Gözəl İslam / Zarafat etmək

Zarafat etmək

Sual: Bəzi yoldaşlar yerli yersiz zarafat edirlər. Bəzən qorxur, bəzən kədərlənirəm. Bələ zarafat etmək uyğundurmu, zarafatda bir ölçü yoxdurmu?

CAVAB

İmam Qəzali həzrətləri buyurur ki:

Peyğəmbər əfəndimiz də zarafatlaşar, “Mən də zarafat edirəm, fəqət doğru danışıram” buyurardı. Yadlarla, tanışlarla, uşaqlarla, qoca qadınlarla və məhrəm qadınlarla zarafat edərdi. Ailəsinə qarşı da insanların ən zərifi idi. Aişə anamız ilə yarış etdi. Bir dəfə Həzrəti Aişə, başqa səfərdə də Sərvəri-aləm keçdi. Müsəlmanın xanımı ilə oynaması günah deyil, savabdır. Çünki hədisi-şərifdə, “Xanımı ilə zarafatlaşanı Allahu təala sevər, ikisinə də savab verər, ruzilərini artırar” buyuruldu. Bir dəfə qoca bir qadına, “Cənnətə qoca qarılar girməz” buyuranda, qadın kədərlənir. Bunun üzərinə qadına, təbəssümlə “Sən o vaxt gənc olarsan” buyurar.

Minik istəyən qoca bir qadına da “Sənə bir dəvə balası versəm, ona minərsən” buyuranda qadın, “Dəvə balası məni necə aparsın?” deyər. Təbəssümlə ona, “Hər dəvə başqa bir dəvənin balasıdır” buyurar.

Ümmü Eymən adlı bir qadın gəlib, mən filankəsin xanımıyam, sizi ərim dəvət edir deyir. O da, “Gözündə ağlıq olan adamın xanımısan?” buyuranda, qadın, “Xeyr onun gözündə bir şey yoxdur” deyər. Qadına təbəssümlə, “Gözündə ağlıq olmayan insan yoxdur” buyurur.

Həzrəti Aişə, Sevdə anamıza bu bulamaç aşını (sulu xəmirdən edilən yemək) yeməzsən üzünə sürtərəm deyər, o da yemədiyi zaman üzünə sürtərkən, aralarında oturan Rəsulullah əfəndimiz Həzrəti Sevdəni sipər etməyə çalışar. Həzrəti Aişə də üzünə sürtər, Rəsulullah onlara baxıb gülümsəyər. Hədisi-şəriflərdə də buyurulur ki:

“Yoldaşına onu kədərləndirəcək zarafatı etmə!” [Tirmizi]

“Çox gülən yüngül olar. Zarafatı çox olanın da vüqarı gedər.” [İ.Asaqir]

“Zarafatın doğru olanını Allahu təala məsul tutmaz.” [İ.Asaqir]

“Ölçüsüz zarafat edən yüngül hesab edilir.” [Deyləmi]

Həzrəti Ömər, “Çox gülənin heybəti azalar, çox zarafat edən yüngül sayılar” buyurdu.

Rabiə Xatın, “Günah olmayan işlərdə könül almaq üçün zarafatlaşmaq mürüvvətəndir” buyurdu.   

Hikmət əhli buyurur ki:

Hər şeyin toxumu vardır. Düşmənliyin toxumu da zarafat və lağdır. Ey oğul, az zarafat et, çox zarafat insanın dəyərlərini məhv edər və pisləri əleyhinə cəsarətləndirər. Zarafatı tamamilə tərk etmək də dostların nifrət etməsinə və səmimiyyətin kəsilməsinə yol açar. Bir işi edərkən içinə bezginlik gələr, ağırlıq çökərsə, o zaman o etdiyin şeyi bir müddət tərk et, dincəl, azacıq zarafat et, bu surətlə özünə sevinc gətir. Fəqət, zarafatlaşmağı o dərəcə tənzimlə ki, yeməyə atılan duz kimi olsun. Yəni, yeməyə atılan duz çox olanda yeməyin ləzzətini necə pozarsa, zarafat da elədir. Azı qərar, çoxu zərər. Çox az olarsa könlümüzün nəşəsi yerinə gəlməz. Zarafat, könüldəki donuqluğu və o işə qarşı doğan can sıxıntısını aradan qaldıracaq qədər olması lazımdır.

Zarafatda da ədəbi mühafizə etmək lazımdır. Məsələn, xoca tələbəsinə, ana-ata övladına zarafat etsə, tələbə və övlad bu səmimiyyətdən sui-istifadə etməməsi lazımdır.

Zarafatı da ciddidir

Peyğəmbər əfəndimizin, “Ciddisi də, zarafatı da ciddidir” buyurduğu xüsuslar vardır. Bunlardan bir neçəsi bunlardır:

Bir kimsə zarafatdan və ya rol üçün iki şahid yanında evlənsə, həqiqətən evlənmiş olar. Yenə bir kimsə zarafat ilə, lağ olsun deyə və ya xanımını qorxutmaq niyyətiylə “Səni boşadım” desə, xanımını həqiqətən boşamış olur.

Bir kimsə, köləsinə “Səni azad etdim” desə, həqiqətən köləsi azad edilmiş olar. Sözündən imtina edə bilməz. Bir kimsə bir gün oruc nəzir etmək yerinə səhvən bir ay desə, bir ay oruc tutması lazımdır. Dinimizin əmri budur. (Dürər, Rədd-ül Muxtar)

Təhdid edilmədən, bir zərurət yox ikən, zarafat ilə, lağ ilə kafir olum demək, dini bilgilərə xurafat və inanmıram demək, günah işlədənlərə halal olsun, demək küfrdür. Belə söyləyən müsəlman isə mürtəd olur. Mürtəd olanın bütün ibadətlərinin savabı yox olar. Bir neçə adamı güldürmək üçün ibadətləri yox etmək ağıllı kimsəyə yaraşarmı?

“Əməllər niyyətə görədir” hədisi-şərifi taətlərə və mübahlara niyyətə görə savab veriləcəyini bildirir. Günahlar niyyətsiz və ya yaxşı niyyətlə də işlənərsə günah olmaqdan çıxmaz. Məsələn, “Mömini sevindirəni Allahu təala sevindirər” hədisi-şərifinə riayət etmək üçün, bir mömini sevindirmək niyyətiylə içki masasına oturmaq savab olmaz, günah olar.

Bir Xristian qız bir Müsəlman kişiyə, “Mənimlə rəqs edərsən müsəlman olaram” desə, müsəlmanın yaxşı niyyətlə onunla rəqs etməsi və ya başqa günah işləməsi caiz olmaz.

Sual: Kənd toylarında oyun üçün bir kişiyə qız paltarı geyindirib qaçırırlar. Qızlara da da kişi paltarı geyindirirlər. Belə etmək uyğun olar?

CAVAB

Oyun üçün, zarafat üçün də olsa zərurətsiz kişinin qadın paltarı, qadının da kişi paltarı geyinməməsi lazımdır! Hədisi-şəriflərdə buyuruldu ki:

“Qadın paltarı geyən kişiyə, kişi paltarı geyən qadına lənət olsun!” [Hakim]

“Qadın kimi davranan kişiyə, kişi kimi davranan qadına lənət olsun!” [Buxari]

“Kişiyə bənzəməyə çalışan qadın, qadına bənzəməyə çalışan kişi bizdən deyildir.” [İ.Əhməd]

“Özünü kişiyə bənzədən qadın, içki içməyə davam edən və dəyyus Cənnətə  girməz.” [Tabərani]

Peyğəmbər əfəndimiz, kişi qılığına girib nizə qurşanmış bir qadını görəndə “Kişiyə bənzəməyə çalışan qadına, qadına bənzəməyə çalışan kişiyə lənət olsun” buyurdu. Əl və ayaqlarını xınalayıb qadına bənzəməyə çalışan birini sürgünə göndərdi. (Tabərani, Əbu Davud)

Bu günahları və ya başqa böyük günahları işləyən bir insan imanla ölərsə, günahlarının cəzasını çəkdikdən sonra Cənnətə girər. Böyük günaha davam edənlərin imanlı olaraq ölmələri çətindir. Onun üçün hər günahdan çəkinmək lazımdır!

Kədərli zarafat

Sual: Zarafatla yalan söyləmək və ya qorxuducu zarafatlar etmək, məsələn, zarafatdan bir kimsənin bir əşyasını gizlətmək caizdir?

CAVAB

Bunlar günahdır. Maddələr halında açıqlayaq:

“Yalan münafiqlik əlamətidir.” [Buxari]

“Yalandan çəkinin! Çünki yalan günaha, günah da Cəhənnəmə aparar.” [Buxari]

“İnsanları güldürmək üçün yalan söyləyənlərə təəssüflər olsun!” [Əbu Davud]

“Bir mömini qorxudanı Allahu təala da müddəti min il olan gündə qorxudar.” [Deyləmi]

“Bir mömini qorxudan Qiyamət qorxularından əmin olmaz.” [Beyhəqı]

“Qorxuducu şeylər söyləməyin!” [Deyləmi]

“Allaha və axirətə inanan bir Müsəlmanı qorxutmasın!” [Tabərani]

“Bir Müsəlmana qorxuducu gözlə baxanı Allahu təala Qiyamətdə qorxudar.” [Tabərani]

“Müjdələyici olun, qorxuducu olmayın!” [Əbu Davud]

“Bir dəmirlə [bıçaqla və ya hər hansı zərər verici bir alətlə] yoldaşına işarə edib qorxudana mələklər lənət edər.” [Müslim]

Bir şəxs yoldaşı yatarkən, onun bir oxunu aldığı sırada, yoldaşı qorxaraq oyanır. Bunu görən Rəsulullah əfəndimiz (səllallahu aleyhi və səlləm) buyurar ki:

“Müsəlmanı [hər hansı bir şəkildə] qorxutmaq halal deyildir.” [Tabərani]

Yenə birisi, yoldaşının ayaqqabılarını gizlicə alıb saxlayır. Yoldaşı gələndə oradakılara ayaqqabılarını soruşur. Onlar görmədikləri üçün, “Biz bilmirik” deyərlər. Ayaqqabını saxlayan kimsə, “Ayaqqabın buradadır” deyər. Bunu görən Rəsulullah əfəndimiz, “Necə olar da mömini qorxudursan?” buyurar. O kimsə zarafat etdiyini söyləyəndə iki dəfə daha, “Necə olar da mömini qorxudarsan?” deyə onu tənqid edər.(Tabərani)

Etdiyimiz zarafatdan ötəri yoldaşımız kədərlənər və qorxarsa günaha girmiş olarıq. Yenə zarafat ilə yoldaşını qorxudan birisinə Rəsulullah (sallallahu aleyhi və səlləm) buyurar ki:

“Müsəlmanı qorxutmaq böyük zülmdür.”  [Bəzzar]

“Yoldaşınızın bir şeyini ciddi və ya zarafat olaraq da almayın!” [Tirmizi]

Belə kədərli zarafat edənin dərhal üzr istəyib halallaşması lazımdır. Bundan daha önəmlisi də üzr istəyəcək vəziyyətə düşməmək lazımdır. Bir hədisi-şərif belədir:

“Üzr istəyəcək işləri etməkdən çox çəkinmək lazımdır.” [İbni Nəccar]

Yalan və zarafat

Sual: 1 Apreldə zarafat etmək caizdir?

CAVAB

Yalan söyləmədən, kimsəni üzmədən, qorxutmadan, malını almadan hər zaman zarafat etmək caizdir. İki hədisi-şərif məali belədir:

“Mübahisəyə girməyən, haqlı olsa da heç kimi incitməyən, zarafat və ya güldürmək üçün yalan söyləməyən, gözəl əxlaqlı olan Müsəlman Cənnətə girər.” [Tirmizi]

“İnsanları güldürmək üçün yalan söyləyənlərə təəssüflər olsun!” [Əbu Davud]

1 Aprel zarafatları ümumiyyətlə uyğunsuz olur.

İnsanları qorxutmaq və üzmək

Sual: Zarafat üçün bir Müsəlmanı üzmək, məsələn, boş bir silahı ona göstərmək və ya bıçaq göstərmək yaxud ayaqqabılarını sgizlətmək caizdirmi?

CAVAB

Zarafat üçün də olsa heç biri caiz deyildir. Bir hədisi-şərif:

“Bir dəmirlə [bıçaqla və ya hər hansı zərər verəcək bir alətlə] yoldaşına işarə edib qorxudana mələklər lənət edər.” [Müslim]

Bir şəxs almanı dörd yerə bölüb soyduqdan sonra, bıçağın ucuna bir parça soxub elm əhli bir şəxsə uzadır. O şəxs də belə etməyin uyğun olmadığını izah etmək üçün, “Baxın mənə bıçaq göstərir” deyir. Sonra o kimsə tövbə edər. Demək ki, alma ikram edərkən belə bıçağı birisinə doğru uzatmaq uyğun olmaz.

Etdiyimiz zarafatdan ötəri yoldaşımız kədərlənsə günaha girmiş olarıq. Yenə, zarafatla yoldaşını qorxudan birinə Rəsulullah, (sallallahu aleyhi və səlləm) buyurar ki:

“Müsəlmanı qorxutmaq böyük zülmdür.” [Bəzzar]

Söz söyləyərək və ya işarə ilə də olsa Müsəlmanı qorxutmaq caiz olmaz. Bir neçə hədisi-şərif:

“Bir Müsəlmana toxundurucu söz söyləyənin üzü Cəhənnəmdə qara olar.” [Haraiti]

“Qorxudacaq şəkildə bir Müsəlmana baxanı Allahu təala Qiyamətdə qorxudar.” [Tabərani]

“Bir mömini qorxudan Qiyamətdə qorxularından əmin olmaz.” [Beyhəqı]

“Qorxuducu şeylər söyləməyin!” [Deyləmi]

“Allaha və axirətə inanan bir Müsəlmanı qorxutmasın!”  [Tabərani]

14-03-2018, 14:05
Geri