Facebook Twitter WhatsApp

Peyğəmbərliyi

Muhamməd əleyhissəlam hələ otuz yeddi yaşında ikən qaibdən “Ya Muhamməd” deyə nida olunduğunu eşidərdi. Otuz səkkiz yaşında ikən də bir sıra nurlar görməyə başladı. Bu halını yalnız həzrəti Xədicəyə anladardı. Muhamməd əleyhissəlama peyğəmbərliyin verilməsinin yaxınlaşdığı bu ərəfələrdə, o zamanın məşhur ədiblərindən Qus ibn Saidə, Ukaz Bazarında dəvə üzərində böyük bir yığıncağa qarşı oxuduğu xütbədə Onun gələcəyini müjdələmişdi. Bu xütbəni dinləyənlər arasında Muhamməd əleyhissəlam da olmuşdu. Qus ibn Saidə bu məşhur xütbəsinin bir hissəsində belə demişdir: “Ey insanlar! Gəlin, dinləyin, öyrənin, ibrət alın, yaşayan ölər, ölən fəna tapar, olacaq olar... Qulaq verin, yaxşı dinləyin: Göydə xəbər var, yerdə ibrət alınacaq şeylər var... Allahın qatında bir din... Və Allahın gələcək olan peyğəmbəri vardır ki, gəlməsi çox yaxınlaşdı. Kölgəsi başınızın üstünə düşdü. Nə xoşbəxtdir o kimsə ki, Ona iman edib də O da ona hidayət edə. Vay Ona üsyan və müxalifət edən bədbəxtə! Təəssüflər olsun ömürləri qəflətlə keçən ümmətlərə!..”

 

Muhamməd əleyhissəlam otuz doqquz yaşında ikən sadiq yuxular görməyə başladı. Yuxusunda nə görərsə eynilə çıxardı. Bu hal altı ay davam etdi. Bundan sonra yalnızlığı sevib insanlardan uzaqlaşaraq Hira Dağında bir mağarada təfəkkürə dalardı. Bəzən Məkkəyə gələr və Kəbəni təvaf etdikdən sonra evinə gedərdi. Evində bir müddət qalıb yanına bir az yemək alaraq yenə Hira Dağındaki mağaraya gedib təfəkkür və ibadətlə məşğul olardı. Bu halını görən Məkkəlilər; “Muhamməd Rəbbinə aşiq oldu.” demişdilər.

 

Muhamməd əleyhissəlam qırx yaşında ikən yenə bir Ramazan ayında Hira Dağındakı mağaraya çəkilmiş və təfəkkürə dalmışdı. Ramazanın 17-ci Bazar ertəsi gecəsi, gecə yarısından sonra Onu adıyla çağıran bir səs eşitdi. Başını qaldırıb ətrafa baxdığı zaman ikinci dəfə bir səs eşitdi və hər tərəfi birdən-birə bir nur bürüdüyünü gördü. Sonra Cəbrayıl əleyhissəlam qarşısına gəldi. “Oxu!” dedi. “Mən oxumuş deyiləm.” dedi. O zaman mələk Muhamməd əleyhissəlamı tutub taqəti kəsilənə qədər sıxdı və: “Oxu!” dedi. Yenə; “Mən oxumağı bilmirəm.” cavabını verdi. İkinci dəfə sıxdı və; “Oxu!” dedi. “Mən oxumağı bilmirəm.” dedi. Cəbrayıl əleyhissəlam üçüncü dəfə tutub sıxdı və sonra buraxdı və; “Oxu! Hər şeyi yaradan Rəbbinin adıyla ki, O, insanı laxtalanmış qandan yaratdı! Oxu, Allahu təala böyük kərəm sahibidir. O, qələmlə öyrədər, bilmədiklərini öyrədər.” məalındakı Ələq surəsinin ilk beş ayəsini gətirdi. Muhamməd əleyhissəlam da onunla birlikdə oxudu. İlk vəhy bu surətlə başladı və bütün dünyanı aydınladan İslam günəşi doğuldu.

 

Muhamməd əleyhissəlam Peyğəmbərlik vəzifəsinin məsuliyyətini düşünərək böyük bir ürpərmə və həyəcanla Hira Dağındaki mağaradan çıxıb aşağıya enməyə başladı. Dağın ortasına gəldiyi əsnada bir səs eşitdi. Cəbrayıl əleyhissəlam; “Ya Muhamməd, Sən Allahın rəsulusan; mən də Cibriləm.” deyirdi. Cəbrayılın səsini eşitdiyi kimi özünü də gördü. Cəbrayıl əleyhissəlam burada Peyğəmbərimizə dəstəmaz almağı göstərdi. Peyğəmbər əfəndimiz evinə qayıdana qədər yanından keçdiyi hər daşın, hər ağacın “Əssəlamü aleykə Ya Rəsulallah” dediyini eşidirdi. Bundan sonra evinə gəlib: “Məni örtün.” buyuraraq ürpərməsi keçənə qədər bir miqdar uzandı. Biraz istirahət etdikdən sonra gördüklərini həzrəti Xədicəyə anlatdı. O da; “Bilirəm ki, sən doğru sözlüsən... Əmanətə riayət edərsən... Gözəl xasiyyətli və yaxşı əxlaqlısan... Sənin bu ümmətin peyğəmbəri olacağını ümid edirəm...” dedi. Sonra bu vəziyyəti soruşmaq üzrə Vərəqə ibn Nofələ getdilər. İvrit dilini bilən, çox kitab oxumuş və dinlər haqqında bilgi sahibi olan Vərəqə ibn Nofələ vəziyyəti anlatdılar. Vərəqə Muhamməd əleyhissəlamın anlatdıqlarını dinlədikdən sonra; “Müjdə ya Muhamməd! Allaha and olsun ki, sən İsanın (əleyhissəlam) xəbər verdiyi son peyğəmbərsən! Sənə görünən mələk, səndən əvvəl Musaya (əleyhissəlam) gələn Cəbrayıldır. Ah! Nə olardı! Gənc olaydım. Səni Məkkədən çıxardıqları zamana çataydım da sənə kömək edəydim.” dedi.

 

Muhamməd əleyhissəlama ilk vəhy gəldikdən sonra üç il vəhy gəlmədi. Bu arada Mikayıl əleyhissəlam adındakı mələk gəlib bəzi şeylər öyrətdi. Fəqət vəhy gəlmədi. Bu sırada Peyğəmbər əfəndimiz kədərləndikcə Cəbrayıl əleyhissəlam görünüb; “Ey Muhamməd! Sən Allahın peyğəmbərisən!” deyər, kədərini dağıdardı.

 

İlk vəhyin gəlməsilə peyğəmbərliyi eşidilməyə başlayan Muhamməd əleyhissəlamın təbliğinin 13 ili Məkkə, 10 ili də Mədinədə keçdi.