Facebook Twitter WhatsApp

Peyğəmbərlərin ən üstünü

 Peyğəmbər əfəndimiz, Peyğəmbərlərin ən üstünü və sonuncusudur. Allahü təalanın yaratdığı varlıqların ən şərəflisi Muhamməd əleyhissalamdır. Hər şey Onun hörmətinə yaradıldı. O, Allahü təalanın rəsulu, son peyğəmbəridir. Allahü təala bütün Peyğəmbərlərinə adıyla xitab etdiyi halda, Ona “Həbibim” (sevgilim) deyərək xitab etmişdir. Belə ki, Allahü təala bir hədisi-qüdsidə: Sən olmasaydın, heç bir şeyi yaratmazdım!” buyurdu. Bütün məxluqatı Onun şərəfinə yaratmışdır. Allahü təala qullarına razı olduğu və bəyəndiyi yolu göstərmək üçün müxtəlif qövmlərə zaman-zaman Peyğəmbərlər göndərmişdir. Muhamməd əleyhissalamı isə son Peyğəmbər olaraq bütün insanlara və cinlərə göndərdi. Buna görə də Peyğəmbərimizə “Hatəmün-nəbiyyin” və “Hatəmül-Ənbiya” deyilmişdir.

Hər peyğəmbər, öz dövründə, öz məkanında, öz qövmünün hamısından hər baxımdan üstündür. Muhamməd əleyhissalam isə, hər dövrdə, hər məmləkətdə, yəni dünya yaradıldığı gündən qiyamət qopana qədər, gəlmiş və gələcək bütün varlıqların, hər baxımdan ən üstünüdür. Heç kim heç bir cəhətdən Ondan üstün deyildir. Allahü təala hər şeydən əvvəl Muhamməd əleyhissalamın nurunu yaratdı. Əshabı-kiramdan Abdullah ibn Cabir radıyallahü anh: “Ya Rəsulallah! Allahü təala hər şeydən əvvəl nəyi yaratmışdır, mənə söyləyə bilərsən?” dedikdə, Sevgili Peyğəmbərimiz belə buyurdu: Hər şeydən əvvəl sənin peyğəmbərinin, yəni mənim nurumu öz nurundan yaratdı. O zaman nə Lövh, nə Qələm, nə Cənnət, nə Cəhənnəm, nə mələk, nə səma (göy üzü), nə arz (yer üzü), nə günəş, nə ay, nə insan, nə də cin vardı.” Adəm əleyhissalam yaradıldıqda Ərşi-əlada nur ilə yazılmış “Əhməd” adını gördü. “Ya Rəbb! Bu nur nədir?” deyə soruşduqda Allahü təala; “Bu, adı göylərdə Əhməd və yerlərdə Muhamməd olan sənin zürriyətindən bir peyğəmbərin nurudur. Əgər O olmasaydı, səni yaratmazdım.” buyurdu. Adəm əleyhissalam yaradıldıqda alnına Muhamməd əleyhissalamın nuru qoyuldu və o nur onun alnında parlamağa başladı. Adəm əleyhissalamdan etibarən atadan oğula keçərək əsl sahibi Muhamməd əleyhissalama çatdı.

Muhamməd əleyhissalam hicrətdən 53 il əvvəl Rəbiül-əvvəl ayının on ikinci bazar ertəsi gecəsi, səhərə doğru, Məkkədə dünyaya gəlmişdir. Tarixçilər, bu günün Miladi təqvimə görə, 20 Aprel 571-ci il tarixinə təsadüf etdiyini söyləyirlər. Doğulmadan bir neçə ay əvvəl babası, altı yaşında olanda anası vəfat etdi. Bu səbəbdən Peyğəmbər əfəndimizə Dürri-Yetim (yetimlərin incisi) ləqəbi də verilmişdir. Səkkiz yaşına qədər babası Abdülmuttalibin yanında qaldı. Babası da vəfat etdikdən sonra, əmisi Əbu Talib Onu böyütdü. İyirmi beş yaşında ikən Xadicətül-Kübra ilə evləndi. Bu xanımından doğulan ilk oğlunun adı Qasım idi. Buna görə Peyğəmbərimizə Əbül-Qasım, yəni Qasımın atası da deyildi. Ərəblərdə ləqəblə çağrılmaq adət idi. Qırx yaşında, bütün insanlara və cinlərə peyğəmbər olduğu Allahü təala tərəfindən bildirildi. Üç il sonra hər kəsi imana çağırmağa başladı. Əlli iki yaşında merac vaqe oldu. 622-ci ildə 53 yaşında olduğu halda, Məkkədən Mədinəyə hicrət etdi. İyirmi yeddi dəfə müharibə apardı. 632 (H. 11)-ci ildə rəbiül-əvvəl ayının on ikinci bazar ertəsi günü günortadan əvvəl 63 yaşında vəfat etdi.

 

Mübarək nəsli

Muhamməd əleyhissalamın nuru, Adəm əleyhissalamdan etibarən təmiz atalardan və təmiz analardan keçərək gəlmişdir. Qurani-kərimdə Şüəra surəsi 219-cu ayəsində məalən: “Sən, yəni sənin nurun, həmişə səcdə edənlərdən gəlib sənə çatmışdır.” buyurulub. Belə ki, Peyğəmbər əfəndimiz hədisi- şərifdə: “Allahü təala insanları yaratdı. Məni insanların ən yaxşı qismindən vücuda gətirdi. Sonra, bu qisimlərindən ən yaxşısını (Ərəbistanda) seçdi. Məni onlardan əmələ gətirdi. Sonra evlərdən, ailələrdən ən yaxşısını seçib, məni onlardan meydana gətirdi. O halda, mənim ruhum və cəsədim məxluqların ən yaxşısıdır. Mənim silsiləm, əcdadım ən yaxşı insanlardır.” buyurmuşdur.

Yaradılan ilk insan olan Adəm əleyhissalam, Muhamməd əleyhissalamın zərrəsini daşıdığı üçün alnında Onun nuru parlayırdı. Bu zərrə həzrəti- Həvvaya, ondan Şit əleyhissalama və beləliklə, təmiz kişilərdən təmiz qadınlara və təmiz qadınlardan təmiz kişilərə keçdi. Muhamməd əleyhissalamın nuru da, zərrə ilə birlikdə alınlardan alınlara keçdi. Mələklər nə zaman Adəm əleyhissalamın üzünə baxsalar, alnında Muhamməd əleyhissalamın nurunu görər və ona salavat oxuyardılar. Yəni: “Allahümmə salli alə seyyidinə Muhamməd.” deyərdilər. Adəm əleyhissalam vəfat edəcəyi zaman oğlu Şit əleyhissalama dedi ki: “Ey övladım! Bu alnında parlayan nur, son peyğəmbər Muhamməd əleyhissalamın nurudur. Bu nuru, mömin, təmiz və əfifə xanımlara təslim et və oğluna da belə vəsiyyət et! Muhamməd əleyhissalama çatana qədər, bütün atalar, oğullarına belə vəsiyyət etdi. Hamısı bu vəsiyyəti yerinə yetirib, ən əsilli, ən kübar qız ilə evləndi. Nur, təmiz alınlardan, təmiz qadınlardan keçərək sahibinə çatdı. Rəsulullahın sallallahü aleyhi və səlləm babalarından birinin iki oğlu olsa, yaxud bir qəbilə iki qola ayrılsa Muhamməd əleyhissalamın soyu, ən şərəfli və xeyirli olan tərəfdə olardı. Hər əsrdə onun babası olan şəxs, üzündəki nurdan bəlli olurdu. Onun nurunu daşıyan seçilmiş bir soy vardı ki, hər əsrdə bu soydan olan şəxsin üzü çox gözəl və nurlu olardı. Bu nur ilə qardaşları arasında bəlli olur, mənsub olduğu qəbilə başqa qəbilələrdən daha üstün, daha şərəfli olardı. Adəm əleyhissalamdan bəri övladdan övlada keçərək gələn bu nur İbrahimə, ondan da oğlu İsmayıla aleyhimüssalam keçmişdir. Onun da alnında səhər ulduzu kimi parlayan nur, övladlarından Adnana, ondan Məad ondan Nizara keçmişdir. Nizar dünyaya gəldikdə atası Məad, oğlunun alnındakı nuru görüb sevinmiş, böyük ziyafət vermişdir. “Belə oğul üçün, bu qədər ziyafət azdır.” dediyi üçün də oğlunun adı Nizar (az bir şey) qalmışdır. Bundan sonra da nur sırayla ötürülərək əsl sahibi olan sevgili Peyğəmbərimizə çatmışdır.

Sevgili Peyğəmbərimiz: “Mən, Abdullah, Abdülmuttalib, Haşim, Abdü Mənaf, Kuseyy, Kilab, Mürrə, Kab, Lüveyy, Qalib, Fihr, Malik, Nadr, Kinanə, Huzeymə, Müdrikə, İlyas, Mudar, Nizar, Məad, Adnan oğlu Muhammədəm. Mənsub olduğum cəmiyyət, nə vaxt ki, iki yerə ayrılıb, Allah məni mütləq ki, onların ən xeyirli olan tərəfinə qoymuşdur. Mən, cahiliyyət əxlaqsızlıqlarından heç bir şey bulaşmadan, ana və atamdan əmələ gəlmişəm. Mən, Adəmdən atama və anama gələnə qədər, həmişə nikahlı ana-atadan gəldim. Mən, ana və ata etibarilə ən xeyirlinizəm.” Başqa bir hədisi-şərifdə də: “Allahü təala, İbrahim oğullarından İsmayılı seçdi. İsmayıl oğullarından Kinanə oğullarını seçdi. Kinanə oğullarından Qüreyşi seçdi. Qüreyşdən Haşim oğullarını seçdi. Haşim oğullarından Abdülmuttalib oğullarını seçdi. Abdülmuttalib oğullarından da məni seçdi.” buyurdu.

Peyğəmbərimiz Qüreyş qəbiləsinin Haşim oğulları qolundandır. Atası Abdullahdır. Abdullahın atası Abdülmuttalib, anası da Fatimə binti Amrdır. Babası Abdülmuttalib, Məkkənin hakimi və ərəblərin şərəf cəhətdən ən üstün qəbiləsi olan Qüreyş qəbiləsinə mənsub idi. Abdülmuttalibin alnında Muhamməd əleyhissalamın nuru parladığından, Qüreyş qövmü onunla bərəkətlənərdi. Peyğəmbərimizin babası Abdülmuttalib, oğulları arasında ən çox Abdullahı sevərdi. Çünki onun alnında Muhamməd əleyhissalamın nuru parlayırdı. Abdullahın gözəlliyi Misirə qədər şöhrət tapmışdı. Alnındakı nur üzündən iki yüzə yaxın qız, onunla evlənmək arzusu ilə Məkkəyə gəlmişdi. Abdülmuttalib isə, Onu hər cəhətdən Ona tay olan bir qız ilə evləndirmək istəyirdi. Ona görə də, Bəni Zöhrə qəbiləsinin başçısı Vəhb ibn Abdi- Mənafın qızı Aminəni oğlu Abdullaha istədi. Vəhbin qızı Aminə - gözəllik, əxlaq və nəsəb etibarilə Qüreyş qızlarının ən üstünü idi. Həmçinin soy baxımından Abdullah ilə bir neçə nəsil yuxarıda birləşirdi. Abdülmuttalib, Vəhbin qızını oğlu Abdullaha istədikdə Vəhb belə dedi: “Ey əmim oğlu, biz bu təklifi sizdən əvvəl aldıq. Aminənin anası bir yuxu gördü. Dediyinə görə, evimizə bir nur girib, aydınlığı yeri və göyləri tutub. Mən də bu gecə yuxumda babamız İbrahimi gördüm. Mənə - “Abdülmuttalibin oğlu Abdullahla qızın Aminənin nikahlarını mən etdim. Onu sən də qəbul et.” dedi. Bu gün səhərdən bəri bu yuxunun təsiri altındayam. Görəsən, nə vaxt gələcəklər, deyə nigaran qaldım.” Bu sözləri eşidən Abdülmuttalib sevincindən “Allahü Əkbər! Allahü Əkbər!” deyərək təkbir gətirdi. Nəhayət oğlu Abdullahı Vəhbin qızı Aminə ilə evləndirdi. Bu mövzuda başqa rəvayətlər də vardır.

Abdullah, Aminə ilə evləndikdən sonra alnında parlayan nur, xanımına keçdi. Abdullahın evləndiyi gecəyə Türkiyədə və bir çox İslam ölkələrində bir əsrdən bəridir ki, Rəqaib gecəsi adı verilib, hansı ki, bu səhvdir. Rəqaib gecəsi, Rəcəb ayının ilk cümə gecəsidir. Muhamməd əleyhissalamın nuru isə həzrəti Aminəyə Cəmazilaxır ayında keçmişdr. Cahiliyyə dövründə ərəblərin müharibəni haram saydıqları aylarda hərb etmək istədikləri vaxt ayların adını və sırasını dəyişdirmələri, yəni Cəmazilaxır ayına o il Rəcəb demələri səbəbilə xalq arasında bu yanlışlıq yayılmışdı. Həqiqətdə isə bunun dini və elmi cəhətdən bir qiyməti yoxdur. O halda Nübüvvət, yəni peyğəmbərlik nurunun Aminə validəmizə keçişi, indiki Cəmazilaxır ayındadır, Rəqaib gecəsində deyildir. Aminənin Muhamməd əleyhissalama hamilə olduğu sırada Qüreyş qəbiləsində böyük bir darlıq, qıtlıq və bahalıq olmuşdu. Qüreyş çox sıxıntı içində idi. Muhamməd əleyhissalamın ana bətninə düşməsilə birlikdə, Onun hörmətinə Allahü təala Qüreyş qəbiləsinin bağ və bağçalarına, məhsullarına elə bir bərəkət verdi ki, hamısı zəngin oldular. Ərəblər o ilə “Sənət-ül fəth vəl ibtihac”, yəni sevinc və bolluq ili dedilər. Aminə Xatun Sevgili Peyğəmbərimizə hamilə ikən əri Abdullah ticarət üçün Şama getmişdi. Qayıdanda xəstələndi, Mədinəyə gəldiyi vaxt dayılarının yanında vəfat etdi. Bu xəbər Məkkədə yayıldıqda çox böyük bir kədərə səbəb oldu. Əshabı-kiramdan Abdullah ibn Abbas radıyallahü anh belə bildirmişdir: “Peyğəmbərimizin atası Abdullah, oğlu doğulmadan əvvəl vəfat etdikdə mələklər; “Ey Rəbbimiz, Rəsulun yetim qaldı” dedilər. Allahü təala da; “Onun qoruyucusu və yardımcısı Mənəm” buyurdu.”

Aminə Xatun belə deyirdi: “Mən altı aylıq hamilə ikən, bir gecə yuxumda qarşıma bir şəxs çıxıb dedi ki: “Ey Aminə, bil ki, sən aləmlərin ən xeyirlisi olan kimsəyə hamilə oldun. Dünyaya gətirdikdə adını Muhamməd qoy və halını heç kimə açma, gizli saxla” Başqa bir rəvayətdə də:  “Adını Əhməd qoy” şəklində bildirilmişdir.

Muhamməd əleyhissalamın doğulmasına iki ay qalmış Fil hadisəsi vaqe oldu. İnsanların hər tərəfdən axın-axın gəlib Kəbəni ziyarət etməsinə əngəl olmaq istəyən Yəmən valisi Əbrəhə, Bizans İmperatorunun da  köməyilə Sana ərazisində böyük bir kilsə tikdirdi və insanların buranı ziyarət etmələrini istədi. Ərəblər isə keçmişdən bəri Kəbəni ziyarət etməkdə davam etdilər, Əbrəhənin tikdirdiyi kilsəyə heç etibar etmədilər, hətta alçaltdılar. Aralarından bir nəfər kilsəni kirlətdi. Bu hadisəyə qəzəblənən Əbrəhə, Kəbəni dağıtmağa qərar verdi və bu məqsədlə bir ordu hazırlayıb Məkkə üzərinə hücum etdi. Əbrəhənin ordusunda öndə gedən, zəfərin qazanılmasında ən böyük payı olacağı təxmin edilən Mahmud adlı bir fil var idi. Əbrəhə Kəbəyə hücum etməyə başladıqda bu fil yerə çökdü və Kəbə istiqamətində yerimədi. İstiqaməti Yəmənə çevirdikdə qaçaraq geri qayıdırdı. Beləliklə, Məkkəyə yaxınlaşıb hücum etmək istədiyi halda hücum edə bilməyən Əbrəhə və ordusu üzərinə Allahü təala əbabil (dağ qaranquşu) adlı quşlardan bir sürü göndərdi. Əbabil quşlarının hər biri, biri ağzında ikisi də ayaqlarında olmaqla, noxud və ya mərcimək ölçüsündə üç daş daşıyırdılar. Bu daşları Əbrəhənin ordusunun üstünə atdılar. Daşın dəydiyi hər əsgər, o anda yerə yıxılıb ölürdü. Əbrəhə qaçmaq istədi. Daşlardan ona da dəyirdi. Qaçdıqca ətləri parça-parça tökülərək öldü. Bu xüsus Qurani-kərimdə Fil surəsində bildirilmişdir. Beləliklə, Qüreyş qəbiləsi doğulmaq üzrə olan Muhamməd əleyhissalamın hörmətinə böyük bir düşmənin şərindən qurtuldu. Muhamməd əleyhissalamın gələcəyi Adəm əleyhissalamdan etibarən hər peyğəmbərə və ümmətlərinə müjdələnmiş, doğulması yaxınlaşdıqda da bir çox xəbər və müjdələr verilib, əlamətlər ortaya çıkmış, müxtəlif hadisələr meydana gəlmişdi.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину