Gözəl İslam / Şərtli satış və hədiyyə

Şərtli satış və hədiyyə

Sual: Bir şəxs bir nəfərə pul hədiyyə edib, “Bu pulu ancaq alma almaq şərtilə sənə hədiyyə edirəm. Bu pulla başqa şey alsan pul sənə haram olsun” desə, o da bu pulla çörək alsa, çörək ona haram olarmı?

CAVAB

Xeyir, haram olmaz. Hədiyyə səhihdir, hədiyyə verərkən söylənilən şərt isə batil olur. Yəni, mütləq alma alması şərt deyil. O pulla istədiyini ala bilər.

Əsassız şərtlər

Sual: Alış-veriş edərkən, borc və ya hədiyyə verərkən bir şey şərt qoyulsa, edilməsi caiz olan və şərtə riayət edilməməsi lazım olan şeylər nələrdir?

CAVAB

Bəziləri aşağıdakılardır:

Xidmət etmək şərtilə verilən borc səhihdir, şərt əsassızdır, keçərli deyil. Yəni borc alan şəxsin xidmət etməsi məcburi deyil.

Xidmət etmək şərtilə verilən sədəqə keçərlidir, sədəqəni alanın xidmət etməsi lazım olmaz.

Balasını verməmək şərtilə bir heyvanı hədiyyə etmək səhihdir, balası da hədiyyə edilmiş olur.

Mehir verməmək şərtilə edilən nikah səhihdir, daha sonra kişi mehrini xanımına verməyə məcburdur.

Heç kimlə evlənməmək şərtilə xanımını boşamaq səhihdir, şərtə tabe olmaq məcburi deyil, yəni qadın boşandıqda, iddət üddətindən sonra, artıq istədiyi ilə evlənə bilər.

Alıcı və ya satıcıya faydası olmayan şərtlə alış-veriş səhih olur, şərt edilən şey edilməz. Məsələn, bu meyvəni xanımınla yemək şərtilə satıram desə, satın alan istədiyi şəxslə yeyə bilər. Şərt əsassızdır.

Müştərinin başqasına satmaması və ya hədiyyə etməməsi yaxud minməməsi şərtilə bir heyvanı satmaq, müştərinin özü geyinməməsi şərtilə paltar satmaq, müştərinin özü yeməməsi və ya başqasına satmaması şərtilə qida satmaq, başqasına satmamaq şərtilə bir şey satın almaq kimi edilən alış-verişlərin hamısı səhihdir, şərtlərin heç biri keçərli deyil, şərtlərə riayət etmək məcburi deyil.

Kəsmək şərtilə heyvan satın almaq səhihdir və şərt əsassızdır.

Bir malı o şəhərdə satmamaq şərtilə satın almaq səhihdir, şərt əsassızdır. O şəhərdə də sata bilər.

Bir şəxsə faydası olmayan və ya zərəri olan şərtlə satış da səhih olub şərt əsassızdır. Məsələn, bir evi uçurtmaq şərtilə satın almaq kimi.

Alıcı və satıcıdan başqasına faydası olan şərt əsassız olub, satış səhih olur. Məsələn, müştərinin başqa birinə borc verməsi şərtilə satmaq kimi ki, satış səhihdir, borc vermək məcburi deyil.

Müştəridən başqasının satıcıya borc və ya hədiyyə verməsi şərtilə satış səhih olub, bunları verməsi lazım gəlməz. (Bu məlumatların hamısı Səadəti-Əbədiyyə kitabından alınmışdır)

23-12-2020, 13:45
Geri