Gözəl İslam / İradəyi-cüziyyə nədir

İradəyi-cüziyyə nədir

Sual: Xeyir və şərin Allahdan olduğuna görə, iradəyi-cüziyyənin yeri nədir?
CAVAB
Ağıl, din bilgilərindən bəzilərini anlaya bilmir. Əgər anlasaydı, Peyğəmbərlərə ehtiyac olmazdı.

İnsanların işlərini, hərəkətlərini də Allahü təala yaradır. İşləri zorla etdirmir. Zorla etdirilən iş üçün hesaba çəkmək də zülm olardı. Allahü təala zülm etməz.
İnsanların işlərinin bir titrəyiş kimi cəbrlə olunmadığı da meydandadır. İnsanda tam ixtiyar və tam cəbr olmadığı üçün insanın hərəkətləri bu ikisinin arasında əmələ gəlir.
Hər şeyi, insanların yaxşı və pis hər işini Allahü təala yaratsa da, insanlara iradəyi-cüziyyə vermişdir. İradəi-cüziyyə insandan əmələ gəlir, lakin insan bunu yaratdı demək olmaz.
Allahü təala insanın ixtiyari hərəkətini yaratmaq üçün insanın iradəsini səbəb qılmışdır. Bu şərt olmasa da yaradır. Amma bu şərtlə, bu səbəb ilə yaratması adətidir. Peyğəmbərlərində və Övliyasında bu adətini pozaraq səbəbsiz də yaradır. Yaratdığı çox görülmüşdür.
İnsanın işləri əzəldəki təqdir ilə meydana gəlsə də, meydana gəlmələri üçün əvvəlcə qul iradəyi-cüziyyəsini istifadə etməlidir. İşi etməyi və ya etməməyi istəməlidir.
İnsanın işlərini Allahü təalanın əzəldə təqdir etməsi demək, insanın nələri iradə edəcəyini bilməsi və istəməsi deməkdir. Bunları lövhi-məhfuzda yazmışdır. Belə olduğu üçün qulun məcbur olması demək deyildir.
Təqvimlərə bir il içərisində günəşin nə vaxt çıxıb, nə vaxt batacağı hesablanaraq yazılmışdır. Günəş, təqvimdə bildirilən saatlarda çıxıb batır. Günəş təqvimə elə yazıldı deyə bilinən saatlarda çıxıb batmır. Təqvimə yazılması, günəşin çıxmasına və batmasına təsir etməz.
Bu da Allahü təalanın əzəli elmi ilə, qulların öz istəkləri ilə günah və ya savab işləyəcəklərini bilməsi, qulların işlərinə cəbri bir müdaxilə deyil.
Bir insan, birinin bir gündə edəcəyi şeyləri bilsə və bunları etməsini iradə etsə və hamısını bir kağıza yazsa, bunları edəcək adam, o insana məcbur deyil.
“Edəcəklərimi bilirdin, olmasını istədin və kağıza yazdın. O halda, bunları sən etdin” də deyə bilməz. Çünki bunları öz iradəsi ilə və özü etmişdir. O adamın bildiyi və dilədiyi, yazdığı üçün etməmişdir.
Allahü təalanın əzəldə bilməsi, diləməsi və lövhi-məhfuza yazması da, insanları məcbur etmək deyil. Bəli, əzəldə lövhi-məhfuza yazmışdır. Qulun edəcəyini bildiyi üçün icra etməsini iradə etmişdir. Allahü təalanın əzəldəki bilgisi, qulun öz iradəsi ilə görəcəyi işə bağlıdır. Qulun işi də, Allahü təalanın bu elmi və iradəsi ilə, yaratması ilə əmələ gəlir. Qul, iradəsini istifadə etməsə, Allahü təala, qulun iradəsini istifadə etməyəcəyini əzəldə bilir və bildiyi üçün iradə etmir və yaratmır.
İnsanların iradəsi olmasaydı da, insanların işləri yalnız Allahü təalanın iradəsi ilə yaradılsaydı, insanlar məcburdur deyilərdi.
İnsan, iradəyi-cüziyyəsini istifadə edərək yaxşılıq yaradılmasını istəsə savab, pislik yaradılmasını istəsə günah qazanır. İnsan günah işləsə cəzasını, savab işlədikdə mükafatını görür. Yəni Allahü təala heç kimə zorla günah işlətmir.
İnsan, iradəyi-cüziyyə ilə gördüyü işləri özü yaratmır. Bu işlərin, xeyrin və şərin yaradıcısı yalnız Allahü təaladır.

Qulun ixtiyarı
Sual: 
“Qulun ixtiyarı zəifdir” nə deməkdir?

CAVAB
İxtiyar,
 bəyənmək, seçmək deməkdir. İnsan bir şey edəcəyi zaman əvvəlcə bunu ixtiyar edir, seçir, iradə edir, istəyir, sonra icra edir. Buna görə də qul iş görməkdə məcbur deyil. İstəsə o işi görər, istəməsə görməz. İmam Rabbani həzrətləri buyurur ki:

Qulun ixtiyarı, Allahü təalanın ixtiyarına görə zəifdir deyilsə, doğrudur. Əgər, əmr və qadağalara tabe olmağa gücü çatmaz mənasında olsa, səhvdir. Çünki qullara gücü çatmayacaqları şeylər əmr edilməmişdir. (1/266)

Allahın dediyi olur
Sual: Bəzi dükanlarda və avtomobillərdə, “Allahın dediyi olur” yazısını görürük. Bu nə deməkdir? Məsələn, müdirin kreslosunun arxasında belə yazılı lövhə var. Müdir əlini masaya vurur, “Burada mənim dediyim olacaq” deyir. Orada kimin dediyi olur? Əgər daim Allahın dediyi olursa, cəmiyyətdə niyə pisliklər baş verir?
CAVAB
Qəza və qədər məsələsi yaxşı bilinmədiyinə görə bu mövzunu anlamaq çətindir. Bilinsə rahat anlaşılar.

Allahü təala cəmiyyətdəki hər pisliyə mane olsa, insanların işlərinə müdaxilə etmiş olar. O, insanları günah və savab işləyəcək vəsfdə yaratmışdır. Diləsəydi insanı da mələk kimi yaradardı, insan da günah işləməzdi. İnsana iradəyi-cüziyyə vermiş, günah və savab işləməkdə sərbəst buraxmışdır. Sərbəst buraxmasaydı, qul axirətdə, “Ya Rəbb, bu günahları sən mənə zorla etdirdin, mənim bunda qəbahətim yoxdur” deyəcəkdi. Qul iradəsində sərbəst olduqda, belə bir bəhanə irəli sürə bilməyəcək. Hər kəs bir imtahandan keçir. Cəmiyyətin etdiyi pisliklərə mane olunarsa, hər kəs robot kimi olar, yaxşı ilə pis bəlli olmaz.
Muhamməd Məsum həzrətləri buyurur ki: İnsanın etmək istədiyi işi Allahü təala da diləyərsə, o şeyi yaradar. İnsanların etdiyi hər hərəkət, hər iş insanın kəsbi və Allahü təalanın yaratması ilədir. İnsan istəyir, Allah da yaradır.
Hər şeyi və insanların yaxşı-pis hər işini Allahü təala yaratsa da, insanlara “İradəyi-cüziyyə” vermişdir. İnsan yaxşı və ya pis işlərini bu iradəyi-cüziyyə ilə edir. İnsan, iradəyi-cüziyyəsini istifadə edərək yaxşılıq yaradılmasını istəsə savab, pislik yaradılmasını istəsə günah qazanır. İnsan günah işləsə cəzasını, savab işləsə mükafatını görəcək. Yəni Allahü təala heç kimə zorla günah işlətməz.

6-02-2023, 12:27
Geri