Gözəl İslam / Rəsulullah sevgisinin əhəmiyyəti

Rəsulullah sevgisinin əhəmiyyəti

Sual: Bir missioner, “Siz, peyğəmbərinizi, tanrıdan çox sevirsiniz. Tanrının ismi anıldıqda heç əhəmiyyət vermirsiniz, amma peyğəmbərinizin ismi keçəndə dərhal salavat oxuyursunuz. Həmçinin, Allah ismi ilə peyğəmbərin ismini ayırmayıb, yan-yana deyirsiniz. Allah eşqinə bunu et desələr etmirsiniz, amma peyğəmbər eşqinə desələr dərhal edirsiz” deyir.
Buna nə deməli idim?
CAVAB
Missionerə, “Biz Peyğəmbərimizi çox sevib nə etdik ki? Sizin kimi tanrımı dedik, tanrının oğlumu dedik? Heykəlini düzəldib boynumuzdanmı asdıq? Bütünün qarşısında günahmı çıxardıq? Öz gözünüzdəki ağacı görmürsünüz, bizim gözümüzdə saman çöpü axtarırsınız” deməli idiniz.

Müsəlman, Rəsulullahı, Allahın əmri olduğu üçün sevir. Biz, Allahü təalanı sevdiyimiz üçün Rəsulunu sevirik. Müsəlman, niyə haramlardan uzaq durur? Niyə namaz qılır, niyə oruc tutur? Peyğəmbəri sevdiyi üçünmü, yoxsa Allahı sevdiyi üçün? Əlbəttə Allahı sevdiyi üçün. Allahü təala, Rəsulu üçün həbibim deyir, Onu çox sevir, bizim də sevməmizi və Ona tabe olmağımızı istəyir. Bir ayə məali belədir:
“Rəsulum, de ki: Allahı sevirsinizsə, mənə tabe olun. Mənə tabe olanları Allah sevər!” [Ali İmran 31]

Allahın sevgisi ilə Peyğəmbərin sevgisi fərqli olmadığı kimi, Allahın əmri ilə, Peyğəmbərin əmri də ayrı deyil. Bunu ayrı göstərənlər kafirdir. Bir ayə məali belədir:
“Allahın əmrləri ilə, Peyğəmbərlərinin əmrlərini bir-birindən ayırmaq istəyənlər kafirdir.” [Nisə 150-151]

Salavat gətirməyi də əmr edən Allahü təaladır. Bir ayə məali belədir:
“Allah və mələkləri, Nəbiyə salavat gətirirlər, iman edənlər, siz də salavat gətirin.” [Əhzab 56]

Müsəlman, sadəcə Allahın rəsulunu deyil, digər Müsəlmanları da sevməlidir. Bir hədisi-şərif məali belədir:
“Möminləri Allah üçün sevən və kafirləri Allah üçün düşmən bilən, ancaq o zaman Allahü təalanın sevgisinə qovuşur.” [Məktubatı Məsum Faruki 3/58]

İmam Rabbani həzrətləri buyurur ki:
Cənab Haqq, Qurani-kərimdə Rəsuluna itaət etməyin Ona itaət etmək sayıldığını bildirir. O halda, Rəsuluna itaət edilmədikcə, Ona itaət edilmiş olmaz. Bunun qəti və çox qüvvətli olduğunu bildirmək üçün də “Mütləq ki belədir” buyurdu. Bəzi doğru düşünə bilməyənlərin bu iki itaəti bir-birindən ayrı göstərmələrinə meydan vermədi. (1/152)

Sultan Mahmud Qəznəvi, bir neçə adamını, Şeyx Əbül-Həsən Harxani həzrətlərinə göndərib onu yanına çağırmışdı. “Əgər gəlmək istəməzsə, “Allaha, Rəsuluna və sizdən [Müsəlmanlardan] olan əmirlərə itaət edin” məalindəki ayəni oxuyun” demişdi. Şeyx həzrətləri də gəlmək istəmədikdə, ona bu ayəni oxudular. O isə, “Allahın itaətinə o qədər çox dalmışam ki, Rəsula itaət etməkdən həya edirəm. Əmirə itaətə vaxt varmı?” dedi. Şeyx həzrətlərinin [səkr halındakı] bu sözü, Allahü təalanın itaətini, Rəsulunun itaətindən ayrı bildiyini göstərib. Şəriətin, təriqətin və həqiqətin bütün pillələrində, Rəsulullaha itaət, Allahü təalaya itaətdir. Rəsulullaha itaət ilə olmayan Allaha itaət, dalalətdir, azğınlıqdır. Məhənə şəhərinin şeyxi, ustad Əbu Səid Əbül Xayr ilə oturarkən, Xorasan seyyidlərinin böyüklərindən Seyyid Əcəl də yanlarında idi. Bir məczub içəri girdi. Şeyx həzrətləri, onu Seyyiddən baş tərəfə oturtdu. Sonra seyyidə dönərək, “Sizə olan hörmətimiz, Rəsulullahı sevdiyimiz üçündür. Bu məczubu isə, Allahü təalanı sevdiyimiz üçün yüksək tuturuq” dedi. Allahü təalanın sevgisi ilə, Rəsulullahın sevgisini ayıran belə sözləri doğru yolun böyükləri uyğun bilmirlər. Allah sevgisinin, Rəsulullaha olan sevgidən çox olmasının, təriqət sərxoşluğundan irəli gəldiyini bilirlər. Belə sözlərə icazə vermirlər. (1/152)

“Allah adı ilə peyğəmbərin adını ayılmay
ın, yan-yana söyləyin” deməsi də səhvdir. Çünki Həbibinin adını Öz adının yanından ayırmayan Allahü təaladır. İmanda da, itaətdə də Öz adının yanında bildirmişdir. Bu xüsusda bəzi ayəti-kərimə məalləri bunlardır:

“Allaha və ümmi nəbi olan Rəsuluna iman edin, tabe olun ki, doğru yolu tapasız.” [Əraf 158]

“Allah və Rəsuluna itaət edin.” [Ənfal 1, 20, 46, Əhzab 33, Maidə 92, Təqabün 12, Mücadələ 13, Nur 54]

“Allaha itaət edin, Peyğəmbərə itaət edin. İşlərinizi boşa çıxarmayın.” [Muhamməd 33]

“Allah və Rəsuluna itaət edən, ən böyük qurtuluşa çıxmışdır.” [Əhzab 71]

“Rəsula itaət edən, Allaha itaət etmiş sayılır.” [Nisə 80]

“Allah və Rəsuluna itaət edən Cənnətə, üsyan edən Cəhənnəmə gedəcək.” [Nisə 13,14]

“Allaha və Rəsuluna qarşı gələn, bilsin ki, Allahın əzabı çox şiddətlidir.” [Ənfal 13]

“Allaha və Rəsuluna itaət edin ki, rəhmətə qovuşdurulasınız.” [Ali İmran 132]

“Allaha və rəsuluna itaət etsəniz, işlədiklərinizdən heç bir şey əksilməz.” [Hücurat 14]

“Allaha və Rəsuluna itaət edənlər, Allahın lütflər etdiyi nəbilər, siddiqlər, şəhidlər və salehlərlə bərabərdir.” [Nisə 69]

Həmçinin, Allah və Rəsuluna itaət etməyin müsəlmanlıq, qarşı çıxmağın azğınlıq, kafirlik olduğu, iman və itaət edənlərə Cənnət nemətlərinin olduğu, inkar və qarşı gələnlərə Cəhənnəm əzablarının olduğu, bunların Cəhənnəmdə “kaş ki, Allaha və Rəsuluna itaət etsəydik” deyəcəkləri başqa ayələrdə də bildirilmişdir. [Əhzab 31, 36, 66, Nur 51,52, Fəth 17, Tövbə 71]

Sadəcə Həbibinə tabe olmağı da bildirir:
“Rəsuluma tabe olun ki, doğru yolu tapasız!” [Əraf 158, Nur 54]

“Rəsulumun verdiyini alın, qadağan etdiklərindən çəkinin!” [Həşr 7]

“O, özündən danışmaz. Onun [din ilə bağlı] hər sözü vəhylədir.” [Nəcm 3-4]

“İxtilafa düşdükləri şeyi insanlara açıqlamağın üçün və iman edən bir qövmə hidayət və rəhmət olsun deyə bu kitabı sənə endirdik.” [Nəhl 64]

“Namaz qılın, zəkat verin, Rəsula itaət edin ki, sizə mərhəmət edilsin.” [Nur 56]

“Kimi, ona [Rəsuluma] iman etdi, kimi də ondan üz çevirdi. Bunlara da çılğın atəşli Cəhənnəm yetdi. Ayələrimizi inkar edərək kafir olanları əlbəttə atəşə atacağıq.” [Nisə 55-56]

Həbibini tərifləyir:
“Biz səni aləmlərə rəhmət olaraq göndərdik.” [Ənbiya 107]

“Rəbbinin sənə verdiyi nemətlərlə məcnun deyilsən. Sənin üçün bitməz-tükənməz, sonsuz mükafat vardır. Əlbəttə sən, ən böyük əxlaqdasan.” [Qələm 2-4]

“Rəsulullahda sizin üçün [görüb tabe olacağınız] gözəl nümunələr vardır.” [Əhzab 21]

“Sən razı oldum deyənə qədər Rəbbin sənə [çox nemət] verəcək!” [Duha 5]

“Sənin şanını, şöhrətini ucaltdıq.” [İnşirah 4] Bu ayənin təfsirində deyilir ki:
Azan, iqamə, təşəhhüd, xütbə kimi bir çox yerdə mənimlə birlikdə adını andırmaq surətilə şanını ucaltdıq. (Cəlaleyn)

Sənin adını şərqdə, qərbdə, yer üzünün hər yerində yüksəltdim. (Savi təfsiri) [Qərbə doğru, bir meridian dərəcəsi getdikcə, namaz vaxtları 4 dəqiqə gecikir. Hər 28 km gedişdə, eyni vaxtın azanı bir dəqiqə sonra təkrar oxunur. Beləliklə, yer üzünün hər yerində, hər an azan oxunur, Muhamməd əleyhissalamın adı, Allahü təalanın adı ilə birlikdə hər an, hər yerdə eşidilir.]

Bu elə bir yüksəltmə, elə bir ucaltmadır ki, Öz adını Həbibinin adı ilə birlikdə andırdı, Ona itaəti Özünə itaət olaraq göstərdi, mələklər Ona salat etdi, möminlərə də Ona salavat gətirməyi əmr etdi, Onu adıyla deyil, həmişə Rəsulum, Həbibim kimi gözəl sifətlərlə andı. (Bəydavi)

Cənab Haq Rəsulunun namını dünya və axirətdə də yüksəltdi. Elə bir şəhadət gətirən, elə bir namaz qılan insan yoxdur ki, şəhadət kəlməsini və Rəsulullahın mübarək adını zikr etmiş olmasın. (Katadə)
“Allahü teala buyurdu ki: “Mən anıldıqca, həbibim, sənin də mənimlə birlikdə anılaraq şanını yüksəltdim.”
 [Əbu Ya'la, İbni Hibban]

20-12-2021, 14:16
Geri