Gözəl İslam / Xavf (qorxu) və rəca (ümid etmə)

Xavf (qorxu) və rəca (ümid etmə)

Sual: Allah sevgisi və Allah qorxusunun digər sevgi və qorxulardan fərqi nədir?

CAVAB                    

Allah qorxusu və Allah sevgisi insanları səadətə qovuşduran iki qanad kimidir. İman edən və imanın dadını alan da Allahu təalanı çox sevər.

 

Ağıllı olan nemət sahibinin sevgisini itirməkdən çox qorxar. Həmçinin, Ona üsyan edib, əzaba məruz qalmaqdan da qorxar. Demək ki, Allah qorxusu, seviləni itirməkdən meydana gələn bir qorxu olduğu kimi, Ona üsyan edərək təhlükələrə məruz qalmaqdan da meydana gələn bir qorxudur. Allahu təaladan Cəlal sifəti səbəbiylə qorxmaq, günahı səbəbiylə qorxmaqdan daha üstündür. Yalnız günahı səbəbi ilə qorxan kimsə, günah işləməyi tərk edəndə, “Günahları tərk etdiyimə görə artıq Allahdan nə üçün qorxum” deyə bilər. Allahdan qorxan, bunun müqabilində lazım olanı edən şəxs ağıllıdır. Çünki hədisi-şərifdə buyurulur ki:

“Ağlın çoxluğu, Allah qorxusunun çoxluğu ilə bəlli olar.” (İ.Muhbər)

 

Sual: Allahdan qorxmaq nə deməkdir?

CAVAB

Allahdan qorxmaq, bir zalımdan qorxmaq kimi deyildir. Bu qorxu, hörmət və sevgi ilə qarışıq olan bir qorxudur.

Aşiqlərin məşuqlarına qarşı yazdıqları şeirlərdə, belə qorxu içində olduqlarını bildirən beytləri az deyildir. Məşuqunu özündən çox yüksək bilən bir aşiq, özünü o sevgiyə layiq görməyərək hisslərini belə qorxu ilə anladır.

İnsan sevdiyi şəxsi hər hansı bir şəkildə incitməkdən qorxur. Allahu təalanı isə hər kəsdən çox sevmək lazımdır. Allahı çox sevən bir şəxs hər hansı bir səhv iş görüb, Onu incidərəm deyə çox qorxar.

Bizləri yoxdan var edən və müxtəlif nemətlər ehsan edən Rəbbimizi əlbəttə, çox sevmək lazım olduğu kimi, bu sevgini itirməkdən də çox qorxmaq lazımdır.

 

Allahdan qorxmaq böyük dərəcədir. Qurani-kərimdə məalən buyurulur ki:

“Allah qatında ən qiymətliniz, Ondan ən çox qorxanınızdır.” (Hucurat 13)

“Allahdan qorxun! Bilin ki, Allahın əzabı çox çətindir.” (Bəqərə 196)

“Allahdan qorxun  ki, qurtuluşa çatasınız” (Maidə 100)

 

Alimlər və ariflər buyurur ki:

Allahdan qorxanın qəlbi hikmətlə dolar.

Qəlbində Allah qorxusu olmayan qəlblər xarab olmuşdur.

Allahdan qorxmanın əlaməti, özünü xəstə görüb, ölüm qorxusuyla bütün istəklərindən çəkinməyə çalışmaqdır. Allahdan qorxan şəxs, Allahu təalanın rəhmətinin çox olduğunu bilir. Qurani-kərimdə məalən buyurulur ki:

“Kim günah işləyər və ya özünə zülm edər, sonra peşman olub, əfv diləyərsə, Allahı çox əfv edici, çox mərhəmətli görər.” (Nisa 110)

 

“Allahın rəhmətindən ümidinizi kəsməyin, çünki kafirlərdən başqası Allahın rəhmətindən ümidini kəsməz.” (Yusif 87)

 

Allahu təalanın əzabı şiddətli olduğu kimi, rəhməti daha çoxdur. Hədisi-şəriflərdə buyurulur ki:

“Rəbbinizdən bəhs edincə, qorxu verəcək şey söyləməyin!” (Beyhəqı)

 

“Allahu təalanı qullarına sevdirin ki, Allahu təala da sizi sevsin!” (Tabərani)

 

“Əgər qul, Allahu təalanın nə qədər əfv edici olduğunu bilsəydi, haram işləməkdən çəkinməzdi. Əzabının nə qədər şiddətli olduğunu bilsəydi, daima ibadət edər, heç günah işləməzdi.” (Nəsəfi)

 

 İnsanları Allahın rəhmətindən ümidsizliyə düçar edən, onlara çətinlik verən bir adama Qiyamət günü Allahu təala, “Sən qullarıma mərhəmətimdən ümid kəsdirdin. Bu gün sən də mərhəmətimdən məhrumsan” buyuracaqdır. Peyğəmbər əfəndimiz də buyurdu ki: “Allahu təalanın mərhəmətindən ümid kəsdirib [dindən] nifrət etdirənə lənət olsun!” (Şirə)

 

Allahu təalanın rəhməti dünyada mömin-kafir hər kəsədir. Axirətdə isə kafirlərə rəhmətin zərrəsi yoxdur.

Ayəti-kərimədə məalən, “Rəhmətim hər şeyi bürümüşdür” buyurduqdan sonra, “Rəhmətim, məndən qorxub haramlardan çəkinən, zəkatlarını verən və Qurani-kərimə inananlar üçündür” buyurulur. (Əraf 156)

“Xavf və rəca [qorxu ilə ümid] arasında olan mömin, ümid etdiyinə qovuşar, qorxduğundan əmin olar” hədisi-şərifini düşünməsi, Allahu təalanın əzabından qorxub, rəhmətindən də ümid kəsməməsi lazımdır! (Tirmizi)

 

Möminin orta yolda olması lazımdır

Bir şəxs nə qədər alim olarsa olsun, nə qədər ibadət edərsə etsin, özünə mütləq Cənnətlik gözü ilə baxmaması lazımdır. Elminə, əməlinə güvənənlər zərərə uğraya bilər. Bunun üçün daima Allahu təalanın əzabından qorxması, heç bir ibadətinə güvənməməsi lazımdır! Elminə, ibadətinə güvənmək, necə çox təhlükəli isə, özünü mütləq Cəhənnəmlik zənn edərək, Allahu təalanın rəhmətindən ümidini kəsmək də təhlükəlidir. Möminin orta yolda olması lazımdır, yəni, Allahu təalanın rəhmətindən ümidini kəsməməli, əzabından da əmin olmaması lazımdır!

Allahu təalanın rəhmətindən ümidini kəsmək caiz olmaz. Hər ibadət edən, mütləq Cənnətlik olmadığı kimi, hər günahkar da mütləq Cəhənnəmlik deyildir.

 

Hədisi-şəriflərdə buyuruldu ki:

“Qiyamət günü Allahu təala, “Dünyada məni bir dəfə xatırlayan və ya qorxub günahdan imtina edəni Cəhənnəmdən çıxarın”  buyurar.” (Tirmizi)

 

“Allahu təalanın möminə olan mərhəməti, hər ananın uşağına olan mərhəmətindən daha üstündür.” (Buxari)

 

(İxlasla) “Lə ilahə illəllah Muhammədun Rəsulullah” deyənə Allahu təala Cəhənnəmi haram qılar” (Buxari)

 

Sual: Allahın əmr və qadağalarına riayət etmədən, Allahın rəhmətinin çox olduğunu söyləyib, yalnız Onun rəhmətindən ümid kəsməmək uyğundurmu?

CAVAB

Allahu təaladan qorxmaq, Onun rəhmətindən ümidi kəsməmək lazımdır! Ümid və rəcanın qorxudan çox olması lazımdır. Belə olanın ibadətləri zövqlü olar. Gənclərdə qorxunun daha çox olması, qocalarda rəcanın daha çox olması lazımdır, deyildi. Xəstələrdə rəcanın çox olması lazımdır. Qorxusuz rəca və rəcasız qorxu caiz deyildir. Birincisi əmin olmaq, ikincisi ümidsiz olmaqdır. Hədisi-qüdsidə, “Qulumu məni zənn etdiyi kimi qarşılayaram” buyuruldu.  Zumər surəsindəki 53-cü ayəti-kərimədə məalən, “De ki, ey çox günah işləməklə həddi aşan qullarım, Allahın rəhmətindən [bizi əfv etməz deyə] ümidinizi kəsməyin! Çünki Allah, [iman əhlinin] bütün günahlarını heç şübhəsiz əfv edər. Əlbəttə, O, sonsuz əfv və sonsuz mərhəmət sahibidir” buyuruldu. Bunlardan rəcanın çox olması lazım olduğu aydın olur. “Allah qorxusundan ağlayan Cəhənnəmə girməz” və “Mənim bildiyimi bilsəydiniz, az gülər, çox ağlayardınız” hədisi-şərifləri də xavf, yəni qorxunun çox olması lazım olduğunu göstərir.

 

Sual: Daima Allahdan qorxu içində yaşamaq lazımdır?

CAVAB

Özünü mütləq Cənnətlik bilmək kimi özünün mütləq Cəhənnəmlik bilmək də çox təhlükəlidir. Allahu təaladan qorxmaq  və rəhmətindən ümidi kəsməmək lazımdır, yəni beyn-əl-xafi vər-rəca [qorxu və ümid arasında] olmaq lazımdır. 

Xavf, Allahu təaladan qorxmaq, rəca, Allahu təalanın rəhmətindən ümidi kəsməməkdir. Səbəbinə sarılmadan bir şey gözləməyə təmənni, səbəbinə sarıldıqdan sonra gözləməyə rəca deyilir. Təmənni insanı tənbəlliyə, rəca isə çalışmağa sövq edər. Hədisi-şərifdə, “Din işləri təmənni ilə doğru olmaz” buyuruldu.

Bir şəxs ən yaxşı toxumu tapıb, münbit torpağa əkər, yabanı otlardan təmizləyər, gübrələyər və lazım olan dərmanlamanı da edər. Allahu təala da bu məhsulu müxtəlif fəlakətlərdən qoruyarsa, bu gözləməyə ümid deyilir. Yaxşı toxum əkməz, doğru və dərmanla qulluq etməzsə, üstəlik torpaq da münbit deyilsə, bu tarladan yaxşı məhsul almaq üçün gözləyərsə, bu gözləməyə ümid deyilməz. Çünki səbəblərin hamısına sarılmamışdır. Amma yenə qeyri-mümkün olmadığı üçün buna təmənni deyilir.

Bunun kimi doğru iman toxumunu qəlbinə yerləşdirib, buranı pis əxlaq tikanlarından təmizləyərsə, ibadət suyu ilə iman ağacını sulayarsa, ölənə qədər hər cür fəlakətlərdən qoruması üçün Allahu təalaya sığınarsa, yəni vəzifəsini vaxtında edərsə, buna ümid deyilir. Ümiddən məhəbbət doğular. Məhəbbət məqamından yüksək məqam yoxdur.

İman toxumu doğru olduğu halda, pis əxlaqdan təmizlənməz və ibadət suyu ilə sulanmazsa, rəhmət gözləmək axmaqlıq olar. Hədisi-şərifdə buyuruldu ki:

“Hər istədiyini edib, rəhmətə qovuşacağını ümid edən axmaqdır.” (Tirmizi)

Demək ki, bütün səbəblərə sarıldıqdan sonra nəticəni gözləmək ümid sayılır. O halda ixlasla tövbə edən, qəbul edildiyini ümid etməsi lazımdır. Tövbə etmədiyi halda günahına kədərlənərsə, kədərlənməsi tövbəyə səbəb olar. Cəhənnəm toxumu əkib, Cənnət gözləmək böyük axmaqlıqdır. Saleh əməl işləmədən böyüklərin qovuşduğu dərəcəni ümid etmək də ağılsızlıq olar.

Hər ibadət edən Cənnətlik olmadığı kimi, hər günahkar da Cəhənnəmlik deyildir. Cənabi-Haqqın qəzəbi düşünülərək, əfv və məğfirəti də düşünülərək rəhmətindən ümid kəsməmək lazımdır!

Hədisi-şərifdə buyuruldu ki:

“Allahu təala buyurdu ki: Qulum, göylərə çatacaq qədər günah işləsə, lakin, rəhmətimdən ümidini kəsməyib, məğfirət diləyərsə, əfv edərəm.” (Tirmizi)

 

Ümidin, qorxudan çox olması lazımdır

Allahu təalanın onu əfv edəcəyini zənn edənin ibadətləri zövqlü olar. Gənclərdə qorxunun daha çox olması, qocalarda rəcanın çox olması lazımdır. Xəstələrdə rəcanın çox olması lazımdır. Qorxusuz rəca və rəcasız xavf caiz deyildir. Birincisi əmin olmaq, ikincisi ümidsiz olmaqdır. Yuxarıdakı ayəti-kərimə və hədisi-şərif də rəcanın, ümidin çox olması lazım olduğunu göstərir.

 

Qorxunun ümiddən çox olması lazımdır

Qurani-kərimdə məalən buyurulur ki:

“Qiyamətdə qurtuluşa qovuşanlar, Allah və Rəsuluna itaət edib Allahdan qorxan və çəkinənlərdir.” (Nur 52)

 

“İşlədiklərinin cəzası olaraq artıq az gülüb, çox ağlasınlar.” (Tövbə 82)

 

“Allahın qatında ən qiymətliniz, ondan çox qorxub çəkinənizdir.” (Hucurat 13)

 

Mömin surəsinin, “Rəblərinin hüzuruna çıxacaqlarından qəlbləri qorxu ilə çarpar” məalindəki 60-cı ayəti-kəriməsindəki şəxslərin oğrumu, zina edənmi olduğu soruşulanda, Peyğəmbər əfəndimiz buyurdu ki:

“Bunlar, namaz, oruc və zəkat kimi ibadətlərini yerinə yetirdikləri halda “görəsən ibadətimiz qəbul olmadımı” deyə qorxan kəslərdir.” (Tirmizi)

 

Bu ayəti-kərimələr də qorxunun çox olmasının lazım olduğunu göstərir. Ümidi və qorxunu bildirən nasslar birlikdə araşdırılanda, möminin xavf və rəca arasında olması lazım olduğu aydın olar. Hədisi-şərifdə buyuruldu ki:

“Xavf və rəca [qorxu ilə ümid] arasında olan mömin ümid etdiyinə qovuşar, qorxduğundan əmin olar.” (Tirmizi)

Yəni, Allahu təalanın əzabından qorxaraq, rəhmətindən də ümidini kəsməyərək, haramlardan qaçıb ibadətlərini etməyə çalışan mömin Cənnətə gedər.

 

Allah qorxusunun əhəmiyyəti

Allahdan qorxmaq, Ona qarşı pis zəndə olmamaq lazımdır. Qurani-kərimdə məalən buyuruldu ki:

“Allahdan necə qorxmaq lazımdırsa, eləcə qorxun.” (A. İmran 102)

 

“Sizdən əvvəlkilərə də, sizə də Allahdan qorxmağınızı tövsiyə etdik.” (Nisə 131)

 

“Pis zəndə olduğunuz üçün həlaka məhkum qövm oldunuz.” (Fəth 12)

 

“Rəbbinizə olan [ümidsizliyiniz, pis] zənniniz sizi məhv etdi.” (Fussilət 23)

 

Hədisi-şəriflərdə də buyuruldu ki:

“Allah qorxusundan ağlayan Cəhənnəmə girməz.” (Nəsai)

 

“Mənim bildiyimi bilsəydiniz, az gülər, çox ağlayardınız.” (Buxari)

 

“Cənabı-Haqq and içərək buyurur ki: “Dünyada məndən qorxaraq ağlayan heç kim yoxdur ki, onu Cənnətdə əbədi güldürmüş olmayım!” (Beyhəqı)

 

“Allah qorxusu ilə qəlbi ürpərənin, ağacdan yarpaq tökülər kimi günahları tökülər.” (Beyhəqı)

 

“Allahu təaladan haqqıyla qorxsaydınız, cahilsiz elmə çatardınız.” (İbni Sünni)

 

“Allah qorxusu, hər hikmətin başıdır.” (Tabərani)

 

Sevgini itirmək qorxusu

İnsan sevdiyi şeylərin əldən çıxmasından qorxar. Sevdiyi şəxslərin sevgisini itirməkdən qorxar. Bunun üçün Allahı ən çox sevənlər, Allahdan ən çox qorxanlardır. Həmçinin, Allahu təalanı ən yaxşı tanıyanlar da Ondan ən çox qorxanlardır. Allahdan qorxub günahdan çəkinən şəxslərə müttəqi deyilir. Müttəqilər haqqında çox müjdələr vardır. Hədisi-şərifdə buyuruldu ki:

“Müttəqilərin hamısı hesabsız Cənnətə girər.” (Tabərani)

 

Allah qorxusunun səbəbi elm və mərifətdir. Elm və mərifət sahibləri öz eyiblərini, günahlarını və ibadətdəki qüsurlarını görərək, bunun yanında Allahu təalanın özünə verdiyi saysız nemətləri düşününcə, etdiklərindən utanıb qəlbində qorxu başlayar. Bu şəxsin halı buna bənzəyər ki, bir padşah bir nəfərə iltifat edərək saysız kömək və ehsan etsə, üstəlik vəzirlik rütbəsi versə, bu şəxs də padşahın bu yaxşılıqlarına qarşılıq nankorluq və xəyanət etsə, bunu da padşahın gördüyünü bilsə, o şəxsin qəlbinə bir qorxu yanğını düşər.

 

Qorxunun dərəcələri vardır: İnsanın özünə arzularını qadağan etməsinə İffət,  haramları qadağan etməsinə təqva, şübhəliləri qadağan etməsinə vəra deyilir. Allaha yaxınlaşmağa mane olan hər şeyi qadağan etməsinə sidq deyilir. Belə şəxslərə siddiq deyilir. 

 

Saleh bir müsəlman Cəhənnəmdən qəflətə düşüb qəlbinin qaralacağından, nemətlərin çoxluğu səbəbiylə zövqə dalıb axirəti unudacağından, bütün qüsur və qəbahətlərinin aşkar olub rüsvay olacağından qorxar.

Ən böyük qorxu da imansız getmə qorxusudur. Çünki, Allahu təaladan cəlal sifəti səbəbiylə qorxmaq, günahı səbəbiylə qorxmaqdan daha üstündür. Sadəcə günahı səbəbi ilə qorxan şəxs, günah işləməyi tərk edəndə, “Günahları tərk etdiyimə görə artıq Allahdan nə üçün qorxum” deyə düşünə bilər. Bu baxımdan Allahu təaladan Cəlal sifəti səbəbiylə qorxmaq daha üstündür.        

Cənabı-Haqq Davud əleyhissəlama, “Kükrəmiş aslandan necə qorxursansa, məndən də elə qorx” buyurdu. Çünki aslan səndən qorxmaz, öldürməmək üçün bir səbəb axtarmaz. Öldürmək istəyəndə də səni bir günahından dolayı öldürməz. Belə düşünənin qorxmaması mümkün deyildir.

 

İmansız ölmək qorxusu

Həzrəti Əbud-dərda buyurur ki:

Heç kim ölüm vaxtında imanının geri alınmayacağından əmin olmaz. Siddiqlər pis aqibətdən çox qorxarlar. Süfyani-Səvrini ağlayarkən gördülər. “Allahu təalanın əfvinin sənin günahından böyük olduğunu bilmirsənmi?” dedilər. “İmanla öləcəyimi bilsəm, dağlar qədər günahım olsa yenə qorxmaram” buyurdu. Mürid, günah işləməkdən, arif isə küfrə düşməkdən qorxar.

 

Elm və mərifətdən qorxusu əmələ gəlir. Qorxudan isə, zühd, səbir, tövbə, sidq, ixlas və bunlardan da məhəbbət əmələ gəlir. Məhəbbət məqamı çox üstündür. Mərifət, özünü və Rəbbini bilmək deməkdir. Mərifətdən aciz olan, mərifət sahibləri ilə söhbət etməsi, qafillərdən uzaq qalması lazımdır.

 

Allahdan qorxan Onun əmr və qadağalarına riayət edər. Heç kimə zərəri toxunmaz. Özünə edilən pisliyə səbir edər. Qüsurlarına tövbə edər. Çalışarkən, ticarət edərkən, kimsənin haqqını yeməz. Elm və əxlaq sahiblərinə hörmət göstərər. Yoldaşlarını sevər və özünü sevdirər. Heç kimi çəkişdirməz, heç kimə sərt davranmaz. Malı və vəzifəni hər kəsə yaxşılıq etmək üçün istəyər. Özünü bəyənməz. Allahu təalanın hər an gördüyünü və bildiyini düşünər, heç pislik etməz. Qısaca, Allahdan qorxan hər kəsə faydalı olar.   

 

Allah qorxusu faydalıdır

İbadət etməmək, günahlardan çəkinməmək insanın qəlbini qaraldar, zamanla küfrə salar, yəni kafir olar. Əbədi Cəhənnəmdə qalar. Günahların hamısı Allahın əmrini etməmək olduğundan böyükdür. Bir hədisi-şərifdə, “Çox az bir günahdan çəkinmək, bütün cin və insanların [nafilə] ibadətləri cəmindən daha yaxşıdır” buyurulur. Hər günah Allahu təalaya üsyan olduğu üçün böyükdür, lakin bəzisi bəzisinə görə kiçik görünür. Bir kiçik günahı etməmək, bütün dünyanın nafilə ibadətlərindən daha savabdır, çünki nafilə ibadət etmək fərz deyildir. Günahlardan çəkinmək isə fərzdir. (Riyad-un-nasıhin) 

 

Tövbə edilməyən günahların cəzası verilərsə, bu cəzaya dözmək çox çətin olar.

İnsan öz acizliyini düşünərək Allahu təalanın əzabının çox çətin və şiddətli olduğunu yaxşı bilməsi lazımdır.

İnsanın dünyada heç bir şeyə etibar etməməsi lazımdır! Nə elminə, nə ibadətinə, nə soyuna, xülasə heç bir fəzilətinə etibar etməməsi lazımdır!

 

Allahu təalanın qəzəbi günahlar içində gizlidir. Bir günah üzündən böyük əzaba məruz qala bilər. İllərlə ibadət edən məqbul bir qulunu əbədi olaraq Cəhənnəmə qoya bilər.

Yüz min il ibadət edən İblis, qürurlanaraq Adəm əleyhissəlama doğru səcdə etmədiyi üçün sonsuz olaraq lənətlik oldu, Allahu təala yüz min illik ibadətini üzünə vurdu.

 

Cəzaya məruz qalanlar

Allahu təala bir zəllə üzündən Adəm əleyhissəlamı Cənnətdən çıxardı. Həzrəti Adəm illərlə fəlakətlərə məruz qaldı. (Zəllə, doğrular içində ən doğrunu tapa bilməmək deməkdir. Peyğəmbərlər əsla günah işləməz.)

 

Adəm əleyhissəlamın oğlu Qabil, qardaşı Habili öldürdüyü üçün əbədi Cəhənnəmlik oldu.

 

Nuh  əleyhissəlama, kiçik bir söz üzündən Allahu təalanın sərt xitabına məruz qaldı. Utandığından qırx il başı aşağı gəzdi.

 

Allahın dostu İbrahim əleyhissəlam da bir zəlləsi üzündən uzun müddət ağladı. Cəbrayıl əleyhissəlam gəlib dedi ki:

- Nə üçün bu qədər ağlayırsan? Sən Allahın dostusan. Heç dost dostunu cəzalandırar?

İbrahim əleyhissəlam belə cavab verdi:

- Etdiyimi düşünərkən dostluq xatrıma gəlmir.

 

Yunus əleyhissəlam zəllə sayılacaq bir hərəkət səbəbiylə Allahu təala onu dəniz altında qırx gün balığın qarnına həbs etmişdir.

 

Davud əleyhissəlam da bir zəllə üzündən o qədər ağladı ki, göz yaşlarından otlar bitdi. Allahu təalaya dua edərkən dedi ki:

- Ya Rəbbi, göz yaşımı görürsən.

Cənabı Haqqın cavabı belə oldu:

- Ey Davud, etdiyini unudub, göz yaşlarını xatırlayırsan.

Davud əleyhissəlam qırx il daha ağlamışdır.

 

Hər duası məqbul, alim və övliyadan bir şəxs olan Bəlamı Baura, Musa əleyhissəlama qarğış etdiyi üçün kafir oldu. Dərhal sonra dili sinəsinə qədər sallanıb yapışdı. Qurani-kərimdə dilini çıxarıb tənəffüs edən itə bənzədildi. (Əraf 176)

 

Çox zəngin olan  Qarun, zəkat vermədiyi üçün malı ilə həlak oldu.

 

O halda, hər günahdan çəkinmək lazımdır. Günah işləyəndə də ümidsizliyə qapılmamaq, dərhal tövbə etmək lazımdır. Peyğəmbər əfəndimiz, “Ya Rəbbi, qəzəbindən rizana, əzabından əfvinə, səndən sənə sığınıram” deyə dua edərdi. (Hakim)

 

Allahın rəhməti çoxdur

Müsəlman Allahu təalanın rəhmətinin sonsuzluğunu düşünərək, ümidsiz olmaması lazımdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Allahu təalanın möminə olan mərhəməti, ananın uşağına olan mərhəmətindən daha çoxdur.” (Buxari)

 

“Allahu təala qiyamətdə buyurur ki: Dünyada bir gün məni xatırlayıb zikr edəni, məndən bir dəfə qorxanı, Cəhənnəmdən çıxarın!” (Tirmizi)

 

“Mömin, Allahın əzabının şiddətini bilsəydi, Cənnəti ümid etməz, kafir də Allahın rəhmətinin sonsuzluğunu bilsəydi, Cənnətdən ümidini kəsməzdi.” (Müslim)

 

“Qiyamətdə [günahı savabından çox] biri, Cəhənnəmə aparılarkən, “Ya Rəbbi, dünyada sənə daima hüsnü-zənn etdim, [rəhmətindən ümid kəsməmişdim]” deyər. Allahu təala da, “Onu buraxın! Qulumu məni zənn etdiyi kimi qarşılayaram” buyurar.” (Beyhəqı)

 

“Allahu təala qiyamətdə heç kimin təsəvvür edə bilməyəcəyi qədər çox adamı əfv edər. Hətta İblis belə əfv ediləcəyini ümid edər.” (İbni Əbiddünya)

 

“Allahu təala buyurur ki: Mən Allaham, məndən başqa ilah yoxdur. Rəhmətim qəzəbimi keçmişdir. Allahdan başqa ilah olmadığına və Muhamməd əleyhissəlamın Onun qulu və rəsulu olduğuna şahidlik edən, Cənnətə girər.” (Deyləmi)

 

(İxlasla) “Lə ilahə illəllah Muhammədun Rəsulullah” deyən kimsəyə  Cəhənnəm haramdır.” (Buxari)

 

Qazı Yahya ibn Əksəm vəfat edəndə yuxuda görüb halını soruşdular. O da, “Allahu təala mənə, “Ey pis qoca, bunları nə üçün etdin” deyə məni danladıqda, məni böyük bir qorxu bürüdü. Mən də, “Ya Rəbbi, belə suala çəkiləcəyimi bildirmədilər” dedim. “Nə bildirdilər?” buyurdu.

Mən də ravilərin adını sayaraq, “Mən əzimüşşan müsəlman olaraq saçı saqqalı ağ olan quluma əzab etməkdən həya edərəm” buyurduğunu bildirdilər, dedim.  “Sən və ravilər sadiqsiniz. Mən də səni məğfirət etdim” buyurdu” deyə cavab verdi.

 

Cəhənnəmdən iki adamı çıxararlar. Allahu təala, “Etdiklərinizin qarşılığını gördünüz. Çünki mən zülm etmərəm” buyurduqdan sonra, “Hadi, təkrar Cəhənnəmə” deyiləndə, biri çox sürətli gedər, digəri isə getməz, gözləyər.

 

Hər ikisinə bunun səbəbini soruşarlar. Sürətli gedən, “Əmrə tabe olmamağın, söz dinləməməyin nəyə səbəb olduğunu anladım, onun üçün bu əmri heç olmazsa yerinə yetirim deyə sürətlə gedirəm” deyər. Digəri isə, “Rəbbimə hüsnü-zənn etdim. Cəhənnəmdən çıxaranda bir daha soxmaz deyə ümid etdim” deyər. Hər ikisini də Cənabı-Haqqın ehsanı ilə Cənnətə apararlar.

 

Allahu təalanın əfv və məğfirətini ümid edən möminləri və özündən qorxanları Cəhənnəmdən çıxaracağı bildirilmişdir. Peyğəmbər əfəndimizin şəfaəti də günahı savabından çox olan möminlər üçündür.

 

Həzrəti Əbu Bəkir buyurdu ki:

Allahdan qorxmağınızı, xavf ilə rəcanı birləşdirməyinizi tövsiyə edirəm. Çünki Allahu təala Zəkəriyyə əleyhissəlamı və əhli-beytini belə tərifləyir:

“Xeyr işlərində yarışar, qorxu ilə ümid arasında bizə dua edərdilər.” (Ənbiya 90)

 

Həzrəti Ömər buyurdu ki:

“Əgər deyilsə ki, Cənnətə tək bir adam girəcək, o adamın özün olduğunu ümid etməyin lazımdır! Yenə deyilsə ki, Cəhənnəmə tək bir adam girəcək, o kimsənin özün olacağını zənn edib qorxmağın lazımdır.”

 

Həzrəti Əli də, “Günahlarım çox, Allah məni əfv etməz” deyərək ümidsizliyə düşən bir nəfərə buyurdu ki: “Ümidsiz olma, Allahu təalanın rəhməti sənin günahlarından böyükdür. Rəhməti qəzəbini aşmışdır.” Allahu təalanın rəhmətini ümid etmək, qulu Cənnətə çəkən ip kimidir. Xavf, yəni Allahdan qorxmaq isə, Cəhənnəmə düşməmək və Cənnətə getməsi üçün vurulan qamçı kimidir.

 

Peyğəmbər əfəndimiz ölüm halındakı bir gəncdən soruşur:

- Özünü necə görürsən?

- Günahlarımdan qorxur, lakın Allahdan ümid kəsmirəm.

- Bu qorxu ilə ümid, bu ölüm halında belə olarsa, Allahu təala ona ümid etdiyini verər və onu qorxduğundan əmin edər. (İ. Qəzali)

 

Mömin daim qorxu ilə ümid arasında yaşaması lazımdır. Qorxunun çox olması daha yaxşıdır. Beləcə, pisliklərdən çəkinib yaxşılıq etməyə can atar. Ölərkən isə ümidi qorxusundan çox olması lazımdır.

Ya Rəbbi! Bizləri əzabından qorxan və rəhmətindən ümid edən qullarından eylə!

 

Sual: Bir yoldaş, “Biz bütün dünyanın müsəlman olması üçün çalışırıq” dedi. Mən də “Bu mümkündürmü?” dedim. “Tövbə de, Allahdan ümid kəsmək küfrdür. Sən kafir oldun” dedi. Mənim elə deməyin küfrlə əlaqəsi vardırmı?

CAVAB

Xeyr, küfrlə əlaqəsi yoxdur. Allahdan ümid kəsməyin bu mövzu ilə əlaqəsi yoxdur. Allahın rəhmətindən ümid kəsmək küfrdür. Yəni, məni qətiliklə Cəhənnəmə atar, mən bu günahkar halımda əsla Cənnətə girə bilmərəm, demək küfr sayılır. Özünü qəti Cəhənnəmlik bilmək küfr olduğu kimi, özünü qəti Cənnətlik bilmək də küfrdür, yəni doğru imana, əmr və qadağalara əhəmiyyət verilməz, varlığı ilə yoxluğu, etməsi ilə etməməsi eyni hala gələr, yəni onun üçün fərq etməz, bu səbəblə küfrə düşər.

Həzrəti Mehdi gəldiyi vaxt bütün dünyaya hakim olacaq, amma o ayrı bir mövzudur.

 

9-03-2023, 13:36
Geri