Facebook Twitter WhatsApp

Saləbənin zəkatı

Sual: Şəvahid-ün Nübüvvə kitabında deyilir ki:

“Allahu təala Saləbə haqqında “Onlar kimi də, “Əgər bizə lütf və kərəmindən ehsan edərsə, mütləq zəkatını verəcəyik, həqiqətən salehlərdən olacağıq” deyərək, Allaha qəti söz vermişdi. Nə zaman ki, Allah kərəmi ilə istəklərini verdi, xəsislik edib üz çevirdilər. Onsuzda vermək istəmirdilər”. buyurdu. Saləbənin qəbiləsi bunu eşitdikdə Saləbəyə, “Həlak oldun. Allahu təala sənin haqqında ayə göndərdi” dedilər. Saləbə Rəsulullahın yanına gəlib dedi: Budur, malımın zəkatı, qəbul eylə. Rəsulullah, “Allahu təala sənin zəkatını qəbul etməyi mənə qadağan etdi” və  “Sən özünə etdin! Sənə söylədim, sən məni dinləmədin” buyurdu və onun zəkatını almadı. Rəsulullah vəfat etdikdən sonra Saləbə zəkatını Həzrəti Əbu Bəkirə gətirdi. Həzrəti Əbu Bəkir də “Rəsulullahın qəbul etmədiyini mən necə qəbul edə bilərəm” buyurdu. Həzrəti Ömərin xəlifəliyi dövründə zəkatını ona da gətirdi. O da qəbul etmədi, lakin Həzrəti Osman xəlifəliyi dövründə qəbul etdi.

Burada iki sualım var: 1- Saləbə səhabələrdən deyildirmi? Normal müsəlman belə zəkat verdiyi halda, necə bir səhabə zəkat verməsin? Tövbə etdiyi halda zəkatı niyə qəbul edilmir? 2- Həzrəti Osman zəkatı niyə qəbul etdi?

CAVAB

1- Saləbə münafiqdir. Allahu təala onun münafiq olduğunu, tövbə etməyəcəyini bildiyi üçün zəkatını da qəbul etmədi. Xalq arasında qınanmamaq üçün, münafiqliyi ortaya çıxmaması üçün zəkat vermək istəyirdi. Allahu təala da müsəlmanların bu tələyə düşməməsi üçün onun zəkatını qəbul etmədi. Tövbə surəsinin 76-cı ayəsinin sonunda “hüm mu-ridun” buyurulur.

Təfsirlərdə “Onlar yolunu azmışlardandır, sağa-sola səndələyənlərdəndir, etibarsızlardandır, sözünün üstündə durmayanlardandır, etiraz edənlərdəndir” kimi mənalar verilmişdir. Bundan sonrakı iki ayənin məalı:

“Allaha verdikləri sözü tutmadıqları və yalan söylədikləri üçün, O da bu etdiklərinin axırını qiyamətə qədər qəlblərində qalacaq bir münafiqliyə çevirdi”. [ Tövbə 77 ]

Məgər o münafiqlər bilmirlər ki, Allah onların gizlətdiklərini də, pıçıltılarını da bilir.
2-Rəsulullahın qəbul etmədiyini həzrəti Əbu Bəkir də nümunə olsun deyə qəbul etmədi. Həzrəti Ömər isə hər baxımdan həzrəti Əbu Bəkirə tabe olduğu üçün o da qəbul etmədi. Beləliklə, münafiqlərin zəkatının qəbul olunmayacağı məlum oldu. Həzrəti Osmanın zəkatı alıb-almaması artıq fərq etmirdi. Kafirin verdiyi  şeyi almağın bir zərəri olmadığı üçün zəkat olaraq deyil, bir hədiyyə olaraq qəbul etdi. Bu da kafirlərdən hədiyyə qəbul etməyin caiz olduğunu göstərir.
Sual: Bu il həccə gedən zəngin bir şəxs həcc üçün ayırdığı pulun zəkatını da verməlidirmi?

CAVAB

Zəkat vaxtı hər kəs üçün eyni deyil. Zəkat vaxtı həcc vaxtından əvvəl olan şəxs, məsələn, Ramazan ayında, vaxtı çatanda zəkat verməlidir. Qalan pulla həccə gedər. Zəkat vaxtı həcc vaxtından sonra olan, məsələn, Məhərrəm ayında olarsa, əvvəlcə həccə getməlidir. Zəkat vaxtı çatanda həcdən qalan pulun zəkatını verməlidir.
Yoxsula çox zəkat vermək

Sual: Yoxsula nisab miqdarını tamamlayan qədər zəkat vermək məkruhdur. Yarım kiloqram qızıl borcu olan yoxsula, yarım kiloqram qızıl zəkat vermək caizdir ?

CAVAB

Bəli, caizdir.Yoxsul, borcu olduğuna görə nisaba çatmır.
Verilən qızılları zəkata hesab etmək

Sual: Bir şəxs dinən yoxsula taxdığı qızılları daha sonra verməli olduğu zəkata hesab edə bilərmi?

CAVAB

Qızıllar yoxsulda qaldığı müddətdə hesab edilə bilər. Yoxsul xərcləmişdirsə, zəkat hesab edilmir.

Zəkat borcu üçün

Sual: Zəkat borcunu ödəmək üçün borc pul götürmək lazımdırmı?

CAVAB

Xeyir, lazım deyil.

Verilməyən zəkat

Sual: Dörd ildir zəkatı verilməyən 100 qr qızılın hər il qırxda birini, yəni 2.5 qr-nı vermək lazım olduğuna görə 10 qr zəkat verilsə, zəkat borcu ödənilmiş olarmı?

CAVAB

Zəkat borcu ödənilir, amma qədərindən artıq zəkat verilmiş olur. Birinci il 2.5 qr verəndə yerdə 97.5 qr qızıl qalır. İkinci il 97.5 qramın zəkatını vermək lazım olur. Təxminən 2.5 qr da onun zəkatı olur, hamısı 5 qr edir. 100 qr-dan 5 qr çıxanda yerdə 95 qr qızıl qalır. 95 qr-lıq qızılın zəkatını da vermək lazım olmaz. Dörd il deyil, hətta on il zəkat verilməmiş olsa belə, yenə 5 qr zəkat vermək lazımdır. Çox verilərsə, nafilə, yəni sədəqə olar.

İtirilmiş qızıl tapılsa

Sual: Nisabdan çox itirilimiş qızıl 7 il sonra tapılsa, keçmiş illərin zəkatını vermək lazımdırmı?

CAVAB

İtmiş mal tapılsa, əvvəlki illərin zəkatı verilmir. [S. Əbədiyyə]

Toyda verilən qızıllar

Sual:  İki uşaqlı bir bəylə ailə quran bacım, bu ögey uşaqların sünnət toyunda taxacağı qızılları zəkatına hesablaya bilərmi?

CAVAB

Ataları zəngin deyilsə, zəkatına hesab edə bilər. Çünki ögey övlada zəkat verilir.

Zəkat verərkən

Sual: Bir şəxs, zəkat kasıbın haqqı olduğunu düşünüb, o üzülməsin deyə “Sənə olan borcumdur” deyərək, zəkat versə, caizdirmi?

CAVAB

Xeyir, caiz deyil. “Hədiyyəmdir” deyilərsə, caizdir.

Alzheimer xəstəsi

Sual: Zəngin babam Alzheimer xəstəsi olub. Onun malından zəkat vermək lazımdırmı?

CAVAB

Digər üç məzhəbdə verilsə də, Hənəfidə uşağın və ruhi xəstənin malından zəkat verilmir.

Alzheimer xəstəsinin şüuru yerində olmadığı zaman ruhi xəstə sayılır. Zəkat, namaz və oruc kimi ibadətlərə görə məsul deyil. Vəlisi onun malından zəkat verə bilməz. Şüuru yerinə gələndə namazını qılar, orucunu tutar. Şüuru itərsə, orucunu pozması, namazını qılmaması günah sayılmaz. Əgər zəkatını verə biləcək qədər şüura sahibdirsə, zəkat verməldir. Qurban bayramında şüuru yerinə gəlib “Qurbanımı kəsin!” desə, qurbanı da kəsilməlidir.

Mehir borcu və zəkat

Sual: Tam Elmihalda “Mehir alacaqları nisab hesabına daxil edilir. Nisab miqdarını təslim aldıqdan bir il sonra, yalnız o ilin zəkatı verilər” deyilərkən, İslam Əxlaqında “Zövc mehir borcunu zəkat nisabına əlavə etmir. Zövcə isə əlavə edir. Amma nisab miqdarı təslim aldıqdan bir il sonra əlində qalarsa, yalnız həmin ilin zəkatını verər” deyilir. İkisi də eynidir, yoxsa fərqlidir?

CAVAB

Fərqli deyil. Nisab hesabına əlavə edilir və nisaba əlavə edilmir ifadələri izah olunarsa, ikisinin də eyni olduğu görünür.
Alacaqlar üçün “Nisab hesabına daxil edilir” demək “Alacaqlar da daxil edilərkən, yəni mövcud pula əlavə olunduqda hamısı nisaba çatarsa, onun da zəkatı verilər” deməkdir. Nisaba çatmazsa, zəkatı verilmir.
“Kişi mehir borcunu nisab hesabına qatmaz” demək “ Borc onun hazırkı əmlakından çıxılar, qalanının zəkatını verər” deməkdir. Məsələn, bir kişinin 180 qr qızılı olsa, 80 qr da mehir borcu olsa, borcunu bu hesaba əlavə edər, mehir borcu olan 80 qr qızılı çıxarıb, qalan 100 qr qızılın zəkatını verər. Deməli, Nisaba qatmaz” demək borcu olan 80 qr qızılın zəkatını verməz, deməkdir. Çünki borc nisaba əlavə edilmir. Yəni nisabdan çıxılır, əldəki puldan verilir.
Qadın mehir borcunu nisab hesabına əlavə edər. Məsələn, bir qadının 20 qr qızılı olsa, 80 qr mehir də alacağı var. Bununla birlkdə 100 qr edər. Nisaba çatdığı üçün sadəcə 20 qr qızılın zəkatını verməlidir. Borcu olan 80 qramın zəkatını verməz. Nisaba əlavə edər demək, onu borc kimi qəbul edəcək deməkdir.

Zəkat hicrətdən sonra fərz oldu

Sual: Zəkat nə vaxt fərz oldu, zəkatı verilən malın və ya pulun mütləq halal yoldan gəlməsi lazımdırmı?

CAVAB Zəkat vermək hicrətin ikinci ilində, Ramazan ayında fərz oldu. Hər bir müsəlmanın tam mülkü olan nisab miqdarındakı zəkat malını zəkat niyyəti ilə müəyyən zamanda, müəyyən miqdarda ayırıb əmr olunan müsəlmanlara verməkdir. Tam mülk, halal yolla gələn və istifadə oluna bilən halal mal deməkdir. Qəsb, oğurluq, rüşvət, qumar və fasid alış-verişlə aldığı mallar kimi haram malı öz halal malı ilə və ya müxtləlif insanlardan aldığı haram mallarla qarışdırmasa, bu haram mallar onun mülkü olmaz. İstifadəsi, nəfəqə etməsi halal olmaz. Bunlarla məscid və digər xeyirxah işlər görülə bilməz. Onların zəkatını vermək fərz deyil, zəkat nisabının hesabına daxil edilmirlər. Əgər sahibləri və ya varisləri məlumdursa, özlərinə geri vermək fərzdir. Məlum deyilsə, hamısı sədəqə olaraq yoxsullara paylanılsa, sonradan sahibi çıxıb ödəmək və ya təzminat vermək istəsə, ödəyər. Sahibini tapana qədər zay olacaq malı özü istifadə edib, sonra təzminat verməsi, yəni oxşarını, oxşarı yoxdursa, dəyərini ödəməsi caizdir.

Sual: Bir şirkətdə ortaq olan şəxs, yalnız öz payına düşən hissənin zəkatını verməlidirmi?

CAVAB

Bir ticarət şirkətində ortaq olan şəxsin, payı nisab miqdarıdırsa, öz payına düşən hissənin zəkatını hesablayıb verməlidir.

Zəkatı veriməyən mallar

Sual: Bəzi insanlar, dünyada zəkatı verilməyən malların axirətdə əzab aləti olaraq insana geri qayıdacağını söyləyirlər. Həqiqətən də belədirmi? Belə bir şey vardırmı?

CAVAB

Mövzu ilə əlaqəli olaraq Riyad-un-nasihin kitabında deyilir ki: “Həzrəti Əli nəql edir: Rəsulullah əfəndimiz Vəda Həccində buyurdu ki: “Malınızın zəkatını verin! Bilin ki, zəkat verməyənlərin namazı, orucu, həcci, cihadı və imanı yoxdur.” Yəni zəkat verməyi vəzifə bilmir, fərz olduğuna inanmır, vermədiyi üçün də üzülmür, günah etdiyini bilmirsə, imanı da gedər. İllərlə zəkat verməyənlərin zəkat borcları yığılaraq bütün əmlakını əhatə edər. Malı özlərinki sanıb, müsəlmanların haqqını ağıllarına belə gətirməzlər. Belə insanlar müsəlman kimi tanınar, amma onlardan imanını qurtaran çox nadir hallarda olar. Zəkat vermək Qurani-kərimin otuz iki yerində namazla birlikdə əmr edilməkdədir. Tövbə surəsi 34-cü ayəti-kəriməsi belə insanlar üçün olub, burada məalən: “Malı, pulu yığıb zəkatını yoxsul  müsəlmanlara  verməyənlərə, çox acı əzabı müjdələ!” buyurulmaqdadır. Bu əzabı bundan sonrakı ayəti-kərimə bildirməkdə olub, məalən, “Zəkatı verilməyən mallar, pullar Cəhənnəm atəşində qızdırılıb sahiblərinin alınlarına, böyürlərinə, bellərinə möhür kimi sıxılacaqdır” buyurulmuşdur.” İmamı Qəzəli həzrətləri də buyurur ki:

“İnsanların hər biri dünyada möhkəm saxladıqları mallarını boyunlarına  taxmışlar. Dəvə zəkatını verməyənlərin boynuna dəvə yüklənər. Qaramal, qoyun zəkatı verməyənlər də belədir. Onların fəryadı, sanki göy gurultusu kimidir. Məhsulun zəkatını, yəni uşrunu verməyənlərin boynuna məhsulun ağırlığı yüklənir. Əgər buğdadırsa buğda, arpadırsa arpa, yəni hansı növüdürsə, o qədər doludur ki, çəkilərinin altında fəryad, dad deyə bağırarlar. Qızıl, gümüş, kağız pul və digər ticarət mallarının zəkatını verməyənlərin üzərinə dəyirman daşı ağırlığında dəhşətli bir ilan yüklənər. Fəryad edib bağırarlar, bu nədir, deyərlər. Mələklər onlara:  “Bunlar, bu dünyada zəkatını vermədiyiniz mallarınızdır” deyər. Bu vəziyyət Əli-imran surəsinin məalən: “Dünyada əsirgədikləri, qiyamət günü boyunlarına taxılacaqdır” olan 180-ci ayəti-kəriməsi ilə bildirilmişdir.”

Sual: Zəngin bir şəxs niyyət etmədən pul, mal paylasa, bu verdiyi pullar və mallar zəkat əvəzinə keçərmi?

CAVAB: Hər ibadətə məxsus olan fərzlərin yerinə yetirilməsi şərtdir. Zəkatın  fərzi yerini yetirilməsə zəkat verilmiş sayılmaz. Zəkatın fərzi birdir, bu da niyyət etməkdir. Niyyət qəlb ilə olur. Malın zəkatını ayırarkən və ya müsəlman yoxsula zəkat verərkən, “Allah rızası üçün zəkat verəcəyəm” deyə niyyət edib “Yoxsula və ya onun yoxsullara zəkat vermək üçün vəkil təyin etdiyi şəxsə hədiyyə verirəm” desə caizdir, söz əsas deyil. Zəkat və sədəqə üçün birgə niyyət etsə, İmamı Əbu Yusifə görə zəkat olur. İmamı Muhammədə görə isə sədəqə olur, zəkat verilməmiş sayılır.

Sual: Zəkatını vermədən ölən şəxsin zəkat borclarını varisləri ödəyə bilərmi?

CAVAB: Vəsiyyət edilməmişdirsə, ölüdən qalan maldan zəkat borcu verilmir. Çünki niyyət etmək lazım idi. Varisləri öz mallarından ödəyə bilərlər. Bu halda zəkatın isqatı edilmiş olar.

Sual: Ölən bir insan üçün zəkat pulu ilə kəfən alıb, zəkata saymaq olarmı? Zəkat yerinə keçərmi?

CAVAB: Zəkat pulu ilə kəfən alınmaz, ölünün borcu ödənilməz və məscid də tikilməz.

Sual: Zəngin bir şəxs, niyyət etmədən yoxsullara çoxlu mal, pul versə bunlar zəkat əvəzinə keçərmi?

CAVAB: Bir şəxs zəkat niyyəti ilə malının, pulunun qırxda birini ayırmadan və ya niyyət etmədən verərkən, yoxsullara milyonlarla pul versə belə zəkat verilmiş sayılmır. Çünki zəkat ayırarkən öz vəkilinə və ya yoxsula, yaxud da yoxsulun vəkilinə verərkən niyyət etməsi fərzdir.

Sual: Bir yoxsula onu dini cəhətdən zəngin edəcək miqdarda zəkat vermək uyğundurmu?

CAVAB Heç olmasa yoxsulun bir günlük ehtiyacını ödəyəcək qədər zəkat vermək müstəhəbdir. Borcu olmayan, uşaqsız yoxsullara nisab miqdarı və ya nisab miqdarında malını tamamlayacaq qədər zəkat vermək məkruhdur. Uşaqları olan yoxsullara, onların hər birinə bölündükdə nisab miqdarı olmayacaq qədər çox zəkat vermək caizdir. Zəkatı yoxsul olan bacı-qardaşa, xala-bibiyə, əmi-dayı kimi yaxın qohumlara vermək daha savabdır. Yaxınların ehtiyacı olarkən, başqalarına verilsə, savabı olmaz.

Sual: Bir şəxs zəkatını yaşadığı şəhərdəki yoxsullara verməyib, başqa şəhərdəki yoxsullara göndərsə, dinən zərəri vardırmı?

CAVAB: Zəkatı başqa şəhərə gödərmək məkruh olsa da, qohumlara vermək üçün və ya öz şəhərində yoxsul müsəlman tapa bilmədiyi üçün başqa şəhərə göndərmək caizdir. Zəkatı yoxsula verməkdənsə, borcu olana verməyin daha yaxşı olduğu Bəzzaziyə fətvasında yazılıdır. Malını israf edənə və ya haram olan yerlərə işlədən şəxsə zəkat verməyin layiq olmadığı Dürri-Yeqtada yazılıdır.

Sual: Zəngin bir şəxs zəkatını verdikdən sonra əlində olan malı istədiyi kimi xərcləyə bilərmi? Xərcləyə bilərsə, harada və necə istifadə edə bilər?

CAVAB: Bu mövzuda Süleyman bin Cəza həzrətləri Eyyuhəl Vələd kitabında buyurur ki:

“Allahu təala sənə çox ruzi verirsə, xəsislik etmə! Din yolunda sərf et! Xalis müsəlmanların yazdığı həqiqi elmihal kitablarını al, payla, cihad savabına qovuşarsan. Peyğəmbər əfəndimiz bir gün “Ya Əba Hüreyrə! Möminlərin böyüyü məndən sonra o şəxsdir ki, Allahu təala ona mülk verər, o da gizli və aşkarda Haqq yolunda xərcləyər və etdiyi yaxşılıqları heç kimin başına vurmaz” buyurdu.

Zəkatı verilmiş mal təmizlənmişdir

Sual: Özünü din xadimi kimi göstərən bəzi insanlar, “Zəkat verilən malı və ya pulu əldə saxlamaq, gizlətmək çox böyük günahdır” deyirlər. Onların bu sözlərinin əsası vardırmı?

CAVAB: Zəkatı verilmiş mal nə qədər saxlanılsa da sahibinə zərər vermir. Zəkatı verilmiş malın dövriyyədən çıxarılması günah deyil. Günah deyil demək, axirətdə bunun üçün sorğu-sual edilmir və əzab verilmir deməkdir. Lakin bu mülklə xeyirli işlər görmək, ondan ticarət və sənətdə istifadə etmək, İslama və müsəlmanlara kömək etmək savabı əldə edilə bilməz. Hadiqa kitabında deyilir ki:

“Zəkat malı zərərdən qoruyur. Rəsulullah əfəndimiz, “Zəkatını verməklə mallarınızı zərərdən qoruyun” buyurdu. Bu hədisi-şərif Münavidə də sənədi ilə yazılıdır. “Qızıllarını, gümüşlərini saxlayıb Allah yolunda xərcləməyənlərə çox acı əzab vardır” məalındakı ayə gələrkən Rəsulullah əfəndimiz, “Zəkat Müsəlmanların mallarını təmizləmək üçün əmr olundu. Zəkatı verilən mal kənz deyil, yəni saxlanılan mal sayılmır” buyurdu. Bir hədisi-şərifdə “Zəkatı verilməyən mal üçün qiyamətdə çox acı əzab vardı” buyuruldu. Rəsulullah əfəndimiz zəkatı verilən mal yığılmış mal sayılmır, buyurdu. Bəzi məzhəbsizlər isə “bu söz düzgün deyil” deyir. Belələrinin necə bir insan olduqları bu sözlərindən məlum olur.

Sual: Zəngin müsəlman zəkatını şəxsən özü istədiyi kimi, istədiyi şəxsə verə bilməzmi?

CAVAB: Mövzu ilə əlaqəli olaraq Dürri-Yeqta kitabında deyilir ki:

“Dörd cür zəkat mallarından ikisinə, yəni qızılla gümüşə və ticarət əşyasına Əmvali batına (gizli mallar) deyilir. Bir şəxsin gizli mallarını araşdırmaq və zəkatını istəmək caiz deyildir. Belə malların miqdarını hesablamaq və zəkatını vermək işi onların sahiblərinə qalır. Sahibi zəkatını istədiyi yoxsula verməkdə sərbəstdir. Zəkat heyvanlarına və torpaqda yetişdirilən məhsullara Əmvali zahirə deyilir. Əmvali zahirənin miqdarını bilmək və yoxsullara paylamaq onların sahiblərinə qalır. Bu işləri o vaxtlar dövlət rəsmisi tərəfindən göndərilən, vəzifəli şəxs edərdi. Bu vəzifəli şəxslərə Amil deyilirdi.” Dövrümüzdə belə şəxslər olmadığı üçün zəngin insanlar bu malların zəkatını şəxsən özləri verirlər.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину