Gözəl İslam / Münafiqlik

Münafiqlik

Sual: Münafik kimə deyilir? Münafikliyin əlamətləri nələrdir? Münafiklik əlaməti olan münafiqdirmi?

CAVAB

Müsəlman olmadığı halda, müsəlmanları aldatmaq üçün müsəlman görünən kəslərə münafiq deyilir. Münafiqliyin bəzi əlamətləri vardır. Bu əlamətlərin biri bir kimsədə olsa, o kimsəyə münafiq deyilməz, onda münafiqlik əlamətləri var deyilir. Məsələn? yalan söyləmək münafiqlik əlamətidir. Bir insan yalan söyləsə münafiq olmaz. Münafiqlərin etdiyi bir işi etmiş olar. Hədisi-şərifdə buyuruldu ki:

“Münafiqin üç əlaməti vardır: Yalan söylər, sözündə durmaz və əmanətə xəyanət edər.” [Buxari]

Birinə mal, söz və ya sirr əmanət edilsə, o kimsə də bu sözü və ya sirri başqalarına söyləsə, yaxud əmanət edilən mala zərər versə, oğurlasa, yəni xəyanət etsə, bu işlər münafiqlik olar. (Bəriqa)

Münafiqin əlamətlərini bildirən hədisi-şəriflərdən bir neçəsi belədir:

“Möminin xəstəliyi günahlarına kəffarə olar. Sağalanda bundan ibrət alar. Münafiq isə, bağlanıb sonra azad edilən dəvəyə bənzəyər. Dəvə, nə üçün bağlandığını və nə üçün azad edildiyini bilmədiyi kimi, münafiq də, xəstə olub yaxşılaşanda, bundan ibrət almaz.”  [Əbu Davud]

“Münafiqlər Quranı öyrənərlər, elm əhliylə mübarizə edərlər.” [Tabərani]

“Münafiqlər əsr namazını axşama doğru qılarlar.” [Hakim]

“Münafiklərlə bizim aramızdakı əmniyyət namazdır.”  [Hakim]

“Namaz aşkar oldu, qəbul etdilər [elə göründülər]. Zəkat gizli oldu vermədilər.” [Bəzzar]

İşa və sübh namazına münafiq davam edə bilməz.” [Hakim]

“Bizimlə münafiqləri ayıran əlamət, işa ilə sübh namazını camaatla qılmaqdır. Münafiqlər, işa və sübh namazına davam edə bilməzlər.” [Beyhəqı]

İşa ilə sübh namazını camaatla qılmamaq münafiqlik əlamətidir. Necə ki, yalan danışmaq münafiqlik əlaməti isə, camaata gəlməmək də münafiqlik əlamətidir. Bu, camaata gəlməyən münafiq demək deyildir. Özündə münafiqlik əlamətindən bir əlamət var deməkdir.

Verdiyi sözdə durmamaq da münafiqlik əlamətidir. Sözündə durmayana münafiq deyilməz. Fəqət, münafiqlik əlamətlərindən birini işləmiş olar. Bu mövzudakı hədisi-şəriflərin məalləri də belədir:

İşa ilə sübh namazını camaatla qılmaq, münafiqlərə çox çətin gəlir. Əgər bundakı əcri bilsəydilər, sürünərək də olsa, camaata gələrdilər. Namaza gəlməyənlərin evlərini yandırmaq istədim.”  [Buxari]

“Qadın və uşaqlar olmasaydı, camaata gəlməyən kişilərin evinin yandırılmasını əmr edərdim.” [İ.Əhməd, İbni Macə]

“And içirəm ki, [sübh namazı üçün, üzr xaricində] camaata iştirak etməyənlərin evlərinin yandırılmasını əmr edim deyə fikrimdən keçdi.” [Müslim]

Fiqh kitablarında camaata getməməyi mübah edən üzr vardır. Belə bir üzrü olmadan camaata getməmək caiz deyildir. Bunlar özlərində münafiqlik əlaməti olan kəslərdir. Belə kəslərdən olmamağa diqqət etməyimiz lazımdır!

İbni Hacər həzrətləri buyurdu ki:

Nifaq, yəni münafiqlik, zahirin batinə uyğun gəlməməsi deməkdir. Sözü, özünə uyğun gəlməz. Etiqad ediləcək şeylərdə münafiqlik etmək küfrdür. İşlərində və sözlərində münafiqlik etmək haramdır. Etiqadda, imanda münafiqlik, digər küfrlərdən daha pisdir. İfa etmək, yerinə yetirmək niyyəti ilə söz vermək caizdir, hətta savabdır. Belə vədi ifa etmək vacib deyildir, müstəhəbdir. İfa etməmək tənzihən məkruh olar. Hədisi-şərifdə buyuruldu ki:

“Bir kimsə, etmək niyyəti ilə verdiyi sözü tuta bilməzsə günah olmaz.”  [Tirmizi]

Hənəfi və Şafidə, əhdi pozmaq da, üzrsüz məkruh, üzrlü caizdir. Fəqət, pozacağını əvvəldən xəbər vermək vacibdir. Hanbəlidə vədə vəfa vacibdir. Yerinə yetirməmək haram olar. Etməsi dörd məzhəbdə də səhih olan bir şeyi etmək təqva olar. (İslam Əxlaqı)

Bir müsəlman, xarici bir ölkədə, dinsizlərin arasında qalıb, namazlarını gizli qılsa, zərurətdən ötəri mümkün mərtəbə Müsəlmanlığını gizləsə, bu kimsəyə münafiq deyilməz. Buna müdəra deyilir. Müdəra, dini zərərdən xilas etmək üçün dünya mənfəətindən vermək, insanlarla yaxşı dolanmaqdır. Hədisi-şəriflərdə, “Allahu təala, fərzləri etməyimi əmr etdiyi kimi, müdəra etməyimi də əmr etdi” “Müdəra sədəqədir” buyuruldu. [Deyləmi]

Müdəranin ziddi, müdahənədir, dünyalıq elə keçirmək üçün dindən güzəşt etməkdir, haramdır. Hədisi-şərifdə “Gücü çatdığı halda günah işləyənə müdahənə edib, nəhyi-münkəri tərk edən, qəbrindən meymun və donuz şəklində qalxar” buyuruldu. (Şirə)

Camaat və münafiqlik

Sual: Söz daşıyanın, qeybət edənin Cəhənnəmlik, camaata gəlməyənin münafiq olduğu, evlənməyənin bu ümmətdən olmadığı kimi hədislərin şərhi necədir?

CAVAB

Hədisi-şərifləri şərhləri ilə yazmaq lazımdır. “Söz daşıyan Cənnətə girməz” demək, günahının cəzasını çəkmədən, yaxud əfvə, şəfaətə qovuşmadan girə bilməz deməkdir. “Qeybət edən Cəhənnəmlikdirdemək, savabları günahlarından az olarsa, qeybət Cəhənnəmə aparar deməkdir. Qeybət edənin savabları, qeybət edilənin dəftərinə yazılar. “Evlənməyən məndən deyildir” demək, mənim sünnətimə uyğun gəlməmiş olar deməkdir.

Yenə hədisi-şərifdə, möminin hər günahı edə biləcəyi, üç şeyi edə bilməyəcəyi, bunlardan birinin də yalan olduğu bildirilmişdir. Hədisi-şərifdən zahirə görə, yalan söyləyənin mömin olmadığı aydın olar. Kamil mömin deyildir, deməkdir. Ayrıca yalanın münafiqlik əlaməti olduğu bildirilmişdir. Yalan söyləyən münafiq deyildir, fəqət münafiqlik əlamətindən birini işləmiş olar.

[Münafiq kəliməsinin iki mənası vardır. Birinci mənası kafir deməkdir. İkinci mənası, zahiri daxilinə uyğun gəlməyən, iki üzlü deməkdir. Bu mənadakı münafiq, kafir deyildir.]

Camaata gəlməmək də münafiqlik əlamətidir. Camaat sünnətinə önəm verdiyi halda gəlməzsə, münafiq olmaz. Sünnətə önəm verməzsə, zatən müsəlman olmaz.

Hədisi-şəriflərdəki “Bu günahı işləyən Cənnətə girə bilməz, Cəhənnəmlikdir, mömin deyil, münafiqdir” demək “O günahdan tövbə edilməmişsə, əfv və ya şəfaətə çatmamışsa, günahının cəzasını çəkmədən Cənnətə girə bilməz, deməkdir. Çünki günah ilə imansızlıq ayrı şeylərdir. Günah nə qədər böyük olarsa olsun, o günahı işləyən kafir olmaz. Fəqət, hansı günah olursa olsun, günaha davam edənin qəlbi qaralar, küfrə doğru yol alar. Onun üçün günahlar çox təhlükəlidir.

Sual: Allaha inanır, namaz qılıram. Lakin, çox günah işləyirəm. Mən münafiqəmmi?

CAVAB

Allahu təalaya inanan mömindir. Kiminsə məcburiyyəti olmadan namaz qıldığınıza görə, münafiq olmağınız mümkün deyildir.

Yalan söyləmək, əmanətə xəyanət etmək və verdiyi sözdə dayanmamaq münafiqlik əlamətidir. Fəqət, bu günahları işləyənə münafiq deyilməz.

Münafiq, inanmadığı halda, hər hansı bir dünya mənfəəti üçün inanmış kimi görünən kimsədir. Əshabı-kiramı sevən də münafiq ola bilməz. Hədisi-şərifdə buyuruldu ki:

“Əbu Bəkir, Ömər, Osman və Əlinin sevgisi [radiyallahu anhum] bir münafiqin qəlbində yığılmaz.” [Tabərani]

“Ənsarı ancaq mömin sevər. Ancaq onlardan münafiq nifrət edər.” [Buxari]

Sözün qisası, Allahu təalaya və Onun Rəsulu Muhamməd əleyhissəlama inanan kimsə mömindir. Çox günah işləsə də münafiq deyildir.

14-03-2018, 15:30
Geri