Gözəl İslam / Tənasüh (Reinkarnasiya) yoxdur

Tənasüh (Reinkarnasiya) yoxdur

Sual: Reinkarnasiya adlanan bir şey vardırmı? İnanmaq doğrudurmu?
CAVAB
Reinkarnasiya deyildikdə, ruhun insandan insana keçməsi, başqa bir bədənlə dünyaya gəlişi, tənasühdə isə, ruhun həm insana, həm də heyvan, bitki və cansızlara keçdiyi nəzərdə tutulur. Bir ifadə digərinin yerinə də istifadə olunur.

İmam Rabbani həzrətləri buyurur ki:

Qəlbləri xəstə, bilikləri az olan bəzi kimsələr, hətta özlərini, şeyx olaraq təqdim edən bəzi dinsizlər, tənasühə inanır. Ruhlar yetkinləşmədən əvvəl bir bədəndən ayrıldıqda başqa bir bədənə keçir. Kamala yetdikdən sonra insanlara gəlməz, tənasüh yolu ilə yetkinləşmiş olurlar deyir və tənasühlə əlaqədar bir çox hekayə uydururlar. Tənasühə inanan dindən çıxar kafir olar. Tənasüh ilə ruhlar kamala yetsə, Cəhənnəm kimlər üçün olar, kimlər əzab görər? Buna inanmaq Cəhənnəmi inkar etmək və hətta öldükdən sonra təkrar dirilməyə inanmamaq olar. Çünki onlara görə, ruhun yetkinləşməsinə vasitə olan bədənə ehtiyacı qalmamışdır ki, bədənlə həşr olunsun. Bu yalançıların sözləri qədim filosofların [və müasir ekstrasenslərin] sözlərinə bənzəyir. Qədim filosoflar bədənin təkrar diriləcəyinə inanmırdı. "Cənnət nemətləri və Cəhənnəm əzabları yalnız ruhlara olacaq" deyirdilər. Bunlar, o filosoflardan da pisdir. Çünki, onlar tənasühü rədd edib, əzabın sadəcə ruha olacağını söyləyirlər. Bunlar isə həm tənasühə inanır, həm də axirət əzabını inkar edirlər. Bu dinsizlərə görə əzab sadəcə dünyadadır.

Allahü təala, din böyüklərinin ruhlarını insan şəklinə salmış, bu şəkillər insan kimi iş görmüşlər. Yoxsa, mübarək ruhları başqa bədənlərə girmiş deyildir. Bir ruhun, bədən şəkli alması, tənasüh deyildir. Mələklər və cin də, insan şəklinə girib bir çox şey edirlər və bu da tənasüh deyildir. Tənasühə inananlar, qəbir əzabına və Qiyamət gününə iman edirlərmi? Heyfslər olsun ki, belə imansızlar özlərini din adamı kimi təqdim edərək, mətbuat vasitələri ilə millətə Müsəlmanlıq öyrətməyə cürət edərək, gəncləri, dinsiz, imansız etməyə çalışırlar. (2/58)

Tənasühə inananların kafir olduqları Bəriqa və Hadiqada da yazılmışdır. Qədim Yunan filosofu Əflatun da tənasühə inanırdı. Təslis inancını ilk dəfə ortaya çıxaran da budur. Həzrəti İsa səmaya çıxarıldıqdan sonra dörd İncili yazanlar, bu inancı qarışdıraraq, insanlığı böyük fəlakətə sürüklədilər.

Ruh başqasına keçməz
Yuxarıda, batil inanc olan reinkarnasiyadan bəhs etmişdik. Bu batil inanc, daha çox Hindu və Buddistlərdə görülür. Ölən kimsənin ruhu başqasına keçməz. Keçdiyini bildirən heç bir ayə və ya hədis yoxdur. Heç bir alim də belə bir şey söyləməmişdir. Qurani-kərimdə ölüm və dirilişlə bağlı bir çox ayəti-kərimə vardır. Heç birində ruhun başqa bir insana və ya başqa bir məxluqa keçdiyini bildirən bir ifadə yoxdur. Əslinə baxsaq, Allahü təala insanlara ruh haqqında kafi məlumat verməmişdir. İsra surəsinin “Səndən ruh haqqında soruşanlara de ki, "Ruh Rəbbimin işlərindəndir, sizə az bir məlumat verilmişdir"” məalındakı 85-ci ayəsi də ruhun mahiyyətini bilməyin qeyri-mümkün olduğunu göstərir.


Bir də, “İki dəfə ölüb iki dəfə dirilmək” ifadəsinə baxıb ruhun başqa birinə keçdiyini ancaq zındıq söyləyər.

Qurani-kərimdə buyuruldu ki:
İlk insan palçıqdan, sonrakılar nütfədən yaradıldı. Nütfə qan laxtasına, ətə çevrilir, sonra can verilir. Hər kəs öləcək, qiyamətdə diriləcəkdir. (Möminun 12-16)

Bəqərə surəsinin “Allah sizi ölü ikən diriltdi. Sonra öldürəcək, sonra dirildəcək, nəhayət Ona qaytarılacaqsınız” məalındakı 28-ci ayəsini, Bəydavi və digər təfsirlər belə açıqlayır:

Uşağın ana bətnində can verilməsindən əvvəlki halı üçün ölü, can verilməsi də diriltmə adlandırılmışdır. Yəni insan, bir dəfə ana bətnində, bir də qəbirdən sonra dirildilir. İki ölü halı vardır. Biri ana bətnindəki canlılıqdan əvvəlki vəziyyəti, bir də qəbirdəki halı. Yəni ümumilikdə iki ölüm, iki diriltmədir.

Kafirlər axirətdə “Ey Rəbbimiz, bizi iki dəfə öldürdün, iki dəfə diriltdin” deyəcəklər. (Mömin 11),

Və dünyaya təkrar göndərilmələrini istəyəcəklər, yaxşı əməllər edəcəklərini söyləyəcəklər. (Səcdə 12)

Onlara dünyadan gəldikləri bildirilərək istəkləri rədd ediləcək. (İbrahim 44)

Və deyiləcək ki: “Sizə, düşünə bilənin düşünə biləcəyi, öyüd götürə biləcəyi qədər ömür vermədikmi? Sizə, [Peyğəmbər, kitab, ağıl, qocalıq, ölüm kimi] xəbərdarlıq gəlmədimi?” [Fətir 37]

“Kafirlərdən birinə ölüm gəldikdə, 
"Rəbbim, məni geri göndər, ta ki, yarımçıq qoyduğumu tamamlayıb, yaxşı iş görüm" deyər. Xeyr, bu söylədiyi boş sözdür. Təkrar dirildiləcəkləri günə qədər arxalarında onların geriyə dönməsinin qarşısını alan bir əngəl vardır.” [Möminun 99-100]


Duhan surəsinin 56-cı ayəti-kəriməsində “İnsan ilk ölümdən başqa bir ölüm dadmaz” ifadəsi, tək ölüm olduğunu açıq-aşkar sübut edir. Qurani-kərimdə, “İki dəfə ölüb, iki dəfə dirilmək” ifadəsinə bənzəyən başqa ifadələr də vardır. Məsələn ikisi belədir:

“Gecələr sizi öldürən 
[ruhunuzu alan], gündüz də nə işlədiyinizi bilən, sonra bəlli əcəl tamamlansın deyə gündüz sizi dirildən [oyandıran] Odur.” [Ənam 60],


Allah, əcəli gələnlərin ölüm anında, əcəli gəlməyənlərin də yuxu əsnasında ruhlarını aldığı və bunda düşünənlər üçün bir dərs olduğu bildirilir. (Zümər 42)

Bu iki ayəti-kərimədə insan yatarkən ruhunu Allahü təalanın aldığı açıq-aydın bildirilir. Ruhunu almaqla onu öldürmüş olmur. İndi hansı zındıq, (Yatan ölür, ruhu başqasına keçir) deyə bilər? Tək ölüm və tək dirilişin olduğunu bildirən ayəti-kərimələrdən üçü bunlardır:

“İnsan əvvəl bir şey deyil ikən onu yaratdığımızı düşünməzmi?)
 [Məryəm 67]


“Rəsulum,
 səndən əvvəl də heç bir bəşərə əbədiyyət vermədik. İndi sən ölsən, sanki onlar əbədimi qalacaqlar, hər canlı ölümü dadacaqdır.” [Ənbiya 34, 35]


“Ölümdən sonra əlbəttə dirildiləcəksiniz desən, kafirlər 
"bu sehrdir" deyərlər.” [Hud 7]


Reinkarnasiya xurafatı
Sual: 
Ölmüş insanların ruhları uşaq, heyvan və ya bitkiyə keçirmiş. Bir uşaq, ruhunu aldığı adamın keçmiş həyatından bəhs edib, məsələn, "Mən yüz il bundan qabaq bunları etmişdim" deyirmiş. Ölənin ruhu başqasına keçə bilərmi?

CAVAB
Bu batil inanc daha çox Hindu və Buddistlərdə vardır. Reinkarnasiya deyə bir şey yoxdur. Yəni ölən adamın ruhu başqasına keçməz. Yaxud bir kimsə bir neçə dəfə dünyaya gəlməz.


Daha çox dinə inanmayan kimsələr reinkarnasiyadan bəhs edirlər. Dinə inanmayan bir adam, əgər dindən bəhs edirsə, əlbəttə ki, səmimiyyətindən şübhə etmək lazımdır. Bunların əsl məqsədi dini yıxmaqdır. Bunlar, dinə inanan kimi görünüb, ümumiyyətlə, içkinin az içilərsə günah olmadığını, təsəttürün Quranda olmadığını, lüzumsuzluğunu, Cənnət və Cəhənnəmin dünyada olduğunu yazıb-pozurlar.

Həzrəti Adəmi inkar etmək üçün ilk insanların vəhşi olduğunu, meymundan əmələ gəldiyini, dil bilmədiyini də söyləyirlər. Halbuki Allahü təala, bütün əşyanın elmini, sənətini Həzrəti Adəmə öyrətdiyini bildirir. (Bəqərə 31)

Müsəlmanlar, başqa planetlərdə insan və ya insan kimi canlı varlığın olmadığını bildirdiyi üçün din düşmənləri UNO (uçan naməlum obyekt) adında bir yalan uydurdular. Allaha inanmazlar, "Göy tanrıları" deyərlər, "Tanrıların arabaları" adlı roman yazarlar.

Falın, elmi heç bir dəyəri olmadığı, əslsiz olduğu hər kəs tərəfindən bilindiyi halda, sırf İslamiyyət falı pisləyir deyə fal ilə bağlı yazılar, fikirlər yayımlayırlar. Əsil özləri xurafatçı olduğu halda, Müsəlmanlara iftira atırlar. Xülasə bunlar, dini yıxmaq üçün açıq-aşkar deyil, belə təvilli, dolayı yollardan dinə hücum edərək, "tutmazsa da iz buraxar" ümidilə, İslamiyyətə ləkə salmağa çalışırlar. Bunların sözünün dində bir dəyəri yoxdur.


Cin, insanın içinə girə bilər. Bu xüsus hədisi-şəriflə sabitdir. İnsanın hiss və hərəkət sinirlərinə təsir edərək, hərəkət və səs əmələ gətirə bilərlər. İnsanın, bu öz sözündən və hərəkətindən xəbəri olmaz. Beləcə vaxtilə Romada və Peştdə, son zamanlarda Adana və Hatayda danışan uşaq və xəstələr görülmüşdür. Bunları danışdıran cin, uzaq ölkələrdəki və ya keçmiş dövrlərdəki şeyləri söylədiklərinə görə, bəzi adamlar bu uşaqların iki ruhlu olduğunu və ya başqa insanın ruhunu daşıdığını zənn etdilər. Bunun yanlış olduğunu dinimiz açıq-aydın bildirməkdədir.

İmam Qəzali həzrətləri buyurur ki:

“Müxtəlif yaşlarındaki bədənləri başqa-başqa olan bir insan, eyni boy və eyni şəkildə, lakin başqa zərrələrdən əmələ gələn bir bədənlə qəbirdən qalxacaqdır. Bu xüsus anlaşıldıqda, insan insanı yeyərsə, yeyilən orqanın, hansı insan ilə yaradılacağı, yeyən iləmi, yoxsa yeyilən iləmi birlikdə yaradılacağı kimi suallara ehtiyac qalmaz. Çünki, o orqanların özləri deyil, bənzərləri yaradılacaqdır.”

Qurani-kərimdə məalən buyurulur ki:
“Onlar, göyləri və yeri yaratmış olan Allahın, özləri kimilərini də, [bənzərlərini də] yaratmağa qadir olduğunu düşünmürlərmi?” [İsra 99]

Bədən dəyişir, Ruh dəyişməz
Hər kəs öldüyü zamandakı şəkli, boyu və orqanları ilə məzardan qalxacaqdır. Hərənin büzdüm sümüyü dəyişməyəcək, başqa orqanlar bu sümüyün üzərinə yenidən yaradılacaq, ruhlar bu yeni bədənləri tapıb ona aid olacaqlar. Ruhların bu başqa bədənlərlə birləşmələri tənasüh deyildir. İnsan bədəni, orqanları dünyada da dəyişir. Qırx yaşındakı insanın əti, yağı, dərisi, sümükləri başqadır, uşaqlığında başqa idi. Lakin o həmişə eyni insandır. Çünki insan ruh deməkdir. Bədən dəyişsə də ruh dəyişməz.


Ruh dəyişmədiyi kimi barmaq izi də heç vaxt dəyişməz. Heç bir insanın barmaq izi başqasının barmaq izinə bənzəməz. Bir insanın barmaq uclarındakı cizgilərin şəkli, doğulmadan əvvəl, ruh bədənlə birlikdə olduğu vaxtlarda təşəkkül edir. İnsan ölüb çürüyənə qədər heç dəyişməz. Beş min illik mumiyalarda eynilə dəyişmədən qaldıqları görülmüşdür. Barmaq ucundakı cizgilərdən hər biri yan-yana düzülmüş dəliklərdən əmələ gəlmişdir. Hər dəlikcikdən tər sızmaqdadır. İnsan bir şeyi tutduqda sızan tər, o şeyin üzərində, cizgilərin şəkli kimi yapışıb qalır. Təri boyayan bir dərman sürdükdə, o adamın barmaq izi, o şey üzərində görünür. Oğrunu barmaq izindən tapmaq olur.

Ölən bir insanın ruhu başqa birinə keçməz. Elm inkişaf etdikdə bu vəziyyət daha da asan anlaşılacaqdır. Məsələn, bütün insanların barmaq izləri bir yerə qeyd olunar. Keçmişdə ölmüş bir insandan bəhs edən uşağın barmaq izi ilə müqayisə edildikdə uyğun gəlmədiyi müşahidə edilər. Daha başqa üsullarla da təsbit etmək mümkündür.

İnsan, ruhu sayəsində ayaqda durur. Ağlı, düşüncəsi, ruhu sayəsində vardır. İnsanın bədəni bir dülgərin alətləri kimidir. İnsan öldükdə, alətləri olmadığına görə, ruh bu alətlərlə bir iş görə bilməz. Ancaq yenə də, ruh ölü olmadığı üçün gedir-gəlir, insanları tanıyır. Hətta övliyanın ruhları insanlara yardım edir. Bu yardım etməsi dünyadakı bədənindəki alətlərlə deyildir. Allahü təala ruhlara alətsiz də iş görmə xüsusiyyəti vermişdir. Vəfat edən Xızır əleyhissalamın ruhu çox kimsələrə çeşidli yardımlar etməkdədir.

Bir insana başqa insanların bütün orqanları taxılsa, o insanın ağlında, düşüncəsində dəyişiklik olmaz. Dülgərin köhnə alətlərinin əvəzinə yeni alətləri gəlmiş deməkdir. Alət dəyişməklə dülgərin biliyi, qabiliyyəti dəyişməz. Kəsməyən bir mişarın yerinə yaxşı kəsən bir mişar gəlsə, daha rahat iş görər. Görməyən gözün yerinə sağlam göz taxılarsa görər. Qan, ürək, beyin də dəyişsə, yenə düşüncəyə təsir etməz. Sağlam orqan taxılıbsa, daha asanlıqla iş görər. Çünki insan, ruh deməkdir.

Bir insan yanmaqla yox olmaz. Sadəcə alətləri əlindən alınmış olar. Axirətdə ona yeni alətlər veriləcək. Mömindirsə Cənnətə, kafirdirsə Cəhənnəmə gedəcək. Ruh, ona verilən bədən sayəsində ya nemətə qovuşur və ya əzaba düçar olur. Ruhun mahiyyətini bilməyən və Allahü təalanın qüdrətindən şübhə edən kimsə, insanın yandıqda yox olduğunu, qəbir sualı və qəbir əzabının olmadığını zənn edər. Halbuki qəbir əzabının olduğunu dinimiz açıq-aydın bildirir.

Ölüyə qəbir əzabı
Hədisi-şəriflərdə buyuruldu ki:

“Qəbir, ya Cənnət bağçası və ya Cəhənnəm çuxurudur.” [Tirmizi]

Ağlın çatmadığı şeyləri ağılla aydınlaşdırmağa cəhd göstərmək çox səhvdir. Ağıl, göz kimi, din bilikləri də işıq kimidir. Göz, işıq olmasa, qaranlıqda görməz. Göz, qaranlıqda görmədiyi şeylərə "yoxdur" deyə bilməz. Ağıl da, mənəviyyatı, fiziki hadisələrdən irəlini anlaya bilməz. Ağlımızdan faydalanmağımız üçün Allahü təala, din işığını göndərdi. Göz, işıq olmadan qaranlıqda cisimləri görə bilmədiyi kimi, din bilikləri olmadan da ağıl mənəvi şeyləri anlaya bilməz.

Amerikadakı vəhşilərin, oxlarının uclarına sürdükləri, "Kürar" adlı zəhər sinir uclarını iflic edir. Əzələlər hərəkət edə bilmir. Ağrı vermədiyinə görə insan zəhərləndiyini anlamır. Əlini, ayağını oynada bilmir, yerə yıxılır, daş kimi qalır. Görür və eşidir, amma gözünü qırpa bilmir, dilini tərpədib bağıra bilmir. Qəbir əzabını da buna bənzətmək olar. Ölü, ağrı hiss edər, lakin tərpənə bilməz.

Dinə inanmayan bir yazıçı, kəpənəklər daim ölüb-dirilir deyərək reinkarnasiyanın həqiqət olduğunu müdafiə edir. Dünyada hər canlının bir həyat dövrü vardır. Kəpənəklərdə, Yumurta, Tırtıl, Pup, Kəpənək dövrləri vardır. Kəpənəklərin nəsilləri belə davam edir. Bunun reinkarnasiya xurafatı ilə bir əlaqəsi yoxdur. Bitkilərin, qovunun, qarpızın, toxumla yetişən digər tərəvəzlərin çoxalması da buna bənzəyir. Məsələn, bir qarpız çəyirdəyi torpağa düşdükdə, çəyirdəkdən cücərti əmələ gəlir. Cücərtidən da qarpız olur. Qarpızın içində də çəyirdəklər olur. Beləliklə nəslini davam etdirir. Yeni əmələ gələn qarpızlar, çəyirdəyi əkilən qarpıza bənzəyir deyə köhnə çəyirdək yenidən əmələ gəldimi deyirik? Yaxud qarpız ölüb-ölüb dirilir deyilməz. Hər canlı ölür. (Rəhman 26)

Ruh nədir
Sual:
 Ruh nədir? İnsan öldükdə ruh hara gedir?

CAVAB
Allahü təala insanlara ruh haqqında kafi məlumat verməmişdir. İsra surəsinin “Səndən ruh haqqında soruşarlar, de ki, "Ruh Rəbbimin işlərindəndir, sizə az bir bilik verilmişdir" məalindəki 85-ci ayəti-kəriməsi də ruhun mahiyyətini bilməyin qeyri-mümkün olduğunu bildirir.


İmam Rabbani həzrətləri buyurur ki:
Allahü təala, insanın ruhunu bilinməyəcək şəkildə yaratdı. Ruh, maddə deyildir, müəyyən bir yeri yoxdur. Ruh, bədənin nə içində, nə xaricindədir, nə bitişik, nə ayrıdır. Yalnız onu varlıqda saxlamaqdadır. Bədənin hər zərrəsini diri tutan ruhdur. Həmçinin, aləmi varlıqda saxlayan Allahü təaladır. Allahü təala, bədəni ruh vasitəsilə diri tutmaqdadır. (Məktubat Tərcüməsi)

Əxlaqı-əlaidə buyurulur ki:
“Ağlın dərk etdiyi bilikləri anlayan, duyğu orqanlarından beynə gələn duyğuları qəbul edən, bədəndəki bütün qüvvələri, hərəkətləri idarə edən, işlədən ruhdur. Ruh, göz vasitəsilə rəngləri, qulaq ilə səsləri qavrayır, sinirləri işə salır. Əzələləri hərəkət etdirir, beləliklə bədənə iş gördürür. Belə işlərə ixtiyari, yəni istəkli işlər deyilir. Ağıldan istifadə etmək , düşünmək və gülmək kimi şeyləri edən ruhdur.

Ruh parçalanmadığı və parçalardan əmələ gəlmədiyi, yəni mücərrəd olduğu üçün heç vaxt dəyişməz, pozulmaz, yox olmaz. Ruh bir sənətkara bənzəyir. Bədən bu kimsənin əlindəki sənət alətləri kimidir. İnsanın ölməsi ruhun bədəndən ayrılmasıdır. Bu da sənətkarın sənət alətlərinin yox olmasına bənzəyir.”

İmam Qazali həzrətləri buyurur ki:
“Cəsəddən ayrılan ruh, ya əzaba və ya nemətə qovuşur. Yaxşıların ruhu yüksəlir, pislərinki yeddi qat yerin dibinə enir. Bədəndən ayrılan ruh, alətsiz, vasitəsiz olaraq hər şeyi bilir. Buna görədir ki, çeşidli nemət və ya əzabla qarşılaşır.

Ruh bədəndə ikən hər hansı bir üzv, məsələn insanın bir ayağı iflic olsa, ruh bu ayağa təsir edə bilməz, onu hərəkətə gətirə bilməz. Ölüm isə bütün üzvlərin iflic olmasına bənzəyir, ancaq ruh bədəndən ayrıldıqda, müstəqil olaraq yenə bilir, görür, anlayır, sevinir, kədərlənir, bu halları yox olmaz. Bu halı, bütün ruhlar yox edilənə qədər davam edər. Hər kəs dirildikdə, hər ruh yenidən əmələ gələn cəsədə təəllüq edəcək.”

Dejavü
Sual:
 Déjàvu nə deməkdir? Bunun reinkarnasiya ilə bir əlaqəsi varmı?

CAVAB
Déjà vu, dejavü olaraq oxunur. Ensiklopediyalarda tərifi belədir:

Dejavu, hal-hazırda yaşanan bir hadisəni daha əvvəl yaşamışlıq və ya görülən bir yeri daha əvvəl görmüş olma duyğusudur. Fransızca déjà [daha əvvəl] və voir [görmək] feilinin keçmiş zamandakı forması olan vu-nun birləşməsindən əmələ gəlmişdir. Beynin, yorğunluq və ya başqa səbəblərdən, bir görüntü, səs kimi hər hansı bir daxil olan məlumatı, giriş anı əsnasında dərk edə bilməməsindən irəli gələ bilər. Beyin bu məlumatı dərk etdikdə, insan bu hadisəni daha əvvəl yaşadığı hissinə qapıla bilər. Həmçinin, beynin sağ yarımkürəsilə sol yarımkürəsinin millisaniyədən daha az bir zaman fərqilə işləməsindən də irəli gələ bilər. Bir tərəf digər tərəfdən öncə dərk etdiyi üçün, gec dərk edən tərəf bu hadisənin daha əvvəl yaşanmış olduğu duyğusuna qapılır. Bu vəziyyət sinir aksonlarındakı kiçik bir sapmadan irəli gəlir.

Dejavünün əksi jamais-vu-dur, jamevü şəklində oxunur. Bu vəziyyətdə insanlar tanış bir çevrədə yadlıq hiss edə bilirlər. Dejavüyə bənzər səbəblərlə meydana gəlir. Araşdırmalara əsasən insanların 50%-dən çoxu, həyatlarında ən az bir dəfə dejavü halını yaşamışdır. İnsanların çoxu bir müddət sonra, ən son nə zaman dejavü yaşadığını unudur. (Vikipediya)

Dejavünün reinkarnasiya [tənasüh] ilə heç bir əlaqəsi yoxdur.

  

16-06-2020, 15:29
Geri