Gözəl İslam / Övladın valideyn üzərində haqları

Övladın valideyn üzərində haqları

Sual: Övladın ata-ana üzərindəki haqları nədir?

CAVAB

Övladın ata-ana üzərində haqları vardır. Bəziləri belədir:

1- Gələcəkdə uşaq anasıyla pislənməməsi üçün övladına ana olacaq qızı yaxşı yerdən  seçməlidir. Salehə olmasına diqqət etməlidir!

2- Uşağa yaxşı ad qoymaq lazımdır! Hədisi-şərifdə buyuruldu ki:

“ Uşağa gözəl bir ad qoymaq, övladın ata üzərindəki haqlarındandır.” [Beyhəqı]

Əhməd, Muhamməd, Mahmud kimi Peyğəmbər əfəndimizin adlarını qoymaq lazımdır! Allahu təala“Həbibimin (sevgili) adında olan müsəlmana əzab etməyə həya edərəm” buyurdu. Rəsulu da“Üç oğlu olub, birinə mənim adımı verməyən cahillik etmiş olar” buyurdu. [Tabərani]

3- Uşağı gözəl tərbiyə etməlidir! Hədisi- şəriflərdə buyuruldu ki:

“Uşağa gözəl tərbiyə övladın atasındakı haqlarındandır.” [ Beyhəqı]

“Övladınıza ikram edin, onları ədəbli, tərbiyəli böyüdün!” [İbni Macə]

“Uşağı tərbiyə etmək nəvələrə sədəqə verməkdən daha savabdır.” [Tirmizi]

4- Uşağa qarşı nəvazişli davranmalıdır! Peyğəmbər əfəndimiz əleyhissəlam nəvəsini öpərkən biri görüb, “Ya Rəsulullah, mənim on uşağım var, heç birini öpmürəm” dedi. Ona, “Mərhəmət etməyən, mərhəmət görə bilməz” buyurdu. [Buxari]

Hədisi-şəriflərdə buyuruldu ki:

“Uşaqlarınızı çox öpün, hər öpəndə Cənnətdəki dərəcəniz yüksələr.” [Buxari]

“Uşaq qoxusu Cənnət qoxusudur.” [Tabərani]

5- Uşaqlara  beddua etməməlidir. İbni Mübarək həzrətləri uşağını şikayət edənə, “Uşağa bəddua etdinmi?” dedi. O, da hə deyincə, “Uşağın əxlaqını sən pozdun” buyurdu.

6- Uşaqlara yaxşılıq etməlidir! Hədisi-şərifdə buyuruldu ki:

“Övladınıza ikram edin, ata-ananın sizdə haqqı olduğu kimi, övladınızın da sizdə haqqı vardır.” [Tabərani]

7- Uşağı halal qida ilə bəsləməlidir! Haram qidanın təsiri uşağın canına işləyər, uşaqda doğru olmayan işlərin meydana gəlməsinə səbəb olar. Hədisi-şərifdə “Yeyib-içdikləriniz halal, təmiz olsun! Uşaqlarınız bunlardan hasil olar” buyuruldu. [R.Nasıhin]

8- Atanın uşaqlarına elm, ədəb və sənət öyrətməsi fərzdir. Əvvəl Qurani-kərim oxumağı öyrətməlidir. Sonra imanın və İslamın şərtlərini öyrətməlidir. Yeddi yaşından etibarən namaz qılmağa vərdiş etdirməlidir. Dünya və axirətdə qurtuluş elmdədir. Uşağa dini bilikləri öyrətdikdən sonra, məktəbə göndərməli, ali və universitet təhsili aldırmalıdır. Dinini öyrənmədən məktəbə göndərilərsə, artıq bunları öyrənməyə vaxt tapmaz. Din düşmənlərinin tələsinə düşüb onların yalanlarına aldanar. Dinsiz və İslam əxlaqından məhrum olaraq yetişər. Dünya və axirətdə fəlakətlərlə üzləşər. Millətə zərərli olar. Özünə və başqasına edəcəyi pisliklərin günahları ata-anasına da yazılar. Uşağına din biliklərini öyrətmədən əvvəl kafir məktəbinə göndərməyin böyük zərərləri İrşadül-hiyara kitabında yazılıdır.

9- Uşaq həddi buluğa çatıb evləndikdən sonra ona belə deməlidir:

“Övladım, səni tərbiyə etdim. Oxutdurub, evləndirdim. Dünyada bir fəlakətə, axirətdə əzaba uğramaqdan Allahu təalaya sığınıram. Ağlını başına yığ, buna görə çalış!” [İ. Hibban]

10- Ahnəf ibn Qays həzrətləri buyurdu ki:

“Uşaqlar üçün çətinliklərə qatlaşmalı, onların ayaqları altında yumşaq yer, başları üstündə kölgə olmalıyıq! Onlarla sərt davranmayaq ki, bizdən uzaqlaşmasınlar. Bizdən bezib ölümümüzü gözləməsinlər. Uyğun istəklərini yerinə yetirməli, əsəbiləşərlərsə təskinlik verməyə çalışmalıyıq!”

11- Uşaqlar arasında ədalətə riayət etməlidir. Hədisi-şərifdə buyuruldu ki:

“Hədiyyə verərkən uşaqlarınız arasında bərabərliyə riayət edin!” [Tabərani]

12- Fudayl bin İyad həzrətləri buyurdu ki:

“Ata-anasına yaxşılıq edən, qohumunu ziyarət edən, din qardaşına ikram edən, uşaqları və xidmətçisi ilə yaxşı dolanan, dinini qoruyan, faydasız işlərdən uzaq duran və Rəbbinə ibadət edən mürüvvət əhlidir.”

13- Ata, etməyəcəyini zənn etdiyi əmri uşağına söyləməməlidir. Söyləyib onu itaətsizliyə sövq etməməlidir. Saleh bir şəxs oğlundan heç bir şey istəməzdi. Səbəbi soruşulanda “Bir şey istədiyim vaxt oğlumun mənə qarşı gəlməsindən qorxuram. Qarşı olarsa, Cəhənnəmə vasil olar. Mən də oğlumun atəşdə yanmağına razı ola bilmərəm” buyurdu. Hədisi-şərifdə buyuruldu ki:

“Bunlar səadət əlamətidir: Salehə xanım, itaət edən uşaqlar, saleh dost.” [Hakim]

Uşağın da haqqı var

Bir adam Həzrəti-Ömərə oğlunu şikayət edər. Həzrəti-Ömər bu kimsənin oğluna deyər ki:

-İmandan sonra birinci vəzifəmiz ata-ananın qəlbini qırmamaqdır. Onlar nə qədər pis olsalar da, yenə hər şeyin üstündə haqları vardır. Onların qəlbini qıranın ibadəti qəbul olmaz. Müsəlman doğulmamıza və Müsəlman böyüməyimizə səbəb olan ata-anamızın qəlbini qırarsaq Cənnətə necə girərik? Onlar bizi nə qədər təhqir etsə də, yalvararaq könüllərini almağımız lazımdır. Müsəlman ata-anamız bizdən razı olmadıqca, Allahu təalanın sevdiyi qulu olmaq çox çətindir. 

Uşaq Həzrəti-Ömərə deyir ki:

-Ya Əmirəl möminin, söylədiklərini eyni ilə qəbul edirəm. Lakin, uşağın ata-anası üzərində heç haqqı yoxdur?

Həzrəti-Ömər buyurdu ki:

-Bəli, uşağın da haqqı vardır. Evlənərkən uşaqlarına ana olacaq qız və ya qadını yaxşı ailədən seçməyi, uşağa gözəl bir ad qoymağı və dinini öyrətməyi lazımdır.

Uşaq Həzrəti-Ömərə belə cavab verdi:

-Atam mənə tərbiyə nədir öyrətmədi. Anam isə zənci bir Məcusinin (atəşpərəsin) qızı idi. Adımı “Qara böcək” qoymuş və Allahın kitabından mənə bir hərf belə öyrətmədi. Heyf ki, dinim haqqında heç bir şey bilmirəm.

Həzrəti-Ömər uşağın atasına dedi ki:

-Gəlib bir də mənə oğlunu şikayət edirsən; halbuki sən onun haqqını çeynəmiş və o, sənə pislik etməmiş, sən ona pislik etmişsən.

Sual: Bəzi kimsələr, “Uşaq din dərsini, ancaq orta məktəb, hətta universiteti bitirdikdən sonra öyrənməlidir. Daha əvvəl öyrənərsə ağlı qarışar. Fənn dərslərini öyrənməyi və inanmağı çətin olar” deyirlər. Uşağa kiçik ikən dinini öyrətmək lazım olmazmı?

CAVAB

Fənn dərsi din dərsindən ayrı deyildir. Fənn dərsi islami elmlərin bir qoludur. İslami bilikləri öyrənən fənn elmlərini də öyrənir. Hər Müsəlman uşağına və əmri altında olanlara dinini öyrətməklə cavabdehdir. Bir hədisi-şərif məalı:

“Hamınız bir sürünün çobanı kimisiniz. Çoban sürüsünü qoruduğu kimi, siz də evinizdə və əmriniz altında olanları Cəhənnəmdən qorumalısınız! Onlara Müsəlmanlığı öyrətməsəniz cavabdeh  olarsınız.” [Müslim]

Bir ayət məalı belədir:

“Ey iman edənlər, yanacaq insan və daş olan Cəhənnəm atəşindən özünüzü və uşaqlarınızı qoruyun”. [Tahrim 6]

Yaxşılığa da, pisliyə də səbəb olanlar etdikləri işə ortaq olurlar. Üç hədisi-şərif məalı:

“Dinimizdə yaxşı bir cığır açan, bununla əməl edənlər kimi savaba qovuşur, onların savabından da heç bir şey əskilməz. Kim də dinimizdə pis bir cığır açarsa, onların günahı ona da verilir, o pis yoldakıların günahından heç bir şey əskilməz.” [ Müslim]                         

“Xeyrə dəlalət edən [yol göstərən, səbəb olan] o xeyri edən kimi savaba qovuşar.” [ Tabərani]

“Bir Müsəlmanın övladı ibadət edərkən qazandığı savab qədər atasına da verilir. Bir kimsə, uşağına dinini öyrətməyib günah olan şeylər öyrədirsə, bu uşaq nə qədər günah işləsə, atasına da o qədər günah yazılır” [S.Əbədiyyə]

“Ağac yaş olarkən  əyilir” və “ Dəmir isti döyülər” kimi atalar sözləri məşhurdur. Hər şey vaxtında edilər. Bir hədisi-şərif məalı:

“Uşaqkən öyrənilən şey daş üzərinə cızılan naxış kimi qalıcıdır. Yaşlandıqdan sonra öyrənməyə başlamaq isə su üzərində yazı yazmağa bənzəyir.” [ Hatib]

Buna görə uşaqlarımıza əvvəlcə dinimizin əmr və qadağalarını və Qurani-kərimi öyrətməliyik. Sonraya saxlamamalıyıq. “Hələkəl-müsəvvifun” hədisi-şərifdir. Mənası isə, “Xeyirli işlərinizi dərhal edin. Sabaha saxlamayın, yoxsa həlak olarsınız” deməkdir. Xeyirli işlərin birincisi və ən önəmlisi uşaqlara İslamiyyəti öyrətməkdir. Hər bir Müsəlmanın bu birinci vəzifəni dərhal etməsi, sabaha saxlamaması lazımdır.

 

2-04-2018, 13:50
Geri