Sual: Qurani-Kərimi hər kəs başa düşə bilərmi, yoxsa Rəsulullah əfəndimizin açıqlaması şərtdimi?
Cavab: Qurani-Kərimi tam olaraq ancaq Rəsulullah anlamışdır. Çünki ünsiyyətdə olduğu Odur, Quran Ona gəlmişdir. Ondan başqası tam başa düşə bilməz. Onun üçün Allahu təala buyurur ki: “İnsanlara açıqlamağın üçün Quranı sənə endirdik”. [Nəhl surəsi 44].
Açıqlamaq, ayəti-kərimələri başqa kəlimələrlə və başqa şəkildə izah etmək deməkdir. Bizlər bir tərəfə, ümmətin alimləri də, ayələri anlaya və qapalı olanları açıqlaya bilsəydilər, Allahu təala Peyğəmbərinə sənə vəhy olunanları təbliğ et deyib, izah etməsini əmr etməzdi. Bu və buna bənzəyən ayələrə baxmayaraq, “Rəsulullah Quranı gətirməklə vəzifəsini icra etmişdir, o bir poçtalyon idi” deyən mezhebsizlər vardır. Əshabi-Kiram, ana dilləri ərəbcə olduğu halda, bəzi ayələri başa düşməyib, Peyğəmbər əfəndimizdən soruşardılar. Rəsulullah, Qurani-kərimin təfsirini Əshabına bildirmişdir. Əshabı-kiramın bildirdiyinin əksini deyənlər zəlalətə, hətta küfrə düşər. Təfsir, şərhə deyil, nəqlə istinad edir.
Məhəmməd Məsum Faruqi həzrətləri buyurur ki:
Bir gün Peyğəmbər əfəndimiz, həzrəti Əbu Bəkrə incə mərifətləri, onun səviyyəsinə görə izah edirdi. Yanlarına Həzrəti Ömər gəldiyi zaman, danışıq üslubunu onun da anlaya biləcəyi şəkildə dəyişdirdi. Həzrəti Osman gəldiyi zaman yenə danışıq tərzini dəyişdirdi. Həzrəti Əli də gələn vaxt danışığını hamısının anlaya biləcəyi tərzdə dəyişdirdi. Rəsulullahın hər dəfə danışıq üslubunu dəyişdirməsi, oradakı şəxslərin istedadlarının fərqli olmasından meydana gəlmişdir. (1/59)
Hədisi-şəriflərdə, “Məndən sonra Peyğəmbər gəlsəydi, Ömər olardı”, “Osmanın şəfaəti ilə Cəhənnəmlik 70 min insan sorğusuz Cənnətə gedəcək” və “Mən elmin şəhəriyəm, Əli isə qapısıdır” buyuruldu. Hər üçü də bu dərəcə yüksək olduğu və ərəbcə çox yaxşı bildiyi halda, Həzrəti Əbu Bəkrə izah edilən təfsiri başa düşə bilmədilər. Çünki Peyğəmbər əfəndimiz hər kəsə dərəcəsinə görə izah edirdi.
İki hədisi-şərifin məalı:
“İnsanlara ağıllarına, anlayışlarına görə deyin ki, inkar edən olmasın, Allahı və Rəsulunu yalanlamasınlar”. [Buhari]
“Ağlın dərk edə bilməyəcəyi şeyi demək, fitnəyə səbəb ola bilər”. [İbni Asakir]
Öz ağlına görə təfsir etməyin böyük zərərini yaxşı bilən Həzrəti Əbu Bəkir, “Qurani-kərimi öz fikrimə görə təfsir etməyə cəhd etsəm, məni hansı yer daşıyar, hansı göy kölgələyər” buyurmuşdur. (Şira)
Qurani-kərimi ərəbcə bilən də tam anlaya bilməz. Dili bilmək ayrı, elm bilmək ayrıdır. Türkcə bilən, tibb, hüquq, fən bilgisini anlaya bilərmi? Hədisi-şərifdə, “Quran Allahın mətn ipidir. Mənalarının hamısı başa düşülməz” buyuruldu. Qurani-kərim çox yığcam olub, bitməz tükənməz mənalarının olduğu, bütün mənaları bildirilsə belə, yazmaq üçün kağız və mürəkkəbin çatmayacağı belə bildirilmişdir:
“De ki, Rəbbimin [hikmətli] sözləri üçün dənizlər mürəkküb olsa, bir o qədər də dəniz əlavə edilsə, dənizlər tükənər, Rəbbimin sözləri tükənməz”. [Kəhf 109]
Məvdual-ül-ulumda deyilir ki:
“Quran elmi, içində heyrət verəcək, ağılları alacaq, saysız-hesabsız qəribə hallar mövcud olan ümman bir dənizdir. Ondakı hər elmi öyrənmək, sirrini əldə etmək mümkünsüzdür”.
İnsanların yazdığı konstitusiyanı anlamaq üçün hüquqşünaslara müraciət edilir. Bir qanunu belə hər kəs eyni cürə başa düşə bilmədiyi halda, Allahın kəlamını necə anlaya bilər?
Məalını oxumaqla başa düşülə bilməz
Məal oxuduğunu deyən bir oxucu, “Yalnız səndən kömək istəyirik. Fatihə surəsi 5, Ancaq Allaha güvənin, Maidə surəsi 23, Ancaq məndə qorxun Bəqərə surəsi 40 ayələri tam açıq şəkildə yazılıb. Hər kəs başa düşə bilər, bunun nəyi izah edilsin?” deyə soruşdu.
“Ancaq səndən kömək istəyirik” dedikdən sonra, bir nəfərdən bir stəkan su istəsək bu ayəyə qarşı çıxmış oluruq, ya yox? Hansı məsələdə başqasından kömək istəməyəcəyik? Bunlar açıq deyil.
“Ancaq Allaha güvənin” buyurulur. Hansı məsələdə Allaha güvənəcəyik? Bir həkimə getsək, dərman versə, bu dərmana güvənsək, bu ayəyə qarşı çıxmış oluruqmu? Gənclikdən 28 Maya gedən metroya minsək, “Bu metro, bizi 28 May stansiyasına apardı” desək, Allahdan başqasınamı güvənmiş oluruq? Deməli güvənmək deyəndə nəzərdə tutulan mənanın izahı lazımdır.
“Ancaq məndən qorxun” buyurulur. Başqa bir ayəti-kərimədə, “İnsanlardan qorxmayın, məndən qorxun” buyurulur. (Maidə 44). Oğrudan, xainlərdən və ilandan qorxsaq bu ayəyə müxalif çıxmış oluruqmu? Deməli izah olunması lazımdır.
“Namaz qılın, zəkat verin” buyurulur. (Həcc 78, Nur 56). Namazın necə, neçə rükət qılınmalı olduğu, zəkatın necə, hansı mallardan veriləcəyi açıq göstərilməmişdir. Bütün bunlar, hədisi-şəriflərdə və alimlərin açıqlamaları ilə məlum olmuşdur.
Fətih surəsinin, “Allahın əli onların əllərinin üzərindədir” məalındakı 10-cü və Bəqərə surəsinin, “Şərq də, qərb də Allahındır, hansı tərəfə çevrilsəniz, Allahın üzü oradadır” məalındakı 115-ci ayəsinin təfsirə ehtiyacı vardır.
Yenə məalən buyurulur ki:
“Allah, istədiyini yoldan çıxardar, istədiyini düzgü yola yönəldər” (Ərəf 155, İbrahim 4)
Bu ayələri oxuyan bir dinsiz, “düzgün yola gətirən və yoldan çıxardan Allah olduğu üçün, məni də dinsiz edən Odur. Burda mənim nə günahım var” deyə bilər. Bu baxımdan hədisi-şəriflərə və alimlərin izahatlarına, təfsirlərinə ehtiyac vardır.
Beləliklə, ayələrdən başa düşdüyünə istinad edib, “Xeyir və şər Allahdan olduğu üçün, bizə günahı etdirən Allahdır. Biz günahlarımıza cavabdeh deyilik” deyənlər ortaya çıxmışdır.
Bu təhlükənin qarşısını almaq üçün Peyğəmbər əfəndimiz, lazımlı açıqlamaları vermişdir. Alimlər də bunların izahlarını vermiş, artıq, bəhanəyə yer qalmamışdır. Qurani-kərimi başa düşmək üçün izahata ehtiyac olduğunu birbaşa Haqq Təala bildirir: “Quranı insalara izah edəsən deyə sənə göndərdik” (Nəhl 44)
“Rəsulumun verdiyni alın, qadağan etdiklərindən çəkinin”. (Haşr 7)
“O, (Rəsulum) vəhy ediləndən başqa söz deməz”. (Nəcm 3, 4)
“Rəsula itaət edən, Allaha itaət etmiş sayılır”. (Nisa 80)
“Allaha itaət edin, Peyğəmbərə itaət edin. İşlərinizi boşa çıxartmayın”. (Muhamməd 33)
“Allah və Rəsuluna itaət edən Cənnətə, üsyan edən Cəhənnəmə gedər”. (Nisa 13, 14)
“Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər: “Kaş biz Allaha ibadət edəydik, Onun Elçisinə itaətkar olaydıq!” [Əhzab 66]
Təfsirlər və Dəyanət
Dəyanətin hazırladığı “Qurani-kərim və türkcə mənası” adlı tərcümənin ön sözündə deyilir ki:
“Qurani-kərim, təkcə türk dilinə yox, heç bir dilə tam dəqiqliklə tərcümə edilə bilməz. Qurani-kərimdə müxtəlif mənalar verən sözlər var. Belə bir sözü tərcümə etmək, fərqli mənalarını birləşdirmək olar ki, verilən tək mənanın muradı ilahi olduğu bilinməz”.
Prof. Dr. M. Sait Yazıcıoğlu da, Dəyanət İşləri Başqanı olarkən, 8 Yanvar 1989 gün və 01/924/008 nömrəli açıqlamasında, “Sadəcə tərəfimizdən nəşr edilmiş olan Qurani-kərim məalında yox, digər məallarda da, bəzi xətalar mövcuddur” demişdir. Heç bir xəta olmasa belə, məala “Allah kəlamı” deyilməz. Qurani-kərimin başqa dillərə edilən tərcümələrinə Quran deyilməz. Bunlara Qurani-kərimin məalı deyilir. Bunlar Quran deyib, oxuna bilməz. Bunları Quran deyib, oxumaq savab olmaz, günah olar. İbni Haceri Məkki həzrətləri buyurur ki:
“Qurani-kərim tərcüməsini, Qurani-kərim əvəzinə oxumaq haramdır”. (Fətavayi fıqhiyyə səhifə 37)
Dində islahat edənlərin, “Allahın muradı budur” deməkləri cahil olduqlarını göstərir. Əgər muradı-ilahi tək olaraq başa düşülsəydi, bir-birindən fərqli məzhəblər meydana gəlməzdi. Fərz Allahın əmridir. Hər dövrə görə yazılacaq təfsirdə dəstəmazın fərzlərinin sayı necə bildiriləcəkdir? Bir haqq məzhəbə görə açıqlansa yenilik olmaz. Fərqli şəkildə açıqlansa dini dəyişdirmək sayılır. Şəxsi düşüncələrin qarışdığı təfsirlər oxunmaz.
Qurani-kərim heç bir dilə, hətta ərəb dilinə belə tərcümə edilə bilməz. Hər hansı bir şeirin belə, tam tərcüməsi mümkün deyil. Ancaq izah edilə bilər. Qurani-kərimin mənasını tərcümədən başa düşülə bilməz. Bir ayənin mənasını anlamaq, Allahu təalanın bu ayədə nə demək istədiyini anlamaq deməkdir. Bu ayənin hər hansı bir tərcüməsini oxuyan muradı-ilahini öyrənə bilməz. Tərcümə edənin bilik səviyyəsinə görə başa düşə bilər.
Hansı tərcümə olur olsun, heç bir Quran tərcüməsindən din öyrənilə bilməz. Dinini öyrənməsi üçün bir nəfərin əlinə, ən uyğun tərcüməni vermək, okeanın ortasında olan bir insana taxta parçası verməkdən daha betər bir şeydir. Çünki bu taxta parçası ilə insan sahilə çıxa bilməyəcəyi üçün olər, imanlı isə Cənnətə gedər. Amma tərcümə ilə din öyrənməyə cəhd edən imanını itirib, Cəhənnəmə düşə bilər.
Öz düşüncəsinə görə təfsir
Bir şəxs bir ayəni təfsir edərkən, izah edərkən, daha əvvəlki müfəssirlərdən fərqli formada, ancaq öz düşüncəsinə görə, öz ağlına görə şərh verərsə, kafir olar. Bu səbəbdən, Peyğəmbərlər xaric, insanların ən üstünü olmasına rəğmən, Həzrəti Əbu Bəkri Siddiq, “Qurani-kərimi öz rəyimlə, öz düşüncəmlə təfsirə cəhd etsəm, məni hansı yer daşıyar, hansı səma kölgələyər?” buyurmuşdur. (Şira)
Bizim kimilərin, təfsirdən din öyrənməsi mümkün deyil. Təfsirdən dəstəmazın fərzini belə öyrənməyimiz mümkün olmadığı halda, etiqadi məsələləri öyrənə bilməyimiz necə mümkün olar bilər? İslam alimləri illərlə çalışaraq, Qurani-kərimdən çıxardıqları hökümləri kitablara yazmışlar. Bir müsəlman, hansı məzhəbdədirsə, o məzhəbə aid kitabları oxuyar, dinini öyrənər. Onsuzda hər müsəlmanınə, bir elmihal kitabı oxumaqla, dininə aid olan vacib bütün bilgiləri öyrənməsi mümkündür. Tibbə aid kitab oxuyaraq xəstəliklərə diaqnoz qoymaq, müalicə və əməliyyatlara girişmək milyonda bir ehtimal olsa da bəlkə mümkün ola bilər, ancaq Qurandan din öyrənmək mümkün ola bilməz. Hər işi əhlindən öyrənmək lazımdır. Fiqh kitablarını “Tabu” olaraq göstərənlər, “Dini Qurandan, təfsirdən öyrənin” deyənlər, əgər cahil deyillərsə, din anarxiyası meydana çıxarmaq üçün işləyən xain və yolunu azğın şəxslərdir.
Təfsirlər və fiqhin əhəmiyyəti
İbni Abidin həzrətləri buyurur ki:
Namaz qıla biləcək qədər surə əzbərləmək fərzdir. Bundan sonra fiqh bilgilərindən fərzi-ayn olanları öyrənmək, Qurani-kərimin çoxunu əzbərləməkdən daha yaxşıdır. Çünki Qurani-kərimi əzbərləmək [hafiz olmaq] farzı kifayədir. İbadətlər və mülki münasibətlər üçün lazım olan fiqh bilgilərini öyrənmək isə fərzi ayndır. Halaldan, haramdan ikiyüz min məsələni əzbərləmək lazımdır. Bunların bir hissəsi fəzri ayndır. Bir hissəsi isə fərzi kifayədir. Hər kəsə işinə görə lazım olan fərzi-ayn olar. Ancaq hamısını öyrənmək, hafizlikdən daha yaxşıdır.
Məzhəb imamlarımız, “Alimlərdən soruşub, öyrənin” məalındakı ayəti-kəriməni uyğun şəkildə Qurani-kərimin mənasını, Tabiindən və Əshabı-kiramdan öyrənərək kitablarına yazıblar. Digər alimlərimiz də bunların kitablarından, təfsirdən, hədisdən anladılqarını bizlərə açıq şəkildə, asan öyrətmək üçün, minlərlə Fiqh və Elmihal kitabı hazırlayıblar. (Birgivi)
Əhli sünnət etiqadını və fərzləri, haramları öyrənmək fərzdir. Bunlar, ancaq fiqh kitablarından öyrənilməlidir. Fiqhi alimlər ayəti kərimələrdən və Hədisi-şəriflərdən öyrənib, yazmışlar. (Hədiqə s. 324)
İmami Şarani həzrətləri və buyurur ki:
Hədisi-şəriflər Qurani-kərimi açıqlayır. Məzhəb imamları hədisi-şərifləri açılayıblar. Digər alımlər də məzhəb imamlarının sözlərini izah ediblər. Namazların neçə rükət olduğunu, rüku və səcdədə oxunmalı olan təsbihləri, bayram və cənazə namazlarının necə qılınmalı olduğunu, zəkat miqdarını, orucun və həccin fərzlərini, hüquq bilgilərini, Peyğəmbər əfəndimizin izahı olmadan Qurani-kərimdən oxuyub anlamaq mümkün deyil.
İmran ibn Husayn həzrətləri “Bizə yalnız Qurandan de” deyənə, “Ey axmaq, Qurani-kərimdən hər şeyi anlamaq mümkündürmü? Məsələn, namazların neçə rükət olduğunu Qurandan tapıb, öyrənə bilərikmi?” buyurdu. Həzrəti Ömərə də “Fərzlər səfərdə neçə rükət qılınmalıdır? Qurandan axtarıb, tapa bilmədik” dedilər. Cavabında, “Allahu təala Muhamməd əleyhissəlamı göndərdi. Biz Qurani-kərimdə tapa bilmədiklərimizi Rəsulullahdan gördüyümüz kimi edirik. O, səfərdə dörd rükətlik fərzləri, iki rükət olaraq qılardı. Biz də onun kimi edərik” buyurdu. (Mizan-ül-kübra)
Qurani-kərimdə, Rəsulullaha və alimlərə itaət etməyimiz əmr edilir. (Al-I İmran 31, Həşr 7, Nəhl 43)
Peyğəmbər əfəndimiz də, “Alimlərə tabe olun” buyurur. (Deyləmi)
Bu halda, Allahu təalanın əmrinə itaət edərək, alimlərə tabe olmağımız, itaət etməyimiz şərtdir. Fiqhi bilmədən dinə itaət mümkün olmaz. Çünki dinin təməli fiqhdir. Hədisi-şəriflərdə buyurulur ki:
“İbadətlərin ən qiymətlisi fiqhi öyrənmək və öyrətməkdir”. [İbni Abdilberr]
“Hər şeyi söykəndiyi dirək vardır. Dinin də təməl dirəyi fiqh elmidir”. [Beyhəqı]
“Alimlərin ən xeyirlisi fiqh alimləridir”. [Maverdi]
“Allah lütf etmək istədiyini fiqh alimi edər”. [Buhari]
“İbadət üçün fiqh kifayətdir”. [Beyhəqı]
Dini haradan öyrənmək olar?
Dinimizi doğru öyrənmək üçün Əhli sünnət alimlərinin yekdilliklə qəbul etdikləri fiqh kitablarını oxumaq lazımdır. Əhli-sünnət alimi olan həqiqi din adamlarının qəbul və təsdiq etmədiyi kitablardan və sözlərdən din bilgisi öyrənməyə cəhd edilməməlidir. Hər din kitabına, yaxud alim görünən və din adamı deyilən hər kəsin sözünə və ya kitabına istinad edərək ibadət etmək caiz deyil. Əhli sünnət olmayan din adamlarının kitablarına və sözlərinə etibar edilməməlidir. Mötəbər kitablardan toplanmış, tərcümə edilmiş elmihal kitablarını oxumaq lazımdır. Belə tərcümə edilməmiş, havadan yazılmış elmihal kitablarını və uydurma təfsirləri oxumaq insanı dünya və axirət fəlakətlərinə düçar edər. (İslam Əxlaqı)
Tam Elmihal Səadəti Əbədiyyə kitabı kəlam, fiqh və əxlaq bilgilərini özündə ehtiva edən çox qiymətli bir əsərdir. İçindəki bilgilərin hamısı mötəbər əsərlərdən tərtib edilmişdir. Bu kitabı oxuyan dinimizin bütün hökümlərini öyrənə bilər. Bu əsəri hər kəs oxuyub, ailə üzvləri və övladlarına da oxutmalıdır. Ən gözəl hədiyyə, ən gözəl mirasdır.
Qurani-kərimin mənası
Sual: Quranın bu qədər çox tərcümləri var ikən niyə hər kəs Quranı başa düşməsin?
CAVAB
Konstitusiya kitabı Azərbaycancadır. Hüquqşünas olmayan oxuyarsa, fərqli mənalar anlaya bilər. Hüquqşünaslar arasında belə fərqli anlayışlar, hüquqi ictihadlar olur. Konstitusiya bir çox məsələdə qanunlara istinad edir. Qanunların bir çox hökmü əsasnamələrə və qaydalara istinad edir. Qanunu, əsasnaməni, qaydaları bilmədən “Konstitusiyaya görə bu iş belədir” demək çox səhv olar. Dinimizdə də Qurani-kərimdən başqa Hədisi-şəriflər var, icma var, qiyasi fuqaha var. Ancaq bunları bilməklə Qurani-kərim anlaşıla bilər, yalnız tərcüməsini oxumaqla anlaşıla bilməz.
Kəndliyə aid bir qanunu hökümət, birbaşa kəndliyə göndərməz, çünki kəndli oxuya bilsə belə başa düşə bilməz. Bu qanun əvvəl icra hakimiyyətinə göndərilir. İcra başçıları yaxşı anlayıb, açıqlamasını əlavə edərək icra hakimiyyəti nümayəndələrinə, bunlar da daha da açıqlayaraq ancaq kəndli diliylə kəndliyə izah edər. Qurani-kərim də əhkami ilahiyədir. Qanuni rabbanidir. Allahu təala Qurani-kərimdə qullarına səadət yolunu göstərib və öz kəlamını insanların ən üstününə göndərmişdir. Qurani-kərimin mənasını yalnız Muhamməd əleyhissəlam anlayar. Başqa kimsə tam anlaya bilməz. Əshabı-kiram, ana dilləri olan ərəb dilini bildikləri, ədib və fəsahətli olduqları halda bəzi ayətləri başa düşməz, bunların mənasını Rəsulullahdan soruşub öyrənərlərmiş. Hətta Cəbrayıl əleyhissəlam belə, Qurani-kərimin mənasını, sirrini Rəsulullahdan soruşardı. (Səadəti Əbədiyyə.)
İmam Gazali həzrətləri də buyurur ki:
Qurani-kərim Allahu təalının kəlamıdır. Ağızdan çıxan hərflər, atəş deməyə bənzəyər. Atəş demək asandır, ancaq atəşə kimsə dözə bilməz. Bu hərflərin mənaları da belədir. Bu hərflər, başqa hərflərə bənzəməz, mənaları meydana çıxarsa, yeddi qat yer, yeddi qat göy davam gətirə bilməz. Allahu təala öz sözünün böyüklüyünü, gözəlliyini bu hərflərin içində gizlədərək insanlara göndərmişdir. Qurani-kərimi oxumamışdan əvvəl, bunu söyləyən Allahu təalının böyüklüyünü dərk etməli, kimin sözü olduğunu düşünməli, Qurani-kərimə toxunmaq üçün, təmiz əl lazım olduğu kimi, onu oxumaq üçün də təmiz qəlb lazımdır. (Kimya-yı səadət)
Anlamadan belə, Qurani-kərimi oxumaq çox savabdır və ibadətdir. İmam Əhməd ibn Hənbəl həzrətləri, Allahu təalanın “Anlayaraq və ya anlamayaraq Qurani-kərim oxuyan, mənim rızama qovuşar” buyurduğunu bildirmişdir. (İhya)
Qurani-kərimdəki elmlər
Sual: Təfsir kitablarında, ayələrin bütün mənaları bildirilirmi?
Cavab: Bütün təfsirlər Qurani-kərimdəki elmlərdən çox az qismini bildirməkdədir. Qiyamət günü Muhamməd əleyhissəlam minbərə çıxıb, Qurani-kərim oxuduğu zaman, qulaq asanlar bütün elmləri anlayacaqlar. (Hər kəsə lazım olan iman)
Doğru yoldan azdıran Allahdırmı?
Sual: Quran məalı oxuyuram, Al-i İmran surəsinin 8-ci ayəsində, “Ey Rəbbimiz, qəlblərimizi azdırma” və İbrahim surəsinin 4-cü ayəsində isə “Allah dilədiyini hidayətə qovuşdurar, dilədiyini zəlalətə düçar edər” deyilir. Allah insanın qəlbini azdırırammı ki, belə dua edilir? Allah insanı zəlalətdə qoyarmı? Məallərdə səhvlikmi var, yoxsa mənim bilmədiyim bir şeymi var?
Cavab
Məallardan din öyrənilməz. Bu səbəbdən də səhv anlamağa səbəb olar. 72 azğın firqə, Qurani-kərimi səhv aladıqları üçün zəlalətə düçar olublar. Onun üçün məzhəbimizin alimlərinin bildirdiyi bilgiləri əsas götürmək lazımdır. Allahu təala heç kimi yolundan azdırmaz və zəlalətdə qoymaz. Haşa belə olsa, axirətdə o adam “Ya Rəbbi məni yoldan azdıran sənsən, məni niyə yolunu azmış kimi günahlandırırsan” deməzmi? Bu qəza-qədər məsələsidir. İnsanlara iradəyi-cüziyyə verilmişdir. Hər kəs öz arzusuyla savab və ya günah işləyir. İşlədiyimiz günahları Allaha yükləmək səhv olar. Dinimizi nəqlə əsaslanan elmihal kitablarından öyrənməliyik.
Quranı açıqlamaq lazım deyilmi?
Sual: Dörd dəlilin üçünü qəbul etməyib “ancaq Quran” deyən bir məzhəbsiz deyir ki:
Nəhl surəsinin 44-cü ayəsində adıkeçən “bəyan etmək” ifadəsi “Gizlətmədən bildir!” deməkdir, “Sən bunu açıqla!” demək deyildir. Çünki Qiyamət surəsinin 19-cü ayəsində də, “Ayələri açıqlamaq Allaha aiddir” deyilir. O halda hər kəs Quranı anlayar. Qurani-kərimi hər kəs anlaya bilərsə, bu suallara cavab yaza bilərsinizmi?
1 – “Ayələri açıqlamaq Allaha aiddir” nə deməkdir?
2 – Rəsulullah Qurani-kərimi açıqlamaq üçün yüz minlərlə hədisi-şərifi niyə bildirdi?
3 – Madəm ayələri açıqlamaq Allaha aiddirsə, Peyğəmbər əfəndimiz haşa niyə Allahın əmrinə qulaq asmayıb Qurani-kərimdə olmayan bir çox haramları hədisi-şərifdə açıqlayıb?
4 – Əgər, Quranı açıq şəkildə hər kəs anlaya bilərsə, niyə Allah, Qurani-kərimin bir çox yerində “Rəsuluma itaət edin!” deyir? Niyə “Yalnız Qurana itaət edin!” buyurmur?
5 – Qurani-kərimi anlamaq asandırsa, dilləri Ərəbcə olan Əshabı-kiramın böyükləri ayəti kərimələri niyə Peyğəmbər əfəndimizdən soruşurdular?
Cavab
Bunları maddə maddə izah edək:
İmami Qurtubi həzrətləri də buyurur ki: Rəsullahın bəyanı 2 cürdür:
Rəsulullah əfəndimiz (sallallahu aleyhi və səlləm), hər kəsə anlayışına görə Qurani-kərimin mənəvi sirrlərini izah edərdi. [Buxaridəki] hədisi-şərifdə, “Hər kəsə ağlına, anlayışına görə deyin, [dinin hökmünü] inkara səbəb olacaq şəkildə deməyin ki, Allahı və Rəsulunu yalanlamasınlar” buyuruldu.
Bir gün Peyğəmbər əfəndimiz Həzrəti Əbu Bəkirə (radıyallahu anh), Qurani-kərimin incə mərifətlərini onun səviyyəsinə görə izah edirdi. Yanlarına Həzrəti Ömər (radıyallahu anh) gələrkən, danışma üslubunu və bildirdiyi sirrləri onun da anlayacağı şəkildə dəyişdirdi. Sonra Həzrəti Osman (radıyallahu anh) və daha sonra da Həzrəti Əli (radıyallahu anh) gəldi. Danışığını hamısının başa düşə biləcəyi şəkildə dəyişdirdi. Hər dəfə başqa şəkildə izah etməyi, ora gələn şəxslərin yaradılış və anlayışlarının fərqli olmasından idi. (Məktubatı Məsumiyyə 1/59).
Hədisi-şəriflərdə, “Məndən sonra peyğəmbər gəlsəydi, Ömər peyğəmbər olardı”, “Osmanın şəfaətiylə, cəhənnəmlik yetmiş min insan sorğusuz Cənnətə girəcək” və “Mən elmin şəhəriyəm, Əli də qapısıdır” buyuruldu.
Hər üçü də, bu dərəcə üstün olduğu və Ərəbcə çox yaxşı bildikləri halda, Qurani-kərimi deyil, təfsirini belə başa düşə bilmədilər. Çünki Rəsulullah (sallallahu aleyhi və səlləm), hər kəsin səviyyəsinə görə danışardı. Əshabi-kiramın üstünlülərindən və Cənnətlə müjdələnən on şəxsdən biri olan Həzrəti Əli (radiyallahu anh) kimi elm dəryası, böyük bir şəxsin anlaya bilmədiyi təfsiri zamanımızın məzhəbsizləri necə anlaya bilər? O halda, Rəsulullah əfəndimizin açıqladığından fərqli bir formada Qurana məna vermək yalnışdır.
Quranı hər kəs anlaya bilərmiş
Sual: Haşa, “Hədislər zibilə atılmalıdır” deyən Ondoqquzcu azğın, “Quranı hər kəs anlaya bilər” dedi, sonra isə “mövcud olan bütün Quran tərcümələri səhvdir” dedi. Madəm hər kəs Quranı anlaya bilərdi, niyə hər kəs səhv tərcümə edir? Deməli asan anlaşırlmır deyə elə fərqliliklər olur. Bu qədər fərqli qruplar olduğu üçün, bu qədər fərqli anlayan var. Buna baxmayaraq hələ də, “Quranı hər kəs anlaya bilər” anlayışını necə iddia edə bilir?
Cavab
Bəli, Qurani-kərimi səhv anladıqlarına görə 72 zəlalət firqəsi meydana çıxmışdır. Əgər hər kəs eyni şeyi anlaya bilsəydi, bu qədər zəlalət firqəsi meydana çıxmazdı. Hər kəs “mənim anladığım doğrudur” deyir. Peyğəmbər əfəndimizin anlayışından fərqli anlayanların anlayışları keçərli deyil. Onun üçün Qurani-kərimi ən yaxşı anlayan, əlbəttə Peyğəmbər əfəndimizdir. Onun hədisi-şəriflərini də ən yaxşı anlayan Onun varisləri olan Əhli-sünnət alimləridir. Əhli-sünnət alimlərinin bildirdiklərinə riayət edən, Qurani-kərimi də ən yaxşı anlamış deməkdir.
Ondoqquzçular, “Şiələr və vəhabilər, Quranı səhv anladıqları kimi, Peyğəmbər Muhamməd də Quranı səhv anlamış və zibilə atılmalı hədislər söyləmişdir. Əhli-sünnət alimləri də bu hədislərə görə hərəkət etdikləri üçün onların Qurani anlamaları səhvdir” deyirlər. Haşa, bu dinin Peyğəmbəri anlamadısa, bu kafirlər necə anlayacaqlar? Madam hər kəs anlaya bilirsə, haşa Peyğəmbər əfəndimiz niyə anlaya bilməyib?
Özlərinin də açıq şəkildə etiraf etdikləri kimi, hər kəs ayələrdən eyni hökmü çıxarda bilmir. Bu məsələ, gün kimi ortada olduğu halda, “Hər kəs Qurandan anladığına riayət etsin!” demək nə böyük rəzillik və fəlakətdir. Allahu təala, “Rəsuluma itaət edin, ona itaət edən mənə itaəti etmiş sayılır” buyurur, Qurani-kərimin “Rəsulumun əmrinə itaət edin!” əmrindən insanları uzaqlaşdırmaqdan daha böyük zəlalət ola bilərmi?
Oğurluğun qarşısını almaq üçün
Sual: “Maidə surəsinin, “Oğurluq edən kişi və qadının gördükləri işə görə Allahdan bir cəza olaraq əllərini kəsin!” məalındakı 38-ci ayədəki əl kəsməkdə məqsəd, o işdən əl kəsməsi, əl çəkməsi, yəni oğurluğuna əngəl olunmasıdır” deyənlər var. Düzgün olanı necədir?
Cavab
Peyğəmbər əfəndimiz, necə izah edibsə, muhəddislər və müfəssirlər, necə bildiriblərsə, doğrusu odur. Bizim kimilərin ayələrə məna verməsi qəti şəkildə caiz olmaz. Bir neçə hədisi-şərif:
“Sizdən əvvəlkiləri həlak edən günah bu idi: Onlar, vəzifə sahibi olan biri oğurluq edərkən, cəzalandırmazlar, zəif olan biri oğurluq edəndə isə, ona cəza verərdilər. Allaha and içirəm ki, qızım Fatimə oğurluq etsəydi, onun da, əlini kəsərdim”. (Müslim)
“Oğrunun əli, qızılın dördə biri və yad aha çox miqdarda oğurlayarsa, o halda kəsilər”. (Buxari)
İbni Ömər həzrətləri nəql edir:
Rəsulullah (sallallahu aleyhi və səlləm) üç dirhəm qiymətində olan bir qalxanı oğurlayan oğrunun əlini kəsdi. (Buxari, Müslim, Muvatta, Tirmizi, Ebu Davud, Nesai)
O ayəti-kərimədə, oğrunun əlini kəsmək lazım olduğunu bir çox hədisi-şərif açıqlamışdır. Oğrunu cəzalandırma işini ancaq İslam dövləti edə bilər.
Dinimizi Qurandan öyrənməliyik?
Sual: Bəzi kimsələr, “Təfsir, məal oxumalıyıq. Dinimizi, Quranı anlamağı, din alimlərinin öhdəsinə buraxmamalıyıq. Qurani-kərimdə, ey din alimləri deyil, ey iman edənlər, kimi xitablar qeyd olunub. Bunun üçün hər Müsəlman, Qurani-kərimi özü başa düşməlidir, başqasından bunu gözləməməlidir” deyirlər. Doğurdanmı dinimizi bu şəkildə öyrənməliyik?
Cavab
Bu məsələdə İslam alimlərindən Yusuf Nebhani həzrətləri Huccetullahi aləl-aləmin kitabında buyurur ki: “Qurani-kərimdən hökm çıxarmaq, hər adamın edə biləcəyi bir şey deyil. Müctəhid imamlar belə, Qurani-kərimdəki hökmlərin hamısını çıxara bilməyəcəkləri üçün, Rəsulullah əfəndimiz Qurani-kərimdəki hökmləri hədisi-şəriflər ilə açıqlamışdır. Qurani-kərimi ancaq Rəsullullah əfəndimiz açıqladığı kimi, hədisi-şərifləri də ancaq Əshabı-kiram və müctəhid imamlar başa düşmüşlər və izah etmişlər.
Bu hökmləri anlamaları üçün Allahu təala müctəhid imamlara idrak, dərk etmə qüvvəti, kəskin zehin, üstün ağıl və daha bir çox üstünlüklər ehsan etmişdir. Bu üstünlüklərin başında təqva və qəlblərindəki ilahi nur durur. Bu müctəhidlər Qurani-kərimdən və hədisi-şəriflərdən başqalarının anlaya bilməyəcəyi hökmləri anlamış, aladıqlarını bildirmişlər. Müsəlmanlar da onların Kitab və Sünnətdən anlayıb bildirdiklərinə tabe olmuşlar. Nəhl surəsinin 43-cü ayəsində məalən: “Bilmirsinizsə, bilənlərdən soruşun!” buyurulur.
Bu ayəti-kərimə hər kəsin Kitabı və Sünnəti doğru anlaya bilməyəcəyini, anlayamayanların da olacağını göstərməkdədir. Anlaya bilməyənlərin, Qurani-kərimdən və hədisi-şəriflərdən anlamağa çalışmaqları yox, anlayanlardan soruşub öyrənmələri lazım olduğu əmr olunur. Qurani-kərimin və hədisi-şəriflərin mənalarını hər kəs doğru anlaya bilsəydi yetmiş iki zəlalət firqəsi meydana çıxmazdı. Bu firqələri çıxaranların hamısı da dərin alim idi. Lakin heç biri Qurani-kərimin və hədisi-şəriflərin mənalarını düzgün anlaya bilmədilər. Səhv anlayaraq doğru yoldan ayrıldılar və milyonlarla Müsəlmanın da fəlakətinə səbəb oldular.
Qurani-kərimdən hökm çıxarmaq.
Sual: Zəmanəmizdə çox adamlar, “Hər kəs Qurandan oxuyub, anlaya bilər və ona uyğun əməl edər” deyir. Həqiqətən hər kəs Qurandan hökm çıxarda bilərmi?
Cavab: Misirli məzhəbsiz Rəşid Rza, Əl-muhavərat adındakı kitabında, Əhli-sünnət məzhəbinə və fiqh kitablarına hücum etmiş və Dəyanət İşləri keçmiş rəhbərlərindən Həmdi Akseki, bu zərərli kitabı ərəbcədən türkçəyə tərcümə edib Məzahibin təlfıkı və İslamın bir nöqtəyə cəmi, yəni İslamda Birlik və Fiqh məzhəbləri adını verib. 1916-cı ildə İstanbulda çap etdirmişdir. Bunlar və bunlara bənzəyən digər məzhəbsizlərin yazıları diqqətlə oxunarsa, azğın düşüncələrini və bölücü fikirlərini, çürük məntiq zəncirləri və bəzəkli kəlimələrlə zinətləndirirək Müsəlmanları aldatmağa çalışdıqları görünür. Cahillər, bu yazıları məntiq, ağıl çərçivəsində elmə söykəndiyini zənn edərək, arxalarında dursalar da, biliyi, iti dünyagörüşü olanlar heç vaxt onların tələsinə düşməzlər. Müsəlmaları sonsuz fəlakətə aparan məzhəbsizlik təhlükəsinə qarşı, Yusuf Nebhani həzrətləri Huccet-ul-lahi aləl-aləmin kitabında buyurur ki:
Qurani-kərimndən hökm çıxarmaq hər kəsin edə biləcəyi bir şey deyil. Müctəhid imamlar belə, Qurani-kərimdəki hökmlərin hamısını çıxarda bilməmişlər. Rəsulullah əfəndimiz hədisi-şərifləri ilə açıqlamışdır. Qurani-kərimi ancaq Rəsulullah əfəndimiz açıqladığı kimi, hədisi-şərifləri də, ancaq Əshabı-kiram və müctehid imamlar anlaya bilmişlər və izah etmişlər.
Allahu təala müctehid imamlara əqli və nəqli elmləri, idrak, anlama qüvvəti, iti zehin, ziyadə, çox ağıl və daha neçə üstünlüklər ehsan etmişdir. Bu üstünlüklərin əvvəlində təqva, haramlardan qorunmaq gəlir. Bundan sonra, qəlblərindəki ilahi nur gəlməkdədir. Müctəhid imamlar bu üstünlüklərin köməyi ilə Allahu təalanın və Rəsulullah əfəndimizin kəlamlarından onların muradlarını anlamış, anlaya bilmədiklərini isə Qiyas ilə bildiriblər. Dörd məzhəb imamının hər biri öz rəyi, düşüncəsi ilə danışmadığını bildirmiş və tələbələrinə; “Səhih hədisə rast gəlsəniz, mənim sözümü tərk edin, Rəsulullahın hədisinə riayət edin!” deyiblər. Məzhəb imamları bu sözü özləri kimi müctəhid olan dərin alimlərə deyiblər. Bu alimlər, dörd məzhəbin dəlillərini bilən, tərcih əhli olanlardır”.
Hər kəs Quranı anlaya bilərmi?
Sual: Hər kəsin Quranı anlaya biləcəyini iddia edənlər var. Bir az ərəbcə bilər bir insan Qurani-kərimi anlaya bilərmi?
Cavab
Məsələ ilə bağlı olaraq Hacə Muhamməd Parisa həzrətləri, Tuhfət-üs-salikin kitabında, İmamı Qəzali həzrətlərinə istinadən buyurur ki:
“Üç tip insan Qurani-kərimin mənasını anlaya bilməz: Birincisi, ərəbcəni yaxşı bilməyən və təfsir oxumamış olan cahil. İkincisi, böyük bir günaha davam edən fasiq. Üçüncüsü, etiqad bilgilərindən birini səhv anlayıb, anladığına itaət etmədiyi üçün, haqq sözü qəbul etməyən bidət sahibi”.
Əhli-sünnət etiqadından ayrılmaq böyük günahdır. Buna görə də bidət sahibi olanlar Qurani-kərimin mənasını anlaya bilməz. Çünki bidətin zülməti qəlbi qaraldır. Demək ki, Əhli-sünnət məzhəbində olmayan, Ərəbcə çox yaxşı bilsə də Qurani-kərimi doğru anlaya bilməz. Yalnış anladıqlarını yazaraq hər kəsi fəlakətə düçar edər.
Peyğəmbər əfəndimizin təfsiri
Sual: Peyğəmbər əfəndimizin, Qurandakı ayələri təfsir edib, açıqlayıb?
Cavab
Mənakıbi Çihar Yarı Güzin kitabında Əshabı-kiramdan Ubeyy bin Kab həzrətlərindən belə nəql edilir:
Bir gün Vəl-Asr surəsini, Rəsulullah əfəndimizin hüzurunda oxudum. Bitirdikdən sonra: “Ya Rəsulallah! Lütfən, bu surənin təfsirini bəyan edə bilərsinizmi, deyib xahiş edərkən, Rəsulullah əfəndimiz buyurdular ki: “Birinci ayəti-kərimədə məalən: “Allahu təala günün axırına, sonuna and içirəm” buyurub. İkinci ayəti-kərimədə məalən: “Əlbəttə, Əbu Cəhilin işi ziyanda, zəlil və başı aşağıdadır” buyurmuşdur. Üçüncü ayəti-kərimədə məalən: “Ancaq iman edənlər” buyurması, Əbu Bəkri Sıddıq üçündür. “Əməli saleh olanlar” buyurulması, Ömər-ül Faruq üçündür ki, çox əməl işləyən, şükür edəndir. “Haqqı tövsiyyə edərlər”, Osman Zinnureyn üçündür ki, səbr və həya sahibidir. “Səbri tövsiyə edərlər”, Aliyyül Mürtəda üçündür ki, vəfakardır”.
Rəsulullah əfəndimiz həzrəti Əbu Bəkri imana, həzrəti Öməri əməli salehə bənzətdi. Həzrəti Osmanı haqq işdə vəsiyətə bərabət tutdu. Həzrəti Əlini, səbr işində vəsiyətə bənzətdi.
Ayəti kərimədə: “İman edənlər, saleh əməl işləyənlər, haqqı tövsiyyə edənlər, səbri tövsiyyə edənlər” buyurulması, əvvəlcə Allahu təalanı, sonra Muhamməd əleyhissəlamı biləsən və İslamiyət üzrə irəliləyəsən. Həzrəti Əbu Bəkri, həzrəti Öməri, həzrəti Osmanı, həzrəti Əli haqq üzrə xəlifə biləsən. Ümid edilir ki, onların hörmətinə qiyamət günü Müsəlmanlar səfində olub, Müsəlmanlar zümrəsində həşr olub, diriləsən. Bütün bəlalardan əmin olasan. Rəsulullah əfəndimiz buyurdu ki: “Hər kim bir dəfə namazda və ya namaz xaricində Vəl-asr surəsini oxuyarsa, o kimsə, Allahu təala qatında iki şey tapar. Biri dünyəvi, biri uxrəvi. Dünyəvi olan, Allahu təala, ona ömrünün sonuna qədər səbr möhrünü vurar. Uxrəvi olan, Allahu təala o şəxsi qiyamətdə haqq əhli və öz xas qulları ilə həşr edər. Bu Vəl-asr surəsi həm haqqı zikr edər, həm də səbri zikr edər. Bu surəni oxuyanın, dünyada ömrünün sonu səbr üzrə olar. Axirətdə həşri, haqq əhli ilə olar. Hər ayənin sonunda çox təhiyyat, salavat və hər kəlimənin sonunda çox bolluq, xeyrət, hərflərinin miqdarınca çox dərəcə və həsənət vardır”.
В корзине: 0 шт.
на сумму: 0