Gözəl İslam / Rəsulullahın çox evlənməsi

Rəsulullahın çox evlənməsi

Sual: Peyğəmbərimiz nə üçün çox evlənmişdir?
CAVAB
Rəsulullah əfəndimiz, ilk dəfə 25 yaşında, 40 yaşlı dul bir qadın olan Həzrəti Xadicə ilə evlənmişdi. 25 il onunla yaşadı. Peyğəmbər əfəndimiz ilk zövcəsi Həzrəti Xadicə həyatda ikən başqası ilə evlənmədi.


Həzrəti Xadicə validəmizin vəfatından uzun bir müddət sonra, 55 yaşında Allahü təalanın əmrilə Həzrəti Aişəni nikahladı. Məkkə, Mədinə kimi ekvatora yaxın yerlərdə qızlar erkən yaşda, məsələn, doqquz yaşında həddi büluğa çatırlar. Rusiya, Hollandiya kimi soyuq ölkələrdə isə, büluğ yaşı uzanır. Bu cəhətdən ekvatorla qütblər müqayisə edilməməlidir. Həzrəti Aişə validəmiz 9 yaşında nikahlandı, daha sonra evləndi.

Həzrəti Aişə, onun əzvacı-tahiratın hamısından daha üstün olduğunu söyləyər, Allahü təalanın nemətlərini sayar, “Rəsulullah mənimlə evlənmədən əvvəl Cəbrayıl əleyhissalam mənim rəsmimi Rəsulullaha göstərib “Bu sənin zövcəndir” demişdi” deyərdi. O zaman canlı rəsmi çəkmək haram olmamışdı və həm də rəsmi insan çəkməmişdi. Rəsulullah əfəndimiz, Aişə validəmizə buyurdu ki:
“Səni üç gecə yuxuda gördüm. Mələk bəyaz ipək üzərindəki rəsmini mənə göstərdi. Bu sənin zövcəndir, dedi. Yuxuda mələyin göstərdiyi rəsmini unutmadım.” [Buxari və Müslim]

Rəsulullah əfəndimizə Həzrəti Aişədən başqa heç bir zövcəsinin yatağında “vəhy” gəlmədi. Bu da Həzrəti Aişənin Allahü təala qatında dəyərinin çox olduğunu göstərir. Ümmi Sələmə validəmiz Həzrəti Aişə üçün bir şey söylədikdə, Rəsulullah əfəndimiz, “Aişəylə bağlı məni incitmə. Mənə vəhy yalnız Aişənin yatağında gəlir” buyurdu və Ümmi Sələmə validəmiz də tövbə etdi.

Digərlərini dini səbəblərlə və ya ehsan edərək nikah etdi. Bunların hamısı dul və çoxu da yaşlı idi.

Bir neçə nümunə:
Əshabı-kiramın bir qismi Həbəşistana hicrət etmişdi. Həbəş padşahı Nəcaşi İsəvi idi. Müsəlmanlara suallar verdi, aldığı cavablara heyran qalaraq imana gəldi. Ubeydullah ibn Cəhş keşişlərə aldanıb xristian olmuşdu. Xanımı Ümmi Həbibəni də dindən çıxarıb zəngin olmağa məcbur etsə də, o, yoxsulluq və ölümə razı olacağını, amma dindən çıxmayacağını söylədikdə, səfalət içində sürünməsi üçün onu boşamışdı. Həzrəti Ümmi Həbibə Məkkə müşriklərinin başçısı Əbu Süfyanın qızı idi. Rəsulullah o zamanlarda onlarla çox çətin müharibələr aparırdı.


Rəsulullah əfəndimiz Həzrəti Ümmi Həbibənin dininin qüvvətini və başına gələnləri eşitdikdə, Nəcaşiyə məktub yazaraq, “Ümmi Həbibə ilə kəbinimi kəs və buraya göndər” buyurdu. Nəcaşi bundan əvvəl Müsəlman olduğu üçün məktuba çox hörmət edib, oradakı müsəlmanları sarayına dəvət edərək ziyafət verdi. Kəbin kəsib, hədiyyə və ehsanlar payladı. Bu surətlə, Həzrəti Ümmi Həbibə imanının mükafatına qovuşdu. Onun sayəsində oradakı müsəlmanlar da rahat oldular. Bu nikah Əbu Süfyanın gələcəkdə müsəlman olmasını hazırlayan səbəblərdən biri oldu.

Həzrəti Ömər dul qalan qızı Həzrəti Hafsanı alması üçün Həzrəti Əbu Bəkir və Həzrəti Osmana təklif etsə də müsbət cavab ala bilmədi. Vəziyyəti öyrənən Rəsulullah əfəndimiz çox sevdiyi üç dostunun kədərini dağıdıb onları sevindirmək üçün, “Ya Ömər, qızını bu ikisindən daha yaxşısı ilə evləndirimmi?” buyurdu Həzrəti Ömər təəccübləndi. Çünki onlardan daha yaxşısının olmadığını bilirdi. “Ya Ömər, qızınla mən evlənim” buyurdu.

Bəni Müstəlaq qəbiləsindən alınan yüzlərlə əsir arasında Cüveyriyyə qəbilənin rəisi Harisin qızı idi. Onu satın alıb azad edərək özünə nikahladıqda, Əshabı-kiramın hamısı, “Rəsulullahın ailəsinin, anamızın qohumlarını xidmətçi olaraq işlətməkdən həya edirik” deyərək əsirlərini azad etdilər. Bu nikah yüzlərlə əsirin azad olmasına səbəb oldu.

İnsafı olana da bu üç misal, əlbəttə, kifayət edər. İkinci bir cəhət hər baxımdan insanların ən üstünü olduğu halda, sadəcə bir neçə il doqquz ailəsi ilə yaşamışdır. O vaxtlar müharibələrlə məşğul idi, evində az qalırdı. Gənc qızlarla evlənmək imkanı olduğu halda evlənməmişdi. Döyüşlərdə Ona canlarını fəda edən o aslanlar qızlarını Ona verməzdilərmi? Amma O, istəməmişdi.

Rəsulullah əfəndimiz xalasının qızı Zeynəbi övladlığı Zeyd ilə evləndirdi. Bir xeyli müddət sonra Həzrəti Zeyd onu boşayacağını söylədi. “Boşama” buyursa da, Allahü təala Rəsulunun buna mane olmamasını istədi. Həzrəti Zeyd boşadıqda, Allahü təala Rəsuluna onu nikah eylədi. (Məvahib)

Çox evlənməsinin mühüm bir səbəbi də, dini bildirmək üçün idi. Hicab ayəsi endikdə, qadınların yad kişilərlə oturmaları, söhbət etmələri qadağan edildiyinə görə, artıq yad qadınları qəbul etmədi. Həzrəti Aişədən soruşmalarını əmr etdi. Soruşanların çoxluğundan Həzrəti Aişə hamısına cavab verməyə vaxt tapmırdı. Bu xidməti asanlaşdırmaq və Həzrəti Aişənin yükünü yüngülləşdirmək üçün, lazım olduğu qədər xanımı nikah etdi. Qadınlara aid yüzlərlə incə bilikləri qadınlara mübarək xanımları yolu ilə bildirdi. Xanımı bir tək olsaydı, bütün qadınların ondan soruşub öyrənmələri çox çətin və hətta imkansız olardı.

Bir ayəti-kərimə məali:

“Rəsulullahın zövcələri möminlərin analarıdır.” [Əhzab 6]

Həzrəti Mariyə
Sual: Peyğəmbərimizin xanımı olan Mariyə Müsəlman idi?
CAVAB
Bəli, Müsəlman idi. Peyğəmbər əfəndimizin İslamiyyətə dəvət etdiyi Heraklın Misir valisi Mukavkas, bəzi qiymətli hədiyyələrin yanında Mariyə və Sirin adlı iki cariyə də göndərmişdi.


Mariyə Xatun Rəsulullahın təvazökarlığına heyran qalaraq dərhal Müsəlman oldu. Peyğəmbərimiz də onun Müsəlman olmasından çox məmnun olub, onunla evləndi. Rəsulullahın oğullarının üçüncüsü və bütün uşaqlarının sonuncusu olan İbrahimin anası Mariyə validəmiz idi. Hicrətin 16-cı ilində Mədinədə vəfat edən Mariyə validəmizin cənazə namazını Həzrəti Ömər qıldırmışdı.

8-04-2022, 15:23
Geri