Gözəl İslam / Küfr sayılırmı?

Küfr sayılırmı?

Sual: İnternetdə “Küfr siyahısı” başlığıyla paylaşılan aşağıdakı ifadələr küfrdürmü?
CAVAB
Mühakimə yürütməklə, müqayisə etməklə dini hökm vermək olmaz. Belə siyahıları sağa-sola göndərməklə də, dinə xidmət edilmiş sayılmır. Haram kimi, küfr kimi çox əhəmiyyətli bir məsələdə mötəbər əsərlərdən götürməyib “Bunlar küfrdür” demək çox məsuliyyətli bir işdir. Hər hansı bir sözündən ötrü bir Müsəlmana kafir demək təhlükəlidir. Təvil edilmə imkanı olan sözlərə küfr deyilməz. İnternetdə yayılan aşağıdakı sözlərin heç biri küfr deyil.

“Quran qənim olsun” demək:
Bu söz küfr deyildir. Belə söyləmək and sayılır, lakin belə and içmək də uyğun deyildir.

Ramazan ayı gəldikdə, “Ağır bir ay gəldi” demək:
Bu söz küfr deyildir. Bir ay oruc tutmaq hər kəsə asan gəlmir, bəzilərinə ağır gəlir.

Ölən biri haqqında, “Ah oraya getməsəydi ölməyəcəkdi” demək:
Bu söz də küfr deyildir. Bu söz, “Üzmək bilmədiyi halda özünü dənizin ortasına atmasaydı, boğulmazdı” demək kimi bir şeydir. Burada taleyi inkar yoxdur.

“Atın ölümü arpadan olsun” demək:
At arpanı sevir, bəzi insanlar da paxlavanı sevir. Şəkər xəstəsinə, “Paxlava yemə ölərsən” deyilsə, o da, “Ölümüm paxlavadan olsun” desə küfr olmaz, çünki günah işlənsə də burada harama halal deyilmir.

“Gözələ baxmaq savabdır” demək:
Bu, niyyətə görə dəyişir. Əgər, kainatda Allahü təalanın yaratdığı gözəlliklər üçün, məsələn, nə gözəl ağacdır, nə gözəl quşdur, nə gözəl meyvədir, nə gözəl uşaqdır kimi şeylər söyləməkdə zərər yoxdur. Qumar oynamaq, şərab içmək, yad qadına baxmaq kimi haram olan bir şey üçün söyləmək, əlbəttə caiz deyil.

“Haydan gələn huya gedər” demək:
Bu söz, asanlıqla qazanılan şeylər, asanlıqla da əldən çıxar deməkdir. Buradakı hay kəlməsinin Allahü təalanın adı ilə əlaqəsi yoxdur. Bunun kimi, hayhay, baş üstə deməkdir. Buradakı hay kəlməsi də, Allah anlamında deyil.

“Əgər bu işi etsəm kafir olum, Allahımı tanımayım” deyə and içmək:
Bu xüsusda, iki qövldən biri belədir: Küfrə səbəb olan şeyləri and içmək niyyəti ilə söyləmək küfr olmaz, and verilmiş sayılır, lakin belə and içmək Müsəlman andı deyil.

Namaz qıl dedikdə, “Sonra qılarıq” demək:
Fərz olduğunu inkar etmədikcə, namazı ələ salmadıqca, sonra qılaram demək küfr olmaz.


Taleyinə küsmək
Sual: “Taleyimə küsdüm” demək küfrdürmü?
CAVAB
Küfr deyildir. İnsanın taleyi pis ola bilər. İnsan pis taleyini bəyənməyə bilər. “Taleyim, qədərim pis imiş” deyə bilər, amma qəbahəti taleyə yükləmək caiz olmaz. Bu baxımdan, “Taleyimə küsdüm” kimi mənasız sözlər söylənmək doğru deyil.

Müsəlmana kafir demək
Sual: Bir müsəlmana qəzəblənib, “Necə kafirdir o!” deyə təhqir etmək küfr sayılarmı?
CAVAB
Bir müsəlmanı pisləmək üçün, təhqir üçün kafir demək küfr olmaz. Kafir olmasını istəyərək söyləmək küfrdür. Yəni bir Müsəlmanın kafir olmasını istəmək küfrdür. Yoxsa pisləmək qəsdi ilə kafir demək, küfr olmaz. (İslam Əxlaqı)


Fatihə oxuyarkən düşünmək
Sual: Namazda və ya başqa zaman Fatihədəki “Yalnız Sənə ibadət edirik” məalindəki “İyyəkə nəa-büdü” ayəsini oxuyarkən, başqa şey, məsələn pul, qadın kimi dünyəvi şeylər düşünmək küfrə səbəb olurmu?
CAVAB
Küfr olmaz. Onlara sitayiş edilmir ki, küfr olsun! Namaz qılarkən də, başqa zaman da, insanın ağlına yetmiş cür pis şey gələ bilər. Bunlar küfr olmaz. Hətta ağlına küfr düçüncə belə gəlsə yenə küfr olmaz. Bir hədisi-şərif məalı belədir:
“Ürəyə gələn pis düşüncə, söylənmədikcə və buna uyğun hərəkət edilmədikcə əfv edilir.” [Buxari]

Allahdan ümid kəsmək
Sual: “Sevda ailə qurmaqdan ümidini kəsdi. Süsən boyunun uzanmasından ümidini kəsdi. Komandamız çempionluqdan ümidini kəsdi” kimi sözlər, Allahdan ümid kəsmək olub küfr sayılırmı?
CAVAB
Küfr olan, Allahın rəhmətindən ümid kəsməkdir. “Mən Cəhənnəmə gedəcəyəm, Allah məni heç vaxt Cənnətinə qoymaz” demək küfr olur. Həmçinin, Allahın əzabından əmin olmaq da küfrdür. Yəni “Allah məni yüz faiz Cənnətinə qoyacaq” demək də küfrdür, lakin digər işlərdən ümid kəsmək küfr deyildir. O işin şərtləri yerinə yetirilməzsə, o iş olmaz. Bir işdən deyil, Allahdan ümid kəsmək, “Allah bu işi eləyə bilməz” kimi düçüncələr küfrdür.


Eşşək demək
Sual: “Bir insana eşşək, donuz və ya eşşək oğlu eşşək və ya donuz oğlu donuz demək küfrdür” deyənlər var. Bunlar küfrdür?
CAVAB
Bunları söyləmək qətiyyən küfr deyildir. Bunlardan daha ağırı isə, bir insana təhqir üçün kafir deməkdir. İslam Əxlaqı kitabında, “Bir Müsəlmanı pisləmək üçün, təhqir üçün kafir demək küfr olmaz. Kafir olmasını istəyərək söyləmək küfrdür. Yəni bir Müsəlmanın kafir olmasını istəmək küfrdür. Yoxsa pisləmək niyyəti ilə kafir demək, küfr olmaz” deyilir.

Bir insan zarafatla mən kafirəm desə belə, küfrə razılıq göstərdiyi üçün kafir olar. Ancaq, “Kafir olum ki, bu iş belədir” deyə and içsə kafir olmaz, çünki Səadəti-Əbədiyyə kitabında, “Küfrə səbəb olan şeyləri, and vermək niyyətilə söyləyən kafir olmaz, and içmiş olar” qeyd edilir.
Deməli, birini təhqir etmək, yəni onu pisləmək üçün kafir demək küfr olmadığı kimi, “donuzun biridir”, “cahilin biridir” kimi sözlər söyləmək də küfr olmaz. Amma həqiqi bir alimə cahil demək və ya başqa bir sözlə təhqir etmək küfr olur. Bu, alimin şəxsinə deyil, elminə təhqirdir. Məsələn, İmam Əzəm həzrətlərini təhqir edən şəxs, alış-veriş mübahisəsindən və ya şəxsi bir düşmənlikdən ötrü deyil, elmindən ötrü təhqir etdiyi üçün kafir olar.
Həqiqi bir alimə axmaq, cahil, donuz, eşşək deyən təzir olunur. Təhqir edərək söyləyərsə, kafir olur, İmam Muhamməd buyurur ki, küfrə səbəb olan hər sözü söyləmək də, belə küfr olur. Elmi və alimləri təhqir edən kafir olur. (İslam Əxlaqı)
Deməli, bir Müsəlmana eşşək, donuz, it, meymun, öküz, ayı, ilan, əqrəb və ya bunların oğlu demək, məsələn, öküz oğlu öküz, ayı oğlu ayı kimi sözlər söyləmək küfr deyildir. Alimin elminə təhqir üçün deyilsə küfr olar. Alimi başqa səbəblərlə təhqir etmək küfr olmaz. Lakin alacağını verməyən və ya ona zərər verən, övladını döyən bir alimə, belə dünyəvi bir səbəblə söymək küfr olmaz.

Allaha siz demək
Sual: Allahü təalaya hörmət mənasında siz demək küfr olarmı?
CAVAB
Hörmət mənasında siz demək küfr olmasa da, sən deyə dua etmək lazım olduğu din kitablarında yazılmışdır.
Haramı istəmək
Sual: Haram olan şeyi istəmək küfr olarmı? Məsələn, “Şərab içmək istəyirəm” deyilsə küfr sayılarmı?
CAVAB
Küfr olmaz. Hətta “Şərab içmək haramdır, amma şərab içməkdən xoşum gəlir” demək haram olsa da, küfr olmaz.

Today, 13:48
Geri