Facebook Twitter WhatsApp

Uşaqlığı

Sevgili Peyğəmbərimiz dünyaya gəldikdən sonra doqquz günə qədər anası Aminə Xatun tərəfindən əmzirildi. Sonra Əbu Ləhəbin cariyəsi Süveybə Xatun onu günlərlə əmzirdi. O dövrdə Məkkə xalqının uşaqlarını bir süd anasına vermələri adət idi.

Məkkənin havası çox isti olduğuna görə, uşaqları havası xoş, suyu şirin olan ətraf yerlərdəki yaylaqlara göndərirdilər. Uşaqlar bir müddət oralarda, verildikləri süd analarının yanında qalardılar. Hər il bu məqsədlə Məkkəyə bir çox süd anaları gələr, hərəsi bir uşağı götürüb aparardılar. Uşaqları böyüdüb təslim etdikdə də çoxlu ödəniş və hədiyyələr alardılar.

Peyğəmbərimizin dünyaya gəldiyi il də yaylaqlarda yaşayan Bəni Sad qəbiləsindən bir çox süd ana Məkkəyə gəlib hər biri, bir uşağı əmzirmək üçün uşaq götürmüşdü. Bəni Sad qəbiləsi Məkkə ətrafındakı qəbilələr arasında şərəfdə, səxavətdə, mərdlik, təvazökarlıqda və ərəb dilində düzgün danışmaqda məşhur olan Qüreyş qəbiləsinin liderləri uşaqlarını, daha çox bu qəbiləyə vermək istəyirdilər. O il Bəni Sad qəbiləsinin yurdunda şiddətli bir quraqlıq və qıtlıq olduğuna görə ödənişlə uşaq əmzirib sıxıntılarından qurtumaq üçün əvvəlkindən daha çox süd anası Məkkəyə gəlmişdi. Xüsusilə də, zəngin ailələrin uşaqlarını götürürdülər. Gələn qadınların hər biri bir uşaq götürmüşdü. Peyğəmbər əfəndimiz yetim olduğu üçün çoxlu ödəniş ala bilməmək düşüncəsilə, hələ Ona talib olan çıxmamışdı. Gələn qadınların içərisində iffəti, təmizliyi, həlimliyi (yumşaqlığı), həyası və yüksək əxlaqıyla tanınmış Həlimə Xatun da var idi. Minik heyvanları zəif olduğu üçün Məkkəyə əvvəlkilərdən gec gəlmişdi. Əri ilə Məkkəni gəzərək zəngin ailələrin uşaqlarını artıq aparmışdılar. Əli boş qayıtmamaq üçün bir uşaq axtarmağa başlamışdılar. Nəhayət, görünüşü ilə hörmət cəlb edən, siması çox sevimli bir şəxsə rast gəldilər. Bu, Peyğəmbərimizin babası Abdülmuttalib idi. Onunla nəvəsini götürmək üçün razılaşdılar. Abdülmuttalib, Həlimə Xatunu Aminənin evinə apardı. Həlimə Xatun belə rəvayət edir: “Uşağın baş ucuna gələndə Onu, yundan bəyaz bir qundağa sarılı, yaşıl ipəkdən bir örtünün üstündə mışıl-mışıl yatarkən gördüm. Ətrafa müşk ətri yayılırdı. Heyrət içində qalıb bir anda Ona elə isindim ki, oyandırmağa qıymadım. Əlimi sinəsinə qoyanda oyandı və mənə baxıb elə bir təbəssüm etdi ki, özümdən getdim. Anası, belə gözəl və mübarək uşağı mənə verməz qorxusuyla dərhal üzünü örtüb qucağıma aldım. Sağ döşümü verdim, əmməyə başladı. Sol döşümü verdim, əmmədi. Abdülmuttalib mənə dedi ki: “Sənə müjdələr olsun ki, xanımlar içərisində sənin kimi nemətə qovuşan olmadı.” Aminə Xatun da uşağını mənə verdikdən sonra belə dedi: “Ey Həlimə, üç gün əvvəl bir nida eşitdim: “Sənin oğluna süd verəcək qadın Bəni Sad qəbiləsindən Əbu Züeyb soyundandır” deyirdi.” Mən də dedim ki; “Mən, Bəni Sad qəbiləsindənəm və atamın ləqəbi Əbu Züeybdir.”

Həlimə Xatun yenə belə rəvayət etmişdir: “Aminə Xatun mənə daha neçə-neçə hadisə danışdı və vəsiyyət etdi. Mən də Məkkəyə gəlmədən əvvəl bir yuxu görmüşdüm. Yuxumda mənə: “Ey Həlimə! Məkkəyə get, orada çox faydalanacaqsan. Sənə bir nur, yoldaş olacaq. Bu yuxunu heç kimə danışma, gizlə!” deyildi. Məkkəyə gələrkən də sağımdan-solumdan səslər eşidirdim və qeybdən mənə: “Sənə müjdələr olsun ey Həlimə, o parlaq nuru əmzirmək sənə qismət olacaq” deyə səslənirdilər.” Həlimə Xatun şahid olduğu daha neçə hadisəni danışmışdır.

Həlimə Xatun deyirdi ki: “Muhammədi götürüb Aminənin evindən çıxdım. Ərimin yanına gələndə ərim Onun üzünə baxıb özündən getdi: “Ey Həlimə! Bu günə qədər belə gözəl üz görməmişdim” dedi. Onu götürdükdən sonra qovuşduğumuz bərəkətləri gördükdə: “Ey Həlimə, bil ki, sən çox mübarək bir uşaq götürmüsən.” dedi. Mən də: “Vallahi, mən də belə istəyirdim” dedim.”

 

Həlimə Xatun, əri ilə birlikdə Muhamməd əleyhissalamı götürüb Məkkədən çıxdıqları andan etibarən Onun bərəkətinə qovuşmağa başladılar. Çəlimsiz və sürətlə gedə bilməyən uzunqulaq elə sürətlə gedirdi ki, birlikdə gəldikləri dəstə, onlardan əvvəl yola çıxıb çox uzaqlaşmış olmalarına baxmayaraq, onlara çatıb hətta ötmüşdü. Bəni Sad yurduna çatdıqdan sonra görülməmiş bir bolluğa və bərəkətə qovuşdular. Südü az olan heyvanlar bol-bol süd verirdilər. Bunu görən qonşuları təəccüblənib, bunun əmzirmək üçün götürdükləri uşaq səbəbilə olduğunu açıq-aydın anladılar.

Quraqlıq səbəbilə çox sıxıntıya düşdüklərində yağış duasına gedərkən Onu özlərilə götürüb dua edərək Onun hörmətinə bol yağışa və bərəkətə qovuşdular.

 

Sevgili Peyğəmbərimiz süd anası Həlimə Xatunun sağ döşünü əmər, sol döşünü əmməz, onu da süd qardaşına saxlayardı. İki aylıq olanda iməklədi. Üç aylıq olduqda ayaq üstə durar, dörd aylıq olanda divardan tutaraq yeriyirdi. Beş aylığında gəzməyə başladı, altı aylığında sürətlə yeriməyə başlamışdı. Yeddi aylığında hər tərəfə gedirdi. Səkkiz aylıq olanda aydın şəkildə, doqquz aylığında isə çox səlist danışırdı. On aylıq olanda ox atmağa başladı. Həlimə Xatun belə deyirdi: “İlk dəfə danışmağa başlayanda, “La ilahə illəllahü vəllahü əkbər. Vəlhamdülilləhi rabbil aləmin.” dedi. O gündən sonra “Bismillah” demədən heç bir şeyə əlini uzatmazdı. Sol əli ilə bir şey yeməzdi. Yeriməyə başladığında uşaqların oynadıqları yerdən uzaq durardı və onlara “Biz, bunun üçün yaradılmadıq” deyərdi. Hər gün Onu günəş işığı kimi bir nur bürüyər və yenə açılardı. İki yaşına girəndə inkişaf etmiş, boylu-buxunlu bir uşaq olmuşdu. Üzərində bəyaz bir bulud daima birlikdə hərəkət edər və Ona kölgə salardı. Bir gün Həlimə Xatun özü də bilmədən süd qardaşı Şeyma ilə günortanın yandıran istisində quzuların yanına getmişdi. Həlimə Xatun, onu yanında görmədikdə dərhal axtarıb tapdı. Şeymaya, “Nə üçün istidə çölə çıxdınız?” dedi. Şeyma: “Anacan! Qardaşımın başı üzərində bir bulud Onu daima kölgələyir” dedi.

 

Yenə bir gün süd qardaşı Abdullah ilə evlərinin yaxınlığında olan quzuların arasına getmişdilər. Süd qardaşı qaçaraq evə gəlib dedi ki: “Bəyaz geyimli iki nəfər, Qüreyşli qardaşımı yerə uzadıb qarnını yardılar, əllərini qarnına saldılar!”. Həlimə Xatun ilə əri Haris, sürətlə qaçıb yanına getdilər. Gördülər ki, rəngi dəyişmiş vəziyyətdə, səmaya baxır və təbəssüm edir. “Sənə nə oldu belə mənim balam?” deyə soruşduqlarında bunları danışdı: “Yanıma bəyaz geyimli iki nəfər gəldi. Birinin əlində içi qar dolu bir tas var idi. Məni tutup, sinəmi yardılar. Qəlbimi də çıxarıb yardılar. Oradan bir qan laxtası çıxardılar. Sinəmi və qəlbimi qarla təmizlədilər və bağlayıb gözdən itdilər.” dedi. Bu hadisəyə “Şakkı-sadr” (sinəsinin yarılması) deyilir. Bu, Qurani- kərimdə İnşirah surəsinin ilk ayəsində bildirilmişdir.

 

Muhamməd əleyhissalama peyğəmbərlik verildikdən sonra Əshabı-kiramdan bəziləri: “Ya Rəsulallah, bizə özünüz haqqında bəhs edə bilərsinizmi?” dedikdə: “Mən cəddim İbrahimin duasıyam. Qardaşım İsanın müjdəsiyəm! Anamın isə röyasıyam. O mənə hamilə ikən Şam saraylarını işıqlandıran bir nurun özündən çıxdığını görmüşdü. Mən Sad ibn Bəkr oğulları yanında əmzirilib böyüdüldüm. Bir gün süd qardaşımla birlikdə evimizin arxasında quzuları otladırdıq. O sırada yanıma bəyaz geyimli iki nəfər gəldi. Birinin əlində içi qarla dolu bir qızıl tas var idi. Məni tutdular, sinəmi yardılar, qəlbimi də çıxarıb yardılar. Ondan qara bir qan parçası çıxarıb bir yana atdılar. Sinəmi və qəlbimi o qarla təmizlədilər” buyurdu.

Həlimə Xatun, dörd yaşından sonra Onu Məkkəyə aparıb anasına verdi. Babası Abdülmuttalib, Həlimə Xatuna çox böyük hədiyyələr verib, ehsanlar etdi. Həlimə Xatun Onu Məkkədə qoyanda: “Sanki canım və könlüm də Onunla birlikdə qaldı.” demişdi.

Muhamməd əleyhissalam altı yaşına qədər anasının yanında böyüdü. Altı yaşında ikən anası, Ümmü Əymən adlı cariyə (xidmətçi) ilə birlikdə qohumlarını və atası Abdullahın məzarını ziyarət etmək üçün Mədinəyə getdilər. Mədinədə bir ay qaldılar. Bu əsnada Muhamməd əleyhissalam Bəni Nəccar quyusu adlanan hovuzda üzməyi öyrəndi. Kürəyindəki nübüvvət möhrünü və digər bəzi əlamətləri görən yəhudi alimlərindən bir bəziləri: “Bu uşaq axır zaman Peyğəmbəri olacaq!” demişdilər. Onların bu sözlərini eşidən Ümmü Əymən, vəziyyəti Aminəyə xəbər verdikdə Aminə Xatun Ona bir zərər gəlməsindən ehtiyat edərək, Məkkəyə qayıtmaq üçün yola çıxdı. Əbva adlanan yerə gəldiklərində həzrəti Aminə xəstələndi. Xəstəliyi artıb tez-tez huşunu itirirdi. Başında duran oğlu Muhamməd əleyhissalama baxaraq bu beytləri söylədi:

 

Köhnəlir yeni olan, ölür yaşayan,

Tükənir çox olan, varmı gənc qalan.

 

Mən də öləcəyəm tək fərqim budur:

Səni mən doğduğum şərəfim budur.

 

Geridə qoydum xeyirli övlad,

Gözümü qapadım, içim çox rahat.

 

Mənim namım qalar daim dillərdə,

Sənin sevgin yaşar hər könüllərdə.

 

Bir az sonra vəfat etdi və orada dəfn edildi. Ümmü Əymən, Muhamməd əleyhissalamı Məkkəyə gətirib babası Abdülmuttalibin yanında qoydu.

 

Muhamməd əleyhissalamın atası və anası İbrahim əleyhissalamın dinində idilər, yəni mömin idilər. İslam alimləri: onların İbrahim əleyhissalamın dinində olduqlarını və Muhamməd əleyhissalam peyğəmbər olduqdan sonra da Onun ümmətindən olmaları üçün dirildilib, Kəliməyi-şəhadəti eşitdiklərini və söylədiklərini, beləliklə Onun ümmətindən olduqlarını bildirmişdirlər.

 

Muhamməd əleyhissalam səkkiz yaşına qədər də babasının yanında böyüdü. Babası Abdülmuttalib Məkkədə sevilən və müxtəlif işləri idarə edən bir şəxs olub, heybətli, səbirli, əxlaqı dürüst, mərd və səavətli idi. Yoxsulları doyurar, hətta ac, susuz qalan heyvanlara belə su və yemək verərdi. Allaha və axirətə inanan, pisliklərdən çəkinən, cahiliyyə dövrünün çirkin adətlərindən uzaq duran bir şəxs idi. Məkkədə zülmə, haqsızlığa əngəl olar, oraya gələn qonaqları qarşılayardı. Ramazan ayında Hira Dağında inzivaya çəkilməyi özünə adət etmişdi. Uşaqları sevən və şəfqət sahibi olan Abdülmuttalib, Muhamməd əleyhissalamı bağrına basıb gecə-gündüz yanından ayırmadı. Ona böyük bir sevgi və şəfqət göstərirdi. Kəbənin kölgəsində özünəməxsus mindərində Onunla birlikdə oturar, mane olmaq istəyənlərə: “Toxunmayın oğluma, Onun şanı ucadır!” deyərdi. Sevgili Peyğəmbərimizin dayəsi Ümmü Əymənə, Ona yaxşı baxmasını əhəmiyyətlə tənbeh edər; “Oğluma yaxşı bax! Əhli-kitab, mənim oğlum haqqında, bu ümmətin peyğəmbəri olacaq, deyirlər.” deyərdi. Ümmü Əymən demişdi ki: “Onun uşaqlığında aclıqdan və susuzluqdan şikayət etdiyini görmədim. Səhərlər bir qurtum zəmzəm içərdi. Ona yemək yedirmək istədiyimizdə: “İstəmirəm, toxam.” deyərdi.“Abdülmuttalib yatarkən və otağında tək olanda, Ondan başqasının yanına girməsinə icazə verməzdi. Onu daima öpər, oxşayar, sözlərindən və hərəkətlərindən son dərəcə xoşu gələrdi. Süfrədə onu yanına alıb, dizinə otuzdurar: yeməyin ən yaxşısını, ən ləzzətlisini Ona yedirər və O gəlmədən süfrəyə oturmazdı. Onun haqqında neçə-neçə yuxular görüb bir çox hadisəyə şahid olub. Bir dəfə, Məkkədə quraqlıq və qıtlıq olmuşdu. Abdülmuttalib, gördüyü bir yuxudan sonra Muhamməd əleyhissalamın əlindən tutub Əbu Kubeys Dağına çıxdı və: “Allahım, bu uşaq haqqı üçün bizi bərəkətli bir yağışla sevindir” deyərək dua etdi. Duası qəbul oldu və bol yağış yağdı. O dövrün şairləri bu hadisəni şeirlər yazaraq dilə gətirmişdilər.

 

Abdülmuttalib, bir gün Kəbənin yanında oturarkən, Nəcranlı bir rahib yanına gəlib onunla söhbət etməyə başladı. Bir ara: “Biz İsmailoğullarından ən son gələcək olan peyğəmbərin xüsusiyyətlərini kitablarda tapdıq. Bura (Məkkə) O’nun doğum yeridir. Xüsusiyyətləri belə-belədir!” deyərək bir-bir saymağa başladığı sırada, Peyğəmbərimiz yanlarına gəldi. Nəcranlı rahib, Onu diqqətlə seyr etməyə başladı, sonra da yaxınlaşıb gözlərinə, kürəyinə, ayaqlarına baxdı və həyəcanla: “Budur, O budur. Bu uşaq sənin nəslindəndir?” dedi. Abdülmuttalib: “Oğlumdur!” dedikdə, Nəcranlı rahib: “Kitablarda oxuduğumuza görə, Onun atasının sağ olmaması lazımdır!” dedi. Abdülmuttalib: “O, oğlumun oğludur. Atası daha O doğulmadan, anası hamilə ikən ölmüşdü” dedikdə, rahib: “İndi doğru söylədin.” dedi. Abdülmuttalib oğullarına: “Qardaşınızın oğlu haqqında söyləniləni eşidin və Onu yaxşı qoruyun!” dedi.

 

Abdülmuttalib vəfatı yaxınlaşdıqda oğullarını toplayıb Sevgili Peyğəmbərimizə: “Mənim balam, bu əmilərindən hansının yanında qalmaq istəyirsən” deyə soruşdu, Rəsuli-əkrəm əfəndimiz qaçıb əmisi Əbu Talibin qucağına oturdu. Onun yanında qalmaq istədiyini söylədi. Abdülmuttalib də Onu oğlu Əbu Talibə verdi və Ona yaxşı baxmasını önəmlə vəsiyyət etdi. Bundan sonra da vəfat etdi.

 

Peyğəmbərimiz səkkiz yaşından sonra əmisi Əbu Talibin yanında qalmağa başladı və onun himayəsində böyüdü. O vaxt Məkkədə Əbu Talib də atası Abdülmuttalib kimi Qüreyşin irəli gələnlərindən, sevilən, hörmət göstərilən və sözü dinlənən bir şəxs idi. O da Peyğəmbərimizə böyük bir sevgi və şəfqət göstərdi. Onu öz uşaqlarından çox sevər, yanına almadan yatmaz, bir yerə getməz və: “Sən çox xeyirlisən, çox mübarəksən!” deyərdi. O əlini uzatmadan yeməyə başlamaz, əvvəlcə Onun başlamasını istəyərdi. Bəzən də ona ayrı süfrə qurdurardı. Səhərlər oyandığında üzündən nur saçıldığını, saçlarının daranmış olduğunu görərdilər. Əbu Talibin çox malı yox idi və ailəsi də böyük idi. Muhamməd əleyhissalamı himayəsinə aldıqdan sonra bolluğa və bərəkətə qovuşdu. Məkkədə vaqe olan quraqlıq səbəbilə xalq sıxıntıya düşdüklərində Əbu Talib Onu Kəbənin yanına aparıb dua etdi. Onun bərəkətilə bol yağış yağdı. Quraqlıqdan və qıtlıqdan qurtuldular.

 

Əbu Talib bir dəfə Şama ticarət üçün gedərkən Muhamməd əleyhissalamı da doqquz və ya on iki yaşlarında olanda yanında özüylə aparmışdı. Ticarət karvanı uzun bir səfərdən sonra Busrada xristianlara məxsus bir monastırın yaxınlığında qonaqladı. Bu monastırda Bahira adlı bir rahib var idi. Əvvəllər yəhudi alimlərindən olub sonradan xristian olan bu bilikli rahibin yanında əldən-ələ keçərək gizli tutulan bir kitab var idi və bir çox şey ondan soruşulurdu. Qüreyş karvanı daha əvvəlki illərdə buradan dəfələrlə gəlib keçməsinə baxmayaraq heç maraqlanmayan və hər səhər monastırın damına çıxıb yolçu dəstələrinin gəldiyi tərəfə baxaraq maraqla bir şey gözləyən rahib Bahiraya bu dəfə bir hal olmuş və həyəcanla qalxıb yerindən sıçramışdı. Çünki o, Qüreyş karvanı uzaqdan göründüyü vaxt karvanın üzərində bəyaz bir buludun da onlarla birlikdə axıb gəldiyini və onların yanına oturduğu ağacın üstündə durduğunu görmüşdü. Bu bulud Muhamməd əleyhissalama kölgə salırdı. Karvan durduqda Muhamməd əleyhissalamın altına oturduğu ağacın budaqlarının üzərinə doğru əyildiyini görərək daha çox həyəcanlanan rahib, dərhal bir süfrə hazırladıb, tələsik bir də dəvətçi göndərərək Qüreyş karvanında olanların hamısını yeməyə dəvət etdi. Karvanda olanlar Muhamməd əleyhissalamı mallarının yanında gözətçi qoyaraq rahib Bahiranın yanına getdilər. Ona dəfələrlə buradan gəlib keçdikləri halda indiyə qədər onları dəvət etməyib niyə bu gün dəvət etməsinin səbəbini soruşarkən, Bahira gələnlərə diqqətlə baxıb: “Ey Qüreyş camaatı, aranızdan yeməyə gəlməyən varmı?” deyə soruşdu. “Bəli, bir nəfər var.” dedilər. Rahib Bahira israrla, Onun da çağrılmasını istədikdə gedib çağırdılar. Gələr-gəlməz diqqətlə Ona baxmağa, araşdırmağa başlayan Bahira, yeməkdən sonra hallarına, işlərinə aid bir çox sual soruşdu. Muhamməd əleyhissalam da cavab verdi. Bahira gördüyü əlamətlərin və aldığı cavabların hamısının, axır zamanda gələcək peyğəmbərin sifətləri haqqında bildiklərinə tam uyğun gəldiyini gördü. Sonra kürəyini açıb nübüvvət möhrünə baxdı və Əbu Talibə: “Bu uşaq sənin nəslindəndir?” dedi. Əbu Talib: “Oğlumdur” dedikdə Bahira: “Kitablarda bu uşağın atasının sağ olmayacağı yazılıdır, O sənin oğlun deyildir.” dedi. Bu dəfə Əbu Talib: “O mənim qardaşımın oğludur.” dedi. “Atasına nə olub bəs?” dedikdə də, O’nun doğumuna yaxın öldüyü cavabını alan Bahira: “Doğru söylədin, anası nə oldu?” dedi. Əbu Talib: “O da öldü.” dedikdə yenə: “Doğru söylədin.” dedi. Sonra da israrla belə dedi: “Qardaşının oğlunu dərhal məmləkətinə geri apar. Onu, paxıl yəhudilərdən qoru! Vallahi yəhudilər bu uşağı görüb, mənim  gördüklərimə fikir versələr, Ona bir zərər verməyə cəhd edərlər. Çünki qardaşının oğlunda böyük bir hal və şan vardır. Bu, Peyğəmbərlərin sonuncusu olacaqdır. Gətirəcəyi din bütün yer üzünə yayılsa gərəkdir. Qətiyyən bu uşağı Şama aparma, mübarək bədəninə bir zərər verərlər. Onun haqqında çox əhd və misaq var.”

 

Əbu Talib “Misaq nədir?” deyə soruşduqda, Bahira: “Allahü təala bütün Peyğəmbərlərdən və ən son da İsa əleyhissalamdan ümmətlərinə axır zaman peyğəmbərinin gələcəyini bildirmələri üçün söz almışdır.” dedi. Əbu Talib, Bahiranın bu sözlərindən sonra Şama getməkdən imtina etdi və mallarını Busrada ucuz qiymətə satıb Məkkəyə qayıtdı. Əbu Talib, Bahiradan eşitdikləri şeylərdən sonra, Muhamməd əleyhissalamı daha da çox sevib ömür boyu Onu qorudu və hər işində Ona kömək etdi. Hər halıyla fəzilətlər və gözəlliklər sahibi müstəsna bir insan olaraq böyüyən Muhamməd əleyhissalam, on yeddi yaşına çatdığında Yəmənə ticarət üçün gedən əmisi Zübeyr, ticarətinin bərəkətli olması üçün Onu da yanında apardı. Bu səfərdə də neçə-neçə qeyri-adi halları görülmüşdü. Məkkəyə qayıdanda Onun bu hallarından danışdılar və Qüreyş qəbiləsi arasında: “Onun şanı çox uca olacaq” deyə söylənməyə başlandı.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину