Gözəl İslam / Taleyim belə imiş demək

Taleyim belə imiş demək

Sual: Kimisi pis bir insanla ailə qurur, o pis də pislik etdikdə, “Nə edim taleyim belə imiş” deyir. Kimisi qaza basır ən yüksək sürətlə avtomobili idarə edərkən qəzaya düşür. “Mən nə edim alnımın yazısı belə imiş” deyir. Kimisi oğurluq edir, məhkum olur. “Nə edim mənim qədərim belə pis imiş” deyir. Kimisi zərərli şeylər yeyib-içir, xəstələnib iflic olur. “Nə edim qədərin önünə keçmək olmur” deyir. Bu nümunələri çoxaltmaq mümkündür… Bu insanların qəbahəti alın yazısına yükləmələri doğrudurmu?
CAVAB
Əlbəttə səhvdir. Bəli, alın yazısında bunlar var idi, amma bunlara özü səbəb olub. Çünki qədər Allahü təalanın olacaq şeyləri əzəldə bilməsidir. Qəza, qədərdə olan şeyləri vaxtı gəldikdə yaratmasıdır. Buna üç nümunə verək:
1- Bir film dəfələrlə nümayiş olunsa, buna əvvəlcədən tamaşa etmiş biri, ikinci, üçüncü dəfə baxarkən, “Baş roldakı aktyor atdan düşüb öləcək” desə, o dediyi üçünmü filmdəki obraz ölür, yoxsa, söyləyən daha əvvəl baxdığı üçün bilir? Allahü təala da əzəli elmi ilə kimin harada, necə öləcəyini və Cənnətə, yoxsa Cəhənnəmə gedəcəyini, əlbəttə bilir.
2-  Bir il içərisində günəşin nə vaxt çıxıb, nə vaxt batacağı hesablanaraq təqvimlərə yazılır. Günəş təqvimdə bildirilən saatlarda çıxıb, batır. Günəş təqvimə elə yazıldı deyə bilinən saatlarda doğulub batmaz. Təqvimə yazılması, günəşin çıxmasına və batmasına təsir etməz. Allahü təala da insanların başlarına nə gələcəyini bildiyi üçün, bunları lövhi-məhfuza yazmışdır.
3- Bir müəllim, bir çox keçmiş təcrübəsinə dayanaraq, çox tənbəl bir şagirdi haqqında, “Bu şagird bu imtahandan keçə bilməyəcək” deyə bir dəftərə yazsa, yazılan yazı o şagirdin imtahanına təsir etməz. Şagird imtahandan keçə bilmədikdə, “Sən dəftərə yazdığın üçün mən imtahandan keçə bilmədim” deyə qəbahəti müəllimə yükləməsi yanlış olar.
Allahü təala heç vaxt yanlış iş etməz. Hər kəs etdiyindən məsuliyyət daşıyır.
Əbüssüud əfəndi buyurur ki:
Görüləcək hər iş, Allahü təala əzəldə bilirdi. Lakin, insanın yaxşılığı, pisliyi, Cənnətlik, Cəhənnəmlik olacağı son nəfəsdə bəlli olur. Peyğəmbər əfəndimiz buyurdu ki:
“Bir insan bütün ömür boyu onu Cəhənnəmə aparacaq günahlar işləyir. Lakin ömrünün son günlərində, Cənnətə aparacaq yaxşılıqlar edərək, Cənnətə gedə bilər.” [Buxari]
Bəlli bir kafirin əbədi kafir qalıb-qalmayacağını Allahü təala bilir. Bunun mütləq kafir qalacağını heç kim söyləyə bilməz. Elm, məluma tabedir. Allahü təala olacaq şeyləri, olacağı üçün bilir. Qurani-kərimdə xəbər verilən şeylər də, olacaqları üçün bildirilir. Bir rəssamın at rəsmi çəkməsi, at o şəkildə olduğu üçündür. Yoxsa ki, atın o şəkildə olması, rəssam elə çəkdiyi üçün deyil. Allahü təalanın, bəzi insanların imana gəlməyəcəklərini bilməsi və Qurani-kərimdə xəbər verməsi, onlar öz arzuları ilə küfür içində qalmağı niyyət edib, iman etmək istəmədikləri üçündür. Yoxsa ki, bunların kafir olması, Allahü təalanın bunları kafir bildiyi və xəbər verdiyi üçün deyildir.

29-03-2023, 16:27
Geri