Facebook Twitter WhatsApp

Dünyaya gəlişi

Muhamməd əleyhissalam Hicrətdən 53 il əvvəl Rəbiuləvvəl ayının on ikinci Bazar ertəsi gecəsi səhərə qarşı Məkkənin Haşimoğulları məhəlləsində, Səfa Təpəsi yaxınlığında bir evdə dünyaya gəlmişdir. Bu gün, Miladi təqvimə görə 20 Aprel 571-ci il tarixinə təsadüf edir. O gün hələ günəş çıxmadan aləm nur ilə doldu. Adəm əleyhissalamdan bəri atadan övlada keçən nur əsl sahibinə çatdı.

 

O-nun doğuşunu anası həzrəti Aminə belə rəvayət edir: “Doğuş anı gəldikdə heybətli bir səs eşitdim, ürpərdim. Sonra bəyaz bir quş gördüm, gəlib qanadı ilə məni sığalladı. O andan sonra qorxu və ürpərtim keçdi getdi. Yanımda süd kimi bəyaz bir kasa şərbət gördüm. O şərbəti mənə verdilər. O anda çox susamışdım. Verilən şərbəti içdim. Baldan şirin və sərin idi. İçər-içməz susuzluğum keçdi. Sonra böyük bir nur gördüm. Evim o qədər nurlandı ki, o nurdan başqa bir şey görmürdüm. O sırada çoxlu qadın gördüm. Boyları hündür, üzləri günəş kimi parlayırdı. Məni əhatəyə alıb, mənə xidmət edən bu qadınlar, Abdü Mənaf qəbiləsinin qızlarına bənzəyirdilər. Yenə o sırada bəyaz, uzun və göydən yerə uzanmış ipək bir parça gördüm. Dedilər ki: Onu insanların gözünə örtün. O anda bir qrup quş peyda oldu. Ağızları zümrüddən, qanadları yaqutdan idi. Gümüş dolçaları tutaraq havada durmuşdular. Mənə qorxu gəlmişdi, tərləmişdim. Tər damlalarından müşk ətri yayılırdı. O halda gözümdən pərdəni qaldırdılar. Şərqdən qərbə qədər bütün yer üzünü gördüm. Üç aləm (bayraq) sancıldı. Onların biri məşriq (şərq), biri məğrib (qərb) biri də Kəbənin üstündə idi. Ətrafıma çoxlu mələk toplandı. Muhamməd doğular-doğulmaz, mübarək başını səcdəyə qoydu və şəhadət barmağını qaldırdı. O anda göydən bir parça bəyaz bulud endi. Onun üstünü örtdü. Bir səs eşitdim; “Onu məğribdən məşriqə qədər hər yerdə gəzdirin. Ta ki, cümlə aləm onu ismi, cismi və sifəti ilə görsünlər.” deyirdi. Sonra o bulud gözdən itdi və Muhammədi bir bəyaz yun parçanın içində sarılı gördüm. Yenə o sırada üzləri günəş kimi parıldayan üç nəfər gördüm. Birinin əlində gümüşdən bir dolça, birinin əlində zümrüddən bir ləyən, birinin əlində də bir ipək var idi. Dolçadan sanki müşk damlayırdı. Muhammədi o ləyənin içinə qoydular. Mübarək başını və ayağını yudular və ipəyə sarıdılar. Sonra mübarək başına gözəl ətir, mübarək gözlərinə sürmə çəkdilər və gözdən itdilər.”

 

Muhamməd əleyhissalamın doğulduğu sırada həzrəti Aminənin yanında Abdurrahman ibn Avfın anası Şəfa Xatun, Osman ibn Əbül-Asın anası Fatimə Xatun və Peyğəmbərimizin bibisi Safiyyə Xatun var idi. Onlar da gördükləri nuru və digər hadisələri xəbər verdilər. Şəfa Xatun belə rəvayət edir: “Mən, o gecə Aminənin yanında idim. Muhamməd əleyhissalamın doğular-doğulmaz dua və niyaz etdiyini eşitdim. Qeybdən: “Yərhamükə Rabbükə” deyə söyləndi. Sonra bir nur çıxıb o qədər işıq verdi ki, şərqdən qərbə qədər hər yer göründü...” Bundan başqa bir çox hadisəyə şahid olan Şəfa Xatun: “Nə vaxt ki, Ona peyğəmbərlik verildi, heç tərəddüd etmədən ilk iman edənlərdən biri də mən oldum.” dedi.

 

Safiyyə Xatun da belə deyirdi: “Muhamməd əleyhissalam doğulduğu vaxt hər tərəfı bir nur bürüdü. Doğulan kimi səcdə etdi, mübarək başını qaldırıb açıq bir dillə “La ilahə illəllah, inni rasulullah” dedi. Onu yumaq istədiyimdə, biz Onu yuyulmuş halda göndərdik” dedilər. O sünnət olunmuş və göbəyi kəsilmiş görüldü. Onu qundağa sarımaq istədiyimdə kürəyində bir möhür gördüm, möhürün üzərində “ La ilahə illəllah Muhammədün Rəsulullah” yazılı idi. Doğular-doğulmaz səcdə etdiyi vaxt yüngül səslə bir şeylər söyləyirdi, qulağımı mübarək ağzına yaxınlaşdırdım: “Ümməti, Ümməti” (Ümmətim, ümmətim) deyirdi...”

 

Rəsuli-əkrəm əfəndimizin doğulduğunu babası Abdülmuttalibə Kəbədə Allaha yalvarıb dua edərkən müjdələdilər. Abdülmuttalib bu müjdəni aldıqda çox sevinib Onu görməyə getdi və: “Bu oğlumun şanı, şərəfi çox uca olacaqdır” dedi. Sonra da Onun dünyaya gəlişini qeyd etmək üçün doğumunun yeddinci günündə Məkkə xalqına üç gün ziyafət verdi. Həm də şəhərin hər məhəlləsində dəvələr kəsərək insan və heyvanların faydalanması üçün qoydu. Ziyafət əsnasında uşağa hansı adı qoydun deyənlərə Muhamməd adını verdim dedi. Niyə atalarından birinin adını vermədin deyənlərə: “Allahın və insanların Onu mədh etmələrini, tərifləmələrini istədiyim üçün” cavabını verdi. Anası da Əhməd adını qoydu.

 

Muhamməd əleyhissalam doğulduğu vaxt və doğulduqdan sonra bir çox hadisə meydana gəlmişdi.

 

Muhamməd əleyhissalamın dünyaya gəldiyi gecə bir ulduz çıxdı. Bunu görən yəhudi alimləri Muhamməd əleyhissalamın dünyaya gəldiyini anladılar. Əshabı-kiramdan Hassan ibn Sabit rəvayət edir: “Mən səkkiz yaşında idim. Bir dəfə səhər vaxtı yəhudinin biri, hey yəhudilər! deyə çığıraraq qaçırdı. Yəhudilər nə var, niyə özünü paralayırsan deyərək yanına toplandıqda belə söylədi: “Xəbəriniz olsun, Əhmədin ulduzu bu gecə çıxdı! Əhməd bu gecə dünyaya gəldi...”

 

Muhamməd əleyhissalam dünyaya gəldiyi gecə Kəbədəki bütlər üzü üstə yerə düşdülər. Urvətübni Zübeyr rəvayət edib: “Qüreyşdən bir camaatın bir bütü var idi. İldə bir dəfə onu təvaf edər, dəvələr kəsib şərab içərdilər. Yenə elə bir gündə bütün yanına çatdıqlarında onu üzü üstə yerə düşmüş vəziyyətdə tapdılar. Qaldırdılar, yenə düşdü. Bu hal üç dəfə təkrarlandı. Bundan sonra ətrafını möhkəmlədib qaldırdıqları sırada belə bir səs eşidildi: “Bir şəxsiyyət doğuldu, yer üzündə hər yer hərəkətə gəldi. Nə qədər büt varsa hamısı yıxıldı. Kralların qorxudan qəlbləri titrədi.” Bu hadisə tam Muhamməd əleyhissalamın doğulduğu gecəyə təsadüf etmişdi.

 

Mədayin şəhərindəki İran Kisrasının sarayının on dörd qülləsi (bürcü) yıxıldı. O gecə gurultu və dəhşətlə oyanan Kisra və xalqı yenə aralarından bəzi irəli gələnlərin gördükləri qorxunc yuxuları yozduqlarında bunun böyük bir şeyə əlamət olduğunu anlamışdılar.

Yenə o gecə Məcusilərin, yəni atəşpərəstlərin min ildən bəri yanan nəhəng atəşləri qəfildən söndü. Atəşin söndüyü tarixi qeyd etdilər. Kisranın sarayından bürclərin yıxıldığı gecəylə üst-üstə düşürdü.

O dövrdə insanların müqəddəs saydıqları Save Gölü də yenə o gecə bir anda suyu çəkilib, qurumuşdu.

Şam tərəflərində min ildən bəri suyu axmayan və qurumuş Səmavə çayının vadisi də, o gecə, su ilə dolub-daşaraq axmağa başlamışdı.

Muhamməd əleyhissalamın dünyaya gəldiyi gecədən etibarən, şeytanlar artıq Qüreyş kahinlərinə vaqe olacaq hadisələrdən xəbər verə bilmədilər. Kəhanət sona çatmışdı...

 

Muhamməd əleyhissalamın dünyaya gəldiyi gecə və daha sonra o zamana qədər görülməmiş bu hadisələrden başqa bir çox hadisə vaqe oldu. Bunların hamısı son Peyğəmbər Muhamməd əleyhissalamın dünyanı təşrif etdiyinə işarə idi.

 

 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину