Facebook Twitter WhatsApp

Mədinə dövrü

Muhamməd əleyhissəlamın və Əshabı-kiramın Mədinəyə hicrətilə Müsəlmanlar üçün yeni bir dövr başlamış oldu. Rəsulullah əfəndimizin Məkkədən Mədinəyə hicrət etməkdə olduğu eşidilincə, hadisə Mədinədə böyük bir sevinclə qarşılandı. Müsəlmanlar onu qarşılamaq üçün yollara çıxdılar. Sevgili Peyğəmbərimiz Qubaya gəlincə orada ilk məscidi tikdirdi. Qubada 10 gün qaldıqdan sonra Mədinəyə hərəkət etdilər. Cümə günü Ranuna Vadisindən keçərkən günorta olmuşdu. Peyğəmbərimiz cümə namazının fərz olduğunu bildirdi və orada ilk cümə namazını qıldırdı. Mədinəyə çatanda görülməmiş bir sevgi və təntənəylə qarşılandı.

Bu sırada Mədinədə Yəməndən gəlib yerləşmiş olan Evs və Həzrəc qəbilələri və Bəni Qaynuqa, Bəni Nadir, Bəni Qureyza adında üç Yəhudi qəbiləsi vardı. Məkkəli Müsəlmanların gəlib Mədinədə olan Müsəlamlarla hər baxımdan köməkləşmək üzrə qardaşlıq qurmaları ilə Mədinənin ab-havası dəyişmişdi.

İlk zamanlarda, Mədinədə bir məscid olmadığı üçün Sevgili Peyğəmbərimizin olduğu hər yerdə camaatla namaz qılınırdı. Daha sonra Rəsulullah əfəndimizin Mədinəyə ilk gəldikləri gün dəvəsinin çökdüyü ərazi satın alınaraq oraya bir məscid inşa edildi. Rəsulullah üçün də, bu məscidə bitişik otaqlar tikildi.

Peyğəmbər əfəndimiz qalmaqda olduğu, Əshabı-kiramdan Əbu Əyyubi-Ənsari Xalid ibn Zeydin evindən məscidin bitişiyində tikilən bu otaqlara köçdü. Bundan əlavə, mallarını, mülklərini Məkkədə buraxaraq hicrət edən Müsəlmanlarla Mədinəli Müsəlmanlar arasında qardaşlıq qurdu. Hər Mədinəli Müsəlman, Məkkədən gələn Müsəlmanlardan birini evinə aldı, mallarına ortaq etdi. Evi, ailəsi olmayan yetmişdən çox kasıb Müsəlman da məscidin həyətində tikilən dəhlizdə iqamət etdilər, bütün ehtiyacları burada qarşılandı. Bunlara “Əshabi-Suffə” deyildi. Bunlar Peyğəmbər əfəndimizin yanından ayrılmaz, söylədiklərini əzbərləyər, İslamiyyəti çox yaxşı öyrənərdilər. Mədinə xaricindəki yerlərə İslamiyyəti öyrətmək üzrə bunlardan öyrədici müəllimlər göndərilərdi.

Hicrətin birinci ilində Mədinədə məscid tikildikdən sonra gündə beş vaxt azan oxunmağa başlandı. Yenə bu il Peyğəmbər əfəndimiz həzrəti Əbu Bəkrin qızı həzrəti Aişə ilə evləndi.

Hər il həcc mövsümündə ətrafdan Kəbədəki bütlərə tapınmaq üçün gələn Ərəb qəbilələrindən qazanc əldə edən müşriklər bu qazancın əllərindən çıxması əndişəsinə qapıldılar. Bundan başqa, Məkkəli müşriklərin Şam ticarət yolu da Mədinə yaxınından keçirdi. Müsəlmanların bu yolu da bağlamasından qorxan müşriklər, yeni çarələr axtarırdılar.

Hicrətdən sonra Mədinədə birləşən Müsəlmanların qarşısında; Məkkəli müşriklər, Mədinədə və ətrafında olan Yəhudilər və münafiqlər olmaqla, üç növ düşmənləri vardı. Bu baxımdan təhlükə daha çox artmışdı. Belə mühüm və təhlükəli bir vəziyyət qarşısında Peyğəmbər əfəndimiz tərəfindən yeni tədbirlər alındı. Mədinədə olan Evs və Həzrəc qəbilələri arasındakı ixtilafları düzəldib, onları bir-birinə dost etdi. Yəhudi qəbilələrilə də bir müqavilə bağlandı. Bu müqaviləyə görə; Yəhudilər öz dinlərində sərbəst qalacaq, ancaq Mədinəyə xaricdən ediləcək hər cür düşmən hücumuna qarşı Müsəlmanlarla birlikdə vətənlərini müdafiə edəcəkdilər. Yəhudilərlə Müsəlmanlar arasında bir ixtilaf çıxarsa, Rəsulullahın hakimliyini qəbul edəcəkdilər. Bundan başqa, Məkkə ətrafındakı digər qəbilələrlə də sülh müqaviləsi bağlandı. Məkkəlilərin Şam ticarət yolu bağlandı. Mədinədə olan Müsəlmanların ilk siyahıya alınması baş tutdu. Min beş yüz qədər olan Müsəlmanlar üçün əhali siyahısı tutuldu.

Sevgili Peyğəmbərimiz Mədinənin asayişini qorumaq, düşmənlərin vəziyyətinə nəzarət etmək üçün də patrullar tərtib etdi. Ehtimal edilən düşmən hücumlarına qarşı keşik çəkilirdi. Həzrəti Həmzənin, həzrəti Ubeydə ibn Harisin və həzrəti Sad ibn Əbi Vəqqasın əmrində olmaqla, beş və dörd yüz nəfər arasında dəyişən üç səriyyə hazırlanmışdı. Hicrətin ikinci ilində cihada, düşmənlə hərbə icazə verildi. Əvvəl yalnız müdafiə etmək surətilə icazə verilməsi üzərinə ilk qəzvələr edilməyə başlandı. Mədinə dövründə edilən qəzvələrin sayı iyirmidir. Səriyyələr isə daha çoxdur. Cihada icazə verilməsi Qurani-kərimdə Hicr surəsi 39-41-ci ayələrində, Həcc surəsi 39-cu ayəsində, Bəqərə surəsi 190, 192 və 193-cü ayələrində bildirilməkdədir. Hicrətin ikinci ili hadisələrindən bir başqa əhəmiyyətli olanı da, daha əvvəl Qüdsə qarşı namaz qılınmaqda ikən Allahu təalanın Kəbəyə yönələrək namaz qılmağı əmr etməsilə qiblənin dəyişməsidir.

Qiblənin Kəbə olmasından bir ay və hicrətdən 18 ay sonra Şaban ayının onuncu günü, Bədir Qəzvəsindən bir ay əvvəl oruc fərz oldu. Yenə bu il Ramazan ayında təravih namazı qılınmağa başlandı və sədəqəi-fitr vermək vacib oldu. Hicrətin ikinci ilində Ramazan ayında zəkat vermək də fərz oldu. Hicrətin ikinci ilində Zilhiccə ayında da Qurban kəsmək və bayram namazı qılmaq vacib oldu.

Muhamməd əleyhissəlam Mədinəyə hicrət etdikdən sonra, Mədinədə bütün işləri və münasibətləri tərtibə salıb Müsəlmanları güclü bir vəziyyətə gətirdi. Beləcə İslamiyyət hər keçən gün yayılır və Müsəlmanlar get-gedə qüvvətlənirdi. Hicrətin ikinci ilində Məkkəli müşriklər, hər ailədən sərmayə alıb bir karvanı Şama göndərdilər. Başlarında Əbu Süfyan vardı. Karvan, mallarını satdıqdan sonra əldə etdikləri qazanc ilə silah satın aldı. Peyğəmbər əfəndimiz silahların Məkkəli müşriklərin əlinə keçməsini önləmək üçün üç yüz on üç Əshabı-kiram ilə karvanın yolunu kəsmək üçün Mədinədən çıxdı. Karvan başqa yoldan Məkkəyə gedərkən Məkkəli müşriklər də min nəfərlik bir ordu hazırlayıb göndərdilər. Mədinə xaricində Bədir deyilən yerdə iki ordu qarşılaşdı və Bədir Döyüşü baş verdi. Bu döyüşdə Müsəlmanların sayı 313 nəfər idi. Müşriklərlə edilən bu ilk döyüşdə Müsəlmanlar ilk parlaq zəfəri qazandılar. Başda Əbu Cəhil olmaq üzrə müşriklərin başda gələnləri bu döyüşdə öldürüldü. Yenə bir qismi başda gələnləri olmaqla 70-i əsir alındı. Peyğəmbər əfəndimiz bu əsirlərin bir qismini fidyə qarşılığı, oxuyub-yazma bilənləri də Mədinəli 10 uşağa oxuyub-yazma öyrətmək şərtilə sərbəst buraxdı. Bu hadisə Məkkə və Mədinədən bir çox kimsənin Müsəlman olmasına səbəb oldu.

Bədir Döyüşündə Müsəlmanların qalib gəlməsi, Mədinədəki Yəhudiləri əndişəyə düşürdü. Münafiqlərlə birləşən Bəni Qaynuqa Yəhudiləri, Sevgili Peyğəmbərimizlə etdikləri vətəndaşlıq müqaviləsini pozaraq hərbə qərar verdilər. Bunun üzərinə təşkil edilən Bəni Qaynuqa Qəzvəsində məğlub olub təslim olan Yəhudilər Mədinədən çıxarıldı.

Hicrətin üçüncü ilində Sevik Qəzvəsi, Nəcd Qəzvəsi, Zeyd ibn Harisə Səriyyəsi, Muhamməd ibn Məsləmə Səriyyəsi təşkil edildi. Peyğəbərimiz qızı Ümmü Gülsümü, həzrəti Osman ilə evləndirdi. Həzrəti Ömərin qızı Hafsanı öz kəbininə aldı. Həzrəti Əlinin oğlu həzrəti Həsən dünyaya gəldi. Şəvval ayında Uhud Qəzvəsi edildi. Bədir Döyüşündə məğlub olan müşriklər, bir il sonra da 3000 nəfərlik bir ordu ilə Mədinə üzərinə yeridilər. Peyğəmbərimiz müşriklərin bu hücumuna qarşı 1000 nəfərlik bir ordu ilə düşməni Uhud Dağında qarşıladı. Bir müdafiə döyüşü olan Uhud Döyüşündə, Sevgili Peyğəmbərimizin mübarək dişi qırıldı, mübarək üzü qanadı və mübarək dodağı yaralandı. Həzrəti Həmzə şəhid edildi. Bundan başqa, Mühacir və Ənsardan yetmiş səhabə şəhid oldu.

Uhud Döyüşündən sonra hicrətin dördüncü ilində Bəni Nadir Qəzvəsi təşkil edildi. Əvvəldən Peyğəmbər əfəndimizlə müqavilə bağlayan Yəhudi qəbilələrindən biri olan Bəni Nadir, Uhud Döyüşündən sonra Sevgili Peyğəmbərimizə sui-qəsd etməyə cəhd edərək müqaviləni pozdular. Münafiqlərin onları dəstəkləyəcəklərini söyləmələri üzərinə də müqaviləni yeniləməyə yanaşmadılar. Bu səbəblə edilən döyüşdə Bəni Nadir qəbiləsi Mədinədən çıxarıldı.  Beləliklə, Müsəlmanların Mədinədəki vəziyyəti biraz daha qüvvətləndi.

Mədinə yaxınlığında olan iki qəbilə Peyğəmbər əfəndimizə elçi göndərərək özlərinə İslamiyyəti öyrətmək üçün müəllim istədilər. Bu istək üzərinə Əshabı-kiramdan on nəfər göndərildi. Rəci deyilən yerə çatdıqları zaman 200 nəfərlik bir düşmən hücumuna məruz qalan bu heyətdən 8 nəfər şəhid oldu. Bu hadisəyə Rəci Vaqiəsi deyilir. Yenə Nəcd Şeyxi Əbu Bəranın Mədinəyə gəlib özlərini irşad üçün müəllimlər istəməsi üzərinə irşad üçün, Əshabı-kiramdan 70 nəfərlik bir heyət göndərildi. Əshabı-Suffədən olan bu irşad heyəti Biri-Məunə deyilən yerə çatanda, Nəcdlilər, verdikləri təminata baxmayaraq, xəyanət etdilər. Üzərlərinə göndərdikləri bir ordu ilə bu yetmiş səhabənin hamısını şəhid etdilər. Bu hadisə də Biri-Məunə Faciəsi adı ilə bilinməkdədir.

Şərab (içki) içməyi haram edən ayəti-kərimə də hicrətin dördüncü ilində endi. Peyğəmbərimiz bu il Ümmü Sələmə ilə evləndi. Ümmü Sələmənin əri Uhud Döyüşündə yaralanmış, sonra da vəfat etmişdi. Sevgili Peyğəmbərimiz, qoca və uşaqları olan Ümmü Sələməni radıyallahu anhə özünə nikah edərək çətin vəziyyətdən qurtarıb himayəsinə aldı.

Hicrətin beşinci ilində Xəndək Döyüşü baş verdi. Müşriklərin Mədinə üzərinə etdikləri üçüncü və son hücum olan bu döyüşdə, Bəni Nadir Yəhudiləri və müşriklərin bərabərcə hazırladıqları on min nəfərlik bir ordusu vardı. Peyğəmbər əfəndimiz Mədinənin ətrafına geniş və dərin bir xəndək qazdırıb üç min nəfərlik bir ordu ilə düşmənə qarşı durdu. Bir ay davam edən mühasirədə Mədinədə olan Bəni Qureyza Yəhudiləri də Peyğəmbər əfəndimizlə bağladıqları müqaviləni pozaraq Müsəlmanları arxadan vurmağa cəhd etdi. Nəticədə qüvvətli bir fırtınaya və şiddətli bir yağışa tutularaq darmadağın olan düşmən ordusu pərişan bir halda çaxnaşmaya qapılaraq Məkkəyə qayıtdı. Bu hadisə Qurani-kərimdə Əhzab surəsi 9-cu ayəsində məalən belə bildirilməkdədir; “Ey iman edənlər! Allahın sizə olan nemətlərini xatırlayın. Necə ki, bir zaman ordular hücum etmişdi də, biz onların üzərinə bir külək və sizin görmədiyiniz (mələklərdən) ordular göndərmişdik.” Bu döyüşdən sonra Sevgili Peyğəmbərimiz; “Artıq növbə sizindir. Bundan sonra Qureyş sizin üzərinizə gəlməz.” buyurdu.

Şanlı Peyğəmbərimiz Xəndək Döyüşündən Mədinəyə qayıdınca Əshabı-kirama, silahlarını çıxarmadan, Xəndək Döyüşü əsnasında xəyanət edərək müşriklərlə birləşib Müsəlmanları arxadan vurmaq istəyən Bəni Qureyza Yəhudiləri üzərinə hərəkət əmri verdi. Nəticədə təslim olan bu qəbilənin haqqlarında öz kitabları Tövratın hökmü tətbiq edildi.

Təyəmmüm ayəsi ilə həccin fərz olduğunu bildirən ayə hicrətin beşinci ilində nazil oldu.

Hicrətin altıncı ilində Məkkə xaricindəki müşriklərlə Müreysi Qəzvəsi edildi. Məkkəli müşriklərin İslamiyyəti rəsmi surətdə bir dövlət olaraq tanımaq məcburiyyətində qaldıqları Hüdeybiyyə Müqaviləsi də bu ildə bağlandı. Yenə bu ildə Şanlı Peyğəmbərimiz bütün insanlara peyğəmbər olaraq göndərildiyini bildirmək və İslamiyyəti hər tərəfə yaymaq üçün Bizans, İran, Həbəş, Misir, Ğassan və Yəmamə hökmdarlarına elçilərlə məktublar göndərərək onları İslama dəvət etdi. Peyğəmbər əfəndimizin bu dəvəti qarşısında Həbəş hökmdarı Müsəlman oldu. Bizans İmperatoru elçiyə yaxşı münasibət göstərdi. Misir hakimi Peyğəmbərimizə hədiyyələr göndərdi. İran şahı və Ğassan bəyi isə elçiləri təhqir edərək sərt davrandılar. Yəmamə bəyi isə boş və mənasız təkliflər etdi.

Hicrətin yeddinci ilində, İslamiyyət Ərəb Yarımadasında sürətlə yayılmağa başladı və düşmənlər olduqca təsirsiz hala gətirildi. Bu ildə baş verən mühüm hadisələrdən biri də Xeybərin fəthidir. Peyğəmbər əfəndimizin Mədinəyə hicrət etməsindən sonra Yəhudi qəbilələri ilə müqavilə bağlandı. Lakin bu qəbilələr sözlərində durmadılar. Məkkəli müşriklərlə birləşərək Müsəlmanlara xəyanət etdilər. Bu səbəblə də Mədinədən çıxarıldılar. Bunlardan Bəni Nadir qəbiləsi Xeybərə yerləşmişdi. Şanlı Peyğəmbərimiz min altı yüz nəfərlik bir ordu ilə Xeybər üzərinə getdi və bir həftə davam edən mühasirədən sonra Xeybər fəth edildi. Beləcə Yəhudi təhlükəsi və fitnəsi ortadan qaldırıldı. Yenə bu ildə Peyğəmbər əfəndimiz Əshabı-kiramdan iki min nəfərlə Məkkəyə gedib Kəbəni təvaf etdi. Məkkəlilər üzərində böyük bir təsir buraxan bu ziyarət üzərinə başda gələn bir çox kimsə Müsəlman oldu. İslamın ilk illərində Məkkədən Həbəşistana hicrət edən Müsəlmanlar da bu ildə Mədinəyə gəldilər.

Hicrətin səkkizinci ilində Mutə Döyüşü baş verdi. Şanlı Peyğəmbərimizin göndərdiyi bir elçinin şəhid edilməsi üzərinə edilən bu döyüş, yüz min nəfərlik Rum ordusuna qarşı üç min İslam mücahidinin çox böyük qəhramanlıqlar göstərdiyi bir döyüş idi. Bu döyüşdə geri çəkilmək məcuriyyətində qalan Rumların gücləri qırıldı.

Bu ildə baş verən hadisələrin ən əhəmiyyətlisi Məkkənin Fəthidir. Peyğəmbər əfəndimizlə on il müddətlik Hüdəybiyyə Müqaviləsini imzalayan Qureyşlilər, aradan iki il keçmədən müqaviləni pozdular. Peyğəmbər əfəndimiz Qureyşlilərdən, bağlanan müqaviləyə tabe olmalarını istədi. Müşriklər buna yanaşmayınca on min nəfərlik bir qoşunla Məkkə üzərinə gedildi və Ərəb Yarımadasında bütə tapınmağın mərkəzi olan Məkkə fəth edildi. Bütün bütlər qırılıb, Kəbə bütlərdən təmizləndi. İyirmi ildən bəri Müsəlmanlara amansızca düşmənlik edən müşriklərin gücü tamamilə qırıldı. Şanlı Peyğəmbərimizn əfvinə qovuşub, çoxu Müsəlman oldu.

Məkkənin Fəthindən sonra Həvazin və Saqif qəbilələri, Sad oğulları kimi bəzi kiçik qəbilələri də yanlarına alaraq 20 min nəfərlik bir ordu ilə hərəkətə keçdilər. Sevgili Peyğəmbərimiz də 12 min nəfərlik bir ordu ilə üzərlərinə gedib bu müttəfiq müşrik ordusunu məğlub etdi. Bu düşmən qəbilələr Taifə sığınaraq yenidən döyüşə hazırlanmağa başladılar. Peyğəmbər əfəndimiz Taifi 20 gün mühasirədə tutduqdan sonra mühasirəni qaldırdı. Bir il sonra da Taiflilər öz istəkləri ilə Müsəlman oldular.

Hicrətin doqquzuncu ili, İslamiyyətin Ərəb Yarımadasında böyük bir sürətlə yayıldığı bir il oldu. Bir tərəfdən dəstə-dəstə insanlar Mədinəyə gəlib Müsəlman olur, bir tərəfdən də İslamiyyəti qəbul edən qəbilələrin dini və inzibati işlərini icra etmək üçün ətrafa məmurlar və valilər göndərilirdi. Bu sırada ətrafda İslamın yayılmasını əngəlləmək istəyən dövlətlər vardı.  Bunlardan biri də o zamanın ən güclü dövlətləri arasında olan Bizans idi. Bizans Qeysəri Herakl Mutə Döyüşündən bəri Ərəb Yarımadasını zəbt edərək İslamiyyətin yayılmasına son vermək istəyirdi. Herakl Xristian Ərəblərin və digər bir sıra qəbilələrin dəstəyini alıb, özü də 40 min nəfərlik bir ordu toplayaraq Mədinə üzərinə yeriməyə hazırlanmışdı. Peyğəmbər əfəndimiz bu vəziyyəti xəbər alınca 30 min nəfərlik bir ordu hazırladı. Bu hazırlıqda Əshabı-kiram mallarını da verərək felən böyük bir fədakarlıq göstərdi.  İslam ordusu Təbükə gəldiyi sırada, Müsəlmanların bu hazırlığını eşidən Bizanslılar döyüşməkdən çəkinib, geri qayıtdılar. Sevgili Peyğəmbərimiz ordusuyla Təbükdə 20 gün qaldı. Şamda yoluxucu bir xəstəlik olan taun (vəba) epidemiyası olduğunu eşidincə Mədinəyə qayıtdı. Beləcə Bizansın mənəviyyatı ciddi şəkildə qırıldı və İslamiyyətin şanı, şərəfi hər tərəfdə eşidildi.

Peyğəmbər əfəndimiz Məkkə dövründə yalnız müşriklər və Mədinə dövründə isə müşriklər, Yəhudilər və münafiqlər olmaq üzrə üç növ düşmənlə qarşılaşdı. Bunlardan müşriklər və Yəhudilərlə etdiyi döyüşlərdə düşməni məğlub edərək onları təsirsiz hala gətirdi. Fəqət münafiqlərin düşmənlikləri hiyləgərcəsinə davam etdi. Bunların etdiyi düşmənliklərdən biri də Müsəlmanlar arasına fitnə salmaq məqsədilə Peyğəmbər əfəndimizin Mədinəyə hicrəti sırasında tikdirdiyi, məalən; “Təməli təqva üzərinə atıldı.”(Tövbə surəsi: 108) buyurulan Quba Məscidi qarşısında Məscidi-Dırarı tikmələridir. Münafiqlərin Quba Məscidinin camaatını bölmək kimi pis düşüncələrlə tikdikləri bu məscid, Tövbə surəsi 107 və 108-ci ayələrinin nazil olması üzərinə Peyğəmbər əfəndimiz tərəfindən yıxdırıldı. Bu hadisədən iki ay sonra başçıları Abdullah ibn Ubeyin ölməsi ilə münafiqlər dağılıb düşmənlik fəaliyyətləri sona çatdı. Beləcə, hicrətin doqquzuncu ilində İslamın başlıca düşmənlərinin qarşı durma və əngəlləmə güclərinə böyük ölçüdə son verildi.

Bu ilin mühüm bir hadisəsi də ətrafdan Mədinəyə axın-axın heyətlərin gəlməsidir. Bu baxımdan bu ilə “Sənətül-Vüfud” (elçilər ili) deyildi. Peyğəmbər əfəndimizə gələn bu heyətlər, ya Müsəlman olmaq və ya Müsəlman olduqlarını bildirmək üzrə yaxud da qəbul etdikləri İslamiyyətin əsaslarını öyrənmək üçün gəlirdilər. Peyğəmbərimiz Müsəlman olan bu qəbilələrə İslamiyyəti öyrətmək, işlərini icra etmək üzrə müəllimlər və valilər göndərdi.

Hicrətdən əvvəl iman etməmiş olan və hicrətin səkkizinci ilində Taif Mühasirəsi əsnasında Sevgili Peyğəmbərimizə qarşı çıxan Taiflilər də hicrətin doqquzuncu ilində, Təbük Səfərindən sonra, heyət göndərərək Müsəlman oldular.

İslamın beş şərtindən biri olan həcc də hicrətin doqquzuncu ilində fərz qılındı. Ali-İmran surəsinin 96 və 97-ci ayələri nazil olunca, Peyğəmbər əfəndimiz bunu Əshabı-kirama bildirdi. O il həzrəti Əbu Bəkri üç yüz nəfərlik bir karvana həcc əmiri təyin etdi. Bu karvanda olan Əshabı-kiram həzrəti Əbu Bəkrin əmirliyində Məkkəyə getdi. Bu sırada Bəraə surəsinin ilk ayələri nazil oldu. Bu ayələrdə müahidə haqqındakı bəzi hökmlər bildirildi. Peyğəmbər əfəndimiz bunu bildirmək üzrə həzrəti Əlini Məkkəyə göndərdi. O zaman Ərəblər arasında yayılmış bir ənənəyə görə bir müqavilə bağlanar və ya bağlanmış bir müqavilə pozularsa, bu müqaviləni şəxsən bağlayan və ya onun təyin etdiyi bir qohumu tərəfindən elan olunardı. Peyğəmbər əfəndimiz bu iş üçün həzrəti Əlini həcc karvanının arxasından Məkkəyə göndərdi. Həzrəti Əli karvana çatıb Məkkəyə birlikdə girdilər. Əbu Bəkr radıyallahu anh bir xütbə oxudu. Həcc ibadətini anlatdı. Əshabı-kiram öyrədilən əsaslara görə həcc etdilər. Həcc ibadəti əda edilərkən həzrəti Əli də Minada Cəmrəi-Əqabə deyilən yerdə bir xütbə oxudu. Bu xütbəsində; “Ey insanlar məni sizə Rəsulullah göndərdi.” deyərək sözə başladı və Bəraə surəsinin ilk ayələrini oxudu. Bundan sonra: “Mən sizə dörd şeyi bildirməyə məmuram.” dedi. Bu dörd xüsusu belə bildirdi:

  1. Möminlərdən başqa heç kim Cənnətə girə bilməz.
  2. Bu ildən sonra heç bir müşrik Kəbəyə yaxınlaşa bilməyəcək.
  3. Heç bir kimsə Kəbəni çılpaq təvaf etməyəcək (O zaman müşriklər Kəbəni çılpaq olaraq təvaf edərdilər.)
  4. Hər kimin Rəsulullah ilə müqaviləsi varsa, müddəti bitənə qədər etibarlı olacaq. Bunlar xaricindəkilərə dörd ay möhlət tanınmışdır. Bundan sonra heç bir müşrik üçün əhd (müqavilə) və himayə yoxdur.

O gündən sonra heç bir müşrik Kəbəni təvaf etməyə gəlmədi və heç kim çılpaq olaraq Kəbəni təvaf etmədi. Bu xüsuslar bildirildikdən sonra müşriklərdən çoxu Müsəlman oldu. Həcc fərizəsi yerinə yetirildikdən sonra həzrəti Əbu Bəkr ilə Əli radıyallahu anh yanlarındakı Əshabı-kiramla Mədinəyə qayıtdılar.

Hicrətin onuncu ilində İslamiyyət bütün Ərəb Yarımadasında yayıldı. Ərəbistanın hər tərəfindən insanlar Mədinəyə gəlir, Müsəlman olmaqla şərəflənmək, əbədi səadətə qovuşmaq üçün bir-birlərilə yarış edirdilər. Artıq Ərəbistanda Müsəlmanlara qarşı duracaq heç bir qüvvə qalmamış, İslamiyyət hər tərəfə hakim olmuşdu. Sadəcə bəzi Yəhudi və Xristian qəbilələri Müsəlman olmamışdı.

Peyğəmbər əfəndimiz hicrətin onuncu ilində Xalid ibn Vəlid həzrətlərini dörd yüz mücahid ilə Yəmən yaxınında olan Haris ibn Kəb oğullarını İslama dəvət üçün göndərdi. Xalid ibn Vəlid, Rəsulullahın əmri üzərinə bu qəbiləni İslama dəvət etdi. Onlar da dəvətə razılıq edərək Müsəlman oldular. Yenə bu ildə Peyğəmbər əfəndimiz Nəcranlı Xristianlarla sülh müqaviləsi bağladı.  Bunlardan bir qismi sonra özləri Müsəlman oldu. Bu il həzrəti Əli Əshabı-kiramdan üç yüz nəfərlə birlikdə Yəməndə olan Mədləc qəbiləsini İslama dəvət etmək üçün göndərildi. Əvvəl qarşı durdu isə də nəticədə bu qəbilə də Müsəlman oldu. Peyğəmbər əfəndimiz bu il İslamiyyətin yayıldığı bütün diyarlara, valilər və zəkat toplamaq üçün vəzifəlilər (amil, sai) göndərdi və Vida Həccini yerinə yetirdi.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину