Facebook Twitter WhatsApp

Məkkə dövrü

Muhamməd əleyhissalam vəhyin bir müddət dayanmasından sonra yenə Hira Dağına çıxmışdı. Dağdan aşağı enərkən bir səs eşitdi. Başını qaldırıb baxanda Cəbrayıl əleyhissalamı gördü. Mübarək qəlbi çırpınaraq və ürpərərək evinə qayıtdı, “Məni örtün” dedi və örtündü. Bu sırada Cəbrayıl əleyhissalam Müddəssir surəsinin: “Ey örtüyə bürünən (Muhamməd əleyhissalam)! Qalx (kafirləri Allahü təalanın əzabı ilə) qorxut. Rəbbini təkbir et, təzim et! Geyimini təmiz tut! Haram edəcəyim şeylərdən çəkin! Etdiyin yaxşılığı çox görərək başa qaxma! Rəbbin üçün səbir et! Sura üfürüldüyü zaman kafirlərə çox sıxıntılı bir gündür. Onlara asanlıq yoxdur...” məalindəki ilk ayələrini gətirdi. Bundan sonra vəhy fasiləsiz davam etdi. Qurani-kərim ayələri 22 il 2 ay 22 gün davam edən bir müddət ərzində vəhy edilib tamamlandı.

Muhamməd əleyhissalam “ümmi” idi. Yəni kitab oxumamış, yazı yazmamış, heç kimdən dərs almamışdı. Məkkədə dünyaya gəlib böyüyüb, bəlli insanlar arasında boya-başa çatıb, səyahat etməmişdir. Amma Tövratda və İncildə, Yunan və Roma dövrlərində yazılmış kitablarda olan məlumatlardan, hadisələrdən xəbər verdi. İslamiyyəti bildirmək üçün hicrətin 6-cı ilində Rum, İran, Həbəş hökmdarlarına və digər ərəb padşahlarına məktublar göndərdi. Xidmətinə altmışdan çox əcnəbi elçi gəlmişdir. Bu xüsusu Allahü təala Qurani-kərimdə məalən belə bildirir: “Sən, bu Qurani-kərim gəlmədən əvvəl bir kitab oxumadın. Yazı yazmadın. Oxuyub-yazan olsaydın, başqalarından öyrəndin deyə bilərdilər.” (Ənkəbut surəsi: 48). Hədisi-şərifdə də: “Mən ümmi peyğəmbər Muhammədəm... Məndən sonra peyğəmbər yoxdur” buyuruldu. Həmçinin, Qurani-kərimdə belə buyurulmuşdur:

O, (Muhamməd əleyhissalam) özündən danışmır. Onun sözləri, Ona bir vəhy ilə bildirilməkdə, öyrədilməkdədir. (Nəcm surəsi: 3-4)

Peyğəmbər əfəndimizə vəhyin gəlməsindən sonra ilk iman edən həzrəti Xadicə oldu. Cəbrayıl əleyhissalam ilk vəhyi gətirdiyi vaxtlarda Peyğəmbərimizə dəstəmazın necə alınacağını öyrətdi. Sonra da Onunla birlikdə iki rükət namaz qıldı. Muhamməd əleyhissalam Cəbrayıl əleyhissalamdan öyrəndiyi kimi dəstəmaz almağı və qıldıqları iki rükət namazı həzrəti Xadicəyə də öyrətdi. Ona imam olub bu iki rükət namazı qıldırdı. Bu vaxt hələ beş vaxt namaz əmr edilməmişdi. Sadəcə sübh və əsrdə iki vaxt namaz qılınırdı. Onları bu şəkildə namaz qılarkən görən həzrəti Əli də Müsəlman oldu. Peyğəmbər əfəndimiz insanları İslama dəvət işinə əvvəlcə yaxınlarından və səmimi dostlarından başladı. Həzrəti Xadicədən və həzrəti Əlidən sonra azadlı köləsi Zeyd ibn Harisə, köhnə dostu və yaxın yoldaşı həzrəti Əbu Bəkir, həzrəti Osman, Əbdurrahman ibn Avf, Sad ibn Əbi Vaqqas, Zübeyr ibn Avvam, Talha ibn Ubeydullah Müsəlman oldular. Həzrəti Xadicədən sonra Müsəlman olan bu səkkiz insana “Sabıkuni-İslam”, yəni ilk Müsəlmanlar deyilir.

Muhamməd əleyhissalam, insanları İslama dəvət et əmrindən sonra xalqı gizlin İslama dəvət etdi. İnsanlar bir-bir Müsəlman olurdular. Bu ilk illərdə Müsəlmanların sayı ancaq otuza çatmışdı.

Bir müddət sonar: “Yaxın qohumları Allahın əzabı ilə qorxudaraq, onları haqq dinə çağır.” ayəti-kəriməsi gəldikdə, Muhamməd əleyhissalam qohumlarını dinə dəvət etmək üçün həzrəti Əli vasitəsilə onları Əbu Talibin evinə çağırdı. Qarşılarına, bir nəfərə çatacaq qədər bir boşqab yemək və bir tas süd qoydu. Əvvəlcə özü bəsmələ ilə başlayıb, gələn qohumlarını buyur etdi. Gələnlərin qırx nəfərə yaxın olmasına baxmayaraq, o yemək və süd Muhamməd əleyhissalamın möcüzəsi olaraq hamısını doyurdu və heç əksilmədi. Gələnlər bu möcüzə qarşısında çaşıb qalmışdılar. Yeməkdən sonra Muhamməd əleyhissalam, qohumlarını İslama dəvət etmək üçün sözə başlamaq üzrəykən əmisi Əbu Ləhəb düşmənlik edərək: “Biz bu günkü kimi bir sehir görməmişdik. Qohumunuz sizi sehirlədi” dedi. Sözlərinə təhqirlə davam etdikdə, dəvətlilər dağıldılar.

Bu hadisədən qısa bir müddət sonra qohumlarını yenidən dəvət etdi. Əli (radıyallahü anh) yenə hamısını çağırdı. Əvvəlki kimi yenə qarşılarına yemək qoyuldu. Muhamməd əleyhissalam yeməkdən sonra ayağa qalxıb: “Həmd, yalnız Allaha məxsusdur. Yardımı ancaq Ondan istəyirəm. Ona inanır, Ona söykənirəm. Şübhəsiz bilirəm və bildirirəm ki, Allahdan başqa tanrı yoxdur. O birdir, Onun tayı və ortağı yoxdur.” dedikdən sonra sözlərinə belə davam etdi: “Sizə əsla yalan söyləmirəm və doğrunu bildirirəm... Sizi bir olan və Ondan başqa ilah olmayan Allaha iman etməyə dəvət edirəm. Mən Onun sizə və bütün bəşəriyyətə göndərdiyi peyğəmbəriyəm. Vallahi siz, yuxuya getdiyiniz kimi öləcəksiniz. Yuxudan oyandığınız kimi də dirildiləcəksiniz və bütün etdiklərinizdən hesaba çəkiləcəksiniz. Yaxşılıqlarınızın qarşılığında mükafat, pisliklərinizin qarşılığında da cəza görəcəksiniz. Bunlar da ya Cənnətdə əbədi qalmaq və ya Cəhənnəmdə əbədi qalmaqdır. İnsanlardan, axirət əzabı ilə ilk qorxutduğum kəslər sizsiniz.”

Əbu Talib bu sözləri dinlədikdən sonra; “Sən əmr olunduğun şeyə davam et! Səni qorumaqdan geri durmayacağam. Lakin köhnə dinimdən imtina etmək xüsusunda nəfsimi mənə boyun əyən görmürəm.” dedi. Əbu Ləhəb xaric, orada olan digər əmiləri və qohumlarının hamısı yumşaq danışdılar. Ancaq Əbu Ləhəb: “Ey Abdülmuttaliboğulları, başqaları Onun əlini tutub mane olmadan əvvəl siz Ona mane olun!” kimi daha bir çox çirkin sözlər dedi. Onun bu sözləri üzərinə Muhamməd əleyhissalamın bibisi, Əbu Ləhəbə: “Ey qardaşım! Qardaşımın oğlunu və Onun dinini köməksiz qoymaq heç sənə yaraşırmı? Vallahi bu gün yaşayan savadlı və bilikli insanlar Abdülmuttalibin soyundan bir peyğəmbərin gələcəyini bildirirlər. Elə O peyğəmbər, budur!” dedi. Əbu Ləhəb, bu sözlərin qarşısında çirkin sözlərinə davam etdikdə, Əbu Talib hirslənərək: “Ey qorxaq! Vallahi biz sağ olduqca, Onun köməkçisi və qoruyucusuyuq!” dedi. Muhamməd əleyhissalama da: “Ey qardaşımın oğlu! İnsanları Rəbbinə imana dəvət etmək istədiyin vaxtı bilsək, silahlanıb səninlə birlikdə ortaya çıxarıq!” dedi. Sonra Muhamməd əleyhissalam təkrar sözə başladı: “Ey Abdülmuttaliboğulları! Vallahi, ərəblərin arasında, mənim sizə gətirdiyim, dünya və axirətiniz üçün xeyirli olan şeydən (yəni bu dindən) daha üstününü və daha xeyirlisini qövmünə gətirmiş bir kimsə yoxdur. Mən sizi dilə asan gələn, mizanda ağır basan iki kəliməni söyləməyə dəvət edirəm ki, o da: Allahdan başqa ilah olmadığına və mənim Onun qulu və rəsulu olduğuma şəhadət etmənizdir. Allahü təala sizi buna dəvət etməmi əmr etdi.” Buyurub: “O halda hansınız mənim bu dəvətimi qəbul edib bu yolda köməkçim olar?” dedi.

Heç kimdən səs çıxmadı, başlarını önlərinə əydilər. Muhamməd əleyhissalam bu sözlərini üç dəfə təkrarladı. Hər dəfə həzrəti Əli ayağa qalxıb: “Ya Rəsulallah, hər nə qədər bunların yaşca ən kiçiyi olsam da sənə mən köməkçi olaram!” dedi. Bunun üzərinə Muhamməd əleyhissalam həzrəti Əlinin əlindən tutdu. Digərləri isə heyrət içində və lağ edib gülərək dağıldılar.

Peyğəmbərliyin dördüncü ilində: “Sənə əmr olunan şeyi təbliğ et, baş ağrıdana qədər danış, müşriklərə fikir vermə.” (Hicr surəsi: 4) məalındakı ilahi əmr gəldikdə, məkkəliləri açıq-aşkar İslama dəvət etməyə başladı. Vəhy olunan ayələri açıq-aşkar oxuyur və hər kəsə, haq din olan İslamı qəbul etmələrini söyləyirdi. İlk sıralarda iman edənlər az oldu. İman etməyənlər də əvvəlcə Ondan əlaqələrini kəsmədilər. Allahü təalaya ibadət etməyi əmr edən ayələr nazil olduqda, bunları eşidən Qüreyş qövmü Muhamməd əleyhissalamın doğru sözlü və yüksək əxlaq sahibi olduğunu bildikləri halda Ondan üz çevirdilər və düşmən kəsildilər.

Muhamməd əleyhissalam insanların bu inkarcı duruşu qarşısında onları daima imana dəvət edirdi və məkkəlilərdən bir qismi imanla şərəflənirdi. Yenə bir gün Səfa Təpəsi üzərinə çıxdı. Yüksək və gur bir səda ilə: “Ey Qüreyş camaatı buraya gəlin, toplanın, sizə mühim bir xəbərim var.” deyə səsləndi. Bu xəbərə qəbilələr maraqla qaçıb gəlib orada yığışdılar. Heyrətlə baxmağa, maraqla gözləməyə başladılar. “Ey Muhammədül-əmin! Bizi nə üçün buraya topladın, nəyi xəbər vərəcəksən?” deyə soruşdular. Muhamməd əleyhissalam: “Ey Qüreyş qəbilələri!” xitabıyla danışmağa başladıqda hər kəs böyük bir diqqətlə dinləməyə başladı. Onlara: “Mənimlə sizin halınız, düşməni gördükdə, ailəsinə xəbər vermək üçün qaçan və düşmənin özündən əvvəl ailəsinə çatıb zərər verməsindən qorxaraq: “Ya sabahah (ey camaat).” deyə hayqıran bir kimsənin halına bənzəyir. Ey Qüreyş camaatı, mən sizə bu dağın arxasında bir düşmən ordusu var, üzərinizə hücum etmək üzrədir desəm mənə inanarsınızmı?” dedi. “Bəli inananırıq, çünki səndə indiyə qədər doğruluqdan başqa bir şey görmədik. Sənin yalan söylədiyini heç görmədik!” dedilər.

Muhamməd əleyhissalam bu ümumi müraciətdən sonra, bütün Qüreyş qəbilələrinin adlarını: “Ey Haşimoğulları! Ey Abdümənafoğulları! Ey Abdülmuttaliboğulları!...” şəklində sayaraq: “Mən sizə önümüzdəki şiddətli əzabın bildiricisiyəm. Allahü təala mənə: “Ən yaxın qohumlarını axirət azabı ilə qorxut!” əmrini verdi. Sizi La ilahə illəllah vəhdəhu la şərikə ləh (Allah birdir, Ondan başqa heç bir ilah yoxdur) deyərək iman etməyə dəvət edirəm. Mən də Onun qulu və rəsuluyam. Əgər buna iman etsəniz Cənnətə gedəcəksiniz. Siz La ilahə illəllah demədikcə mən sizə nə dünyada bir fayda, nə də axirətdə bir nəsib təmin edə bilərəm!” dedi. Dinləyən qəbilələr arasından Əbu Ləhəb: “Bizi buraya bunun üçünmü topladın?” deyərək, yerdən götürdüyü daşı Muhamməd əleyhissalama atdı. Digərlərindən o anda belə bir müxalifət olmadı. Aralarında danışaraq dağıldılar. Əbu Ləhəbin göstərdiyi inkar və düşmənlikdən daha sonar: “Əbu Ləhəbin əlləri qurusun, onsuz da qurudu...” deyə başlayan Təbbət surəsi nazil oldu.

Muhamməd əleyhissalam bütün insanlara və cinlərə peyğəmbər olaraq göndərilib, insanları açıq-aşkar İslama dəvət etməsi əmr edildiyi vaxt, bütün bəşəriyyət dini, ruhi, ictimai və siyasi cəhətdən yayğın bir qaranlıq, tam bir cahiliyyət, daşqınlıq, azğınlıq və pozğunluq içərisində idi. O zaman dünya üzərində gözə çarpan bəlli-başlı dövlətlərdən Bizans, İran, Misir, Hindistan, İskəndəriyyə, Mesopotamiya, Çin və bənzərlərində yaşayan insanlar inancsızlığın və ya batil əqidələrin içərisində çırpınan və nə etdiyini bilməyən azğınlara çevrilmişdilər. Aləm elə qaralıb və zülmət elə qatılaşmışdı ki, insanlar hər şeyin yaradıcısı olan Allaha iman və ibadət etmək yerinə, kainatda cərəyan edən hadisələrə və Allahü təalanın yaratdığı əşyaya sitayiş edirdilər. Zavallı bəşəriyyət ulduzlara, atəşə, əllərilə yonduqları daşdan və taxtadan bütlərə “ilah” deyə səcdə edirdilər... Siniflərə ayrılan insanlardan güclülər zəifləri qorxunc bir təhəkkümlə əzirdilər.

Dünya üzrə siyasi, coğrafi və ticari cəhətdən mühim bir yer tutan Ərəbistanın da vəziyyəti digər yerlərdən fərqənmirdi. O dövrdə Ərəbistanda insanlar fərqli əqidələrdə idilər. Bir qismi tamamilə inancsız və dünya həyatından başqa bir şey qəbul etmirdi. Bir qismi isə Allaha və axirət gününə inanır, lakin insandan bir peyğəmbərin gələcəyini qəbul etmirdi. Bir qismi də Allaha inanır axirətə inanmırdı. Digər böyük bir qismi də Allaha şirk qoşaraq bütlərə sitayiş edirdi. Müşriklərin hər birinin evində bir büt olurdu. Kəbəyə də 360 büt qoyulmuşdu. Bütün bunlardan başqa İbrahimin (əleyhissalam) bildirdiyi din üzrə olan və “Həniflər” adlanan, bütlərdən uzaq duran insanlar da var idi.

Cahiliyyə dövrü adlanan bu dövrdə Ərəbistanda insanlar ümumiyyətlə köçəri həyat yaşayırdılar və qəbilələrə bölünmüşdülər. Davamlı münaqişə halında olan bu qəbilələr, basqın və soyğunçuluğu özlərinə bir dolanışıq vasitəsi qəbul etmişdilər. Aralarında zülmün və soyğunçuluğun geniş yayıldığı qəbilələrdən meydana gələn Ərəbistanda, siyasi bir nizam, ictimai bir düzən də yox idi. O dövrdə həmçinin, dünyanın digər yerlərində olduğu kimi, Ərəbistanda da əxlaqsızlıq son həddə çatmışdı. İçki, qumar, zina, oğurluq, zülüm, yalan və əxlaqsızlığa aid nə varsa hamısı geniş yayılmışdı. Zülmə, güclünün zəifə qarşı ən amansız və tükürpədici bir vasitə olaraq baş vurulur, qadın adi bir mal kimi alınıb satılırdı. Bir qismi də qız uşaqlarının doğulmasını bir fəlakət və üz qarası sayırdı. Bu qorxunc tələqqi o dərəcəyə çatmışdı ki, kiçik qız uşaqlarını, qumlar üzərində açdıqları çuxurlara diri-diri atıb: “Atacan! Atacan!” deyərək boyunlarına sarılmalarına və acı fəryadlarına məhəl qoymayaraq heç qulaq asmadan üstlərini torpaqla örtərək ölümə tərk edərək cüzi bir vicdan əzabı hiss etmirdilər. Nəticə etibarilə o dövrün insanları arasında şəfqət, mərhəmət, yaxşılıq və ədalət kimi gözəl xislətlər sanki yox olmuşdu.

Dəhşətli bir cahiliyyə dövrü yaşayan ərəblər arasında diqqətə dəyər bir xüsus vardı. O da: ədəbiyyatın, bəlağatın və fəsahatın geniş yayılaraq zirvədə olması idi. Şairə və şeirə çox əhəmiyyət verirdilər, bunu böyük bir iftixar vəsiləsi hesab edirdilər. Güclü bir şair özü və qəbiləsi üçün ad-san təmin edərdi. Müəyyən zamanlarda yarmarkalar qurulur, şeir və xitabət müsabiqələri açılırdı. Birinci gələnlərin şeirləri və ya xitabələri Kəbə divarına asılardı. Cahiliyyə dövründəki Kəbə divarına asılan ən məşhur şeirlərə «Müəlləqqəti- Səba» (yeddi asqı) deyilmişdir. Qurani-kərim ayələri nazil olmağa başladıqda ondakı bənzərsiz bəlağatı görən neçə-neçə insan da bu səbəblə Müsəlman olmuşdu.

Muhamməd əleyhissalamın insanlara əbədi səadəti, sonsuz qurtuluşu bildirmək, onları dəlalətdən hidayətə qovuşdurmaq üçün peyğəmbər olaraq göndərildiyi sırada, cahiliyyə dövrü yaşayan məkkəlilər, iman etməyə dəvət edildikdə, əvvəlcə laqeyid yanaşdılar. Sonra açıq-aşkar düşmənlik göstərməyə başladılar. Müşriklərin bu düşmənlikləri əvvəlcə məsxərə tərzində idi, sonra təhqir şəklinə, daha sonra işkəncə formasına çevrildi. Bunlardan sonra ticari və digər bütün münasibətləri kəsmə və şiddət göstərmə dövrü başladı.

Müşriklərdən, xüsusilə qəddar beş nəfər, Sevgili Peyğəmbərimiz Muhamməd əleyhissalamı çox incidib lağ edirdilər. Bunların arasında As ibn Vail, Əsvəd ibn Muttalib, Əsvəd ibn Abdi Yaqvəs, Vəlid ibn Mugirə və Haris ibn Qays var idi. Bir dəfə Peyğəmbər əfəndimiz Kəbənin yanında oturarkən Cəbrayıl əleyhissalam da gəlmişdi. Müşriklərdən bu beş nəfər qarşılarından keçərkən Cəbrayıl əleyhissalam, As ibn Vailin ayağının dabanına, Əsvəd ibn Muttalibin gözünə, Əsvəd ibn Abdi Yaqvəsin başına, Vəlid ibn Mugirənin incik sümüyünə, Harisin qarnına bir-bir işarə qoydu və: “Ya Muhamməd! Allahü təala bunların şərindən səni xilas eylədi. Çox keçmədən bunların hər biri bir bəlaya məruz qalıb həlak olacaqlar.” dedi. Bu beş müşrikdən As ibn Vail bir gün uzunqulağa minmişdi. Məkkənin ətraf yerində bir yerdə uzunqulağından enəndə ayağına tikan batdı. Tikanın batdığı yer şişdi, nə qədər dəva-dərman etsələr də çarə tapa bilmədilər. Nəhayət ayağı dəvə boynu kimi şişib: “Muhammədin Allahı məni öldürdü” deyərək fəryad edə-edə öldü. Əsvəd ibn Muttalib, Məkkə kənarında bir ağacın altında oturarkən birdən-birə gözləri kor oldu. Cəbrayıl əleyhissalam da başını tutub altına oturduğu ağaca çırparaq onu həlak etdi. Əsvəd ibn Abdi Yaqvəs də Məkkədən çıxıb Badı-Səmum adlanan yerə getmişdi. Orada üzü və gövdəsi qapqara oldu. Evinə gəlib qapısını döyəndə ailəsi onu tanımadı və içəri buraxmadı. Qəhərindən başını evinin qapısına vura-vura öldü. Haris ibn Qays da duzlu balıq yemişdi. Elə bir hərarətə tutuldu ki, nə qədər su içsə də doymadı. Su içə-içə çatladı. Vəlid ibn Mugirənin isə baldırına bir oxçu dükanının qarşısında dəmir parçası batdı. Yarasından çoxlu qan axdı və: “Muhammədin Allahı məni öldürdü” deyib fəryad edərək öldü.

Müşriklərin zülüm və təzyiqin artdırmaları səbəbilə, Muhamməd əleyhissalam, Əshabı-kiramdan Ərkam ibn Əbil Ərkamın evini təhlükəsiz yer olaraq seçdi. Dar bir küçədə, Səfa Təpəsinin şərqində yerləşən bu ev giriş-çıxış üçün və gəlib gedənləri yoxlamaq üçün əlverişli bir yer idi. Peyğəmbər əfəndimiz İslamiyyəti burada təbliğ edir və Müsəlmanlar oraya toplanırdı. Bir çox məkkəli bu evdə Müsəlman oldu. Bir mərkəz olaraq seçilən bu evə “Darül-İslam” adı verildi.

İnsanları əbədi səadətə qovuşdurmaq üçün və rəhmət olaraq göndərilən Muhamməd əleyhissalam, Məkkədə cahiliyyə dövri yaşayan insanları açıq-aşkar İslama çağırdı. Həqiqi qurtuluşun Allahü təalaya iman etməkdə, nəfsə tabe olmaqdan, zülümdən, haqsızlıqdan və bütün çirkin işlərdən uzaqlaşmaqda olduğunu bildirdikdə, nəfslərinin istəklərinə, şəhvətlərinə uyanlar, zəifləri əzənlər və həddindən artıq azğınlaşanlar bütün bu pozğun işlərinə son veriləcəyini görərək Muhamməd əleyhissalamın bildirdiklərini inkar etdilər və Ona düşmən kəsildilər. Bir qismi də özləri kimi aciz və fani insanların ayıblamalarından çəkinərək iman etmədilər. Nəfslərinə, şeytana və şəhvətlərinə tabe olaraq səadətdən məhrum qaldılar.

Muhamməd əleyhissalamın bildirdiklərinə iman etməyən və Ona düşmənlik bəsləyən müşriklər, əvvəlcə lağ etməyə başladılar. Bir yerə yığışıb Ona: kahin, məcnun, şair, dəli, sehirbaz deməyi qərar almaq istədiklərində, bunların heç birinin Muhamməd əleyhissalamda olmadığını yenə özləri etiraf edirdilər. Ona bir şeylər söyləmək üçün toplandıqlarında müşriklərdən Vəlid ibn Mugirə belə deyirdi: “Xeyr o kahin deyil. Biz, kahinləri gördük. Onun oxuduğu nə kahin fısıltısı, nə də uydurma şeylərdir. Kahinlər həm doğru, həm yalan söyləyir. Biz Muhamməddə heç bir yalan görmədik. O məcnun, dəli də deyil. Dəliliyin nə olduğunu bilirik, Onda belə bir hal yoxdur. O şair də deyil. Biz şeirin hər növünü yaxşı bilirik. Onun oxuduqları bunlardan heç birinə bənzəmir. O, sehirbaz da deyil! Biz sehirbazları gördük. Onun oxuduqları sehirbazların oxuyub üfürmələrinə və düyünləyib bağlamalarına heç bənzəmir.”

Çeşidli hiylələrlə və zülümlə insanların iman etməsinə mane olmağa çalışan müşriklərin liderləri, insanları Muhamməd əleyhissalamın oxuduğu ayələri dinləməkdən uzaqlaşdırırdılar. Özləri isə gecələri Muhamməd əleyhissalamın olduğu evin yanına gələrək bir kənara gizlənib dinləyirdilər. Səhər açılanda, bir-birindən xəbərsiz gecə Qurani-kərimi dinləməyə gəldiklərini görən müşriklərin başbilənləri bir-birlərini ayıblayıb bir daha belə etməyək deyirdilər. Ancaq ertəsi gecə yenə bir-birindən xəbərsiz gedib bir kənarda gizlənib təkrar dinləyirdilər. Səhər açılanda yenə də bir-birlərini görüb təəccüblənirdilər. Bir daha belə etməmək üstünə and içib dağılırdılar, ancaq bundan əl çəkə bilmirdilər. Buna baxmayaraq inad edib nəfslərinə uyub, üstünlük taslayaraq və digər müşriklərin onları ayıblamalarından çəkinərək və daha bir çox boş düşüncələrə qapılaraq iman etmədilər. Üstəlik başqalarına da mane oldular. Küçələrdə, “Muhamməd sehirbazdır” deyə bağırırdılar.

İslam nurunun gündən-günə yayılmasını görüb daha da azğınlaşan müşriklər, artıq lağ etməkdən də irəli gedərək, Müsəlmanlara işkəncə etməyə başladılar. Muhamməd əleyhissalamın qapısının qarşısına nəcasət tökməyə, qapısına qan sürməyə, keçəcəyi yollara tikan tökməyə başladılar. Sevgili Peyğəmbərimiz, Məkkəyə başqa yerlərdən gələnlərə İslamı izah edərək dəvət edərkən, arxasınca gəzərək: “Yalan söyləyir, inanmayın” deyərək daşqınlıq göstərirdilər. İlk Müsəlman olanlardan, əvvəlcə zəif və kimsəsizlərə sonra da hamısına ağır işkəncələr etməyə başladılar. Bütün bunlarla insanların iman etmələrinə əngəl olamadıqlarını, əksinə İslamın gündən-günə yayıldığını görən müşriklər hər yola əl atdılar.

Mənfəətlərinə görə bütlərə sitayiş edən və İslamiyyətin, zülümlərinə, haqsızlıq və əxlaqsızlıqlarına tamamilə son verəcəyini görən müşriklər, buna mane olmaq üçün ilk etapda baş vurduqları şeylərin nəticə vermədiyini gördülər. Hətta başbilənləri toplanıb Peyğəmbər əfəndimizin əmisi Əbu Talibin yanına gedərək: “Ey Əbu Talib! Biz səndən qardaşının oğlunu susdurmanı, Ona əngəl olmanı istəyirik. Ya Onu təbliğ etdiyi şeylərdən əl çəkdirəcəksən və ya iki tərəfdən biri yox olana qədər Onunla da, səninlə də vuruşacağıq... Bundan əl çəksin, nə istəyirsə verəcəyik...” dedilər. Əbu Talib, müşriklərin söylədiklərini Muhamməd əleyhissalama dedi. Muhamməd əleyhissalam cavabında: “Ey əmi! Bunu bil ki, günəşi sağ, ayı da sol əlimə versələr (hər nə vəd edirlərsə etsinlər) mən əsla bu dindən və onu insanlara təbliğ etməkdən, bildirməkdən əl çəkmərəm. Allahü təala bu dini bütün cahana yayar, vəzifəm bitər və ya bu yolda canımı fəda edərəm.” dedi. Bu sözləri dinləyən Əbu Talib Sevgili Peyğəmbərimizin boynuna sarılaraq: “İşinə davam et, istədiyini et! Vallahi, səni əsla hər hansı bir şeydən ötrü heç kimə təslim etməyəcəyəm...” dedi. Əbu Talibin qardaşı oğlunu heç nəyə baxmayaraq qoruyacağını və əsla yalnız buraxmayacağını anlayan müşriklər, bundan da bir nəticə ala bilmədiklərini görərək Muhamməd əleyhissalamı çağırıp belə dedilər: “Əgər mal toplamaq istəyirsənsə sənə istədiyin qədər verək. Hökmdar olmaq istəyirsənsə səni başımıza hökmdar edək. Daha hər nə istəyirsən edək, verək. Yetər ki, bu mübarizədən əl çək.” Peyğəmbər əfəndimiz müşriklərə belə cavab verdi: “Sizin söylədiyiniz şeylərin hiç biri məndə yoxdur. Mən sizə, mallarınızı istəmək, aranızda şərəf və şan qazanmaq, üstünüzdə hökmdar olmaq üçün gəlmədim. Ancaq Allah, məni sizə peyğəmbər olaraq göndərdi. Mənə bir kitab da nazil etdi. İman etsəniz Cənnətlə müjdələyən, üsyanınızdan ötrü də əzabla qorxudan olmağı Allah mənə əmr etdi. Mən də Rəbbimin mənə vəhy etdiklərini sizə təbliğ etdim. Sizə öyüd də verdim. Sizə gətirib təbliğ etdiyim şeyi alıb, qəbul etsəniz, o, dünyada və axirətdə nəsibiniz və səadətiniz olacaq. Onu rədd etsəniz Uca Allah aramızda hökmü verənə qədər təbliğ etmək, səbir etmək və buna qatlanmaq mənim vəzifəmdir.”

İnkarlarında israr edən müşriklər bu təşəbbüslərindən də nəticə ala bilmədikdə işi zülüm və işkəncə dərəcəsinə gətirdilər. Muhamməd əleyhissalama qəsd etməyə qərar verdilər. Başçıları Ebu Cəhil belə dedi: “Sabah qaldıra biləcəyim qədər böyük bir daş götürəcəm, O səcdəyə qapandığı vaxt başının üstünə atacağam.” Digər müşriklər də “Sən istədiyini et, biz səni dəstəkləyəcəyik” dedilər. Ertəsi günü gözlədilər və Muhamməd əleyhissalam Kəbəyə gələrək namaza durdu. Səcdəyə getdiyi anda Əbu Cəhil böyük bir daşı götürüb yanına yaxınlaşdı. Amma yaxınlaşan kimi, böyük bir qorxuyla, pərişan bir halda geri qaçdı. Əllərinin canı kəsildi və daş yerə düşdü. Bu halı görən və maraqla seyr edən müşriklər: “Nə oldu sənə?” dediklərində Əbu Cəhil: “Bir bənzərini görmədiyim zəbt edilməz bir aslan məni parçalamaq üçün üstümə gəldi” dedi. Əbu Cəhil bir neçə dəfə belə cəhd etsə də eyni vəziyyətlə qarşılaşmışdı.

Bu və buna bənzər möcüzələri görənlərdən bir qismi iman edir, bir qismi də düşmənlikdə israr edirdi. Bundan başqa müşriklərin Muhamməd əleyhissalama hücum etdikləri, bəzən də mübarək üzünü, başını yaraladıqları olurdu. Digər tərəfdən Müsəlman olanlara etdikləri işkəncələr görülməmiş bir vəhşət halını almışdı. İşkəncələrə dözməyərək vəfat edən Yasir (radıyallahü anh) və Əbu Cəhil tərəfindən qarnına mizraq sancılaraq şəhid edilən Yasirin (radıyallahü anh) xanımı Süməyyə Xatun İslamın ilk şəhidi oldular.

Peyğəmbər əfəndimiz ilk Müsəlmanların ağır işkəncələrə məruz qalmaları və zülüm altında çətin vəziyyətə düşmələrindən sonra “Siz Həbəş ölkəsinə gedin, Allah sizi orada fərahlığa qovuşduracaq və sizi yenə toplayacaq.” buyurdu. Bisətin (Peyğəmbərliyin) beşinci ilində (M. 615) Əshabı-kiramdan 10-u kişi, 5-i qadın olmaqla 15 nəfərlik bir dəstə Məkkədən Həbəşistana hicrət etdilər. Bisətin 6-cı ilində Həzrəti Həmzənin, sonra da həzrəti Ömərin iman etməsindən sonra Müsəlmanların vəziyyəti bir miqdar qüvvətləndi.

Həbəşistana hicrət edən ilk dəstənin, hökmdar Nəcaşi tərəfindən xoş qarşılanması üzərinə, Peyğəmbərimiz, müşriklərin təzyiq və işkəncələrinə məruz qalan Müsəlmanlardan ikinci bir dəstəni də bisətin 7-ci ilində (M.617) Həbəşistana göndərdi. 80-i kişi, 10-u qadından ibarət olan bu dəstə də Həbəşistana hicrət etdi. Bu arada İslamiyyətin yayılmasına mane olmaq üçün hər yola baş vuran müşriklər, Peyğəmbər əfəndimizdən çeşidli şeylər soruşurdular, nazil olan ayələr oxunduqca aldıqları cavablar və gördükləri möcüzələr qarşısında təəccüblənirdilər.

Bütün bunalara baxmayaraq Müsəlmanların sayı artırdı. Bunun qarşısını almaq üçün müxtəlif yollara baş vuran müşriklər, Müsəlmanları mühasirəyə almağa, başda ticarət olmaqla onlarla olan bütün münasəbətləri kəsmək qərarını aldılar. Müsəlmanlara heç bir şey satmamağa və onlardan heç bir şey satın almamağa and içdilər. Bu müqaviləni bir kağıza da yazaraq Kəbənin içərisinə asdılar. Müsəlmanlar isə Şibi Əbi Talib (Əbu Talib məhəlləsi) adlanan yerdə toplanmışdılar. Müşriklər bu məhəlləyə ərzaq, içki daxil heç bir şey buraxmırdılar. Oradan bir şey satın almaq üçün çıxmaq istəyənə və oraya ərzaq və içki satmaq üçün getmək istəyən heç bir satıcıya fürsət vermirdilər. Bu məhəllədə mühasirəyə alınan Müsəlmanlar isə kənardan bir şey satın ala bilmədikləri üçün şiddətli qıtlıqla qarşı-qarşıya qalmışdılar. Sadəcə həcc mövsümündə çıxa bilirdilər. Ancaq Məkkəyə gələn tacirlərdən bir şey satın almaq istədiklərində müşriklər, tacirlərdən, qiymətlərini çox yüksək tutmalarını istəyirdilər. Bu səbəblə Müsəlmanlar alış-veriş edə bilmirdilər. Bəziləri ərzaq tapa bilmədikləri üçün ağac yarpaqları ilə aclıqlarını basdırmağa çalışır, kiçik uşaqlar aclıqdan fəryad edirdilər. Müsəlmanların içərisində zəngin olanlar sıxıntıya düşənlərin ehtiyacını qarşılamaq üçün bütün mallarını xərcləmişdilər. Ancaq bu da kifayət etməmişdi.

Üç il boyu davam etdirdikləri bu zülümlə Müsəlmanlara yaxşı bir dərs verdiklərini zənn edib İslamiyyətin yayılmasının duracağını ümid edən müşriklər, İslamın sürətlə yayıldığını görərək ağıllarını itirirdilər. Allahü təala, müşriklərin Kəbənin içinə asdıqları müqavilənin səhifəsinə bir güvə qurdunu musallat etdi. Güvə, o səhifədə olan: “Bismikə Allahümmə” ifadəsi xaric digər qismini tamamilə yeyib bitirdi. Bu xüsus Peyğəmbərimizə (sallallahü aleyhi və səlləm) vəhylə bildirildi. Muhamməd əleyhissalam bu vəziyyəti əmisi Əbu Talibə dedikdə, Əbu Talib müşriklərə gedib: “Qardaşımın oğlunun mənə verdiyi xəbərə görə, Allah sizin Kəbədə asdığınız səhifəyə bir qurd musallat edib və (Allah) kəlməsi xaric o səhifədə zülüm, qohumlarla münasibəti kəsmək və iftira olaraq yazılı digər qismi yeyib bitirmişdir. Kəbəyə gedin baxın. Bu zülüm və pis davranışınızdan əl çəkin.” dedi. Kəbəyə gedib asdıqları səhifəni həqiqətən bir güvə qurdunun yeyib bitirdiyini gördülər. Bu hadisə qarşısında çaşıb qalan müşriklər, bəzi başbilənlərin də belə bir işdən imtina etdiklərini bildirmələrindən sonra bisətin 10-cu ilində bundan tamamilə imtina etmək məcburiyyətində qaldılar. Ancaq düşmənliklərini gündən-günə şiddətləndirib, İslamiyyətin yayılmasına mane olmaq üçün hər cür yola baş vurdular. Halbuki İslamiyyət sürətlə yayılır, Sevgili Peyğəmbərimiz Muhamməd əleyhissalam cahiliyyə dövrünün zülmətində qalan insanları həqiqi səadətə qovuşdururdu. Bu səadətlə şərəflənən insanlar da qovuşduqları böyük nemətə şükr edir, müşriklərin təhqir və işkəncələri qarşısında əsla yorulmurdular. Muhamməd əleyhissalamın möcüzələrini və Müsəlmanların dinlərindəki möhkəm duruşunu görən neçə-neçə könüllü, İslam nuru ilə aydınlanırdı.

Müşriklərin Müsəlmanlara etdikləri üç illik mühasirə sona çatdıqda Həbəşistandan iyirmi nəfərə yaxın xristian ruhban Məkkəyə gəldi. Bunlar əvvəllər, Həbəşistana hicrət edən Müsəlmanlardan İslamiyyətlə bağlı eşitdikləri şeyləri özləri yerindəcə görmək və araşdırmaq üçün Məkkəyə gəlmişdilər. Kəbənin yanında Peyğəmbər əfəndimizlə görüşən bu xristian dəstə, Quran ayələrini dinləyib o qədər ağladılar ki, saqqalları göz yaşları ilə islandı. Soruşduqları hər suala verilən cavabların qarşısında son dərəcə məmnun qalıb, Sevgili Peyğəmbərimizin onları İslama dəvət etməsilə böyük bir şövqlə sevinc göz yaşları tökərək Müsəlman oldular. Bu hallarını görərək onlara çeşidli təhqirlər edən Əbu Cəhilə və digər müşriklərə heç fikir vermədilər: “Bizə etdiyiniz cahilliyi biz sizə edə bilmərik və bizə nəsib olan haqq dindən əsla dönmərik” dedilər.

Muhamməd əleyhissalamın peyğəmbərliyinin 10-cu ilində böyük oğlu Qasım və bir müddət sonra da digər oğlu Abdullah, kiçik yaşda vəfat etdilər. Yenə bisətin 10-cu ilində Peyğəmbər əfəndimizin əmisi Əbu Talib və ondan bir neçə gün sonra da xanımı həzrəti Xadicə vəfat etdi. Arxa-arxaya ortaya çıxan bu ölüm hadisələrinə görə bu ilə Sənətül-hüzün (hüzün ili) dedilər. Bu vəfat hadisələrinə çox sevinən müşriklər, sevgili Peyğəmbərimiz və Müsəlmanlara qarşı öncəkindən daha şiddətli davranmağa başladılar. Əbu Talib həyatda ikən onun himayəsindən çəkinən müşriklər, o vəfat etdikdə, Muhamməd əleyhissalama və Müsəlmanlara etdikləri təcavüzləri qat-qat artdırdılar.

Məkkə əhalisi iman etmir və Müsəlmanlara çox sıxıntı verirdi. İşkəncələri artırıb, işi azdırmışdılar. Rəsulullah çox kədərləndi. Hicrətdən bir il əvvəl, əlli iki yaşında idi. Zeyd ibn Harisəni götürüb Taifə getdi. Taif xalqına bir ay nəsihət etdi. Heç kim iman etmədiyi kimi, hələ məsxərəyə qoydular, işkəncə etdilər, incitdilər, uşaqlar daşa tutdular. Qəmgin və yorğun bir şəkildə geri qayıdarkən mübarək ayaqları yaralandı. Zeydin başı qan içində qaldı. Günün çox isti bir vaxtında, yol kənarında, bitkin halda istirahət edib yaralarını, qanlarını sildilər. Muhamməd əleyhissalam daha sonra Məkkəyə doğru gedərkən başının üzərində onu kölgələyən bir buludu və bir az sonra da Cəbrayıl əleyhissalamı gördü. Cəbrayıl əleyhissalam: “Ya Muhamməd, şübhəsiz ki, Allahü təala qövmünün sənə nə söylədiklərini eşitdi. (Bir mələk göstərərək) bu mələk, Allahü təalanın dağları əmrinə verdiyi mələkdir. Qövmün haqqında nə istəyirsən ona əmr edə bilərsən.” dedi. Dağlara müvəkkil mələk (Məkkənin iki tərəfində olan Əbu Kubeys və Kuaykıan dağlarını göstərərək): “Ya Muhamməd! Əgər bu iki yalçın dağın məkkəlilərin üzərinə qapanıb bir-birinə qovuşmasını istəyirsənsə, əmr et, qovuşdurum!” dedi. Aləmlərə rəhmət göndərilən Peyğəmbər əfəndimiz: “Xeyr! Mən insanlara rəhmət olaraq göndərildim. Allahü təalanın, bu müşriklərin sülbündən, iman edən, Allaha şirk qoşmayan bir nəsil çıxarması üçün dua edirəm.” buyurdu.

Peyğəmbər əfəndimiz Taifdən Məkkəyə qayıtdığı vaxt Məkkəyə çatmadan Nahlə adlı bir yerdə bir müddət istirahət etdi. Bu vaxt namaza durmuşdu. Nusaybin cinlərindən bir qrup oradan keçərkən Onun oxuduğu Quran ayələrini eşitdilər və dayanıb dinlədilər. Sonra Peyğəmbər əfəndimizlə görüşüb Müsəlman oldular. Muhamməd əleyhissalam onlara: “Qövmünüzə çatdıqda mənim imana dəvətimi onlara da söyləyin, onları imana dəvət edin.” buyurdu. O cinlər qövmlərinə gedib bunu bildirdikdə, eşidən cinlərin hamısı iman etdilər. Bu xüsus Qurani-kərimdə Cin surəsində bildirilmişdir.

Rəsuli-əkrəm əfəndimizlə Zeyd ibn Harisə bu hadisədən sonra Məkkəyə getdilər, qaranlıqda şəhərə girdilər. Bir neçə ay Məkkədə çox sıxıntılı keçdi. Hər tərəf düşmən idi. Getməyə bir yer yox idi. Birbaşa əmisi Əbu Talibin qızı ümmü Haninin Əbu Talib məhəlləsində yerləşən evinə gəldi. Ümmü Hani, o vaxt hələ iman etməmişdi.

Rəsulullah, o gün çox incimişdi. Dəstəmaz alıb, Rəbbinə yalvarmağa, əfv diləməyə, qulların imana gəlməsi, səadətə qovuşmaları üçün duaya başladı. Çox yorğun, ac, qəmgin idi. Həsir üzərinə uzanıb yatdı.

O anda, Cəbrayıl əleyhissalam gəlib, Allahü təalanın dəvəti ilə Muhamməd əleyhissalamı Meraca çıxardı. Göyləri aşdı, bilinməyən, anlaşılmayan, izahı olmayan şəkildə Cənnəti, Cəhənnəmi, Ərşi, Kürsini gördü. Məkansız, zamansız, cəhətsiz, sifətsiz olaraq Allahü təalanı görüb danışdı.

Hicrətdən bir il əvvəl,  İyulun 13-də Cümə gecəsi vaqe olan bu möcüzəyə “Peyğəmbərimizin “Meracı” deyilir. Rəsulullah Meraca ruh və bədəniylə ayıq vəziyyətdə çıxmışdı. “Bədən ilə getdim.” buyurdu. Peyğəmbər əfəndimizə Merac gecəsində neçə-neçə ilahi həqiqətlər göstərildi və beş vaxt namaz bu gecədə fərz oldu. Merac, Qurani-kərimdə İsra surəsində və hədisi- şəriflərdə bildirilmişdir.

Peyğəmbər əfəndimiz, müşriklərin şiddətlə qarşı çıxmalarına və istəməmələrinə baxmayaraq, bütün çətinliklərə və sıxıntılara qatlanaraq insanları İslama dəvət edirdi. Məkkə hər il həcc mövsümündə uzaqdan-yaxından gələnlərlə dolub-daşırdı. Peyğəmbərimiz bu mövsümdə qurulan yarmarkalara gedər, Məkkəyə gələn ərəb qəbilələrinə İslamdan danışar və onları imana dəvət edirdi. Müşriklər isə həmişə mane olmağa çalışırdılar.

Peyğəmbər əfəndimiz bisətin (peyğəmbərliyin) 11-ci ilində həcc mövsümündə Məkkənin yaxınlığında yerləşən Akabedə, Mədinədən gələn altı nəfərlə qarşılaşdı, onlarla görüşdü. Onlara Qurani-kərim oxudu və İslama dəvət etdi. Mədinədəki Xəzrəc qəbiləsindən olan bu altı nəfər Peyğəmbərimizi dinlədikdən sonra dərhal iman etdilər. Bu altı nəfər ilk mədinəli Müsəlmanlardır. Bundan bir il sonra bisətin 12-ci ilində yenə həcc mövsümində 12 mədinəli, Peyğəmbər əfəndimizin dəvətini qəbul edərək Müsəlman oldular. Allaha şirk qoşmayacaqlarına, zinadan, oğurluqdan çəkinəcəklərinə, heç kimə iftira etməyəcəklərinə, qız uşaqlarını öldürməyəcəklərinə, Allaha və Rəsuluna itaət edəcəklərinə qəti şəkildə söz verdilər. Bu hadisələrə ilk Akabe biətləri deyilir. Mədinəlilərin etdikləri bu biət böyük bir əhəmiyyət daşıyırdı. Peyğəmbərimiz bu biətlərdə iştirak edənlərə İslamı izah etmək və Qurani-kərimi öyrətmək üçün Əshabı- kiramdan Musab ibn Umeyri müəllim vəzifəsində onlarla birlikdə Mədinəyə göndərdi. Bu vaxtlarda Mədinədəki Müsəlmanların sayı qırxa çatmışdı. Musab ibn Umeyrin böyük səylərilə Mədinədə yaşayan Evs və Xəzrəc qəbilələrində demək olar ki, Müsəlman olmayan qalmamışdı. Az vaxt ərzində İslamiyyət Mədinədə yayıldı. Peyğəmbər əfəndimiz Mədinədə İslamın bu şəkildə sürətlə yayıldığını xəbər aldıqda çox sevindi, bu ilə Sevinc İli deyildi. Bu ildən sonra peyğəmbərliyin 13-cü ilində yenə həcc mövsümündə Mədinədən 73-ü 2 qadın olmaqla 75 nəfər Akabedə gecə yarısı Sevgili Peyğəmbərimizlə görüşdülər. Rəsulullah əfəndimiz onlara: “Allahdan başqa ilah olmadığına, mənim Onun Rəsulu olduğuma iman edərək dinin əmrlərini yerinə yetirəcəyinizə, mənə itaət edəcəyinizə, heç bir şeydən çəkinmədən Allah yolunda Allah üçün haqqı söyləyəcəyinizə, öz nəfsinizi və namusunuzu qoruduğunuz kimi mənə köməkçi olacağınıza söz verirsinizmi?” buyurdu. Bunu sevə-sevə qəbul etdiklərini bildirən mədinəlilər: “Ya Rəsulallah, sənin uğrunda ölsək bizi nə gözləyir?” deyə soruşdular. “Cənnət var.” buyurduqda, Rəsulullah əfəndimizin əlini tutaraq biət etdilər. Peyğəmbərimiz onların içərisindən Mədinənin adlı-sanlı olan, oxuma-yazma bilən 12 nəfəri təmsilçi olaraq seçdi. Bu təmsilçilər: “Allaha həmd olsun ki, bizi Muhamməd əleyhissalamın sevgisiylə və Ona iman etməklə şərəfləndirdi. Allahın və Rəsulunun dəvətini qəbul etdik, dinlədik və boyun əydik” deyərək sevinclərini və təslimiyyətlərini ifadə etdilər.

İkinci Akabe biətilə Mədinə, Müsəlmanların rahatlıqda olacaqları və sığınacaqları bir yer olmuşdu. İkinci Akabe biətini eşidən məkkəli müşriklərin Müsəlmanlara tutumları çox şiddətli və bir o qədər təhlükəli bir hal aldı. Müsəlmanlar vəziyyətlərini məruzə edib hicrət üçün izn istədilər. Peyğəmbər əfəndimizin: “Sizin hicrət edəcəyiniz yurdun, iki qara daşlıq arasında xurmalıq bir şəhər olduğu mənə göstərildi və bildirildi. Ora Yəsrib (Mədinə)dir. Oraya hicrət edin. Orada Müsəlman qardaşlarınızla birləşin. Uca Allah onları sizə qardaş etdi və Mədinəni sizə təhlükəsizlik və hüzur tapacağınız bir yurd qıldı” buyuraraq Məkkədəki Müsəlmanların Mədinəyə hicrət etmələrinə izn verməsilə dəstə-dəstə Mədinəyə hicrət etdilər.

Məkkədə həbs edilən və ya işkəncə altında saxlanılan, yaxud da xəstəlik kimi səbəblərdən yola çıxa bilməyənlər, sevgili Peyğəmbərimiz, həzrəti Əbu Bəkr və həzrəti Əlidən başqa Müsəlmanlardan heç kim qalmadı, hamısı Mədinəyə hicrət etdilər.

Müsəlmanların Məkkədən hicrət etməsindən sonra müşriklər hərəkətə keçib nə edəcəklərini qərarlaşdırmaq üçün onların önəmli hesab etdikləri işləri müzakirə olunan Darün-Nədvə adlanan yerdə yığışdılar. Bu vaxt şeytan nəcdli bir qoca simasında yanlarına gəldi. Əbu Cəhil: “Muhammədi öldürək” dedikdə “Bəli, bu adamın dediyini edin” dedi. Müşriklər elə bu qərarda birləşdilər. Hər qəbilədən bir nəfər olmaqla 40 nəfər seçdilər. Onlar gecə vaxtı evi mühasirəyə alaraq, səhər evdən çıxarkən Sevgili Peyğəmbərimizi öldürmək üçün hərəkətə keçdilər. Cəbrayıl əleyhissalam gəlib Sevgili Peyğəmbərimizə bu vəziyyəti və hicrət etməsi üçün izn verildiyini bildirdi. Rəsulullah əfəndimiz o gecə həzrəti Əlini yatağına uzanmasını və ona verilən əmanətləri sahiblərinə çatdırmaq üçün Məkkədə qalmasını söylədi.

Rəsulullah, müşriklərin əllərində qılınclarla gecə evinin ətrafını mühasirə etdikləri vaxtda, üzlərinə bir ovuc torpaq səpdi və Yasin surəsinin ilk ayələrini oxuyaraq evdən çıxıb müşriklərin arasından keçdi. Gözləyənlərin heç biri onu görə bilmədi. Əbu Bəkr ilə Sevr Dağına çıxıb üç gün orada bir mağarada qalıb, sonra Mədinəyə hicrət etdilər. O gecə evinin ətrafında gözləyən müşriklər səhərə yaxın evə girdikdə Əli radıyallahü anh ilə qarşılaşdılar. Muhamməd əleyhissalamın Məkkədən çıxdığını anlayaraq izləmək üçün yola qoyuldular. Ancaq Rəsulullahın möcüzələri qarşısında aciz qalıb tapa bilmədilər.

Peyğəmbər əfəndimizin bisətin 13-cü ili 12 Rəbiuləvvəldə, Miladi 622-ci ildə Mədinəyə hicrətilə on il davam edən Mədinə dövrü başladı.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину