Gözəl İslam / Allahü təalanın sevgisinə, rızasına qovuşmaq

Allahü təalanın sevgisinə, rızasına qovuşmaq

Sual: Allahü təalanın sevgisinə, rızasına qovuşmaq üçün nə etmək lazımdır?

Cavab: Qayyumi Rabbani Muhamməd Məsum Farukinin birinci cild 14-cü məktubunda buyurulur ki: Bir ayəti-kərimədə məalən, “Nemətlərimə şükür etsəniz, onları artıraram” buyurulur.

Ey məsud və bəxtiyar qardaşım! Madam ki, Allahü təalanın sevdiyi qullarının yolunda getmək arzusundasan, o zaman bu yolun şərtlərinə və ədəblərinə riayət etməlisən! Əvvəlcə, sünnəti-səniyyəyə yapışmaq və bidətlərdən çəkinmək lazımdır. Çünki, Allahü təalanın sevgisinə çatdıran yolun əsası bu ikisidir. İşlərinizi, sözlərinizi və əxlaqınızı dinini bilən, sevən, dindar alimlərin sözlərinə və kitablarına uyğunlaşdırmalısınız. Saleh qullar kimi olmalısınız və onları sevməlisiniz. Yatmaqda, yeməkdə və danışıqda həddi aşmayaraq orta dərəcədə olmalısınız. Səhər vaxtı, [yəni gecənin sonunda] qalxmağa çalışmalısınız. Bu vaxtlarda istiğfar etməyi, ağlamağı, Allahü təalaya yalvarmağı qənimət bilməlisiniz. Salehlərlə oturub-durmağa can atmalısınız. “İnsanın dini yoldaşının dini kimidir” hədisi-şərifini unutmayın! Bunu da yaxşı bilin ki, axirəti [səadəti-əbədiyyəni] istəyənlərin dünya ləzzətlərinə düşkün olmaması lazımdır.

Mübah olan ləzzətləri tərk edə bilməsəniz, heç olmasa, haramlardan və şübhəlilərdən uzaq durun ki, axirətdə qurtulmaq ümidi olsun. Həmçinin, hər cür qızıl-gümüş əşyanın, çəmənlikdə otlayan heyvanların, ticarət əşyasının zəkatını və torpaqdan, tarladan, ağacdan alınan məhsulların üşrünü də  vermək lazımdır. Bunların veriləcək miqdarları fiqh kitablarında bildirilmişdir.

Namazları, müstəhəb vaxtlarında və şərtlərinə, ədəblərinə uyğun şəkildə qılmaq lazımdır. Zəkat və fitrələr İslamiyyətin əmr etdiyi insanlara sevə-sevə verilməlidir. Qohumları ziyarət etmək, məktubla könüllərini almaq, qonşuların haqlarına riayət etmək lazımdır. Kasıblara və borc istəyənlərə mərhəmət etməli, malı, dövləti İslamiyyətin izn vermədiyi yerlərə xərcləməməli, izn verilən yerə də israf etməməlidir. [Ribadan, yəni faizdən, qumarlı və qumarsız oyunlardan çəkinməlidir.] Pulunu oyunlara, haramlara, çalğılara, bəzənməyə, şan-şöhrətə, lovğalanmağa, mal yığmağa sərf etməməlidir. Bunlara diqqət etdikdə mal zərərdən qurtular və dünyalıqlar axirətlik vəziyyətini alar. Bəlkə də bunlar dünya sayılmaz. Bu yolun böyüklərindən birini tapana qədər, Qurani-kərim oxuyaraq, ibadətləri edərək və dəyərli kitablarda, hədisi-şəriflərdə bildirilən duaları, təsbehləri oxuyaraq vaxtınızı məmur edin! Vaxtınızın çoxunu “La ilahə illəllah” kəliməsini söyləməklə keçirin. Nəfsi və qəlbi təmizləməkdə çox təsirlidir. Hər gün müəyyən miqdarda oxusanız yaxşı olar. Dəstəmazlı və dəstəmazsız demək olar. Bu yolun böyüklərini sevməyi səadətin sərmayəsi bilin. Bu yolda irəli aparan ən güclü vasitənin, bu məhəbbət olduğunu bilin! (Tam İlmihal s. 118)

5-07-2022, 14:38
Geri