdə, dincliyə qovuşdurmaq deməkdir. Bunun da tək yolu, tək başarıcısı, insanları yaradan, yetişdirən, mərhəməti və ehsanı sonsuz çox olan Allahu təalanın göstərdiyi səadət yolu, yəni İslamiyyətdir. O halda, insanlığa xidmət, İslama xidmət ilə olar. İslama xidmət, insanlığa xidmətdir. İnsanlığa düşmən olanlar, İslamiyyəti yox etməyə çalışmışdır. Hücumlarının ən təsirlisi müsəlmanları aldatmaq, içəridən yıxmaq olmuşdur. Onları bölmüşlər, bir-birinə düşmən etmişlər, dinsizlərin pəncəsinə düşmələrinə səbəb olmuşdurlar.  

Xidmətlərdəki çətinlik

Sual: Bu zamanda İslama xidmət necə olar? Müsəlman olaraq nə etməyimiz lazımdır?

CAVAB

İmam  Rəbbani həzrətləri buyurur ki:

Əhli-sünnət alimlərinin kitablarını, sözlərini yaymaq üçün kəramət sahibi olmaq, alim olmaq şərt deyildir. Hər müsəlmanın bunu etmək üçün çalışması lazımdır. Fürsəti qaçırmaması lazımdır.  Qiyamətdə hər müsəlmana bunu soruşacaqlar, “İslama nə üçün xidmət etmədin?” deyəcəkdirlər. Dinə xidmət ilə məşğul olmayanlara, din bilgilərini yayan təşkilatlara, kimsələrə kömək etməyənlərə çox əzab ediləcəkdir. Üzr, bəhanə qəbul olunmayacaqdıq.

Peyğəmbərlər insanların ən üstünləri, ən qiymətliləri ikən heç rahat oturmadı. Allahu təalanın dinini, səadəti-əbədiyyə yolunu yaymaq üçün gecə-gündüz çalışdılar. Möcüzə istəyənlərə də,  “Möcüzəni Allahu təala yaradar. Mənim vəzifəm Allahu təalanın dinini bildirməkdir”  buyurdu. Bu yolda çalışarkən Allahu təala da bunlara kömək edər, möcüzə yaradardı.

Bizim də Əhli-sünnət alimlərinin kitablarını, sözlərini yaymağımız və kafirlərin, düşmənlərin, müsəlmanlara böhtan və əziyyət edənlərin, pis, alçaq, yalançı olduqlarını, gənclərə, dostlara bildirməyimiz lazımdır. Bu yolda malı ilə, qüvvəti ilə, məsləyi ilə çalışmayanlar, əzabdan xilas ola bilməyəcəkdirlər. Bu yolda çalışarkən, sıxıntı çəkməyi böyük səadət, böyük qazanc bilmək lazımdır.

Peyğəmbərlər Allahu təalanın əmrlərini bildirərkən cahillərin, soysuzların hücumlarına məruz qalardı. Çox sıxıntı çəkərdilər. O böyüklərin ən üstünü, seçilmişi, Allahu təalanın həbibi olan Muhamməd əleyhissəlam, “Mənim çəkdiyim əziyyət kimi, heç bir Peyğəmbər əziyyət görmədi” buyurdu. (c.1,  m.193)

Hər müsəlmanın Əhli-sünnət etiqadını öyrənməsi və sözü keçənlərə öyrətməsi lazımdır. Əhli-sünnət alimlərinin sözlərini bildirilən kitabları və qəzetləri tapıb almalı və bunları gənclərə, tanışlara göndərməli və oxumaları üçün çalışmaları lazımdır! İnsanlara Allahu təalanın əmr və qadağanlarını bildirmək qiymətli bir xidmətdir. Ancaq, Cənabı-Haqqın sevdikləri bu xidmət ilə şərəflənər.

Sual: Avtobusda heç kimə yer verməsək qul haqqı yemiş olarıqmı və ya kimlərə yer vermək lazımdır?

CAVAB

Yer verməməklə qul haqqı keçməz. Kim olarsa olsun yaxşılıq etmək savabdır. Yaxşı kəslərə yaxşılıq daha çox savabdır.

Hər kəslə mülayim davranmaq lazımdır

Sual: Müsəlmanlara yaxşılıq etməyə çalışarkən nəyə diqqət etmək lazımdır?

CAVAB

Hər vaxt mülayim davranmağa çalışmaq, sərtlikdən qaçmaq lazımdır! Hədisi-şəriflərdə buyuruldu ki:

“Allahu təala rəfiqdir. Mülayimliyi sevər. Sərtlik edənlərə vermədiyi şeyləri mülayim davrananlara ehsan edər. Başqalarına verməz.” (Müslim)

“Mülayim davran! Sərtlikdən və çirkin şeylərdən çəkin! Yumşaqlıq insanı bəzəyər, çirkinliyi aradan qaldırar.” (Mülsim)

“Mülayim davranmayan xeyir etməmiş olar.” (Müslim)

“Özünə yumşaqlıq verilənə dünya və axirət yaxşılıqları verilmişdir.” (Tirmizi)

“Cəhənnəmə girməsi haram olan və Cəhənnəmin də onu yandırması haram olan kimsəni bildirirəm. Diqqət edin! Bu şəxs insanlara asanlıq, yumşaqlıq göstərən mömindir.” (Tirmizi)

Ehsan sahibini sevmək

Muhamməd Məsum həzrətləri buyurur ki:

Ehsan edən, yaxşılıq edən sevilər. Hədisi-şərifdə, “Ehsan sahibini sevmək, insanların yaradılışında vardır” buyuruldu. Bütün yaxşılıqları yaradan, insana can, mal, səhhət verən, zərərlərdən, qorxulardan qoruyan Allahu təalanı sevmək, insanlıqdan doğan zərurətdir.

Sevməyin üç əlaməti vardır:

1- Onu sevənləri sevmək,

2- Ona itaət etmək,

3- Onu, dil ilə, bədən ilə tərifləmək.

Bunlardan ikincisinə Şükür, üçüncüsünə Həmd etmək deyilir. Onu sevənləri O da sevər. Ehsanlarını artırar. Allahu təalanın sevgisini qazanmağa çalışana Saleh qul deyilir. Bu sevgini qazanmış olana Vəli deyilir.

Başqalarının da qazanması üçün çalışan Vəliyə, Vəsilə deyilir. Allahu təala Qurani-kərimdə Maidə surəsində, “Vəsilə axtarın!” buyurur. Vəsilənin bu yaxşılığı, bu ehsanı, dünya və axirət nemətlərinin ən qiymətlisidir. O halda onu sevmək, həm bu ehsanın sahibi olduğu üçün, həm də Allahu təalanın sevgili qulu olduğu üçün çox lazımdır və insanın birinci vəzifəsidir. Həqiqi vəsiləyə qovuşmaq ən böyük səadətdir. (c.1, m.27)

Sual: Müsəlman olmayanlara da mərhəmət etmək, hörmət göstərmək lazımdır?

CAVAB

Allah qatında hər kəs insan olaraq eynidir. Hədisi-şəriflərdə buyuruldu ki:

“İnsanlar (insan olaraq) bir darağın dişləri kimi  eynidir.” (İbni Lal)

“Rəbbiniz bir, atalarınız, dininiz və Peyğəmbəriniz də birdir. Ərəbin Acəmə, Acəmin Ərəbə üstünlüyü olmadığı kimi, qırmızının qaraya, qaranın qırmızıya üstünlüyü yoxdur. Heç bir millətin digərinə üstünlüyü yoxdur. Ancaq təqva baxımından biri digərindən üstün ola bilər.” (İbni Nəccar) (Acəm, Ərəb olmayan millətlər deməkdir.)

Bunun üçün mömin olsun, kafir olsun, bir kimsədən özünü üstün görmək qürurdur. Qürur isə çox böyük günahdır. Hədisi-şərifdə buyuruldu ki:

“Qəlbində zərrə qədər qürur olan Cənnətə girə bilməz.” (Tabərani)

Başqalarının özünə hörmək göstərmələrini sevmək də doğru deyildir. Hədisi-şərifdə buyuruldu ki:

“Özü üçün ayağa qalxmasından xoşlanan Cəhənnəmə gedəcəkdir.” (Tirmizi)

Qeyri-müslim də olsa

İkram üçün, yola getmək üçün, müdara (ondan pislik gəlməməsi üçün susmaq) üçün qeyri-müslim olsa da ayağa qalxmaq caizdir. Buradakı ölçü, müsəlman olmayanlara sevgi bəsləməməkdir. Mərhəmət ilə sevməyi qarışdırmamaq lazımdır. Həzrəti Aişə anamız buyurur:

Bir gün içəri girmək üçün biri gəldi. Rəsulu əkrəm, “İcazə verin, içəri girsin! O qəbiləsinin ən pisidir” buyurdu.  O şəxs otağa girəndə gülərək qarşılayıb iltifat etdi. O şəxs gedəndə maraq edib soruşdum, Ya Rəsulallah, pis insan dediyiniz halda ona iltifat etməyinizin səbəbi nədir? Buyurdu ki:

“İnsanların pisi zərərindən qorunmaq üçün ikram ediləndir.” (Buxari)

Kafir-mömin hər kəsə, hətta bütün heyvanlara mərhəmət etmək lazımdır! Peyğəmbər əfəndimiz, “Mərhəmətli olmayan imanlı olmaz” buyuranda, Əshabi-kiram sual etdi:

- Ya Rəsulallah, hamımız mərhəmətliyik.

- Bir yoldaşınıza mərhəmət etmək kafi deyildir. Bütün məxluqata mərhəmətli olmaq lazımdır. (Tabərani)

Dinimizdə mərhəmətin, hörmətin yeri böyükdür. Bu xüsusdakı hədisi-şəriflərdən bəziləri belədir:

“Böyüyünü saymayan, kiçiyinə acımayan bizdən deyildir.” (Tirmizi)

“Yerdəkilərə mərhəmətli olmayana, göydəkilər mərhəmət etməz.” (Tabərani)

“İnsanlara mərhəmət etməyənə, Allah da mərhəmət etməz.” (Tabərani)

Görüldüyü kimi tək müsəlmanlara deyilmir. “İnsanlara” deyilir. O halda bütün insanlara və heyvanlara acımaq lazımdır. “Kafirə, zalıma necə acımaq lazımdır?” deyilə bilər. Pislik etmələrinə mane olub yaxşı bir insan, yəni saleh bir müsəlman olmaları üçün çalışmaqla onlara mərhəmət edilmiş olar. Kim olarsa olsun qocaya hörmət göstəmək lazımdır! Hədisi-şərifdə buyuruldu ki:

“Qocalara hörmət göstərmək Allahu təalaya hörmət göstəməkdir” (Əbu Davud)

Qoca qeyri-müsəlmandırsa, ona edilən hörmət dini üçün deyil, insan olduğu üçündür.

Örnək insanlar

İnsanın hal və hərəkəti, sözündən daha təsirlidir. Həqiqi müsəlmanların hallarına baxıb müsəlman olanlar çoxdur. Bunlardan biri belədir:

Qeyri-müsəlmanlara aid bir ticarət karvanı gəlib, gecə Mədinənin girəcəyində dayandı. Yorğunluqdan dərhal yatdılar. Xəlifə Həzrəti Ömər şəhəri dolaşarkən bunları gördü. Abdurrahman ibn Avfın evinə gəlib, “Bu gecə bir karvan gəlib. Hamısı kafirdir. Fəqət bizə sığınmışlar. Əşyaları çoxdur və qiymətlidir. Quldurların, yolçuların bunları soymasından qorxuram. Gəl, bunları qoruyaq” dedi. Səhərə qədər gözləyib sübh namazında məscidə getdilər.

Karvandakılardan bir gənc yatmamışdı. Arxalarından getdi. Araşdırıb, onlara gözətçilik edən iki şəxsdən birinin Xəlifə Ömər olduğunu öyrəndi. Gəlib, yoldaşlarına anlatdı. Roma və İran ordularını pərişan edən, ədaləti ilə məşhur, uca xəlifənin bu mərhəmət və şəfqətini görərək, İslamiyyətin haqq din olduğunu anladılar və sevə-sevə müsəlman oldular. (Mənakibi Çiharı Yarı Qüzin)

Ehtiyacını bildirmək

Sual: Ehtiyacını hər vaxt insanlara ərz etməkdə zərər varmı? Tez-tez ehtiyacını bildirən birisinə kömək etməməkdə zərər varmı?

CAVAB

Zərurət və ya çox bir ehtiyac hasil olmadıqca ehtiyaclarını insanlara bildirmək doğru deyildir. Mümkün mərtəbə ehtiyaclarını bildirən kəslərə malı ilə, dili ilə kömək etmək çox savabdır. Mükaşəfətül-qulubda deyir ki:

Ehtiyacını aradan qaldırması üçün tez-tez müsəlman qardaşına getmə! Çünki buzov anasını əmərkən həddi aşarsa, anası ona buynuzu ilə vura bilər. Allahu təala buyurur ki:

“Yaxşılıq etmək və pislikdən çəkindirməkdə bir-birinizlə köməkləşin!” (Maidə 2)

Həzrəti Əli buyurdu ki:

“Kim bir qəlbə sevinc verərsə, Allahu təala o sevincdən bir lütf yaradar. O kimsəyə bir müsibət gəldiyi vaxt, bu lütf o kimsənin ürəyinə su kimi axar. Suyun çirkləri təmizlədiyi kimi, lütf da qəlbdəki kədərləri silər.”

Hər yaxşılıq savabdır

Sual: Avtobusda birinə yer versək, görməyən birini yoldan keçirsək savab olarmı?

CAVAB

Allah rizası üçün edilən hər yaxşılığa savab verilər. Hədisi-şərifdə, “Hər yaxşılıq sədəqədir” buyuruldu. Hər yaxşılığı Allah rizası üçün edəndə savab alınar. Hədisi-şərifdə buyuruldu ki:

“Mömin, (Allah rizası üçün) etdiyi hər işdən savab alar. Yoldakı bir şeyi qaldırsa, birinə yol ttərif etsə, sözünü anlada bilməyənə kömək etsə, birinə keçisini sağaraq kömək etsə, savab alar.” (Əbu Yala)

Hələ görməyənlərə (korlara) kömək etmək əlbəttə daha savabdır. Hədisi-şərifdə, “Koru qırx addım aparan Cənnəti haqq edər” buyuruldu.(Beyhəqı)

Yemək yedirərək və ya başqa yaxşılıq edərək insanları sevindirmək də böyük savabdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Darda qalana asanlıq göstərənə, Allahu təala da dünya və axirətdə asanlıq göstərər. Kim də bir müsəlmanın ayıbını örtərsə, Allahu təala da dünya və axirətdə onun ayıbını örtər. Qul, qardaşına kömək etdiyi müddətcə, Allahu təala da ona kömək edər.” (Müslim)

"Duasının  qəbul olmasını və kədərinin aradan qaldırılmasını istəyən, darda qalanı fəraha qovuşdursun!” (İ.Əbiddünya)

"Allah qatında əməllərin ən sevimlisi, bir  müsəlmanı sevindirmək yaxud bir çətinliyini aradan qaldırmaq və ya səbrini daşıran bir kədərini aradan qaldırmaq yaxud borcunu ödəməkdir.” (Əbuşəyx)

“Bir müsəlmana paltar verən, o paltardan bir parça qalsa da, Allahın hifzi əmniyyətində olar.” (Hakim)

Üzərək sevindirmək

Sual: Bir dostumun qələmini gizlətdim. Dostum, itirdim deyə çox axtarmış, çox kədərlənmişdi. Fəqət qələmini verəndə sevindi. İnsanları belə sevindirməklə savab olar?

CAVAB

Birinin malını, pulunu zarafat olaraq alıb saxlamaq caiz deyildir. Belə etməklə o kimsə kədərlənmiş olar. Başqasını üzmək isə haramdır. (Hədiqa)

Deyək ki, yoldaşınıza aldığınız qələmi verməklə on savab yazılmışsa, onu kədərləndirdiyiniz üçün yüz günah yazılmışdır.

Nəticədə qazancda deyil, zərərdəsiniz. Sizin yoldaşınıza etdiyiniz yaxşılıq buna bənzəyir:

Camaatla nafilə namaz qılmağın məkruh olduğunu bilən bəzi kəslər, camaatla nafilə qılmağı nəzir edirlər. Sonra da camaatla nafilə qılırlar. Bu çox səhvdir. Günah olan bir şey nəzir edilsə də yerinə gətirilmək olmaz.

Hədisi-şərifdə buyurulur ki:

“Az bir haramdan çəkinmək, 80 min nafilə həcc savabından üstündür.” (Deyləmi)

Bir hədisi-şərifdə, “Çox az bir günahdan çəkinmək, bütün cin və insanların (nafilə) ibadətləri cəmindən daha yaxşıdır” buyurulur. Hər günah Allahu təalaya üsyan olduğu üçün, böyükdür, fəqət bəzisi bəzisinə görə kiçik görünür. Bu kiçik günahı etməmək bütün cahanın nafilə ibadətlərindən daha savabdır, çünki nafilə ibadət etmək fərz deyildir. Günahdan çəkinmək isə fərzdir. (Riyad-un-nasıhin)

Sual: Ölmək üzrə olan bir xristiana su vermək caizdir?

CAVAB

Bəli. Susamış bir köpəyə belə su vermək çox savabdır.

İnsanları sevindirmək

Sual: Bir müsəlmana yaxşılıq etməkmi daha savabdır, yoxsa zikr və bənzəri ibadətlərlə məşğul olmaqmı?

CAVAB

İkisini də etməyə çalışmaq lazımdır. “Bir mömini sevindirmək bir illik nafilə ibadətdən xeyirlidir” buyurulur. Ubeydullahı Ahrar həzrətləri də, “ Zikr və mürakibə, bir Müsəlmana xidmət edilmədiyi zamanda olar. Birinin könlünü alacaq, onu sevindirəcək bir xidmət, zikr və mürakibədən əvvəl gələr” buyurardı.  Mürakibə, nafilə ibadət etmək, Allahu təalanın hər an, hər şeyi gördüyünü, bildiyini düşünməkdir.

Demək ki, insanlara kömək və xidmət edərək onları sevindirmək daha savabdır. Nə şəkildə olarsa olsun, dinə uyğun olaraq insanları sevindirmək çox savabdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Ən qiymətli əməl, bir möminin çətinliyini aradan qaldırmaq, borcunu ödəmək və ya qarnını doyurmaq surətiylə sevindirməkdir.” (Tabərani)

“Çətinliyə düşənə, çarəsizə kömək edəni Allahu təala sevər.” (İbni Nəccar)

"Din qardaşlarının bir işini həll etmək üçün gedənin hər addımında 70 günahı əfv edilər və 70 savab verilər. O iş bitənə qədər belə davam edər. İşi ediləndə, bütün günahları əfv edilər. O işi edərkən ölərsə, sorğusuz-sualsız Cənnətə gedər.” (İbni Əbiddünya)

“Duam qəbul olsun, çətinliyim getsin deyən, darda qalanı fərəhləndirsin!” (İbni Əbiddünya)

Yaxşı xəbər gətirmək

Sual: Sevdiyimiz kimsəyə sevdiyimizi, sevmədiyimizə də sevmədiyimizi söyləmək lazımdır?

CAVAB

Yaxşı şeylər bildirilər, pis şeylər bildirilməz. İki hədisi-şərif məali:

“Sevdiyinizə sevdiyinizi söyləyin, nifrət etdiyinizdən də uzaq dayanın.” (Nəvafi-ul-atira)

“Yaxşı adam, yaxşı xəbər gətirər. Pis də pis xəbər.”(İ.Asakir)

Sevgi ilə əlaqədar  bir hədisi-şərif məali də belədir:

“Din qardaşını sevən, ona sevdiyini bildirsin.” (Buxari)

Zalıma kömək etmək

Sual: Birisinə yaxşılıq etmisinizsə, ondan pislik gözləyin deyilir. Belə bir şey ola bilər?

CAVAB

Yaxşılara yaxşılıq etmək gözəldir, onlardan zərər gəlməz. Fəqət, pislərə yaxşılıq edəndə onlardan zərər gələ bilər. Pislik edən zalımdır. Zalıma kömək edincə, ondan zərər görəcəyi hədisi-şərif ilə bildirilir. Bir hədisi-şərif məali də belədir:

"Kim bir zalıma kömək edərsə, Allahu təala o zalımı ona müsəllət edər.” (İ.Asakir)

Yaxşılıq etmək lazımdır

Sual: Təşəkkür etməyənə, nankora da yaxşılıq etmək caizdir?

CAVAB

Əlbəttə, hər kəsə yaxşılıq etmək yaxşıdır. İki hədisi-şərif məali:

“Layiq olana da, olmayana da yaxşılıq et! Yaxşılıq etdiyin kimsə, buna layiq isə nə yaxşı. Layiq deyilsə, sən yaxşılıq edənlərdən olarsan.” (İbni Nəccar)

“Yaxşılıq zay olmaz, pislik unudulmaz, hər kəs etdiyini tapar.” (Beyheki)

Atalarımız da, “Yaxşılıqdan pislik gəlməz”, “Yaxşılıq edən yaxşılıq tapar”, “ Yaxşılıq et, dənizə at, balıq bilməzsə Xaliq bilər” demişdirlər. Demək ki, yaxşılıq balıq üçün deyil, Xaliq üçün, yəni Allah rizası üçün edilərsə zərəri olmaz. 

Allah üçün ömründə bir dəfə yaxşılıq edən məhrum qalmaz. Bir Müsəlman, bir İslam aliminin və ya övliyanın ruhuna, ömründə bir dəfə Fatihə oxuyub hədiyyə etsə, o şəxs, bu yaxşılığın altında qalmaz. Mütləq o kimsəyə şəfaət edər. İki hədisi-şərif məali:

“Allahu təala, zərrə qədər xeyr işləyəni rəzil etməz.” (İ.Adiy)

“Ömründə heç xeyir etməyən bir Müsəlmanın, (başqa Müsəlmanlara zərər verməsin deyə)  bir tikanı yoldan qaldırması, Allah qatında məqbul görülərək Cənnətə getməsinə səbəb olar.” (Əbu Davud)

Bir hədisi-qüdsi də bu məaldədir:

"Ya Musa, ömründə bir dəfə isar edənə, isar əxlaqı ilə mənə qovuşana hesab soruşmaqdan həya edərəm.” (Şirə-şərhi Hutab)

İsar, möhtac olduğu bir şeyi özü istifadə etməyib, möhtac olana vermək, mömin qardaşlarının işlərini həll etmək deməkdir. Özü möhtac olduğu malın hamısını, möhtac olana verib, yoxluğuna özü səbir etməkdir. Gözəl əxlaqların ən qiymətlisidir. Ayəti-kərimə ilə təriflənmişdir.

Sual: Allah qatında bir möminə ediləcək ən qiymətli şey nədir?

CAVAB

Bir yaxşılıq edərək onu sevindirməkdir. Hədisi-şəriflərdə buyurulur ki:

“Fərzlərdən sonra ən qiymətli əməl bir mömini sevindirməkdir.” (Tabərani)

“Ən fəzilətli əməl, bir möminin ayıbını örtmək, qarnını doyurmaq və ya bir ehtiyacını qarşılamaq surətiylə onu sevindirməkdir.” (İsfəhani)

“Bir mömini sevindirən, məni sevindirmiş olar. Məni sevindirən  də, Allah qatında bir əhd almış olar. Allahdan əhd alana da, atəş əsla toxunmaz.” (Əbuş-şeyx)   

“Din qardaşlarını sevindirmək qədər Allah qatında qiymətli bir şey yoxdur.” (İ.Nəccar)

“Bir Müsəlmanı sevindirən, qəbrimdə məni sevindirmiş olar. Məni sevindirəni də Allahu təala qiyamətdə sevindirər.” (İ. Nəccar)

“Allahu təala, bir Müsəlmanın çətinliyini aradan qaldırıb, onu sevindirəni, qiyamətdə ən sıxıntılı anlarda çətinliklərindən xilas edər.” (Buxari)

“Müsəlman,  Müsəlmanın qardaşıdır, onu üzməz, onu çətinlikdə buraxmaz. Qardaşının çətinliyini aradan qaldıranın, Allahu təala qiyamətdə çətinliyini aradan qaldırar.” (Nəsai)

“Hər şeyin bir açarı vardır, Cənnətin açarı da yoxsulları sevməkdir.” (İbni Lal)

“Cənnətdəki sevinc sarayına, ancaq uşaqları sevindirənlər girər.” (İ.Adir, İ.Nəccar)

“Bir kimsə, mömin qardaşını sevindirən də, bir mələk bu kimsəyə həmişə dua edər. Ölüb qəbirə qoyulanda, yanına gəlib,  “Məni tanıyırsan?” deyər. Ölü, “Xeyr” deyəndə, “Mən, bir Müsəlmana verdiyin sevincəm. Bu gün səni sevindirmək üçün gəldim. Qəbirdə yanındayam, qiyamətdə də sənə şəfaət edib Cənnətdəki məqamını göstərəcəyəm” deyər .” (İ.Əbid-dünya)

Gücsüzlərin gücü

Sual: Şikəst, əlil, düşkün və  gücsüzlərə kömək edən ruziyə qovuşar?

CAVAB

Bəli, qovuşar. Bir neçə hədisi-şərif belədir:

“Siz, gücsüzləriniz sayəsində ruziyə və zəfərə qovuşursunuz.” (Müslim)

“Aranızdakı zəiflər səbəbiylə köməyə və ruziyə qovuşursunuz.” (Buxari)

“Allah bu ümmətə, ancaq zəiflərin duaları, namazları və ixlasları sayəsində kömək edir.” (Nəsai, Tirmizi)

“Necə (qiymətsiz və alçaq görülərək) qapılardan qovulan, köhnə qılıqlı kəslər vardır ki,  (onlar Allah yanında çox qiymətlidir, bu belə olacaq deyə) and içsələr, Allah (onlara ikram üçün, dediklərini yaradar) andlarını doğru çıxarar.” (Müslim) (Bəzi alimlər bu hədisi-şərifi, “Gücsüz kəslər dua etsə, Allah dualarını qəbul edər” deyə açıqlamışdırlar.

Edən tapar

Sual: “Etmə, görmə” dünyası deyilir. Bu yaxşı şeylər üçün də keçərlidir? Yoxsa yalnız pislik edənlər üçün keçərlidir?

CAVAB

Yaxşılıq edənlər üçün də keçərlidir. Məsələn, bir gənc, bir qocaya yaşından ötəri hörmət edərsə, Allahu təala o gəncə uzun ömür verər, ona xidmət edəcək gənclər yaradar. Bir neçə hədisi-şərif məali belədir:

“Bir gənc, bir qocaya yaşından ötəri hörmət edərsə, o gənc qocalanda, Allahu təala ona xidmət edəcək gənclər yaradar.” (Tirmizi)

“Ana atasına qulluq edənin ömrü bərəkətli və uzun olar.” (İslam Əxlaqı)

“Mən xadimə xudimə” - Xidmət edən xidmət görər.

Böyüklərimiz də, “Möminlərə xidmət edən möhtac vəziyyətə düşəndə, ona da xidmət edən çox olar”  buyurur.  Demək ki, pislik edən pislik tapdığı kimi, yaxşılıq edən də yaxşılıq tapır.

Xidmət neməti

Sual: Atam, “Xidmətdə ləzzət almamaq olmur” deyə çox köhnə bir şeir oxuyardı. Xidmət nədir?

CAVAB

Xidmət, insanlara maddi və ya mənəvi istiqamətdən köməkçi olmaq, onlara yaxşılıq etməkdir. Xidmət edənin Allah qatında dəyəri digərlərindən üstündür. Bir hədisi-şərif məali belədir:

“İnsanların əfəndisi onlara xidmət edəndir.” (Əbu Nuaym)

Bir cəmiyyətdə ən çox xidmət edən, ən çox savabı alar. Səfərdə və hərbdə xidmət, başqa zamanlarınkına görə daha qiymətlidir. İki hədisi-şərif məali belədir:

“Səfərdəkilərin əfəndisi, onlara xidmət edəndir. Xidmətdə öndə olan adamı, o camaat, şəhid olma vəziyyəti xaric, heç bir əməllə keçə bilməz.” (Hakim)

“Allah yolunda döyüşənlərin ən üstünü, döyüşənlərə xidmət edəndir. Sonra da onlara xəbər yetirəndir.” (Tabərani)

Övlada xidmət, ataya xidmətdir. Ataya xidmət, övlada xidmətdir. Bir şəxsin sevdiklərinə xidmət, o şəxsə xidmət olar. Rəsulullah, Əshabını (yoldaşlarını) çox sevərdi. Əshabından birinə xidmət edəni görəndə ona dua edərdi. (Ramuz)

Bir böyük şəxsin tələbələrinə xidmət edilərsə, o böyük şəxs də əlbəttə çox sevinər.  

Möhtaclara xidmət və yaxşılıq etmək daha çox savab olar. Bir hədisi-şərif belədir:

“Dul və kasıblara xidmət edən, fi-səbilillahi cihad edən kimidir.” (Buxari)

Xidmətdə, ana-ata daha önəmlidir. Br hədisi-şərif belədir:

“Ana-atasına xidmət edənin ömrü bərəkətli və uzun olar.” (İslam Əxlaqı)

Allah üçün xidmət edənə, mütləq xidmət edənlər tapılar. “Bir gənc, bir qocaya yaşından ötəri xidmət edərsə, o gənc qoca olanda, Allahu təala, ona xidmət edəcək gənclər yaradar” hədisi-şərifi, “Mən xadimə xudimə =Xidmət edən xidmət görər” hədisi-şərifinə bir örnəkdir.

Sual: İnsanlara maddi yardım, xeyriyyəçilik edən insan, zəkat vermiş kimi ibadət savabı ala bilərmi?

Cavab: İxlasla, yəni Allahü təalanın rızasına, sevgisinə qovuşmaq və savab qazanmaq niyyətilə fərzlərə, sünnətlərə riayət etməyə və haramlardan, məkruhlardan çəkinməyə, yəni əhkamı-islamiyyəni, İslamiyyətin hökmlərini yerinə yetirməyə ibadət etmək deyilir. Niyyətsiz, ibadət olmaz. Əvvəlcə iman etmək, sonra İslamiyyəti öyrənmək və əməl etmək lazımdır.

        

14-03-2018, 15:36
Geri