Gözəl İslam / Faiz

Faiz

Sual: Dinimizdə faizin hökmü nədir?

CAVAB

Bu gün faizin, spirtli içkinin, zinanın haram olduğunu bilməyən müsəlman yoxdur. Haramlar zamanla halal olmaz. Aydındır ki, “Zərurətlər, haram olan bir şeyi mübah edər”, ancaq zərurət bitdikdə haramlığı davam edər. Məsələn, susuzluqdan öləcək kimsənin şərabdan başqa içəcək bir şey tapa bilməzsə, ölməyəcək qədər şərab içməsi caiz olar. Daha çox içməsi caiz olmaz. Aclıqdan öləcək kimsənin leş yeməsi də belədir.

Bu və bənzəri vəziyyətlər xaricində faizə halal deyilməz. Faiz haqqında Tərqibdəki hədisi-şəriflərdə buyuruldu ki:

“Həlak edən yeddi şeydən biri faiz almaqdır.” [Buxari]

“Yeddi böyük günahdan biri faiz yeməkdir.” [Bəzzar]

“Faiz alana da verənə də lənət olsun!” [Müslim]

“Bədəninə döymə edənə, etdirənə, faiz alıb verənə lənət olsun.” [Buxari]

“Allahu təala dörd adamı Cənnətə qoymaz: Bunlar, davamlı spirtli içki içən, faiz alan, yetim malı yeyən və ana-atasına asi olandır.” [Hakim]

“Faiz 73 qisimdir. Ən aşağısı adamın anası ilə zina etməsi kimidir.” [Hakim]

“Bir dirhəm faiz alıb vermək otuz zinadan günahdır.” [Tabərani]

“Daim faiz yeyən sonunda kasıblığa düşər.” [İbni Macə]

“Qiyamət yaxınlaşdıqca faiz, zina və içki çoxalar.” [Tabərani]

 

Qeyri-müsəlman ölkəsində

Faiz haqqında bir çox hədisi-şəriflər vardır. Quranı-Kərimdə Bəqərə surəsi 275-ci ayəti-kəriməsində, “Alış-verişin halal, faizin haram” olduğu bildirilir.

Əcnəbi ölkələrdə müsəlmanların qeyri-müsəlmanlara borc verib, onlardan faiz almalarının caiz olduğu Mültəkada yazılıdır. Məcmaül ənhürDürərdəki hədisi-şərifdə qeyri-müsəlman ölkələrdə müsəlmanların kafirlərdən faiz almalarının caiz olduğu bildirilmişdir. Bundan başqa zərurət xaricində faiz hər yerdə hər zaman haramdır. (Cövhərə)

Faiz yalnız İslam dinində deyil, səmavi dinlərin hamısında haramdır. Fətavayi Xayriyyədə buyurulur ki:

“Zimmi [qeyri-müsəlman] zimmiyə əlli manat borc verib, faizi ilə birlikdə əlli beş manat alsa, beş manatı geri verməsi lazımdır, çünki, faiz hər dində haramdır.”

Faiz borc verməkdə, girovda və alış-verişdə olur. Fiqh kitablarında faizin yetmişdən çox növünün olduğu bildirilir. Bunun üçün alış-veriş və başqa sözləşmə edəcək kəslərin hansı hallarda faiz olduğunu yaxşıca öyrənməsi lazımdır. Bu bilgiləri öyrənmək fərzi-ayndır. Bilməyən fərqində olmadan faiz alıb verər, beləcə böyük günaha girmiş olar. Haram olduğunu bilmədiyi üçün tövbə etməz.

İmam Rəbbani həzrətləri buyurur ki:

Daha çoxunu ödəməsi şərti ilə borc vermək faizdir. Haram razılaşma ilə ələ keçən malın hamısı haram olar. Məsələn, 12 kilo ödəmək şərti ilə on kilo buğda borc verilsə, 12 kilonun hamısı haram olar. Artıq alınan 2 kilo qul haqqı olduğu üçün, geri verilməsi lazımdır. On kilosu da haram olduğu üçün kasıba sədəqə olaraq verilər.

Bir tənəkə südün içinə qoyulan bir stəkan sidik südün hamısını nəcasət edər. Faizlə borc verilən pulun faizini əsas puldan ayırmaq mümkün olmaz, süddə olduğu kimi hamısı çirklənmişdir.

Sual: Almaniyada bəziləri, “Avropa İslam ölkəsi deyildir, dar-ül-hərbdir” deyə bəzi şeylər edirlər. Qanunlara tabe olmaq, faiz almaq, sığorta etdirmək, saqqal kəsmək, Cümə qılmamaq, xaç taxmaq, yalan danışmaq kimi şeylər caizdirmi?

CAVAB

Dar-ül-hərbdə də olsa İslam bilgilərinin məşhur olduğu yerdə müsəlmanların çoxunun bildiyi şeyləri bilməmək, öyrənməmək üzr olmaz, günah olar. Küfrə səbəb olan bir işi bilərək etmək küfr olar. Belinə zünnar deyilən keşiş kəmərini bağlamaq, xaç taxmaq və küfrə məxsus şey geymək də belədir.

Kafirlərin bayram günlərində, o günə məxsus şeylərindən onlar kimi istifadə etmək də küfr olar. Bunlardan yumor üçün, başqalarını güldürmək üçün, zarafat üçün istifadə etmək də küfrə səbəb olar. Etiqadının doğru olması fayda verməz. Ancaq bunlardan hərbdə düşmənə qarşı, sülh vaxtı zalıma qarşı hiylə olaraq istifadə etmək küfr olmaz. Peyğəmbər əfəndimiz, “Hərb hiylədir” buyurdu.

Yalan da üç yerdə caizdir. Biri hərbdədir. Din düşmənlərindən qorunmaq və ya müsəlmanları qorumaq üçün yalan caizdir. (Uyun-ül bəsair, Hadiqa)

Kafir ölkəsində müsəlmanların seçəcəyi imamın Cümə qırdırması məqbuldur. (Rədd-ül Muxtar)

Əhli kitabın kəsmiş olduğu heyvan əksi sabit olmadıqca, təmiz qəbul edilir. (Əşbah)

İbni Abidin həzrətləri buyurur ki:

“Qeyri-müsəlman ölkələrdə onların qanunlarına itaət etmək [qarşı gəlməmək] zərurəti vardır. Mallarına, canlarına, namuslarına xəsarət yetirmək əsla caiz deyildir.” [Rədd-ül Muxtar qazılıq bəhsi]

Əbdülgani Nablusi həzrətləri buyurur ki:

“Hökümət mübah bir işi qadağan edərsə, bu əmrə itaət vacib olar. Özünü təhlükəyə atmaq caiz olmaz.” [Hadiqa s.143]

Muhamməd Hadimi həzrətləri buyurur ki:

“Hökümətin əmr etdiyi hər mübaha əməl etmək millətə vacib olar.” [Bəriqa s.91]

Bu üç əsərdə də görüldüyü kimi müsəlman dünyanın harasında olursa olsun istər müsəlman ölkələrdə, istər qeyri-müsəlmanların olduğu yerlərdə onların qanunlarına etiraz etməməsi, gözəl əxlaqı ilə hər kəsə örnək olması lazımdır.

 

Müsəlmanların paltarları

Kafirlərə və ya qadınlara bənzəmək üçün saqqalı qazımaq haramdır. (İbni Abidin)

Saqqal qazımaq atəşə tapınanların adətidir. Kafirlərə bənzəmək haramdır. (Bəhr, Təhtavi)

Saqqalı bir tutam uzatmaq sünnətdir. [Dar-ül-hərbdə və ya zülm görməmək, nəfəqədən məhrum olmamaq, əmri-məruf edə bilmək, müsəlmanlara və İslamiyyətə xidmət edə bilmək, dinini, namusunu qoruya bilmək üçün saqqalını qazımaq caiz, hətta lazımdır. Üzrsüz olaraq qısaltmaq və qazımaq məkruhdur. Saqqal sünnətinə əhəmiyyət verməyən kafir olar.] (Bəriqa)

Dar-ül-hərbdə kafirlərin mal, can və namuslarına təcavüz etmək haramdır. Kafir qadınların başlarına, qollarına, ayaqlarına baxmaq haramdır. Kafirin malını qəsb etmək, qəlbini qırmaq, müsəlmanın malını almaqdan daha böyük günahdır. Kafirlərin haqlarına toxunmamaq, kimsəni aldatmamaq müsəlmanlıq zərurətidir. Kafirlərdən də qəsb, oğurluq kimi qeyri-qanuni yol ilə alınan şey mülki-həbisdir, istifadə edilməsi haramdır və sahibi tapılmazsa, kasıblara sədəqə olaraq vermək lazımdır. Heyvan haqqı insan haqqından, kafirin haqqı da, heyvan haqqından daha böyük günahdır. Başqasının malını ondan icazəsiz götürüb, istifadə etmək, zərər etmədən yerinə qoymaq da haramdır. (Hadiqa)

Qeyri-müsəlman vətəndaşlara da dünya işləri üçün incik olmaq caiz deyildir. Onların da gülər üzlə, şirin dillə könüllərini almaq, incitməmək, haqlarını ödəmək lazımdır.

Müsəlman olsun, kafir olsun, harada olarsa olsun heç bir insanın malına, canına və namusuna toxunmaq caiz deyildir. Kafir turistlər məişətdə müsəlmanların haqq və hürriyyətlərinə malikdirlər. Öz dinlərinin zərurətlərini etməkdə, ibadətlərini etməkdə sərbəstdirlər. İslamiyyət kafirlərə də bu hürriyyəti vermişdir.

Müsəlman xaricilərin qanunlarına qarşı gəlməməli, cinayət törətməməlidir.

Fitnə çıxmasına səbəb olmaması, heç kimə zülm, işgəncə etməməsi lazımdır.

Müsəlmanlığın gözəl əxlaqını, şərəfini hər yerdə hər kəsə göstərməsi, hər millətin İslam dininə sevgili və hörmətli olmasına səbəb olması lazımdır. (İslam Əxlaqı)

Kafirə ödənişlə xidmət etmək məkruhdur. Ancaq Dar-ül-hərbdə caizdir. Kafir ölkəsində onların qanunlarına qarşı çıxmamaq zərurəti vardır. Hökumət mübahı da qadağan etsə, buna əməl etmək vacibdir. Özünü təhlükəyə atmaq caiz olmaz. (Rədd-ül Muxtar, Hadiqa, Bəriqa)

 

Avropada faiz məsələsi

Dar-ül-hərbdə müsəlmanın kafirlərə borc verərək onlardan faiz almasının caiz olduğu bütün kitablarda yazılıdır. Dar-ül-hərbdə qeyri-müsəlmanların mallarını faiz, qumar, fasid bey ilə almaq halaldır. Bu yollarla müsəlmanın zərər etməsi isə halal deyildir. (Rədd-ül Muxtar)

İmam Azam və İmam Muhamməd, “Dar-ül-hərbdə, müsəlman ilə kafir arasında faiz olmaz” buyurdu. (Mültəka)

Dar-ül-hərbdə bir müsəlmanın qazanmaq şərti ilə qumar, faiz və sığorta yolu ilə, pul qazanmasının caiz olduğu, “Quduri, Cövhərə, Vikayə, Hindiyyə, Məbsut, Dürr-ül Muxtar, Rədd-ül Muxtar” kimi mötəbər əsərlərdə yazılıdır. Eyni xüsus Məcmaul-ənhürDürərdə də, “La riba beynəl müslimi vəl hərbiyyi fi daril hərbi = Dar-ül-hərbdə müsəlman ilə kafir arasında faiz yoxdur” hədisi-şərifi ilə bildirilir. Çünki, onların malını razılıqları ilə almaq mübahdır. Ancaq, mallarına hücum etmək, zorla almaq caiz deyildir. Dəyanət Ensiklopediyasının faiz maddəsində də belə yazılır.

Dar-ül-hərbdə, yalnız kafirlərdən faiz alan bir banka pul yatıran bir müsəlmanın bu pulun faizini alması halal olar. Bu bankdan borc pul alıb faiz verənlərin hamısı müsəlmandırsa, banka yatırılan pulun faizini almaq haram olar.

Bankdan pul alıb faiz verənlər müsəlman və hərbi kafir qarışıq isə, o bankdan alınan faiz və xidmət qarşılığı alınan maaş məkruh olar. Müsəlman müştərisi çox isə, harama yaxın, hərbi kafir müştərisi çox isə halala yaxın məkruh olar. Məşihatı İslamiyyənin çıxardığı Cəridəyi-elmiyə kitabının 55-ci sayının 1744-cü səhifəsində yazılı fətvada da, “ Dar-ül-hərbdə kafir bankına pul yatırıb, bankdan faiz almaq şəran halal olar” buyurulur.

Sığorta ilə Dar-ül-hərbdə müqavilə bağlamaq və verəcəyi pulları almaq halal olar. (İbni Abidin)

Dəyanət Ensiklopediyasında isə belə deyir:

Əbu Hənifə və İmam Muhammədə görə dar-ül-hərbdə müsəlmanla hərbi kafirlər arasında faiz münasibətləri caizdir. Eyni şəkildə Hənəfi məzhəbinə görə fasid qəbul edilən alış-veriş və ticarət münasibətləri, bəhsə girmək və qumar oynamaq da caizdir. Ancaq müsəlmanın bu işlərdən qazanclı çıxması şərtdir.(Faiz maddəsi s.121)

Bu dəlillərdən də aydın olduğu kimi, faiz alması caiz olan yerlərdə, bank reklamı etmək də caizdir. Üstəlik banklar yalnız faizli işlər etməz, fabriklərə, şirkətlərə səhmdar olmaq, bina tikib-satmaq, borc verənlərin sənədini saxlamaq, pul köçürmələri etmək kimi bir çox faizsiz işlər də edər. Belə qazancı haram-halal qarışıq bir kimsənin verdiyi hədiyyəni almaq, onunla alış-veriş və kirayə işləri etmək caiz olar. (Hadiqa)

Dar-ül-hərbdə qazanmaq şərti ilə bəhsə girmək, yəni bir cür qumar oynamaq da caizdir. Rum surəsində, “Rumlar, ən yaxın bir yerdə məğlubiyyətə uğradılar. Halbuki onlar, bu məğlubiyyətlərindən sonra bir neçə il içində qalib gələcəkdirlər” buyurulur.

Müşriklərə görə isə bu inanılacaq şey deyildi. Halbuki Allahu təalanın vədi mütləq həyata keçəcəkdi. Həzrəti Əbu Bəkir bu surəyi-cəlilə nazil olduqdan sonra müşriklərə, “Bu qalibiyyət sizi sevindirməsin. Bir neçə il sonra Roma farslara mütləq qalib gələcəkdir” demişdi. Müşriklər, “Bu bir neçə il nə qədər vaxtdır?” deyə soruşdular. Üç il deyə cavab verdi. Übeyy ibni Xələf, “Yalandır” deyərək, on dəvəyə Həzrəti Əbu Bəkir ilə bəhsə girdi. Həzrəti Əbu Bəkir vəziyyəti Rəsuli-əkrəmə xəbər verdikləri vaxt Peyğəmbər əfəndimiz, “Bir neçə il 3-9 il arası deməkdir. Dəvə ədədini çoxalt və müddəti də artır” buyurdu.

Həzrəti Əbu Bəkir Übeyyi axtarıb tapdı. Übeyy, “Necə oldu  peşman oldunmu?” dedi. Həzrəti Əbu Bəkir, “Xeyr peşman olmadım. Səninlə bəhsi artıraq. Yüz dəvə edək. Müddəti də doqquz ilə çıxaraq” dedi. Übeyy vəziyyətdən çox əmin idi. Romalıların heç bir vaxt yenidən hərb edə biləcəklərinə ehtimal vermədiyi üçün, “Yaxşı yüz dəvə, doqquz il olsun” dedi.

Doqquz il sonra Bədirdə Müsəlmanlar müşriklərə Allahu təalanın köməyi ilə qalib gəldikləri sırada, Romalılar da Faslılarla təkrar girdikləri hərbdən qalib olaraq çıxmışdılar. Həzrəti Əbu Bəkir bəhsi qazanmışdı. Ancaq dəvələrini şəxsən Übeyydən istəyə bilmədi. Übeyy, Uhudda yaralanmış və Məkkəyə qayıdanda ölmüşdü. Dəvələri Übeyyin varislərindən aldı. Bu vəziyyət müşrikləri yaxşıca düşündürdü. İçlərindən bir çoxu müsəlmanlığı qəbul etdi. Beləcə Qurani-Kərimin bir möcüzəsi daha meydana çıxdı. (Mədarik, Tibyan)

Məkkəyi-mükərrəmə o vaxt İslam ölkəsi olmamışdı və Həzrəti Əbu Bəkirin qazanması dəqiq olduğu üçün bu bəhs işi caiz görülmüşdü. Bunun üçün İmam Azam ilə İmam Muhammədə görə, ticarət və qumar kimi şeylərə aid fasid əqdlər dar-ül-hərbdə müsəlmanlar ilə kafirlər arasında caizdir, edilə bilər. (Mültəka)

Dar-ül-hərbdə qazanmaq şərti ilə bəhsə girməyin caiz olduğunu göstərən bir misal daha verək:

Məşhur bir pəhləvan olan Rükanə qoyunlarının üçdə birini bəhsə qoyaraq Peyğəmbər Əfəndimizə güləş təklifi etdi. Rəsulullah əfəndimiz dəfələrlə Rükunəni məğlub edib, qoyunlarının hamısını aldı. Sonra da ehsan edərək hamısını geri verdi. Rükanə müsəlman oldu. (Məbsut, Məvahibi-lədünniyyə, Şəvahid-ün-nübüvvə)

 

Sual: Zərgərliklə məşğulam, qızıl alıb-satıram. Nələrə diqqət etməliyəm?

CAVAB

Sərrafların və bunlardan alış-veriş edənlərin bilməsi lazım olan xüsuslardan bəziləri bunlardır:

1- Qızıl, qızıl ilə dəyişdirilərkən, birinin ağırlığı bir az daha çox olsa haram olar. Məsələn 7.3 qram ağırlığındakı rəşad qızılı verib, bunun yerinə 7 və ya 8 qramlıq bilərzik almaq, faiz olar haram olar. Çəkilərinin eyni olması lazımdır.

2- Qızılı qızıla satarkən, qramları eyni olsa belə biri nisyə olsa yenə haram olar. Məsələn zərgərə bir Həmid qızıl manat verib, yerinə bir ədəd Əlqazi istənilsə, zərgər də indi Əlqazi yoxdur, sabah verərəm desə haram olar.

3- Qızılda əyar fərqi nəzəri etibara alınmaz. Məsələn on qram 24 əyar qızıl ilə on qram 14 əyar dəyişilsə, iki tərəfdən biri artıq bir şey alarsa, haram olar.

4- Köhnə qızıl, işlənmiş qızıl, əntiq qızıl, bir-biri ilə dəyişərkən eyni ağırlıqda olması lazımdır. Məsələn, Həmid verib yerinə Rəşad alınarkən ayrıca bir şey almaq haramdır.

Yuxarıda bildirilən haramlara düşməmək üçün bunları etmək lazımdır:

a- Köhnə qızıl gətirib, yerinə işlənmiş qızıl almaq istəyən, əvvəlcə köhnə qızıllarını kağız pul ilə satar. İşlənmiş qızılları da kağız pul qarşılığı alarsa, heç zərəri olmaz.

b- Qızılı, qızıl qarşılığı deyil, kağız pul və ya başqa mal qarşılığı nisyə satmaqda da heç zərər yoxdur. Məsələn zərgərdən bir rəşad qızılı nisyə bir ton oduna sata bilər. Qızıl və gümüş olmayan mədən və ya kağız pullarla da nisyə satmaq caizdir.

c- Qızıl və ya hər hansı bir malı nisyə satmaq caizdir. (Dürər, Hindiyyə, Ərba-ini Səlmani)

 

Faizli alış-verişlər

1- 5 qr 14 əyar ilə 5 qr 24 əyar qızılı dəyişdirmək caizdir. Birinin çəkisi çoxdursa və ya nisyədirsə faiz olar. Hədisi-şərifdə, “Qızıl qızıla, gümüş gümüşə, xurma xurmaya, buğda buğdaya, duz duza, arpa arpaya, misli mislinə satılarkən, biri çox olarsa, faiz olar. İkisi də nağd olması şərti ilə qızılı gümüşlə [və ya başqa şey ilə] çox və ya əskik qiymətlə, alınıb satıla bilər” buyuruldu. (Tirmizi)

2- Köhnə qızıl, çox qiymətli əntiq bir qızılla belə dəyişdirilərkən eyni ağırlıqda olması lazımdır. Əntiqdir, dəyəri yüksəkdir deyə çox qızıl almaq faiz olar. Faiz olmaması üçün, əntiq qızılın yanına məsələn bir də qələm qoyulsa, bu qələmlə birlikdə əntiq qızıla çox yüksək qiymət istənilə bilər. Deyək ki 7 qr əntiq qızıl üçün, yanında başqa mal da olduğu üçün, bir kq işlənmiş qızıl istəmək caiz olar.

3- Köhnə qızıl yerinə işlənmiş qızıl almaq istəyən, köhnə qızıllar ilə işlənmiş qızılların qiyməti hesab edilər. Deyək köhnə qızıl 80, işlənmiş qızıl da 100 manat isə, 20 manat fərq istənilə bilər. Yaxud köhnə qızıl çox olub, 100, işlənmiş qızıl da 80 manat tutmuş isə, 20 manat fərq verilər.

4- Qızılı, kağız pul və ya başqa mal qarşılığı nisyə çox bahalı satmaq caizdir.

5- Bir tənəkə keyfiyyətli buğdanı, bir tənəkə keyfiyyətsiz buğda ilə dəyişdirmək caizdir. Biri çox olarsa, faiz olar.

5 tənəkə keyfiyyətsiz buğda verib, 4 tənəkə keyfiyyətli buğda almaq faiz olar. 4 tənəkə buğdanın yanında başqa növ bir mal, məsələn, bir qələm və ya bir kitab qoyulub, bununla birlikdə satılarsa, caiz olar.

6- Bir şey öz cinsi ilə, [məsələn arpa arpaya, qızıl qızıla] nisyə satılarsa, faiz olar.

7- Ortaq bir malı, ölçmədən və ya çəkmədən paylaşmaq faiz olar. [Məsələn, qurban ətini tərəzidə çəkmədən paylaşmaq faiz olar. 4 hissənin hərəsinə bir ayaq, bir hissəyə baş, o birinə də dəri qoyulsa, faiz olmaz.]

8- Bir malı, məsələn, 2 ay sonra təslim etmək üçün satdıqdan sonra daha əvvəl nöqsan olaraq vermək faiz olar. [Vaxtı gəlməmiş borcu bir neçə ay əvvəl ödəyərkən əskik ödəmək faiz olar. Faiz olmaması üçün hamısı ödənilir. Sonra alıcı artığını borcluya hədiyyə edər.]

9- İki adam bir çuval buğdanı ölçmədən qarışdırıb un edildikdən sonra aralarında pay etsələr faiz olar.

10- İki adamın ortaq bir inəyi olsa, südünü bir gün biri, bir gün o biri alsa faiz olar. Hər günkü südü paylaşdırmaq lazımdır. [Bunun kimi iki adamın kirayədə bir evi olsa, kirayəsini bir ay biri, bir ay o biri alsa caiz olmaz. Hər ay alınan pulu ikiyə bölmək lazımdır. Qızıl günü, dollar günü, manat günü və ya başqa bir mal günü edib, hər dəfəsində birinə qızıl, dollar, manat və ya başqa mal vermək caiz olmaz.]

11- İki adam avtomobillərini hər biri istifadə etmək üçün müəyyən bir zaman üçün dəyişsələr faiz olar.

12- Bir şeyi ucuz satın almaq və ya ona bahalı satmaq şərti ilə borc vermək faiz olar.

13- Bir şeyi aldatmaq yolu ilə bahalı satmaq və ya ucuz almaq da faiz olar. Aldatmadan bahalı satmaq və ya ucuz almaq caizdir. [Bu maddələr (Ərbain-i Səlmani) kitabından alınmışdır.]

Faiz çox böyük günahdır. Ancaq faizdən bəhs edən çox kimsə var ki, faizin nə olduğunu bilmir. Yalnız faizin bir-iki növünü bilir. Halbuki faizin növü çoxdur. Hədisi-şəriflər də buyuruldu ki:

“Faiz yetmiş üç növdür.” [Hakim]

“Faiz çox vaxt nisyədə olur.” [Müslim]

“Bir vaxt gələcək insanlar halalı-haramı düşünməyəcək, yalnız pulun gəlməsini düşünəcəklər.” [R.Nasıhin]

Borcda belə faizin olduğunu çox kimsə bilməz. Məsələn, iki ay sonra vermək şərtilə bir manat borc almaq faiz olar. Həmzə Əfəndinin Bey və Şira risaləsinin şərhində, “Borc verərkən vaxt təyin etmək faizdir” buyurulur.

Faizdən xilas olmaq üçün alış-veriş bilgisini yaxşı öyrənmək lazımdır. Alış-veriş bilgiləri toplu halda Tam Elmihal Səadəti Əbədiyyə kitabında vardır.

 

Sual: Evimi bir yoldaşa verdim. Mənə borc 100 min manat verdi. Mən də dedim ki, “Evimdən kirayə almıram, sən də pulundan faiz alma. Pulun məndə neçə il qalarsa, o qədər il evdə kirayə vermədən qal” dedim. Yəni pul faizsiz, ev kirayəsiz olur. Dinimizcə bir zərəri vardır?

CAVAB

Bəli. Açıqca faizdir. Evdə pulun faizi qarşılığı yaşayır. Peyğəmbər əfəndimiz, “Mənfəət gətirən borc faizdir” buyurur. Sizə verdiyi borc qarşılığı evdə yaşayır. Yoldaş sizə borc verməsəydi, kirayə vermədən qal deyərdiniz? Desəniz belə, bu şəkildə bir razılaşma faizdir. Faiz isə çox böyük günahdır.

 

Sual: Faiz halal, riba haramdır deyirlər. Doğrusu nədir?

CAVAB

Faiz ilə riba eynidir. Faiz yeddi böyük günahdan biridir. (Buxari)

Quran-ı Kərimdə də faizin haram olduğu bildirilmişdir. (Bəqərə, 275-279)

Faizin haram olduğunu bildirən bir çox hədisi-şəriflərdən biri belədir:

“Merac gecəsi qarınları ev kimi, içləri ilan dolu insanlar gördüm. Bunların kim olduğunu Cəbrayıl əleyhissəlamdan soruşdum. Faiz yeyənlər olduğunu bildirdi.” [İbni Macə]

 

Hər ehtitac zərurət deyildir.

Məcəllədə deyir ki:

Zərurətlər qadağan olanı mübah edər. Yəni qadağan olan şeylər zərurət davam etdiyi müddətcə qadağanlığı qalxar. (Maddə 21)

Bəzi adamlar Məcəllənin bu maddəsini səbəb göstərib, “Hər ehtiyac zərurətdir. Zərurət qarşısında da haramlar mübah olar” deyərək haramları mübah kimi işləyirlər. Zərurət nədir, nə deyildir?

Zərurət: Özünün və ya nəfəqəsini verməsi lazım olanların ac, susuz, çılpaq və ya küçədə qalaraq xəstə olması deməkdir.(Eşbah)

Zərurət, çətinliklə, başqa şey etməyə imkan olmadığı hallarda olar. (Qamus tərcüməsi)

Göründüyü kimi insanı bir şey etməyə məcbur edən, insanın əlində olmayan səmavi səbəbə zərurət deyilir. Qısacası, dinimizin əmr etdiyi və ya qadağan etdiyi bir işdə, başqa bir şey edə bilməmə məcburiyyəti zərurətdir.

Zərurəti bir neçə nümunə ilə açıqlayaq:

Bir günlük yeməyi olanın dilənməsi haramdır. İşləməkdən aciz olub, aclıqdan öləcək olan borc axtarar. Borc verən olmazsa, dilənər. Diləndiyi halda kimsə bir şey verməzsə, leş yeyə bilər.

24 saat yemək yeməyən kimsə ac olar. Bu aclığı ehtiyacdır, çünki öləcək bir vəziyyət yoxdur. Belə bir kimsənin leş yeməsi haram olar. Burada görüldüyü kimi zərurət bütün qapıların bağlanması halında ediləcək son çarədir.

İstifadə edilmədiyi zaman həlakına səbəb olan qadağan olunan şeydən istifadə etmək zərurətdir. İstifadə edilməməsi çətinliyə, məşəqqətə səbəb olarsa, ehtiyac deyilir. Məsələn, günlərlə ac qalıb yemək üçün bir şey tapa bilməyənin ölməyəcək qədər leş yeməsi zərurətdir. (Uyun-ül-Bəsair s.119)

Ölməyəcək qədər yemək zərurət, amma doyana qədər yemək zərurət deyildir. İmam Rəbbani həzrətləri buyurur ki:

“Ehtiyac başqa, zərurət başqadır. Zərurət halında caiz olan şey, ehtiyac halında caiz olmaz. “Ehtiyacı olana faiz haram olmaz” demək, Quran-ı Kərimin əmrini dəyişdirmək olar. Maidə surəsinin 3-cü ayəti-kəriməsində “fəmənidturra fi mahmasatin” buyurulur.

[Mahmasa, aclıqdan ölmə halıdır. Muztar, çətin, zərurət halında olan çarəsizlikdir.]

Ayəti-kərimənin məali, “Ölümə səbəb olan çarəsiz hala düşən” deməkdir.

Bu ayəti-kərimə zərurət halında haramı bağışlanacaq üzrü bəyan buyurur. Faizlə borc almaq üçün hər ehtiyac üzrlü səbəb olsaydı, faizin haram edilməsinin səbəbi qalmazdı. Çünki faiz ödəməyi ancaq ehtiyacı olan qəbul edər. Ehtiyacı olmayan açıqdan pul vermək istəməz. Allahu təalanın bu qadağan əmri yersiz, lazımsız olardı. Allahu təalanın kitabına belə böhtan edilə bilməz. Halala haram, harama halal deyən kafir olar. Hər ehtiyac zərurət sayılarsa, faizin haram olacağı yer qalmaz. Faizin haram edilməsi əbəs, lazımsız bir əmr olardı. Hətta oruc kəffarəsini ödəmək niyyətiylə kasıbları yedirmək üçün faiz almaq da caiz deyildir.” [Müjdəçi Məktublar 202]

Öldürmək üçün silah çəkənə qarşı özünü qorumaq zəruri müdafiə sayılır. (Məcəllə şərhi)

Hücuma məruz qalanın özünü qorumaq üçün qanuni müdafiəyə keçib, təcavüzkarı zərərsiz hala gətirməsi caizdir. Ancaq bir şəxs yalnız qorxutmaq üçün “səni öldürərəm” deyərsə, dərhal onu öldürməyə təşəbbüs etməsi  caiz olmaz.

 

Adama və yerə görə fərqli hökmlər

Sual: Fiqh kitablarından xəbəri olmayan biri, “Dinin hökmləri, ibadətlər, haram və halallar adama yaxud bölgəyə görə dəyişməz. Bir şey haram isə hər yerdə və hər kəsə haram, halal isə hər yerdə hər kəsə halaldır” deyir. Bunların istisnası olmazmı, hər kəsi eyni qəlibə salmaq doğrudurmu?

CAVAB

Əlbəttə hər hökmün istisnaları var. Bir neçə nümunə verək:

1- İslamın fərzi zənginə beş ikən kasıba dörd və ya üçdür. Zəkat vermək kasıba fərz deyildir. Gücü çatmazsa, həccə getməsi fərz deyildir. Dəstəmazın fərzi sağlam insana dörd ikən, ayaqları olmayana üçdür.

2- Namaz və orucun hökmləri ekvatordakilər və qütbdəkilər üçün eyni deyildir. Ekvatorda gündüz oruc tutulur, gecə yeyib içilir. Amma qütblərdə gündüz bəzən 6 ay belə gündüz olar. Altı ay insan ac dayana bilməz. Namaz vaxtları da günəşə görə təyin edilməz.

3- Sağlam bir insanın qıldığı namaz ilə xəstə, şikəst olanın qıldığı namaz eyni olmaz. Ayaqda dayanmaq fərz ikən, ayaqda dayana bilməyən oturaraq qılar, oturaraq da qıla bilməyən uzanıb qılar.

4- Yuyunsa xəstələnəcək olan qüsl almaq yerinə təyəmmüm edər.

5- Səfərdə olana, qadına, xəstəyə, əsirə, həbsdə olana cümə namazı fərz olmaz.

6- Ağzına, burnuna un tozu girənin orucu pozular. Ancaq un işində işləyənin bundan çəkinməsi çətin olacağı üçün orucu pozulmaz.

7- Döyüşdə vətənini və dinini mühafizə etmək üçün düşmən əsgərini öldürmək caiz ikən, sülh vaxtı kafirin qəlbini qırmaq belə böyük günahdır.

8- Bəhsə girmək, qumar oynamaq haram ikən, qeyri-müsəlman diyarında yüzdə yüz qazanmaq şərti ilə oynamaq caizdir. Necə ki, Məkkə hələ İslam ölkəsi deyil ikən, Həzrəti Əbu Bəkir Rəsulullah əfəndimizin əmrinə uyaraq Übeyy ibni Xələf ilə bəhsə girmiş və bəhsə qoyulan yüz dəvəni almışdır.

9- Donuz ticarəti şiddətli haram ikən, qeyri-müsəlman turistlərə öldürülən bir neçə vəhşi donuzu satmaq caizdir.

10- Faiz alıb vermək böyük günahdır. Amma faiz almağın qeyri-müsəlman ölkələrdə caiz olduğu Dürr-ül Muxtar, Mültəqa, Məcmaul-ənhür, Dürər və Gurər, Quduri, Cövhərə, Viqayə, Fətavayı Hindiyyə, Fəthul-qadir, Cəridəyi-elmiyyə kimi bir çox fiqh kitabında yazılıdır. Məcmaul-Ənhür və Dürərdəki “La riba beynəl müslimi vel harbiyyi fi daril hərbi = Dar-ül-hərbdə Müsəlman ilə kafir arasında faiz yoxdur” hədisi-şərifini bilməyənlərə nə vəsiqə göstərilsə faydasızdır.

 

İştirak bankları

Sual: İştirak banklarıyla digər bankların çalışmaları eynidir. Zərrə qədər fərq yoxdur. İştirak bankları mənfəət ortaqlığı adı altında mənfəət payı verirlər. Digər banklar da buna mənfəət demir, faiz deyirlər. Yalnız ad fərqiylə biri caiz, o biri haram ola bilərmi?

CAVAB

Mühüm olan razılaşmadır, iş tərzlərinin eyni olması heç nəyi dəyişdirməz. Məsələn, bir kişinin yad bir qadınla ödənişli və ya ödənişsiz bərabər olması zina olar, amma iki şahid yanında nikah edərək bərabər olması, halal olar. Edilən iş eyni isə də, razılaşma fərqlidir.

Bir bank min manat üçün bir manat faiz alsa, haram olar. Ancaq aldığı artıq pul üçün komissiya xərcidir, xidmət haqqıdır desə, caiz olar, faiz deyərsə, haram olar. Burada edilən iş eyni isə də, razılaşma, söz fərqlidir. İştirak bankları da mənfəət zərər ortaqlığı deyərsə, zərəri olmaz. Yalnız mənfəətə ortaq deyilərsə, digər banklardan bir fərqi qalmaz.

 

Faiz və ticarət

Sual: “İslamiyyətdə faiz qadağan edildiyi üçün ticarətimiz geri qaldı” deyənlərə nə söyləmək lazımdır?

CAVAB

“Faiz uzun illərdən bəri sərbəstdir. Buna baxmayaraq niyə inkişaf edə bilmədik?” demək kafi olar.

Əvvəllər müsəlman tacir zənginlərdən borc alar, beləcə sələmçidən xilas olardı. Borc ala bilməyən tacir səhmlər çıxarıb, müsəlmanları özünə ortaq edərdi. Qazanca ortaq olmaq üçün, zənginlər tacirə çoxlu pul verərdilər. Pullarını banka deyil, ticarətə yatırardılar. Beləcə, ölkədə ticarət, sənət inkişaf edər, ölkə da inkişaf edərdo. Həm də sələmçilər heç kimi soya bilməz, millət rifaha qovuşardı.

 

Xidmət haqqı

Sual: Bank müştərilərinə borc pul da verir, ancaq müəyyən bir miqdar xidmət haqqı alır. Bu şəkildə borc almaq caizdir?

CAVAB

Xidmət haqqı deyirsə, zərəri olmaz. Faiz deyirsə, caiz olmaz, çünki dində, belə işlərdə sözə baxılır, niyyətə baxılmaz. Niyyətə baxılan yerlərdə də sözə baxılmaz. Söz və niyyətin yerləri dəyişər.

 

Malın qiymətini gizlətmək

Sual: S. Əbədiyyədə “Satılan şeyin ayıbını və satın alınan şeyin qiymətini gizləmək faiz olur” deyilir. Bir kimsə satdığı malı nə qədər pula aldığını söyləmək məcburiyyətindədir?

CAVAB

Soruşana malın alış qiymətini deyil, bazar dəyərini söyləmək lazımdır. Bazar dəyəri demək bu maldan anlayan ekspertlərin verdikləri qiymət deməkdir, alış qiyməti deyil. Bir kimsə bir malı çox ucuza alsa da, yüksək qiymətdən sata bilər. Məsələn, 50 manata alınan bir mal bazarda 100 manatdırsa, “Bu malın dəyəri 100 manatdır” deyərək satmaq caiz olar. “Bu malın dəyəri 200 manatdır, amma sənə 100 manata satıram” deyərək müştərini aldatmaq caiz deyildir.

 

Almaniyada faiz

Sual: Buradakı bir molla, “Faizin haram edilməsinin hikməti qarşıdakı adamı istismar etməkdən qurtarmaqdır. Məsələn, 100 manat istəyən adama, “10 manat faiz istəyirəm” deyərək onu çətin vəziyyətə salmaqdır. Banka pul yatırılanda bank çətin vəziyyətə düşmür. Bank qazandığı pulun bir hissəsini bizə verir. Məsələn, 10 manat mənfəət edirsə, “5 manatı sənin, 5 manatı mənim olar” deyir. Biz bankı istismar etmirik. Bunun üçün Almaniya kimi qeyri-müsəlman ölkələrdə bankdan pulun faizini almaq caizdir, günah deyildir” deyir. Mollanın dediyi səbəb uyğundurmu?

CAVAB

Almaniya kimi qeyri-müsəlman bir ölkədə elə səbəblər olsun-olmasın, pulun faizini almaq caizdir. (Qüduri, Cövhərə, Vikayə, Rədd-ül Muxtar, Hindiyyə, Məbsut, Məcmaul ənhur, Dürər)

 

Faizci əbədi Cəhənnəmdə qalacaq?

Sual: Başda Dəyanətinki daxil olmaqla oxuduğum hər məaldə, Bəqərə surəsinin 275-ci ayəsində, “Faiz yeyənlər məhşərdə ancaq şeytanın çarpdığı kimsənin qalxdığı kimi qalxarlar. Bu, onların, “Onsuz da alış-veriş faiz kimidir” demələrindəndir. Halbuki Allah alış-verişi halal, faizi haram qıldı. Kimə Rəbbindən bir öyüd gələrsə, sələmçilikdən əl çəkərsə, keçmişi özünədir, onun işi Allaha aiddir. Kim sələmçiliyə dönərsə, onda onlar Cəhənnəmlikdir, onlar orada əbədi qalacaqdırlar” deyilir. Digər məallərdə də əbədi qalar, sonsuz qalar deyilir. Günah işləyən niyə əbədi Cəhənnəmdə qalır?

CAVAB

Təfsirdən, məaldən din öyrənilməz. Faiz haramdır, haram iş görən əbədi Cəhənnəmdə qalmaz. Hədisi-şərifləri oxuyanlar belə səhv hökmlər çıxarırlar. Məsələn, “Zina edəndən iman çıxar”, “İçki içənin imanı gedər”, “Namaz qılmayan kafirdir” hədisi-şəriflərini oxuyan da bu günahları edənlərə kafir deyər.

Faiz də böyük günahdır. Faiz alıb verənə kafir deyilməz. Faizin haramlığına inanmayan kafirdir və əbədi Cəhənnəmdə qalar. Faiz alıb verdiyi üçün deyil, faizi halal zənn etdiyi üçün Cəhənnəmdə qalar. Əli Fikri Yavuzun məalində, “Kim  haram olan bu ribanı halal deyə yeməyə dönərsə, onda onlar Cəhənnəmlikdir, o atəşdə əbədi olaraq qalacaqdırlar” deyilir. Belə şərhli yazılanda, yanlışlığa fürsət verilməmiş olur. Bir şeyin hökmü məaldən deyil, fiqh kitablarından öyrənilər. Bu baxımdan fiqh elmini bilmədən ayət və hədis okumaq çox səhvdir.

 

Bankda işləmək

Sual: Bankda işləyənin aldığı maaş halaldır?

CAVAB

Bəli, haram halal qarışıq işlər görənin verdiyi maaşı, hədiyyəni almaq halaldır.

 

Faizli alverlərə diqqət

Sual: Faiz ola biləcək alış-verişlərə bir neçə nümunə verə bilərsiniz?

CAVAB

Alış-verişdə faiz çox vaxt ağırlıq və ya həcmlə ölçülən bir cinsdən olan malların bir-birləriylə mübadilə edilmələrində olur. Faiz olan və olmayan alış-verişlərə bəzi nümunələr göstərək:

Faizdir: Bir tənəkə buğdanı, bir tənəkə buğdaya nisyə satmaq faizdir. Buğdalardan birinin keyfiyyətli, o birinin keyfiyyətsiz olması fərq etməz. Biri bir tənəkədən az və ya çox olarsa nağd satmaq da faiz olar.

 

Faiz deyil: İki şərtdən biri olub, digəri olmazsa, fərqli miqdarda nağd satmaq caiz olub, eyni miqdarda olsalar da, nisyə satmaq yenə faiz olar. Bir tənəkə buğdanı, iki tənəkə arpaya nağd satmaq caizdir. Beş yumurtanı altı yumurtaya nağd satmaq caiz olar. Pul xırdalamaq, məsələn 100 manat verib iki 50 manat almaq caiz olar.

 

Faizdir: Beş metr parçanı beş metr parçaya nisyə satmaq faizdir. Üç yumurtanı üç yumurtaya nisyə satmaq da faizdir. Xırdalamaq üçün 100 manat verilsə, xırdalayan kimsə də 50 manatını indi versə, digər 50 manatını nisyə versə, faiz olar.

 

Faiz olmaz: Yarım qızıl verib, yarım qızıl ağırlığında iki ədəd 0.25qr. qızıl verilsə satış caiz olar. Qızıl və gümüş ağırlıqla qiymətləndirilir. Qızıl pulların ağırlığı müəyyən olduğu üçün, bunları sayı ilə də istifadə etmək caiz olar. Ancaq istifadə edərkən, ağırlıqlarını düşünmək lazımdır.

 

Faiz olar: 5 qram 18 əyar qızılı, 4 qram 22 əyar qızıla satmaq faiz olar.

 

Faiz olmaz: Kağız pulla qızılı nağd da, nisyə də satın almaq faiz olmaz.

 

Faiz olar: Qızıl və gümüşü ayrılmadan əvvəl almaq və vermək şərtdir. Yəni bir-birinin əlinə vermək lazımdır. Ayrıldıqdan bir iki dəqiqə sonra verilsə, satış səhih olmaz.

 

Faiz olmaz: “Bu bir tənəkə buğdanı, bir tənəkə toxumluq buğdaya sattım. Bu bir tənəkə buğdanı, bir tənəkə təzə arpaya satdım” deyərək razılaşmaq etmək caiz olar. Ancaq razılaşma yerindən ayrılmadan, toxumluq buğdanı və ya təzə arpanı təslim almaq lazımdır.

 

Faiz olar: Qızıl və gümüşdən başqa mədənlərdə sənət, sənətkarlıq fərqi ola bilər. Bir mis samovarı, daha ağır mis samovar qarşılığı satmaq caizdir. Çünki qızıldan və gümüşdən başqa mədənlər üzərində emal edildiyi üçün sənət baxımından ağırlıq ölçüsündən çıxıb, dənə ilə və ya bir dəfəlik satıla bilər. Amma bunları ağırlıqla satmaq adət olan yerlərdə, ağırlıq fərqi yenə faiz olar.

 

Faiz olmaz: Köhnə misi, yeni mislə eyni ağırlıqda və nağd dəyişmək caiz olar. Yeni mis yüngüldürsə, bununla az miqdar başqa mal və ya pul da nağd verilərsə caiz olar, faiz olmaz.

 

Faiz olar: Buğdanı buğdaya nağd satarkən, birinin həcmi çox olsa faiz olar. Həcmləri eyni, amma biri nisyədirsə yenə faiz olar.

 

Faiz olmaz: Arpanı buğdaya satarkən, həcmləri eyni olsa da nisyə satmaq faiz olub, həcmləri fərqli olsa da, hər ikisinin nağd satışı caizdir.

 

Faiz olar: Çəkiləri eyni, amma biri nisyədirsə faiz olar. Çəki və ya həcmləri eyni olmayan nağd satışda faizdən xilas olmaq üçün çəki və ya həcmi az olan malın yanına eyni növdən olmayan başqa az bir şey də əlavə edib, iki şey bir yerdə ikən bazarlıq edib almaq lazımdır. Beləcə faiz olmasa da, əlavə edilən şeyin qiyməti azdırsa, tahrimən məkruh olar.

 

Faiz olmaz: Bir neçə adam arasında müştərək olan ölçək və ya çəkiylə ölçülən bir malı, ölçmədən paylaşmaq faiz olar. Ancaq, hər biri digərlərinə bir dəftər, ikincisi bir dəsmal, qələm kimi şeylər də verib halallaşarsa caiz olar. Vermədən halallaşmaqla caiz olmaz. Məsələn, üç adamın on kiloya qədər ortaq buğdaları olsa, təxminən üçə bölsələr faiz olar. Gözəyarı böldükdən sonra, birinci ortaq ikinci ortağa bir qələm, ikinci ortaq üçüncüyə bir dəsmal versə caiz olar.

 

Faiz olar: Çəkiylə və kilo ilə ölçülən və ölçülməyən hər şey, öz cinsiylə nisyə satılanda, miqdarı eyni olsa da faiz olar.

 

Faiz olmaz: Maddələri və ya istifadə ediliş yerləri eyni olmayan və ya insanlar tərəfindən sifətləri dəyişdirilən şeylər eyni cinsdən deyildir. Məsələn, alma sirkəsi ilə üzüm sirkəsi, qoyun ətiylə mal əti, buğda ilə çörək eyni cinsdən deyildir.

 

Faiz olar: Miqdarı eyni olsa da, həcmlə və ya çəkiylə ölçülən bir şeyi öz cinsi qarşılığı, ölçmədən topdan satmaq faiz olar. Çünki belə şeylərin satışında söz kəsilərkən ölçülərək miqdarlarının eyni olduğunu bilmək, alış-verişin səhih olması üçün şərtdir.

 

Faiz olmaz: İmam Muhammədə görə çörəyi dənəylə və çəkiylə borc vermək faiz olmaz.

 

Faiz olar: Buğdanı buğda ununa eyni həcmdə də satmaq faiz olar. Çünki buğdadan eyni həcmdə un hasil olmaz.

 

Faiz olmaz: Unu və buğdanı çörəyə satmaq faiz olmaz. Çünki çörək başqa cindən olmuşdur və sayı ilə ölçülür.

 

Faiz olar: Həcmlə və ya ağırlıqla ölçülən bir malı ölçmədən borc vermək və ya almaq faiz olar. Borc verilən şey hədiyyə kimi verilsə, belə bir təhlükə olmaz.

 

Faiz olmaz: Küncüt, zeytun kimi yağı çıxarılan cisimlər öz yağları qarşılığı satıldığı vaxt yağ cisimdəki yağ miqdarından çoxdursa, caizdir və yağın eyni miqdarı yağ qarşılığı olub, artığı lət qarşılığı olar. Çox deyilsə, az və ya bərabərdirsə, yaxud məlum deyilsə faiz olar.

 

Faiz olar: Bir malı on manata satıb, müştəriyə təslim etdikdən sonra, pulu təslim almadan, malı müştəridən doqquz manata geri satın almaq faiz olar. Pulu tamam aldıqda, satın ala bilər. Bir malı satdıqdan sonra, pulunun hamısını tamam təslim almadan, o malla birlikdə başqa bir şeyi, eyni qiymətlə geri satın almaq faiz olar.

 

Faiz olmaz: İki adamın kirayədə ortaq bir evi olsa, kirayəsini hər ay bölsələr faiz olmaz. Ancaq bir ay biri, digər ay biri alsa faiz olar.

 

Faiz olar: İki adamın ortaq bir inəyi olsa, südü bir gün biri, bir gün digəri sağsa faiz olar. Hər gün çıxan südü bölmələri lazımdır. İki adam, məsələn, bir avtomobili hər biri istifadə etmək şərtilə, müəyyən bir vaxt üçün dəyişsə, faiz olar.


Faizdən gələn pul

Sual: Almaniyada yaşayıram. Buradakı bəzi mollalar, “Bankların verdiyi faizi yeməkdə içkidə istifadə etməmək lazımdır, başqa ehtiyaclara vermək lazımdır” deyirlər. Bəzi mollalar da, “Əgər bankların verdiyi faiz haramdırsa, hara xərclənərsə, xərclənsin haram olar, halaldırsa hər şeyə xərclənə bilər” deyirlər. Hansı doğrudur?

CAVAB

Birinci mollanınkı səhv, ikinci mollanın söylədikləri doğrudur. Yəni haramdan gələn pul, hara xərclənərsə xərclənsin yenə haramdır. Ancaq İslamiyyətlə idarə edilməyən Almaniya kimi yerlərdə bankların verdiyi faizin haram olmadığı “Quduri, Cövhərə, Vikayə, Hindiyyə, Məbsut, Dürr-ül Muxtar, Rədd-ül Muxtar” kimi mötəbər əsərlərdə yazılmışdır.

 

Abduhcunun çərənləmələri

Sual: Məzhəblərin birləşdirilməsini müdafiə edən və hər məzhəbdən ağılına uyğun gələn hökmü alan Mason Abduhun tələbəsi bir yazıçı xülasəylə deyir ki:

“Fransa, İtaliya kimi Dar-ül-hərb deyilən ölkələrdə kafirlərdən faiz alınmaz. Faiz, alın təri tökmədən və yorulmadan pul qazanıldığı üçün haramdır. Əgər faizi bankdan alırsa, bu daha böyük haramdır. Biz, dünyadakı heç bir qeyri-müsəlman ölkə ilə döyüş halında deyilik, hamısıyla sülh halındayıq. Buna mən “Dar-ül sülh” deyirəm. Döyüş halındakı qeyri-müsəlman ölkələrdən faiz almaq caiz olmadığı kimi, hələ sülh halındakı qeyri-müsəlmanlardan da faiz almaq heç caiz olmaz.”

Faiz əlbəttə haramdır. Ancaq müəllifin dediyi kimi, “Alın təriylə qazanılmadığı üçün haramdır” demək çox səhv deyil? O zaman alın təriylə qazanılmayan bir çox məslək vardır. Qızıl və ya valyuta satanların yaxud komissiyaçılıq edənlərin qazandıqları haram olur?

CAVAB

Bu Abduhcunun çərənləməsinə vəsiqəli bir cavab verməyə çalışsaq böyük bir kitab olar.

Məzhəbsizlər hər haramın ağıllarına görə bir hikmətini tapmağa çalışarlar. Ümumiyyətlə hamısı da səhv və ya əskik olar. Bir məzhəbsiz molla, “Donuzun haram edilməsinin hikməti, içindəki zərərli trişinlərdən (qurdlardan) ötəridir” demişdi. Ateist bir gənc, “O zaman biz donuz ətini yüksək dərəcədə qaynadıb, içindəki trişinləri öldürər, donuzu halal olaraq yeyərik” demişdi. O gəncə belə demişdik: “Xeyr, yalnız trişindən ötrü haram edildiyini söyləmək səhv olar. Bəsmələsiz kəsilən quzu əti də haramdır. Quzu ətinin sağlamlığa nə zərəri var? Dinimiz haram etmişsə, heç hikmətini araşdırmadan, onun haramlığını qəbul etmək lazımdır. Bir damcı spirt sağlamlığa zərərli olmasa da, haramdır. Bir damcı sidik də elədir.”

Abduhun tələbəsi faizin haram ediliş səbəbini zəhmət çəkmədən qazanmağa bağlayır. Deyək ki, sələmçi qarda-qışda, kəndlərə, iş yelərinə, dükanlara gedərək faizlə pul versə, avtomobilin benzinini və şoferinə pul xərclədiyi, çox yorulduğu üçün alacağı faiz halal olar? Əksinə miras malı da heç zəhmətsiz gəlsə də halaldır. Hədiyyə alıb vermək halaldır. Zəhmət çəkilmədiyi üçün haram deyilərmi?

Məzhəbsizliyin xüsusiyyətindən yəqin, “Allah haram etdiyi üçün haramdır” deyə bilmirlər. Müşriklər qeyri-mümkün zənn edərək meracı inkar etmişdilər. Günümüzdəki Hamidullahcı məzhəbsizlər də, “Ta oralara necə gedər?” deyirlər, onlar da meracı inkar edirlər. Həzrəti Əbu Bəkir, “O, dediysə doğrudur” buyurur. Haram olan bir şey üçün də, Qurani-Kərimdə və ya hədisi-şəriflərdə bildirilirsə, yaxud məzhəbimiz “haramdır” demişsə, heç tərəddüd etmədən və hikmətini filan araşdırmadan haram olduğuna inanmaq lazımdır.

Dar-ül-hərbdə kafirlərə borc verərək, onlardan faiz almağın caiz olduğu bütün kitablarda yazılıdır. Bir neçə misal verək:

İbni Abidin həzrətləri buyurur ki: Dar-ül-hərbdə qeyri-müsəlmanların mallarını faiz yoluyla almaq halaldır. (Rədd-ül Muxtar)

İmam Azam və İmam Muhamməd, “Dar-ül-hərbdə Müsəlmanla kafir arasında faiz günahı olmaz” buyurdu. (Mültəka)

Dar-ül-hərbdə bir Müsəlmanın faiz yolu ilə pul qazanmasının caiz olduğu, “Quduri, Cövhərə, Vikayə, Hindiyyə, Məbsut, Dürr-ül Muxtar, Rədd-ül-muxtar” kimi mötəbər əsərlərdə yazılıdır.

Eyni xüsus Məcmaul-Ənhur və Dürərdə də, “La riba beynəl müslimi vəl harbiyyi fi daril harbi= Dar-ül-hərbdə, Müsəlmanla kafir arasında faiz yoxdur” hədisi-şərifiylə bildirilir. “Faiz yoxdur” demək, “Faizli alış-verişlər caiz olar” deməkdir.

Dəyanət ensiklopediyasında da belə deyir: Əbu Hənifə və İmam Muhammədə görə dar-ül-hərbdə Müsəlmanla hərbi kafirlər arasında faiz rəftarı caizdir. (Faiz maddəsi s.121)

Abduhcu, “Bankdan almaq daha böyük günah olar” desə də, Məşihatı İslamiyyənin çıxardığı Cəridəyi Elmiyyə kitabının 55-ci sayının 1744-cü səhifəsində yazılı fətvada da, “Dar-ül-hərbdə kafir bankına pul yatırıb, bankdan faiz almaq şəran halal olar” buyurulur.

Hər şeyi bir hikmətlə, bir səbəblə açıqlayan başqa bir molla da kafir bankından faiz almağın caiz olduğuna belə bir misalla verir:

“Faizin haram edilməsinin hikməti qarşıdakı adamı istismar etməkdir. Məsələn, 100 manat istəyən adama, “50 manat faiz istəyirəm” deyərək onu çətin vəziyyətə salmaqdır. Banka pula yatırılanda, bank çətin vəziyyətə düşmür. Bank qazandığı pulun bir hissəsini bizə verir. Məsələn, 20 manat mənfəət qazanırsa, “10 manatı sənin, 10 manatı mənim olar” deyir. Biz bank istismar etmirik. Bunun üçün İtaliya, Fransa kimi qeyri-müslim ölkələrdə bankların verdiyi faizi almaq caizdir, günah deyildir.”

Halbuki kafir bankından faiz almağın caiz olduğu din kitablarında yazılıdır. Belə ağıllı bir misala heç ehtiyac yoxdur. Ancaq ağlını ölçü alanlar üçün, ağıla zidd də deyildir. Nəqlə zidd olmadığı üçün söyləməkdə zərər yoxdur.

Abduhcu yazıçının, “Dar-ül sülh= Sülh ölkəsi” deyə bir deyiliş tərzi uydurmasının dində yeri yoxdur. Heç bir İslam alimi belə bir tərz bildirməmişdir. Bir ölkə ya İslamiyyətlə idarə edilər və ya qeyri İslami şəkildə idarə edilər. İkisinin arasında başqa idarə şəkli yoxdur. Yəni bir ölkə ya “Dar-ül-İslam” və ya “Dar-ül-hərb” olar. Kəlimə mənasına baxaraq Dar-ül-hərb üçün “Savaş olan ölkə” deyilməz. Vəhabilər də, həmişə belə söz üzərində dayanaraq səhv edirlər. Kəlimələrdə tərzə, sözə baxılmaz. Bir başqa xüsus da, bu gün bir ölkə, özünə, “İslam idarəsi” desə, o ölkə “Dar-ül-İslam” olmaz. Bir kimsənin adı Vəli olsa, o kimsəyə övliya şəxs deyilmədiyi kimi, bu da elədir.

 

15-12-2019, 14:06
Geri