Gözəl İslam / Mehr nədir?

Mehr nədir?

Sual: Mehr nədir? Dinimizdə mehrin əhəmiyyəti nədir?

CAVAB

Mehr, kişinin evlənərkən qadına verməsi lazım olan qızıl, mal və ya bir mənfəətdir. Bakıda ümumiyyətlə mehr qızıl olaraq verilir. Mehrin qızıl olması şərt deyildir. Hər hansı bir mal [ev, bağ, avtomobil, fabrik] və ya bir mənfəət də ola bilər. Dul qadınla evlənən də mehr verər.

Mehr razılaşmadan edilən nikah da səhihdir. Ancaq evləndikdən sonra da kişinin xanımına “mehri-misil” verməsi lazımdır.

Bir qız  və ya qadın evlənərkən, “Mənim nikahım mehrsiz olsun” deyə bilməz. Bir mehrdə razılaşılar. Bu mehr qadının haqqı olduqdan sonra almadan da ərinə bağışlaya bilər. Bağışlaması isə çox savabdır.

Xanım, mehrimi halal etdim dedikdən sonra haram olsun deməsi ilə haram olmaz, hədiyyəsini geri istəyə bilməz.

Toydan əvvəl qıza verilən zinətlər nikahda mehrdən söz edilməmiş isə mehr yerinə keçər. Kişi, nişan üçün göndərdiyim şeylər mehr idi desə, qadın isə hədiyyə idi desə, yeyilən şeylər hədiyyə olar. Başqa şeylər, mehr olar.

Mehr iki qisimdir. Mehri muaccəl və mehri müəccəl. Hər iki mehr nikahda bildirilmədi isə, mehri misl verilməsi lazımdır. Qadının ata tərəfindən qohumuna verilən qədər verər. 

Mehri muaccəl:

Yubanmadan verilməsi lazım olan mehr deməkdir. Bir bilərzik, bir sırğa, bir soyuducu və sairə ola bilər. Nikah kəsiləndə verilməsi vacib olar. Zifafdan və xəlvətdən əvvəl verilər. Mehri muaccəli gecikdirmək caiz deyildir. Xanım ayrılmağa səbəb olan bir şey edərsə, məsələn, mürtəd olarsa, hörməti-müsahərəyə səbəb olarsa, mehri muaccəl verilməz. Kişi boşayarsa və ya ayrılığa səbəb olanı edərsə, yarısı verilər.  

Əvvəl qıza verilən zinətlərdən hansının mehri muaccəl olduğu bilinməsi lazımdır. Nikah qıyılarkən  o vaxt “məlum olan” deyilir. Bilinmirsə, məlum olan demək səhv olar. Ən uyğunu isə mehri müəccəl kimi muaccəl də təsbit edilib, bu qədər mehri muaccəl və bu qədər mehri müəccəl ilə deyilməsi lazımdır. Tərəflər mehri muaccəli təsbit etdikləri halda söyləmək istəməsələr o vaxt, “aralarında məlum olan mehri muaccəl ilə” ifadəsindən istifadə edilər. Sonradan boşanma baş verərsə taxılan zinətlərin hansı əmanət, hansı hədiyyə, hansı mehri muaccəl olduğunun bilinməsi lazımdır, hər hansı bir ixtilafa səbəb olmaması lazımdır.

Mehri müəccəl:

Dərhal verilməyib daha sonra verilməsi lazım olan mehr deməkdir. Xəlvət olmuşsa və ya ikisindən biri ölmüşsə, mehri müəccəlin verilməsi vacib olar. Xanımının istədiyi vaxtda verilər. Əgər istəmədi isə, ikisindən biri öləndə, verilməsi vacibdir. Xanım öləndə əri xanımının varislərinə verər. Əri öləndə mirasından xanımına verilər. Mehrin başlıq pulu ilə əlaqəsi yoxdur. Başlıq pulu almaq haramdır.

Boşanma halında zifaf və ya xəlvət olmuşsa müəccəl mehrin hamısı, olmamışsa yarısı verilər. Bir ayəti kərimə məali:

Əl toxunmadan boşadığınız qadınlara mehrin yarısını verin!” [Bəqərə 237]

Nikah kəsilərkən mehr deyilib nə qədəri muaccəl olduğu bildirilmədi isə, adətə və xanımının əmsalına görə söylənilənin bir miqdarı muaccəl olar. Nikah kəsilərkən mehri-muaccəlin bəlli bir tarixdə ödənilməsini şərt etmək caizdir. Boşanma halında mehrin ödəmə tarixinəriayət edilir. Ödəniş tarixi bəlli deyilsə boşanarkən dərhal ödənilir. (Fətavayi-Hindiyyə)

İslamiyyətdə mehr pulu evlənmək üçün deyildir. Evliliyin nizamlı, xoşbəxt olaraq davam etməsi, qadının haqq və azadlıqlarının qorunması, din cahili pis xasiyyətli kişinin əlində oyuncaq olmaması üçündür. Mehr pulunu vermək və uşaqların aliment pullarını hər ay ödəmək qorxusundan kişi xanımını boşaya bilməz. Bu qorxunun olmadığı yerlərdə məhkəmələr boşanma iddiaları ilə dolub daşır. Bunun üçün evlənəcək qızın İslamın gözəl əxlaqını və qadına verdiyi qiyməti bilən və bunlara önəm verən kişidən az miqdarda, əks halda isə çox miqdarda mehr istəməsi yaxşıdır.

Mehr pulu qadın üçün bir sığorta sayılır. Kişinin çətin ödəyəcəyi və ya heç verə bilməyəcəyi bir mehr ilə evlənən qadını kişi boşaya bilməz. Boşayarsa, maddi həyatı iflasa uğrayar. Mehr vermək qorxusu kişinin yaxşı yola getməsinə səbəb olar. Əgər kişi mehr pulunu verdikdən sonra xanımından ayrılarsa, xanımın kimsəsi də yoxdursa, bu mehr pulu ilə dolanma imkanı tapa bilər. İmkanı olan kişinin salehə qız və ya qadına çox mehr verməsi yaxşı olar. Həbəş imperatoru Nəcaşi Ümmi Həbibə anamız ilə Peyğəmbər əfəndimizin nikahlarını kəsəndə mehr olaraq təxminən 2 kq qızıl vermişdi. (Nəsai)

Mehri müəyyən etmədən kəsilən nikah da səhihdir. Amma daha sonra mehri misl vermək lazımdır. Mehrin yuxarı həddi yoxdur. Lakin ən azı 5 qram qızıldır. 

Boşadığı qadına mehri ödəməmək qul haqqıdır. Ödəməzsə axirətdə əzabı çox şiddətli olar. Qurani-kərimdə məalən buyurulur ki:

“Qadınlara mehrlərini könül rizası ilə verin, öz arzuları ilə mehrin bir qismini sizə hədiyyə etsələr, onu da afiyət ilə yeyərsiniz.” [Nisa 4]

Hədisi-şəriflərdə də buyuruldu ki:

“Mehr verməmək niyyəti ilə evlənən qiyamətdə oğrularla həşr olar.” [R.Nasıhin]

“Xanımını buraxıb mehrini verməmək haramdır.” [Hakim]

“Mehr olaraq bir üzük olsa da verin!” [Mülsim]

“Mehr pulu xeyirli maldır.” [Deyləmi]

Ən yaxşı mehr asan ödənəndir. Mehrdə asanlıq göstərin. Çox mehr istəmək düşmənliyə səbəbdir.” [Abdürəzzak]

Ər-arvad arasında olan məşru (dinə uyğun) xəlvət, yad qadın ilə olan haram xəlvət kimi deyildir. Yanlarında hiss və ya şəriət baxımından, yaxud təbii cəhətdən cinsi münasibətə mane bir səbəb olarsa, məşru xəlvət olmaz. İkisindən birinin xəstə olması, ehramlı olması, fərz namazda, Ramazan orucunda olması, qadının heyz və ya nifas halında olması, yanlarında ağıllı [7 yaşında] bir uşaq olması bu xəlvətə mane olar. Ancaq ağıllı, yetkin olmayan bir uşaq haram olan xəlvətə mane ola bilməz. (Məzahibi-ərbəa)

Bir qız ilə bir kişi nikahlanıb sonra boşansalar, belə məşru bir xəlvət də olmamışsa, mehrin yarısını verər. Xəlvət olmuşsa mehrin hamısını verər. 

Zifafa girməyən və xəlvət də olmayan qız bir dəfə boşananda, bain [qəti boşanmış] olar. Kişinin buna dərhal yarım mehr verməsi lazım olar və iddət gözləməz. Boşandığı gün belə başqası ilə evlənə bilər.

Mehrsiz nikah

Sual: Mehrsiz kəsilən nikah səhih olar?

CAVAB

Nikah səhih olar. Daha sonra da razılaşa bilərlər. Razılaşa bilməyib kişi mehr verməzsə, mehri misl verməsi vacib olar. Yəni, qadının ata tərəfindən qohumuna verilən miqdar qədər verər. Heç verməzsə qul haqqı olar, ancaq qadın istəyərsə, alacağı mehrini hədiyyə edə bilər. 

Boşanmada mehr

Sual: Evlənərkən xanımımın hicablı və namaz qılan birisi olmasını istədim. Hicabsız bir qıza təklif etdim, qəbul etdi və evləndik. Sonra dəyişdi. Namazı tərk etdi. Müsəlmanlığı qəbul etmirəm, dedi. Məni tərk edib getdi, yəni boşandıq. Mehr borcumu verməyim lazımdır?

CAVAB

Vermək lazım deyildir. Çünki qadının mürtəd olması və ya hörməti müsahərəyə qəsdən səbəb olması kimi qadının səbəb olduğu ayrılmalarda, mehri vermək lazım deyildir. Verilmişsə, kişi hamısını geri alar.

Toyda verilənlər

Sual: Toydan əvvəl, qıza qızıl bilərzik və sairə verilir. Nikahda mehr danışılmazsa, mehr yerinə keçər?

CAVAB

Bəli, keçər.

Dul qadına mehr

Sual: Dul qadınla evlənən də mehr verər?

CAVAB

Bəli, verər.

Mehri-muaccəl

Sual: S.Əbədiyyədə, nikah kəsilərkən, “Bu qədər mehri-müəccəl və aralarında məlum olan mehri-muaccəl ilə” deyiləcəyi bildirilir. Əgər mehri-muaccəl aralarında məlum deyil isə, yəni heç mehri-muaccəl danışılmamış isə yenə belə deyilə bilər?

CAVAB

Xeyr. O zaman əvvəl hər iki mehri də məlum hala gətirmək lazımdır. Mehr danışılmadan edilən nikah səhih olarsa da, doğrusu əvvəldən bunları müəyyən etməkdir. Müəyyən edilməmiş isə nikahdan sonra müəyyən edilər. 

Mehrin ən azı nədir?

Sual: Mehri-müəccəlin ən çoxu və ən azı nə qədər olması lazımdır?

CAVAB

Çoxunun bir miqdarı yoxdur, razılaşmağa bağlıdır. Ən azı isə 5 qram qızıldır. Əgər nikahda mehr razılaşması edilməmiş isə o vaxt kişinin mehri misl verməsi vacib olar. Mehri misl, qızın ata tərəfindən qohumuna verilən miqdardır. Ən azı isə 5 qram qızıldır.

Mehr söyləmədən hətta mehr verməmək şərtiylə edilən nikah səhihdir, amma şərt fasid olur. (S.Əbədiyyə)

Mehr iki qisimdir:

Mehri az istəmək lazımdır

Sual: Çox mehr istəmək yaxşıdırmı?                           

CAVAB

Mehr, evlənəcək qızın sığortası kimidir. Mehri çox istəyərsə, kişi sadə şeylər üzündən xanımını boşaya bilməz. Etibar edilməyən kişidən mehri çox istəməkdə zərər yoxdur. İstədiyi vaxt qadın mehrini ərinə hədiyyə edə bilər. Bu baxımdan çox istəməsinin bir zərəri olmaz. 

Saleh, etibarlı biriylə evlənən qızın çox mehr istəməməsi lazımdır. Bir neçə hədisi-şərif məali belədir:

Ən yaxşı mehr asan ödənəndir.”  [Hakim]

“Mehrdə asanlıq göstərin! Çox mehr istəmək düşmənliyə səbəbdir.” [Abdürrəzzaq]

Həzrəti Ömər buyurdu ki:

“Mehri çox istəməyin! Mehri çox almaq fəzilət olsaydı, Rəsulullah bunu edərdi.” [Tirmizi]

Bir qadının mehri bir cüt ayaqqabı idi. Peyğəmbər əfəndimiz bu qadının mehrindən məmnun olub olmadığını soruşdu. Qadının məmnun olduğu bildiriləndə Peyğəmbər əfəndimiz də  sevindi. (Tirmizi)

Mehr olaraq nə verilər?

Sual: Evlənərkən mehri müəccəl olaraq nələr istənilə bilər?

CAVAB

Qızıl, gümüş, kağız pul və ya hər hansı bir mal, yaxud bir mənfəət istənilə bilər. (Kitab-ül-fiqh ələl-məzahib-il-ərbəa)

Qadın, mehr olaraq özünə Qurani-kərim öyrətməsini də istəyə bilər. Bir ev, bir avtomobil istəyə bilər. Sadə bir şey üzündən kişinin boşanmasını önləmək məqsədiylə mehri çox istəmək yaxşı olar.

 

Mehr nisabı

Sual: “Kasıb qıza nisabdan artıq mehr istənəndə, o da qurban kəsə bilməyəcəyi üçün günaha girər. Beləcə qadına zülm edilmiş olar” deyilir. Çox mehr istəməklə qadına nə üçün zülm edilir?

CAVAB

Mehri çox istəməklə qadına zülmün heç bir əlaqəsi yoxdur. Qadın alacağı olan mehri nisaba qatar, ancaq pulu yoxdursa zəkat verməz, qurban da kəsməz. Bundan ötəri nə günaha girər, nə də zülmə uğrayar. Qurban kəsəcək qədər pulu varsa, qurban kəsər və qurban savabına girər. Qadın savaba girdiyi üçün ona zülm edilmiş olmaz. Əksinə əlində nisab miqdarı qədər pulu və ya qızılı olmadığı halda, mehr alacağını nisaba daxil etdiyi üçün zəngin olduğundan kəsdiyi qurbana vacib savabı verilir. Bu isə böyük bir nemətdir. Bu baxımdan çox mehr istəməyin heç zərəri olmaz, əksinə qadın üçün maddi və mənəvi faydası vardır.

4-04-2018, 13:06
Geri