Gözəl İslam / Falçılıq, cadugərlik nədir?

Falçılıq, cadugərlik nədir?

Sual: Sevgi, məhəbbət üçün və ya caduları açmaq üçün də olsa cadu etmək və ya etdirmək yenə günah olarmı?
Cavab:
 Mövzu ilə əlaqədar olaraq İbni Abidində deyilir ki:
“Öyrənməsi haram olan biliklərdən biri sehir, cadu və kəhanətdir. Sehir, elmə, fənnə uyğun olmayan gizli səbəblərdən istifadə edərək, qəribə işlər görməyi təmin edən elmdir. Sehri öyrənmək də, öyrətmək də haramdır. Müsəlmanları zərərdən qorumaq üçün və xeyirli işlər görmək üçün öyrənmək də haramdır.

Demək ki, cadunu açıb yox etmək, ər-arvad arasında məhəbbət, sevgi hasil etmək və hərbdə düşməni məğlub etmək kimi faydalı işlər üçün də sehir etmək böyük günahdır. Xeyirli iş görmək üçün bu böyük günahı işləməyin caiz olmadığı Hadiqada yazılmışdır.

Zövcün zövcəsini sevməsi üçün Tivələ adlanan sehri etmək, hədisi-şərif ilə qadağan edilmiş, yasaqlanmışdır. Bunun haram olduğu Haniyə fətvasında da yazılıdır. Sehirdə ayələrdən, dualardan başqa şeylər yazılır. Sehirbazın və dinsizin tövbələri qəbul olmaz. Mən hər istədiyimi edərəm şəklində küfrə səbəb olan etiqadı olmasa da, fitnə və fəsada çalışdığı üçün sehirbazın, cadugərin hakim tərəfindən cəzalandırılması lazımdır. Sehirdə imanı aparan bir şey də etsə, kafir olar.

Kəhanət, gələcəkdə olacaq şeyləri xəbər verməkdir. Arraf, falçı deməkdir. Oğurlanan şeylərin yerlərini, oğurlayanları və sehir edənləri xəbər verir. Təcrübə ilə, hesabla deyil, təxminlə, zənlə danışırlar. Yaxud cindən öyrənirik deyirlər.”

Sual: Kahinlik, falçılıq, cadugərlik nədir? Bunlara inanmağın hökmü nədir?
CAVAB
Kahinlik, cindən biri ilə dost olub, olmuş şeyləri ondan soruşub, ondan öyrənmək və bunları başqalarına danışmaqdır.

Cin ilə tanış olan falçılar, “Ulduznamə”yə baxıb, soruşulan hər şeyə cavab verənlər bunlardır. Bunlara və cadugərlərə gedib, söylədiklərinə, etdiklərinə inanmaq, bəzən doğru çıxsa belə, Allahdan başqasının hər şeyi bildiyinə və hər istədiyini edəcəyinə inanmaq olub, küfürdür. (Hadiqa)
Hədisi-şərifdə buyuruldu ki:
“Uğursuzluğa inanan, kahinlik edən, kahinə gedən, cadu edən, etdirən və bunlara inanan bizdən deyildir, Qurani-kərimə inanmamış sayılır.” [Bəzzar]

İbni Əbu Zeyd həzrətləri deyir ki:
“Cindar təriqətçiyə inanmaq, insanı cindən xilas etdiyinə inanaraq, ona ödəniş vermək caiz deyildir. Cadu açana da pul vermək caiz deyildir.”

“Birgivi Vəsiyyətnaməsi”ndə, “Bir şəxs, mən oğurlananların, itənlərin yerini bilirəm desə, deyən də, buna inanan da kafir olar. “Mənə cin xəbər verir, ona görə bilirəm” desə, yenə kafir olar. Çünki cin də qeybi bilməz. Qeybi yalnız Allah bilir” buyurulur.

Qeybi cin də bilməz
Kadızadə bu hissəni belə izah edir:
“Qeybi, Allahü təalanın vəhy və ilham verdiyi insanlar da bilir. Cin qeybi bilməz. Lakin cin, mən övliyadan eşitdim ki, belə imiş desə, küfür olmaz. Ancaq cinlər yalan danışdıqları üçün onlar biz eşitdik desələr də inanmamaq lazımdır. Allahü təala vəhy yolu ilə Peyğəmbərlərə qeybi bildirdiyi kimi, ilham yolu ilə də övliyaya və möminlərə də bildirir.)

İbni Abidin həzrətləri buyurur ki:
“Cadu, elmə, fənnə uyğun gəlməyən, gizli səbəblərdən istifadə edərək, qəribə işlər görməyi təmin edən elmdir. Cadunu öyrənmək də, öyrətmək də haramdır. Müsəlmanları zərərdən qorumaq üçün öyrənmək də haramdır.” [Rəddül-muxtar]

Xeyirli iş görmək üçün də haram işləmək [cadu açmaq üçün cadu etmək] caiz deyildir. (Hadiqa)

İmam Rəbbani həzrətləri buyurur ki:
Cadu etmək küfrə ən yaxın olan, ən pis haramdır. Hədisi-şərifdə buyuruldu ki:
“Müsəlman cadu etməz. Allah qorusun, imanı getdikdən sonra cadu təsir edə bilər.” [c.3, m.41]

İmam Nəvəvi həzrətləri buyurur ki:
“Cadu edərkən, küfrə səbəb olan kəlmə və iş olarsa, küfürdür. Belə bir kəlmə və iş olmazsa, böyük günahdır.”

Hədisi-şəriflərdə buyuruldu ki:
“Həlaka sürükləyən yeddi şeydən biri cadudur.” [Buxari]

“İpə üfürüb düyün atan kimsə, cadu etmiş sayılır. Cadu edən də Allaha şirk qoşmuş sayılır.” [Nəsai]

“Falçıya, cadugərə, kahinə gedərək, onların söylədiklərinə inanan Qurani-kərimə inanmamış sayılır.” [Tabərani]

“Cadugərə inanan kimsə, Cənnətə girə bilməz.” [İ. Hibban]

“Qeybdən xəbər vermək məqsədilə ulduz elmilə məşğul olan cadugər kimi günaha girər.” [İbni Macə]

“Falçıya fal baxdıran, onun sözünə inanmasa belə, qırx gün qıldığı namaz qəbul olmaz.” [Müslim]

“Fala baxmaq, yazı və cizgi ilə gələcəkdən xəbər vermək, bütə sitayiş etmək kimidir.” [Əbu Davud]

“Ər-arvadın arasını açan Allahü təalanın lənətinə məruz qalar.”[Əl-Ənvar]

“Ana ilə övladın, qardaşla qardaşın arasını vurana lənət olsun.” [İbni Macə]

“Kahinlik edərək alınan pul haramdır.” [Buxari]

“İnsanı həlaka sürükləyən bu yeddi şeydən uzaq durun:
1- Allaha şirk qoşmaq,
2- Sehir, yəni cadu etmək,
3- Qatillik,
4- Faiz yemək,
5- Yetim malı yemək,
6- Cihadda döyüşdən qaçmaq,
7- Ailəli və namuslu bir qadına, zina etdi deyə iftira etmək.” 
[Buxari, Müslim]


Cadu, insanları xəstə edər, sevgi və ya nifrətə səbəb olar. Yəni cəsədə və ruha təsir edər. Cadu, qadınlara və uşaqlara daha çox təsir edir. Cadunun təsiri qəti deyildir. Dərmanın təsiri kimidir, Allahü təala diləyərsə təsirini yaradar, diləyərsə təsirini yaratmaz.

Bu halda, “Cadugər, cadu ilə istədiyini şübhəsiz ki, edir, cadu mütləq təsir edir” deyən və inanan kafir olar. “Allahü təala təqdir etmişdirsə, cadu təsir edə bilər” demək lazımdır!

Sual: Cadu, sehir təsir etməz fikrinə inanıram. Doğrudurmu?
CAVAB
Səhvdir. Cadu təsir edə bilər, mütləq təsir edər demək səhvdir. Cadu dərman kimidir. Bəzən təsir edə bilər, insanı xəstələndirə bilər. Hər dərman da həmişə təsirisini göstərmir, göstərmədiyi hallar da olur. Yəni dərmana da, caduya da təsir qüvvəsini verən Allahü təaladır. Təsir qüvvəsi verməzsə, dərman da, cadu da təsir etməz.

Sual: Rəsulullaha da sehir, yəni cadu olunmuşdu, bu hadisə necə baş vermişdi?
CAVAB
Rəsulullah əfəndimiz Mədinəyə hicrətdən əvvəl Mədinə xalqı Abdullah ibn Səlulun ətrafında toplanmışdılar. Rəsulullah Mədinəyə təşrif etdikdən sonra Mədinə xalqı tamamilə Ona hörmət və diqqət göstərməyə başladılar. İbni Səlulu tərk etdilər. O da bundan sonra Rəsulullahı öldürmək üçün hərəkətə keçdi. Yəhudilər onun yanına toplandılar, bəzi planlar qurdular. Ləbid ibn Asimdən yardım istədilər. Ləbid, filan məhəllədə Xayrə adlı sehir etməkdə mahir olan çox qoca bir qadın var, onu tapın dedi. Tapıb o qadına çoxlu pul verdilər. Qoca qadın bir göyərçinin balasına iynələr batırıb, 11 düyün vurub göyərçinin balasının üzərinə sarıdı. Mədinənin xaricində xarab bir quyunun içinə qoyub, ağzını bağladı.

Rəsulullah əfəndimiz xəstələndi. Əzaları hərəkətsiz qaldı. Bu hal 9 gün davam etdi. Sonra Cəbrayıl əleyhissalam gəldi, vəziyyəti xəbər verdi. Rəsulullahı o quyunun yanına apardılar. Quyunu açıb göyərçini çıxardılar. Lakin düyünləri aça bilmədilər. Cəbrayıl əleyhissalam Muavvizətəyn [Qul Əuzü] surələrini gətirdi. Rəsulullah bu surələri o düyünlərin üzərinə oxudu. Hər ayəni oxuduqca bir düyün açıldı. İki surədəki 11 ayə oxunduqca, 11 düyün də açıldı. Rəsulullah əfəndimiz xəstəlikdən tamamilə qurtulub, səhhətinə qovuşdu.

Sual: Cin insana keçmişdə olan hadisələri bildirə bilərmi?
CAVAB
Cin gördüklərini danışa bilər, ancaq qeybdən xəbər verə bilməz. İnsanlar da gördüklərini danışırlar. Cinlərdən görmədikləri halda söyləyənlər olur. Təkəbbürlü, yalançı olanları vardır, onlara güvənmək olmaz.

Sual: Cindar mollaya cadu açdığı üçün pul vermək günahdırmı?
CAVAB
Cindar mollaya inanmaq, insanı cindən xilas etdiyinə inanaraq, ona ödəniş vermək caiz deyildir. Cadu açana da pul vermək caiz deyildir.

Sual: Ayələr oxunub, ipə düyün atılır. Pislərin şərindən qorunmaq üçün dua edilir. Bu cadu sayılırmı, caizdirmi?
CAVAB
Cadu sayılır, caiz deyildir.

Bio enerji
Sual: 
Bio enerji və ya bənzər yollarla, beynin imkanlarını artıraraq normal vaxtda insanların edə bilmədiyi şeyləri etməyin və ya qeybi görməyin dində yeri vardırmı, yoxsa bunlar sehirdirmi?

CAVAB
Bir texnikaya istinad edirsə, zərəri yoxdur, lakin texnikaya istinad etmirsə, sehir, yəni cadu sayılır. Beynin imkanlarını artıraraq, bir növ texnikalarla normal vaxtda görülməyən şeyləri görmək, qeybi görmək demək deyildir. O şəkildə görülənlər qeyb deyil. Məsələn, müasir dövrdə ultrasəs müayinə ilə ana bətnindəki uşağın cinsiyyətini görmək mümkün olur. Keçmişdə isə bilmək olmurdu. Ultrasəs müayinədə bunu görən həkim qeybdən xəbər verir demək olmaz.

Sual: Bir cindar mollaya getdim, məndən kəsilmiş dırnaq parçalarımı istədi, vermək olarmı?
CAVAB
Elə yerlərə getməyin və verməyin. Kəsilən dırnaqları torpağa basdırmaq yaxşı olar. Hədisi-şərifdə buyuruldu ki:
“Saç və dırnağınızı torpağa basdırın, cadugərlər onlarla sehir edə bilməsinlər!” [Deyləmi]

Sual: Sehir nədir?
CAVAB
İnsanların bütün işləri adəti-ilahiyyə içində əmələ gəlir. Allahü təala sevdiyi insanlara ikram olmaq üçün adətini pozaraq səbəbsiz şeylər yaradır. Bunlar Peyğəmbərlərdən meydana çıxarsa Möcüzə, övliyadan meydana çıxarsa Kəramət, digər möminlərdən meydana çıxarsa Fərasət, fasiqlərdən meydana çıxarsa İstidrac, kafirlərdən zühur edərsə Sehir deyilir.

İraqlı bəzi adamların ağızlarına alov almalarına, ovuclarına şiş salmalarına kəramət deyənlər çıxır. Allahü təala belə adamların Həzrəti Musanın dövründə də olduğunu, bunların sehir olduğunu bildirir. Bu şəkildə göz aldatmaq haramdır. Hədisi-şərifdə buyuruldu ki:
“Bir adamın havada uçduğunu, dənizin üstündə yeridiyini və ya ağzına alov qoyub udduğunu görsəniz, ancaq dinə uymayan bir iş görsə, kəramət əhliyəm desə də, onu cadugər, yalançı, azğın və doğru yoldan azdırıcı kimi bilin!” [Əl-Münirə]

Sual: Televizorda gördük ki, əfsun olunmuş adamı əqrəb  sancmırmış. Əfsun nədir?
CAVAB
Əfsun, fənn elmilə ilə təcrübə edilməmiş, mənası bilinməyən və ya küfrə səbəb olan şeyi xəstə olmamaq və ya xəstəliyi müalicə etmək üçün oxuyub üfürmək deməkdir. Hədisi-şərifdə buyuruldu ki:
“Əfsun edən adam təvəkkül etməmiş sayılır.” [Nısai]
Əfsunun caduya, yəni sehrə bənzəyən tərəfi vardır. Bunlarla məşğul olmaq caiz deyildir.

Şirinlik həmaili
Sual:
 Həyat yoldaşımın başqa qadınlarla münasibəti olduğuna görə evinə bağlanması üçün cadugər mollaya getdim. O da tərif edib, “Ərinə heyz qanı içir, sənə qarşı məhəbbəti əmələ gəlsin, sənə bağlanacaq” dedi. Bəzi cindar mollalar da şirinlik həmaili  yazırlar. Hansı doğrudur?

CAVAB
Cadugərlərə və cindarlara inanmaq qətiyyən caiz deyildir.

İbni Məsud həzrətləri, “Ruqyə, təmimə, tivələ şirkdir” hədisi-şərifini dedikdə, xanımı “Belə demə, gözüm ağrayırdı. Yəhudinin etdiyi ruqyə ilə ağrım kəsildi” dedi. Ona, “Bu ağrı şeytanın işi idi. O ruqyə edildikdən sonra Yəhudinin oxuması ilə keçdiyi zənn edilsin deyə şeytan da ağrı verməkdən vaz keçdi” buyurdu. (Əbu Davud – Şir’a)

Ruqyə, oxuyub üfürmək və ya üzərində gəzdirmək deməkdir. Düzgün olanı və olmayanı vardır. Bir hədisi-şərif məalı belədir:
“Rukyədə şirk olmadıqca, zərəri olmaz.” [Müslim]

Ayəti-kərimə və hədisi-şəriflərlə olunan ruqyə caizdir, buna, taviz deyilir. Taviz caizdir və inanana, güvənənə fayda verər. Mənası bilinməyən və ya küfrə səbəb olan ruqyəyə əfsun deyilir. Bunu və ya göz muncuğunu üzərində gəzdirməyə təmimə deyilir. Məhəbbət əmələ gətirmək üçün olunan ruqyələrə tivələ deyilir. Zövcün zövcəsini sevməsi üçün tivələ adlanan sehri etmək haramdır. (Tam Elmihal S. Əbədiyyə)

Bio enerji, kosmik enerji
Sual:
 Bio enerji, kosmik enerji kimi adlarla ökəmizdə müalicələr edirlər. Mənim çox təcrübəm olmuşdur. Xarici ölkələri deyə bilmərəm, amma ölkəmizdə bu adlar altında və ya daha başqa adlarla ortaya çıxanların etdikləri işin savadlı olmadığını, cinlərlə əlaqəli bir iş olduğunu çox gördüm. Çox adam da biz çox razı qaldıq deyirlər. Bu necə olur?

CAVAB
Bir çox xəstəliyi cinlərin törətdiyi doğrudur. Cindar, o xəstə ilə görüşür, fil-filo edir, abrakadabra deyir. Sonra xəstəlik törədən cinlə görüşüb, “Bir neçə ay bu xəstəyə toxunma” deyir. O adam da, “Yeni bir enerji verdilər, bu enerji sayəsində xəstəliklərimdən qurtuldum, rahatlığa çıxdım” deyir. Aradan bir müddət keçdikdən sonra təkrar cinləri göndərir, yenə xəstəlik törədirlər. Təkrar bir miqdar pul yenə verirlər. O cinlərə “Yenə bir müddət daha dəyməyin” deyilir. Beləliklə işlərini görürlər. Ölkəmizdə savadlı olanları varmı bilmirik.

Cadu etmək və etdirmək
Sual: Cadu vardırmı, insanlara təsir edirmi, cadu etmək və etdirmək dini cəhətdən imanı təhlükəyə sala bilərmi?
Cavab:
 Sehir, yəni cadu insanları xəstə edə bilər. Sevgi və ya nifrət əmələ gətirə bilər, cəsədə və ruha təsir edə bilər. Sehir, cadu, qadınlara və uşaqlara daha çox təsir edir. Sehrin təsiri qəti, dəqiq deyildir, dərmanın təsiri kimidir, Allahü təala istəyərsə təsirini yaradar. İstəyərsə, heç təsir etdirməz. Aclıq çəkərək, sıxıntılı işlər görərək, nəfsini əzən, haram işləməkdən həzz ala bilməyəcək vəziyyətə salan kafirlərin etdikləri sehir təsir edər. Bu cür keşişlərin sehir açmaları da təsirli olur. Müasir  keşişlərin dünya həzlərinə düşkün və nəfsləri azğın olduğuna görə sehir edə bilməzlər və aça bilməzlər.

Sehir, yəni cadu etmək olmaz və sehir etdirmək olmaz, haramdır və küfrə ən yaxın olan, ən pis haramdır. Sehrə aid cüzi bir şey etməməyə çox diqqət etmək lazımdır. Hədisi-şərifdə buyuruldu ki:
“Müsəlman sehir edə  bilməz. Allah qorusun, imanı getdikdən sonra sehri təsir edə bilər.” Sanki sehir etdikdə imanı gedir.

İmam Nəvəvi həzrətləri buyurdu ki:
“Sehir edərkən küfrə səbəb olan kəlmə və ya iş olarsa, küfürdür. Bu cür kəlmə və ya iş olmazsa, böyük günahdır.”

Bir cadugər sehirlə istədiyini əlbəttə edər, sehir mütləq təsir edər deyən və inanan kafir olar. Sehir Allahü təala təqdir etmişdirsə, təsir edə bilər, demək lazımdır.

Sual: Caduda cinlərin bir təsiri, rolu vardırmı?
Cavab:
 Sehir, cadu, cinlərin insanlarda törətdikləri xəstəliklərdir. Müsəlman cinlərdən insanlara zərər gəlməz. Cinlər hər şəkildə görünürlər. Kafir cinlər saleh insan şəklinə də girirlər. Kafir insanlar kimi bir yaxşılıq etdikdə küfrə, günaha da səbəb olurlar. Yoldaşlıq etdiyi insanın göstərdiyi adamlarda xəstəlik, sehir edirlər. Bu xəstəlikdən qurtulmaq üçün bu cini öldürmək və ya qovmaq lazımdır. Cinin zərərindən qurtulmaq üçün ən təsirli iki silah, Kəlmeyi-təmcid və İstiğfar duasıdır. Kəlmeyi-təmcid: “La havlə və la quvvətə illa billahil aliyyil azim”dir. Bunu oxuyan adamdan cinlərin qaçdığını, cadunun pozulduğunu, İmam Rəbbani həzrətləri 174-cü məktubunda və istiğfar duasının dərdlərə dəva olduğu hədisi-şəriflərdə bildirilmişdir.

28-09-2020, 20:17
Geri