Gözəl İslam / Yaxşılığa təşəkkür etmək lazımdır

Yaxşılığa təşəkkür etmək lazımdır

Sual: Yaxşılığa təşəkkürün dindəki yeri nədir?

CAVAB

Yaxşılıq edənə mal ilə, xidmət ilə qarşılığı edilir. Bunu edə bilməyən həmd və səna, təşəkkür və dua edər. Yaxşılığa qarşı yaxşılıq etmək insanlıq vəzifəsidir. Belə olduqda hər yaxşılığı edən, ən böyük yaxşılıq olaraq, yox ikən var edən, ən gözəl şəkli verən, bütün üzvləri, qüvvətləri ehsan edən, hər birini bir ahəng ilə işlədərək səhhət verən, ağıl və zəka bəxş edən, ailə-uşaq, ev, ehtiyac əşyası, qida, içki, paltarlarımızı yaradan uca bir Sahibə bu nemətləri səbəbsiz, qarşılıqsız ehsan edən və hər an yox olmaqdan, düşməndən, xəstəlikdən mühafizə edən və bizə heç ehtiyacı olmayan sonsuz qüvvət, qüdrət sahibi olan Allahu təalaya şükr etməmək, qulluq haqqını ödəməmək nə böyük qəbahət, nə çox zülm və nə alçaq bir vəziyyət olar. Hələ, Ona və nemətlərin Ondan gəldiyinə inanmamaq və ya bunları başqasından bilmək ən böyük zülm, ən çirkin üz qarası olar.

Yaxşılığın təriflənməsi lazımdır

Bir kimsəyə hər ehtiyacı verilsə, hər ay çatacaq pul, qida hədiyyə olunsa, bu kimsə o ehsan sahibi hər yerdə, hər kəsə necə tərifləyər. Gecə-gündüz onun sevgisini, təvəccühünü, onun qəlbini qazanmağa çalışmazmı? Onu dərdlərdən, çətinliklərdən mühafizə etməyə çalışmazmı? Ona qulluq edə bilmək üçün özünü təhlükələrə atmazmı? Bunları etməzsə, o ehsan sahibinə heç qiymət verməsə, hamı onu ayıblamazmı? Hətta, insanlıq vəzifəsini etmir deyə cəzalandırılmazmı?

Yaxşılıq edən bir insanın haqqında belə riayət edilir də, hər nemətin, hər yaxşılığın həqiqi sahibi olan, hamısını yaradan, göndərən, Allahu təalaya şükr etmək, Onun bəyəndiyi, istədiyi əməlləri etmək nə üçün lazım olmasın? Əlbəttə, ən çox Ona şükr etmək, ibadət etmək lazımdır. Çünki, onun nemətləri yanında başqalarının yaxşılıqları dəniz yanında damcı qədər belə deyildir. Hətta digərlərindən gələn yaxşılıqları da yenə O göndərir.

Şükür, hər nemətin Allahu təaladan gəldiyini bilib dil ilə də həmd etməkdir. Allahu təalanın əmrlərini yerinə yetirib qadağan etdiklərindən çəkinən şükür etmiş olar. İnsanların hidayəti üçün çalışmaq, onları irşad etmək də şükür sayılır.

Qəlbi yumşaltmaq üçün

Qatılaşan qəlbləri qorxu və ya şükür halındakı göz yaşı ilə yumşaltmaq lazımdır. Qurani-kərimdə şükür edilməsi əmr edilir:

“Şükr edərsəniz əlbəttə nemətimi artıraram. Əgər nankorluq edərsəniz, heç şübhəsiz ki, əzabım çox şiddətlidir.” [İbrahim 7]

“Qullarımdan şükür edən azdır.” [Səbə 13]

Hədisi-şərifdə də “Qiyamət günü “Şükür edənlər gəlsin!” deyə səslənilər. Onlar bir bayraq altında Cənnətə girər. Onlar, varlıqda-darlıqda, hər vəziyyətdə Allahu təalaya şükr edənlərdir.” buyuruldu. (İ.Qəzali)

Şükür nədir?

Şükür, İslamiyyətə tabe olmaq deməkdir. Dinimizin əmrlərinə tabe olan şükür etmiş olar.

Şükür, özünü o nemətə layiq görməməkdir. Şükür, Allahu təalanın verdiyi nemətlərdən Onun sevdiyi yerlərdə istifadə etməkdir. Allahu təala bir qula bir-birinin ardınca müxtəlif nemətlər verəndə, qul buna layiq olmadığını düşünüb utanması da şükür sayılır. Şükürdəki qüsurunu bilməsi də şükür sayılır.

Şükür edə bilmirik deyə üzr bəyan etməsi də şükür olar. “Allahu təala qüsurlarımı örtür” deməsi də şükürdür. Şükür vəzifəsini yerinə yetirməyin Allahu təalanın bir lütfü olduğunu düşünmək də şükürdür. Hətta vəsilə olanlara şükür də şükür sayılır. Hədisi-şərifdə buyuruldu ki:

“İnsanlara təşəkkür etməyən Allahu təalaya şükr etməmiş olar.” [İ.Əhməd]

9-04-2018, 15:48
Geri