Gözəl İslam / Tərifləmək və öyünmək

Tərifləmək və öyünmək

Sual: Haqlı olaraq birini üzünə qarşı tərifləmək uyğundur?

CAVAB

Haqlı olaraq da birini üzünə qarşı tərifləmək onun fəlakətinə səbəb ola bilər. Çünki insan sevdiyini təriflədiyi zaman, həddi aşa və yalan qarışa bilər. Sevmədiyi şəxsi tərifləmək isə riya ola bilər.

Bəzən, bir insan təriflənincə, təriflənən sevinə, özünü bəyənə, insanlar məni örnək alsın deyə göstərişə qapıla bilər. Özünü digər insanlardan üstün görə bilər. Halbuki, özünü aciz, əskik, günahkar görən, kibrlənməz, saleh əməl işləməyə və haramlardan daha çox çəkinməyə səy göstərər. Özünü başqalarından üstün görən kimsə isə, bütün fəzilətlərindən məhrum qalar. Təriflənən özündə bir şey olduğunu zənn edər. Rəsulullah əfəndimizin yanında birisini təriflədilər. Tərifləyənə, “Onun boynunu kəsdin, eşidərsə doğru olmaz”  buyurdu. (Buxari, Müslim)

Birisini tərifləmək onun kibrlənməsinə səbəb ola bilər. Kibr və ucb isə insanı həlak edər. Hədisi-şəriflərdə buyurulur ki:

“Din qardaşından bir ehtiyacını istəyərkən onu tərifləməklə sözə başlamayın. Belə edən onun belini qırmış olar.” [İbni Lal]

“Bir-birinizi tərifləməkdən çəkinin. Çünki tərifləmək onu kəsməkdir.” [İbni Macə]

“Adamı üzünə qarşı tərifləmək, onu kəsməkdir.” [İ.Əbiddünya]

Bizi tərifləyən bizə yaxşılıq etmiş olmaz. Bizi arxadan xəncərləmiş olar. Onun üçün tərifləyənlərin sözlərinə etibar etməmək lazımdır. İki hədisi-şərif məali:

“Məddahların [hər kəsi tərifləyənlərin] üzünə torpaq sərpin!” [Müslim, Tirmizi]

“Məddahların ağzına torpaq atın.” [İbni Hibban]

(Torpaq sərpmək, onu aşağı bilmək, sözlərinə dəyər verməməkdir.)

Yaxşıları tərifləmək uyğun olmadığı üçün, fasiqləri, yəni açıqdan günah işləyənləri tərifləmək heç uyğun olmaz. Bir hədisi-şərif məali:

“Fasiq tərifləndiyi vaxt Allahu təala qəzəblənər.” [İbni Əbiddünya, Beyhəqı]

Bizi tərifləyənlərin təsiri altında qalmaq da uyğun deyildir. İnsanların tərifləməsiylə, tənqid etməsini bir qəbul edənlər məqbul insanlardır. Birini tənqid etdiyiniz zaman kədərlənmir, haqdan ayrılmırsa, tərifləyincə də sevinmirsə, o kimsə saleh biridir. Həzrəti Ömər, onu tərifləyən birinə, “Məni də, özünü də həlak edəcəksən” buyurdu. Bir alim də, onu üzünə qarşı tərifləyən birinə buyurdu ki: “Məni  nə üçün tərifləyirsən? Hirsli ikən təcrübə etdin də məni halımı səlimmi gördün? Mənimlə səfər etdin də məni yaxşı biri olaraqmı gördün? Mənə bir əmanət verdinmi, buna riayətmi etdim? Bilmədiyin insanı necə tərifləyərsən?”

Təriflənməyi sevmək fəlakətdir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Təriflənməyi sevmək, insanı kor və kar edər. Qüsurlarını görməz olar. Doğru sözləri, verilən nəsihəti eşitməz olar.” [Deyləmi]

“Din işlərinə, insanların sizi tərifləmələri arzusunu qarışdırmaqdan çəkinin. Sonra əməlləriniz boşa gedər.” [Deyləmi]

“Cənnətin əbədi nemətlərini istəyən, təriflənməkdən xoşlanmasın.” [Deyləmi]

Bir insan üçün ölüm anı mühümdür. Yəni, imanla getmək mühümdür. Ölərkən imanla getməyən kimsəni həyatında tərifləmək nəyə yarayar? Özümüzü tərifləmək, tərifləyənlərə səs çıxarmamaq, bilmədiyimiz insanları tərifləmək düzgün olmaz. Allahu təala bizə iman kimi böyük bir nemət ehsan etmişdir. Bununla öyünə bilərik. Ancaq son nəfəsə qədər bu imanı mühafizə edib etməyəcəyimiz bəlli deyildir. Bunun üçün daim qorxu içində yaşamaq, haramlardan çəkinmək, dinimizin bütün əmrlərini etmək və Allahın rəhmətindən ümid kəsməmək lazımdır.

Elmin faydasını görmək üçün

Sual: Elmi hansı məqsədlə öyrənmək lazlmdır ki, faydasını görək?

CAVAB

Elmi, tək Allah rizasını qazanmaq üçün öyrənmək lazımdır. Başqa məqsədlə öyrənmək caiz deyildir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Kim alimlərə öyünmək, səfehlərlə, cahillərlə, ağlı nöqsan olanlarla münaqişə etmək, onları susdurmaq, insanların etimadını qazanmaq üçün elm öyrənərsə, Allahu təala onu Cəhənnəmə atar.” [Tirmizi, İbni Macə]

“Alimlərə öyünmək, səfehlərlə mübarizə etmək məqsədiylə elm təhsil almayın! Yığıncaqlarda elmlə üstünlük göstərməyin! Belə edənin gedəcəyi yer Cəhənnəmdir, Cəhənnəm.” [İbni Macə]

Elmi yuxarıda bildirilən məqsədlərlə öyrənmək caiz olmadığı kimi, Allah rizası üçün öyrənib, yuxarıdakı məqsədlə istifadə etmək də caiz deyildir. Elm ilə öyünmək də Allah rizasına ziddir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Bir qövm çıxıb, Quran oxuyub “Kim bizdən daha yaxşı bilər? Kim, bizdən daha çox fiqh bilgisinə sahibdir?” deyər. Bunlar Cəhənnəm  yanacağıdır.” [Tabərani]

“Vallah bir vaxt gələcək insanlar Quranı öyrənəcək və oxuyacaqlar. Sonra, “Biz oxuduq, öyrəndik. Bizdən xeyirli daha kim var?” deyəcəklər. Onlar Cəhənnəm odunudurlar.”  [Tabərani]

Bu hədisi-şəriflər elmi ilə öyünməyin caiz olmadığını göstərir. Elmi ilə öyünən insanlarla müzakirə etmək əsla uyğun deyildir.

Fəlakətlərin ən böyüyü

Elmi ilə kibrlənmək fəlakətlərin ən böyüyüdür. Xəstəliklərin ən ağırı və müalicəni ən çətin qəbul edəni elmi ilə kibrlənməkdir. Hədisi-şərifdə buyuruldu ki:

“Alimlərin fəlakəti, özünü böyük görməsidir.” [İ.Qəzali]

Bir şeylər bilən kimsə, özünü böyük, bilməyənləri də alçaq, aşağı görər. Onlardan hər zaman hörmət, qulluq gözləyir. Başqalarını aşağı gördüyü üçün onların halından narahatlığa düşər. Belə insanlar elmi artdıqca daha təhlükəyə düşər. Fəqət, təvazökarların elmi artarsa, təvazökarlığı da artar. “Allahdan ancaq alimlər qorxar” ayəti-kəriməsi, təvazö əhli alimlər nəzərdə tutulur.  

Hədisi-şəriflərdə buyuruldu ki:

“Qiyamətdə ən şiddətli əzab, elmi özünə fayda verməyən din adamınadır.” [Beyhəqı]

“Cəhənnəmdə əzab çəkənlərdən bəzilərinin yaydıqları pis qoxular, digərlərinə atəşdən daha çox əzab verər. “Sən nə günah işlədin ki, elə pis qoxu çıxarırsan?” deyə soruşulanda, “Mən din adamı idim. Bildiklərimi etməzdim” deyər.” [İ.Əhməd]

Özündən aşağı olanlara, fasiqlərə və facirlərə qarşı da kibrli olmamaq lazımdır. Bir alimin cahili görəndə, “Bu, bilmədiyi üçün günah işləyir. Mən isə bilərək günah işləyirəm” deməsi lazımdır. Bir alimi görəndə, “Bu məndən daha çox bilir  və elm ilə, ixlas ilə əməl edir. Mən elə deyiləm” deməsi lazımdır. Özündən böyüyünü görəndə, “Bu məndən daha çox ibadət etmişdir” deməsi lazımdır. Gəncləri görəndə, “Bunların günahı az, mənim günahım çoxdur” deməsi lazımdır. Öz yaşındakını görəndə, “Mən öz günahlarımı bilirəm, onun nə etdiyini bilmirəm” deməsi lazımdır. Bir bidət sahibini və ya  müsəlman olmayanı görəndə, “İnsanın halı son nəfəsdə bəlli olar. Bu bəlkə hidayətə qovuşa bilər. Görəsən mənim halım nə olacaq?” deməsi lazımdır, bunlara qarşı kibr etməməsi lazımdır.

İnsanın öz günahlarını unutmaması və son nəfəsinin necə olacağını düşünməsi lazımdır. Axirətdə kimin kimdən üstün olacağı, dünyada qəti olaraq bilinə bilməz. Nə qədər din adamı kafir olaraq can vermişdir. Nə qədər kafirlərə də iman ilə can vermək nəsib olmuşdur. O halda, heç kimə Cəhənnəmlik, özünə də Cənnətlik deməməsi lazımdır.

Fasiq və bidət sahiblərdən nifrət edərkən kibrdən çəkinmək lazımdır. Bu da hirslənməyi özü üçün deyil, bunu əmr edən Allahu təala üçün etməklə və hirslənərkən özünü səlamətdə, qarşısındakını həlakda görməməklə olur. Məsələn, bir kimsə uşağını xidmətçisi ilə bir yerə göndərərkən, uşaq qəbahət işləyərsə hirslənməsini, hətta döyməsini əmr edər. O da, uşaq qəbahət edəndə onu döyər. Fəqət, döyərkən atasının yanında özünün uşaqdan daha qiymətli olmadığını da bilir. Ona kibrlənməz. Möminin kafiri sevməməsi buna bənzəyir. Allahu təala möminlərin özlərinin deyil, imanlarının üstün olduğunu bildirdi. İman kimdə olarsa, o üstün olar. Sonsuz üstünlük isə son nəfəsdə bəlli olar.

Nemətlərlə öyünmək

Sual: Allahın verdiyi nemətləri başqalarına bildirərək öyünmək uyğundurmu?

CAVAB

Hədisi-şərifdə buyuruldu ki:

“Allahu təalanın verdiyi nemətləri bildirmək, bunlara şükr etmək olur.” [Beyhəki]

Öyünmək haramdır. Özündəki yaxşılıqları, nemətləri özündən bilərsə, Allahu təalanın verdiyini düşünməzsə, öyünmək olur. Yəni “Təzkiyəyi-nəfs” olur. Bu nemətlərini Allahu təaladan gəldiyini bilər, özünün qüsurlu olduğunu düşünərsə, “Şükür” olur.

Atası ilə öyünmək

Sual: Öz yaşayışları düzgün olmayan insanların ataları ilə və babaları ilə öyünmələri uyğundur?

CAVAB

Ataları ilə, babaları ilə öyünmək və təkəbbür etmək cahillik və axmaqlıqdır. Qabil Adəm əleyhissəlamın oğlu idi. Yam da Nuh əleyhissəlamın oğlu idi. Atalarının Peyğəmbər olması, bunları küfrdən qurtarmadı. İnsanın öyündüyü babaları bir ovuc torpaq oldu. Onların saleh olmaları ilə öyünməmək, onlar kimi saleh olmağa, onların yolunda olmağa çalışması lazımdır!

Hədisi-şəriflərdə buyuruldu ki:

“Atalarınız ilə öyünməni tərk edin.” [Əbu Davud]

“Bir kimsənin özü pis isə, axirətdə nəsəbinin [soyunun] üstünlüyü ona fayda verməz.” [Tabərani]

Bir gün iki adam bir-birinə üstünlük göstərərək biri, “Mən filankəsin oğlu filankəsəm. Bəs sən kimsən?” dedi. Bunun üzərinə Peyğəmbər əfəndimiz əleyhissəlam buyurdu ki:

“Həzrəti Musanın yanında iki adam bir-birinə qarşı öyünməyə başladı. Allahu təala Həzrəti Musaya, “Ona söylə, fəxr etdiyi 9 adam Cəhənnəmdədir. Özü də onuncusudur.” deyə vəhy etmişdir.” [İ.Əhməd]

İltifat deyil həqiqət

Sual: Bir nəfər, digərini tərifləyəndə, təriflənən tərifləyənə “İltifatınıza görə təşəkkür edirəm” deyir. Digəri isə mən iltifat etmədim həqiqəti söylədim deyir. İltifat gerçək deyil?

CAVAB

İltifat, maraqlanmaq, hörmət göstərmək, birisinin xətrini soruşmaq, nəzakətli və mülayim davranmaq, təvəccüh göstərmək, könlünü xoş etmək kimi mənalara gəlir.

Xüsusilə dini bilgilərdən uzaq insanlar arasında iltifat, yalandan təqdir etmə mənasında istifadə edilir. Təqdir etməyin gerçəyi də olur, yalanı da. Amma müsəlman təqdir edərkən doğru söyləyər. Yəni, müsəlmanın təqdiri gerçəkdir. Bu baxımdan iltifat deyil  gerçəkdir sözü mədəniyyətimizə uyğun deyildir. Xaricilərdən keçmişdir.

14-03-2018, 15:12
Geri